Etiket arxivi: PROZA

Zülfiyyə Vəliyeva – VƏTƏNDAŞLIĞI, XEYİRXAHLIĞI, ZİYALILIĞI HƏYATININ MƏNASI

 Ayətxan Ziyad – yubiliyar

VƏTƏNDAŞLIĞI, XEYİRXAHLIĞI, ZİYALILIĞI HƏYATININ MƏNASI

(70 yaşın işığında)

 Hər bir yaşın öz özəlliyi, öz gözəlliyi var İnsan üçün. Xüsusən yaradıcı insanların keçdiyi ömür yolu çoxlarına örnək olur.

İnsana və Vətənə sevgisi zəngin bir şəxsiyyət kimi hamının yaxşı tanıdığı Ayətxan Ziyadın fəaliyyətinə nəzər salmaq istəyəndə, öncə, onun insanlığa xas ən vacib xüsusiyyətləri – mübarizliyi, vətənpərvərliyi, əməksevərliyi, vicdanlı, xeyirxah və fədakar olması diqqəti cəlb edir.

Allah insanı müxtəlif biçimdə, müxtəlif taledə, müxtəlif xislətdə yaradır. Taleyin sınağına çəkilir İnsan. Dözən, dözümlu İnsan olur Allahın məhəbbəti və mərhəməti sayəsində.

Belə bir məhəbbət və mərhəmət payından şükürlü olan İsgəndərov Ayətxan Ziyatxan oğlu 1951-ci ildə Hacıqabul şəhərində anadan olub.

  1969-1975-ci illərdə ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsində təhsil alıb, ilk məqalələri 1969-cu ildə “İşıq” qəzetində dərc olunub.

Tələbəlik illərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi QSC) ştatdankənar müxbiri (1970-1976) kimi çalışıb. İlk olaraq Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nəşriyyatında (1975-1976) işləməyə başlasa da, sonra (1976-1994-cü illərdə) əmək fəaliyyətini ona doğma olan Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (kiçik redaktor, redaktor, böyük redaktor-şöbə müdiri) davam etdirmişdir. “Ədalət” qəzetində bölgə müxbiri, “Azər­bay­can məktəbi” jurnalında şöbə müdiri, “Respub­li­ka” qəzetində müxbir, “Naxçıvan” və “Yeni Naxçıvan” qəzetlərində müxbir, şöbə müdiri,  “Həftə içi” qəzet­ində şöbə müdiri,  “Hakimiyyət və Xalq” qəze­tinin baş redaktoru, AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi və “Dir­çəliş-XXI əsr” jurnalının Analitik-İnformasiya Mərkə­zi­­nin rəhbəri (15.09.2004 – 03.04.2006-cı illər), “Gənc müəllim” (ADPU) qəzetinin redaktoru (yanvar 2007 – fevral 2015) işləmişlir. 2015-ci ilin martından ADPU Elmi-Tədqiqat Mərkəzinin kiçik elmi işçisi  kimi yaradıcı fəaliyyətlə məşğuldur.Gənc Jurna­list­lə­rin Moskva şə­hə­rində keçirilmiş II Ümumit­ti­faq Qurul­tayının nü­ma­yəndəsi olmuş, Ümumittifaq Teleradio Veriliş­ləri Komitəsində (Moskva)yaradıcılıq təcrübəsi keç­misdir;

– I Qarabağ Müharibəsinin ilk günlərindən ATƏŞKƏSƏ qədər, sərasər 6 il, hər ay 7-10 gün cəbhə bölgələrində olmuş, Azərbaycan ordusunun döyüş yolunu tarixiləşdirən efir materialları ilə çıxış etmişdir;

– AzTV-də Hərbi Proqramlar və Salnamə baş redaksiyası yaradılmasının təşəbbüskarı olmuş, radioda onun tələbi ilə yaradılmış müvafiq şöbəyə rəhbərlik etmişdir;

“XX əsr Azərbaycan yazıçıları” ensiklopediyasında barəsində yazılmışdır.

– Haqqında vikipediya yaradılmışdır.

1980-ci ildən SSRİ Jurnalistlər İtti­faqının, 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Azərbay­can Yazıçılar Birliyinin üzvüdür.

Ağdamın Mahrızlı kəndindən olan əsgər Rahib Məmmədova həsr etdiyi “Əfsa­nə­yə dönən ömür” adlı radio verilişi Teleradionun pul mükafatı və əmək kitab­çasına yazılmaqla dəyərləndirilmiş, radio verilişinin məqalə variantı “Ölməzlik” toplusunda nəşr edilmişdir (Bakı-Azərnəşr-1989. Səh. 60-67);

– Hərbi-vətənpərvərlik mövzusun­da yazan jur­nalistlərin yaradıcılıq müsabi­qəsində “Ədalət” qəze­tinin xüsusi mükafatına, 2012-ci ildə “Əsrin ziyalı­ları” Xey­riyyə İcti­mai Birliyinin “İlin alimi – İlin ziyalı­sı” diplomuna, 2019-cu ildə “Qafqaz-Media” İB-nın təsis etdiyi “İlhamlı Azərbaycan” diplomuna, 2021-ci ildə WWW/YAZARLAR/­AZ`­­­ın fəxri üzvü seçilmiş, “Ziyadar” diplomuna la­yiq görülmüşdür.

 ADPU ETM-də uşlədiyi 6 il ərzində 60-a qədər beynəlxalq və respublika elmi konfransında, həmçinin 4 seminarda məruzə ilə çıxış etmiş, müvafiq sertifikatlara layiq görülmüş, elmi məqalələri konfrans materiallarında dərc edilmişdir. Ümumilikdə 16 kitabı nəşr edilib ki, elmi məqalələrin daxil edildiyi “Heydər Əliyev – xalqının, dövlətinin qürur ünvanı”, “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… – dövlətinin hamisi” (dərs vəsaiti), “Şamaxının Kürdəmic kəndi”, “Qazyanlı Mirhəbi ağa”, “Azərbaycan mətbuatı tarixi (Z.Xəlil, P.Soltanqızı,A.Z.İsgəndərov), “Zaur Ustacın uşaq dünyası” kitabları tədqiqat yönümlüdür..

“Dədə Qorqud” ün­va­­nında sözüm” (el­mi məqalələr və re­sen­ziyalar) monoqrafiyasında 22 elmi məqaləsi,“Zahid Xəlilin poetik obrazları ədəbi tənqid müstəvisində” monoqrafiyasında isə 23 məqalə yer alıb (244 səhifə).

***

Yaradıcı insanlar cəsarətli insanlardır.

Yaradıcı insanlar həmişə axtarışdadır.

Yaradıcı insan öz təxəyyülünü inkişaf etdirməkdə əla bacarıqlara sahibdir, stere­otiplərdən kənara çıxır, fantaziyasının sərhədlərini açıqlayır və tamamilə yeni fikirlərlə çıxış edir.

Yaradıcılıq həmişə geniş dünyagörüşü ilə müşayiət olunur. “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi” deyir, “yazdığını əgər pozmağı bacarmırsansa, səndən qələm sahibi çıxmaz” söyləyir. Ömrünün kamillik yaşında olan Ayətxan Ziyad bu gün də gənclik şövqü ilə yazıb-yaradır.

Gözəl ailə başçısı Ayətxan müəllimi təbrik edir, sağlam  ömür, yaradıcılıq uğurları arzulayırıq.

Ay Ziyad, 70 yaşın Mübarək!

Yaradandan olan payın mübarək!

Əməlində, istəyində xeyirxah…

Tanıyanlar səni belə tanıyır.

Xidmətin Allaha xatir,

Allah sevdiyini özü qoruyur,

Nəzərində saxlayır.

Yaradandan olan payın mübarək,

Ay Ziyad!

     Müəllif:    Zülfiyyə VƏLİYEVA                                     ,

ADPU ETM-in elmi əməkdaşı,

Respublikanın Əməkdar müəllimi,

Respublika Jurnalistlər Birliyinin üzvü.

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bakı Expo Mərkəzindən xoş xatirələr – Nəzakət Əhmədova         

Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

Bakı Expo Mərkəzindən xoş xatirələr               

Bildiyimiz kimi oktyabrın 6-10 na kimi Bakıdakı Expo Mərkəzdə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Beynəlxalq kitab sərgisi keçirildi. Sərgidə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf İctimai Birliyinin və İctimai Nəzarət Koalisiyasının sərgilənən ekspozisiyaları da nümayiş etdirildi. Belə ki, bu pavilyonda dünya şöhrətli detektiv yazıçı, nasir publisist, Yazıçılar Birliyinin katibi , 20 milyon nüsxədən çox 6 yüz kitabı olan hüquq elmləri doktoru , professor Çingiz Abdullayev, İctimai Nəzarət Koalisiyasının idarə heyətinin Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri ,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin birinci vitse- prezidenti Rasim Məmmədov ,xalq yazıçısı Vahid Əziz, tanınmış ziyalılar, alimlər, xarici ölkə səfirliklərinin təmsilçiləri, öz kövrək mahnılarıyla geniş dinləyici kütləsinin sevimli müğənnisi Baba Dərələyəzli, Şəhid Milli Qəhrəmanların valideynləri ,ali və orta təhsil müəssisələrinin tələbələri ,yeni ailə quran gənc bəylə gəlinin çıxışlarını hamı diqqətlə dinləyir və digər pavilyonlardan da bu görüşlərə qoşulurdular. Türkiyə,Kolumbiya ,Özbəkistan və digər ölkələrin təmsilçiləri pavilyonumızda nümayiş etdirilən eksponatlar haqqında xoş ürək sözlərini bildirib ,təşkilata gələcək fəaliyyətində uğurlar arzuladılar. Şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası İNK-nın” Şəhid Milli Qəhrəman ailələri departamentinin”sədri Tərlan xanım ,Şəhid Milli Qəhrəman Şükür Həmidovun  atası-İNK -nın Ağsaqqallar Şurasının sədri Nəriman Həmidov, Şəhid kapitan qərargah rəisi Əsəd Həsənovun anası- Abşeron rayonu üzrə” Şəhid və Milli Qəhrəman ailələri” departamentinin sədri Mələk xanım və digər Şəhid anaları onlara olan qayğı və diqqətə görə DAMM-ın vitse prezidenti, İNK-nın sədri Rasim Məmmədova öz dərin minnətdarlığını bildirdilər. Rasim müəllimin təşkil etdiyi yubiley işi ilə bağlı Şəhidlərin daş üzərində həkk olunmuş şəkilli suvenirləri və “ İlham Əliyev siyasətində Ictimai Nəzarət fəlsəfəsi” kitabları sərgi pavilyonuna xüsusi olaraq alqışlarla dəvət olunan qonaqlara hədiyyə olundu. Tədbirlərdə Ali Baş komandanımızın yeni tarix yaratdığından , Zəfərimizlə doğma Qarabağımızda gedən quruculuq işlərindən, İNK-nın rayon təşkilatlarının gördükləri əməli işlərdən, Şəhid Milli Qəhrəman ailələrinə mənəvi dəstək vermələrindən, onlara olan diqqət və qayğıdan söhbət açıldı. Tanınmış müğənni Baba Dərələyəzli “Nəhəng Gəmi”,” Türkiyə- Azərbaycan”,” İlham- Ərdoğan” mahnılarını ifa edərək dinləyicilərdə  kövrək hisslər oyatdı. Pavilyonun sərgisi ilə tanış olanlar arasında tanınmış ziyalılardan filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyi tərkibində Cəfər Cabbarlı komissiyasının sədri, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun Elmi Şurasının və Bakı Dövlət Universitetində Dissertasiya Şurasının üzvü Asif Rüstəmli ,xalq şairi Vahid Əziz gənc hüquqşünas, Respublika Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov və digər tanınmışlar bu  pavilyondaki  sərginin möhtəşəmliliyini hamının nəzərinə çatdırdı.Burada gənc vəkil Adəm Məmmədovun “Qətli sonu “və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi ,İslam Fəlsəfəsi şöbəsinin müdiri  Könül Bünyadzadənin” Könül dünyası” kitablarının təqdimatı da maraqlı oldu. Sonda xatirə şəkilləri və video kadrlar lentə alındı:

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

İNK-nın Abşeron rayonu üzrə sədri,  “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

QƏLƏMƏ SARILI 52 İL – ZAUR USTAC

 Ayətxan Ziyad – yubiliyar

QƏLƏMƏ SARILI 52 İL

(Ayətxan Ziyadın (İsgəndərovun) 70 yaşı)

Salam olsun, dəyərli oxucum! Şükürlər olsun uca Yaradana! Sizlərlə hər yeni görüş mənim üçün həyatın davam etməsi deməkdir. Bu dəfə söhbətimizi çox hörmətli bir qələm adamına – ömrünün tam 52 ilini qələmdarlığa adamış Ayətxan Ziyada həsr edirik.

Qələmə sarılı ­52 il

Bu göstərici Ayətxan Ziyadın peşəkar jurnalistikada ilk qələm nümunəsinin mətbuat səhifələrində göründüyü 1969-cu ilin avqust ayı deməkdir. Hansı ki, həmin il orta məktəbi bitirən 18 yaşlı Ayətxan Əlibayramlı (indi Şirvan) şəhər Partiya Komitəsinin orqanı olan “İşıq” qəzetində dərc etdirdiyi iki məqalə ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ əldə etmiş və həmin fakültənin tələbəsi olmuşdur.

Əslində isə Ayətxan Ziyadı jurnalistikaya istiqamətləndirən yolun yaşı daha əvvəlki illərdən – orta məktəbdən bünövrə götürüb. Əvvəlcə oxuduğu sinfin, sonra isə şagirdi olduğu Hacıqabul 9 saylı dəmir yol orta məktəbin “Ədəbiyyat” divar qəzetinin redaktoru olub.

Ayətxan Ziyadın peşəkar yazıçı-jurnalist, tədqiqatçı ömrünü üç mərhələdə təsnifatlandırmaq olar:

– 1969-2001-ci illər. Bu illərin əhatəsində öncə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indi QSC), sonra müxtəlif respublika qəzet və jurnallarda çalışmış, yaxud çap olunmuşdur;

– 2001-ci ildən yaradıcılığına kitab nəşri də daxil olub. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür” kitabı ilə açılan bu səhifə bu gün 16 kitabla uğurla davam etdirilməkdədir. Daha 9 kitabı nəşr üçün hazırdır;

– 2015-ci ildən bu ömürə elmi tədqiqatla məşğul olmaq kimi bir missiya da əlavə olunub.

Bu da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ədəbiyyatında və jurnalistikasında “dissident ədəbiyyatı” və “Azərbaycan səlcuqları” mövzuları ilk dəfə A.Ziyad tərəfindən tədqiqata cəlb edilmişdir. “Heydər Əliyev – azad düşüncənin və milli təfəkkürün təəssübkeşi” məqaləsində ümummilli liderin dissident ədəbiyyatı ilə bağlı düşüncələri və mövqeyi önə çıxarılmışdır. Məqalə “Paritet” qəzetinin, “İpək yolu” elmi jurnalının və “Azərbaycan” jurnalının 2008-ci il saylarında dərc olunandan sonra ilk dəfə “Space” TV (daha sonra digər TV-lər də) bu mövzuda verilişlər səsləndirməyə başlamışlar.

Bu məqam üçün görək kimdir Ayətxan Ziyad İsgəndərov?

Bu sualı daha təfərrüatı ilə “Bu mənəm – Ayətxan Ziyad” kitabında yazıçı-jurnalist, tədqiqatçının özü cavablandır­ıb.

İsgəndərov Ayətxan Ziyatxan oğlu 1951-ci il oktyabrın 15-də Hacıqabul şəhərində anadan olmuş, orta təhsilini 1969-cu ildə başa çatdırmışdır. ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinin 1975-ci il məzunlarındandır. Tələbəlik illərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi QSC) fəal ştatdankənar müxbiri (1970-1976), təhsilini başa çatdırandan sonra isə ona doğmalaşan həmin ocaqda kiçik redaktor, redaktor, böyük redaktor-şöbə müdiri vəzifələrində (1976-1994-cü illərdə) çalışmışdır. 1994-cü ilin yayından sonrakı zaman kəsiyində “Ədalət” qəzetində, “Azər­bay­can məktəbi” jurnalında, “Respub­li­ka”, “Naxçıvan” və “Yeni Naxçıvan”, “Həftə içi”, “Hakimiyyət və Xalq” qəze­tlərində, 15.09.2004 – 03.04.2006-cı illərdə AMEA-nın İnsan Hüquqları İnstitutunda elmi işçi və paralel olaraq institutun nəşri olan “Dir­çəliş-XXI əsr” elmi jurnalında (analitik-İnformasiya Mərkə­zi­­nin rəhbəri) çalışmışdır.

A.Ziyad İsgəndərovun 2007-ci ildən sonrakı fəaliyyəti ADPU ilə bağlıdır. Yanvar 2007 – fevral 2015-ci illərdə universitetin “Gənc müəllim” qəzetinin redaktoru, 2015-ci ilin martından isə ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisidir.

AzTV-də işlədiyi 25 il müddətində Azərbaycan LKGİ MK (VLKSM MK) Komsomol Projek­toru Qərargahının üzvü, AzTV Azad Həmkarlar Komitəsinin üzvü, AzTV Bağçılıq-bostançılıq təsərrüfatının sədri, AzTV DOSAAF-n sədri, AzTV Xalq Drujinası Qərargahının sədri (və s.) kimi ictimai işlərdə çalışmışdır;

1979-cu ildə Gənc Jurna­list­lə­rin II Ümumit­ti­faq Qurul­tayının nü­ma­yəndəsi olmuşdur (Moskva şə­hə­rində keçirilmişdir), Ümumittifaq Teleradio Veriliş­ləri Komitəsində (Moskva)yaradıcılıq təcrübəsi keç­mış, kosmonavtların Bayka­nur Kosmodromunda (Moskva) olmuşdur;

– I Qarabağ Müharibəsinin ilk günlərindən ATƏŞKƏSƏ qədər – 6 il sərasər hər ay 7-10 gün cəbhə bölgələrində olmuş, Azərbaycan ordusunun döyüş yolunu tarixiləşdirən efir materialları ilə çıxış etmişdir.

– AzTV-də Hərbi Proqramlar və Salnamə baş redaksiyası yaradılmasının təşəbbüskarı olmuşdur.

– 2000-ci il parlament seçkilərində deputat­lı­ğa namizəd olmuşdur.

– “XX əsr Azərbaycan yazıçıları” ensiklopediyasında barəsində yazılmışdır. 

– Haqqında vikipediya yaradılmışdır.

1980-ci ildən SSRİ Jurnalistlər İtti­faqının, 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Azərbay­can Yazıçılar Birliyinin üzvüdür.

MÜKAFATLARI

– 1980-ci ildə Azərbaycan LKGİ MK-nın Fəxri Fər­manını almışdır;

– Azərbaycanlı əsgər Rahib Məmmədova həsr etdiyi “Əfsa­nə­yə dönən ömür” adlı radio verilişi pul mükafatı və əmək kitab­çasına yazılmaqla dəyərləndirilmiş, radio verilişinin məqalə variantı “Ölməzlik” toplusunda nəşr edilmişdir (Bakı-Azərnəşr-1989. Səh: 60-67).

– Hərbi-vətənpərvərlik mövzusun­da yazan jur­nalistlərin yaradıcılıq müsabi­qəsində “Ədalət” qəze­tinin xüsusi mükafatını almışdır;

– 2012-ci ildə «Əsrin ziyalı­ları» Xey­riyyə İcti­mai Birliyinin «İlin alimi – İlin ziyalı­sı» diplomuna,

– 2019-cu ildə “Qafqaz-Media” İB-nın təsis etdiyi “İlhamlı Azərbaycan” diplomuna,

– 2021-ci ildə WWW/YAZARLAR/AZ-ın fəxri üzvü seçilmiş, “Ziyadar” diplomuna la­yiq görülmüşdür.

Nəşr olunmuş 16 kitabdan 6-sı monoqrafiya, 1-i dərs vəsaitidir. Daha 2 monoqrafiya nəşr üçün hazırdır.

ETM-də uşlədiyi 6 il ərzində 60-dan artıq bey­nə­lxalq və respublika elmi konfransında, həmçinin 4 seminarda məruzə ilə çıxış etmiş, müvafiq sertifikatlara layiq görülmüşdür, elmi məqalələri konfrans materiallarında dərc edilmişdir. Seminarlardan biri AMEA-nın Dilşilik İnstitutunda olmuşdur.

Peşəkar jurnalist olduğu kimi, həm də peşəkar redaktordur

Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Jurnalistika fakültəsini bitirəndən (1975-ci ildən bugünə qədər) redaktor işi əmək fəaliyyətinin tərkib hissəsi olub. Deyir, yazdığını əgər pozmağa “gücün” çatmırsa, səndən qələm sahibi çıxmaz. Öz yazılarına isə ən azı üç dəfə “qənim” kəsilir. Həm də yazdıqlarının üzərində o qədərdə “şəkil çəkir” ki, redəktəsini özündən savayı kim isə çətinliklə baş açıb islah edə (nizama sala) bilir. Redəktə işi üçün həmişə də 70 il dünyaya meydan oxumuş SSRİ-nin yaradıcısı Vladimir İliç Ulyanovun (Leninin) təqribən bu məzmundakı kəlmələrini nümunə çəkir: “Vaxtım olmadığı üçün uzun alındı”.

2013-cü ildə redaktoru olduğu və “Ön söz” yazdığı Reyhan Miqdadqızının kitabına xoş ovqatlı bir ad “bağışlayıb”: “Sevgim bir yaşıl yarpaq, ətri məndən”. Deyir, “İstədim oxucu bilsin ilk kitab müəllifi olan R.Miqdadqızının sevgisinə həyatın hansı rəngləri qatılıb”.

Bəs yarım əsri adlayan yaradıcılıq ömrü yaşayan Ayətxan Ziyad İsgəndərovun öz ömür yolu həyatın hansı rənglərini özünə hopdurub? Həyatın hansı rənglərinin sınağından və qınağından keçib bu ömür sahibi? 70 yaşına ərməğan etdiyi “Bu mənəm – Ayətxan Ziyad” adda kitabında müəllif bu sorğunu cavablandırmağa çalışıb.

NƏŞR EDİLMİŞ KİTABLARI

1. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür”. Ba­kı-2001, 400 səh.

2. “Mən­dən sonra…”. Şeir, hekayə, publisistika. Bakı-“ULU”-2010, 616 səh.

3. “Qazyanlı Mir­həbi ağa. ADPU-2010, 132 səh. (araşdirma xarakterlidir).

4. “Qaz­yan­lı Mirhəbi ağa” (təkrar nəşr). Bakı-“ULU”-2010, 149 səh.

5. “Hər hökmü za­man verir”. Kiçik povestlər. Bakı-2010, 100 səh.

6. “Şamaxının Kürdə­mic kəndi. Tarix, publi­­si­s­tika, rəvayət”. Bakı-2014, 70×100 1/16, 536 səh.

7. “ADPU-da qalan izim”. Bakı-2014, 400 səh.

8. “Heydər Əliyev – xalqının, dövlətinin qürur ünvanı”. Bakı-2018. 168 səh.  Monoqrafiya.

9. “Dədə Qorqud” ün­va­­nında sözüm” (el­mi məqalələr. Mart 2015-2017-ci il).

Bakı-“ULU”-2018. 268 səh. Monoqrafiya.  

10. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… –  dövlətinin hamisi”. Bakı-2018. 104 səh. Dərs vəsaiti.    

11. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… – dövlətinin hamisi”. Dərs vəsaiti. “LAMBERT Akademic Publishing” nəşriyyatı – 2018, 92 səh.; İSBN-13: 978-613-9-88091-1 və İSBN-10: 613-98800912.

12. “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi. (heka­yə, povest, kino-ssenari, şeir)”. İKSAD yayın evi – 2019, 463 səh.

13. Azərbaycan mətbuatı tarixi. Z.Xəlil, P.Soltanqızı,A.Z.İsgəndərov.

 Bakı-“Elm və təhsil”- 2021, 132 səh. Monoqrafiya.

14. Zaur Ustacın uşaq dünyası. Bakı-2021, 58 səh. Elmi məqalələr.

15. Bu mənəm – Ayətxan Ziyad. Bakı-2021. 400 səh.

16. Zahid Xəlilin poetik obrazları ədəbi tənqid müstəvisində. 235 səh.

Ayətxan Ziyad İsgəndərov bu gün də sutkanın 16-18 saatını yorulub-usanmaq bilməyən enerji ilə qələmə sarılıdır. Bu, şablon, söz xatirinə deyilən söz deyil, söylənilənləri fakt olaraq Ayətxan Ziyadı tanıyıb-bilənlərin hamısı görür, bilir. Bu yolda Ayətxan müəllimə yeni-yeni nailiyyətlər, ən əsası uzun və sağlıqlı bir ömür arzu edirəm! Var olun! Uğurlarınız bol olsun!!!

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürlər! Yeni görüşlər ümidi ilə sizlərdən ayrılıram. Allah amanında.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAHİRƏ NAĞIQIZI MÜKAFATLANDIRILDI

TƏBRİK EDİRİK!!!

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə (NAĞIQIZI) Hüseynovaya Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyası tərəfindən hazırlanan “Səməd Behrəngi” mükafatı təqdim olundu! FOTOLAR:

Mənbə: Sayman Aruz


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VII Beynəlxalq Kitab Sərgisi çərçivəsində “NƏRGİZİN NAĞIL DOSTLARI” kitabının imza günü və oxu saatı keçirilmişdir

Turan Novruzlunun kitabı

Vll Beynəlxalq Kitab Sərgisi çərçivəsində “NƏRGİZİN NAĞIL DOSTLARI” kitabının imza günü və oxu saatı keçirilmişdir

Vll Beynəlxalq Kitab Sərgisi çərçivəsində “NƏRGİZİN NAĞIL DOSTLARI” kitabının imza günü və oxu saatı keçirilmişdir. Oxu saatında  “Xarıbülbül” hekayəsi balaca dostlar tərəfindən maraqla qarşılanmışdır. 2020-ci ildə Mücrü nəşriyyatında çap olunan kitabın müəllifləri yazıçı, rəssam Səkinə Z. Bağırova və Turan Novruzludur, redaktoru isə yazıçı, tənqidçi Müşfiq Şükürlüdür.

Mövzusu uşaq hekayələri olan kitabın rəssamı da nağıl qəhrəmanımız olan Nərgizgülünün anası Səkinə Z. Bağırovadır. Kitab Nərgizin babası dünya şöhrətli alim Əsgər Zeynalova ithaf olunmuşdur.

TURAN NOVRUZLUNUN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AQŞİN HACIZADƏNİN “O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!” ŞEİRİ HAQQINDA

Aqşin HACIZADƏ – Şair, “O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!”nin müəllifi.

“O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!” – Aqşin Hacızadə

(…bir şeirin sorağıyla…)

Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha!

“Zaman-zaman Şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı, Qəmgin Fəzi, Aşıq Hacı Göyçəli, Sərraf Şiruyə, Alqayıt kimi aşıq və şairlərə ünvan verən qədim oğuz yurdu Göyçə mahalının Daşkənd kəndi müasir poeziyamıza da yeni-yeni imzaları bu gün yeni ünvanda – Bərdə rayonunun Yeni Daşkənd kəndində gətirməkdədir.

Tanrı hər bir bəndəsinə bir istedad bəxş edir. Kiminə dərin hafizə, kiminə gözəl əl qabiliyyəti, kiminə təşkilatçılıq bacarığı, kiminə isə fitri istedad. Ulu tanrının fitri istedad verdiyi insanlardan biri də Aqşin Hacızadədir. O gözəl, iti qələmi olan bir şairdir.

Onun göz açdığı ailənin, ocağın bir çox yazarları kifayət qədər Azərbaycan ədəbi mühitində tanınmış simalardandır. Aqşin Hacızadə dünyaya gəldiyi gündən qulaqları şeirə, sözə, ədəbi fikirlərə hakim kəsilib. Şeirlərini oxuyanda bənzərsiz bədii təsvirlərin şahidi olursan və şeirlərdə yeni dəsti-xətt duyulur…”

Yuxarıda sitat gətirdiyim sətrlər bu elin-obanın sözünə-söhbətinə dərindən bələd olan tanınmış tədqiqatçı, şair Araz Yaquboğlunun – Aqşin Hacızadə poeziyası” adlı Aqşin Hacızadənin yaradıcılığı haqqında qələmə aldığı əhatəli yazıdan bir parçadır.

“Bərdə rayonunun “Yeni Daşkənd” adlandırılan yaşayış məskəni Göyçə mahalının məşhur qədim Daşkəndinin adı ilə adlanmışdır. Bu kəndə hələ Sovet dövründə Göyçə mahalından, əsasən Daşkənddən ailələr köçüb daimi yaşamaq üçün məskunlaşmışlar və Göyçə mahalında yaşayan qohum-əqraba ilə müntəzəm olaraq gedt-gəl, xeyir-şərdə iştirak formalarında əlaqələr saxlamışlar. Yeni Daşkənd camaatı Göyşə mahalının qədim Daşkənd yurdunu ata-baba ocağı kimi indi də ürəklərində yaşadırlar. El şairi, şeirləri hələ 1965-ci illərdən aşıqların saz-sözündə səslənən, müğənnilərin repertuarında oxunan, Türk dünyasının ünlü-sədalı şairi Sərraf Şiruyə Yeni Daşkənddə yaşayıb-yaradır. Allah bu ocağa –Daşkəndli Həsən Xəyallı ocağına şeiriyyət-mənəviyyat bəxş etmişdir: Sərraf Şiruyyə, Aqil İmam, Eldar Həsənli, Aqşin Hacızadə, istedadlı və dərin ədəbi-nəzəri biliyə malaik gənc şair Qılman İman kimi şeir-hikmət təbli ziyalılar bu ocağın yetirmələridir. Qeyd etdiyimiz kimi, Aqşin Hacızadə də bu şeriyyət ocağındandır…”

Bu sətrlər isə Azərbaycanın söz-sənət ocağı sayılan, Dədə Ələsgər məbədgahı  Göyçə mahalının digər bilici ustadlarından biri olan Niftalı Göyçəlinin “Aqşin Hacızadə- şeiriyyət aləmiadlı  maraqlı, müəllifi tanımaq baxımından olduqca əhəmiyyətli yazısındandır.

Bu iki tanınmış söz adamnın yuxarıda təqdim etdiyim fikirlərindən sonra mənim Aqşin Hacızadə haqqında burada əlavə nəsə qeyd etməyimə ehtiyac duyulmur. Hətta mənim əlavələrim şit, yersiz kəsədən desək yamaq kimi görünər və aşağıda sizlərə təqdim edəcəyim məsələnin şəfaflığına, obyektivliyinə kölgə salmış olardı. Bugünkü söhbətimizin mövzusu son günlər “O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!” adlı şeiri ilə gündəm olan Aqşin Hacızadə ilə, onun adı qeyd olunan şeiri ilə bağlı olacaq.

Məsələ ondan ibarətdir ki, Aqşin Hacızadənin məlum şeiri müxtəlif saytlarda,  sosial şəbəkələrdəki səhifə və qruplarda müəllifin qələmindən çıxdığı kimi, heç bir dəyişikliyə uğramadan yayımlansa da bəzən onun öz adı qeyd olunmur. Oxucunun marağını cəlb etmək məqsədi ilə müəllifi “Təbrizli Tələbə” adı ilə yayımlayırlar. Bəlkə də buna səbəbiyyət verən şeirin sanki bir təbrizli gəncin dilindən qələmə alınmasıdır. Bu amil öz-özlüyündə o məşhur  frazada deyildiyi kimi, “Vətənin o başı, bu başı olmur…” həqiqətinin bariz nümunəsi kimi ortaya çıxır. Burda bir əlavə etmək istəyirəm: – “…Üstündən yüz Araz axsın, Totpaq, bizim torpağımız!!! Güney, Quzey fəqr eləməz, Oylaq, bizim oylağımız!!!” (Zaur Ustac) Bütün bunlara rəğmən  istənilən müəllifin adını qeyd etmədən ( bilərəkdən və ya bilməyərəkdən) əsərini yayımlamaq müəllifə, müəllif hüquqlarına hörmətsizlik olmaqla bərabər həm də, ən adi etik normalardan kənar bir hərəkət kimi qiymətləndirilməlidir. Aqşin Hacızadənin müəllifi olduğu, altını cızaraq qeyd edirəm dəyərli şairimiz, el ozanı Aqşin Hacızadənin qələminin məhsulu olan “O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN! adlı şeirini sizlərə təqdim edirəm:

O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!

(“…Zor ilə ayırdılar….” Ərdoğan)
Quzu kəsim şeir deyən dilinə,
O şeiri bir də söylə Ərdoğan!
Səs verəcək harayına qırx milyon,
Hədəfinə yaman dəyib, bax, yaman,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Bircə bəndlik şeir ilə oyanıb,
Təbriz indi əyaq üstə dayanıb.
Əsrlərlə əsarətdən usanıb,
Çalxalanır, silkələnir bax bu an,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Haqdan deyir, sevmir haqqı, düzü də,
Bir şeytandı astarı da, üzü də.
Zamanıdı, dağılacaq özü də,
Bizi bizdən ayrı salan, ayıran,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Dilindəki şər-böhtandı, yalandı,
Erməniyə mehri-ülfət salandı.
İran ki var, İran deyil, ilandı,
Bu “ilana” qənim olsun o Quran, *
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Yox, dolmasın Araz daha lil ilə,
Axsın Araz o tay-bu tay gül ilə.
Biz ki, birik millət ilə, dil ilə,
Niyə axı ayrı qalsın bu məkan,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
O tay bu tay Araz üstə yol salaq,
Bu birliyə alqış deyək, əl çalaq.
Bəsdir daha əsarətdə alçalaq,
Alçalmışıq düz iki yüz il, zaman,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Bu ayrılıq əbədilik yad olsun,
Pişəvəri ruhu daim şad olsun, *
Ünvanımız bircə ünvan, ad olsun,
Hey bir olsun Azərbaycan sonacan,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!

Qeydlər:
1. Müqəddəs Quran kitabı.
2. Seyid Cəfər Pişəvəri. 1945-1946-cı illərdə Milli Hökumətin rəhbəri.
12.12.2020.- Bərdə ş.

Bu şeirin Aqişin Hacızadə ruhunun süzgəcindən keçib həyat qazanmasını sübut etməkdən  ötrü dəlilər gətirməyə ehtiyac olmasa da, maraq üçün  şairin digər eyni ruhlu, eyni kəlmə yüklü müxtəlif vaxtlarda qələmə aldığı başqa şeirlərdən nümunələr gətirməyi özümə borc bildim:

Füzuli virandı, izi qalmayıb, 
Ağdamın adı var, özü qalmayıb.
Yaram var sinəmdə, yox, sağalmayıb,
Xocalım inləyir, Şuşam can verir,
Vətən oğullara silahlan deyir.

Və ya

Söyləyə bilmirəm dildə arzumu,
Ağzımdan alırlar halal ruzumu.
Özüm öz əlimlə tutub ağzımı,
Boğula-boğula yaşayıram mən.
* * *
Narahat çırpınır rahatlıq tapmır,
Hər əlim yetənə ürəyim yatmır,
Ürəyim deyənə əllərim çatmır,
Yaxıla-yaxıla yaşayıram mən.

Digər bir nümunə

Bu dil mənim dünyada Türklüyümü bildirir,
Cürətimi, əzmimi, sərtliyimi bildirir.
Neçə ağır döyüşdə mərdliyimi bildirir,
İstəmirəm ötüşsün sənsiz ayım, bir ilim.
Ay mənim doğma dilim, ay mənim ana dilim.

Və bu iki bəndlə bu məsələni yekunlaşdırmaq istəyirəm. Necə deyərlər, “arifə bir işarə bəs eylər”:

Gen gün üçün qoçumuz çox,
Şirinindən acımız çox.
Günahımız, suçumuz çox,
Tanrı bizi bağışlamaz.
* * *
Nə qədər ki, qalxmamışıq,
Ələ silah almamışıq,
Yurda övlad olmamışıq,
Tanrı bizi bağışlamaz.

Nümunələrə ötəri bir nəzər saldıqda belə, bütün şeirlərin eyni müəllifə məxsus olduğu aydın sezilir. Bu barədə bu qədər. Aqşin Hacızadəyə yaradıcılıq uğurları arzu edirəm. Bu işdə müsbət hal odur ki, hələlik şeirə müəlliflik iddiası ilə heç kim çıxış etmir. Müəllif şəriksiz və şəksiz olaraq Aqşin Hacızadədir. Ancaq, yaxşı olar ki, gələcəkdə daha böyük problemlərlə qarşılaşmamaq üçünAzərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən əsərləri üçün müəlliflik haqqında şəhadətnamə alsın.

Hələlik bu qədər. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BƏYLƏR, KƏRAMƏTİ ÖLDÜRMEYİN! – ORXAN ARAS

Orxan ARAS

BƏYLƏR, KƏRAMƏTİ ÖLDÜRMEYİN!
Bu gün şair Qəşəm Nəcəfzadənin oğlu Kəramət haqqında yazdığı şeiri oxudum və çox təsirləndim.
Kəraməti illər əvvəl atası Qəşəm Nəcəfzadə ilə birlikdə gördüm. Saçları dolaşıq olan bir gənc oğlan Türkiyədən bir neçə yazıçı qarşısında dayanmadan danışırdı. Atası isə, əlbəttə ki, heyranlıqla gülümsəyərək onu seyr edirdi. Hər dəfə Kəramət haqqında nəsə eşidəndə o səhnəni yadıma salıram: Üsyankar, dayanmadan danışan oğul və sakit, ürkək bir ata … Bəlkə də atası Kəramətin o dəqiqə canlı və iddialı münasibəti ilə fəxr edirdi.
Sosial mediada Kəramətlə dost idik. Amma uzun müddətdir ki, onu dostluqdan çıxartmışdım. Səbəb onun üsyankar ruhu və ya bəzən mənasız danışması deyildi. Ən önəmli səbəb belə istedadlı bir gəncin gözümün önündə məhv olması idi. Sosial şəbəkələrdə belə onu izləməyə dözə bilmədim. Bəzən üsyan edərək cəmiyyətin hörmət etdiyi Xəlil Rıza, Elçibəy və Vahapzadə haqqında ağzına gələni danışırdı. O vaxt qulaqlarımı və gözlərimi bağlayırdım. Mən niyə belə etdiyini bilirdim, amma nədənsə Azərbaycan cəmiyyətinin bir hissəsi bunu bilmirdi və ya bilmək istəmirdi.
Yazılarımdan birində yazdım: Buddan soruşdular: “Sən kimsən, tanrı, peyğəmbər və ya filosof?” Budda dedi: “Xeyr, mən oyanan adamam!”
Kəramət oyanmış adam idi, amma zəif idi. Nazım Hikmət bir dəfə Türkiyədə oxşar işlər görmüşdü. Məhmət Akif və Abdülhak Həmid kimi böyük şairlərin fotoşəkillərini qəzetə tərs qoyaraq çap etdirdi və altına aşağıdakıları yazdı:
“Biz bütləri yıxırıq!”
Lakin Nazım cəmiyyətə və cəmiyyətdəki güc mərkəzlərinə qarşı üsyan edərkən, üzərində dayandığı bir ideologiyaya sahib idi. Marksizmə din olaraq inandı və heç vaxt Kəramət kimi yıxılmadı, özünü spirtə atmadı. Müqavimət göstərdi, həbs edildi və bütün üsyanlarını dünyaya elan etdi.
Təəssüf ki, Azərbaycan cəmiyyəti üsyanı həmişə yalnız “Kefli İskəndər”in qəhrəmanı ilə eyniləşdirdi. Nədənsə cəmiyyət, Nesimi və ya Pir Sultan Abdal kimi üsyan etmək ənənəsini yaşada bilmədi. Yalnız üsyanlarını deyil, inanclarını və dünya görüşlərini də yaşada bilmədi.
Ötən əsrdə yaradılan yeganə “qəhrəman” “Kefli İskəndər” idi. Şairlər və yazıçılar cəmiyyətdən şikayət edəndə dərhal `Kefli İskəndər`in rolunu öz üzərinə götürdülər. Çünki bu rol çox asan idi. Şərab şüşəsi və öz xalqının qarşısında axmaqcasına gülmək! Nə ciddilik, nə mübarizə, nə də təklif olunan bir həll … Sadəcə sərxoşluq, lağ etmək və gülmək …
Əvvəlcə dünyada cəmiyyəti dərindən təsirləndirən və sarsıdan qəhrəmanların həyatına və həmçinin Kefli İskəndərin roluna baxın… Kefli İskəndər ilə qələmi və diliynən xalq kütləsini ayağa qaldıran savadlı qəhrəmanları bir araya gətirin!
Hər şeyi rədd edən, bütün əxlaqi dəyərlərə laqeyd yanaşan, xalqını cahil və 21 -ci əsrdə, hələ də “Danabaş Kəndi”nin sakinleri kimi görən bəzi insanlar, onların yerinə hansı fikri, hansı tərbiyəni, hansı mənəvi dəyəri yarada bildi?
Xarici təsirlər altında və çox şey bildiyimizi düşünərək olanları da birlikdə məhv etdik. Amma bilirik ki, xalq adlandırdığınız kütlələr inancsız və hər şeyi rədd edən bir dünyada yaşaya bilməzlər. Ya hamısına iman yeri verməlisən, ya da hər gün iradəsini antidepresanlarla gücləndirməlisən. Biz bunları etməmişik və etmirik də … Amma dərhal üsyan bayrağını qaldıranlara baxırıq və onları Kefli İskəndər olaraq ələ salmağa başlayırıq.
Eşitmissinizdir. Bəzi balıq növləri özlərini sahilə ataraq kütləvi intihar edirlər. Bilmirəm niyə belə edirlər. Bəlkə də yaşamaqdan bezdilər və ya dənizə üsyan edirlər. Bəlkə də onların dünyasında da haqsızlıqlar var!
Dünyanın heç bir yerində bütün insanlar bir araya gələrək balıqlar kimi intihar etməzlər! Amma Mövludlar, Kərametler cəmiyyət adına ağlayır, Kefli İskəndər olur və özlərini öldürürlər! Bəzilərinin söylədikləri kimi sadəcə onların valideynləri günahkar deyil. Onların günahkarı sən, mən, biz, bütün cəmiyyətdir. Öz mənəvi zəifliklərinə baxmayaraq, bu gənclərin yaşadıqları cəmiyyət də onların faciələrindən məsuldur.
Əyləncədən, puldan, geyinməkdən, yeyib -içməkdən doymayan insanlar qarşısında Keramətin etdikləri normal bir vəziyyətdir. Çünki bu cəmiyyətdə heç kim özünə sual vermir, heç kim “bir günah sənindir, bər günah mənim” demir. Bu cəmiyyətdə heç kim “bu qədər istedadlı bir gəncin niyə bu hala düşdüyünü” düşünmür
Cəmiyyətin bir hissəsi pul hərisliyi, tamahkarlığı, əvlərinə çəkdikləri beş metrlik divarlarla, cəmi 18 yaşında uşaqlarına verdikləri bahalı avtomobillərlə Mövlud və Kəramətlərin ümidlərini qırdılar. Onları ya ölməyə, ya da spirt bataqlığına göndərdilər. İndi yeni bir Kefli İskender yaratmaq rahatlığı ilə qeybət edirlər. Çox oxuyan(!) çox şey öyrənən(!) və ən qısa müddətdə hər şeyə nail olan bu adamlar bu xalqı narahat edir. Cəmiyyətin bütün dəyərlərini tapdaladılar. Ailə, mənəvi dəyərlər, adət -ənənələr, hörmət, ehtiram, müəllimlik, qonşuluq məhv edildi! Pul, güc, səlahiyyət və yalan hər şeyin açarı oldu. Yeyib -içən, firon kimi gəzən insanlar cəmiyyətin bütün dəyərlərinin təməlinə dinamit qoyurlar. Nədənsə, Azərbaycanda ən çox nifrət etdiyim sözlərdən biri, “O, yeyən və içən adamdır.” İfadəsi idi. Nədənsə sadəcə azərbaycanda “yəmək içmək” sözü içimdə xalqı istismar etmək kimi bir hiss yaratdı.
Amma ümidsiz deyiləm. Hər dövrdə həmişə “Kral çılpaqdır” deyəcək bir uşaq olacaqdır. Məsləhətim budur ki, Keramətə gülməyin, onu öldürməyin, onu təhqir etməyin, onu qınamayın! Kəramət kimi istedadlı cavanlara iman, iradə, ümid verin və onların, hamını qürurlandıracaq qəhrəmanlar olmalarına kömək edin! O zaman siz və övladlarınız həm özünüzlə, həm də cəmiyyətinizlə qürur duyacaqsınız və Kəramətlərin günahını vicdanlarınızın üzərində əbədi olaraq daşımayacaqsınız! Əks halda Kəramətin günahı bütün cəmiyyəti sarsıdacaqdır.


Bəylər, Kəraməti öldürməyin!

Müəllif: Orxan ARAS

ORXAN ARASIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yuxulardan oyanmaq… – Qəşəm Nəcəfzadə

YUXULARDAN OYANMAQ…
(Kəramət Böyükçölə)
Anana demişəm,
Pişık çırmaqlayan dizindən danışmasın.
Əmiziyini xatırlatmasın,
Qolundakı xalını yadıma salmasın…
Doğum evində demişdim ki,
Körpəmiz dəyişik düşər.
Demişdi, qolunda qara xalı var, qorxma…
Bəs böyüyəndə,
Sən kimlə dəyişik düşdün, oğlum?
İndi deyirəm o xalı
Yaddaşımdan pozsun.
Bütün xatirələrini
Birdəfəlik büküb
Palazın alta qoysun.
Mənə
Bir dənə xatirəni göstərməsin.
Işə bax,
Göbəyin quruyub düşəndə
İlk kitabımın arasına qoymuşammış…
Bu axşam anan göstərdi mənə.
Süd dişini hələ də saxlayırammış,
Yapışıb kitabın son vərəqinə.
Evdə atıla –atıla yeriyərim ki,
Ayaq izlərini əzməyim.
Şirin yuxulardan oyanıram ki,
ləzzətlə səni gözləyim.
Evimiz elə böyükdü ki,
Anan məni axtarır evdə.
Oyunçağı olmayan uşaqlara bənzəyirik,
Yuxuya gedirik, hərəmiz bir güncdə.
Gəlib indi görsən, ağlarsan
Səpmişik evə sənin uşaqlıq şəkillərini,
Şəkillərlə oynaya – oynaya
Yuxu bizi aparıb…
Göbəyin və süd dişin ananın əllərində
Balaca süd şüşəsi yırğalanır sinəmdə…

Müəllif: Qəşəm Nəcəfzadə

QƏŞƏM NƏCƏFZADƏNİN DİGƏR YAZILARI

QƏŞƏM NƏCƏFZADƏ DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2021-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına Zənzibar əsilli ingilis yazıçı Abdulrazak Gurnah layiq görülüb

ABDULRAZAK GURNAH – NOBEL MÜKAFATÇISI

2021-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına Zənzibar əsilli ingilis yazıçı Abdulrazak Gurnah layiq görülüb.

Bu barədə İsveç Akademiyasının üzvləri Stokholmda baş tutan xüsusi tədbirdə məlumat verib.

Tədbirdə qeyd olunub ki, Abdulrazak Gurnah “müstəmləkəçiliyin nəticələrinə və mədəniyyətlər və qitələr arasındakı uçurumda bir qaçqının taleyinə yanaşmada barışmaz və şəfqətli mövqeyinə görə” bu mükafata layiq görülüb.

İlkin mənbə:Edebiyyatqazeti.az

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ədəbiyyatımızın fədakar dostu İmdat Avşarın əsərləri Uluslararası Kitab Fuarında

Ədəbiyyatımızın fədakar dostu İmdat Avşarın əsərləri

Uluslararası Kitab Fuarında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 6 – 10 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. 

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Azərbaycan ədəbiyyatına göstərdiyi böyük xidmətlərinə görə bu il “Nizami Gəncəvi” mükafatı ilə təltif olunmuş Ədəbiyyatımızın fədakar dostu və yorulmaz təbliğatçısı, çağdaş türk ədəbiyyatının ən başarılı və özgün imzalarından olan İmdat Avşarın əsərləri də Beynəlxalq Kitab Sərgisində yer almaqdadır. “Övliya Çələbinin izi ilə Azərbaycan” torpağını ata yurdu doğmalığı ilə qələmə alan İmdat Avşarın imzası  Azərbaycan oxucularına olduqca əzizdir. Tanınmış yazara həsr olunmuş guşədə “Çiğdemleri solan bozkır”, “Soğuk rüya”, “Güvercin sevdası” kimi türkcə kitabları ilə yanaşı Azərbaycan Yazıçılar Birliyinin “AYB kitab” layihəsində “Mütərcim” nəşriyyatında yenicə işıq üzü görən “Göyərçin sevdası” kitabı da var. Xatırladaq ki, sərgidə yer alan bu kitab İmdat Avşarın Azərbaycan türkcəsində yayımlanan ikinci kitabıdır.

Müəllif: Xəyalə ZƏRRABQIZI

Filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZNIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru