Ədəbi cameəyə artıq kifayət qədər tanış olan bir imza, aktual mövzuları əhatə edən dəyərli şeirlər müəllifi Məzahir İsgəndərin “Gözün sirridir göz yaşı” adlı yeni ktabı Arzu xanım Heydərovanın redaktəsi və Sveta Bünyad qızı Bünyadövanın maddi dəstəyi ilə işıq üzü görmüşdür. Bu münasibətlə YAZARLAR olaraq, ənənəyə sadiq qalır və müəllifi, eyni zamanda bu xeyirxah işdə əməyi olan xanımları “Ziyadar” Mükafatı ilə təltif edirik. Təltif olunanların SİYAHISI:
Qurban olum, ayrılmayaq belə biz… (4+4+3 bölgüsü ilə) Gəl səninlə dönək ötən anlara, Eşqimizi bəyan edək elə biz. Açıq gözlə bir qovuşaq danlara, Birgə coşaq, bənzər olaq selə biz… * * * Seyr edərdik gül-çiçəkli dağları, Cüt gəzərdik bağçaları, bağları. O mənalı, o duyğulu çağları, Axı nədən gətirməyək dilə biz… * * * Çılğın sevgi hiss edirəm sözündə, Gözüm qalıb o can alan gözündə. İnsaflı ol, bir yada sal özün də, O günləri necə verək yelə biz?.. * * * Heç sormadın, bu Əjdərin dərdi nə, Paxıllarım yollarıma sərdi nə?.. Razı olma, xeyir susa, şər dinə, Qurban olum, ayrılmayaq belə biz… 13.03.2021. Müəllif: Əjdər Əlizadə
Söz halallıqdır. Söz dəyərdir… Söz hikmətdir… Bu gün ilahidən gələn hikmətin – Sözünün halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən Seyran Səxavət müdriklik nərdivanının 75-ci məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün maddi yoxluqlara, mənəvi əngəllərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur… Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Seyran Səxavət məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının – millətinin, məmləkətinin Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətinin maariflənməsinə həsr edən vətəndaş ziyalı…
Qələminin yazdığı hər bir əsər də elə bu böyük İnsanın özü kimi mənəvi işığa körpü olmaq üçün hesablanıb sanki…
Təəssüflər olsun ki, “biz indi diş məcunundan tutmuş qəbir daşına kimi hər şeyin reklam olunduğu bir zəmanədə yaşayırıq. Ona görə də bu mexanikiləşmiş, robotlaşmış bir dövrdə” ümumiyyətlə, dəyər anlayışını – mənəviyyatı, sevgini, saflığı, əxlaqı, vicdanı, doğrunu, istedadı, bütün korşalmış, aşınmış hissləri, duyğuları və s. təbliğ etmək lazımdı. O hissləri, həqiqətən də, təbliğ eləməyin vaxtıdı. Yoxsa, bir də görəcəyik ki, hamısını tamamən unutmuşuq.
Seyran Səxavət unutduğumuz bütün dəyərlərimizi, tariximizi, milli kimliyimizi, keçmişimizi əsərləri vasitəsilə oxuculara çatdıran maarifpərvər bir yazıçıdır. Ədibin həm “Nekroloq”, “Yəhudi əlifbası”, “Daş evlər”, “Qaçhaqaç” “Palıd toxumu” kimi irihəcmli romanları, həm də “Qızıl teşt”, “Sanatoriya”, “Ocaq daşı”, “Bir stəkan hava”, “Gözü işığa düşmüş adam”, “Dar köynək”, “Qapıların o üzündə qalan dünya”, “Ağrı” və s. kimi povestləri, eləcə də “İt intervüsü”, insanın ruhən paklaşması, mənəvi-əxlaqi cəhətdən kamilləşməsinə həsr olunmuş ümumbəşəri problemləri özündə əks etdirir.
Seyran Səxavətin qələminin orijinallığı həm də ondadır ki, o əsərlərində qoyduğu özünüdərk problemini, əxlaqi dəyər anlayışını təkcə insan cəmiyyətinin – insan həqiqətlərinin fonunda deyil, o cümlədən, heyvan əxlaqı ilə müqayisədə təsvir edir.
Hələ XIX əsrdə fransız yazıçısı Balzak özünün məşhur “Bəşəri komediyası”nın giriş sözündə yazırdı ki, bu əsərin ideyası insanlarla heyvanların müqayisəsindən yaranıb. O deyirdi ki, cəmiyyət də təbiət kimi rəngarəngdi. Soldatın, fəhlənin, alimin, dənizçinin, dilənçinin, şairin, keşişin biri-birindən fərqi şirin, canavarın, qarğanın, köpək balığının, maralın bir-biriylə fərqindən heç də az deyil. Amma Balzakın dediyi kimi, heyvanlar aləmindəki müxtəlifliyə təbiət müəyyən sərhədlər qoysa da, cəmiyyət insanlar üçün o sərhədləri qoruyub saxlaya bilmir.
Quranı, İncili, Tövratı, dövlət konstitusiyasını, cinayət məcəlləsini əzbər bilən Adəm övladı cəmiyyətin insan üçün müəyyənləşdirdiyi davranış qaydalarına qətiyyən riayət etmir. İnsanlardan fərqli olaraq heyvanların nə öz konstitusiyası, nə də cinayət məcəlləsi var. Cəmiyyətin yazılmış qanunlarına insanlar riayət eləməsə də, təbiətin yazılmamış qanunlarına bütün heyvanlar riayət eləyir.
Robert Hayndın “Heyvanların davranışı” əsərində bütün faunanın – qarışqasından filinəcən, istisnasız olaraq heyvanların hamısının davranış qaydaları – hansı situasiyada necə hərəkət etdiyi təsvir olunur. Yəni, bu kitabı oxuyan adam hər hansı bir heyvanla, məsələn, fillə qarşılaşsa, xortumunun və qulaqlarının hərəkətindən onun qorxduğunu və ya qəzəbləndiyini hiss edə bilər. Çünki təbiətin heyvanlara qoyduğu qaydaları heç bir heyvan dəyişməyə cəhd etmir, otyeyən heyvan heç vaxt ət yemir və s. Amma gəlin diqqətimizi insanlara yönəldək: dünən topluma özünü quzu kimi sırıyan adam bu gün canavara dönüb onların qanını içir, sabah dovşan kimi qaçıb aradan çıxır.
İnsan cəmiyyəti ilə heyvanlar aləmi arasındakı müqayisəyə gəlməz dərəcədə böyük olan bu kimi uçurumları Seyran Səxavətin əsərlərindəki zoomorfik obrazların timsalında müşahidə etmək mümkündür. Bu baxımdan yazıçının “İt intervüsü” hekayəsi sözün həqiqi mənasında fəlsəfi pritça təsiri bağışlayır. “İt intervüsü” hekayəsi bütövlükdə Azərbaycan nəsrində yeni və cəsarətli bədii fikrə qoyulmuş söz abidəsidir. Əsərdə “it dilini bilən” jurnalistlə it arasında gedən davamlı dialoqlarda “it həqiqəti” ilə “adam həqiqəti” arasındakı münasibətlər bütün çılpaqlığı ilə ortaya qoyulur. Və itin verdiyi cavablar insanın indiki durumunu, hardan hara gəldiyini, mənfi vərdişlərini, insan cəmiyyətinin faciə qarşısında dayandığını yumoristik dillə gözlərimiz önündə canlandırır. Müxbirin “Adamlara münasibətiniz” sualına itin verdiyi cavablar oxucunu həm güldürür, həm də düşündürür. İt “Adamlar qudurub” – deyə cavab verir.
Axı qudurmaq it peşəsidir. İt qudurar, adam yox.
Qudurmuş adam qudurmuş itdən min dəfə quduz olur. Biz itlər tək-tük qudururuq. Siz isə… bir də gördün bir ölkənin adamları qudurdu, cumdu o biri ölkənin üstünə. Siz bizi də aldatmısınız. Biz canavar nəslindənik. Qabağımıza sür-sümük atdınız, öyrəşdirdiniz özünüzə. Sonra da yiyə durmadınız, saldınız bizi çöllərə. Yal verdiniz. Biz də başladıq yala hürməyə. Yala hürə-hürə qurd oğlu qurd dönüb oldu it oğlu it”.
Bu cavab tərs şillə kimi adamın üzünə dəyir. Bəxtiyar Vahabzadə Seyran Səxavətin bu hekayəsi ilə bağlı təəssüratlarını “Ədəbiyyat” qəzetində “Oxudum, heyran oldum” başlıqlı məqaləsində belə ifadə edir: “Axı it düzünü deyir: itin əcdadı, doğrudan da, qurd idi. Bəs necə oldu ki, it öz qurd babasını inkar edib itə döndü? Bəli, insanlar qurdu yala öyrədib onun qurdluğunu, mərdliyini əlindən aldı. Düşündükcə adamı dəhşət götürür. Və bu sətirlərin arxasında çox məchullar məluma dönür. İkinci tərəfdən insanın quduzu itin quduzundan daha qorxulu deyilmi? Bir itin qudurması o qədər dəhşətli deyil, vay o günə ki, bütöv bir millət qudurub başqa bir millətin dədə-baba torpaqlarına sahib çıxa”.
Sonrakı səhifələrdə it insana xas olan eybəcər sifətləri – yaltaqlığı, oğurluğu, tamahkarlığı çox kəskin və ibrətamiz faktlarla lənətləyir. İt sözünə davam edir:
– Burun iy bilmək üçündür, qulaq eşitmək üçün. Ayaqlar təhlükədən qaçmaq üçündür. Bəs quyruq nə üçündür? –sualına özü cavab verir.
– Quyruq da bulamaq üçündür. Mən itəm quyruğumu bulayıram, ay adam, sənin ki, quyruğun yoxdur. Sən niyə olmayan quyruğunu bulayırsan?.
“İtin həqiqətində” adamın ikili xislətinin, daha doğrusu, onun insana çevrilməsini əngəlləyən dağıdıcı təbiətin naqislikləri açıqlanır. İtin açıqlamasında qrotesk səviyyəsinə qaldırılmış bir acı və yandırıcı sarkazm duyulmaqdadır: “İndiki itlər oğurluq eləmir ee, sümsünür. İndi özün de, hansı görkəmli oğrudu, – it yoxsa adam? Canavar hər şeyi təbiətdən öyrənir, it isə adamdan… Əgər itlər adamların tökdüyünün hamısını götürsəydi, -adamxasiyyət, adamxislət olsaydılar, dünya çoxdan dağılmışdı. İt olduğuma görə demirəm, bu mənim it həqiqətimdi”.
Yazıçının quyruq məsələsinə münasibəti də ibrətamiz və düşündürücüdür. İtin öz sahibi qarşısında quyruq bulaması bu həssas və kövrək məxluqun instiktiv vərdişlərindəndir. “Mən itəm, quyruğum var, bulayıram, sənin ki, quyruğun yoxdur, sən niyə olmayan quyruğunu bulayırsan, həə, ay adam? Quyruq bulayan it də, yaltaq adam da eyni şeydi, ikisi də nəfsinin quludu. Nəfs itin ancaq quyruğunu tərpədirsə, adam çönüb olur bütöv bir quyruq, yəni adam şəklindən çıxır” – deməklə it adamlıqdan çıxmağın ağır mənəvi fəsadlarını dilə gətirmiş olur.
Əsər boyu yazıçının üslubunda diqqəti cəlb edən lakonizm fikri ifadə etmək üçün istifadə etdiyi boyaların rəngarəngliyi, fikir zənginliyi, sözlərin assosiativ məna çalarlarının bolluğu “İt intervüsü” hekayəsini, ümumiyyətlə, bədii nəsrin çox böyük uğurlarından biri kimi qiymətləndirməyə əsas verir.
Mərhum professor Mürşüd Məmmədli yazırdı ki: “Əgər bu əsər P.Koelyo, X.Borxes və yaxud dünya ədəbiyyatının digər nümayəndələrindən biri tərəfindən yazılsaydı, gerçəkliyə postmodernist baxışın tərəfdarları onu çoxdan bütün dövrlərin unikal bədii şedevrlərindən biri hesab edərdilər”.
Seyran Səxavət sosial-psixoloji təhlilin dərinliyi, bədii psixoloji məqam və momentlərə xüsusi diqqət yetirməsi ilə öz oxucu auditoriyasını daim genişləndirməkdə və zənginləşdirməkdədir. Sənət əsərinin psixoloji və bədii əhəmiyyətinin vacibliyini dərk edən müəllif əsərlərində dərin psixologizmə, psixoloji təhlilə böyük əhəmiyyət və yer verir.
Çox təssüflər olsun ki, Mirzə Fətəli Axundzadənin, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, İsmayıl Şıxlının, İsa Muğannanın, Yusif Səmədoğlunun, Vaqif Sultanlının, eləcə də Seyran Səxavətin insanın özünüdərki, milli-mənəvi yaddaş məsələsi, cəmiyyətdə özgələşmə, yadlaşma, şəxsiyyətin deformasiyası problemi və s. mövzularda əsərlər yazmasından illər keçməsinə baxmayaraq cəmiyyət hələ də irəliyə, inkişafa doğru heç bir addım atmamış, mövcud sosial-siyasi problemlər öz aktuallığını qoruyub-saxlamış, hələ də öz həllini tapmamışdır. Toplumun içində yaltaqlığın lirikası olan yalan və qorxaqlıq, zülm və ədalətsizlik hökm sürməkdədir. Əsarətdə olan insanların getdikcə yaddaşsızlaşdığını, yaddaşsızlaşan insanın manqurtlaşmaq təhlükəsi gözlədiyini, manqurtlaşan insanın isə tamamən Vətən, millət və mənəviyyat duyğusundan uzaqlaşdığını, milli düşüncəsi olmayan millətin isə ölü millət olduğunu vurğulayan yazıçılar əsərləri vasitəsilə insanları özünüdərkə çağırır.
Katarsis nəzəriyyəsini Aristotel antik faciələrin təsiri ilə tamaşaçıların ruhən təmizlənməsi prosesi kimi səciyyələndirmişdir. Daha geniş mənada, katarsis real həyatda istər ayrı – ayrı insanların, istərsə də cəmiyyətin milli əzablardan, sarsıntılardan keçib öz günahlarını – tarixi səhvlərini dərk edib ruhən saflaşması, təmizlənməsi, durulması prosesidir. Əslində, hər bir şəxsin mənəvi yüksəlişində və ya milli intibahın kökündə bir katarsis vardır. Böyük elmi kəşflər, böyük sənət əsərləri, əslində, katarsisin məhsulu olan böyük ehtirasların təzahürləridir. Hər hansı bir şəxs və ya millət əzablı yollar keçib səbəb və nəticələri dərindən dərk etmirsə, günahları və səhvləri səmimi etiraf etmirsə, o, katarsisə yetişmir və nəticədə yeni – yeni sarsıntılara məruz qalır.
Ədəbiyyat, vicdanlı yazıçı, şair cəmiyyətə sadəcə olaraq xəbərdarlıq etməyi və düzgün olan yolu göstərməyi bacarır. Əgər ziyalıların, yazıçıların həyəcan siqnalı eşidilmirsə, yaxud eşidilib etinasızcasına qulaqardına vurulursa, bu artıq yazıçının yox, cəmiyyətin günahıdır.
Biz ayna bizi çirkin göstərəndə özümüzü – eyiblərimizi düzəltmək əvəzinə aynaları sındıran adamlarıq, Ustad!…
Bizi məzur qıl…
Bir gün nə zamansa Səni anlayacağıq, mütləq anlayacağıq… Sən yaz… Yaz ki, yolumuzu itirəndə korafəhim səndələməyək, gözümüzə işıq gəlsin… Qələmin yolumuza çıraq olsun!
Sən Özün Sözün böyüklükdə Dəyərsən, Ustad!
Dediklərin Söz bizə əmanətdir – Tanrının əmanəti…
Yaxşı ki, Varsan, Ustad! Yüz yaşa! Var ol!
Bütün qəlbimlə inanıram ki, Səni dinləyəndə – anlayanda Biz təmizlənəcəyik…
Xəstə təfəkkürləri ciddi ədəbiyyatın sağalda biləcəyini anlaya bilsək, Biz təmizlənəcəyik…
“İt həqiqətləri” ilə “adam həqiqətləri” arasındakı sərhəddi aşa bilsək, Biz təmizlənəcəyik…
Biz o müqəddəs yola – Aydınlığa, aydınlanmağa doğru gedirik.
Biz Səni anlayanda, Səndən keçib durulanda Həqiqətə çatacağıq, Ustad! Yolumuz Aydınlanacaq…
Yolumuzun başında Sən varsan, Səndən keçib durulacağıq, Ustad!
Kimdir Balayar SADİQ? – Bu suala cavab vermək üçün zəhmət çəkib araşdırma aparmağa, nəyisə axtarmağa zərrə qədər də necə deyərlər, -“ iynənin yıldızı qədər də olsun” – ehtiyac yoxdur… Sadəcə olaraq götürüb müəllifin bir neçə bənd şeirin oxumaq lazımdır. Balayar SADİQ hər kəlməsindən boylanan, bu mənəm ha deyən qələm sahiblərindəndir. Balayar SADİQ bəziləri kimi sözün başına çatı salıb, belədən-elə, elədən-belə fırladıb sonda bir yığın sözə şeir adı qoyub, sözü küsdürən, söz əhlini bezdirən əhli-qələmlərdən çox fərqlidir. Yazdıqlarının formasından asılı olmayaraq, hər bir misrasında bu misranın müəllifi Balayar SADİQDİR, deyən bir sehir, bir qüvvə var onun şeirlərində… Balayar SADİQ o qələm sahiblərindəndir ki, kağız-qələmi qarşısına qoyub, söz qovalamır, əksinə kəlmələr sıraya düzülüb, məhz onun qələmindən həyat qazanmaq istəyirlər… Balayar SADİQ dilimizin zənginliyindən, – buna görə xüsusi minnətdarlığımı bildirirəm – məharətlə istifadə edərək, çoxlarının ya bilmədiyi, və ya unutduğu kəlmələri, məsəlləri, yalnız müxtəlif bölgələrə məxsus spesfik ibarələri yerli-yerində işlətməklə dərin məna çalarlarına malik məzmunu iki-üç bəndlik şeirlərdə yüksək ustalıqla çatdırmağı bacarır. Müəllifin bir bənd şeirini oxumaq kifayətdir ki, ortasından Araz axan, yuxarısında qarlı dağlar, aşağısında qumlu çöllər, sağında dəryalar, solunda ormanlar olan, Azərbaycan adlı məmləkətin övladı olduğu aşkara çıxacaq… Balayar SADİQ hər kəlməsində kimliyini gah küləklərin, dalğalı ləpələrin səsiylə hayqıraraq, gah da tumurcuqların, yarpaqların, çiçəklərin titrəyişi ilə pıçıldayaraq, hərdən də buz bulaqlara qarışan duman-çiskin, narın yağış damlaları və ya tər şəbnəm kimi süzülərək çatdırır bizlərə…. Onu sevə-sevə oxuyan oxuyucularına…. Balayar SADİQ hər kəlməsindən boylanan Vətən oğludur.
Nədən yazır, kimdən yazır, nə yazır axı, Balayar SADİQ? – Söhbətin bu yerində vəziyyət bir balaca qəlizləşir. Şübhəsiz ki, hər bir kəlməsində, misrasında nə demək istədiyini ən düzgün və dəqiq müəllif özü bilir. Hər bir deyilmiş, yazılmış söz həmin məqamda qələm sahibinin halını, mövqeyini bildirir. Ancaq, Balayar SADİQİN ustalığı ondadır ki, onun yazdıqlarını oxuyan yarından xəbərsiz, narahat, çaşqın, üzgün sevgili, ata-ana üçün darıxan övlad, bala xiffəti çəkən valideyn, tənhalıqdan qovrulan fərd, kimsəsiz qalmış körpə, elindən-obasından olmuş didərgin, illərdir heç nə yox, bircə şəhidinin nəşinə qovuşub onu dəfn etmək arzusuyla yaşayanlar, bir parça çörəyə, bir isti ocağa möhtac olanlar, hər şeyi, özünü, gündəlik təlabatını unudub, param-parça olmuş məmləkətin taleyini düşünənlər, ən maraqlısı odur ki, eyni zamanda bütün yuxarıda sadaladıqlarımız və sadalaya bilmədiklərimizlə yanaşı tamamilə əks qütbdə dayanmış, bütün məsələlərdə zəfər şərbətindən bihuş olanlar da hər kəlmədə öz hiss və duyğularını görə bilir. Bir bənd şeiri min əhvallı oxucu oxuyur, hamısı da düşünür ki, məhz bu sözlər onun üçün deyilib. Söz sənətində ustalıq, ədəbiyyatda təqdim etmə bacarığı – obrazlılıq – məhz budur. OBRAZLI DESƏK, OBRAZIN ÖZÜDÜR Balayar SADİQ.
Balayar Sadiq – şair.
Dəyərli şairimizin hansısa bir misrasını və ya bəndini misal gətirib, digərlərini özümdən incik salamaq istəməzdim. Məncə, yuxarıda deyilənlərdən sonra buna heç ehtiyac da yoxdur. Həm də heç doğru olmaz ki, bir bənd misal gətirib, qeyd edəsən ki, şair burada bunu demək istəyib. Çünki, yenə vurğulamaq istəyirəm ki, hər kəlməsində nə demək istədiyinin doğrusunu yazanın özü bilir. Ona görə də Siz imkan daxilində Balayar SADİQDƏN bir bənd şeir oxuyun, görəcəksiniz ki, o həqiqətən məhz sizin hisslərinizi tərənnüm edib. Yeri gəlmişkən onu da qeyd edim ki, müəllifin bu yaxınlarda Xalq şairi Fikrət QOCANIN redaktəsi ilə işıq üzü görmüş, yeni, “PAYIZ MƏKTUBLARI“ kitabı bu baxımdan zəngin və oxunaqlıdır.
Məncə, bu qədər kifayətdir, dəyərli oxucum. Oxuyun, zövq alın, dincəlin, yüngülləşin, unudun bu dünyanı… Baxın, görün başqa necə dünyalar var… Özündən başqa birisinin yazdığını oxumaq, – tanıdın- tanımadın fərq etməz- onunla həmsöhbət olmaq, onun dünyasına səyahət etmək deməkdir. Hamınıza yeni-yeni dünyalar kəşf etmək arzu edirəm. Oxuyun, kəşflər edin, dünyanızı zənginləşdirin, gözəlləşdirin… Hər bir yeni kəşf, yeni dünya, hər yrni dünya isə növbəti bir gözəllik deəkdir. Nəsibiniz ancaq gözəlliklər olsun.
13 .01. 2017. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında doqquzuncu yazı yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
Məncə, dərin müşahidə qalın kitab kimidir. Baxdıqca görürsən, gördükcə oxuyursan, oxuduqca öyrənirsən, öyrəndikcə bölüşmək, ötürmək istəyirsən. Çünki, artıq sənə məlum olan səndə qaldıqca əlavə narahatçılıq yaradır. İstər-istəməz istəyirsən ki, hamı bunu bilsin və ya ətrafdakılarında fikrini bilmək istəyirsən bu barədə. Bilmək istəyirsən, bəs görəsən başqaları bu barədə nə düşünür….
Keçək mətləbə, qoz ağacı, meyvəsi yəni qoz (bəzi yerlərdə cəviz də deyirlər –dəqiq “cəviz” sözü ilə 20 yaşdan sonra tanış olmuşam) ətraf aləmlə tanışlığımda ilk predmet olub desəm məncə yanılmaram. Ancaq, böyük əminliklə deyirəm ki, tanıdığım, dadına baxdığım ilk meyvə məhz qoz (cəviz) olub. Burada yeri gəlmişkən onu qeyd edim ki, mənim tanış olduğum kimi, körpə uşaqların (bir yaşın altında heç olmaz –QƏTİ) qozla (cəvizlə) belə erkən tanışlığı heç də məqsədə müvafiq, ümumiyyətlə arzu olunan deyil…. Söhbət yayınmamış qeyd edim ki, xüsusi ilə bir yaşın altında, iki yaşa çatmamış uşaqlar qozun necə deyərlər lap az miqdarda da dadına baxsa, yesə, əksər hallarda sonra onu ömrü boyu izləyəcək müxtəlif allergik izlər qoyur (xüsusi ilə dəridə) bu qaçılmazdır. O ki, qaldı bizə, lap körpəlikdən ilin altı ayı evin qapısından ayağını bayıra qoyanda birinci və ya ikinci addımıda mütləq altında qoz (cəviz) qalırdı. Bizim həyət qarışıq; əmi, baba, qonşuluqda 100-150 metr radiusda yalan olmasın, bəlkə 20-25 qoz (cəviz) ağacı var idi. Həm də nə boyda, çox böyük ağaclar –elələri var idi ki, 4-5 uşaq əl-ələ tutsa çətinliklə dövrəyə ala bilirdi. Demək olar ki, həyətlərin çoxunda eyni məzərə idi. Bundan əlavə hamının bağlarda da dədə-babadan qalma ağacları var idi ki, mövsümdə çırpıb, meyvəsini götürürdülər. Əlbəttə, indi deyə bilərsiz ki, bunun nəyi pisdir? – Biz heç də demirik ki, bu pis idi… Sadəcə qozun (cəvizin) çox olduğu, geniş yayıldığı torpaqlarda həm meyvəsindən istifadə nəticəsində, həm də ümumiyyətlə bitməsi, var olması ilə insanların yerli əhalinin yüz illərlə necə deyərlər, baş-başa ömür-gün sürənlərin həyatına, gündəlik yaşam tərzinə, sağlamlağına göstərdiyi bəzi təsirlərdən söhbət açıb bir-neçə mühüm məqama diqqət çəkmək istəyirik.
Birinci faydası barədə; qida kimi misilsizdi, ikinci çörək kimidir. Əmtəə olaraq qaldıqca dəyər qazanan maldır. Oduncağı, meyvəsindən kal və yetişmiş formada müxtəlif məqsədlərlə yaralılığı, satanlar üçün pul, quru meyvənin (cıbrıq) qabığından, içindəki arakəsmələrdən, hətta ağacın yarpağından, qabığından boyaq maddəsi kimi istifadə olunması və başqa xatırlaya bilmədiyim olduqca müxtəlif sahələrdə tətbiqini düşündükdə tam bir faydalı nemət olduğu qənaətinə gəlirsən. Şükür Uca Yaradana!!!
Qoz – ceviz (ikinci çörək).
İndi keçək məsələnin ikinci tərəfinə, lap körpəlikdən havalar bir balaca soyuyan kimi, ( qoz yetişən kimi) dirsəklərimdə dəridə qızartı (bu təbii ki, allergik təsir idi) əmələ gəlirdi böyüklərin birinci sözü bu olurdu ki, “elə-belə şeydi, dədə-babada da olub”. Yadımdadır ki, rəhmətlik nənəm soyuq havada qolları açıq sıra ilə düzülmüş qoz (cəviz) ağaclarının altı ilə qonşuda olan “Babanın ocağı” –na aparıb dirsəklərimə küldən düzəlmiş soyuq kül palçığı sürtüb gətirərdi. Əgər, onda nənəmə desəydim ki, ay nənə külün məsələyə nə dəxli bu çoxlu qoz yeməkdəndi… Deyərdi ki, başına hava gəlib bala… Çox maraqlıdır ki, bu halı ancaq qozun (cəvizin) bol olduğu soyuq aylarda baş verdiyindən hamı soyuqla əlaqələndirir, heç kim qozu (cəvizi) günahkar bilmirdi… Günü bu gün də bir balaca qoz (cəviz) və ya fındıq çox yeyən kimi həmin nahiyələrdə yenə də qızartılar yaranır. Bəli ancaq və ancaq qoz (cəviz) – fındığı çox yeyəndə bunun heç bir qanla, soyuqla əlaqəsi yoxdur. (uşaq vaxtı arada həkim resepti ilə hələ bir “kalsi-xolor” – da içirdirdilər, o şoğərib də zəkkutum kimi bir şeydi a…. Hamı ağlına gələni edirdi, heç bir deyən yox idi ki, a bala bu qozdan az ye…) Əlbətdə, bütün bunlar bizim aşırı, mən deyərdim ki, limitsiz şəkildə qozdan (cəvizdən) istifadə etməyimizin nəticəsi idi. Xüsusi ilə uşaq körpə vaxtı qoz (cəviz) yeyirsə, (özü yeyən analar yedi-yemədi uşğın ağzına da mütləq qoyurlar ki, dadını bilsin, öyrənsin..) əgər allergik təsir nəticəsində dəri tamlığı bir dəfə pozulursa, həmin nahiyələr böyüyəndə də eyni təsirə həssas olaraq qalır. Bu məsələnin bir tərəfi. Digər faydası ilə, zərərinin birlikdə hərəkət etdiyi hal isə onun qidalılığı və çox enerjili olmasıdır. Beləki, orqanizmin olduğu vəziyyətdən asılı olmayaraq, bir –neçə qoz (cəviz) yemək kifayətdir ki, bədən və eyni zamanda onun bir hissəsi olan beyin enerjili qoz (cəviz) ləpəsinin mədəyə düşdüyünü hiss etsin, həm də hiss etdirsin. Məhz bu xüsusiyyətinə görə qoz (cəviz) ağacı çox olan, geniş yayılmış bölgələrin insanları, istər fəndgirliyi, istər tez coşub-daşan olmağı (“cırtda – qoz” olması – gör atalar bu ifadəni – kodlaşdırılmış məlumatı – necə yerində yaradıblar???), mərdliyi, dəliqanlılığı ilə nisbətən də olsa seçilirlər. “Cırtda –qozluq” tam dəqiq ifadədir. Onu da qeyd edim ki, bunun səbəbi heç də təkcə qozun (cəvizin) yüksək qidalılığı deyil… Qoz (cəviz) ağaclarının bol olduğu bölgələrdə əhali məişətdə əsasən üzdə olan bulaq, quyu, kəhriz, çay ya da müasir dövürdə artezian sularından istifadə edirlər. Bu su isə demək olar ki, tam yodsuzdur. İllər boyu yodsuz su istifadə etmək isə nəhayətdə orqanizmdə ciddi fəsadlar yaradır ki, biz təbib olmadığımıza görə bunun xırdalığına varmırıq. Sadəcə onu qeyd etməliyəm ki, yodsuz su istifadə etdiyimizə görə (qoz (cəviz ) ağaclarının sayəsində) xüsusi ilə beyinin fəaliyyətinə təsir göstərən, bilavasitə idarə edən, tənzimləyən vəzlərdə baş vermiş dəyişiklik nəticəsində (bu vəzlərin qana ifraz etdiyi maddələrin tərkibinə uyğun olaraq) sanki, insan həsaslaşır, dözümlülük azalır, elə bil bir az da çılğınlaşır. Konkret olaraq eyni hadisəyə qoz (cəviz) ağacı bol olan, geniş yayılmış bölgənin insanı ilə , belə bölgədən olmayan insanın reaksiyası eyni deyildir. Qoz (cəviz) ağacları bol olan, geniş yayılmış bölgənin insanı daha kəmhövsələ, həm də tabe olmağı bacarmayan insanlardır. Bu yazı heç bir tibbi mahiyyət daşımır, (uzaqbaşı araşdırmaçı təbiblər üçün istiqamət göstərə bilər) sadəcə bir müşahidəçilik məhsuludur.
27.10.2016. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında səkkizinci yazı yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
Bu gün Nargis xanımın ad günüdür! Ad günü münasibəti ilə Nargis xanımı təbrik edir, uzun və sağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!
QISA ARAYIŞ:
İsmayılova (Nargis) Nərgiz Rəfail qızı 1986-cı ildə mart ayının 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşdur.
1993-cü ildə Zaqatala rayonunda orta məktəbə, 1999-cu ildə Ordubad Türk liseyinə daxil olmuş və 2004-cü ildə həmin liseydən məzun olmuşdur.
2004-cü ildə Naxçıvan Dövlət Universitetində tələbə adı alaraq 2008-ci ildə həmin universitetin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olmuşdur.
2009-cu ildə Gəncə Dövlət Universitetinə daxil olaraq 2012-ci ildə həmin universitetin “Xarici ölkələr ədəbiyyatı” ixtisasını magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Nargis Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin Ədəbiyyat və İncəsənət İnstitutu Ədəbiyyatşünaslıq Şöbəsində elmi işçi vəzifəsində çalışır. 2013-cü ildən isə həmin Bölmənin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dissertantıdır. “XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri” mövzusunda dissertasiya müdafiə edib? Filologiya üzrə fəlsəfə doktorudur. “Şərq qapısı” qəzetində müxbir kimi fəaliyyət göstərir.
“Ədəbiyyat” qəzetinin köşə yazarıdır.
28 elmi, 200-dən çox qəzet məqaləsinin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Prezidenti mükafatçısıdır. 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzetinin” birgə təsis etdiyi Əli bəy Hüseynzadə mükafatı”na və Naxçıvan Muxtar Respublikasında “İlin yazıçısı”, “İlin jurnalisti” ünvanına layiq görülüb.
Nargis istər orta məktəb, istərsə də liseydə təhsil aldığı illərdə qələm hər zaman olunla olmuş duyğularını daima şerlər, denemələr, pritçalar, hekayələr halında ifadə etmişdir. Bu bağlılıq onu Naxçıvan Dövlət Universitetində ədəbiyyat üzrə ali təhsil Gəncə Dövlət Universitetində magistr təhsili almağa və Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Bölməsində ədəbiyyat üzrə elmi araşdırmalara qədər aparmışdır.
Nargisin son dövrlər yazdığı bir çox hekayələrdən ibarət “İçimdəki Merilin” kitabı 2015-cü ildə Bakı şəhərində “Qanun” nəşriyyatı tərəfindən nəşr olunmuş eyni zamanda Türkiyəli yazıçı Kahraman Tazeoğlunun “Seni içimden terk ediyorum” şeirlər və “Bukre” roman kitablarını şair Elxan Yurdoğlu ilə birlikdə Azərbaycan türkçəsinə tərcümə edilmişdir. 2015-ci ildə “İçimdeki Marilyn” Minval yayınları tərəfindən nəşr edilmişdir.
2016-cı ildə “Xan” nəşriyyatı tərəfindən “Qardələn” kitabı işıq üzü görmüşdür.
2016-cı ildə “Əcəmi” nəşriyyatı tərəfindən “ Müqəddəs məkan Naxçıvan” kitabı yayımlanıb.
2017-ci ildə “Xan” nəşriyyatı tərəfindən Çağdaş ədəbiyyat silsiləsindən “Beklenen Dolunay” romanı işıq üzü görüb.
2016-ci ildə filologiya üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə edib.
Zaur Ustac Nargis xanımı təbrik edir. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.Zaur Ustac Nargis xanıma “Ziyadar”ı təqdim edir. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.Nargis xanımZaur Ustac üçün “Metakədər” imzalayır. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.Rəşad Məcid “Metakədər”ə göz atarkən. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.
QEYD:
Fotolar düz bir il əvvəl, pandemiya ilə əlaqədar məhdulaşdırıcı tədbirlər nəzərdə tutulmamış 12.03.2020. AYB – Natəvan zalında (Bakı ş.) Nargis xanımın “Metakədər” adlı kitabınının təqdimatı zamanı şəkilib.
Bir daha Nargis xanımı təbrik edir, uzun və sağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!
Siz – Seyran Səxavət (Xanlarov Seyran Əsgər oğlu ) 1946-cı il mart ayının 23-də Füzuli rayonunun (keçmiş Qarabulaq) Yağlıvənd kəndində anadan olmusunuz. 1962-ci ildə doğma kəndinizdə orta məktəbi başa vurandan sonra iki il X.B.Natavan adına Füzuli şəhər orta məktəbində direktorun köməkçisi vəzifəsində çalışmış, 1964-cü ildə uğurla imtahan verərək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunmuş, fars dili üzrə tərcüməçi ixtisasına yiyələnmisiniz. Sovet ordusunda xidmət keçdiyiniz illərdə (1970-1972) SSRİ Müdafiə Nazirliyinin tərcüməçisi kimi fars dili üzrə ixtisasınızı təcrübi olaraq daha da dərinləşdirmisiniz.
Sonrakı fəaliyyətinizin əhəmiyyətli qismi Azərbaycan Yazıçılar Birliyinin mətbuat orqanlarında yaradıcı əməyinizlə bağlı olmuşdur. Siz 1973-cü ildən etibarən dövrün ən nüfuzlu nəşrlərindən olan “Ədəbiyyat və İncəsənət” qəzetində xüsusi müxbir, ədəbi işçi vəzifələrini tutmusunuz.
1974-1976-cı illərdə ixtisasınızla əlaqədar Sovet İttifaqından İran dövlətinə ezam olunmuş, orada iki il tərcüməçi kimi fəaliyyət göstərmisiniz. 1976-1981-ci illərdə “Ədəbiyyat və İncəsənət” qəzetində, 1981-1991-ci illərdə isə “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışmış, milli teatrlarımızın səhnə-tamaşa həyatının elmi-publisistik və sənədşünaslıq yönündən işıqlandırılmasında, Azərbaycan ədiblərinin nəsr əsərlərinin (hekayə, povest, roman) seçilib nəşrə hazırlnaması və geniş oxucu dairələrinə çatdırılmasında uzunmüddətli, ciddi əmək sərf etmisiniz.
1962-ci ildən, ömrünüzü bədii yaradıcılığa həsr edərək yaratdığınız hekayə, povest, romanlarınızla, bədii-publisistik əsərlərinizlə Azərbaycan ədəbiyyatını zənginləşdirmiş, hər kəs tərəfindən etiraf olunan istedadlı bir yazıçı kimi Azərbaycan və dünya oxucularının rəğbətini qazanmısınız.
Hörmətli Seyran müəllim!
Siz bədii yaradıcılığa ötən əsrin 60-cı illərinin lap əvvəllərində başlamış, 1962-ci ildə Füzuli rayonunda çıxan “Qızıl Araz” qəzetində ”İki arzu” adlı ilk şeirinizi çap etdirmisiniz. Poetik axtarışlarınızın yekunu kimi meydana çıxan, özündən əvvəlki poeziya örnəklərindən və həmyaşıd qələm dostlarınızın yazdıqlarından tamamilə fərqlənən novator şeirləriniz dillər əzbəri olmuş, Azərbaycan gəncliyinin ən ülvi hisslərini ifadə etmişdir. 1970-ci ildə ilk şeir kitabınız – “Adalar”, 1977-ci ildə yenə poetik axtarışlarından ibarət “Mənim planetim” kitabınız çap olunmuş, şeirlərinizin böyük qismi “Seçilməmiş əsərlər” çoxcildliyinizin ilk cildində yer almışdır.
İran dövlətində ( indiki İran İslam Respublikası) tərcüməçi işləyərkən qələmə aldığınız ilk hekayəniz – “Hamı elə bilirdi” adlı əsəriniz 1976-cı ildə “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunmuş, bununla da sizin yaradıcılığınızın, həm də müasir Azərbaycan nəsrinin yeni bir səhifəsi açılmışdır.
Müxtəlif illərdə işıq üzü görən nəsr əsərlərindən ibarət (hekayə, povest, roman) kitablarınız: “Hamı elə bilirdi” (1982), “Daş evlər” (1985, təkrar işlənmiş nəşr – 1989), “Bozoqo ajıra telekey” (“Qapıların o üzündə qalan dünya” – Dağlıq Altay, 1985), “Dar köynək” (1987), “Qızıl teşt” (1999), “Ptityajenie” (Cazibə”, Moskva, 1990), “Nekroloq” (2003), “Palıd toxumu” (2003), “Yüz ilin kişisi” (2005), “Krepkoe semya” (“Palıd toxumu” Moskva, 2007), “Yahudi əlifbası” (2009), “Bəhanə” ( 2009), “Qaçhaqaç” (I kitab, 2010, II kitab 2017 ), “Seçilməmiş əsərlər” (I-II cildlər, 2015), “Kenquru” (2019) ibarət kitablarınız həm istedadlı, orijinal və məhsuldar bir yazıçı olaraq sizin, həm də 50-60 ildə yaradılan müasir Azərbaycan nəsrinin bədii-fəlsəfi tutumunu əks etdirməkdədir.
Sizin şeirləriniz və nəsr əsərləriniz dünyanın bir çox dillərinə – türk, əfqan, ingilis, fransız, alman, ispan, rus, fars, ərəb, ukrayna, gürcü, erməni, tacik, qırğız, moldova, altay və sair çevrilmişdir. Keçmiş SSRİ-nin, indiki Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işıq üzü görən nəsr əsərlərinizdən ibarət kitabınız 100 min tirajla yayılmışdır.
Həm poetik, həm nəsr əsərlərinizdəki orijinallıq, misilsiz milli kolorit, bədii düşüncənin özünəməxsus ifadə tərzi, dərin və mənalı yumor elementləri, unikal şair-yazıçı yaddaşı, nəsrlə şeirin təbii və mütəhərrik sintezi ciddi oxucu marağı doğurur. Sizin əsərlərinizdə milli və bəşəri, fərdi və ümumi çulğaşaraq təbiətin, insan mənəviyyatının, ümumən cəmiyyətin mükəmməl panoramını yaradır, adamları düzgün, cəsarətli, mərd, səxavətli, öz kökünə, millətinə, dövlətinə ən əsası özünün öz mənliyinə bağlı yaşamağa dəvət və təhrik edir.
Hörmətli Seyran müəllim!
Siz həm də ədəbiyyat və incəsənəti sevərlər arasında ən insani duyğuları, ən sərt həqiqətləri ifadə etməyə qadir bir dramaturq kimi tanınırsınız. “Qızıl teşt” (1988), “Büst” (1989), “Qapıların o üzündə qalan dünya” (1990) pyesləriniz, Azərbaycan Akademik Milli Dram Teatrı başda olmaqla Respublikamızın bir çox peşəkar teatr kollektivlərində tamaşaya qoyulmuş, izləyicilər tərəfindən hərarət və dərin estetik təəssüratla qarşılanmışdır. Bununla yanaşı, dramatik əsərləriniz əsasında bir çox televiziya tamaşaları hazırlanmış, radio pyesləriniz səsləndirilmişdir.
Hörmətli Seyran müəllim!
Sizin bədii publisistika və bədii tərcümə sahəsində xidmətləriniz də oxucuların yaddaşında dərin izlər buraxmışdır. Siz Azərbaycanın xalq artisti, ilahi qüdrətdən gələn bir səslə Azərbaycan muğamlarını və xalq mahnılarını ifa edən xanəndə Qədir Rüstəmovla “Atüstü söhbət” əsəriniz ədəbi müsahibə janrına yeni nəfəs vermişdir. Məhz janrdan novator istifadə məharəti sonralar sizə bədii-publisistik üslubda “Palıd toxumu”, “Bəhanə” kimi iri həcmli romanlarınız, “Kasib” başlıqlı satira və yumor silsiləsini yaratmağa imkan vermişdir.
Siz dünya ədəbiyyatından bir qism örnəkləri, o cümlədən Azərbaycanın dostu, “Drujba narodov” jurnalının baş redaktoru A. Ebonoidzenin “İki ay kənddə və ya imeretsayağı evlənmə” romanını doğma dilimizə çevirmisiniz.
Hörmətli Seyran müəllim!
Siz istedadlı Azərbaycan ədibi olaraq həm respublikada, həm də dünya səviyyəsində bir çox dövlətlərdə (Fransa, ABŞ, İngiltərə, İran, Türkiyə, İtaliya, İspaniya…) ölkəmizi təmsil etmiş, konfrans və simpoziomlara qatılmısınız. Müstəqillik illərində kütləvi informasiya vasitələrinə verdiyiniz beş mindən artıq intervünüzlə Azərbaycan həqiqətlərinin carçısı rolunda çıxış etmisiniz.
75 yaş ömrün müdrik çağıdır. Siz yaşınızın bütün mərhələlərində Azərbaycanda təzahür edən ictimai, mədəni, ədəbi proseslərə həssas yanaşmış, gənc yazarlara kömək məqsədi ilə ədəbi birliklərə rəhbərlik etmiş, ölkəmizin həyatında baş verən önəmli hadisələrə kreativ şəkildə – yazılı və internet mətbuat məkanında mövqeyinizi bildirmisiniz. Hazırda ustad ədib olaraq AYB-də çalışırsınız; “Azərbaycan” jurnalı redaksiya heyətinin üzvüsünüz. Yaradıcı əməyiniz yüksək qiymətləndirilmişdir; 2002-ci ilin ədəbi yekunlarına görə “Nekroloq” romanınız AYB-nin Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı” mükafatına layiq görülmüşdür.
Hörmətli Seyran müəllim!
Əsərləriniz, ədəbi tərcümeyi-halınız deməyə əsas verir ki, sizin yaradıcılığınız müasir Azərbaycan ədəbiyyatının ən dəyərli fəsillərindən biridir. Sizi ədədəbiyyat biliciləri, qələm dostlarınız, Azərbaycan oxucusu yüksək qiymətləndirir. Sizə bundan sonra da ilhamlı yaradıcılıq ovqatı, dəyərli əsərlər, möhkəm can sağlığı, ailə xoşbəxtliyi arzulayırıq. 75 yaşınız mübarək olsun!
Azərbaycan Yazıçılar Birliyi
Seyran SƏXAVƏT AYB-də.
Seyran müəllimin adından başda Anar müəllim olmaqla dəyərli AYB heyətinə və bütün əməyi keçənlərə təşəkkürümüzü bildiririk. YAZARLAR cameəsi olaraq yubiliyarı bir daha təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!!!
Düzü Rövşən müəllimlə şəxsi tanışlığım yoxdur. Ona görə də təbii olaraq bütün bu yazıda yazdıqlarım onun mənə məlum olan yaradıcılığına əsaslanır. Yəni, oxumuş olduğum kitablarından gəldiyim qənaət və nəticənin məhsuludur.
Bu müəlliflə mənim ilk tanışlığım şəhərimizin kitab dükanlarının birindən üzərinə “ARİFLƏRİN İRFANİ MƏQAMLARI” yazılmış kitabı almaqla başladı. “Ariflərin irfani məqamları” kitabı, böyük alim Şeyx Əbu Əli İbn Sinanın məşhur “İŞARAT VƏ TƏNBİHAT” adlı əsərinin doqquzuncu bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. Nəzərinizə çatdırım ki, kitabı tərcümə edən və şərhlərin müəllifi Rövşən Abdullaoğlu idi. Beləcə bizim tanışlığımız başladı. Bu kitabın dili və şərhlər diqqətmi necə cəlb etdisə, heç o kitabı tamam-kamal bitirməmiş yenidən həmin dükana yollandım ki, müəllifin öz kitablarından bəlkə, nəsə tapa bildim. Ancaq, həmin dükanda tapa bilməsəm də satıcıdan öyrəndim ki, bəli, müəllifin öz kitabları da var. Bir, iki, üç növbəti dükanların birində Rövşən Abdullaoğlunun psixoloji kitablar silsiləsindən olan “HƏR BİR İNSAN HÖKMDARDIR” kitabını gördüm və həmən aldım. Kitabı həmin gün oxudum. Burada onu qeyd edim ki, bu hadisələr 2013-cü ilin təxminən yay-payız aylarında baş verib. Düzü kitab qismən mənə indiyə qədər bu mövzuda oxuduğum çoxlu sayda əsasən xarici motivasiya ədəbiyyatına daxil olan nümunələri xatırlatdı. Bunula belə, kitabda nəsə bir fərqlilik, bəlkə şərqlilik deyərdim, ən əsası doğmalıq, ruhumuza yaxınlıq, bizə aid özünəməxsusluq hiss etdim. Qənatə gəldim ki, bu kitab müəllif haqqında heç nə demədi, sadəcə bir ipucu verdi. Ertəsi gün müəllifin yenə psixologiya və motivasiya kitabları silsiləsindən olan “ARXADAKI KÖRPÜLƏRİ YANDIRIN” kitabını alıb oxudum. Təkrarçılıq etmək istəmirəm, ancaq onu qeyd etməliyəm ki, bu kitab da tam mən istəyəni vermədi.
Yəni bütün motivasiya ədəbiyyat nümunələrində eyni məqsəd, eyni yol (istər xarici, istərsə də bizim müəlliflər) dəyişik sözlər. Sonra müəllifin kitablarını gördükcə, adını eşitdikcə alıb oxuyur, elə bil, nəsə axtarırdım. Bilirəm ki, axtardığım kitab yazılıb, var, ancaq, mən tapa bilmirəm….
Bu fikr, əminlik məndə kitabdan – kitaba hiss etdiyim dəyişiklik, sanki, müəllifin standart, şablon fikirlərdən sıyrıldığını, özünəməxsus bir metodla təlqinə keçdiyini gördüyümdən, duyduğumdan yaranmışdı.
Nəhayət, bir gün sosial şəbəkələrdə müəllifin yeni kitabını gördüm, artıq tarix 2015 göstərirdi. RÖVŞƏN ABDULLAOĞLU “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” psixoloji roman – yeni söz, yeni səs…. Kitabı yəqin ki, çoxunuz oxumusuz çünki, bunun özü də tam məntiqidir. Dəyərli oxucum, əgər Siz maraq göstərib, bu kiçik yazını oxuyursuzsa, mütləq haqqında danışdığımız o kitabı da oxumusuz. Yox əgər oxumamısizsa, deməli ya hələ belə bir kitab haqqında eşitməmisiz, ya da vaxtınız olmayıb.
Çox xırdaçılığa getmədən, adi – orta məlumatlılıq səviyəsində onu qeyd etmək istəyirəm ki, psixologiya bütün insanları onların mənliyindən irəli gələn hərəkət və davranışlarına görə dörd əsas qrupa bölür. Rövşən Abdullaoğlu bu romanda məhz bu qrupların birinə aid olan insanın elə ümumiləşdirilmiş surətini yaratmışdır ki, bu günə qədər Psixologiya elminin yazdığı, göstərdiyi hamısı artıqlaması ilə bu surətdə cəmlənmişdir. Qəhrəmanın surəti lap körpəlikdən yetkin yaşa qədər gözümüzün qarşısında bizə göstərmək istədiyi tipindən irəli gələn xarakter və xüsusiyyətlərini elə çılpaq, həyatda olduğu kimi göstərir ki, bu barədə sadəcə MÜKKƏMMƏL!!!! – deyib kifayətlənməkdən başqa yolumuz qalmır. Müəllifin olduqca çox böyük təvəzökarlıqla sadəcə psixoloji roman adlandırdığı bu kitab, birinci növbədə məlumatlı olub, özünü qəhrəmanın aid olduğu tipdən hesab edən hər bir şəxsin stolüstü kitabı, ikinci – indi özünüöyrətmənin geniş yayıldığı bir zamanda melanxoliyadan əziyyət çəkdiyini zənn edən hər bir pasientin hər zaman yanında olan psixoloqu, gələcəkdə yaxşı psixoloq olmaq istəyən, bu istiqamətdə təhsil alan hər bir tələbənin mütləq oxumalı, incələməli olduğu (konkret tip üzrə səbəbi, müalicəni və nəticəni özündə ehtiva edən) əlavə dərs vəsaiti kimi çox qiymətli və əvəzolunmazdır. Ən azından hələlik ortalıqda analoqu yoxdur. Əgər, bu kitabdan sonra Rövşən Abdullaoğlu heç nə yazmasa da “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” – müəllifin sözünü, səsini bizə tam çatdırdı. Rövşən Abdullaoğlu, sadəcə kitab olsun, az-çox pul gəlsin deyə, Cenqo ordan getdi, Manqo burdan gəldi, qızın yerə düşmüş yaylığının parçasını tapıb, ordan onun ətrini alıb, gedib qızın əvəzinə Toplanı tapıb, sonra yenə onu axtaranlar, nə bilim, min cür cəfəngiyat uydurub millətin pulunu yeyib, beynini korlayanlardan deyil. Tam fərqli, özünəməxsus yolu olan, hərtərəfli məlumatlı (istər dini, istər dünyəvi, həm şərqdən, həm qərbdən) bir yazardır. Rövşən Abdullaoğlunun kitabları sadəcə vaxt öldürmək, gün keçirmək üçün deyil, əksinə həyatın gözəlliyinə vurulmaq, yeni bir dünya qzanmaq üçün vacib vasitədir.
Rövşən Abdullaoğlu – yazar, psixoloq, tərcüməçi, səyyah.
Müəllifə Uca Yaradandan can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Eyni zamanda daimi oxucu olaraq, ən azından “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” –dan sonra, Ümumi Psixologiyanın göstərdiyi qalan üç tip insanlara da aid üç yeni psixoloji roman gözləyirik. Axı dünya təkcə melanxoliqlərdən ibarət deyil???
17.10.2016. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında yeddinci yazı yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
Ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, qanıyla Tarix yazan, adını tarixə çevirən 26 yaşlı Vətən müharibəsi qəhrəmanı şəhid Azər Nazim oğlu Yusiflinin yarımçıq ömrünün yarısını həsr etdiyi dillərə dastan olan sevgisinə Elegiya…
“Bir gün Süleyman peyğəmbər yol gedərkən belində torpaq daşıyan bir qarışqaya rast gəlir. Torpağı hara daşıdığını soruşur qarışqadan… Qarışqa cavab verir: mən birinin eşqinə tutulmuşam. O mənə deyir ki, əgər sevgində doğrusansa, onda bu təpənin torpağını qarşıdakı təpəyə daşı. Süleyman peyğəmbər gülür: Axı, sənin ömrün yetməz bir təpənin torpağını o birinə daşıyasan. Təpəni yerindən eləməyə bir qarışqa ömrü bəs eləməz. Qarışqa cavab verir: Bilirəm, ömrüm yetməz. Amma onu da bilirəm ki, ömrüm bir eşqin cəfasını çəkməkdə keçəcək.”
Nə qutsal bir eşq… Nə fədakar bir ömür, İlahi… Bütün ömrünü bir eşqin cəfasına həsr etmək… Bunun adı nə sevgi, nə də fədakarlıq deyil. Bu duyğuların adı yoxdu dilimizdə… Bir ömrün buna yetməyəcəyini bilə – bilə ağır olduğu qədər də müqəddəs yükü daşımaq… və sevgisinə, sevdiyinə ilahi sədaqət… İzaholunmaz bağlılıqdı… Mənim qəhrəmanlarım – Azərlə Songülün yaşadığı ilahi məhəbbət, bağlılıq kimi…
Azər… Yusifli Azər Nazim oğlu… Vətən Müharibəsi Qəhrəmanı…
Azər – ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, son damla qanına kimi düşmən hücumuna mərdliklə sinə gərən, qanıyla tarix yazan, adını tarixə yazan, azad etdiyi 26 ərazidə şanlı Azərbaycan bayrağını ucaldan 26 yaşlı Cəsur Qəhrəman…
Azər – Songülün Qəhrəmanı… Ona həyatının bütün ilklərini yaşadan Böyük Sevginin Adı…
Azər – toy mağarı qurulmamış, xonçası bəzənməmiş, şaxı qalxmamış, xınası islanmamış, sevdalısı gözü yaşlı, arzuları yarı yolda, taleyi yarımçıq qalmış, Vətənin azadlığını bütün arzularından uca tutan, şəhadətiylə ürəklərdə Ucalan Qəhrəman…
Azər – yarımçıq ömrünün tən yarısını həsr etdiyi böyük sevgisini Vətən boyda ürəyində özüylə əbədiyyətə aparan Azadlıq sevdalı Şəhid…
Bu dünyaya gələn hər bir insanın son mənzili olur. İnsanların yaşamına, ömür yoluna nəzər saldıqca bəzən adama elə gəlir ki, sanki hamı bir-birinin yaşamını təkrarlayır… Amma Azər Yusifli gənc yaşında bənzərsiz bir ömür yaşadı və mən düşünürəm ki, onun ömrü bu məmləkətdə nəsil-nəsil insanlardan ötrü bir örnək, əvəzsiz bir nümunə olacaq – namus, qeyrət, şərəf, ləyaqət, kişilik, mərdlik və fədakarlıq nümunəsi…
Bu dünyada insanlar bir-birinə oxşadığı kimi talelər, sevgilər də bəzən bir – birinə bənzəyir. Amma Azərlə Songülün bağlılığı heç kimi təkrarlamayan bir bərabərlik, bir ilahi sevgiydi, ki, elə sonu da bənzərsiz oldu…
Nakam ömrü bənzərsiz olan Azərin taleyi, o böyük ürəyində daşıdığı ülvi sevgisi də bənzərsizliyi ilə ürəklərdə iz saldı, ürəklərə Azərin yoxluğu böyüklükdə dağ oldu… Nişanlısı – ömrün gənc çağında gül kimi açılmaq yerinə bənövşətək boynunu bükən Songül xanım Azərin yoxluğuna hələ də heç cür inana bilmir. Yazır ki: “Azər! Sən “istiqamət Zəngilan, istiqamət Zəngilan” – deyərək gülə – gülə getdiyin Zəngilanın mən adını belə çəkə bilmirəm. Bilmirəm ki, gedə bilərəmmi o torpaqlara nə vaxtsa? Nə üçün gedərəm… Bəlkə də bir ümid aparar – Səni taparam deyə… Son nəfəsini verdiyin yerdə qoxlayam torpağı, arayam, axtaram Səni gözüm qanlı yaşlarla…” Songül xanımın Azərli xatirələrini hönkürtüsüz dinləmək, yazdığı gündəliyini sakit tonla oxumaq olmur. Qəhər bir tikə yavan çörək kimi boğazımda düyünləyir, udquna bilmirəm.
Vətən savaşının bitdiyi, Ermənistan tərəfin kapitulyasiyaya – təslimolma aktına əyilməyə məcbur olduğu gün, müzəffər ordumuzun rəşadətlə, üzüağ, alnıaçıq qələbə çaldığı gün, Azərin – Azərlərin müqəddəs ruhunun rahatlıq tapdığı gün – 10 noyabr tarixdə Songül xanım Azərə yazır: “Bu gün Sənin qanınla yazdığın tarixdir, Azərim! Zəfərin mübarək! Sənin bəylik paltarın ucaltdığın bayrağın oldu… mənim borcum isə son nəfəsiməcən Sənin adına, sevginə – Sənin ucalığına layiq yaşamaq… Əgər bunun adı yaşamaqdırsa… Mən Sənin qəlbində getdim, Sən mənim qəlbimdə yaşayırsan. İndi ölən kimdi, yaşayan kimdi, Sevdiyim?! Əbədi həyatda qovuşacağıq, Azərim!”
Songülü dinlədikcə, gündəliyini oxuduqca bir daha ürəkdən inanıram ki, bu Vətənin bayrağını ucaldan Azər Yusifli kimi mərd, qeyrətli oğullardırsa, bu xalqın başını ucaldan İlhamın Fərizəsi, Mehdinin Mələyi, Azərin Songülü kimi qar kimi tərtəmiz, namuslu, ləyaqətli, şərəf mücəssəməsi olan, sevgisinə, Sevdiyinə son nəfəsinəcən sadiq qalan sədaqətli qızlarımızdır… Və bu xalqın hərb meydanında dünyaya meydan oxuyan Azərləri cəsarət, qeyrət məktəbidirsə, Songülləri əhdinə vəfa örnəyi, ülviyyət rəmzi, sədaqət simvoludur. Belə övladlar yetirən xalqı heç nə məğlub edə bilməz…
Nakam eşqi, ayrılığı, lap elə bədbəxtliyin özünü də ünvanladığın Eşqin – aşiqinin xatirinə əzizləyib oxşamaq, Dərdi Alın yazısı kimi sinəyə çəkməyi bacarmaq da bir cür böyüklükdü.
Mən Səni Sənin özün qədər duyuram, hiss edirəm, anlayıram, Songülüm… Heç kəsi nigaran qoymamaq üçün o məsum çöhrənə qondurduğun təbəssümün altındakı üzündə özünə “qum şırımı” kimi iz açan kədəri, gözlərində gizlətdiyin nisgili, başını hər qaldırıb işıqlı dünyaya baxanda göylərə bülənd olan ahını… hamısını duyuram.
Əzabdı bu dünya başdan, binadan,
Yalandı baharın çiçəyi, gülü.
Sənin məzarının üstə gəlirəm,
Ürəyi qubarlı, boynu bükülü.
Qaldıra bilmirəm kirpiklərimi,
Durub göy üzünə boylanım, baxım.
Bir zaman qartal tək uçardın orda,
İndi o səmaya ucalır ahım…
Mən Sənin təkcə Azərli xatirələrini, danışdıqlarını, gündəliyinə yazdıqlarını yox, yazmadıqlarını da “oxuyuram” – hiss edirəm… Və hərdən mənə elə gəlirdi ki, bu cümlələrin arxasında “Ürəyimin içində diş ağrısı kimisən, Azər” deyə pıçıldayırsan…
Gedənlər özləri ilə bərabər hər şeyimizi apardı, Songül! – ruhumuzu, üzümüzün gülüşünü, ağzımızın dadını… hər şeyimizi…
Ruhumuzu apardılar – hər şeyə dözən, səbir eliyən quruca canımız qaldı… Canımızı dişimizə tutub yaşamağı öyrəndik…
Üzümüzün gülüşünü apardılar – Guya ki güldük… yıxılmadığımızı, ayaqda olduğumuzu göstərmək üçün güldük… İçimiz ağlayırdı əslində…
Gözümüzün işığını apardılar – İşıqsız qaldıq. Qaranlıqda qoydular bizi, qaramatdan xilas olmağa səndələyə – səndələyə yol axtardıq…
Dilimizin sözünü apardılar – Bu boyda insan dənizinin içində ruhumuz tənhalaşdı, bir kəlmə kəsə bilmədik bir Allah bəndəsiylə…
Hənirtimizi apardılar – canımıza titrətmə düşdü. Ağrı içimizdə ocaq qaladı, yandıq, külümüz çıxdı. Amma o ocağın isinmədik istisinə, kor olduq tüstüsünə…
Ağzımızın dadını apardılar – bu dünyanın aşını, daşını, şəkərini, zəhərini yedik, şirinin – acının, heç nəyin fərqini, dadını bilmədik.
Biz səninlə hələ görüşməmişik. Səni görməmişəm, əllərinə toxunmamışam, Songül bacım! Amma o pak ruhunu, nisgilli ürəyinin içindəkiləri vərəq – vərəq oxumuşam. Və elə bir ilahi doğmalıq hiss etmişəm ki, görmədiyim gözlərindəki həsrəti, buz bağlamış əllərindəki həniri duymuşam. Elə məhrəm olmusan ki, içimə.
Bu dünyada tək canına bütöv bir sevgi yükünün altına çiyinlərini təslim etmək, bu yüklə sevməyi bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi…
Bu dünyada təkbaşına Biz olmağı bacarmaq və o “Biz”i qorumaq – Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaq, Azəri ürəyində, ruhunda, sevgində yaşatmaq deməkdi…
Mən Sənin bu müqəddəsliyin, təmizliyin, paklığın, sədaqətin, nurlu üzün və böyük ürəyin qarşısında baş əyirəm,Songülüm!
Doğum günündü bu gün Sənin… Gündəliyində yazırsan ki, “Hər il 00:01-də aldığım təbriki bu il ala bilmədim. Mən Sənsiz qeyd etdiyim ad günlərimi xatırlamıram ki, Azər… Bu ad günün tam fərqli olacaq, – demişdin. Bu qədər fərqli olacağını düşünmürdüm. Şahdağa gedəcəyik, demişdin… Ordakı bütün qarlar, buzlar mənim ürəyimə doldu, sevdiyim… Telefon alacam sənə, demişdin… Telefon nəyimə lazım, mən bir ömür Sənin səsinə həsrət qaldım… Mən səndən sonra heç böyümədim… Mən də oktyabrın 21-də Səninlə getdim bu dünyadan, Sən cismən, mən isə ruhən yoxam bu həyatda… Səndən sonra nə yaşaya bildim, nə də ki ölə… Qaldığım arafın adını belə bilmirəm, Sevdiyim…” – Doğum günündə Sənin Azərə yazdığın bu cümlələr sətir-sətir iliklərimə qədər üşütdü ruhumu… Dünyam dağıldı… parça-parça oldum, Songülüm… Doğum günündə adamı təbrik etmək üçün nəsə arzular deyərlər… Mən ömrü boyu sözlə işləyən adam Sənə demək üçün bir kəlmə söz tapa bilmədim, Songülüm… Bütün günü bir yanıqlı nəğməm içimdə qovruldu:
Tutalım ki, mən aşığam…
Axı necə saz çalım…
Mizrab qırıq, tellər sınıq…
Barmaqlar qan içində…
Qarşınızda danışmağa sözlərimiz də acizdir… Bu gün bütün qəlbimlə anlayıram ki, şəhid olan təkcə bayrağa büküb torpağa əmanət etdiyimiz Azər deyil, o Azərin bizə əmanət etdiyi sevdalısı da şəhiddi… Şəhidlik məqamı təkcə Vətən yolunda canından keçmək deyil… Şəhidlik həm də torpağa əmanət etdiyin yarınla bərabər, xoşbəxtliyini, arzularını, bütün işıqlı gələcəyini Vətənin qaranlıqdan xilas olması üçün fəda edə bilməkdi… Vətəni Məcnuntək sevən Oğulların Leylalarının qarşısında son nəfəsimizədək minnətdarıq… Udduğumuz hava üçün, gəzdiyimiz torpaq üçün, başını sığalladığımız körpələrimiz üçün Sizə minnətdarıq… Haqqınızı halal edin, məmləkəti işığa çıxarmaq üçün ömrünü qaranlığa qərq edən Leylalar… Haqqınızı heç zaman ödəyə bilməyəcəyik, Azərin Songülü… Azərin qoxusuna doya bilmədiyi Gülü!…
4 yanvar 2021-ci il…
*****
*****
Bildim qəmini sənin ki, çoxdu,
Qəm çəkməyə bir hərif yoxdu…
Gəldim olam qəmin hərifi
Gəl təcrübə eylə mən zəifi…
“Leyli və Məcnun” poemasındakı bu misralar həm o talehsiz Məcnuna, həm ömrü külə dönmüş Leyliyə, həm də elə Füzulinin özünə aiddi. Füzuli bu dünyanın yiyəsiz qəminə yiyə durmağa, öz xoşuna “qəmin hərifi” olmağa gəlmişdi…
Bu qəmlər ki, mənim vardır, bəyirin başına qoysan,
Keçər kafər cəhənnəmdən, gülər əhli – əzab oynar…
-yazır Füzuli. “Bəyir” – dəvəyə deyirlər. “İncil”də də, “Tövrat”da da belə bir məqam var: “Dəvə iynənin gözündən keçərsə əgər, günah əhli, kafirlər yalnız o zaman bağışlanar.” Uşaq vaxtı Füzulini oxuyanda o böyüklükdə beytin mahiyyətini anlamamışdım. Sonra təsadüfən İncildə qarşılaşanda elə bil məni ildırım vurdu: Füzulinin Qəm yükü nə qədər böyükmüş, İlahi, deyə pıçıldadım öz – özümə. O qədər böyük ki, onu bəyirin – dəvənin belinə qoyanda bəyiri iynənin gözündən keçirəcək, kafiri cəhənnəmdən çıxaracaq…
Qəm yükü bu dünyanın ən ağır, həm də ən müqəddəs yüküdü…
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Heç görmüsünüzmü qanmazın, hissizin, duyğusuz – duyarsızın birinə Allah dərd verə? Görə bilməzsiniz… Çünki Dərd o qədər müqəddəs şeydir ki, Allah onu da qanana – seçdiyi bəndəsinə – dərd qədri bilənə verir. Verir, sonra o dərdin Adamın üzündə necə şəkilləndiyinə, bəndəsinin o Dərdi sevdiyi yar təkin əzizlədiyinə – canının parçası kimi sahib çıxdığına Allah özü də məəttəl qalır…
… Mənim kəşf elədiyim, ruhunu oxuduğum, kədərini sətir-sətir içimə çəkdiyim, acısını bütün varlığımla hiss elədiyim, öz dünyamda müqəddəsləşdirdiyim Songül xanım məhz Allahın belə seçdiyi bəndəsidi – Seçilmişlərdəndi, zərif çiyinlərini səssiz-səmirsiz qəm yükünə təslim edənlərdəndi…
Hamı kimi yaşamağa, hamı kimi olmağa nə var ki?! Hamının görmədiyini görməkdi Songül olmaq…Yaşadığın, nəfəs aldığın halda əslində yaşamamaqdı, sevdalısının bayraq örpənmiş torpağına hopmaq, ruhən köçməkdi bu həyatdan Songül olmaq… Adamların var olanları sevməyə təpəri yox ikən, bəxtinə yazılan yazını – Azərini yoxluğunda belə sayğıyla yaşatmağı bacarmaqdı Songül olmaq… Bütün ömrünü Azərin anası Yeganə xanımın çöhrəsində bircə kərə də olsa təbəssüm yaratmağa həsr eləməkdi, ömrünü Şəhid yarına fəda eləməkdi Songül olmaq…
Bu ömrü yaşamaq həm də əzabdır və Songül bu taledən qaçmağa çalışır, əslində. Amma nə qədər qaçırsa, yenə də Ona doğru gedir. Qaça bilmədiyi tale o böyük ürək, mənəviyyat sahibini ömrünü həsr elədiyi ən böyük Həqiqətlə üzləşdiyi yerə gətirib çıxarır. Ölüm bu dünyanın ən böyük həqiqətidi… Songülün nakam ömrü beləcə başlayır. Bu ömür ona dünyanı hamının gördüyü kimi görməyə imkan vermir. Daha duyarlı olmaq daha çox əzabla yaşamaq deməkdir.
Barışmaq nə qədər çətin olsa da, bu, Songülün taleyidi. Bu ömrün səfası, rahatlığı, dincliyi yoxdu, bu ömür başdan başa cəfadı, hər anı, hər dəqiqəsi dərddi, əzabdı, taleylə vuruşdu, döyüşdü, uzun bir yolda ağır-ağır addımlayan qəm karvanıdı…
“Mən bütün həyatımı, xəyallarımı Səninlə və Sənə görə qurmuşdum, Azər… Gedişinlə hər şeyimi apardın. Bir saat sonra, bir gün sonra nə edəcəyimi bilməyəcək qədər çarəsizəm. Kaş məni Allaha tapşırdığın kimi, özümə də nə edəcəyimi tapşırıb gedərdin. Sözündən çıxmazdım ki… Sənsiz hər şeyimi itirmiş limansız gəmi kimi dənizin ortasında qalmışam…
Həyatım dediyin insanı itirəndə… itirdiyin təkcə O olmur… Bütün ümidlərini, arzularını, xəyallarını, gələcəyini itirir insan… Əlində yerlə bir olmuş, çiliklənmiş dünya, sıfırlanmış həyat qalır… Sonra uzun-uzun düşünürsən, heç bir çarə və ümid işartısı tapa bilmirsən yenidən qurmağa o dünyanı… Bir gün başqa bir aləmdə qaldığımız yerdən davam edəcəyimiz ümidiylə… həyata tutunmağa çalışırsan…
Azər… sirdaşım, can yoldaşım… Üzümü güldürən, acımı dindirən İnsan… Səadəti yarım qalan yarım…Qəhrəmanım… İnsan ən sevdiyi ilə imtahan olunarmış… Səninlə dünya bir nağıl, yuxu idi… Amma biz yuxuda olsaq da, dünya nağıl dünyası deyil ki… imtahan dünyasıdı və sən mənim ən ağır imtahanım oldun…
Həyatımda olduğun hər gün mənim üçün bayram idi… Mən bayramları yox, səni görəcəyim günü həvəslə gözləyirdim. Zaman keçdikcə içimdəki yara daha da dərinləşir…
Sən Vətəni həyatındakı hər şeydən uca tutdun… Təsəllim odur ki, Xocalıdakı körpələrin qisasını aldığın üçün ruhun rahatdır, Qəhrəman Şəhidim… Yarım qalan ömrünüz, canınız, qanınız bahasına da olsa, Vətənimizin ərazi bütövlüyünü bərpa etdiniz… Şükürlər olsun ki, Azərbaycanın qan yaddaşı silindi… amma mənim, minlərlə məni kimi taleyi yarım qalan insanın qan yaddaşı yazıldı…
İndi mənim həyata tutunacaq ən böyük səbəbim bütün acılarımla sığındığım Rəbbim və Sənin ürəklərdə, könüllərdə ən böyük ucalıqda, zirvədə olmağındır…
Bundan sonra mənim yaşayacağım (?!) ömrüm Sənin yolun qədər çətin olsa da, Sənin adını daşıyacağı üçün şərəflidir…”
Bu sətirlər Vətənə Məcnuntək sevdalanan Azərin Songülünün gündəliyindən idi… Özümü qanandan əli kitablı olsam da, indi anlayıram ki, biz bugünəcən bütün duyğuların sadəcə təsvirini oxumuşuq… Songülün yazısında mən yaşanılan duyğuların ağrısı və yaşanılmamış ömrün acısını duydum. Sadəcə kədəri içində çəkən yox, bütün varlığıyla kədəri içinə çəkəndi Songül…
Bu qədər dərdin qabağında İnsan nə qədər böyük ürəyə sahib olar ki, hər gələn bəlanı sinəyə çəkib Tanrıya şükür etməyi bacara!
Oxuduqca Songülün hər sətrində Rəbbinə sığındığını, Allahın hər kəramətinə şükranlıq etdiyini gördüm, onu bir daha ürəkdən alqışladım.
Azərin adına, ucalığına layiq olan bu dəyanətli xanımın, mətin olduğu qədər də şükür eləməyi bacarmaq kimi ilahi bir keyfiyyətə sahib olduğunu gördüm. Şükrə yüksələn insan ilahi firavanlıq qazanır, elə Tanrı qatında sevgili yarının ucaldığı şəhidlik məqamı qədər ali mərtəbəyə ucalır.
Ruhundakı dinmək bilməyən ağrılarını kağıza köçürür Songül… İstisinə isinə bilmədiyi, tüstüsünə kor olduğu, ruhunu darmadağın edən nakam sevgisindən, o sevgini doya – doya yaşamağa qoymayıb araya qəfil hicran salan zamansız ölümdən… yazır. Yazır ki, bəlkə ürəyi boşala… Yazır ki, bir az səbbi alına… Yazır ki, unuda yaşadıqlarını… Amma “unutmağı öyrənmək” istədiyi halda əksinə yazdıqca bütün yaşananları daha da unudulmaz edir, əbədiləşdirir, xatirəyə – Sözə çevirir.
Songülün elə sevgilisi Azər kimi bənzərsizliyi ondadır ki, o, cavan ömrünü gültək solduran, onu bənövşətək boynubükük qoyan vaxtsız Ölümü “qarğımır, daş-qalaq eləmir”, onu alnına yazılan yazı kimi qarşılayır… Sadəcə bir gün əbədiyyətdə qovuşacağı ümidilə təqvimdəki günləri yarpaq-yarpaq ömründən qoparır…
Baharı xəzan olan Gəlin… Arzuları üşüyən Gəlin… Nəfəsi buz bağlayan Gəlin… Bəyaz Gəlinlik paltarı qırmızı bel bağına həsrət qalan Gəlin… Xınası islanmamış Gəlin… Xonçası açılmamış Gəlin… Hələ cehiziylə evini bəzəməyə, yuvasını yapmağa macal tapmayan Gəlin…
Qara paltarlı Gəlin… Yollara dikilən gözləri nəmli, hicran yükü daşıyan yorğun çiyinli, köksü param-parça, ürəyi qəmli Gəlin… Gözlərinə baxa bilmədiyim Gəlin… Adını çəkməyə nitqimin lal olduğu Gəlin…
Nə qutsal bir eşq…
Sevdiyinin adı, əmanəti kimi qoruduğun o uca alnından öpürəm! Bacarsan, bizi bağışla… Beşik yırğalaya bilmədiyin üçün bizi bağışla, sevginizin meyvəsi kimi pöhrələyəcək Sevgi adlı bir Nur parçasına Ana ola bilmədiyin üçün bizi bağışla! Bayramlarını qızıl gülə qərq edən oğlanın gənc ömrünü xarıbülbülün ömrünə fəda etdiyi üçün bizi bağışla! Üşüyən əllərin, heç gəlməyəcək baharın üçün bizi bağışla! Biz özümüzü bağışlaya bilməyəcəyik amma…