Zaur Ustac “İşıq” adlı yeni kitabının nəşr olunması münasibətilə “Ziyadar” Mükafatını xanım İlhamə Nasirə təqdim edərkən (27.12.2022. Bakı şəhəri, AYB “Natəvan” zalı).
Fərhad Ramiz oğlu Əsgərov 24 dekabr 1960-cı ildə Bakı şəhəri, Mərdəkan qəsəbəsində anadan olub. Hazırda Mərdəkan qəsəbəsində yaşayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
VİCDAN VƏ NƏFS
Sentyabr ayında bütün qonşu uşaqları hamısı məktəbə getdi. Fazilin isə yeddi yaşı tamam olmadığı üçün onu məktəbə yazmamışdılar. Ağlamaqdan özünü saxlaya bilmirdi. Gözləri şişib almaya dönmüşdü. Dəli kimi olmuşdu. Necə ola bilər ki, bapbalaca Natiq məktəbə gedir, məni isə götürmürlər. Ürəyi partlayırdı.
Bir dəfə beş yaşı olanda qonşunun oğlu onu özü ilə məktəbə aparmışdı. Zəngin səsindən elə xoşu gəlmişdi ki, düz bir ay ərzində kimi görürdüsə, o haqda danışırdı.
Fazil həyətin ortasında, tozun-torpağın üstündə oturub ağlayırdı. Səsinə qonşu Səmayə və Ballı xala da gəldi. Onların ikisinin də oğulları məktəbə gedirdilər. Fazil də məktəbə getməyi, zəng vurulan kimi sinfə girməyi, müəllimin qarşısında oturmağı, suala cavab vermək və dərsi danışmaq üçün uça-uça əl qaldırmağı elə istəyirdi ki! Məktəb onun üçün müqəddəs bir yer idi, müəllimə isə, əstəğfürullah, Allah kimi baxırdı. Buna görə də, məktəbə getmək bəlkə də, qonşu uşaqlardan çox Fazilə lazım idi.
Səsini nənəsinə, babasına çatdırmaq üçün daha ucadan ağlamağa başladı. Daha effektli alınsın deyə, oturduğu yerdə iki-üç dəfə özünü qaldırıb yerə çırpdı. Bəlkə bir saatdan çox idi ki, beləcə davam eləyirdi. Nəhayət, qonşu arvadların da təkidi ilə nənəsi onu məktəbə aparmağa razı oldu. Nə qələmi vardı, nə kitabı, nə də dəftəri. Heç məktəbə geyməyə bir düz-əməlli paltarı da yox idi. Nə tapdısa əyninə geyinib, düşdü nənəsinin önünə. O, yerimirdi, sanki uçurdu. Məktəb yolunda qarşısına çıxan məhlə uşaqları biri ona qələm, biri dəftər verdi. Məktəbin qarşısında onları ilk qarşılayan Ağamalı müəllim oldu. Nənəsi məsələni müəllimə danışdı. O da Fazili öz sinfinə götürdü. Beləcə, Fazilin məktəb həyatı başladı. Fazil də bütün birincilər kimi elə bilirdi ki, müəllim çörək yemir, müəllim…
Fazil bir anlıq xəyala daldı. Xəyalı onu məktəb illərinə apardı. O, düşündü: “Onda biz məktəbə təhsil almağa gedirdik. Məktəb təhsillə bərabər təlim-tərbiyə, əxlaq da aşılayırdı. Həyatımızda məktəbin böyük rolu var idi. Məktəbin son siniflərində təhsil alırdım. Ədəbiyyat müəllimimiz Əhməd müəllim idi. Yaxşı yadımda deyil, mövzu nə idi, amma o yadımdadır ki, hansısa əsər haqqında danışırdı. Burada əsərin qəhrəmanını bir vicdanlı, ədalətli insan kimi xarakterizə edirdi. O zaman müəllimə sual vermişdim:
– Müəllim, bu vicdan nə olan şeydi?
Arxadakı partadan başqa bir şagird də əlavə etdi ki, heç onu görən də olmayıb.
Qocaman müəllim bir az susub dedi:
– Oğlum, onu görmək lazım deyil, o hər kəsin içində olmalıdır. Vicdan kiminsə kənardan bizə baxdığını, göz qoyduğunu deyən daxili səsdir. Sən bu daxilindəki səsi eşidə bilirsənsə, sənin içində demək bir ədalət hissi var. Və bu səsi eşidib nəfsinə qalib gələ bilirsən, halalla haramı ayıra bilirsən. Acgözlük, artıq nəfslik heç bir insana başıucalığı gətirməz. Vicdan insanın şərəfi, ləyaqətidir. O insanlarda məncə, bu şəkildə təzahür eləyir. Şərəfli, ləyaqətli insanlar da həmişə insan cəmiyyətində sayılan-seçilən olublar. Bu mənim şəxsi qənaətimdir”.
…Fazilin artıq əlli yaşı var idi. O, rayonun ən gözəl restoranlarından birində iyirmi il idi ki, inzibatçı işləyirdi. Rayonun başqa restoranlarından fərqli olaraq, bu restorana çox imkanlı adamlar gələrdi. Restorandakı yeməklər dadlı, ləziz bişirilərdi. Fazilin burada böyük hörməti var idi. Restorana gələnlər həmişə onunla səmimi görüşür, hal-əhval tuturdular. Hətta onu öz stollarına dəvət edənlər də olurdu.
Restorana ayda bir dəfə, eləcə də bayramlarda altı nəfər məktəb direktoru yeyib-içməyə gələrdilər. Onlardan beş nəfər orta məktəb direktoru, bir nəfər isə internat-məktəbin direktoru idi. Necə deyərlər: taylı-tayını tapmışdı. Möhkəm dost idilər. Aralarından su keçməzdi. Ad günlərində, bayramlarda, müəllim günündə bir yerə yığışıb yeyib-içir, şənlənərdilər. Üçü qadın idi, üçü kişi. Yeyib-içib beyinləri xumarlandıqdan sonra öz “qəhrəmanlıqlarından” ağızdolusu danışmağa başlayırdılar.
Belə xoş günlərdən biri idi. Məktəb direktorlarından biri Fazili də onlarla birlikdə oturmağa dəvət etdi. Fazil bir neçə saat ərzində burada nələr görmədi, nələr eşitmədi. Məktəb direktorlarının içkinin təsirindən kefləri durulmuşdu. Birinin masanın o başından səsi eşidildi: “Bu ay beş min manat qazanmışam”. O biri isə başqa həmkarına deyirdi: “Gəlib-gedənlərə bu ay altı yüz manat vermişəm”. Bir başqası isə gileylənirdi: “Heç “yuxarıdan” gələn kuratoru demirsən? Ən böyük “rasxod” elə ona gedir”.
515 nömrəli orta məktəb rayonun ən böyük tədris ocaqlarından biri idi. Məktəbdə üç mindən çox şagird təhsil alırdı. Burada çox savadlı müəllimlər çalışırdı. Müəllimlər şagirdlərə bilik və bacarıqların mənimsədilməsi üçün var qüvvələrini sərf edirdilər. Müəllimlərin təşəbbüsü ilə məktəbdə rəngarəng tədbirlərin keçirilməsi də ənənə halını almışdı. Düzdür, şagirdlərin əksəriyyəti dərs oxumasalar da, məktəbin az sayda savadlı şagirdləri olimpiadalarda, yarışlarda qalib olur, bununla da məktəbin adı yaxşı məktəblər sırasında çəkilirdi. Hər il məktəbin məzunlarının bir neçəsi ali məktəblərə qəbul olunmaqdan ötrü yüksək bal toplayırdı. Bu isə müəllimlərin və valideynlərin böyük əziyyəti hesabına başa gəlirdi. Tədris ocağında əsas idarəçilik işlərini direktor müavinləri aparırdı. Məktəbin direktoru Marat müəllim isə kollektivə nəzarət edirdi. Savadlı müəllimlərin və şagirdlərin nailiyyətlərinə görə Marat müəllim dəfələrlə fəxri fərmanlara layiq görülmüşdü. Onun rəhbərlik metodu yuxarılarda başqalarına nümunə kimi göstərilirdi. Yaşı əllini haqlamışdı.
515 nömrəli orta məktəbin direktoru Marat müəllim lap xumarlanmışdı. Bəs necə? Dost məclisi idi axı. Sol əlini ağ örtüklü masanın kənarına dayaq verib ayağa qalxdı:
– Dostlar, – dedi. – Allahdan gizlin deyil, sizdən niyə gizlin olsun. Sevgilimin ad günü yaxınlaşırdı. Onu da deyim ki, onu çox sevirəm. Direktoru olduğum məktəbdə müəllimə işləyir.
Bunu eşidəndə qadın direktorlar bic-bic gülümsəyərək bir-birilərinə göz vurdular. Marat müəllim onların bu hərəkətini görüb şit-şit hırıldadı və sözünə davam elədi:
– Hər ad günündə ona üç dənə yüzlük verirəm. Düzdür, pulum vardı, amma onu bu işə xərcləmək istəmirdim. Götür-qoy eləyirdim ki, bu pulu haradan çıxarım. Səhər kabinetdə oturmuşdum. Bir valideyn əsəbi halda içəri girdi və hay-küylə dedi ki, dünən oğlum fizika dərsində dəcəllik eləyib deyə, müəllim onu vurub. Valideyn fizika müəlliminin dalınca asıb-kəsirdi. Mən isə öz aləmimdə idim, plan qururdum. Valideyni birtəhər sakitləşdirib stula əyləşdirdim. Dedim ki, oturub bütün bunları şikayət ərizəsində yazsın. Ərizəni yazdırıb valideynə təsəlli verib dedim ki, siz arxayın olun, o, mütləq cəzasını alacaq. Valideyn getdikdən sonra tez fizika müəllimini yanıma çağırdım, ərizəni qarşısına qoydum. Oxudu, az qaldı dili-dodağı qurusun. Hədə-qorxu gəlib dedim ki, sən neyləmisən? Valideynin ağzından od püskürürdü, səndən yuxarılara şikayət edəcək. Yazıq bir hala düşdü ki, görməsən inanmazsan. Başladı yalvarmağa. Başa saldım ki, ay yazıq, işdən çıxarılmağın cəhənnəm, hələ o biri tərəfini düşün. Şagirdi vurduğuna görə hüquq-mühafizə orqanları səndən bilirsən nə qədər pul alacaq? Bunu eşidəndə az qaldı bədbəxti infarkt vursun.
Marat müəllim danışır, danışdıqca da lap coşur, gözləri pələng gözləri kimi parıldayırdı. Amma heç düşünmürdü ki, bu yazıq müəllim alacağı cüzi əməkhaqqını səbirsizliklə gözləyir və əməkhaqqı ilə düz bir ay ailəsini dolandıracaq. “Toxun acdan nə xəbəri”. İndi müəllim odla su arasında qalmışdı. Müəllim haradan biləydi ki, qarşısındakı İblis ona tələ qurub. İşini itirəcəyi qorxusu onu vahimələndirirdi. Öz-özünə düşünürdü ki, gərək o uşağa əl qaldırmayaydım. Axı, bu dəcəl və yaramaz uşaq onu ələ salmışdı, qüruru ilə oynamışdı. Yenə də özünə haqq qazandırmırdı, çox peşman olmuşdu. Amma…
Marat müəllim bayaqdan tüstülənib külü masanın üzərinə tökülən siqaretinə bir qullab vurub, tüstünü tavana tərəf filədi: – Təsəvvürünüzə gətirin, – dedi. – Müəllim qorxusundanmı, hirsindənmi tir-tir əsirdi. Yazıq yalvara-yalvara dedi ki, xahiş edirəm bu işi yoluna qoyun. Mənə də elə bu lazım idi də. Dedim get, iki min manat gətir, işi yoluna qoyum. İki-üç gündən sonra pul stolumun üstündə idi. “Dəcəlin” valideynini çağırıb onu təqsirkar çıxartdım. Dedim ki, bu nə uşaqdır tərbiyə eləmisiniz. Əgər bir də nadinclik eləsə, onu məktəbdən qovacam. İşi yoluna qoyduqdan sonra həmin pulu dostlarla yedik-içdik, sevgilimə üç dənə yüzlük verdim, arvadıma da bahalı paltarlar, ayaqqabı aldım. Hə, bəylər, pulu belə qazanarlar eee… Ha, ha, ha…
Marat müəllim doyunca güldükdən sonra badəsini qaldırıb dedi:
– Gəlin bu badələri içək yuxarılarda bizi müdafiə edən, nöqsanlarımızı bilib göz yuman insanların sağlığına.
Badələr qaldırılır və hamı bir ağızdan:
– Gözəl sağlıqdır, içək deyilən sağlığa.
Bunu deyib, badələri qaldırdılar.
Hamı badəsini boşaltdıqdan sonra iştah onlara güc gəldiyinə görə yeməyə başladılar. Araya bir müddət sükut çökdü. Marat müəllim yenidən sözə başladı:
– Məktəbdə elə qanunlar yaratmışam ki, bu qanunlar vasitəsilə də ancaq qazanıram. 8 Mart Qadınlar günü münasibətilə bütün müəllimlər ayrı-ayrılıqda kabinetimə girir, evdə oturan həyat yoldaşımı da təbrik edirlər. Hər bir müəllim 50 manat pul və hədiyyə verir. Təsəvvürünüzə gətirin, keçən il 8 Martda mənə 49 ədəd bahalı ətir verdilər. Onlardan 8 ədədini bacılarıma, arvadıma, əmim qızına, bibim qızına hədiyyə verdim. Qalan ətirləri isə dostumun vasitəsilə mağazada satdırdım. Beləliklə, də bayramda xeyli pul qazandım.
Həmkarının danışığından 528 nömrəli orta məktəbin direktoru Mütalik müəllim də ruhlandı. Bu həmin Mütalik müəllim idi ki, ixtisasca fizika müəllimi idi və atasının yerinə məktəbə direktor təyin olunmuşdu. Atası uzun illər bu məktəbə rəhbərlik etmişdi. Tanıyanlar onu bir zalım, eqoist, təkəbbürlü insan kimi xatırlayırlar. Qocaldığından müəllimlər tezliklə onun işdən çıxacağını və yerinə daha yaxşı direktor təyin olunacağını düşünürdülər. Lakin belə olmadı. Ata öz oğlunu 528 nömrəli məktəbə direktor təyin etdirə bildi. Mütalik müəllimin rəhbərliyini görən müəllimlər öz aralarında danışırdılar ki, “yağışdan çıxdıq, yağmura düşdük”. Mütalik müəllim rəhbərlik etdiyi tədris ocağına müqəddəs bir yer kimi münasibət bəsləmirdi. O, məktəbə qazanc mənbəyi kimi baxır, hardan və kimdən nə qədər çırpışdırmaq barədə fikirləşirdi. İnsan nə qədər tamahkar olar? Gözləri müəllimlərin və valideynlərin əlində idi. Zahirən ətrafdakılarda mədəni, sakit təbiətli bir insan təəssüratı yaratsa da, daxilən eqoist, təkəbbürlü, simic, öz işində hər cür alçaqlıqlara əl atan bir adam idi. Müəllimlərlə danışanda heç başını da qaldırmazdı. Müsahibini dinləmək qabiliyyəti də yox idi. Bu səbəbdən kollektiv arasında hörməti də yox idi. Hamı vicdan və ədalət hissini itirmiş bu adamın nə zaman vəzifədən uzaqlaşdırılacağı günü səbirsizliklə gözləyirdilər. Savadlı, peşəsini sevən, elmin sirlərini şagirdlərə vicdanla öyrətmək istəyən müəllimlər bu talançının əlindən bezmişdilər. Onlar ləyaqətli bir adamın direktor təyin olunmasını arzulayırdılar. Lakin, sən saydığını say, gör, fələk nə sayır. Mütalik müəllim badəsini əlinə götürüb öz nitqinə başladı:
– A kişi, ay kişi sən nə danışırsan? Mən müəllimlərə göz verirəm, işıq vermirəm. Necə deyərlər onları bərk incidirəm. Bəs nə? İncitməsəm çox pul qazana bilmərəm axı. Qardaş, nə başını ağrıdım, hər cür işə əl atıram. Mənə elə gəlir ki, elə hamınızdan çox pul qazanan mənəm. İstəyirsiniz bəzi şeyləri sizə də agah edim? Tədris ilinin əvvəlində hər müəllimə “kak palojna” 18 saat dərs verirəm. Artıq dərs demək istəyən müəllim yanıma gəlir. Könlü balıq istəyən quyruğunu gərək soyuq suya qoya. Atam-qardaşım, bu başdan 200-300 manat alıram, 5-6 saat dərsini çoxaldıram. Gözəl üsuldur, deyilmi? Beləcə tədris ili başlayan kimi beş-altı min manat irəli düşürəm. Pul qazanmağın başqa bir yolunu da sizə izah edim. Bəzi müəllimlərə ayrı-ayrılıqda tapşırmışam ki, varlı ailələrdən gələn yuxarı sinif şagirdlərinin qiymətlərini kəssinlər. Belə ki, beşə cavab verənə dörd qiymət yazsınlar. Belə olduqda şagirdin valideyni yanıma gəlir, övladının qiymətini yüksəltməyi xahiş edir. Bu işə görə də valideyndən pul alıram. Bəzən elə valideyn yanıma gəlir ki, vicdandan danışır. Beləsi ilə ehtiyatla davranıram və müəllimlərə tapşırıram ki, həmin şagirdin qiymətini daha kəsməsinlər. Başqa bir məsələ də var: mühasib öz adamımdır. Hər ay müəllimlərin əməkhaqqı hesabından, hər birindən on-on beş manat sürüşdürür bizim “hesaba”. Onun da haqqını verirəm. Yəqin bilməmiş deyilsiniz. Müəllimlərin məzuniyyət pulundan da 30-50 manat həmin hesaba köçürülür. Bir dəfə qadın müəllimlərdən biri pedaqoji şurada bunların hamısını düz üzümə dedi ki, 30 ildir müəllim işləyirəm, amma sənin kimi əclafa, vicdansıza, şərəfsizə rast gəlməmişəm. Sənin analoqun yoxdur, sən insanlıq hissini, ləyaqətini itirmisən. Səndən hara şikayət eləyim, heç özüm də bilmirəm. Allah bəlanı versin. Bilirəm, hara şikayət etsəm də yenə pul verib şikayəti bağlatdıracaqsan, məni də təqsirkar çıxartdıracaqsan. Müəllim pedaqoji şuranı tərk eləyib getdi. Heç ağlıma da gəlməzdi ki, məni belə zibilə salar. Məndən yuxarılara, bir neçə yerə şikayət etdi. Durduğum yerdə işə düşdüm, apar-gətir, get-gəl başladı. Aləm qarışdı bir-birinə. Ora ver, bura ver. Nə başınızı ağrıdım. Hamının “ağzını yuma bildim”. Diaqnoz qoydurdum ki, guya müəllimə son bir ildə ruhi sarsıntı keçirib və əsəb xəstəsidir. Nə isə, buna da bir xeyli xərcim çıxdı. Amma məsuliyyətdən kənarda qaldım. Baxmayaraq ki, mən müəllimləri, kollektivi çox incidənəm, amma hamı qorxusundan mənim tərəfimdə durdu. Hərçənd ki, mən onların qədrini bilmirdim… Xahiş edirəm, gəlin bu badələri bizim müəllim kollektivinin sağlığına içək, çünki, onlar olmasaydılar və məni müdafiə etməsəydilər, bəlkə də mən indi “içəridə” olardım.
632 nömrəli orta məktəbin direktoru Sona xanım qədəhini həmkarları ilə toqquşdurdu və gülümsəyərək masanın üstünə qoydu. Həmkarının pessimist notlar üzərində qurduğu söhbəti ona heç ləzzət eləmədi. Qəddini düzəldərək, iki dirsəyini də masaya dirəyib əlləri ilə sifətini qucaqladı.
Marat müəllim onun bu hərəkətini nəzərdən qaçırmadı. “Sona xanım, sözlü adama oxşayırsınız”, – dedi.
Qollarını yemək masasının üzərində çarpazlayaraq bir-birinin üstünə qoyan Sona xanım: – Vallah, sizin özünüzü belə çətinə salmağınız mənə bir az qəribə görünür – dedi. – Mənim işlərim sizə baxanda çox əladır. Yəqin bizdə olan şərait sizdə də var. Amma baxır necə istifadə eləyirsən? Hər tədris ilində iki sinif “onbirlərim” olur. Özünüz yaxşı bilirsiniz ki, onların çoxu müəllim yanına getdiyi üçün dərsə gəlmir, ali məktəbə hazırlaşırlar. Doqquz ay dərsə gəlməməyə görə tədris ilinin əvvəlindən onların hər birinin valideynindən 1000 manat alıram. Kim birdəfəlik verə bilmir, aybaay verir. Necədir? Çox gözəl gəlir mənbəyidirmi? Doğrudur, hərdən yoxlama-filan olur, amma onun da “tədbirini” görürük. Təlim-tərbiyə işləri üzrə direktor müavininə tapşırmışam, belə hallar olanda onuncu sinifləri otuzdururuq onbirincilərin yerində. Yoxlama gəlir-gedir, hər şey də öz yerində. Hər şeyin özünün “qanun-qaydası” var da! Guya yuxarıdan gələn kosmosdan enib? Bilmirlər ki, son sinif şagirdləri dərsə gəlmirlər?! Amma hər halda elə görüntü yaratmaq lazımdır ki, “nə şiş yansın, nə də kabab”. Yoxlamanı elə yola salıram ki, razılıq eləyib gedirlər. Bizim məktəb sizinkilərə bənzəmir. Özünüz bilirsiniz ki, məktəb yaxşı yerdə yerləşir, böyük də ərazisi var. Baxdım ki, fürsətdir. Bunu mən etməsəm, bir başqası eləyəcək. Hələ neçə illər bundan əvvəl əlaltından dörd nəfər tapıb hərəsinə yüksək qiymətə dörd sot torpaq satdım. Bu adamlar ərazimizə köçmək istəyən imkanlı adamlar idilər. Qısa bir zamanda onlar hərəsi özü üçün iki-üç mərtəbəli villalar tikdirdilər. İndi pəncərədən baxanda adamın ürəyi açılır. Mən işimi ehtiyatlı tutan adamam. İşin üstü açılmasın deyə, bütün lazımi sənədləri hazırlatdırdım, bir neçə vacib bildiyim adamın haqqını da verdim. Torpağı alan adamlar özləri də elə-belə adamlar deyillər. Onların da köməkliyi ilə işlər yoluna qoyulub sənədləşdirildi. Onlar torpaq alıb villa tikdirdilər. Mən də o pula mərkəzdə “novostoyka”da özümə üç otaqlı mənzil, oğluma isə bahalı avtomobil aldım. İndi hal-hazırda şəhərin müxtəlif yerlərində iki evim və iki obyektim var. Qaldı ki, xırda-xuruş, sizdə olan o işlərdən məndə də olur. Bunlar “krupnı” olduğu üçün danışdım. Amma xahiş eləyirəm bu söhbət burda qalsın, yəni öz aramızda.
Bu çıxışdan sonra Sona xanım badəsini qaldırıb dedi:
– Mən bu sağlığı rayon rəhbərliyində çalışan və bizim üçün şərait yaradan dostların sağlığına içmək istəyirəm. Onların “səxavətləri” nəticəsində bu il məktəbimizin cari təmirinə ayrılan vəsaitdən xeyli yararlandım. – Sona xanım bic-bic gülümsəyərək: – İstəyirsiniz bunun yolunu sizə də öyrədim. Belə ki, iyun ayında hələ müəllimlər məzuniyyətə getməmişdən əvvəl hamısına tapşırıq verdim ki, öz vəsaitləri hesabına hər biri öz sinfində divarları ağartsın və döşəməyə lak çəkdirsin. Müəllimlər də bu işi gördülər. Məktəbdə “cari təmir” işləri aparıldı, buna ayrılan pul isə mənə qaldı. Siz də belə edə bilərsiniz, – deyərək badəsini içdi.
– Narahat olmayın, Sona xanım. Biz də elə bu cür edirik. Bu işdə siz tək deyilsiniz, – deyə masanın o başından Mütalik müəllim göz vuraraq onun sözünə qüvvət verdi.
Bayaqdan həmkarlarının söhbətlərinə heç bir müdaxilə etmədən fısıldaya-fısıldaya diqqətlə dinləyən 599 nömrəli orta məktəbin direktoru Kamran müəllim Sona xanım sözünü bitirib arxaya söykənən kimi yerində qurcalanmağa başladı. Öz-özünə fikirləşdi ki, “eh, bunlar mənim yanımda toya-bayrama getməlidirlər ki”. Kamran müəllim qanunsuz əməlləri və hərəkətləri ilə rayonda çox məşhur idi, ərazidə ad çıxarmışdı. İstənilən oyunlardan çıxırdı. Təki pul gəlsin. Əlləri ilə saçlarını daraqlayaraq, peysərinə qədər aparıb sığalladı. Sol qaşını qaldıraraq xüsusi görkəm aldı. Sanki, istəyirdi ki, həmkarları onun onlardan daha sanballı olduğunu hiss eləsinlər. Bir-iki dəfə boğazını arıtlayıb sözə başladı:
– Altı il bundan öncə direktor təyin olunan gündən məktəbdə öz qayda-qanunlarımı yaratdım. O vaxtdan indiyə kimi məktəbdə mənim qanunlarım işləyir. Məktəbdə 1200 şagird təhsil alır. Əvvəlcə başladım müəllimləri bir-bir müşahidə eləməyə. Hiss elədim ki, 60 müəllimdən on-on beşi özünü çox qürurlu aparır, o birilər kimi mənə yaltaqlanmırlar. Dedim: “yaxşı, siz siz olun, mən də mən. Görün, sizin başınıza nə oyun açacağam”. Müəllimlərin əlli nəfəri qadın, on nəfəri isə kişi idi. Təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini kişi müəllimləri idi. Əvvəlcədən direktor müavinlərini çıxaracağım haqda yuxarılarla məsləhətləşdim. Onların “dabrosunu” aldım. Elə sevinirdim ki. İkinci dəfə keçirdiyim pedaqoji şurada mənə yaltaqlanan iki qadın müəllimi yüksək səviyyəli müəllim kimi müəllimlərin diqqətinə çatdırdım və qeyd etdim ki, direktor müavinləri onlar olacaqlar. Onlar elə sabahdan vəzifələrini icra etməyə başlasınlar. İşdən çıxarılan kişi müavinlər narazılıqlarını bildirdilər və şikayət edəcəklərini söylədilər. Onlara dedim ki, qardaş, burda direktor mənəm, kiminlə istəsəm onunla işləyəcəm. Dedilər ki, adamda vicdan yaxşı şeydir. Cavabında dedim ki, eybi yox, qoy mən vicdansız olum, siz vicdanlı. İndi gedin, vicdanla sinfə girib dərsinizi deyin. Birmənalı olaraq fakültətiv məşğələlərin, seçmə fənlərə ayrılan saatların, dərnəklərin pulu mənə çatır. “Müəllim günü” üçün xüsusi “stavka” təyin eləmişəm. Direktor təyin ediləndən sonra araşdırıb bütün şagirdlərin valideynlərinin kim olduğunu öyrəndim. Bilirsiniz də, “lyuboy” məktəbdə pis oxuyan, nadinc uşaqlar var. Otuz nəfər imkanlı ailənin uşaqlarına məqsədli şəkildə “iki” qiymət yazdırtdım. Hər birinə bildirdim ki, bu səbəbdən payız imtahanına qalırsınız. Əgər avqust ayının sonunda müəllimlərin suallarına cavab verə bilməsəniz, sinifdə qalacaqsınız. Ertəsi gün valideynlər bir-bir yanıma gəldilər. Hərəsindən min manat aldım. İmkanlı adamlardır. Min manat onlar üçün tum puludur. Sonra müəllimlərə tapşırdım ki, hərəsinə bir “üç” yazın, sinifdən-sinfə keçirin. Beş uşağın valideyni “görüşə” gəlmədiyi üçün uşaqlarını sinifdə saxladım. Sonra bir valideyn gəldi, hay-küy saldı. “Sizdə vicdan yoxdu, insaf yoxdu, insanlıq hissini itirmisiniz”, – deyə qışqırıb, bağırdı. Heç əhvalımı da pozmadım. Nə vicdan, adə. Vicdanlı olmaq mənə qalıb? Şagirdlərin onuncu sinfə keçirilmələrinə də məhdudiyyət qoymuşam. Belə ki, doqquzuncu sinif şagirdlərinin valideyn iclasında belə bir şərt qoydum ki, üç qiyməti olan şagirdi onuncu sinfə keçirməyəcəyəm, zəif şagird zəhmət çəkib başqa məktəbdə oxusun. Mənim bu şərtim valideynləri hərəkətə gətirdi: nisbətən zəif oxuyan şagirdlərin valideynləri uşaqlarının onuncu sinifdə oxumaları üçün mənə “hörmət” etməyə başladılar.
Amma hörmətli kolleqalar, gəlin etiraf eləyək ki, məktəblərimizdə şagirdlərin savadlılıq səviyyəsi çox aşağıdır. Yetmiş faizi demək olar ki, məktəbə elə-belə gəlib-gedirlər. Məktəbin faizi aşağı düşməsin deyə, “üç” qiymət yazıb növbəti sinfə keçiririk.
Həmkarları onun bu sözünü eşidən kimi yerlərində qurcalanaraq, – “elədir, elədir” ,-dedilər. Kamran müəllim sözünü bitirib badəsini qaldırıb bic-bic gülümsünərək dönüb qadın direktorlardan birinə göz vurdu:
– Gəlin bu badələrimizi içək müəllim və şagird kollektivlərimizin, bəzi valideynlərin şərəfinə. Onlar olmasalar biz rahat-rahat kurortlara gedə bilmərik, yaxşı geyinə bilmərik, istədiyimiz kimi yeyib-içə bilmərik. İçək hər il müəllim yanına gedib ali məktəblərə daxil olan, üzümüzü ağ eləyən şagirdlərimizin, məzunlarımızın sağlığına. Heç olmasa onların hesabına məktəblərimizin adı yaxşılar arasında çəkilir.
Qədəhlər toqquşur, içilir, yenidən isti-isti kabablar gətirilirdi. Mütalik müəllim yenə söz demək üçün badəsini doldurub ayağa qalxdı:
– Hörmətli həmkarlarım, hamının sağlığına içirsiniz, bəs qalanlar var axı. İnsaf da yaxşı şeydir. Mən bu badələri şəxsən psixoloqun, uşaq birliyi rəhbərinin, laborantların, bəzi süpürgəçilərin sağlığına qaldırıram. Onların adları bizdə işdədir, özləri isə başqa yerlərdə işləyirlər. Maaş kartları məndədir. Nigar müəllimənin sağlığını xüsusi qeyd edirəm. Bu xanım müəllimə işə gəlmir. O, həm də biznes ilə məşğuldur. Yazıq Türkiyənin, Dubayın, Rusiyanın yollarında qalıb. Maaşı mənlikdir, hələ arabir mənə hədiyyələr də gətirir.
Bayaqdan gözlərini də qırpmadan Mütalik müəllimi dinləyən 642 nömrəli orta məktəbin direktoru Rüxsarə xanım gözlərini xüsusi əda ilə süzərək sözə başladı:
– Əziz həmkarlarım. Sizin danışdıqlarınız bizim məktəbdə də mövcuddur. Amma mənim iş prinsipimdə başqa bir cəhət də var. Məktəbdə əlimin altında altı nəfər müəllim və iki nəfər süpürgəçi var ki, onlarla yaxşı münasibət saxlayıram. Bu dost münasibətini elə saxlayıram ki, digərləri hiss etməsinlər. Kollektivdə nə söhbət gedir, nə narazılıq var, dost münasibəti saxladığım adamlar hamısını gəlib mənə çatdırırlar. Bu da mənə “kadr siyasətində” lazım olur. Sonra dalımca danışan, iş prinsipimi bəyənməyən müəllimləri gözümçıxdıya salıram. Bu yaxınlarda elə birini şərləyib işdən çıxartdım, yerinə haqqımı alıb başqa birini götürdüm. Hər bir sinifdə də ayrı-ayrı şagirdlər var ki, siniflərdə baş verən hadisələr, aparılan söhbətlər bu xəbərçi şagirdlər vasitəsilə mənə çatdırılır. Bu işdə həmin şagirdlər mənim dostluq etdiyim müəllimlərlə əməkdaşlıq edirlər. Belə ki, dostluq etdiyim müəllimlər həmin şagirdlərə “xəbərçiliyin sirlərini” öyrədir, onları gələcəkdə yaxşı “işverən” kimi yetişdirirlər.
Rüxsarə müəllimə badəni qaldırıb yenidən sözə başladı:
– Bu badəni də içək elə hamımızı müdafiə edən Arif müəllimin sağlığına. Hamımızın nöqsanı var, kişi bizi incitmir ki, gəlir, haqqını alıb gedir. Elə hamımıza sərf edən adamdır.
Direktorlar hamı bir ağızdan:
– İçək, içək deyilən sağlığa, Arif müəllim həqiqətən də gözəl insandır.
Hamı əlindəki badəni içir.
Marat müəllim bayaqdan hamını gülümsəyə-gülümsəyə səbrlə dinləyən internat məktəbin direktoru Həlimə xanıma dedi:
-Həlimə xanım, siz də bir söz deyin.
-Bayaqdan sizə qulaq asıram. Bizdə vəziyyət bir qədər başqadır. Rəhbərlik etdiyim internat məktəbdə cəmi iki yüz şagird vardır. Amma mən də yaxşı qazanıram. Belə ki, uşaqlar üçün ayrılan ərzağın altmış faizini satıram. Hər il bizə xeyli quru və yumşaq inventar verilir. Köhnə inventarları hesabdan silsəm də, onları tullamıram. Köhnələri işlədirəm, yenilərini isə satıram. İyirmi nəfər “ölücan” işçim vardır. Onların da əmək haqqı mənə çatır. Hələ bu harasıdır? İmkanlı adamlar hər həftə bir neçə qoyun kəsdirir və uşaqlar üçün rəhbərlik etdiyim internata göndərirlər. Həmin cəmdəkləri isə tez bir zamanda qonşumun sahibi olduğu ət mağazasına göndərirəm. Ət satışından olan pulun yetmiş faizi də mənə çatır. Əladır, çox gözəl dolanıram. Artıq altı ildir ki, ailəliklə yeni il bayramını ya Dubayda, ya da Türkiyədə, məzuniyyətimi isə Truskovesdəki və Moskva ətrafındakı sanatoriyalarda keçiririk.
Şərabın təsirindən beyinləri dumanlanmışdı. Hansısa bərkdən qışqırdı: “Tak derjat”. Qıraqdan baxan, qulaq asan olsaydı, bunlara bir ad qoya bilərdi: “Vicdansız, ədalətsiz, insanlıq hissini itirmişlər”.
Bəzən belə adamlara qiymət vermək də çətin olur. Fazil öz-özünə düşünürdü: “Görəsən, bu insanlar nəyə görə nəfslərinə qalib gələ bilmirlər? Nəyə görə nəfs bunlara güc gəlir? Bu talamaq, qamarlamaq hissi sanki, bunların qanına hopub. Nə halal qalıb, nə də ki, haram. Ələlxüsus, da bütün bunlar məktəbdə baş verəndə adamı da çox yandırır”. Bütün bu gördükləri, eşitdikləri Fazilin uşaqlığında, gəncliyində məktəb haqqında xəyalında formalaşdırdığı müqəddəs hissləri zədələdi.
Amma Fazil yenə də nikbindir. Məktəb ona görə müqəddəsdir ki, millətin gələcəyi, inkişafı, mədəniyyəti, mənəviyyatı buradan başlayır, burada formalaşır. O, inanırdı ki, nəfsləri onlara hakim kəsilmiş belə direktorlar haçansa tədricən çıxarılacaq, onları vicdanlı, nəfsinə uymayan saf, sağlam düşüncəli insanlar əvəz edəcək…
Qoçuluq XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. İri neft maqnatları var-dövlətlərini mühafizə etmək üçün qoçuların imkanlarından istifadə edirdilər. Bəzi məlumatlara görə, Nobel qardaşları da özlərini və əmlaklarını qorumaq üçün silahlı qoçu dəstələrindən istifadə ediblər. Bu da həmin dövrdə varlıların polislərə bir o qədər güvənməmələri ilə bağlı idi. Onlar qoçulara həm arxalanır və həm də onlardan çəkinərdilər. Yalnız Murtuza Muxtarov xaric. Çünki o qoçuların qənimi idi. Onun bir qoçunun başına açdığı oyun bütün qoçular üçün həmişəlik dərs olmuşdu. Bəlkə buna görə idi ki, camaat onu “Qoçular Qoçusu” adlandırırdı.
“O olmasın, bu olsun” filmində Üzeyir Hacıbəyli qoçu Əsgərin timsalında qoçunun tipik formasını tam şəkildə göstərməyi bacarıb. Kinoda nümayiş olunduğu kimi, o dövrdə qoçular o dərəcədə harınlamışdılar ki, küçədə çəkinmədən insanları təhqir edir, alçaldır, mauzerləri ilə məzlum insanlara atəş açır, onları qorxu altında saxlamağa çalışır. Bəzən isə tam əksinə, o qədər qorxaq olurdular ki, polis görəndə qaçıb gizlənir, mübahisələri kəsib susurdular.
Bakı qoçularını iki qrupa bölmək olardı. Birinci qrup qoçular həm varlı, həmdə hədsiz qəddar idilər. Belələrinə məşhur qoçu Nəcəfqulunu, Teymur bəy Aşurbəyovu, Kəblə Hacı Balanı, Ağa Kərimi, novxanalı Məşədi Hacı oğlunu, Şiruyəni, kürdxanalı Adili, Malbaş Yusifi və başqalarını göstərmək olar. Bunlar bəzən boş bir şeyin üstündə günün günorta vaxtı şəhərin küçələrində atışmağa başlardılar. Məsələn, Novxanalı qoçu Məşədi Hacı oğlu günün günorta vaxtı şəhərin adlı-sanlı ruhani atası Axund Molla Ruhullanın mənzilinə girərək, onu namaz qıldığı yerdə öldürmüşdü. Bu hadisə 1912-ci il yanvar ayında olmuş və bütün şəhər əhlini ayağa qaldırmışdı. Başqa belə bir hadisə 1918-ci il yanvarın 15-də qoçu Nəcəfqulu ilə Teymur bəy Aşurbəyov arasında olmuşdu. Bu atışma zamanı qorodovoylar qorxularından özlərini bilməməzliyə qoyub, daldey küçələrə çəkilmişdilər. Atışma yalnız Aşurbəyov sinəsindən yaralanandan sonra kəsilmişdi. Küçələrdə isə neçə nəfərin qana bulanmış meyiti qalmışdı. Bundan əlavə adam oğurlamaq da bu qrupa daxil olan qoçular arasında dəb düşmüşdü. Pula ehtiyacları olan zaman şəhərin varlılarını və ya övladlarını tez-tez oğurlayır, külli pul aldıqdan sonra onları buraxırdılar. Hətta milyonçu Musa Nağıyev də iki dəfə oğurlanmışdı. Onun oğurlanması təsadüfi deyildi. Nağıyev xəsis olduğu üçün qoçu saxlamazdı. Qoçular da bundan xəbərdardılar və buna görə də fürsət axtarıb, onu oğurlayırdılar. Nağıyevi ikinci dəfə oğurlayanlarsa, Stalinin adamları idi. Partiya xəzinəsi boşaldığı üçün bolşeviklər belə bir tədbirə əl atmışdılar. Məhəmməd Əmin Rəsulzadə «Stalinlə ixtilal xatirələri» kitabında bu əhvalatdan danışaraq, yazırdı: “…quldur dəstələri zənginləri təhdid edərək para çəkir, bəzilərini çalıb-çapır, aldıqları girov pulun müqabilində buraxır, çox zaman böyük firmalara göndərdikləri təhdid məktubları ilə bunları xəraca bağlayırdılar.
İkinci qrup qoçular isə daha çox icraçı idilər. Bunlar adlı-sanlı qoçuların həndəvərində dolaşan buyruq qulları idilər. Bazar bütün günü belə qoçularla dolu olardı. Başlarına çal papaq qoyar, ayaqlarına bir qayda olaraq, uzunboğaz çəkmə geyər, şalvarlarının balaqlarını da çəkmənin içinə salardılar. Bellərinə pencəyin altından gümüş belbağı bağlardılar. Bığları da həmişə yağlı və burum- burum olardı.
Əlbəttə, qoçuluq Bakının ictimai həyatında qara ləkə idi. Lakin qoçuların üzərinə pis bir qüvvə kimi tamam xətt çəkmək də düzgün olmazdı. Çünki ağır faciəli günlərdə qoçular həmişə xalqın köməyinə çatmışdılar. Əlabbas Müznib “Bakıda millət müharibəsi” adlı yazısında 1918-ci il mart soyqırımı zamanı özünümüdafiə dəstələrinə rəhbərlik edən bəzi qoçuların adlarını çəkərək yazırdı: “Düşmənlər Kərpicbasana çəkilmişdilər. Qayət, qırğın bir hal kəsb edən bugünkü davada şəhər atıcılarından Nəcəfqulu Rzaqulu oğlu, Məhəmmədli kəndindən Şiruyə, novxanılı Məhəmməd Hüseyn öz dəstələrilə iştirak edirdi. Əsir türk zabitləri də onların yardımına bulunurdu. Axşamüstü müsəlmanlara məşğətlilərlə (maştağalılar ) kürdəxanılılar köməyə gəlmişdilər. Kürdəxanılıların başında məşhur Qaçaq Adil duruyordu”. [bax: “Azərbaycan Xalq Cümhuriyyəti – 80”. Sənədlər və mənbələr toplusu. Bakı, 1998., s. 50]. Hətta özünümüdafiə dəstələrinə başçılıq edənlərin çoxunun bu hadisədən əvvəl düşmənçilik münasibətlərinin olmasına baxmayaraq, onlar Bakının türk-müsəlman əhalisini xilas etmək üçün birləşdilər. Bununla bağlı olaraq, Nəcəfqulu Rzaqulu oğlunun (Qoçu Nəcəfqulunun) nəvəsi Nailə Rzayeva tərtib etdiyi “Qoçu Nəcəfqulu” haqqında (Bakı, 2008) kitabda yazır : “Həmin gün Bakının və bakılıların taleyi həll olunurdu. Və tarixin bu acı dönəmində bütün yükün ağırlığı el arasında heç də həmişə müsbət qarşılanmayan qoçuların çiyninə düşmüşdü. Səhərə yaxın sursat tükənmək üzrə idi. Nəcəfqulu son və qəti sıçrayışa hazır idi. Elə bu zaman çoxdankı rəqibi Qoçu Teymur bəy Aşurbəyovun onlara çatdırdığı patronlar camaatın qanının arasına yaman girdi. Küçənin hər iki tərəfində ölənlərin sayı-hesabı yox idi. Qoçu Nəcəfqulu özü bir neçə yerdən güllə yarası almışdı. Amma anası Güldəstə namaz üstəymiş deyə, yaraları o qədər də ağır deyilmiş” .
Düşmənə qarşı öz dəstəsi ilə Qoşa qala qapısı ətrafında vuruşan qoçulardan biri də Məşədi Hilal Kazımov olmuşdur. Bu hadisələrdən 1 il sonra onun ö z dilindən dedikləri, Əlabbas Müznibin redaktorluğu ilə 1915-1916-cı illərdə nəşr olunmuş “Babayi-əmir” satirik jurnalının 15-ci sayına aid 4 eyni 5-ci səhifənin ağ qalmış arxa tərəfində köçürülmüş və orada belə qeyd olunmuşdur: Məşədi Hilal Kazımov hadisə baş verən anda silahını (Avstriya mauzerini) götürüb küçəyə çıxır və Müsavatın firqə idarəsinə gəlir. Burada ona Nikolayevski (Parlaman) küçəsində mövqe tutub düşmənin qarşısını almağı tapşırırlar. O gün axşamüstü saat 5-dən səhəri gün saat 4-dək dəstəsilə düşmənin hücumlarının qarşısını alır. Sonra ailəsindən xəbər tutmaq üçün döyüş yoldaşlarından izin alıb evə gedir. Geri dönərkən ermənilərin “Açıq söz” qəzeti redaksiyasına qədər irəlilədiyini və səngərdə duranlardan bir neçəsinin geri qaçdığını görüb deyir: “Nərəyə qaçırsınız? Bundan böylə evinizdə olsanız sizi öldürəcəklər. Qaçmaq degil, müdafiə vəqtidir. Halbuki, o adamlar daima “bənəm-bənəm” deyüb dalaşan adamlardandı”. Düşmənlə iki saat vuruşda döyüş yoldaşlarından Aslan, daha sonra Mehdi həlak olur. Düşmənin qat-qat üstün olmasına baxmayaraq, onların İçərişəhərə daxil olmasına imkan vermirlər. Məşədi Hilal nökəri Kərbəlayi Səfərə döyüşün ən gərgin anında geri getməsini bildirir: “Kərbəlayi Səfər, neçün durmuşsan, get! Artıq mən buradan çıxacaq deyiləm”. Bu zaman üç tərəfdən düşmən ara vermədən atəş açdığı vaxt Kərbəlayi Səfər: “Hərgiz mən səni böylə mövqedə yalqız buraxıb, namussuzlar kimi gedəməm” deyir. Döyüşün ən ağır məqamında Qoçu Əlabbas Babayevin qardaşı Kərbəlayi Əbdülhəmid gəlib çıxır və Məşədi Hilal ondan yardım istəyir. Çox çəkmir ki, o, iki türk əsgər, iki şahsevən, iki şağanlı və bir neçə nəfər içərişəhərlilərdən toplayıb gətirir. Nəhayət, mətnin sonunda Məşədi Hilal bildirir: “Axşama qədər müdafiədə bulunduq. Düşməni sükuta məcbur etdik. Onların mənəviyyatını tamamilə qırdıq. Artıq atışmaya cəsarət edəmədilər”.
Digər bir hadisə Bakı sakini Dadaş Rzazadənin dilindən adı bəlli olmayan digər bir katib tərəfindən qələmə alınmışdır. Mətində söyləyici qanlı hadisənin eyni vaxtda – “1918-ci sənədə mart ayının 18-də axşam saat 5 radələrində” şəhərin başqa bir məhəlləsində başlandığını qeyd edir. Döyüşlər şəhərin hal-hazırkı Beşmərtəbə adlanan ərazisində baş verir. Dadaş Rzazadənin dediyindən belə məlum olur ki, şəhərin müsəlman əhalisi, o cümlədən, Dadaş Rzazadənin özü də həmin anda atışmanı kimin başladığından xəbərsiz olurlar. Əvvəl belə başa düşürlər ki, “bolşeviklərlə müsəlmanların davası başlamışdır”. Dadaş Rzazadə daha sonra söyləyir: “Bir qədər atışdıqdan sonra düşmənlərin bolşeviklər deyil, ermənilər olduğunu bildik” .
O, Mixaylov xəstəxananın yaxınlığında dostu Əlixanla mövqe tutub döyüşü davam etdirir. Dadaş Rzazadə vəziyyətin çox təhlükəli olduğunu görüb silahdaşı Əlixana ailəsini götürüb oradan uzaqlaşmağı təklif edir. Əlixan cavabında: “Mən səni tək qoyub gedə bilmərəm. Əgər düşmənlər bizə qalib gəlsələr, əvvəl ailəmi, sonra da özümüzü öldürərlər. Mən səndən ayrılası deyiləm, ölsən, mən də ölləm, qalsan, mən də qallam”, deyir. Onlar üç gün-üç gecə vuruşurlar. Üçüncü gün tərəflər martın 21-də axşamüstü barışığa razılaşırlar.
Dadaş Rzazadə mart hadisələrindən sonra da düşmənlə döyüşü davam etdirir. Əvvəlcə bir müddət Novxanıda qalıb qanlı mart günlərində aldığı yaralarını müalicə etdirir. Burada eşidir ki, ermənilər Quba yolunda müsəlman kəndlərini qarət edirlər, on beş nəfər adam götürüb yolları erməni quldurlarından təmizləyə-təmizləyə Dəvəçiyə gəlib çıxır, Dəvəçidən sonra isə Şamaxıya yollanır. Burada Bakıya qayıtması ilə əlaqədar məktub alıb yola düşür. Bakıya gəlib 4-5 gün keçdikdən sonra bir gecə üç atlı – kürdəxanılı Qaçaq Adil, Mövsüm Səlimov və daha bir nəfərlə görüşüb, oradan Mərəzəyə getməyi təklif edirlər. O, Mərəzəyə gəlir və sonra Müsavatın liderlərindən Məhəmmədhəsən Hacınski, Abbasqulu Kazımzadə və qeyriləri ilə birlikdə Qobuya gəlirlər.
Bir sözlə desək, 1918-ci ilin mart hadisələri zamanı nizami döyüş dəstələri, lazımi qədər silah-sursatı olmayan, köməksiz qalmış azərbaycanlıların müdafiəsi uğrunda gedən döyüşlərdə qoçular əvəzsiz xidmətləri olmuşdur. Hər nə qədər zəif, gücsüz insanları qorxudub, mallarını əllərindən alaraq onları incitsələr də, təhlükəli məqamlarda Azərbaycan xalqını qorumağa çalışmış və arxasında olmuşlar. Azğınlaşmış erməni dəstələri onların üzərinə hücuma keçən zaman canları və qanları bahasına onların müdafiəsinə qalxmışlar.
MÜƏLLİF: ORXAN HÜSEYNOVQuba şəhərində “Soyqırımı Memorial Kompleksi”ninəməkdaşı.
Zaur Ustacın “Psixoloqun qəbulunda” hekayəsində… Hekayədə müasir Azərbaycanım acı reallığından bəhs edilir. Maddi rifahın, xüsusilə də ali təhsilli vətəndaşın çox aşağı səviyyədə yaşaması və acınacaqlı vəziyyətə düşməsi hekayənin əsas süjet xəttində öz əksini tapır. Əsərin qəhrəmanı üç diplomu olmasına baxmayaraq Vətən uğrunda döyüşdə iştirak edib, sağlamlığını itirən İlqardır. İlqarın gündəlik həyat qayğıları, maddi vəziyyəti psixoloqun qəbuluna getməyə imkan vermir. Bir gün onun əlinə belə bir fürsət düşür: “MORE” Psixologiya Mərkəzi şanlı Zəfər günləri ilə bağlı elan edir ki, noyabrın sonuna kimi hamıya 50%, qazilərə isə 75% endirim edəcək. Buna sevinən qazi ertəsi gün saat 10:00 üçün növbə götürür. Qazi olduğu üçün yerində nağd olaraq 75% endirimlə ödəniş edəcəkdi. Öz vaxtında klinikaya gəlib çatan qazinin bütün sənədləri diqqətlə yoxladıqdan sonra gənc “piştaxtaçı” xanım işvə-nazla İlqardan endirimlə 150 manat ödəniş etməyi tələb etdi. O da “kirimişcə, cınqırını da çıxartmadan sanki, üç dənə 5 qəpikliyi market kassasında xəzinədar xanıma “qəpiklər lazım deyil, qalsın”,-deyə qaytarırmış kimi sonuncu iş günü “bankomat”dan çıxardığı şax “əllilik”lərdən üçünü “piştaxta”nın üstü ilə xüsusi əda ilə xanıma tərəf sürüşdürdü”. 44-cü otaqda psixoloq Bənövşə xanım onu gözləyirdi. Otağın ab-havası İlqarı etkiləyir, özünü başqa bir aləmdə hiss edir. Bənövşə xanım onun sənədlərini bir daha gözdən keçirir, otaqda seans etmək üçün şamları, ətirli çubuqları yandırır. Qeyri iradi və qeyri adi vəziyyət pasiyeni təsir altına salır. İlqar “MORE” sözünün anlamını həkimdən soruşur. Onu cavabı belə olur: “Mən” “Onu” “Ram” “Edirəm”. Həkim: – Mən bu sənədlərə əsasən sizin hal-hazırki vəziyyətinizlə tanış oldum. Ancaq məsələni həll etmək, durumu düzəltmək üçün bunlar kifayət etməz…Ancaq biz bu günə, heç olmasa bu problemin başladığı ilə baş verdiyi ilk hala gəlib çatmalıyıq. Bunun üçün siz lap uşaqlıqdan özünüz haqqında bir az, yaddaqalan əlamətdar hadisələrdən, sizi narahat edən problemlərdən danışsanız işimiz daha asan olar. Siz elədünyanı xatırladığınız ilk gündən ilk hadisədən başlayın, ardı öz-özünə yumaq kimi gələcək”,- deyir. Seansın sonunda xəstə özünü narahat hiss edir və qusur. Həkim onu saktləşdirib yola salır, sabahkı günə qəbula yazır. Aparılan seanslarda İlqar ixtisasının hərbçi- peşəkar zabit, ikinci ixtisasının- tarix müəllimi olmasını, hazırda bağban işlədiyini deyir. Danşıq əsnasında qazi başına gələn acı reallıqlardan, haqsızlıqlardan, düşdüyü acınacaqlı durumdan bəhs edir ki, bu da nə yazıq ki müasir dövrdə bizim qanayan yaramızdır. Yeganə təsəlli əlində olan Müdaiə Nazirliyinin fəxri fərmanıdır. Problemi həll olunmayan VətənDaşın ağlından muğayat olun. Sizcə bu problemləri psixoloq çözə bilərmi? Bir insanın ACI, FACIƏ DOLU TALEYI… Bu arada “İnsanın taleyi” filmi yada düşdü…
Zəhra Səfəralı qızı Məmmədova 4 iyul 1960-cı ildə Zəngilan şəhərində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
GÖYÜN GÖZ YAŞLARI
Azanın ecazkar, ürəyi riqqətə gətirən səsi aram-aram ətrafa yayılırdı. Üzündəki qırışlarda yaşadığı məşəqqətli, acılı, nisgilli günlərinin izi qalmış, gözlərindən qorxu və nigarançılıq tökülən qadın namazını qurtarıb salavat çevirdi. Sonra əllərini göyə açıb sızıltılı səslə dua etməyə başladı:
-Allahım! Yerin-göyün sahibi, sənə sığınmışam! Səndən başqa dayaq duracaq bir kimsəm yoxdu. Səni and verirəm böyüklüyünə, mənim balamı düşmən gülləsindən qoru!.. Allahım, onların qəlbinə rəhm sal, bu müvəqqəti dünyada bizim günümüzü qara etməsinlər! Camaatın min bir əziyyətlə böyüdüb ərsəyə çatdırdığı balalarının nahaq qanına bais olmasınlar. Sən yardım et, Allahım! Otuz ildir balalarımız qırılır…
Duasını qurtarandan sonra qadın qapının ağzında çıxardığı nimdaş ayaqqabısını geyinib məsciddən çıxdı. Ağır-ağır kəndin başındakı evinə tərəf yön aldı. Uzaqdan evinin odun sobasının bacasından çıxıb göylərə tərəf qalxan tüstüsü görünürdü…
***
Bu kənddən bir necə kilometr məsafədə, çox da böyük olmayan təpənin arxasındakı evlərin arasında, ilk baxışdan nəzərə çarpan kilsənin də zəng səsi eşidilirdi. Kilsənin içində yun çubuğuna oxşar arıq, saçı ağappaq, görünüşündən yaşadığı kənddə təsərrüfatla məşğul olduğu açıq-aşkar bilinən bir qadın qabarlı əllərində tutduğu şamı çarmıxa çəkilən İsa Peyğəmbərin büstünün qarşısında yandırıb dua edirdi:
-Göydə olan atamız! Sən mənim oğlumu hifz et! Düşmənin gülləsinə tuş gəlməsin, gənc yaşında puç olmasın. Atası ilə mən onu çox əziyyətlə böyütmüşük. Onu bizə sağ-salamat qaytar. Bizim ucsuz-bucaqsız torpaqlarımızı da özümüzə qaytarmağa yardım et…
O, duasını qurtarandan sonra kilsədən çıxdı. Hava çox soyuq olduğundan bağın ətrafında otlayan inəyin ipini bağladığı ağacdan açıb darta-darta tövləyə tərəf apardı…
***
Lap uzaqlarda isə möhtəşəm sarayın, çölün qılınckəsən şaxtasından fərqli olaraq isti, xoş hərarətli içində büllur badələrin qışqırdıcı cingiltili səsi, xanımların bahalı, gözqamaşdıran ,zərif libaslarının xışıltısına qarışmışdı. Hər paltarın qiymətinə bir kəndin camaatının illik yemək, içmək, geyinmək ehtiyacını ödəmək olardı.
Rəsmi görüşdən sonra bura toplaşanların sakit və işvəli danışıqları, saxta təbəssümləri sanki yarışa girmişdi. Şəhvət dolu baxışlar öz şikarlarını süzürdü. Bahalı qadın, kişi ətirlərinin bihuşedici qoxusu əyinlərinə geyindikləri kostuyumların, ayaqqabıların qiymətinə bərabər şərabın qoxusuna qarışıb ehtiraslı bir aura yaratmışdı. Musiqiçilərin zalın bir küncündə oturub zövqlə çaldıqları Çaykovskinin “Autumin” əsərinin həzin melodiyası, deyəsən, ancaq böyük pəncərələrə asılan zərif, incə tül pərdələri ahəstə-ahəstə tərpədirdi. Kimsə musiqini nə dinləyir, nə də zövq alırdı. Çünki hərənin başı necə hərəkət etmək planı ilə məşğul idi…
***
Neçə gün idi ki, aramsız yağan yağış kəsmirdi. Elə silahlardan atılan güllələr də yağış kimi əsgərlərin başına yağırdı. Ölən əsgərlərin meyidləri çölün düzündə qalmışdı. Snayperçilərin əlindən meyidləri çıxarmaq mümkün deyildi. Göz açmağa qoymurdular. O tərəf də, bu tərəf də nifrətlə, qəzəblə bir-birini məhv edirdi.
Meyidlərin bəziləri parça-parça olub tanınmaz hala düşmüşdü. Çoxu da palçığa bulaşdığından hansı tərəfdən olduğu belə bilinmirdi…
Yuxarıdan bir neçə saata meyidləri götürmək üçün atəşkəs əmri verilmişdi. İki tərəf də eyni vaxtda hərəkətə keçdi, hər şeyi unudub çölün düzündəki bir-birinə qarışan meyidləri daşımağa başladılar. Meyid daşıyan əsgərlərin çəkmələri yağışın suyundan islanan torpağı o qədər ayaqlamışdı ki, yoğrulmuş palçıqdan yerimək çətinləşmişdi. Hər iki tərəfin əsgərləri avtomatları çiynində meyidləri palçığın içindən sürüyüb çıxartmağa çalışırdılar. Palçığa və öz qanlarına bulanan meyidləri ayırd etmək üçün paltarlarının qollarındakı bayraq işarəsinə baxırdılar. Çünki çoxunu üzlərindən ayırd etmək olmurdu. Hamısının açıq qalan gözləri və qaşları qara idi. Dəfələrlə həm o tətəf, həm bu tərəf meyidlərin onlardan olmadığını görüb bir-birini səslənirdilər. Özləri də bilmədən bir-birlərinə yardım edirdilər.
Atəşkəsin vaxtı azaldıqca əsgərlər qaranəfəs qaça-qaça, tələsə-tələsə meyidləri axtarıb tapıb çıxardırdılar. Hər dəfə tapıb çıxartdıqlarına görə sevinir, az qala bir-birini təbrik edirdilər. Sevinirdilər , həm də ağlayırdılar və dərk edə bilmirdilər ki, hansı duyğunu yaşayırlar…
Yağış isə göydən dayanmadan yağırdı…
Yağdıqca tapşırığı yerinə yetirə bildiklərinə görə sevinə-sevinə ağlayan əsgərlərin, qara gözləri açıq qalan meyidlərin üzərinə səpələnirdi…
“XƏZAN” jurnalının dekabr 2022-ci il sayı çapdan çıxıb.
Sıra sayı 45 olan jurnalın bu nömrəsi 160 səhifədir.
Redaksiya heyəti şair Hafiz Əlimərdanlının 75, yazıçı Aləm Kəngərlinin 65 yaşı münasibətilə ədəbi simaları təbrik edir, onlara bol-bol yaradıcılıq uğurları arzulayır. Hər ikisinin yaradıcılığı barədə jurnalda müvafiq yazılar yer alıb.
Rəngarəng yazılarla, ədəbi-bədii və publisistik mətnlərlə zəngin jurnalın yazı düzümü aşağıdakı kimidir. Buyurun, tanış olun, imkan düşdükcə sevə-sevə oxuyun. (Elektron variantı (PDF) də internetdə yerləşdirilir)
YAZI DÜZÜMÜ
1.Redaktor guşəsi
-Müasir məmur obrazı
-“Xəzan – 2022”
2.Publisistika
-Şəlalə NƏSİRLİ – “Əhməd Cavad – Azərbaycan ədəbiyyatının sönməyən ulduzlarından biri”
-Vaqif YUSİFLİ – “Hafiz Əlimərdanlının “Divan”ı və yaradıcılığı”
Yeni Era Türk erasıdır. Türkün dünyaya bəxşeyişi:-Elm, mədəniyyət, mənəviyyat, sülh ,barış.Türk dünyasının uğurlarına dəstək olmaq, dünyada sülhün, əminamanlığın qorunmasına töhfə vermək üçün daha səylə çalışmaq gərəkdir. Ömrü boyu yol gedirık.Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan İnsanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona köməkdə göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir. Xalqını, millətini, dövlətini, dilini , dinini sevən harada yaşamasından aslı olmayaraq bütün azərbaycanlılar, türk dill xalqlar, bəşəri duyğularla yaşayan insanlar bizmlə birgə çalışıblar bu illər ərzində. “Kitabi – Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi yaddaşında ilk hadisə olmaqla bərabər, müvafiq istiqamətdə elmi-tədqiqat işi ilə məşğul olan, öz Vətənini ürəkdən sevən və ona xidməti özünə şərəf bilənlənlərin Dədə Qorqud ruhuna olan ehtiramları elmi axtarışların miqyası və xarakteri dəyişmişdir. Bu məqsədlə resbuplikamızda Dədə Qorqud Milıli Fondu, Akademiyanın Folklor İnstitutu nəzdində “Dədə Qorqud Mərkəzi” fəaliyyət göstərir. Bakı Dövlət Universitetinində fəaliyyət göstərən “DƏDƏ QORQUD“ Elmi Tədqiqat Laboratoriyası Azərbaycan Respublikasının Prezidenti Ümummilli lider H.Əliyevin 21 fevral 1999-cu il, 98 saylı sərəncamına əsasən Təhsil Nazirliyinin 04 may 1999-cu il 303 saylı əmri ilə yaradılmışdır. Ümummilli lider dastanın 1300 illik yubileyi münasibəti üzrə “Dövlət Komissiyasının tədbirlər Planı” haqqında sərəncam imzalamış və bununla yanaşı H.Əliyevin tapşırığı ilə YUNESKO çərçivəsində “Kitabi-Dədə Qorqud”un yubiley tədbirləri keçirilmişdir. Drezdendə, Moskvada, Türkiyyənin bir çox şəhərlərində qeyd olunan konfranslar, görüşlər, elmi seminarlar “Dədə Qorqud” dastanlarının dünya səviyyəsində tanılmasında çox böyük rolu olmuşdur. Laboratoriyanın yarandığı ilk dövrlərdə akademik Tofiq Hacıyev, AMEA-nın müxbir üzvü, professor Əliyar Səfərli, AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyev, professor Yusif Seyidov, professor Süleyman Əliyarlı, professor Samət Əlizadə, professor Qara Namazov, professor Pənah Xəlilov kimi ziyalı şəxsiyyətlər burada fəaliyyət göstərmiş, laboratoriyanın sonrakı çoxşaxəli və geniş fəaliyyətinə öz töhfələrini vermişdir. Azərbaycan ədəbiyyatı tarixi kafedrası nəzdində fəaliyyət göstərən laboratoriyaya 2015-2021-ci illərdə akademik Nərgiz Paşayeva rəhbərlik etmişdir.
“Dədə Qorqud” eposunun tarix, etnoqrafiya, ədəbiyyat, dil və coğrafiya baxımından, habelə dünya eposları ilə müqayisəli şəkildə öyrənilməsi Azərbaycan folklorşünaslıq və ədəbiyyatşünaslığının müasir inkişaf mərhələsində olduqca önəmlidir.“Dədə Qorqud” eposunun yazıya alınma tarixi, tədqiqi tarixi, poetik strukturu, türk xalqlarının, eləcə də Azərbaycan xalqının tarixində yeri, dastanın daha qədim qaynaqları sonrakı dastançılıq ənənələrimizdə mövqeyi və təsiri, qəhrəmanlıq və məhəbbət dastanlarımızın öyrənilməsində bir mənbə kimi istifadə olunması, eyni zamanda qədim və Orta əsrlər Azərbaycan tarixinin araşdırılması, tarixi qaynaq kimi əhəmiyyəti və s. kimi filoloji parametrlərin laboratoriyada ardıcıl və sistemli şəkildə elmi işlər formasında aparılması əsas məqsəd olmuşdur.
Dövlətimiz tərəfindən yüksək diqqət və qayği ilə əhatələnən bu abidənin 2015-ci ildə alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzrə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam oldu. Bu əlamətlər hadisə ilə bağlı cənab Prezident İ.H.Əliyev 20 fevral 2015-ci il tarixində “Milli- mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycamçılıq ruhunda tərbiyə olunmasında “Dədə Qorqud” dastanlarının böyük əhəmiyyətini nəzərə alaraq, qorquddşünaslığın sistemli fəaliyyətinin təmin edilməsi məqsədi ilə Sərəncam imzalamışdır. Sərəncam sayəsində, dövlət səviyyəsində kollekviumlar təşkil olunmuş, kitablar, toplular dərc olundu, ali təhsil ocaqlarında beynəlxalq, elmi seminarlar həyata keçirilmişdir.
“Dədə Qorqud” laboratoriyası fəaliyyət göstərməyə başladığı zamandan həmin problemlərin araşdırılması üçün xüsusi iş planı hazırlamış və bu plan əsasında fəaliyyətə başlanmışdır. Qeyd olunan məsələlərin, filologiyaya aid fənlərin daha da səviyyəli tədrisi və mükəmməl elmi bazanın təşkili üçün “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyanın elmi əməkdaşları tərəfindən 2010-cu ildə “Dədə Qorqud dünyası” I cild, 2012-ci ildə “Dədə Qorqud dünyası” II cild çapdan çıxmışdır. “Dədə Qorqud” ETL-nin əməkdaşları Türkiyə, İran, Rusiya və başqa ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak etmişlər.
2017-2018-cı tədris ili çərçivəsində laboratoriyada professor Adil babayevin rəhbərliyi ilə “Dədə Qorqud ümumtürkün və Azərbaycan xalqının dastanıdır”, “Dədə Qorqudun vətəni Azərbaycandır” və “Kitabi-Dədə Qorqud dastadındakı xitablar milli-mənəvi dəyərlərin göstəricisidir” adlı elmi seminarlar keçirilmişdir.
2021-ci ildən “Dədə-Qorqud” Elmi Tədqiqat Laboratoriyasına Ağdam rayonun Gülablı kəndində anadan olmuş ,Filologiya üzrə fəlsəfə doktoru Almara Vəzir qızı Nəbiyeva rəhbərlik edir. Laboratoriyada Fil.ü.e.d.prof. Adil Məmməd oğlu Babayev oğlu (aparıcı elmi işçi), Ped.ü.f.d.dos. Aslanlı Mobil İsmayıl oğlu (baş elmi işçi) ,Fil.ü.f.d. Nəbiyeva Almara Vəzir qızı (elmi işçi),Fil.ü.f.d. Quliyeva Samirə Şükür qızı (kiçik elmi işçi), Fil.ü.f.d. Babanlı İlhamə Məhəmməd qızı (kiçik elmi işçi), Fil.ü.f.d. İbrahimli Ülviyyə Akif qızı (kiçik elmi işçi), Əzimova Aida Yaşar qızı (kiçik elmi işçi),Cavadova Rəna Tofiq qızı (baş laborant), Əliyeva Fərqanə Sədaqət qızı (baş laborant), Feyziyyeva Fərqanə Mahəddin qızı (laborant),Qayyum Nigar Rüstəm qızı (laborant) fəaliyyət göstərirlər. ETL əməkdaşlarının şəxsi və ya həmmüəliflərlə birgə nəşr etdirdiyi mühüm monoqrafik tədqiqatlar, ETL-in xüsusi nəşr və topluları qeyd olunur.
2021-ci ildən başlayaraq Elm və Təhsil nazirliyin qərarı ilə il ərzində 6 elmi seminar keçirilmişdir:
“Dədə Qorqud” ETL-nın oktyabr ayında keçirilən seminarı akademik Yaşar İbadovun “Dədə Qorqudla bağlı elmi tətqiqatları,əldə olunan nəticələr”ə həsr edilmişdir. Qədim ulu babamız Dədə Qorqud mifik obraz deyil, tarixi şəxsiyyət olması faktı azərbaycanlı alim,”Alternativ psixologiya” elminin müəllifi, Tibbi Biologoya Elmləri doktoru, Oksford Universitetinin akademiki Yaşar Saday oğlu İbadov tərəfindən elmi əsasalarla təsdiqlənmişdir. Dədə Qorqun 560-cı ildə anadan olmuş 259 il ömür sürmüş , 819-cu ildə vəfat etmişdir. Dədə Qorqudun tarixi şəxsiyyət olması haqqında informasiyanın dəqiqləşdirilməsinə elmi töhfəsini vermiş akademik Yaşar Saday oğlu İbadov “DƏDƏ QORQUD” mükafatı ilə təltif edilmişdir. Dədə Qorqudun doğum və ölüm tarixini müəyyənləşdirməsi, Dədə Qorqud obrazı əsl yeni tarixi nailiyyətdir. Qeyd edilmişdir ki, Azərbaycan elminin korifeyini Yaşar müəllimi İzmirdə Türk dünyası yenidən kəsf etdi. Vətənini ürəkdən sevən və ona xidməti özünə şərəf bilən vətəndaş kimi Dədə Qorqud ruhuna olan ehtiramının, eyni zamanda məhz onunla bağlı şəkilli yazının Azərbaycan övladına kosmik yolla verilməsi qürur vericidi.
Dekabr ayının 21-də “Kitabi – Dədə Qorqud dastanlarının dilində feillərin işlənmə tezliyi” mövzusunda kecrilən elmi seminarı Almara xanımaçaraq qeyd etdiki, feil morfologiyanın ən bəhslərindən biridir. İstər müasir Azərbaycan dilində, istərsə də qədim və orta əsrlərdə feil bir nitq hissəsi kimi öz rəngarəngliyi ilə digər nitq hissələrindən fərqlənir. Bütün dünya dillərində olduğu kimi Azərbaycan dilinin də lüğət tərkibinin daha çox qismini feillər təşkil edir. Bu fakt yalnız müasir dillərdə deyil, tarixi abidələrə də aiddir. “Kitabi-Dədə Qorqud” dastanlarında feillərin demək olar ki bütün növləri, şəkilləri, kateqoriyaları öz əksini tapmışdır.
Məruzəçi Fil.ü.f.d. Babanlı İlhamə Məhəmməd qızı (kiçik elmi) işçi. -“Kitabi – Dədə Qorqud” dastanını oxuduqca, vərəqlədiqcə onun sirli aləm olduğunun şahidi oluruq. Elə bu səbəbdən də dastan həmişə bütün dilçilərin, türkoloqların diqqət mərkəzində olmuş, tədqiqat obyektinə çevrilmişdir. Nitq hissələri arasında xüsusi çəkiyə malik feillərin “Kitabi – Dədə Qorqud” dastanlarında özünün zəngilliyi və qədimliyi ilə seçilən əsas nitq hissələrindəndir. Zaman-zaman feillərin tərkibində dəyişikləiklər getmiş bəzi kök feillərə leksik şəkilçilər qoşularaq yeni sözlər yaranmış, bəzi feillər daşlaşmış şəkildə digər nitq hissələrinin kökündə qalmış, bəziləri isə uzun müddət bədii üslubda işlənilsə də, arxaikləşərək dilin passiv fonuna keçmişdir. Dastanda işləmə feillərinin müəyyən hissəsi heç bir dəyişikliyə uğramadan dövrümüzə gədər gəlib çıxmışdır. Məsələn: Ağlamaq, azmaq, doymaq, dirilmək, eşitmək, izləmək və s. Fonetik dəyişikliyə uğramış sözlərdən əgilmək-əyilmək, qormaq-qorxmaq, incilmək-incimək, yudmaq-udmaq və s.
“Kitabi – Dədə Qorqud” un kitab fonduna daxil olan feillərin digər bir qismi ədəbi dilimizdə semantik və ya fonosemantik dəyişikliyə uğramışdır: qavarmaq-“əlini keçirmək”, bü gün- “mənimsəmək”, oxumaq-“çağırmaq”, bü gün kitab oxumaq mahnı oxumaq mənasında işlənir. Dastanın mətnində işlənən feillərin bir qismidə məhdud ərazidə- dialektlərdə öz izlərini buraxmış, ya da tamami ilə unudularaq işləkliyini itirmiş leksik arxaizmlərdir. Dastanın arxaik leksikasının bir qismi bilavasitə onun öz dilini səciyyələndirir. Az və ya çox dərəcədə başqa abidələrdə təsadüf olunsa belə bunlar “Dədə Qorqud” leksikonu üçün daha tipikdir: bunalmaq, onarmaq, qulumaq və s.
Əsləmək- “qulaq asmaq, sözünə baxmaq”. Aruz Təpəgözü dögdi yasaq eylədi, əsləmədi. Əsləmək feili müasir Azərbaycan dilində tamamilə arxaikləşmişdir. Lakin türk ədəbi dilində eslemek –“sözüne bakmak, tabe olmak”, türmən dlinin dialektində isə əsqermek- “sözə baxmaq, hesablaşmaq, hörmət etmək” mənasında işlənilir. Yay qanmaq-“sirkələnmək, ləpələnmək” mənasında. Dəniz kimi yayqandı.Oğuz qrupu türk dillərindən yalnız türkmən dilində yellənmək-“əsmək, silkələmək” mənasında yaykanmak feilə rast gəlinir.
Tonatmaq- “donatmak”. Yalıncık görsəm tonatdım. Bu feil müasir Azərbaycan və türkmən dillərində qeydə alınmasa da, türk dilində bəzəmək, geyindirmək mənalarında donatmak fonetik tərkibində işlənilir. Belə misalların sayını artırmaq olar lakin bu faktların özüdə “Dədə Qorqud”da ki arxaik feillər haqqında bizə lazım olan məlumatı verir. Bir məqamı da nəzrinizə çatdırmaq istəyirəm ki “Dədə Qorqud” feilləri 484 feil müəyyənləşmişdir.
Seminarda iştirak edən Respublikanın Əməkdar müəllimi, akademik M.Mehdizadə mükafatı laureatı Zülfiyyə Vəliyeva çıxış edərək qeyd etdi ki, elmi seminarın mövzusu aktualdur. Dədə Qorquddan gələn şirin ifadələr dilimizin zənginlıyində öz əksini tapmışdır. Kitabi – Dədə Qorqud” un leksikasının müasir Azərbaycan dili ilə müqayisəsi göstərir ki, müasir dilimizdəki semantik hadisələrin kökü bir başa qədim mənbələrə əsaslanır.
Yeni era Türk erası adlanır! Dədəm Qorqud İstəyi Nə?
-Türk dünyası möhkəm olsun nar kimi!
Öz birliyin O qorusun Nar icində olan pərdələr kimi!
Ellər cörəkli olsun!
Bir-birinə onlar arxa dayaq olsun!
Türk dünyası oyansın!
Veriləni O bilsin!
-Yeni Era başlanır!
Yeni era Türk erası adlanır!
Türk dünyası sınanır!
İlahi dərgahından ,
Dədəm Qorqud ruhundan,
Türk elinə xeyir dualar verilir!
Dədəm Qorqud Sənin ruhun şad olsun!(Z.V)
Dədə Qorqud aşiqlərinin müqəddəs ocaqda bir amal üçün gördukləri işlər qürurvericidir. Şübhəsiz Bakı Dövlət Universitetinin “ Dədə Qorqud” Elmi Tətdqiqat Laborotosiyası qarşıda duran vəzifələrin öhdəsindən layiqncə gələrək yeni yeni uğurlara imza atacaqlar!
Türk dünyası dəyərlərinə, Vətənə, İnsana olan sevgilə yeni-yeni Uğurlara birgə imza atamaq istəyilə!
Zaur Ustacın “BB” kitabı haqqında Kitaba ön söz kimi Əliqulu Qəmküsarın şeiri ilə başlamaq klassikamıza hörmətdi. Həm də şairin öz zəmanəsindən olan gileyi, indiki zamanla müqayisə etməkdi.Baxırıq ki, o zamanla indiki zamanın arasında fərq çox azdı. Zaurun toplayıb çap etdiyi bu hekayələrində həyatın reallıqları var. Bu hekayələrdə oxuduqlarımız hər birimizin gözləri qarşısında baş verən hadisələrdi. Mən burada elə Ə.Haqverdiyevin hekayələrinin davamını görürəm. Tibb müəsisələrində, ticarətdə olan eybəcərlikləri Zaur çox gözəl qələmə alıb. İncəlikləri yumorla çox ustalıqla göstərə bilib. Qarabağ müharibəsinin qazilərinə, veteranlara olan münasibətləri oxuduqca, bəzi üzdəniraq tibb işçilərini gözlərim önündən keçdilər… Zaur, uğurlar olsun! Davamı gəlsin!