DOSTUMA Sevgidir məlhəmi sevən ürəyin, Sevmirsə , o ürək, daşdı, əzizim. Ayrılıq bir dərddi, olmaz gərəyin, Çarəsi gözlərdə yaşdı, əzizim. * * * Ürək geniş olsa, yerin dar olmaz, Sevən könüllərdə dərd, azar olmaz, Gözü oynayandan sənə yar olmaz, Məhəbbət ağılla xoşdu, əzizim. * * * Hər yaşın sevgisi ruha dayaqdı, Yüz insan seyr edir, baxma, oyaqdı, Bir qoca kiminsə gözünə baxdı, Dalınca dedilər, çaşdı, əzizim. * * * Məhəbbət yandıran, alovlu yoldu, Neçəsi alışdı, yarıda qaldı, Kimi dəli etdi çöllərə saldı, Dedilər həddini aşdı, əzizim. * * * Neçə canda neçə sevgi boğular, Qocalarıq, eşq, məhəbbət soğular, Sevgi də beyində, başda doğular, İnsanı var edən başdı, əzizim. * * * Ay Murad, ayıq ol ,yuxudan oyan, Naşıdı dünyanın malına uyan, Eşqdən xumarlanıb, iyini duyan, Ləzzət alan, gözlə qaşdı , əzizim.
ÖVLADLARIMA Dünya, fani dünyadır, Öz ağlınla otur, dur. Laylay çalır, oynadır, Axırda qalib odur. * * * Yıxıldınsa, çalış dur Qorunma yedəklərdə. Özünə bir koma qur, Sürünmə ətəklərdə. * * * Öz qədrini özün bil Özgəyə möhtac olma! Eşqlə yaşa, sevin, gül, Çalış, işlə, ac olma! * * * Ümid olma heç kəsə, Nəyin varsa, yiyə dur. Girmə heç kimlə bəhsə, Ağıllısı, bax budur! * * * Pisi yaxına qoyma, Sadə davran, ayıq ol. Yalana, küyə uyma, Aldanarsan, sayıq ol. * * * Yalqız olma həyatda Təklik bir həyat deyil. Yandırsalar da odda, Ancaq Allaha əyil. * * * Nəfsinə qul olma sən, Tamahında batarsan. Səbr eyləyib gözləsən, İstəyinə çatarsan. * * * Təkəbbürlü olma heç, Tanrı sevmir dikbaşı. Sən gəl günahından keç, Adam olmur hər naşı. * * * Dərdi yaxına qoyma, Həyatda pozitiv ol! Yaxşılıq elə, doyma, Pisliyə heç açma yol! * * * Həyat, mübarizədir, Sabaha yoxdur güman. Mənim sözüm sizədir, Halal olun hər zaman!
İNCƏ DƏRƏSİ Nə gözəl mənzərədi Ruhumu alıb gedir. Bəlkə, buna görədi Əhvalım göylərdədi. * * * Yaradandan bəndəyə Lütf olan gözəllikdir. Ruhum dil açır deyə Yarəb, dünya mənlikdir. * * * Ətrafımda quş səsi Burnumda gül qoxusu. Cəzb eləyir hər kəsi Cuşa gəlir çoxusu. * * * Bura cənnətin özü, Laylam oxunan yerdir. Azərbaycanın gözü, Mənə səcdəgah, pirdir. * * * Bütün dərdi-sərini Burda unutmaq olur. Könlüm məzar yerini Sonunda burda bulur. * * * Bura arxam, güvənim Mənim qibləgahımdır. Yaşadığım dünənim, Bu günüm, sabahımdır. * * * Bu yaşımda anladım, Ömrü harda bitirdim. Öz-özümü danladım Gör, nələri itirdim. * * * Bu yurdun torpağına, Daşına qurban olum! Gələcəm ayağına İncə dərəm, son yolum!
XEYİR GÖZLƏ Hər işdən bir xeyir gözlə, Şəri ancaq xain istər. Dərd ovunmaz adi sözlə, Bir istilik, qayğı göstər. * * * Alnımızda yazılanın Sahibiyik, yiyəsiyik. Bir qaranlıq gündə hamı Eyni qapı döyəsiyik. * * * İçimizdə ölüm xofu Gah ölürük, dirilirik. Canımızdan qopan ofu Ağrı, acı, dərd bilirik. * * * Bu dünyanın qonağıyıq Dünyamızda çoxu kimi. Yüz oyunun qınağıyıq Unudarıq yuxu kimi. * * * Arzuların arxasınca Hey qaçarıq, yorulmarıq. Ömür bitib can çıxınca Nəfsimizdə durulmarıq. * * * Sonda ruhla vidalaşıb, Bu dünyanı anlayırıq. Son keçilən səddi aşıb, Özümüzü danlayırıq.
MÜBARƏK OLSUN Gəldi ramazan ayı Yarəb ayın mübarək! Payla ramazan payı Hər süfrəyə! Şükr edək! * * * Qoy sevinsin insanlar Xəstələr şəfa tapsın. Nolar naşükür canlar Şükr etsin, tövbə yapsın. * * * Yaradan millətimə, Kin, küdurət verməsin! Daim gülsün ürəklər, Heç kim kədər dərməsin! * * * Küsülülər barışsın, Nifrət, nifaq olmasın. Başlar xeyrə qarışsın, Şər əməllər qalmasın. * * * Bu ay ruzi gətirsin, Hər süfrəyə, hər evə. Saf diləklər bitirsin Yaşayaq sevə sevə.
ÜRƏYİMİN SƏSİ Ruh halımı bölüşməyi sevmərəm Üç olarıq kağız, qələm, bir də mən. Dəyişmədim, dəyişmədi yan yörəm Otaq həmən, masa həmən, ruh həmən. * * * Sakit gecə, sözə bağlı bir canam Eşidirəm ürəyimin səsini. Uşaqlıqdan üzüyola insanam Nə deyir yazıram hər kəlməsini. * * * Elə gün olur ki, qapımı döymür Bəzən əzab verir ürəyim mənim. Olur ki, ruh verir xətrimə dəymir Nə bu günüm inciyir, nə də dünənim. * * * O, məni yaşadır, o, nəfəs verir Məni incitsə də, mən ona qulam. Əgər ağrımırsa boş həvəs verir Bilir ki tükənmiş , keçilmiş yolam. * * * Bu yaşa çatmışam, ona borcluyam Nə yazdım qəlbimin səsiylə yazdım. Vallah inanmıram yazmaqdan doyam Yazdıqca bu ömür yolunda azdım.
YAĞIŞ YAĞIR Yağış yağır ümidlərim yuylur Çiçək ömrüm yavaş yavaş gül açır. Bu yağışdan saf diləklər ayılır Körpə kimi gülümsəyir, dil açır. * * * Damlaların tappıltısı oyadır Neçə neçə mürgüləyən hissləri. Qəm yuyulur, sanki rəngli boyadır Tam ağardır günah görmüş kəsləri. * * * Yağış yağır, həyat sanki canlanır Elə bil ki nəfəs alır kainat. Köhnə dərdlər yaddan çıxır sonlanır Gül arzular həmən açır qol qanad. * * * Bu his pasın çevrəsində bəxtimiz Yuyulmasa kif balayar pas atar. Nə yaxşı ki, selə dönüb axdınız Yağ ey yağış, yoxsa dünya tam yatar.
Ayətxan Ziyad (İsgəndərov), Azərbaycan Dövlət Pedaqoji Universiteti. Elmi işçi. httrs://orcid.orq/0000-0002-0034-6736 ayetxanziyad@mail.ru +994-70 7303023; (+994 70 7303023 (wp).
Elmi mübahisələr: mülahizələr, qənaətlər
IV məqalə
AZƏRBAYCAN UŞAQ ŞEİRİNDƏ SƏRLÖVHƏ-ADLAR SİSTEMİ
(Zahid Xəlilin və Zaur Ustacın yaradıcılığı nümunəsində)
Ayətxan Ziyad (İsgəndərov),
Azərbaycan Dövlət Pedaqoji Universiteti. Elmi işçi.
Hər hansı ədəbiyyat nümunəsi ilə tanışlıq əsərə verilən addan başlanır. Hər hansı film baş qəhrəmanın adı ilə, doğulan körpə valideynin övladını çağırdığı adla tanındığı kimi, bədii əsər də yazıçının övladıdır – müəllifin ona qoyduğu adla tanınır, kataloqlara bu adla düşür, yaddaşlara bu adla həkk olunur. Uğurlu alınan əsər onu yazanın vizit kartına çevrilir. Bu üzdən də qələm sahibi səy göstərir ki, əsərini adlandırdığı ad (sərlövhə) Azərbaycan dilinin qrammatik qanunauyğunluqlarına uyğun, leksik-semantik cəhətdən məzmunlu və mənalı, bitkin, ürəyə və dilə yatımlı, asanlıqla yaddaqalan olsun.
“Kitabi-Dədə Qorqud”da “Dirsə xanın oğlu Buğac boyu”nda adqoydu problemi ilə bağlı məqamı xatırlayaq. Dədə Qorqud xan oğlu Buğacı səciyyələndirən cəhətləri bir-bir sadalayır və sonda yeniyetməyə Buğac adı qoyduğunu bəyan edir: “Adını mən verdim, yaşını Allah versin”, – söyləyir.
Tədqiqatçılar, xüsusilə dilçi alimlər adlar sistemi ilə əlaqəli araşdırmalarında mövzuya “Xüsusi adlar” mövqeyindən yanaşaraq poetik obrazlara verilən ad və soyadların tədqiqinə daha geniş yer verirlər. Belə tədqiqat işlərinə nümunə olaraq professor Həcər Hüseynovanın “Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri” (Bakı-ADPU-2018) və “Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin üslubi-linqvistik xüsusiyyətləri” (Bakı-“Elm”-2001) monoqrafiyalarını, “Bədii əsərlərdə onomastik vahidlərin rolu” dərs vəsaitini (Bakı-2017), eləcə də “Mir Cəlalın bədii əsərlərinin leksik-semantik xüsusiyyətləri haqqında” məqaləsini (“Onomastika” jurnalı, №2, Bakı-2007), H.Həsənovun “Adlar tarixin, xalqın milli nişanəsi kimi” (Bakı-2002), Q.Mustafayevanın “Onomastik vahidlərin üslubi linqvistik xüsusiyyətləri” (Bakı-2001), Ceyhunə Hüseyn qızı Hüseynovanın “Mehdi Hüseynin romanlarında antroponim və toponimlərin linqvistik xüsusiyyətləri”, avtoteferat. (Bakı-2017), Nəbi Əsgərovun “Areal türk onomastik vahidlərinin linqvistik xüsusiyyətləri” (Bakı-1999) və digərlərini göstərmək olar.
Ancaq unudulmamalıdır ki, hər əsərin öz adı (sərlövhəsi) problemi də var və əsərə verilən ad – sərlövhə heş də əsərdəki obrazlara verilən addan az önəm daşımır, əksinə, hələ bəlkə onu üstələyir də. Əbəs deyil ki, Homer adı cəmiyyətdə “tanıma, fərqləndirmə nişanı” qismində dəyərləndirir [4. s.112]. Adlar sisteminə, fikrimizcə, iki prizmadan yanaşılması məqsədəuyğun olardı: 1 – əsərə verilən adlar, başqa sözlə, sərlövhə-adlar sistemi və 2 – hər hansı əsərdəki obrazlara verilən adlar, yaxud obraz-adlar sistemi.
Professor H.Hüseynova bədii əsərlərdə sərlövhə-adlar sistemindən bəhs edərkən yazır: “Hər bir əsərə verilən ad da sözdür. Bu söz adi söz deyil, poetik sözdür – yazıçının sözüdür. Bədii əsərə verilən ad əsərin çox mühüm komponentlərindən biridir… Oxucu birinci növbədə sərlövhə ilə tanış olur” [5. s.285] … “onomastik vahidlərin işlənmə zənginliyi əsərə bədii vüsət verir, müəllifi qələminin qüdrətini göstərən vasitəyə çevrilir” [5. s.289].
“Əsərin başlığı yazıçının oxuculara dediyi ilk sözdür” [3. s.56] … “Hansı əsərdə olur-olsun, oxucunun ilk təsadüf etdiyi, ilk dəfə üz-üzə gəldiyi məsələ, mətləb sərlövhədir. Əsərin məzmunu ilə tanışlıqdan əvvəl oxucu sərlövhə ilə, əsərin adı ilə tanış olur. Əsərin adı insanın adı qədər mənalı, mühüm və vacibdir. Sənətkar əsərinə təsadüfi ad seçmir. Sərlövhə adın, əsərin məzmunu, ideyası, daxili münasibətləri ilə əlaqəli götürülür”[3. s.455].
Klassik ədəbiyyatda şeir adlarına (sərlövhələrə) diqqət yetirək: “Ana və poçtalyon”, “Çapayev” (xalq şairi Süleyman Rüstəm), “Rənglər”, “Lenin poeması” (xalq şairi Rəsul Rza), “Azərbaycan”, “Vaqif”, “Zamanın bayraqdarı” (xalq şairi Səməd Vurğun) “Yenə o bağ olaydı (Mikayıl Müşfiq), “Qaytar ana borcunu”, “Pillələr”, “Səfərdən sonra”, “Qayıt”, “Ölüm sevinməsin qoy” (Əli Kərim), “Göy üzünə yazılan şeirlər” (Abbas Abdulla)…
Məqalədə əsərə verilən addan, başqa sözlə, Azərbaycan uşaq şeirindəsərlövhə-adlar sistemindən və bədii əsər adının (sərlövhəsinin) hansı prinsiplər əsasında müəyyənləşdirilməsi məsələlərindən bəhs olunur.
2. ARAŞDIRMA
Tədqiqatçı Adil Bağırov əsərə ad qoyulması problemindən bəhs edərkən yazır: “… bədii əsər adları çox zaman rəngarəng, özünəməxsus leksik-semantik və qrammatik xüsusiyyətləri ilə xarakterizə olunan xüsusi adlardan biridir. Bu adların toplanması və elmi-linqvistik şəkildə tədqiqi ktematonimlərin öyrənilməsi və mahiyyətinin açılmasında mühüm əhəmiyyət kəsb edir. Ona görə bədii əsər adları onomastik tədqiqatın daim diqqət mərkəzində olmalıdır” [2. s.10-16].
Yəhya Seyidov bədii əsərə ad qoyulmasını yaradıcılıq işi səviyyəsində qiymətləndirir [8. s.487].
Afad Quirbanov əsərə ad müəyyənləşdirilməsi işində bir neçə halın gözlənilməsinin zəruriliyi qənaətindədir. Hansılardır bu prinsiplər: 1 – ad bədii əsərin ideyasını özündə əks etdirməlidir; 2 – anlaşılan olmalıdır; 3 – milli (Azərbaycan) istilahları əsasında yaranmalıdır; 4 – əsərin mahiyyətindən doğmalı, məzmununu ifadə etməlidir; 5 – milli xarakter daşımalıdır və s. [7. s.440].
Tibb elmi haqqında belə bir mülahizə var: düzgün dioqnoz müalicənin yarısıdır. Bizim də qənaətimizə görə, əsərin adının öncədən müəyyənləşdirilməsi (təqribi olsa belə) əsərin başlıca istiqamətinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Başqa sözlə, öncədən ad qoyulması nəticəsində hər kəsdən əvvəl əsərin başlıca ideyası, ana xətti müəllifin özü üçün aydınlaşmış olur, yazılma prosesinin taktiki hədləri müəyyən edilir.
Y.Seyidov bu problemə belə münasibət bildirir: “Əsərlərin əksərinin adları əvvəlcədən, yəni mövzu seçilərkən, əsərin əhatə dairəsi, planı yazıçının təxəyyülündə canlanarkən meydana gəlir, təxminən əsərin yaranmağa başlaması ilə eyni ana düşür və kağızda ilk söz olur. Belə adlar, fikrimizcə, daha uğurlu, bədii yaradıcılıq məhsulu olur. Bu vaxt ad nisbətən asan tapılır. Əslində onu axtarmaq lazım gəlmir, o, kəşv olunur” [8. s.487].
Biz də bu qənaətdəyik ki, bədii əsərə verilən ad (sərlövhə) özlüyündə yığcam, lakonik olmalı, əsərin ideya və məzmununa xidmət etməli, bir, iki, ən çoxu üç kəlmədən ibarət olub əsərin məzmununun aydınlaşmasına istiqamətlənməli və bitkin bir fikir ifadə etməlidir. Bu isə özlüyündə yazıçıdan poetik duyum, az sözlə çox fikir ifadə etmək səriştəsi tələb edir. Xüsusilə uşaq ədəbiyyatında.
Uşaqlar üçün kiçik ölçülü və kiçik həcmli əsərlər xüsusi önəm daşıdığı kimi, əsərə uşaq psixologiyasına uyğun kiçik ölçülü və mümkün qədər az sözdən ibarət ad qoyulması işi də vacib şərtlərdəndir. Ona görə ki, ad hər nəsnədən əvvəl bədii əsərin vizit kartıdır, başqa sözlə, mütaliə edəcəyi əsər haqqında ilkin təqribi anlatmanı oxucu əsərə qoyulan ad vasitəsi ilə alır. Elə yazıçı var ki, əsərin adını müəyyənləşdirmədən mövzunu işləməkdə çətinlik çəkir. Beləsi üçün əsərin adı bir növ süjet xəttinə giriş etmək üçün bir vasitədir. Elə qələm sahibi də var ki, əsər tamamlanandan sonra onun adı (sərlövhəsi) barədə düşünməyə başlayır. Ancaq bütün hallarda əsərin adı az sayda və kiçik ölçülü sözlərdən ibarət olmalı, oxucunu, qismən də olsa, əsərdə nələr baş verəcəyinə istiqamətləndirməlidir.
Bu məziyyətlər nəzərə alınaraq uşaq şeirlərinə qoyulan adlar mənaca dolğun və aydın metodoloji əsasa malik olmalı, asan başa düşülməli, qısa, oxunaqlı və tez yaddaqalan olmalıdır.
Bu mənada S.Krijijovskinin mülahizələri xüsusi diqqət çəkir: “Ad papaq yox, başdır ki, onsuz bədənin varlığı qeyri-mümkündür” [10].
Sovetlər zamanında nəşr olunan “Комсомольская правда” qəzetində çapa gedən materialların sərlövhəsini təsdiq etmək, yaxud dəyişdirmək səlahiyyətində olan xüsusi ştat vahidi var idi. Bu vəzifə sahibi qəzetin nəşrə hazırolma ərəfəsində, məsələn, gecə saat 12-dən sonra redaksiyaya daxil olur, məqalələri bir-bir oxuyub məsləhət bildiyi yazının sərlövhəsini mövzuya uyğun dəyişir, yaxud təsdiq edirdi.
Belə bir hüquq kitab nəşri ilə məşğul olan redaktorlara da verilirdi.
Bütün bunlar ədəbi nümunəyə ad seçilməsinin necə ciddi məsələ olduğunun göstəricilərindəndir.
A.Bağırov “Bədii əsər adları” məqaləsində əsərin adının müəllifin kimliyini xarakterizə etdiyi qənaətini irəli sürür: “… əsərin adı müəllifin … yaradıcılıq potensialını, sənət dünyasının nəyə qadir olduğunu üzə çıxarır, əsərin ədəbi taleyini müəyyənləşdirir. Ümumilikdə, bədii əsərin adı əsərin ən dolğun, mənalı hissəsi sayılır”, – yazır [2. s.10-16].
A.Bağırovun bu mülahizəsinin birinci qatı ilə müəyyən mənada razılaşmaq mümkündür ki, əsərin adı müəllifin yaradıcılıq potensialının nəyə qadir olduğunu üzə çıxarır. Ancaq “əsərin adının müəllifin ədəbi kimliyini xarakterizə edir”, “müəllifin sənət dünyasının nəyə qadir olduğunu üzə çıxarır”, “əsərin ədəbi taleyini müəyyənləşdirir”, “ümumilikdə, əsərin ən dolğun, mənalı hissəsi sayılır” kimi fikirləri ilə bitkin mənada razılaşmaq mümkün deyil. Çünki ola bilər müəllif əsərə ad qoymaq (sərlövhə seçmək) məsələsində xüsusi səriştəyə malik olsun, ancaq bu heç də təqdim olunan əsərin ədəbi cameə tərəfindən sənət nümunəsi səviyyəsində qəbul oluna bilməsi demək deyil. Şair, nasir yaradıcılığınığın potensialı problemi ədəbiyyatşünaslıqda xüsusi mövqe sərgiləyən məsələdir.
K.Qasımova “Dram adları və bədii qayə” adlı məqaləsində əsərə ad seçmək problemindən bəhs edərkən yazır: “Dram əsərlərinin adı bir növ reklam, tamaşaçını cəlb etmək funksiyasını da yerinə yetirir” [1].
K.Qasımovanın “… əsərin adı reklam xarakteri daşıyır” mülahizəsi ilə də razılaşmaq mümkün deyil. Tədqiqatçının mülahizələrinə rəğbətlə yanaşır, fəqət bunu da qeyd etməyi borc bilirik ki, nə hadisə olan bədii ədəbiyyatın özünün, nə də onun adının heç vədə reklama ehtiyacı olmayıb. Sənət nümunəsi olan ədəbiyyat özü öz oxucusunu tapır. Hər hansı ədəbiyyat nümunəsinə verilən ad heç də oxucuda yazılanı oxumağa çağırış xarakteri daşımır, bədii əsərə ad reklam məqsədi ilə qoyulmur, əksinə, hansı məzmunda olan əsəri oxumağa hazırlaşdığı barədə oxucunu məlumatlandırmaq məqsədi daşıyır.
Z.Xəlilin uşaq şeirlərinin sərlövhə-adlarına diqqət yetirək: “Seçilmiş əsərləri”nin I cildinə daxil edilmiş 258 şeirdən128-i bir, 73-ü iki, 50-si üç, 5-i dörd, 2-si 5 sözdən, 2016-ci ildə nəşr edilən “Ağ leyləklər” kitabındakı şeirlərdən 119-u bir, 60-ı iki, 15-i üç, 4-ü dörd, 2-si 5 sözdən ibarətdir.
Yaxudözünün də qeyd etdiyi kimi, yaradıcılığında bir uşaq şeir kitabı qərar tutan Zaur Ustacın “Gülüzənin şeirləri” toplusu beş bölümdən ibarətdir və bölmələr, elə bil məqsədli olaraq, mövzumuzun tələbinə uyğun qruplaşdırılıb: “Hərflərə aid şeirlər”, “Rəqəmlərə aid şeir-tapmacalarlar”, “İlin fəsillərinə və aylara aid şeirlər”, “Sətirlərdə uşaq obrazları” və “Tam və bitkin şeirlər”. Kitaba ümumilikdə 95 şeir daxil edilib. Şeirlərin sərlövhə-adlarına diqqət yetirək: “Hərflərə aid şeirlər” bölümünə daxil edilən şeirlər vasitəsi ilə azyaşlı hərflərin ardıcıllığı gözlənilməklə Azərbaycan əlifbasını qısa bir zamanda və olduqca rahat şəkildə öyrənmək imkanı əldə edir. Şeirlərin sıralanma xəttinə diqqət yetirək: “A”, “A və N”, “B”, “C”, “Ç” ……… “Z”. “Rəqəmlərə aid şeir-tapmacalarlar” bölümündə “1”-dən “10”-a qədər, həmçinin “İlin fəsillərinə və aylara aid şeirlər” bölümündə də (“Yaz”, “Yay” ……. “Qış”, yaxud “Yanvar”, “Fevral” ……. “Dekabr”) sıralanma gözlənilib. “Sətirlərdə uşaq obrazları” adlanan dördüncü bölüm iki hissədən ibarətdir: “Bir ad bir şeir” və “İki və daha artıq şəxs adına ünvanlanan şeirlər”. Bu bölümdə ən uzun adlı bircə şeirlə rastlaşmaq mümkündür ki, həmin şeir cəmi dörd kəlmədən ibarətdir: “Zümrüd, Zəminə və Zəhra”.
Sərlövhə-adlara verilən tələblər Z.Xəlilin və Z.Ustacın uşaq şeirlərində necə gözlənilir?! Məsələn, Z.Xəlilin sərlövhəsi iki sözdən ibarət olan “Uzun yol” kəlmələri ilə qarşılaşan oxucu ilk anda uzaq səfərə çıxan kimdənsə, yaxud nədənsə söhbət gedəcəyini fəhmlə hiss edir. Oxuduqda sərlövhənin əsərin məzmunu ilə səsləşdiyi ilk misralardan aydınlaşır. Dialoq şəklində qələmə alınan şeirdən məlum olur ki, yola çıxan bu “səyyah” damcıdır, yer üzünə həyat bəxş edən su. Səfərə çıxan damcılar əvvəlcə birləşib Bulaq əmələ gətirirlər. Ancaq yenə dayanmaq bilmirlər. Sonra bu Damcı ˂ Bulaq axıb-axıb Kür çayına qovuşur. Dinclik bilməyən Damcı ˂ Bulaq ˂ Kür çayı birliyi bu dəfə boz çöllərə həyat vermək üçün zəmilərə, bağlara üz tutur. Düz-dünya yaşıllığa bürünür. Taxıl zəmiləri, meyvə ağacları bar-bəhərdən başını yerə qoyur:
– Damcı hara gedirsən?
– Bulağa qarışmağa. …
…
…Bulaq hara gedirsən?
– Kür çayına çatmağa. …
…
…A Kür hara gedirsən?
Zəmilərə, bağlara!
Kür axdı boz çöllərə,
Yaşıllaşdı dağ-dərə.
Damcı məhz bu zaman, şərti olaraq. məsələn, albalı ağacının meyvəsi olan gilas yumurlananda toxdaqlıq tapır:
Maarifçilik mövqeyinə daim sədaqət nümayiş etdirən sair təbiəti “işini” bu sonluqla bitirmir, başqa sözlə, azyaşlı oxucusunu gilas meyvəsinin hansı görkəmdə olduğu barədə məlumatlandırmaq qənaətində israrlıdır. İlkin anında sadəcə bir damcı olan suyun günəşin hərarətindən ağacda möcüzəli bir meyvənin yetişməsində vasitə olduğunu qələmə alır. Gilasın hansı quruluşda (görkəmdə) olduğunu azyaşlı oxucunun yaddaşına həkk etmək üçün metonimiya yaradaraq, onları qız-qadınların zinət əşyası olan “lola sırğa” üzərinə köçürür:
Bu dağın lap başında
Onu keyfi saz oldu.
Sallandı başaşağı
Yumru bir gilas oldu.
Gün vurdu sırğalandı,
Meh əsdi, yırğalandı. [6. s.3].
Zaur Ustacın “Ağıllı Gülər” adlı şeirində də oxucu eyni əhvalla qarşılaşır. Şeirin sərlövhəsi ilə tanışlıq zamanı istər-istəməz sual oyanır ki, görəsən Gülər hansı fərdi keyfiyyətlərə malikdir ki, şair şeirinə belə bir sərlövhə seçib? Səbəb ikinci bənddə bəlli olur:
Gördü üşüyür sərçə,
Bayırda alıb təkcə.
Gülər istədi getsin,
Gedib, çörək gətirsin.
Elə bu an sərçəcik
Yenə elədi:
“cik-cik”.
Şeiri oxucuya doğmalaşıran ən mühüm keyfiyyət şairin xalq ədəbiyyatına istinadıdır. Burada şair “mən”i nağılçı obrazında təzahür edir. Və fərəhidir ki, bu ruh, bu nəfəs oxucunu sonuncu misraya qədər müşayiət edir:
Günlərin bir günündə,
Soyuq qış səhərində
Əl-üzünü yuyanda
Gördü kiçik sərçəcik.
Sərçə edirdi “cik-cik”.
Azhecalı qafiyələnmələrin (4+3=7, 3+4=7) və üç bənddən ibarət kiçik bir şeirdə hər bəndin sonunda “sərçəcik, cik-cik”, yaxud “cik-cik, sərçəcik” təkrirlərinin 4 dəfə qafiyələnməsinin, eləcə də, “c” və “ç” alliterasiyalarının (samit səslərin təkrarlanmasının) yaratdığı xoş ovqat, oynaq, ecazkar ritm, musiqilik oxucunu ovsunlayır. Bircə andaca nəinki azyaşlının, yaşlı nəslin də ruhuna höpur. Yekun misralar – təkrirlər (Təşəkkür etdi: “cik-cik”. // Uçub getdi sərçəcik) şeirdə yekun marşı kimi səslənməklə yaddaşlara hopur:
Gülər tez evə qaçıb,
Anadan çörək alıb,
Gəlib eyvana, ovdu.
Yenidən edib “cik-cik”,
Ora qondu sərçəcik.
Əvvəl çörəyi yedi,
Sonra da suyu içdi.
Bir dəfə sağa baxdı,
Bir dəfə sola baxdı.
Təşəkkür etdi:
“cik-cik”.
Uçub getdi sərçəcik. [9. s.109].
Şeir sərlövhə-adlarını şərti olaraq əsasən aşağıdakı kimi qruplaşdırmaq olar:
1 – Sərlövhəsi əsərin baş qəhrəmanının adı ilə adlandırılan şeirlər. Bu qisim şeirlər Z.Xəlil yaradıcılığında xüsusi çəkiyə malikdir: “Çiyələk”, “Arı və kəpənək”, ”Qatır”, “Bildirçin”, “Qırqovul”, “Hacıleylək”, “Bülbül”, “Kəklik”, “Güllüt”, “Qurbağa”, “Alça”, “Yaxma”, “Qazayağı”, “Gilas”, “Dovşan və köpək”, “İydə”, “Keçi və Əziz”, “Şəlalə”, “Qartal”, “Şanapipik”, “Qaranquş”, “Gicirtkan”, “Kəpənək”, “Ağacdələn”, “Qanqal”, “Baldırğan”, “Quşəppəyi”, “Zoğal”, “Çəpiş”, “Ayauçan”, “Çobanyastığı”, “Sırğaçiçəyi”, “Qaymaqçiçəyi”, “Qantəpər”, “Lalə”, “Ciciçiçəyi”, “Cincilim”, “Günəş”, “Günəbaxan”, “Göyqurşağı”, “Palma”, “Kirpi”, “Ulduz”, “Sona”, “Qələmə”, “Mayak”, “Fil”, “Qatar”, “Araba”, “Barmaq”, “Qırğılar”, “Qağayılar”, “Duman”, ”Anqut”, “Tutu”, “At”, Qırxbuğum”, “Dələ”, “Göbələk”, “Boranı”, “Çərkəz”, “Telefon”, “Ceyran”, “Dovşan”, “Canavar”, “Tülkü”.
Zaur Ustacda əsərin baş qəhrəmanının adı ilə adlandırılan şeirlərin sayı 25-dir. “Sətirlərdə uşaq obrazları” adlanan bölümə xüsusi adlara ünvanlanan 16 şeir daxil edilib: “Ülkər”, “Vahid”, “Tuncay”, “Hümmət”, “Yusif”, “İlqar”, Qaçay , “Malik”, “Uğur”, “Şamil”, Vaqif., “paşa”, “Həsən”, “Nağı”, “Zahir”.
Z.Ustacdan nümunə: “Ağıllı Gülər” (“Tam və bitkin şeirlər” bölümündən), “Yanvar”, “Fevral”, “Mart”, “Aprel”, “May”, “İyun”, “İyul” “Avqust”, “Sentyabr”, “Oktyabr”, “Noyabr”, “Dekabr” (İlin fəsillərinə və aylara həsr edilmiş şeirlər” bölümündən).
3. Hadisələrin cərəyan etdiyi yerlərlə bağlılığı olan, yaxud həmin yerlərin adını daşıyan şeir adları. Z.Xəlildən nümunə: “Uzun yol”, “Təyyarə”, “Dənizə axşam düşür”, “Körpü ilə söhbət”, “Gölməçə”, “Oynayıram beşikdə”, “Məktəb yolları”, “Uşaqlar dərsə gedir”.
4. Obrazın zahiri görünüşünə görə ad verilən şeirlər. Z.Xəlildən nümunə:“Yeddirəngli muncuq”, “Qaraqulaq ağ küçük”, “Şəffaf cığır”, “Qızıl qaz”, “Gil pişik”, “Qırmızı”, “Narıncı”, “Yaşıl”.
5. Adı rəmzi-simvolik məna daşıyan şeirlər.Z.Xəlildən nümunə:“Uçan çıraqlar”, “Ayının teleqramı”, “Dovşanın teleqramı”, “Çaqqalların teleqramı”, “Tülkünün teleqramı”, “Canavarın teleqramı”, “Atəşböcəyinin teleqramı”, “Sərçələrin nəğməsi”.
Z.Ustacın uşaq şeirlərindən bu bölgüyə Azərbaycan əlifbasındakı bütün hərfləri, 1-dən 10-a qədərki bütün rəqəmləri, ilin fəsillərinə aidliyi yetən bütün şeirləri, o cümlədən “Tam və bitkin şeirlər” bölümündən “Balaca reklamçı”nı aid etmək olar.
NƏTİCƏ
Baxmayaraq ki, son onilliklərdə bədii əsərə bütöv cümlə şəklində ad verilməsi tendensiyası da özünü göstərir, ancaq biz bu fikirdəyik ki, bu kimi hallar elmi məqalələr, elmi-tədqiqat işləri və dissertasiya işləri üşün məğbul sayıla bilər, bədii əsər adları adlıq cümlə şəklində olmalı, oxucuya əsərin mövzusu və nədən bəhs edidiyi barədə ilkin informasiya ötürməyə istiqamətlənməlidir. Xüsusilə uşaq ədəbiyyatında.
Açar sözlər: adlar sistemi, sərlövhə, uşaq şeiri.
***
Azerbaycan çocuk şiirinde başlik-isim sistemi
ÖZET
Herhangi bir edebiyat örneğiyle tanışma adla başlar. Bir filmin kahramanının adıyla bilinmesi gibi, yeni doğan bebeğe de ebeveynin çocuğunun adı verilir – sanat eseri yazarın çocuğudur – ona yazarın verdiği adla bilinir. Başarılı çalışma, yazarın kartviziti olur. Bu nedenle kalem sahibi, eserinin adını (başlığını) Azerbaycan dilinin gramer kurallarına uygun, sözlüksel ve anlamsal olarak anlamlı, içerik olmalı, yorucu olmayan, samimi ve kolayca akılda kalıcı olmalıdır.
“Kitabi-Dada Korkut”de “Dirsa Han’ın oğlu Bugaj Boyu”nda adgoydu konusuna değinilen noktayı hatırlayalım. Dada Korkut han oğlu Bugaj’ı karakterize eden özellikleri tek-tek sıralar ve son olarak gence Bugaj adını verdiğini söyler: “Adını ben verdim, yaşını Allah korusun”.
Retro edebiyatta adlara dikkat edelim: “Anne ve postacı”, “Çapayev” (halk şairi Süleyman Rüstem), “Renkler”, “Lenin şiiri” (halk şairi Rasul Rza), “Azerbaycan” (halk şairi Samad Vurgun) “Yine o bah olurdu (Mikail Müşfig), “Annenin borcunu iade et”, “Merdiven”, “Yolculuktan sonra”, “Dönüş”, “Ölüm sevinmesin koy”(Ali Kerim), “Gökyüzüne yazılmış şiirler” (Abbas Abdulla) …
Ancak ne yazık ki “sanat eserlerinde isim sistemi” konusu araştırmacılar tarafından unutulmuş, daha açık bir ifadeyle ihmal edilmiş, gelişmemiş veya üzerinde yeterince durulmamış bir alandır.
Makale, sanat eserlerinin başlığını belirleme ilkelerini tartışıyor.
Anahtar kelimeler: isim sistemi, başlık, çocuk şiiri.
***
Title-name system in Azerbaijani children’s poetry
ABSTRACT
Acquaintance with any literary sample begins with the name. Just as a movie’s protagonist is known by the name, the newborn baby is named after the parent’s child – the artwork is the author’s child – known by the name given to it by the author. Successful work becomes the author’s business card. For this reason, the owner of the pen must have the name (title) of his work in accordance with the grammatical rules of the Azerbaijani language, lexically and semantically meaningful, content, non-tiring, sincere and easily memorable.
Let’s remember the point mentioned in “Kitabi-Dada Korkut” in “Bugaj Boyu, son of Dirsa Khan”. Dada Korkut lists the features that characterize his son Bugaj, one by one, and finally says that he named the young man Bugaj: “I gave his name, God forbid his age”.
Let’s pay attention to the names in retro literature: “Mother and postman”, “Chapayev” (folk poet Sulayman Rustam), “Colors”, “Lenin poetry” (folk poet Rasul Rza), “Azerbaijan” (folk poet Samad Vurgun) ) “It would be that bah again (Mikail Müşfig), “Repay your mother’s debt”, “Ladder”, “After the trip”, “Return”, “Let death not rejoice”(Ali Kerim), “Poems written in the sky ”(Abbas Abdulla) …
However, unfortunately, the subject of “name system in works of art” is a field that has been forgotten by researchers, in other words neglected, underdeveloped or not emphasized enough.
The article discusses the principles of determining the title of works of art.
Keywords: noun system, title, children’s poetry.
İstifadə olunan ədəbiyyat
1. Azərbaycan onomastikası problemləri. Konfrans materialları.Bakı-1993.
2. Bağırov Adil. “Bədii əsər adları”. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. 2015-ci il, №1 (66), 268 səh.
3. Əsədullayev S. Tarix, sənətkar, müasirlik. Bakı-1974.
4. Homer. Odisseya. Bakı-1977, s.112.
5. Hüseynova H. Mir Cəlalın bədii əsərlərinin linqovopoetik xüsusiyyətləri. II cild. Bakı-ADPU-2018, 384 səh.
6. Xəlil Zahid. Ağ leyləklər. Bakı-SkyG-2016, 248 səh.
7. Qurbanov A. Azərbaycan onomalogiyasının əsasları. 2 cilddə, II cild. Bakı-Nurlan–2004, 504 səh.
8. Seyidov Y. Əsərləri, 15 cilddə, I cild. Bakı-BDU nəşriyyatı-2006, 628 səh.
May ayının ilk günündəcə səksən ilin dizlərini qatlayıb, qamətini gənclik çağlarında olduğu kimi şux salamağı bacaran tanınmış şair Məhyəddin Məhərrəmoğlu, istedadlı olduğu qədər də sadə-səmimi, nikbin əhval-ruhiyyəli söz adamıdır. Həftə sonu AYB Mingəçevir bölməsinin xəttiylə keçirilən 80 illik yubileyində də şair öz mənəvi dəyərlərinə sadiq qaldığını bir daha nümayiş etdirdi.
Səksən il qabaq Kəlbəcər rayonunun Bağlıpəyə kəndində dünyaya göz açan şairin ömür yolu enişli-yoxuşlu olsa da, bir çox “cizgiləri” ilə əlamətdardır. Hələ erkən yaşlarında Kəlbəcər ellərini gəzib dolaşan sazın-sözün sehrinə düşüb. Orta məktəbdə oxuduğu illərdə söz aləmində ilk addımlarını atıb. Ağdabanlı şair Qurbanı, Dədə Şəmşiri, Qəmkeş Allahverdini, Ənvər Rzanı, Məmməd Aslanı, Adil Cəmili… oba-oba, oymaq-oymaq tanıdan sənət sevgisi onun da könlünü əfsunlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun (İndiki ADPU) filologiya fakültəsində oxuduğu illərdə yazdığı şeirlərlə həm müəllimlərin, həm də tələbə dostlarının diqqətini cəlb edib. Ali təhsilini başa vurduqdan sonra əvvəlcə Kəlbəcərin Ağdaban kəndində dil-ədəbiyyat müəllimi, 1968-1978-ci illər aralığında Şorbulaq kənd orta məktəbin direktoru vəzifəsində çalışıb. İlk gənclik illərindən etibarən Kəlbəcərdə çap olunan qəzetin nəzdindəki ədəbi məclisin ən fəal üzvlərindən biri, sonra da bir müddət onun rəhbəri olub…
1993-cü ilin aprel ayında tarixi düşmənlərimiz Kəlbəcəri işğal edəndə, məcburi köçkün kimi Mingəçevirdə müvəqqəti olaraq məskunlaşıb və burada yenicə fəaliyyətə başlayan –saylı Kəlbəcər rayon köçkün orta məktəbinə uzun illər boyu rəhbərlik edib. İstər həmin dövrlərdə yerli və mərkəzi qəzetlərdə, istərsə də müstəqillik illərində “Azərbaycan”, “Ulduz”, Mingəçevir leysanı”, “Bənövşə” jurnallarında, “Azərbaycan müəllimi”, “Mədəniyyət”, “Ədəbiyyat qəzeti”, “Ədalət”, “525-ci qəzet”, “Zaman”, “Yeni avaz”, “Səhifələr”… qəzetlərində və AYB-nin Mingəçevir bölməsinin xəttiylə nəşr ediən ədəbi almanaxlarda işıq üzü görən şeirləri oxucular tərəfindən maraqla qarşılanıb.
2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzv olan şairin indiyə qədər “Ağlı-qaralı dünya”, “Dünya həmin dünyadır”, “Mürgülüyən qönçələr”, “Bir gecənin yuxusu” adlı şeir kitabları nəşr olunub. Ulu ata yurdu Kəlbəcərin düşmən tapdağı altında qaldığı illərdə şeirlərinin bir qismi düşmənə yönəlik nifrət hissiylə yoğrulsa da, əzəli torpaqlarımızın gec-tez azad ediləcəyinə ümidini heç vaxt itirməyib. Elə onun yubiley məclisində də bu əlamətlər ayrı-ayrı şəxslərin dilində dönə-dönə vurğulandı.
Qələm dostlarının, şəhər ictimaiyyəti nümayəndələri və həmyerlilərinin qatıldığı tədbiri AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə giriş sözüylə açaraq, yubiliyarın yaradıcılıq yollarını bir daha göz önündə canlandırdı. Bölmə tərəfindən səmərəli ədəbi fəaliyyəti və 80 illik yubileyi münasibətiylə təltif edidiyi diplomu ona təqdim etdi. Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Rizvan Mikayıllı, “Ziyalı” jurnalının əməkdaşı Ənvər Durucalı, Mingəçevir Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru Mehman Rəsulov, gənc şairə Ayşən Rəsul, şairin qələm dostlarından Eyyub Cabbaroğlu, Bəhman Gülövşəli, Namiq Zaman, Rəşid Rəsulov, Ağabala Salahlı və başqaları çıxışlarında yubiliyarın yurd sevgisini, şəhid ucalığını, II Qarabağ Müharibəsinin xalqımıza bəxş etdiyi Zəfər sevincini, ülvi məhəbbət duyğuların və ana təbiətin gözəlliklərini əks etdirən ədəbi yaradıcılığına istinad edərək, ayrı-ayrı məqamlarda onun şeirlərindən nümunələr də söylədilər. Kəlbəcərli Aşıq Hikmət Həsənov yubiliyar şairin bir neçə şeirini saz havaları üstə ifası da hamını məmnun etdi. Məhyəddin müəllimin yaxın qohumu,-Mingəçevirin tanınmış ziyalılarından olan Vəli Quliyev şairə yönəlik diqqət və ehtiramı yüksək qiymətləndirərək, ürək sözlərini səmimi kəlmələrlə lfadə etdi.
Yubiliyar şair Məhyəddin Məhərrəmoğlu isə yaradıcılığına yüksək dəyər verən məclis iştirakçılarına təşəkkürünü bildirdi və bir neçə yeni şeirini oxudu.
Əzəli-əbədi yurd yerlərimiz düşmən tapdağından azad ediləndə:
Ağacdan çox düşüb vədəsiz yarpaq,
Şərəfdi Vətənin şəhidi olmaq.
İgidin al qanı tökülən torpaq,
Al-əlvan çiçəklər bitirəcəkdir.
-deyibən ürəkdən sevinən şair, Kəlbəcərdə yolunu gözləyən ata ocağına qayıdıb, ömrünün qalan hissəsini və ədəbi yaradıcılığını bu ulu məkanda davam etdirmək arzusunu çıxışının sonunda bir daha vurğuladı. Ayrı-ayrı məqamlarda çəkilən xatirə şəkilləri ilə və könülləri vəcdə gətirən ilıq kəlmələrlə sonuclanan yubiley məclisi ən şirin xatirələrdən biri kimi yaddaşlara həkk olundu.
AMNEZİYA Gəlişin bir ağrı gətirmişdi ömrümə, Addım səslərindən artmışdı cismimim sol ağrısı, təzələnmişdi ruhumun köhnəlmiş yaddaşı. Başlamışdı gecələrlə gündüzlərin, “olar”larla “olmaz”ların qanlı savaşı. Səsin qulaqlarımda doğulan yanğı idi, Baxışın gözlərimi deşən sancı. Əziyyət çəkirdim güclü yaddaş ağrısından. Gözlərim sənsizliyə açılanda odlu baxışların düşdü gözümün yaddaşından damcı-damcı. Bir şeir pıçıldamışdın saçlarıma, bir xatirə buraxmışdın ovuclarıma. Ayrılıq küləyi itirdi saçlarımın yaddaşını, səpələndi misralar lal gecələrə. Ovuclarım qışın nəfəsində üşüyəndə korşaldı əllərimin yaddaşı, xatirən süzülüb dağıldı küçələrə. Əllərim yaddan çıxartdı nəfəsinin odunu, Qəlbim də unutdu darıxmağın dadını. Bir ruhumun yaddaşı qalmışdı məndə, Onu da soyuq fevral gecəsi aldı əllərimdən, Onun da doymadım dadından – Bir qış gecəsi şaxta şəhəri ağuşuna alanda ruhum itirdi yaddaşını, eşq qucaq-qucaq çıxdı ruhumun yadından…
SOL AĞRI Geyinmişəm əynimə Ayrılığın biçdiyi Dərdlərin ən yekəsin. Yolların bağrın yaran Səfil kimi gəzirəm Bu milyonlar ölkəsin. * * * İndi mənim ruhumu Oxşamır o mahnılar, Oxşamır o nəğmələr. İndi mənə dağ çəkir Ruhuma göndərdiyin Eşq ətirli kəlmələr. * * * O xoş günlər vardı ha, Hamısı bircə-bircə Silinib yaddaşımdan. İndi də qucaq-qucaq Kədər yağır içimdən, Qəm tökülür başımdan. * * * Bu yarımcan ürəyə Ağırlıq eyləyirsən, Birdəfəlik yığış, get. Sol tərəfim yıxılıb, Sol yanım viran qalıb, O yandadır çıxış, get. * * * Gedəndə elə get ki, Gedişini görməyim, Addımın səs salmasın. Ağlını da götür, get, Apar onu özünlə, Ağlın məndə qalmasın.
BUZ QADIN Ayağı büdrədi xəyallarımın, Rəngli yuxularım qəfil dağıldı. Günəşlə ulduzum heç barışmadı, Bütün fəsillərim soyuqda qaldı. * * * Odlu baxışını yan et gözümdən, Buz dağın əridib qaynadacaqsan. Sevgi havasına kar idi ruhum, Sən onu yerindən oynadacaqsan. * * * Şeirim asılacaq bir kor ümiddən, Yarımcan ağrılar çıxacaq üzə. Yanında min illik hörmətim vardı, Abrımı tökəcək hissim kağıza… * * * Bir ağrı hayqırır sol tərəfimdə, Ağlım hisslərimə baş əyir indi. Mənim ürəyimdə doğulan şeir Sənin nəfəsində yaşayır indi. * * * Mən buz qadınıyam şimal qütbünün, Alova ögeyəm, atəşə yadam. Belə isti-isti şeir yaşatma, Səsində əriyib itirəm, adam…
SƏKKİZ DƏQİQƏ Atasan qürurunu, keçəsən inadından, İncik olduğunu da çıxarasan yadından, Boylanıb ümidlərin gündoğan tərəfinə Ona məktub yazasan bu gecə öz adından. * * * Yazasan ki, susaraq həsrətimə alışma, Gedişimə üsyan et, unutmağa çalışma, Aş bütün əngəlləri, sərhədləri qırıb tök, Aramıza sədd çəkən ayrılıqla barışma. * * * Yazasan ki, bir addım məsafədə dayanma, Vüsal uzaq olsa da, çox yaxındır yol amma. Hər dönüş bir ümiddir, hər ümid bir başlanğıc, Ömür gözləmək üçün çox qısadır, yubanma . * * * Yazasan, tənhalığın ağrısı da səngimir, Sənsiz şeirlərim də dəyişib ahəngini, Ürəyim qəm bağlayıb adını söyləməkdən, Gözlərim yuyulmaqdan itirib öz rəngini. * * * Yazasan ki, bilmirsən, yoxluğuna əsirəm, Səndən incimirəm e, mən özümdən küsürəm. Acığımı çıxıram sən sevdiyin hər şeydən – Dodağımı yeyirəm, saçlarımı kəsirəm. * * * Yazasan ki, getməklə öz evimi yıxmışam, Sonra giley edəsən: Nə tez yaddan çıxmışam… Göz yaşın ləkə sala yazdığın sətirlərə, Kağızın sol küncünə yazasan:darıxmışam… * * * Yazasan ki, sənin də qəlbinə qəm yığılsa, Gecələrin qoynunda ruhun qəfil sıxılsa, Desən ki, “darıxıram, qurban olum, qayıt, gəl”, Allah haqqı, gələrəm, lap dünya da dağılsa… * * * Ya da dəli şeytanın dediyinə uyasan, Səhərlərin birində qapısını döyəsən. Səkkizcə dəqiqəyə sığdırıb hisslərini, Bir şeir oxuyasan, “gəl barışaq” deyəsən…