ZAUR USTAC – OBRAZIN ÖZÜ

Zaur ustac, şair-publisist.

DOQQUZUNCU YAZI

     Kimdir Balayar SADİQ? – Bu suala cavab vermək üçün zəhmət çəkib araşdırma aparmağa, nəyisə axtarmağa zərrə qədər də necə deyərlər, -“ iynənin yıldızı qədər də olsun” – ehtiyac yoxdur… Sadəcə olaraq götürüb müəllifin bir neçə bənd şeirin oxumaq lazımdır. Balayar SADİQ hər kəlməsindən boylanan, bu mənəm ha deyən qələm sahiblərindəndir. Balayar SADİQ bəziləri kimi sözün başına çatı salıb, belədən-elə, elədən-belə fırladıb sonda bir yığın sözə şeir adı qoyub, sözü küsdürən, söz əhlini bezdirən əhli-qələmlərdən çox fərqlidir. Yazdıqlarının formasından asılı olmayaraq, hər bir misrasında bu misranın müəllifi Balayar SADİQDİR, deyən bir sehir, bir qüvvə var onun şeirlərində… Balayar SADİQ o qələm sahiblərindəndir ki, kağız-qələmi qarşısına qoyub, söz qovalamır, əksinə kəlmələr sıraya düzülüb, məhz onun qələmindən həyat qazanmaq istəyirlər… Balayar SADİQ dilimizin zənginliyindən, – buna görə xüsusi minnətdarlığımı bildirirəm – məharətlə istifadə edərək, çoxlarının ya bilmədiyi, və ya unutduğu kəlmələri, məsəlləri, yalnız müxtəlif bölgələrə məxsus spesfik ibarələri yerli-yerində işlətməklə dərin məna çalarlarına malik məzmunu iki-üç bəndlik şeirlərdə yüksək ustalıqla çatdırmağı bacarır. Müəllifin bir bənd şeirini oxumaq kifayətdir ki, ortasından Araz axan, yuxarısında qarlı dağlar, aşağısında qumlu çöllər, sağında dəryalar, solunda ormanlar olan, Azərbaycan adlı məmləkətin övladı olduğu aşkara çıxacaq… Balayar SADİQ hər kəlməsində kimliyini gah küləklərin, dalğalı ləpələrin səsiylə  hayqıraraq, gah da tumurcuqların, yarpaqların, çiçəklərin titrəyişi ilə pıçıldayaraq, hərdən də buz bulaqlara qarışan duman-çiskin, narın yağış damlaları və ya tər şəbnəm kimi süzülərək çatdırır bizlərə…. Onu sevə-sevə oxuyan oxuyucularına…. Balayar SADİQ hər kəlməsindən boylanan Vətən oğludur.

Nədən yazır, kimdən yazır, nə yazır axı,  Balayar SADİQ? – Söhbətin bu yerində vəziyyət bir balaca  qəlizləşir. Şübhəsiz ki, hər bir  kəlməsində, misrasında nə demək istədiyini ən düzgün və dəqiq müəllif özü bilir. Hər bir deyilmiş, yazılmış söz həmin məqamda qələm  sahibinin halını, mövqeyini bildirir. Ancaq, Balayar SADİQİN ustalığı ondadır ki, onun yazdıqlarını oxuyan yarından xəbərsiz, narahat, çaşqın, üzgün sevgili, ata-ana üçün darıxan övlad, bala xiffəti çəkən valideyn, tənhalıqdan qovrulan fərd, kimsəsiz qalmış körpə, elindən-obasından olmuş didərgin, illərdir heç nə yox, bircə şəhidinin nəşinə qovuşub onu  dəfn etmək arzusuyla yaşayanlar, bir parça çörəyə, bir isti ocağa möhtac olanlar, hər şeyi, özünü, gündəlik təlabatını unudub,  param-parça olmuş  məmləkətin taleyini düşünənlər, ən maraqlısı odur ki, eyni zamanda bütün yuxarıda sadaladıqlarımız və sadalaya bilmədiklərimizlə yanaşı tamamilə əks qütbdə dayanmış, bütün məsələlərdə zəfər şərbətindən bihuş olanlar da hər kəlmədə öz hiss və duyğularını görə bilir. Bir bənd şeiri min əhvallı oxucu oxuyur, hamısı da düşünür ki, məhz bu sözlər onun üçün deyilib. Söz sənətində ustalıq, ədəbiyyatda təqdim etmə bacarığı – obrazlılıq – məhz budur. OBRAZLI DESƏK, OBRAZIN ÖZÜDÜR Balayar SADİQ.

Balayar Sadiq – şair.

Dəyərli şairimizin hansısa bir misrasını və ya  bəndini misal gətirib, digərlərini özümdən incik salamaq istəməzdim. Məncə, yuxarıda deyilənlərdən sonra buna heç ehtiyac da yoxdur. Həm də heç doğru olmaz ki, bir bənd misal gətirib, qeyd edəsən ki, şair burada bunu demək istəyib. Çünki, yenə vurğulamaq istəyirəm ki, hər kəlməsində nə demək istədiyinin doğrusunu  yazanın özü bilir. Ona görə də Siz imkan daxilində  Balayar SADİQDƏN bir bənd şeir oxuyun, görəcəksiniz ki, o həqiqətən məhz sizin hisslərinizi tərənnüm edib. Yeri gəlmişkən onu da qeyd edim ki, müəllifin bu yaxınlarda  Xalq şairi Fikrət QOCANIN redaktəsi ilə  işıq üzü görmüş, yeni, “PAYIZ MƏKTUBLARI“ kitabı bu baxımdan zəngin və oxunaqlıdır.

Məncə, bu qədər kifayətdir, dəyərli oxucum. Oxuyun, zövq alın, dincəlin, yüngülləşin, unudun bu dünyanı… Baxın, görün başqa necə dünyalar var… Özündən başqa birisinin yazdığını oxumaq, – tanıdın- tanımadın fərq etməz- onunla həmsöhbət olmaq, onun dünyasına səyahət etmək deməkdir. Hamınıza yeni-yeni dünyalar kəşf etmək arzu edirəm. Oxuyun, kəşflər edin, dünyanızı zənginləşdirin, gözəlləşdirin… Hər bir yeni kəşf, yeni dünya, hər yrni dünya isə növbəti bir gözəllik deəkdir. Nəsibiniz ancaq gözəlliklər olsun.

 13 .01. 2017. Bakı.


QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında doqquzuncu yazı yazı kimi müstəqil məqalə şəklində yer almışdır.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir