
Öncə söz vardı…
2-ci hissə
Şair Həbibi (Sultanüş-Şüəra, Şairlər Sultanı)
Əsl adı Gürzəddin, təxəllüsü Həbibi olan şair Göyçayın Bərgüşad kəndində (qəsəbəsində) doğulub.Bəziləri deyəcəklər, Bərgüşad Ucardadır axı.Xeyr, Həbibi doğulandan təxminən 469 il sonra Ucar rayonu yaranıb.O kəndlər ta qədimdən Göyçay nahiyəsinə, daha sonra isə Göyçay qəzasına aid olub, yəni tarixi kontekst baxımından kobud səhvdir Ucar yazmaq.
Həbibinin Azərbaycan hökmdarlarından Ağqoyunlu Sultan Yaqubun dövründə yaşamaqla, çobanlıq etdiyi bizə məlumdur. Bu haqda məşhur bir rəvayət də günümüzə qədər gəlib ki, bu da şairin Sultanın müasiri olduğuna işarədir.
Bir gün Sultan Yaqub şikara çıxdıqda bir çobanın sürü ilə qoyun otardığını görür.Quzuların yiyəsini öyrənmək üçün mülazimlərindən birisini çobanın yanına göndərir.Mülazim (yavər) Həbibidən soruşur:
-Bu quzular kimindir?
-Qoyunların
-Bu kəndin böyükləri kimlərdir?
-Öküzlər və camışlar
-Mən insanları pişvaz edən böyükləri soruşuram
-İtlər və köpəklər
Mülazim qəhərlənərək türkcə deyir:
-Eh, nə çapaydım səni!
-Çapa gör ki, yoldaşların getdilər.
Mülazim Həbibinin yanından qayıdır, qəziyyəni Sultan Yaquba ərz edir. Sultan isə bu əhvalatdan çox xoşlanır, Həbibini öz yanına cəlb edir.Gələcək şairin təlim və tərbiyəsi üçün əmrlər verir.Həbibi o gündən Sultanın himayəsində yaşayır, onun vəfatından sonra Şah İsmayıl Səfəvinin məliküş-şüərası olur.Yenidən gerçək adı ilə Gürzəddinbəy çağrılır.
Həbibi həm də ədəbiyyatımızın tacı Füzulinin də mürşidi-kamili olub.Füzuli Həbibinin kəlamlarına olan heyranlığını gizlətməyib.
Gər səninçün etmiyəm çak ey güli-nazik bədən,
Qəbrim olsun ol qəba əynimdə pirahən kəfən.
mətləli qəzəlin tamamını böyük Füzuli təxmis etməklə rəhmsiz ruzgarın çəngindən xilas edərək bu günə kimi qoruya bilib.
Çaldıran savaşı olmasaydı Həbibi də aləmdə məşhur şair olardı, zira bu döyüşün şahidi olmuş Həbibi bu olaydan sonra el-obadan dərbədər düşür, necə deyərlər isti aşına soyuq su qatılır, güzəranı təlx olur.
Həbibini qarşıda isə yorucu səyahətlər gözləyirdi.
Səhvən müxəmməs kimi şöhrət tapan məlum təxmisi “Füzuli divanı” nda yer alıb.
M.Füzuli:
Ta cünun rəxtin geyib tutdum fəna mülkün vətən,
Əhli-təcridəm qəbul etməm qəbaü pirəhən.
Hər qəbaü pirəhən geysəm misal qönçə mən.
Həbibi:
Gər səninçün qılmıyam çak ey büti-nazik bədən,
Gorum olsun ol qəba, əynimdə pirahən kəfən.
M.Füzuli:
Gərçe sövdayi-sər zülfündəyəm zarü zəlil,
Keçmən ol sövdadən olduqca məna ömr təvil.
Sanma tərk etdim bu sövdanı gər olsam mən qətl.
Həbibi:
Çıxmaya sövdai-zülfün başdan, ey meh, gər yüz il,
Üstüxani-kəlləm içrə dutsa əqrəblər vətən.
Əslində, Həbibi Füzulidən yarım əsr əvvəl vəfat edib.Şəmsəddin Sami yazırdı ki, hicri 918 ilə 926 arasında olub.Füzulinin təvəllüdü isə hicri 910- cu ildir.Deməli, Həbibi vəfat edəndə Füzuli 12-15 yaşlarında yeniyetmə idi.
Haşiyə:
(Şəxsən mən Turan Uğura görə yuxarıdakı rəqəmlərdə qeyri-dəqiqlik var, əgər Həbibi Çaldıran döyüşünü görübsə, ki səyyahlar, tədqiqatçılar bir ağızdan deyirlər ki, görüb, deməli, şairin Füzulidən 50 il öncə vəfat etməsi düz alınmır.Miladi təqvimlə 1556-cı ildə vəfat edən Füzuli və 1514-cü ildə baş vermiş Çaldıran döyüşü: məsafə 42 il düşür, yəni Həbibi vəfat edəndə Füzulinin ən azı 20 yaşı olub, ən çoxu isə 26.Hər halda, əsas odur ki, Füzulinin Həbibinin müasiri olduğu dəqiqdir)
Həbibinin vəfatı ilə bağlı Övliya Çələbi daha geniş bilgilər verib.Onun dəlillərinə görə şairin məzarı Südlücə qəsəbəsində Cəfərabad təkiyəsindədir.Həmin təkiyəni Övliya xeyli öymüş, sən demə, nəqqaş Ağa Rza divarına siyah qələmlə bir vəhşi dağ keçisinin surətini qaya üzərinə elə gözəl həkk etmiş ki, Behzad və Mani də belə təsvir yaratmaqda aciz görünərlər.Yəni, Həbibi böylə nəfis bir təkiyə içərisində əsrlərdir ruhən dinclik tapmaqdadır.
Ruhuna dinclik, ey gözəlim Göyçayın fəxri, şairlər sultanı Gürzəddinbəy Həbibi!
05.05.2024
(Həbibi haqqında yazımda Salman Mümtazın, Övliya Çələbinin, Şəmsəddin Saminin dəlillərinə, araşdırmalarına istinad etmişəm)
MÜƏLLİF: TURAN UĞUR
“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru