GÖLƏQƏLƏMSANCAN (hekayə) Kimya-biologiya müəllimi olsam da, tələbəlik illərindən alverə necə alışdımsa, daha doğrusu əlim pula elə öyrəşdi ki, diplomu alandan sonra bir müəllim məvacibinə baxdım, bir də gündəlik qazancıma və alveri seçdim. Öz əlim, öz başım yavaş-yavaş girələnirəm. Hələ üstəlik “simpatiya” bəslədiyim bir-iki nəfərə də köməklik göstəririəm. Yeni Yasamalda “Qızım” marketin qarşısında balaca bir meyvə-tərəvəz dükanım var. Hər gün səhər saat 6:00 – da açıram, gecə yarıdan keçəndən sonra bağlayıram. 46 yaşım var. 16 yaşımdan günüm belədir. Mənim başqa işim yoxdur. Universiteti də burada oxumuşam. Əsgərliyi də burada çəkmişəm. Min şükür Allaha. Taleyimdən razıyam. Ailəliyəm. Evim-eşiyim. Oğlum-qızım. Özüm min-bir əziyyətlə oxusam da uşaqların başını belə boş-boş işlərlə qatmadım. Ailəlikcə günümüz elə bu balaca dükanda keçir. 2021-ci ilin oktyabr ayının son günləridir. Havalar qəfil çox soyuyub. Bax elə üzbəüz qonşum olan məşhur “Qızım” marketin Yekəpər ləqəbli mühafizəçisi ilə bağlı hekayət də bu günlərə təsadüf edir. Dünən səhər-səhər yazıq buradaca, marketin qabağında durduğu yerdə dəli olub. Aparıblar “Maştağa”ya. Deyirlər ki, ora çatan kimi də dəlilərdən biri “kor quyu”, “kor quyu” deyə-deyə üstünə necə hücum çəkibsə, o boyda adamın ürəyi partlayıb ölüb. Bəlkə də başqa cür olub. Amma belə danışırlar. Bu gün dəfn etdilər. Gəlib-gedən müştərilər deyir ki, havanın belə qəfil soyumasının da səbəbkarı o mühafizəçidir. Hərə ona bir şəbədə qoşsa da mənim onunla quru salam-əleykümdən, bir də arada-bərədə bekarçılıqdan yaranan söhbətlərdən başqa heç bir haqq-hesabım olmayıb. Allah rəhmət eləsin. İndi bəndədir də nəsə günahı olubsa, Allah Bağışlayandır. Biz kimik ki, onun haqqında nəsə danışaq, qərar verək!? Yazıq, belə baxanda sakit adam idi. İşinə gələr, axşama qədər elə bu marketin gah içərisində, gah çölündə gününü keçirib, axşam da çıxıb gedərdi evinə. Gedərdi deyəndə ki, qalxardı yuxarı. Yekəpər elə marketin üstündəcə 40 – cı mərtəbədə ailəsi ilə birlikdə kirayədə qalırdı. Kənddə yaranmış ailə söz-söhbətlərinə görə Bakıya köçməyə məcbur olub. Dəfələrlə yeri gələndə hansı rayondan olduğunu soruşsam da, “Azərbaycan”dan, – deyərək, söhbəti tez dəyişərdi… Yalan-gerçək deyirlər, qaynənəsi də onlarla birlikdə yaşayır. Hələ onu da deyirdilər ki, arvad bu boyda adama göz verir, işıq vermir. Yazığı salıb lap gözüm-çıxdıya. Belə söhbətləri eşidəndən sonra ona çox yazığım gəlirdi. Bu şoğərib market qəbzindən pul qazanmaq məsələsi ortaya çıxana qədər hər şey əla idi. “ƏDV” –ni geri al, deyirsiniz? Nə deyirsiniz, bilmirəm? Bu market qəbzindən pul qazanmaq məsələsi təzə çıxmışdı. Əvvəllər heç bu kağızlara fikir verən yox idi. Gündə neçə dəfə gözümüzün qabağında aparıb boşaldırdılar zibil qutularına. Marketdən çıxan zibillərə də mühafizəçilər nəzarət edir axı? Bu yazıq da həmişə marketdən çıxan zibilləri diqqətlə yoxlayar, sonra xadimələr aparıb zibil qutularına atardı. Elə ki, bu kağızlardan pul qazanmaq məsələsi çıxdı, bir gün gördüm ki, bu yazıq kassadan çıxan qəbzləri su töküb isladır. Sonra xadimələrə atmağa icazə verir. Əvvəllər fikir vermirdim. Sonra bu məsələ hər gün bir neçə dəfə təkrar olunduqca, dəfələrlə söhbət etdiyimiz yerdə gözümün qabağında baş verdikdə, özümü saxlaya bilməyib soruşdum (indi soruşmayım): – Qardaş, neynirsən o kağızları belə isladıb? – mənə nə cavab vesə yaxşıdır? – Belə məsləhətdir, Əmioğlu! – Əla, əla, – deməkdən başqa çarəm qalmadı. Bu söhbətimizdən bir-iki gün keçmişdi. Bir də görürəm, qarşıdakı zibil qutularından həmişə zibil yığan oğlan öz-özünə qarğış edə-edə gedir: “Səni görüm elə o vedrədəki suda boğulasan”, “…yox-yox, səni görüm elə kor quyuda boğulasan… heç su da tapılmasın…”, “…səni görüm elə murdar olasan… yumağa su da tapılmasın…” Gəlib düz qarşımdan keçəndə əl eləyib saxladım. Deyirəm: – Qardaş, nə məsələdir? Yenə kimi asıb-kəsirsən? – Görmürsən bu şərəfsizi? Halal çörəyimizə bais olur… – Kim? Nə məsələdir? Açıq danış görüm… – Allah hökumətimizin canın sağ eləsin. Yaxşı imkan yaratmışdı. Ta zir-zibil yığmağa ehtiyac yox idi. Kreditə ucuz bir telefon götürmüşdüm. Gündə bu kağızlardan çoxlu yığıb aparırdım evə yoldaşım da yükləyirdi telefona sonra da bizə rahat pul gəlirdi. Biz də o pulla işlərimizin bir qismini yola verir, balalarımıza bir qismət əppək alırdıq. Elə axşamlar səndən nə qədər qutularda qalan əzik-üzük meyvələri alıb aparmışam? Yalandır? – Yox, qardaş. Yox. Yalan deyil. Bəs indi nə olub ki, rahat pulunu qazana bilmirsən? – Görmürsən, bu şərəfsiz Yekəpəri? Çekləri vedrədə isladıb zay edəndən sonra zibil qutularına atdırır ki, mən istifadə edə bilməyim. Eşitdiklərimdən dəhşətə gəlmişdim. Hər ikisinə acıyırdım. Maraq güc gəldi: – Qardaş, gündə nə qədər qazanırdın? – Elə qəşəng nizama salmışdım ki, hər gün telefonumuza üç- dörd manat pul gəlirdi. Ordan da yoldaşımın kartına göndərib yaxşıca istədiyimiz yerə işlədirdik. Allah bu Yekəpərin bəlasını versin. O ki, mənim işimi, gül kimi güzəranımı pozdu… – Narahat olma, qardaş! Hər gün sənin 4 manatın bax bu piştaxtada! – əlimi üstünə meyvə-tərəvəz yığdığım dəzgahın üzərinə qoydum. – Doğrudan? – Əlbəttə. Hər axşam evə gedəndə gəlib buradan gedirsən. İstəsən 4 manatı nağd götür get başqa yerdən ehtiyacın olanı al, istəsəndə 4 manatlıq ürəyin istəyən meyvə-tərəvəzdən götür, – belə danışdıq, zibilyığan oğlan islanmış qəbzləri unudaraq sevinə-sevinə evinə getdi. O gündən sonra hər gün olmasa da arada-bərədə zibilyığan oğlan gələr, gah meyvə-tərəvəz, gah da, – “evdə qənd-çay yoxdur, çörək yoxdur”,- deyərək, nağd pul alıb gedərdi. Bu vəziyyət təxminən 3-4 aydır ki, belə davam edir. Deyəsən zibilyığan oğlan bu məsələni hər yerdə danışır, nədi? Son vaxtlar müştərilərimiz də əməlli-başlı artıb. 2 ay olar ta gündə bir dəfə səhər-səhər mal gətirməklə çatdıra bilmirəm. Məcbur olub günortadan sonra da mala gedirəm. Hər şey əla idi. Ta dünənki o hadisəyə qədər. Görənlər deyir ki, Yekəpər səhər tezdən marketin qapısını açdıqdan sonra həmişəki kimi qapının ağzında dayanıb siqaret çəkirmiş qəfildən yuxarıdan kimsə bir vedrə suyu əmdərib bunun başına. Səhər-səhər alaqaranlıq, bir az yuxulu adam, soyuq hava, qəfil təpəsinə tökülən buz kimi su… Yazıq elə yerindəcə dəli olub. Aparıblar “Maştağa”ya… Ta sonrası da sizə məlumdur… Amma bir məsələni də sizə deməsəm olmaz. Vəziyyətdən xəbərdar olandan sonra hər dəfə yanımda kassa qəbzlərini isladanda gah südə su qatan südçü ilə oğlunun hekayətini, gah da göləqələmsancan uşağın əhvalatını ona anladırdım… O isə işini görə-görə diqqətlə məni dinləyər, hekayət bitəndə belə deyərdi: – Nağıllara inanma… Mən isə nağıllara inanıram. Hələ üstəlik, bütün işlərimə örnək “Atalar sözləri”ni tuturam. Ən son eşitdiklərimi də sizə çatdırım, vəssalam. Deyirlər ki, Yekəpərin qaynanası elə bax bu “Qızım” marketdən 3-4 gün əvvəl yekə, qapqara bir plastmas vedrə alıb, qalxıb yuxarı. Hələ liftdə onunla birlikdə qalxan qonşunun dediklərinə görə tez-tez dodaqaltı deyirmiş: “İndi mən sənə göstərərəm, ay Yekəpər… Göstərərəm…” Son. 27.01.2022. Bakı.
MƏLƏK (hekayə) Məktəb illərim çoxdan tarixə qovuşub, ancaq o günləri heç unutmuram. Dərslər sentyabrın 1-i başlayırdı. Bu günü Bilik Günü kimi qeyd edirdik. Həmin gün – ilk dərs günü müəllimlərimiz böyük vətəni qorumaqdan, onu sevməkdən danışırdılar. Orta məktəbin son siniflərində oxuyanda 10 il ərzində eşitdiklərimizin cəfəngiyyat olduğuna şahidlik etdik. Sonuncu sinifdə artıq, xüsusi ilə tarix fənnindən, kitablarda öyrənməyə mövzu qalmamışdı. Hiss olunurdu ki, bəzi müəllimlər sanki uzun müddət təkrar-təkrar bizə söyləyib, zorla əzbərlətdirdikləri mövzuların çoxuna görə xəcalət çəkirlər. Bax belə bir təzadlı dövrə təsadüf edirdi mənim məktəb illərim. Hələ lap aşağı siniflərdən qarşıma məqsəd qoymuşdum ki, böyüyəndə tarix müəllimi olacam. Məktəbi bitirəndə çox çətin seçim qarşısında qalsam da, fikrimi dəyişmədim. Tarix müəllimi oldum… Bu gün 29 sentyabr 2021-ci ildir. Yenə Bilik Günü – məktəblərdə ilk dərs günüdür. Dərslər sentyabrın 15-də başlamalı olsa da dünyada qəbul edilən pandemiya səbəbindən ilk dərs bu günə təsadüf edib. Artıq üçüncü il bir neçə tarix fənnindən dərs dediyim “VII A” sinfində Bilik Günü kimi qeyd etdiyimiz ilk dərsi mən aparmalıyam. İlk dərs günü şagirdlərimizə 44 günlük II Qarabağ Müharibəsindən, şanlı Zəfər Günümüzdən danışmalıyıq. Şagirdlərimin hamısı məni yaxşı tanıyır. Ötən tədris illərində demək olar ki, hər gün təmasda olduğumuzdan, xüsusi ilə onlayın dərslər zamanı, bütün günümüzü birlikdə keçirdiyimizdən şagirdlərimlə bir evli, lap ata-bala münasibəti qura bilmişəm. Şagirdlərim mənim həm Birinci, həm də İkinci Qarabağ Müharibələrinin iştirakçısı olduğumu, hətta uşaqlığımın, təhsil illərimin döyüş bölgəsində yerləşmiş sərhəd kəndində keçdiyindən də xəbərdardırlar. Çünki həmişə onlara ucqarlarda, təmirsiz, uçuq-sökük məktəblərdə heç bir şəraiti olmayan, hətta pəncərə şüşələrində, yazı taxtalarında, divarlarında güllə, qəlpə izləri olan sinif otaqlarında əla qiymətlərlə oxuyan şagirdləri misal çəkir, onların belə gözəl şəraitli, yeni məktəblərdə daha yaxşı oxumağa borclu olduqlarını xatırladırdım. İndi, şanlı Zəfər Günümüzün 1 illiyi ərəfəsində məğlubedilməz xalqın nümayəndəsi, qalib ölkənin vətəndaşı, müzəffər ordunun zabiti, təhsilimizin ən çətin və keşməkeşli günlərini həm şagird, həm tələbə, həm də müəllim kimi yaşamış təcrübəli şəxs, valideyn olaraq öz şagirdlərimlə tam yeni mövzuda, yeni ruhda söhbət aparmalı idim. Düzü, formal olaraq, Bilik Gününün ilk dərsinə hazır olsam da sinifə girənə qədər nə barədə, necə danışacağımı konkret bilmirdim. Sinfə daxil olub, uşaqlarla salamlaşdım. Həm sinifdə yeni şagirdlər olduğuna, həm də pandemiya səbəbindən artıq uzun müddətdir onları görmədiyimə görə xahiş etdim ki, hamı bir neçə dəqiqəlik maskasını endirsin. Şagirdlər gül-çiçək kimi açmış rəngarəng maskalarını endirdilər. Uşaqlar yeniyetməlik çağlarını yaşadıqlarına görə xeyli dəyişilmişdilər. Sinfimizə bu ildən yeni gəlmiş şagirdlərdən biri diqqətimi xüsusi ilə cəlb etdi. Üzümü bu mələk simalı, uclarına ağ kəpənək formalı bantlar bağlanmış uzun hörükləri olan yeni şagirdimizə tutub soruşdum: – Sənin adın nədir, qızım? – Mələk Musalı, – yeni şagird qalxdı və özünü təqdim etdi. – Çox gözəl! Otur, qızım! – bu sözləri dedim və xəyal məni həmin günə apardı… Bir an düşündükdən sonra şagirdlərimlə bugünkü söhbəti necə quracağıma qərar verdim və söhbətə başladım. Onu qeyd edim ki, hər belə söhbətlərə başlamazdan əvvəl,vacib detalları özüm üçün götür-qoy edəndə şagirdlərimin məni necə diqqətlə dinlədiklərini təsəvvür etmək, söhbətin mənəvi əhəmiyyətindən, faydasından heç də az ləzzət eləmirdi mənə. İşimi sevə-sevə görür və bundan zövq alırdım. Hal-hazırkı vəziyyətdən, məlum münaqişənin tarixinə qısa ekskursdan, 44 günlük müharibədən, şanlı Zəfər Günümüzdən, bu günlərə gəlib çatmağımızda Ümummilli Liderimiz Heydər Əliyevin, onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xidmətlərindən danışdıqdan sonra bir az fasilə verib dedim: – İndi sizə özümün gənc ikən şahidi olduğum maraqlı və ibrətamiz bir əhvalat danışacam. Ancaq əhvalatı danışmazdan əvvəl bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə çox mühüm bir nəticə əldə etmişik. Bu nəticəni qoruyub saxlamaq, inkişaf etdirmək, böyütmək, möhkəmləndirmək sizlərin işidir. Bu yurdun, bu ölkənin, bu xalqın gələcəyi sizin əllərinizdədir. Heç kim özünü kiçik, fəaliyyətini əhəmiyyətsiz saymamalı, sadəcə üzərinə düşən işi şərəflə, vicdanla, ləyaqətlə yerinə yetirməlidir. İndi danışacağım əhvalat da məhz bu baxımdan sizin üçün faydalı ola bilər. Hamı dinləməyə hazırdır? – Bəli! – Başlayaq? – Başlayaq! – Deməli belə, mən artıq birinci kurs tələbəsi idim. Azərbaycan Pedoqoji İnstitutunun Şuşa filialının Tarix fakültəsində oxuyurdum. O vaxtlar bu İnstitut bizim rayonda, yəni, Ağcabədidə yerləşirdi. Yeni gələnlər və unudanlar üçün deyim ki, mən Ağcabədi rayonunun Qiyaməddinli kəndindənəm. Sizin kimi belə şagird olanda Çapayev adına taxtadan tikilmiş köhnə, bir mərtəbəli məktəbdə oxumuşam. Çapayev o dövrün əfsanəvi qəhrəmanlarından biri olmuşdu. Tam səmimi deyim ki, bəlkə, bu gün də belə bir qəhrəmanın adına olan məktəbdə təhsil almağımla qürur duyuram. Özümdən asılı deyil, hələ qanımdan çıxmayıb. Çünki uzaq ellərin qəhrəmanı olan Çapayev o qədər məşhur idi ki, onun qəhrəmanlığından bəhs edən əhvalatlar, lətifələr hər yanda danışılır, sevilirdi. O vaxtlar vəziyyət belə idi. Hə, şübhəsiz ki, belə bir qəhrəmanın adına olan məktəbdə oxuyan uşaqlar da hamısı onun kimi qəhrəman olmaq arzusunda idi. Bizim kənd Ağcabədinin döyüş bölgəsinə tərəf sonuncu kəndi idi. Bizdən sonra Ağdam rayonunun Yusifcanlı kəndi gəlirdi. Müharibə zamanı düşmənlər Yusifcanlı kəndinə iki dəfə hücum edib yandırmışdılar. Kənddə artıq yaşayış yox idi. Kənd camaatı bir müddət gecələr gəlib bizim və yaxın ətraf digər kəndlərdə qalıb gündüzlər öz kəndlərinə qayıtsalar da 1993-cü ilin iyun ayının 12 –sində sonuncu dəfə düşmən ağır texnikaların dəstəyi ilə hücuma keçərək kəndi tamam yandırıb, dağıtdı. Bu gündən sonra demək olar ki, bizim kənd sərhəd kəndi oldu. Artıq bizim kənddə də köçmək barədə söz-söhbət dolaşmağa başlamışdı. Bir yandan da həmin günlərdə Gəncədə nəsə anlaşılmaz hadisələr baş verirdi. Həmin vaxt ölkənin prezidenti Əbülfəz Elçibəy idi. Deyilənə görə o da Bakıda deyildi. Heç kimə demədən harasa gizli bir yerə çəkilmişdi. Bax belə bir qarışıq vəziyyətdə mən birinci kursu bitirirdim. İnstitutda yay imtahanlarının ən qızğın vaxtı idi. Həmin günün tarixi dəqiq yadımda deyil. Ancaq iyun ayının son günləri idi. Çünki kəndimizin sakinləri Yusifcanlıların başına gələn qəfil hadisənin şokundan hələ tam çıxa bilməmişdilər. Yadımdadır, həmin gün mənim Azərbaycan tarixi fənnindən imtahanım var idi. İmtahanı verib Ağcabədidən – rayon mərkəzindən kəndimizə qayıdırdım. Günorta saat 1-2 olardı. Yolboyu qarşımıza bizim kənd tərəfdən gələn üstündə ev əşyaları ilə dolu, insanlar olan yük maşınları çıxırdı. Əvvəl çoxunu tanımasam da son keçən maşınların üstündəkilərdən bir-ikisini tanımışdım. Kəndə çatmağımıza 10-15 dəqiqəlik yol qalmışdı. Çox həyəcanlanırdım. Bu qorxu deyil həyacan idi. Kəndimizə çatmağa tələsirdim. Çünki mənimlə birlikdə Çapayev adına məktəbdə oxumuş sinif yoldaşlarımın çoxu indi əsgər idi və əlində silah kəndimizin müdafiəsində postda dayanmışdılar. Mən əsgər olmasam da hər gün institutdan gələn kimi onların yanına gedirdim. Düşmən hələ biz tərəfdə görünməsə də arada-sırada kəndin ərazisinə top, “qrad” mərmiləri düşürdü. Ancaq təhlükə həmişə var idi. Çünki qonşu kənd olan Yusifcanlıya da məhz belə qəfil, həm də kənd camaatının gözləmədiyi tərəfdən hücum etmişdilər. Xain düşməndən nə desən gözləmək olardı. Belə fikir-xəyal içində kəndin mərkəzinə çatıb, maşından düşdük. Rayon mərkəzi ilə əlaqə saxlamaq ancaq “xalturşik” dediyimiz indiki deyimlə desək taksi xidməti göstərən şəxsi minik avtomobilləri ilə mümkün idi. Nə isə, maşından düşdük. Camaat toplaşan yer toz-dumanın içində idi. Ağız deyəni, qulaq eşitmir, hərə bir fərziyə irəli sürürdü. Bir az kənarda ağacların kölgəsində Bakıdan gəlmiş boş yük maşınları dayanmışdı. Arvad-uşaq əllərində boğçalarla yavaş-yavaş bu maşınların ətrafına toplanırdı. Yorulanlar çıxıb yük yerində yerləşib otururdular. Qocalar birmənalı şəkildə, qəti olaraq bildirirdilər ki, burada ölərik, kənddən çıxmarıq. Gənclərin əksəriyyəti formalı-formasız əli silahlı postlarda idi. Orta yaşlıların isə, – “burada öləcəyik, kənddən çıxmayacağıq”, – deyən qocalara qarşı yaxşı arqumentləri var idi: “A kişi, sənin prezidentin ölkəni qoyub, gedib oturub Kələkidə, sən də başlamısan kənd belə gəldi, kənd elə getdi…” Belə mübahisələrin birində Məmməd dayının, Həsən əmiyə verdiyi ibrətamiz cavabı bu gün də olduğu kimi xatırlayıram: “A bala, sən indi deyirsən hamımız yığışaq gedək Bakıya. Əgər belə etsək bunun adı olacaq yurdunu-yuvasını qoyub qaçmaq. Amma o kişi neyləyib? – Bakını qoyub gedib, öz yurduna-yuvasına. Kim hara gedir getsin, mən heç yana getmirəm…” Elə bu vaxt Bakıdan gələn yük maşınlarından birinin sürücüsü yaxınlaşıb ümumi camaata: “Mənim maşınım dolub, kişilərdən də bir nəfər yanımda əyləşsin, hara deyirsiniz gedək. ” Məmməd dayı bu dəfə də ona tərəf dönüb təmkinini pozmadan: “A bala, qonaqsan, sən hələ bir soluqlan, görək başımıza nə gəlir…”, demişdi ki, rayon mərkəzindən qayıdan Əhməd dayının “ağ 24-ü” gəlib düz camaatın yanında dayandı. Maşının yaratdığı toz-duman yatandan sonra içərisindən ağ köynəkli, qara kostuyumlu, qalstuklu, yanında da uzun hörüklü balaca bir qız olan kişi düşdü. Toz-duman tamam çəkilən kimi bu adamı tanıdım. Bu Musa müəllim idi. Yanındakı da qızı Mələk. Musa müəllim bizim kənddən olsa da Bakıda yaşayır, universitetdə müəllim işləyirdi. Hamı, xüsusi ilə ağsaqqallar hərə bir tərəfdən Musa müəllimin üstünə tökülüşdülər. Musa müəllim qızı Mələyi nənəsinin yanına göndərəndən sonra qocalı-cavanlı orada olan hər kəslə bir-bir əl tutub görüşdü. Yaxın və doğmaları ilə qucaqlaşdı. Hal-əhval söhbətləri bitəndən sonra yenə Məmməd dayı özünü saxlaya bilmədi: – Bala, başına dönüm, nə yaxşı gəlmisən!? Səni “O kişi” özü göndərib buraya, – əlini şəstlə göyə tərəf uzadaraq, – dedi və indicə verdiyi sualın cavabını da özü tapdığı üçün uşaq kimi sevicdən gözləri yaşardı… Özün gəlmisən. Xoş gəlib, səfa gətirmisən. Bəs o tifili niyə yanına salıb gətirmisən? Bu başsız camaata bir söz de! Bu millət neyləsin? Bakıda nə var, nə yox? Bu deyilənlər doğrudurmu? Deyirlər, ölkə başsız qalıb… – Hər şey yaxşıdır! Heç narahat olmayın. Yaydı də, mən həmişəki kimi anama baş çəkməyə gəlirdim, Mələk ağladı ki, mən də nənəmə getmək istəyirəm. Onu da gətirdim. Biz yay tətilinə, kəndə dincəlməyə gəlmişik. – Ay başına dönüm, sən buradakı vəziyyəti görmürsən? Nə dincəlmək? Nə tətil? Ölkə qalıb başsız… – Narahat olmayın. Ölkə başsız filan deyil. Belə sözlərə inanmayın. Bu xalqın Heydər Əliyev kimi oğlu var! Hər şey öz qaydasına düşəcək! – Ay onun adına qurban olum. Allah mənim ömrümdən kəsib onun ömrünə calasın… Əliyev bu işə qol qoyubsa düzələcək. Xoş gəlmisən bala! Yol yorğunusan, get dincəl. Bir az soluqlan. Siz də dağılışın evinizə. Ayıbdı heç olmasa o tifildən utanın! Bakıdan durub gəlib bura, siz də getmək istəyirsiniz Bakıya.. Ayıbdı, vallah ayıbdı… Məmməd dayı sözünü bitirib, dəryazını da çiyninə atıb evinin yolunu aldı. Maşınlara minmiş arvad-uşaq artıq çoxdan tökülüşüb, Mələyin başına yığışmışdılar. Yaşıdları onun geyim-keçiminə maraqla baxır, nənəsi şirin-şirin sorğu-sual edir, digər böyüklər isə sanki onun başına sığal çəkmək müqəddəs bir borcmuş kimi bir-bir saçını sığallayıb gedirdilər. Musa müəllim sanki heç nə olmayıbmış kimi təmkinini pozmadan qızı Mələyi və anasını götürüb öz ata ocağına getdi. O, gedən kimi bütün digər oraya toplanmış insanlar da yavaş-yavaş hərə çəkilib öz evinə getdi. Axşama tərəf Bakıdan gələn yük maşınları da çıxıb getdilər və bir daha bizim kəndə gəlmədilər. Həmin ili Musa müəllim qızı Mələklə düz Oktyabr ayına qədər kənddə qaldı. Yay imtahanları bitən günü mən də könüllü orduya yazıldım. Məni öz sinif yoldaşlarıma komandir təyin etdilər. Bu işdə nə onlar, nə də mənim üçün heç bir yenilik yox idi. Çünki, hələ məktəbdə oxuyanda da “İbtidai hərbi hazırlıq” dərslərində hərbi rəhbər məni komandir təyin etmişdi. Məktəbi qurtarana qədər iki il onların komandiri olmuşdum. İndi öyrəndiklərimizi həyata keçirmək vaxtı idi. Digər tağımların əsgərlərindən postda yatan olsa da bizim tağımdan heç vaxt, heç kim posta yatmazdı. Biz sırada dayanmağı, postda durmağı, müxtəlif mövqelərdə vəzifələrimizi hələ məktəbdə oxuyanda yaxşı öyrənmişdik. Bütün yayı demək olar ki, Musa müəllim hər gün bizim yanımıza gəlir, maraqlı söhbətlər edir, gəncləri ruhlandırırdı. Maraqlısı o idi ki, Musa müəllim dedikləri hamısı düz çıxırdı. Heydər Əliyev xalqın çağırışı ilə hökümətdə idarəçiliyi ələ alandan sonra yavaş-yavaş vəziyyət düzəlməyə başlamışdı. Musa müəllimin və qızı Mələyin kənddə olması camaat üçün böyük toxtaqlıq idi. Musa müəllim atasının ocağında oturubsa kəndə heç nə olmaz. Musa müəllim kənddədi, elə bil kənddə bir ordu var. Bax vəziyyət belə idi. Musa müəllim də bunu yaxşı başa düşdüyünə görə dərslər başlasa da Bakıya qayıtmırdı. Vəziyyətin tam düzəlməsini gözləyirdi. Oktyabrda demək olar ki, vəziyyət stabilləşdi. Orduya çoxlu yeni hazırlıqlı əsgərlər gəldi. Könüllüləri tərxis eləməyə başladılar. Tezliklə Musa müəllim də qızını götürüb Bakıya qayıtdı. Mən də təhsilimi davam etdirməyə başladım… 27 sentyabr 2020 –ci il İkinci Qarabağ Müharibəsi başlayana qədər bizim kənddə çox hadisələr baş versə də heç kim kəndi tərk etmədi. Əksinə yandırılıb, dağıdılıb işğal olunmuş yaxın kəndlərin uzağa getmək istəməyən sakinlərindən də bəziləri bizim kənddə və onun ətrafında məskunlaşdılar. Bizim kəndi keçilməz səngər edib, qəti döyüş gününü gözlədilər. O gün gəldi və Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə xalq, ordu, rəhbər birliyi qələbə qazandı. İndi bizim tarixdə 44 günlük şərəfli Vətən Müharibəmiz, 8 noyabr kimi şanlı qələbə günümüz, Zəfər Günümüz var! İndi bütün çətinliklərin arxada qaldığı gündə mən uzun illər kəndimizi dağılmaqdan, yüz illərdir yanan ata ocaqlarını sönməkdən qoruyan Musa müəllimlə onun xilaskar qızı, kəndimizin qoruyucu mələyi olan Mələk xanımı əbəs yerə xatırlamadım. Mənim bu gün də heç şübhəm yoxdur ki, əgər həmin gün, həmin məqamda Musa müəllim və qızı Mələk kəndə gəlməsə idi, indi bizim kənd də yerində olmazdı. Buradan nə nəticə çıxarmalıyıq? Bütün mövcud vasitələrdən istifadə edib yaxşı oxumalıyıq. Sinif otaqlarımızı, əyani vəsaitləri göz bəbəyimiz kimi qorumalıyıq. Gələcəkdə hansı peşənin sahibi olmağımızdan asılı olmayaraq, ziyalı, vətənpərvər, qətiyyətli, hər zaman təmkinli olmalıyıq. Bütün bu sadaladığım keyfiyyətlərə ancaq yaxşı oxumaq və öyrənməklə nail olmaq olar. Yeni tədris ilində hamınıza uğurlar arzu edirəm! Yeni dərs ilimiz mübarək olsun! Öz doğma evinizə, ocağınıza xoş gəlmisiniz! – Kimin nə sualı var? – deyə, sonda sinifə müraciət etim. – Olar, müəllim? – deyə, yeni şagirdimiz Mələk Musalı müraciət elədi. – Buyur, Mələk. Buyur, qızım. – Müəllim, bəs sizin adınız nədir? – Üzr istəyirəm, gərək dərsə başlayanda sinfimizə yeni gələn şagirdlər üçün özümü təqdim edəydim. Unutmuşam. Mənim adım Hüseyndir. Hüseyn Məmmədov. – Çox sağ olun, müəllim. Maraqlı əhvalat idi. Müəllim, mənim babamın da adı Musadır. O da müəllim işləyib. İndi təqaüdçüdür. Qələbəmizə çox sevinirdi. Lap çox. 44 günlük müharibə vaxtı hər axşam televizorun qarşısında oturub Prezidentimizin çıxışını gözləyirdi. Hər kənd alındıqca, sevincdən ağlayırdı… – Çox gözəl, mənim ağıllı qızım. Hamımız bax belə Musa müəllimlər kimi vətənpərvər, Mələklər kimi cəsur, qorxmaz, dəyanətli olmalıyıq! – dedim və dərsi yekunlaşdırdım. Uşaqlarla sağollaşıb sinif otağından çıxdım. Yeni şagirdmiz Mələk Musalı 30 il əvvəlki Musa müəllimin qızı Mələyə çox oxşayırdı. Hələ hörükləri, kəpənək formalı bantı. Heç ağlıma gəlməzdi ki, indiki zamanda da şagirdin belə bantlı uzun hörüyü olar. Ən azından son illər heç rast gəlməmişdim. Beynimdə bu Mələklə o Mələyin arasında bir əlaqə varmı? Bəlkə, elə bu qızın babası o Musa müəllimdir? Birdən uşaq gedib əhvalatı evdə danışar? Tez də: “Danışsa nə olar ki, hər şeyi olduğu kimi demişəm. Həm də yaxşı olar təki yeni şagirdimizin babası Musa müəllim elə o Musa müəllim olaydı… Bu günləri o da görəydi… Bu lap əla olardı…” , – bu fikirlər beynimdə dolaşa-dolaşa müəllimlər otağına baş çəkib məktəbdən çıxdım. 2021-22 tədris ilimiz də belə başladı. Son. 17.01.2022. Bakı.
NÖVBƏTÇİ XƏSTƏ (hekayə) Uzun müddətli bayram tətili, yağlı yeməklər, qoz-fındıq, şəkərbura, paxlava üstəgəl olduqca müxtəlif çeşidli şirniyyatlar öz işini görmüşdü. Artıq aram-aram üzü 70-ə doğru gedirəm. Necə deyərlər, yaş o yaş deyil… 2018 – ci il mart ayının sonları, daha dəqiq desək, martın 28-i idi. Adətim üzrə səhər saat 10:00 atıq iş başındayam. Təzəcə kabinetə keçib, öz yerimdə oturmuşdum ki, bu gün telefonlara cavab verəcək qızlardan biri qapını döydü: – Buyurun! Gəlin! – Olar, Kərim müəllim? – Ta gəlmisən də. Gələn təzə işə götürdüyüm Aydan idi. Universitetlərin birində rus dili müəllimi ixtisasına yiyələnirdi. Ailə vəziyyətləri elə də yaxşı deyildi. Gündəlik yemək və geyim ala bilmək üçün işləməyə məcbur idi. Bu qız elə ilk gündən diqqətimi cəlb eləmişdi. Açıq fikirli, diribaş qız idi. Bu adam “yox” deməyi sevmirdi. Qəbul otağındakı telefonlara cavab verən qızlar hər gün dəyişir və hamısı bilirdi ki, mən gəlib kabinetə keçən kimi təzə dəm, qaynar, pürrəngi çay masamın üstünə gəlməlidir. Aydan da yeni olmasına rəğmən səliqəli şəkildə ustalıqla masanın başına dolanıb, çayı qoyduqdan sonra qarşımda 2-3 dəqiqə ərzində əl çatan məsafədə dayanıb qəndqabını və masadakı müxtəlif əşyaları yerbəyer edib, bir az da tərəddüd içərisində çıxıb getdi. Qapını örtüb çıxanda qızın üzündəki ifadə mənə qəribə gəldi. Özümü bir az günahkar kimi hiss elədim. Qız gedəndən sonra anladım ki, nəsə məndə dəyişiklik baş verib. Vəziyyətim yaxşı deyil. Elə bil bədənim tamam ağırlaşmışdı. Bədəncə dolu adam olsam da, yaşıma görə qıvraq idim. Bu gün nəsə heç həmin adama oxşamırdım. Çox sıxılırdım. Sanki indicə nəfəsim dayanacaq. Aydanı yenidən çağırdım. Gün üçün vacib tapşırıqları verib, ofisdən çıxdım. Ailə həkimimizə zəng vurub, vəziyyəti dedim. Məsləhət gördü ki, vaxt itirmədən “Respublikaniski”də Məmməd həkimin yanına gedim, o baxsın. Mən də elə işdən maşına minib birbaşa gəldim Məmməd həkimin yanına. Məmməd həkim ora baxdı, bura baxdı. O tərəfə çevirdi, bu tərəfə çevirdi. Kürəyimi yumruqladı. Qarnımı kəsmələdi və dedi: – Müəllim, kalan su yığılıb. Yüngül dava-dərmanla, evdə müalicə ilə keçən şey deyil. Mütləq “Semaşko”da müalicə almalısınız. Mən razılaşmayıb deyəndə ki, a kişi, mənim işim-gücüm var, gedib xəstəxanada yata bilmərəm… Həkim, -“özünüz bilərsiniz, vəziyyət belədir,”- deyib durdu. Mən dedikcə ki, su nədir? Bu su hara yağılıb? Mən elə anadangəlmə belə doluyam. O, “xeyr, elə deyil! Bax bura, – qarnımın üstünə kəsmə vura-vura, – 5-6 litr su yığılıb”,- deyir. Qaldım məətəl… Çar-naçar Məmməd həkimdən göndəriş alıb getdim “Semaşko”ya. Maşını xəstəxananın həyətində saxlayıb qalxdım qəbul şöbəsinə. Göndərişi alıb qeyd etdikdən sonra ora göndərdilər, bura göndərdilər. Hamısı da pul. Günün axırında məlum oldu ki, həqiqətən bədənimə 5 litrdən artıq su yığılıb. Mütləq xəstəxanada yatıb müalicə olunmaq lazımdır. Ancaq xəstəxanada boş yer yoxdur. Əvvəlcə elə bildim nəyisə düz eşitmirəm. Həkim “ən azı 10 gün” deyəndə bütün ağrılarım keçib getdi və mən: -Həkim, mənim işim-gücüm var,- dedim Həkim isə gözlərimin içinə baxaraq: -Siz mütləq stasionar qaydada müalicə olunmalı, xəstəxanada ən azı 10 gün qalmalısınız. Vəziyyətiniz çox ağırdır. Başa düşürsünüz bütün bunları? – Xeyr, başa düşə bilmirəm. Siz deyirsiniz ki, burada qalıb müalicə olunmalıyam. Bunlar deyir ki, boş yerimiz yoxdur. İndi mən necə edim, kimə inanım? – Yer məsələsini onlarla həll edin. Mən yer işinə baxmıram. Mənim işim növbəti 10 gündə sizi müalicə etmək olacaq, – dedi və qapının ağzında duran iki nəfər qəssaba oxşayan, qırmızı sifət, boynu yoğun ağ xalatlı kişini göstərdi: – Onlar deyirlər, boş yer yoxdur. Görün digər xəstələr necə yer tapırlar, siz də elə edin. – Ay həkim, işim-gücüm tökülüb, qalıb. Buraxın gedim. Gündə neçə dəfə desəniz gələrəm müalicə edərsiniz. – Elə olmaz, – dedi və kiməsə daxili telefonla zəng etdi. Mənim də eşidə biləcəyim tonda xəttin o başında kobud qadın səsi: – Qoy “səkkiz”ə yazsınlar, “səkkiz”ə, – deyirdi. Nəsə, məni bir az da sorğu-sual etdikdən sonra yazdılar 8-ci otağa. Özüm öz ayağımla, ağlım başımda gəldim 8-ci otağa. Otaq, nə otaq. “Bindujnik”. Qapı-pəncərə yox kimi. İçəridə yel vurur, yengələr oynayır. İki çarpayılı dar-düdtək bir otaq. Çarpayının birində arıq, qoca bir kişi sakitcə uzanmışdı. Elə mən içəri girən kimi kişinin ah-naləsi başladı, nə başladı… Kişi bir zarıyır, bir zarıyır. Üzü də hardansa mənə tanış gəlir. Amma heç cür yadıma sala bilmirım ki, onu harada görmüşəm. Nəsə, yenidən 1 manat ona, 5 manat buna, döşək pulu, mələfə pulu, paltar pulu, sanitar pulu, qapıçı pulu, zir pulu, zibil pulu, “qa” deyənə dən, “qu” deyənə su verdikdən sonra zəng edib oğluma vəziyyəti bildirdim. Dedim ki, axşam gedib ofisi bağlayandan sonra yanıma gəlsin. Xəstəxana paltarını geyinib yerimə təzəcə uzanmışdım ki, digər çarpayıda uzanmış qoca kişi zarımağa başladı. 5-10 dəqiqə keçdikdən sonra hiss etdim ki, mən bunun zarımağına fikir vermədikcə bu daha ucadan, ah-vayla qışqırmağa başladı. Kişi bir qışqırır, bir qışqırır, gəl görəsən. Görməyən də deyər bəs ətindən ət kəsirlər. Elə bu hayhahayda oğlum gəlib çıxdı. Mən ondan işi-gücü soruşub arxayın olduqdan sonra, o da məndən vəziyyətin nə yerdə olduğunu soruşdu. Başıma gələnlərin hamısını bir-bir danışdım. Qoca kişinin ah-vayından yarısını eşitdi, yarısını eşitmədi. Otağın şəraitinə, kişinin vay-şivəninə baxıb məndən soruşdu: – Pa, indi sən burada qalacaqsan? – Nə edim, ay bala? Hələ buranı da yüz minnətlə tapıblar. Deyirlər ki, boş otaq yoxdur. – Əşi necə yoxdur? İndi mən baxaram, – dedi və oğlum “palata”dan çıxdı. Uşaq çıxan kimi, elə bil kişinin yarasına duz basdılar. Allah, Allah bu kişi necə cikə çəkib qışqırırsa, az qalır bina uçub tökülsün. Mən də öz-özümə deyirəm: -“bu nə konsertdir düşdüm”… Elə bu vaxt oğlum gəldi çıxdı: – Pa, dur gedək, bu gecə də evdə yat səhər tezdən səni gətirib, başqa otağa yerləşdirəcəm. – Ay bala, olmaz. Həkim dedi ki, burada qalmalıyam. – Əşi, rəhmətliyin oğlu, indi həkim var? Dur gedək. Həm maşını apar qoy qaraja, həm də bu gecə evdə rahat isti yerdə yat, sabah tezdən səni özüm gətirib, lüks bir palataya yerləşdirəcəm. – A bala, kimdi bizi bu gecə vaxtı buradan buraxan? – Buraxarlar, buraxarlar. Sən dur hazırlaş gedək, – dedi və xəstəxananın dəhlizinə çıxdı, tez də qayıtdı. – Əynini dəyişmə. Elə bu paltarda gəl. Nəsə, oğlum deyən kimi elədik. Gecəni öz evimizdə keçirib, sübh tezdən getdik xəstəxanaya. Həkimlər və digər işçilər gələnə qədər bir az da arıq, qoca kişinin ah-naləsini dinlədim. Bu arada oğlum nə etdi, nə etmədi, məni keçirtdilər başqa palataya. Adamın üstə Allah var. Bax bura palata, xəstəxana otağı demək olardı. Otaq normal, yataq normal, sanitar qovşağı normal. Əvvəlcə iki gün otaqda tək qaldım. Sonra palatadakı boş çarpayıya elə mən yaşda, mənim kimi bir kişi gətirdilər. Məndə birinci dəfə olsa da o, artıq 10 gün-10 gün dəfələrlə burada olmuşdu. Bu sahədə daha təcrübəli idi. Çox məsələlərdən xəbəri var idi. Məndən də “kefqom” adam idi. Onun da bir oğlu gəlib gedirdi. Ancaq mənim oğlum daha diribaş idi. Birdən elə olurdu ki, dördümüz də bir-birimizə qoşulub adi bir şeyə elə gülürdük ki, xəstəxanada başını bizim palataya soxmayan adam qalmırdı. “Kefqom” qonşum məni xəbərdar etdi ki, bədənindən suyu çəkdirməyə razı olma. Denən ki, müalicə olunmaq istəyirəm, sudur də özü çəkiləcək. Elə də oldu. Müalicə həkimim bir iki dəfə israr etdi ki, bu çox təhlükəlidir. Ən asan yolu suyu şəkməkdir. Razı olmadım. 5-6 gündən sonra buraya nə üçün gəldiyimi unutmuşdum. Həkimin müalicəsindən əlavə gündə bir dəfə tələbələr də gəlir, qoca professorlar, əlləri, dilləri əsə-əsə bizi göstərib nəsə danışıb gedirdilər. Bir gün özümü saxlaya bilməyib qoca professora bir-iki sual verdim. Arif adam imiş. Duydu ki, bunlar elə belə, məzəyə verilən suallardır. O məndən ciddi-ciddi soruşdu: – De görüm işini-gücünü atıb, ilin-günün bu vaxtı burada nə gəzirsən? – mən də ona eynən belə cavab verdim: – Həkim sağ olsun. Bəs bayaqdan bu tələbələrə nə danışırsınız? – Onu boş ver. De görüm bu qədər suyu haradan yığmısan bura? Həm də hara yığmısan? Mədə sağlam, ağ ciyar sağlam, qara ciyar sağlam. Bir dənə öddə bir balaca daş var, o da “lal daş”dır. Ona toxunmasan yaxşıdır, – bu arada başını qapıdan içəri salıb qoca professoru diqqətlə dinləyən mənim gənc müalicə həkimimə tərəf çevrilərək əli elə qarnımın üstündə, – öd daşı üçün yazdığınız dərmanlırın istemalını dayandırn, – dedi və yenidən mənimlə söhbətinə davam etdi. Hə, de görüm bir gündə nə qədər su içirsən, ay igid oğlan? – 2 litir, 3 litir. Bəlkə də çox. – Niyə? Səbəb nədir? Bəs, sən eşitməmisən dahi Azərbaycan şairi Nizami bu barədə nə deyib? – Nə deyib? – Düzdür, bu ana dilimizə tərcümə olunub ancaq mənası belədir. Dahi Azərbaycan şairi Nizami bu barədə belə deyib: “Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir o da.” Bəs bu qədər su içmək nə vərdişi hardandı belə? Bu nə təlabatdır? Bu nə ehtiyacdır? – Vallah, həkim sağ olsun, bir – iki il bundan qabaq internetdə gördüm hamı paylaşır ki, su içmək belə xeyirdi, elə faydalıdır. Mən də başladım hər gün su içməyə. Düzdür, əvvəlcə elə çox içmək də olmurdu. Sağ olsun, bir müəllim dostum da dedi ki, siftə-siftə adamın ürəyi istəmir, sonra yavaş-yavaş öyrəşirsən. Elə də oldu. Bir-iki həftə zorla içəndən sonra sonra öyrəşdim. Buraya gələnə qədər birdən elə olurdu bir üç litirlik balon su içirdim. – Sənin heç nəyin yoxdur. O su içməyi tərgit. Sənin kimi adama gündə bir fincan, yarım stəkan yaxşı çay içsə bəsidir. Bir də həkim məsləhəti olmadan “o belə xeyirlidir”, “bu belə dərmandır” kimi ağızdan-ağıza gəzən sözlərə inanma. İnternetə də heç inanma. Kim nəyi satmaq istəyir orada dolayı yollarla reklam edir. Məsələn sənə su içirdir ki, sonra gedib aptekdən dərman alasan. Özü də necə dərman. Biri sənin bir aylıq məvacibinə bərabər. Bax belə, ağıllı ol, igid oğlan! Qocaya ilişmə. Bu da məndən sənə tövsiyə… Sağ olsun, professor məni bir balaca utandırsa da məsləhəti xeyirli oldu. Xəstəxanada qaldığım müddət ərzində arada-bərədə çığır-bağır səsləri gəlsə də fərqinə varmazdım. Arıq qoca, arıq kişini elə həmin gecədən unutmuşdum. Beləcə birinci 10 günü başa vurub evə gedirdim. Xəstəxanadan çıxanda təsadüfən həmən qoca, arıq kişini xəstəxananın həyətində siqaret çəkən gördüm və o an onu haradan tanıdığımı xatırladım. Lap çoxdan bir dəfə də bu xəstəxanaya kiminsə bir tanışın yanına gəlmişdim. Həmin vaxt da bax belə bu vaxtlar xəstəyə baş çəkib çıxanda həyətdə məndən siqaret istəmişdi bu adam. Hələ o vaxt da bu adam nəsə diqqətimi cəlb edib, yadımda qalmışdı… Bir ay ötdü. İkinci 10 gün müalicə üçün yenidən qayıtdım xəstəxanaya. Oğlum əvvəlcədən hər şeyi həll etmişdi. Birbaşa elə əvvəlki palataya getdim. Yerləşib öz yerimə uzandım. O biri çarpayı da tutulmuşdu. Ancaq kim olduğundan hələ xəbərim yox idi. Bir xeyli keçəndən sonra otaq yoldaşım da gəlib çıxdı. Onu görəndə gözlərimə inanmadım. Bu mənim əsgərlik yoldaşım idi. Arada–sırada şəhərdə görüşürdük. Onun artıq 3-cü günü idi. Neçənci dəfə olduğunu xatırlamırdı. Nəsə ordan-burdan söhbət edirdik ki, qulağıma tanış səs gəldi. Bu o arıq, qoca, siqaretçəkən kişinin səsi idi. Ərinmədim düz gəldim “səkkizinci otağa”. Bəli, bu o idi. Öz yerində uzanmışdı. Yanındakı çarpayıya isə təzə xəstə uzatmışdılar. O da arıq, yaşlı kişi idi. Xəstə özündə deyildi. Görünür vəziyyəti çox ağır idi ki, başı üstdə dayanmış yaşlı qadın için-için, əlacsız görkəmdə ağlayırdı. Arıq kişiyə tərs-tərs baxdım. O da məni tanıdı. Səsini bir az da ucaltdı. Daha orada dayana bilməyib öz palatamıza qayıtdım. Vəziyyəti əsgər yoldaşıma danışdım. Sən demə, onun hər şeydən xəbəri var imiş. Arıq, qoca zəvzəkdən danışan kimi dedi ki, onun burada öz adı var. Buraya daimi müalicəyə gələn xəstələr ona “növbətçi xəstə” deyirlər. Bunun nə demək olduğunu soruşduqda dedi: – Boş otaqları pulla satmaq üçün bütün gələn yeni xəstələri birinci onun yanına – “səkkizinci palata”ya yazırlar. Orada heç kim bir gündən artıq qala bilmir. Oradan ya morqa, ya da pulunu verib başqa palataya köçürlər. Yalan olmasın bəlkə 10 ildir onu tanıyıram. Burada yeyib-içir. Gəlib-gedənlərdən siqaret alıb çəkir. Orada da yatır. Onun işi hər təzə xəstə gələndə zarıyıb, pullu palataya köçməyə məcbur etməkdən ibarətdir. – İndi sən bu otağa pul vermisən? – Əlbəttə. – Nə qədər? – Guya sən verməmisən? – Yox. – Elə şey olmaz. – Pul verməsən heç kim səni bu otağa buraxmaz. – Sən nə qədər pul vermisən bu otağa? – 300 manat. – Oğlum gəlsin, ondan soruşarıq. Yəqin məndən xəbərsiz onlar nəsə verib. Yəni belə çıxır. Axşam saat 7 – ni zorla dözüb gözlədim. Hər axşam 19:00 – 21:00 aralığı görüşə icazə verilirdi. Oğlum gələn kimi ona birinci sualım bu barədə oldu. Əsgər yoldaşımla qaş-gözlə, him-cim etdikdən sonra məlum oldu ki, gizlətməyin yeri yoxdur. Mən bildim ki, birinci dəfə 10 gün müalicə alanda bu otağa 200 manat, indi isə oğlum kiməsə zəng elətdirəndən sonra 150 manat pul verib. Düzü, “növbətçi xəstə” məsələsini biləndən və özüm üçün tam dəqiqləşdirəndən sonra otaq pulunun heç bir anlamı qalmamışdı. Oğlumu diqqətlə dinləyib, başımı bulamaqdan başqa heç bir reaksiya verə bilmədim. İkinci 10 günü ancaq əsgər yoldaşımla heç olmasa 5-6 gün bir yerdə olub, dərdləşməyə görə xəstəxanada qalmağa qərar verdim. Çarpayılarımız da elə əsgərlikdəki kimi yanaşı idi. Dolablarımız da elə bil həmin dolablara oxşayırdı. Bir yerdə olanda ruhumuz da elə həmin ruh olurdu. Burada nə üçün olduğumuzu unudurduq. Keyfimiz lap kök olanda təşəkkür əlaməti olaraq “növbətçi xəstəyə” siqaret pulu da verirdik… Son. 15-16.01.2022. Bakı.
CÜCƏ OĞRUSU (hekayə) Mayın son günləri, yazın ən yaxşı vaxtı idi. Kəndimizdə demək olar ki, bütün həyətlərin mənzərəsi eynidir. Yamyaşıl, güllü-çiçəkli həyətlər bol bəhərli gilas ağacları və bəzi həyətlərdə artıq sulanmış yaylıq armudlar. Məktəblərin də bağlanmağına az qaldığına görə son günlər işimiz lap çox olur. Bilən bilir. Müəllimin yazı-pozu işi həmişə çox olub. Bu kurikulum çıxandan bəri də, and olsun Allaha ki, ta dərs keçmək, filan yoxdur. İşimiz-peşəmiz ancaq kağız doldurmaqdır. Bütün ili məktəbdə də, evdə də nə qədər yazırsan bitmir ki, bitmir. İlahi, boş-boşuna nə qədər kağız-kuğuz qaralamaq olar!? Səhər-səhər elə darvazanı açıb həyətdən çıxmaq istəyirdim ki, qonşu Məcid dayının məni hayladığını eşitdim: – Ay Cəfər, ay Cəfər, a bala evdəsənmi? – Sabahın xeyir, ay Məcid dayı! Elə indi çıxırdım. – A bala, ta keçib bir bu tərəfə zəhmət çək, – deyə, – məni çəpərin başına çağırdı. Darvazanı elə açıq qoyub, çəpərin başına getməli oldum: – Buyur, ay Məcid dayı, nə məsələdir? – Sən Allah bağışla, ay oğul. Bilirəm, sən də iş adamısan. İndi də işinizin ən çox olan vaxtıdır. Amma bizim səndən başqa kimimiz var?, – deyə, – həyətin o başında toyuq hininin açıq qalmış qapısının ağzında dayanmış Güllü nənəni göstərərək davam etdi. – Buyurun, buyurun. – Vallah heç bilmirəm necə deyim… – Sənin ürəyin necə istəyir elə de, Məcid dayı. Heç çək-çevir eləmə. – Ən yaxşısı budur. Səni indi yoldan eləməyim. Get işinə inşəAllah gələndə birbaş bizə gəl. Güllü nənən də ona qədər sac asıb, yaxşı lala kətəsi bişirəcək, dünən bağdan bir az məröçə yığmışam, onu da yaxşıca soğança yumurta ilə çığırtma eləsə, olacaq lap dəsgah. Sən indi ləngimə get işinə. Amma gələndə mütləq bizə gəlirsən. Səninlə ciddi söhbətim var. – Oldu, – deyib, – məktəbin yolunu tutmaqdan başqa çarəm qalmadı. Həmin günün hardan gəlib, hara getdiyini bilmədim. Bir də onda ayıldım ki, gəlib öz darvazamızın qarşısında dayanmışam. Məcid dayı ilə olan söhbətimizi xatırlayıb, onlara getdim. Kənddə heç kim darvazasını, qapısını bağlamaz. Məcid dayı həyətdə olduğuna görə haylamağa da gərək qalmadı. Birbaşa onun yanına getdim: – Hərvaxtın xeyir, ay Məcid dayı! Vəziyyət necədir? – Aqibətin xeyir, ay bala! Xoş gəldin, ay oğul! Şükür Allahın kəramətinə! Min şükür! – Min şükür! – Gəl, gəl otur. İşdən gəlmisən. Bir çay iç, Güllü nənənin bişirdiklərindən bir loxma ye, sonra səninlə işimiz var. Sağ olsun Güllü nənə. Məcid dayı səhər-səhər sadaladığı, sadalamadığı nemətlərin hamısını artıqlaması ilə düzdü süfrəyə. Yaxşı yeyib, içdikdən sonra Məcid dayı dedi: – Hə, toqqanın altın bərkitdik. İndi keçək əsas məsələyə. Görürsən? Həyətdə it-pişik də yoxdur. – Hə, doğurdan! Hanı bəs Əlləşlə Vuruş? – Əlləş Məcid dayıgilin itinin, Vuruş isə pişiyinin adı idi. – Vuruşu Güllü nənən verdi bacısı qızına. İndi aparıb şəhərdə evdə saxlayır. Əlləşi də mən verdim qardaşoğluna. Çobandır qoy aparıb, çöldə heyvanların yanında saxlasın. Yazıqdır, onu azdırmağa əlim gəlmədi. – Bəs səbəbi nə idi, Məcid dayı? – Səni elə o səbəbə görə çağırmışam, oğlum. Darıxma, hamısını bir-bir sənə deyəcəm. Deməli, keçən il bu vaxtdan bizim cücələr lap balaca olanda, sarı, lümək vaxtlarında bir-bir yoxa çıxır. Elə ki, bir az yekəldi, ta heç nə olmur. Yəni, nə başını ağrıdım, yumurtadan çıxandan bir az bablıxlayana qədər gündə biri, ikisi yoxa çıxır. Əvvəl elə bildik, həyətə has, zad dadanıb. Sonra gördük yox, belə bir haldan iz-toz yoxdur. Cücələr balaca vaxtı yoxa çıxdığına görə Vuruşdan şübhələndik. Çünki, cücələr həmişə onun yanında olduğuna görə toyuqlar da öyrəşib. O yesə də səslərini çıxartmazlar. Vuruşu şəhərə yola saldıq. Cücələr yenə izsiz-tozsuz itməkdə davam edir. Əlləşi də yola saldıq, yenə davam edir. Burada nəsə başqa iş var, amma bilmirəm. Düzdü, indi hələ tezdir. Amma sən mənə de görüm, keçən ili, inişil öz həyətində, bu həyətdə, yaxın həndəvərdə heç ilan-çayın gözünə dəyibmi? – Xeyr, xeyr. Heç vaxt. Neçə ildir artıq bu kənddəyəm, başqa yerdə də, məktəbin həyətində də heç vaxt belə bir şey görməmişəm. Gözümə dəyməyib. Heç hərdən uşaqlarla bağa, meşəyə gedəndə də görməmişəm. – Hə, bala mən doğub-bitmə bu kənddənəm. 80-i haqlamışım. 5-6 yaşımdan at belində bu çöllərdəyəm. Mən də heç vaxt nə kəndimizdə, nə yaxın ətrafda görməmişəm. Olanda da kənddən çox uzaqda örüş yerində, qobularda, sel gələndən sonra çay qırağında belə yerlərdə əvvəllər tək-tək gözə dəyərdi. Ancaq son illər ta heç belə yerlərdə də görməzsən. Elə bil yoxa çıxıblar. Ya gərək həyətə dələ-filan dadana? Ya da nə bilim nə? Nəsə, başağrısı olmasın, qadan alım, görəcək işə düşmüşük. Cücələr çıxmağa başlayandan yenə gündə biri, ikisi yoxa çıxır. – Bala, bala sən də məni qınama, elə bil cücə qeybə çəkilir, – bayaqdan kənarda oturub maraqla bizi dinləyən Güllü nənə də söhbətə qoşuldu, – adam heç bilmir nəyə ehtimal versin. Həyətdə də bir at, bir inək, bir dənə də danadan başqa heç nə qalmayıb. Əvvəl it-pişik var idi. Adam onlardan şübhələnirdi… İndi qalmışıq belə. Görürsən toyuq yanında 5 cücə girdi dalanın altına, bu yandan çıxır cücənin biri yox. Cikkilti yox, qaqqıltı yox. Heç nə. – Nə deyirsən arvad? İndi deyirsən 5-6 cücədən ötrü atı, inəyi də tələf eləyək? Yoxsa, indi də Alapaçadan şübhələnirsən? – Məcid dayı özünü saxlaya bilmədi. Alapaça onun atının adı idi. İnəyə də Ceyran deyirdilər. Güllü nənə həyətdə “Ceyran, Ceyran”,- deyə danışanda nabələd adam elə bilərdi ki, başqa bir qadınla söhbət edirlər. Vəziyyətin ciddiləşdiyini görüb söhbətə müdaxilə etdim: – Məcid dayı, atalar yaxşı deyib, – “cücəni payızda sayarlar”, bəlkə, sən cücələri tez saymağa başlamısan? – öz aləmimdə vəziyyəti düzəltməyə çalışdım. – Ay bala, ay oğul, özün də oxumuş adamsan, birincisi o “payız” deyil, “güz”dür. İkincisi də biz yaxşı bilirik cücənin indi sayılmaq vaxtı deyil. Bunun azarı-bezarı, qurdu-quşu var. Ancaq görürsən ki, vəziyyət başqa cürdür. Məsələ yavaş-yavaş Alapaçanın, Ceyranın üstünə qalmağa doğru gedir. – Nə məsləhət görürüsən, Məcid dayı? Bu oxumuş adam sizə necə kömək edə bilər? – Hə, bax indi səndən xoşum gəldi. İndi oldun arif adam. Yadındadır? İnişil məktəbdən nəsə oğurlamışdılar. Məktəbin öz “televizor”una baxıb, oğrunu tapdılar. O məsələ yadındadır? Bax bizə elə bir şey lazımdır. Baxaq görək gecə, gündüz, biz olmayanda tövlədə, hində, dalanda nə baş verir? Oğru kimdir? Cücələr hara yoxa çıxır? – Hə, yadıma düşdü, Məcid dayı. Məktəbdən kompüter oğurlamışdılar. O “televizor” dediyin təhlükəsizlik kameralarıdır. Onu bura necə gətirmək olar? Bir də onlar çox bahalıdır. Lap bura gətirdik onları kim quraşdıracaq? Birdən xarab olar. Ya da onları söküb buraya gətirəndə məktəbdə nəsə bir hadisə baş verər. Bilirsən ki, təzə məktəbdir. Çoxlu təzə, bahalı avadanlıqlar var. – Sən onları gətir burada qur. Mən məktəbə keşik çəkərəm. Bir quş da ora səkə bilməz. – Yaxşı, Məcid dayı. Mən soraqlayım görüm, quraşdımağa adam tapa bilsəm, direktorla danışıb, kameralardan bir-ikisini gətirib burada quraşdırarıq….
Ertəsi gün kamera quraşdıran usta ilə maraqlanırdım. Məktəbin direktoru rayon mərkəzində yaşayan bir ustanın nömrəsini verdi. Telefonla danışanda belə məlum oldu ki, məktəbin kameralarını sökməyə ehtiyac yoxdur. Razılaşdıq ki, usta həm özünə də maraqlı olduğuna, həm də qocalara görə ucuz qiymətə bir həftəlik öz kameralarını gətirib 3-4 nöqtədə fasiləsiz müşahidə üçün yerləşdirə bilər. Hər şeyi telefonla danışıb həll etdikdən sonra ustaya bir yaxşı nahar və 50 manat pul verəcəyimi dedim. Usta məndən tövlədə, dalanda, hində və digər lazım olan yerlərdə elektirik enerjisi, kənddə internet olub-olmadığını soruşdu. Bildirdim ki, hər yanda elektirik enerjisi də, internet də var. Razılaşdığımız gün usta gəlib 5 yerdə kameraları qurub getdi. Bildirdi ki, özü kameralara nəzarət edəcək. Əgər maraqlı bir görüntü olsa mənə xəbər edəcək. Heç bir gün keçməmiş usta mənə zəng etdi: – Salam, müəllim! Necəsiniz? – Salam. Çox sağ olun. Siz necəsiniz, nəsə bir yenilik var? – Müəllim, görməsəniz inanmazsınız. İnanın, mən də görməsəm, kim deyir, desin inanmazdım. – Onda sabah gəlin, həm biz də görək, həm də oğru bilindiyinə görə kameralarınıza ziyanlıq dəyməmiş aparın. – Oldu, müəllim. Sabah günortadan sonra görüntüləri gətirəcəm. Baxarıq. Kameralardan da narahat olmayın. Onlara heç nə olmaz. Danışdığımız kimi günortadan sonra usta gəldi. Məcid dayıgildə Məcid dayı, Güllü nənə, vəziyyətdən xəbərdar olan məktəbin direktoru, mən və bir də usta həyətin ortasında qoyulmuş masanın başına toplanıb, ustanın noutbukunun açılmağını gözləyəndə usta gözaltı arada gah Ceyrana, gah da Alapaçaya baxıb başını bulayırdı. Nəhayət noutbuk tam işə hazır olduqdan sonra usta dedi: – Möhkəm olun, inansanız da, inanmasanız da indi görəcəkləriniz həqiqətdir. Elə bu vaxt noutbukun monitorunda həyətin müxtəlif guşələrini seyr etməyə başladıq. Günün günorta çağı çil toyuq yanında cücələri Ceyranın qarnının altından, ayaqlarının arasından keçib gedirlər. Bu vaxt Alapaça ani bir hərəkətlə boynunu azca aşağı əyib, yana doğru uzadaraq əvvəl elə havadaca sarı, lümək cücələrdən birini iri açılmış dodaqlarının arasına alır, sonra da yüngülcə çənəsini əsnədərək, ağzını yumub, bir dəfə başını sağa-sola silkələyərək, qulaqlarını şappıldadır vəssalam… Hamımız heyrət içində donub qalmışdıq… Ani olaraq ağlıma ilk gələn Əlləş və Vuruşun məsum, yazıq simaları oldu. Halbuki, bəlkə də onların yeri indi daha yaxşı idi. Ancaq buna baxmayaraq, haqsızlığa uğradıqlarına görə onların halına acıyırdım… Məcid dayı isə elə hey təkrar edirdi: – Dağıl, a belə dünya, dağıl… At izi it izinə qarışıb…. Son.
“MİQ – 17” (hekayə) Sanki süd gölünə düşmüşdüm. Gözlərimin önündə dümağappaq buludlar uçuşurdu. Mavi səmadan əsər-əlamət qalmamışdı. Pambıq kimi ağ, yumşaq, sonsuz ənginliklər məni qəfil öz qoynuna almışdı. Ucu-bucağı görünməyən bu “ağ dəniz”in dərinliklərinə doğru yuvarlanaraq boğulurdum. Ancaq heç nə edə bilmirdim. Gücüm sadəcə bir təhər insan selini yarıb, yaxınlıqdakı divara söykənməyə çatdı. Maraqlıdır, həmişə eşitmişdim ki, insan müəyyən bir səbəbdən özündən gedəndə “gözü qaralar”. Məndə isə tam əksinə olmuşdu, “gözüm ağarırdı”. Dünya gözümdə “ağ cənnətə” dönmüşdü. Ətrafa boylandım. Əvvəlcə harada olduğumu heç cür kəsdirə bilmədim. Bu insanların buraya nə üçün toplaşdığını da unutmuşdum. Xeyli vaxt keçdi. Bir az toxdayandan sonra xatırladım ki, 14 avqust 2017 – ci ildir və mən səhər evdən çıxıb müəllimlərin işə qəbul imtahanına gəlmişəm. İmtahan saat 11:00 – da başlamalı idi. Artıq saat 11-ə işləyəndən insanlar, – bir namizəd, beş nəfər də onun qohumu – toplaşıb buraya. Kölgəlik bir yer olmadığına görə qocalı-cavanlı, uşaqlı-böyüklü hamı günün altında gözləyir. Bu an hardansa alnıma bir damcı su düşdü. Elə bil yuxudan oyandım. Yuxarı baxdım. Kondisionerdən su damcılayırdı. Divardan əlimi çəkib bir az aralandım ki, üstümə su düşüb, ağ köynəyimi ləkələməsin. Ancaq elə o an anladım ki, hələ tam özümə gəlməmişəm. Müvazinətimi saxlaya bilmirəm. İmtahana tək gəlmişdim. Özümlə telefon da götürməmişdim. Üstümdə evin açarından, cib dəsmalından və 5-10 qəpik yol pulundan başqa heç nə yox idi. “İndi mən neyləyim?” – sualı altında sıxılırdım. Yavaş-yavaş sərin, yumşaq, ağ buludlardan isti, bərk, qara asfalt-betonun üstünə enməyə başlamışdım. Elə özümü tam burada hiss edirdim ki, rəngarəng insan seli hərəkətə gəlib, ləngər verməyə başladı. Bu minvalla yavaş-yavaş giriş qapısına çatdım və bütün vacib yoxlamalardan keçib içəri daxil oldum. Bələdçilərin müşayəti ilə, – “ora keç”, “bura keç”, – axır ki, gəlib imtahan verəcəyimiz zala çatdım. Bura üzərində müxtəlif rəngli kağızlar və kompüterlər sıra ilə səliqəli şəkildə düzülmüş masalar olan universitetlərdən birinin idman zalı idi. Son illər vacib imtahanlar adətən bu böyük idman zalında keçirilir. Bütün sıraların arasında namizədlər və nəzarətçilər qaynaşırdı. Sıraların arasında gəzən gənc nəzarətçilər zala yeni daxil olan namizədləri üzərində müxtəlif rəngli kağızlar olan masaların arxasında bir-bir oturdur, hələlik kompüterə toxunmamağı tapşırırdı. Xatırladığım odur ki, sarı, yaşıl, rəngli kağızlar qoyulmuş masaların yanından keçərək üzərində ağ kağızlar olan bir masaya yaxınlaşdıq və nəzarətçi mənə burada oturmalı olduğumu söylədi. Dinməz-söyləməz mənə göstərilmiş yerdə əyləşib, növbəti elan olunacaq göstərişləri gözləməyə başladım. Bu vaxt mənim qarşımda sol tərəfdə üzərində sarı rəngli vərəqlər olan boş yerə bir xanım namizəd əyləşdi. Bunu görən gənc nəzarətçi xanım cəld ona yaxınlaşaraq: – Zəhmət olmasa, qalxıb o yerdə əyləşin, – deyə, – mənim tuşumdakı paralel, üzərində ağ kağzlar olan boş yeri göstərdi. Xanım namizəd isə qəti etiraz edərək, bunun səbəbini soruşdu: – Niyə qalxmalıyam? Boş yerdir, mən də oturmuşam! – Sizə deyirəm, qalxın! Yoxsa, başınız ağrıyacaq! – Başım onsuzda ağrıyır… Səhərdən gün təpəmə o qədər döşəyib ki… – Bu dəfə başınız başqa cür ağrıyacaq… – Baş ağrısının təhir-töhrü də olur?! Ağrıyır də, başım ağrıyır… Vəziyyətin ciddiləşdiyini görən başqa bir oğlan nəzarətçi yer üstündə mübahisə edən xanımlara yaxınlaşdı. Bu zaman xanım nəzarətçi oradan uzaqlaşaraq, digər yeni gələn namizədləri qarşılamağa getdi. Oğlan nəzarətçi yer üstə mübahisə edən xanım namizədə tərəf əyilib astadan bir neçə kəlmə nəsə dedi. Xanım sakitcə qalxıb göstərilən yerdə oturdu. Elə bu zaman bayaqkı nəzarətçi xanım yanında yeni bir namizəd xanımla boşalmış “sarı kağızlı yerə” yaxınlaşdı və həmin yerdə oturmalı olduğunu bildirdi. Xanım da sanki tamaşaya baxmağa gəlibmiş kimi xüsusi bir əda ilə əyləşdi və həmən sarı vərəqlərdən birini götürüb özünü küləkləməyə başladı. Bu sarı vərəqlər yelləndikcə onu sərinlədib-sərinlətmədiyini deyə bilmərəm. Ancaq bir yer arxada sanki təndirdəymiş kimi “ağ vərəqli yer”də oturdulmuş xanımın ocağını necə körükləyirdisə, fısıltısı qulaqlarımda cingildəyirdi… Elə bu vaxt səs ucaldıcıdan eşidilən: “Diqqət! Diqqət! Hamının fikri burada olsun…” kəlməsi bütün məsələləri arxa plana atdı… Vacib göstərişlər elan olundu. Nəzarətçilər bir-bir hamıya yaxınlaşıb giriş kodlarını daxil etdilər. İmtahan başladı. Arada gözlərimi monitor yoranda başımı qaldırıb, gözucu “tamaşaya gələn” xanıma da diqqət yetirirdim. Bütün imtahan boyu əhvalını pozmadan, sarı vərəqləri haldan salana qədər özünü küləklədi və namizədlərə imtahan zalını tərk etməyə icazə verilən kimi qalxıb getdi. O qalxıb gedəndə mənim tuşumda əyləşmiş “ağ vərəqli“ xanıma da nəzər saldım. O da ağ vərəqlərlə bir-bir tərini silərək, bükələyib masanın üzərinə göz dağı kimi düzmüşdü. Bir əli alnında, gözlərini monitora zilləmiş nə barədəsə dərindən düşünürdü. O artıq çoxdan buralarda deyildi… Nəsə, imtahan bitdi. Mən də bu imtahandan sonra öz gündəlik qayğılarımla yaşamağa davam etdim. Ancaq hələ heç müəllimlərin işə qəbul imtahanları bitməmiş rəngli kağızlar barədə müxtəlif söz-söhbətlər dolaşmağa başladı. Düzü, bu barədə dost-tanış məndən də bir-iki dəfə soruşub. Hərdən elə olub ki, istər-istəməz bu mövzuda söhbətə qulaq müsafiri olmuşam. Ancaq hər dəfə özümdən asılı olmayaraq demişəm: – Yalan söhbətdi! Belə boş-boş sözlərə inanmayın! Bizi gözü götürməyənlərin yaydığı şayələrdir! Heç elə də iş olar?! Son. 15.01.2022. Bakı.
QIRMIZI YARPAQLI AĞAC (hekayə) 2021-ci ilin adi payız günlərindən biri idi. Əslində bəlkə də bu gün heç adi gün deyil, sadəcə belə deməyə öyrənmişik. Payızın artıq son günləri olmasına rəğmən günəşli gün idi. Kimlər üçünsə gün hələ indi başlasa da mən onu artıq demək olar ki, tamamlamışdm. Dünən axşamdan iş başındayam. Artıq yorulduğumu hiss edib telefonda saata baxdım. 03.12.2021 Cümə günü 10:01. Mən yazı masamın arxasında oturanda hələ 02.12.2021 idi. Artıq buz kimi olmuş çayımın son damlalarını da udumlayıb, masadan qalxdım. Əlimdə fincan mətbəxə keçdim. Fincanı yaxalayıb, başı aşağı mətbəx masasındakı məcməyiyə qoydum və pəncərədən küçəyə, daha doğrusu havaya baxmağa başladım. Hava adama gəl-gəl deyirdi. Nazik qara yelliyimi geyinib aşağı düşdüm. Hava o qədər xoş idi ki, başıma nəsə qoymağa ehtiyac duymadım. Gəzə-gəzə gəlib Akademiya Bağına çatdım. Bura demək olar ki, Bakının gözü sayıla biləcək əsas xiyabanlarından birinin tən ortasında yerləşən böyük bağdır. Həm Elmlər Akademiyası metro stansiyası, həm də Elmlər Akademiyası özü və bir çox institutları bu ərazidə yerləşir. Səhər-axşam bu bağda çoxlu sayda insanların gəzişdiyini görmək olar. Pandemiya ilə əlaqədar sərt karantin günlərində bağa giriş yasaqlansa da hal-hazırda elə bir qadağa yoxdur. İnsanlar yenə səhər-axşam maneəsiz olaraq burada öz ehtiyaclarını ödəyirlər. Necə deyərlər şəhərin ən ucqar guşələrindən maşınlarla bu bağda gəzməyə gələnlər də daxil olmaqla yaxın ətrafda yaşayan insanlar bu bağda gəzməyi sözün əsl mənasında hələ anasının qarnında öyrənir və uşaq arabasından başlamış ta əlil arabasına qədər bütün həyatı boyu davam edir. Bu bağda adax-çiçək eləməyi, qaçmağı, şeir əzbərləməyi, sevişməyi, şeir yazmağı, qocalmağı öyrənirlər. Bir sözlə bu bağ elə əsl həyat məktəbi, akademiyasıdır. Mənim də digər insanlardan elə bir fərqim yoxdur. Ən azı gündə bir dəfə, ya səhər, ya da axşam bu bağda təxminən 2 saat gəzməsəm olmaz. Müxtəlif səbəblərdən əgər bu gəzinti alınmasa, sanki həmin gün tamamlanmamış qalır. Adətim üzrə Texniki Universitet tərəfdən bağa girib öz marşrut istiqamətimdə hərəkətə başladım. Adətən bağa girən kimi telefonda saata baxıram, 10:20 idi. İynəyarpaqların altından keçəndə payız hiss olunmasa da, tut, palıd, qaraağaclar olan hissəyə çatanda günəş şüaları altında daha da cazibədar görünən sarılı, qırmızılı müxtəlif rəngli yarpaqlar insanın ruhunu oxşayır. Qeyri-iradi nə vaxtsa oxuduğum şeirdən “Sarı yarpaq gör nə gözəl, Kimə güldü, kimə xəzəl…” misralarını xatırladım. Payızın qıpqırmızı yarpaqlarla bəzəyib amansız qışın görüşünə hazırladığı orta boylu bir ağacın altında dayandım. Hələ məktəbli vaxtlarımdan botanika və coğrafiya fənlərindən həmişə “5” alsam da bu ağacın adını yadıma sala bilmədim. Sadəcə onun görünüşü, bu halı diqqətimi həmişə cəlb edirdi. Mən də onun yanından keçəndə ayaq saxlar, səsizcə iki doğma şəxs kimi dərdləşər, sonra da sükutla, bir az da hüznlə ayrılardıq. Son günlər, yəni yarpaqları qızarmağa başlayandan hər bu ağacı görən kimi artıq uzun müddət üzərində işlədiyim, bir türlü bitirə bilmədiyim “Zabitlər” povesti, daha doğrusu oradakı ümumiləşdirilmiş zabit obrazı gəlib durur gözümün qabağında… Qarlı qışı qarşılamağa qırmızı yarpaqlarla bəzənib-düzənmiş halda hazırlaşmış, yaşıl vaxtlarından daha ötkəm, daha qürurlu olan bu ağacı əsərimin qəhrəmanına bənzədirdim. “Deyirəm, bu zabit peşəsi də çox qəribə peşədir, bir ömür boyu əlləşib-vuruşub, min bir əziyyət bahasına nə vaxt səni haqlayacaq güllənin görüşünə hazırlaşırsan… Eynən amansız qarlı qışın görüşünə qırmızı yarpaqlarla bəzənib-düzənib hazırlaşan bu adsız ağac kimi…” – düşünə-düşünə adsız ağacdan aralanıb yoluma marşrut üzrə davam edirdim ki, ani olaraq gözümə sataşan mənzərə diqqətimi cəlb etdi. Orta boylu dolu bir oğlan ondan nisbətən hündür şumal digər bir cavanın əlindən tutub addım atmasına, yeriməsinə yardım etməyə çalışırdı. Əslində buna əlindən tutmaq demək olmazdı. İkisi də hardasa yaşıd olardılar. Orta boylu oğlan bütün bədəni və var gücü ilə ucaboylu oğlana dayaq olmağa çalışsa da bu onda yaxşı alınmırdı. Açıq-aydın hiss olunurdu ki, gücü çatmır. Qardaşa da oxşamırdılar. Tamam fərqli fizionomiyaya malik iki şəxs idi. Hətta elə ilk baxışdaca ayrı-ayrı millətin nümayəndələri olduğu aydın sezilirdi. Nə qədər arıqlamış olsa da qarabuğdayı hündür oğlanın şux qaməti, əzələli bədənli, bir az da zəhimli görünüşü sarıyanız ortaboylu, dolu bədənli oğlandan çox fərqlənirdi. Sarıyanız oğlanın “…ha qeyrət, ha qeyrət qardaş” kəlmələri aydın eşidilirdi. Qarabuğdayı hündür oğlan isə böyük tərəddüdlər içərisində nə qədər addım atmağa çalışsa da bu onda heç cür alınmırdı. Yaxınlıqda ağ maşın dayanmışdı. Sarıyanız ortaboylu oğlan arada qanrılıb maşına tərəf baxır nəsə narahat görünürdü. “Yəqin ki, ondan düşüblər” fikri keçdi eynimdən. Onların tuşuna çatana qədər: “Qazi qardaş, səndələmə, mətin ol, Bu torpağın altı, üstü sənindir! Addımını ürəklə at, şax yeri, Bu torpağın altı, üstü sənindir! * * * Altda qalan, “üzü bərkdir” deyilən, Yerli-yersiz harda gəldi söyülən, Dağı, daşı “əppək” kimi yeyilən, Bu torpağın altı, üstü sənindir!” Bu misralar süzülüb keçdi ruhumun süzgəcindən. Sarıyanızın “Qardaş, qardaş”- deyə məni haylaması ilham pərisini hürkütdüyünə görə şeir yarımçıq qaldı. Oğlanın yəqin ki, artıq üçüncü “Qardaş”ı idi ki, məni sanki yuxudan oyatdı. “Qardaş, zəhmət olmasa yardım et,”- mən onların tuşuna çatıb dayananda sarıyanız oğlan bir daha mənə müraciət etdi. Cəld dönüb onlara tərəf getdim. Və çata-çata: “Salam! Allah köməyiniz olsun! Necə yardımçı ola bilərəm?”- deyə soruşdum. – Zəhmət olmasa, siz qardaşın qolundan ikicə dəqiqəlik tutun, mən maşının yük yerindən bir-iki şey götürməliyəm. Həm də hələ qapıları bağlamamışam, – deyə yardım etməyimi istədi. Maşın sovetin istehsalı olan ağ rəngli “06” idi. – Buyurun, – deyə ucaboylu oğlanın qolundan yapışdım. Və elə o andaca onu belə saxlaya bilməyəcəyimi anladım. Eynən sarıyanız oğlan kimi bütün bədənimlə dayaq duraraq, onu güclə ayaqda saxlayır və addım atmasına yardımçı olmağa çalışırdım. Oğlanın nə qədər zəif və gücsüz olmasına baxmayaraq, hazırlıqlı adam olması hər halından bəli idi. Məlum döyüşlərdə yaralanıb-yaralanmadığını dəqiqləşdirmək istəyim nə qədər güclü olsa da, marağımı boğurdum. Ancaq oğlanın üzündəki ifadə sadəcə: “Dost, niyə belə üzgünsən?”- ifadəsinin lap deyə dilimdən çıxmasına səbəb oldu. – Deyiləsi dərd deyil, müəllim. Boş ver, – dedi və çətinliklə olsa da yavaş-yavaş addımlamağa başladıq. – Yenə də, – deyə sözgəlişi yenə soruşdum. Müsahibim arada yüngülcə səndələsə də getdikcə addımlarını yeyinləşdirir, daha ürəkli təsir bağışlayırdı. – Nə bilim, Vallah. – Allah köməyiniz olsun. Özünüzü sıxmayın. Həm də paylaşmaq adama yüngüllük gətirir. Bir də görürəm, hərbçiyə oxşayırsınız. Allah bütün mərd oğullara kömək olsun. – Nədən bildiniz ki, hərbçiyəm? – Sizdə zabit qaməti var. Hərtərəfli hazırlıqlı adama oxşayırsınız. – Bəli, zabitəm. – Rütbəniz? – Kapitan. – Məlum hadisələrdə hansı tərəfdə idiniz? – Füzuli cəbhəsində idim. Elə ilk gün yaralandım. Heç nə edə bilmədim. Neçə illər əziyyət çək, əlləş-vuruş gözlə və o gün gəlsin sən heç nə edə bilmə. Tam səmimi deyirəm. Yaralanmağıma, bu halıma deyil, məhz belə alınmasına çox üzülürəm. – Buna görə belə dilxorsunuz? Bir ildən çox vaxt keçib. Şükür Allaha torpaqlarımız qayıdıb. Siz iştirak edə bilməsəniz də, sizin zabitlər, əsgərlər bu məsələni həll etdilər. Üzqaramızı təmizlədilər. Bir də hərənin öz missiyası var bu həyatda, üzülməyə dəyməz. – Tək o deyil. Yəqin, xəbəriniz var helikopter qəzasından? – Bəli, əlbəttə. Çox üzüldüm. 14 şəhidimiz və 2 yaralımız var. Bəzi xəbərlərdə 4 yaralı da deyirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. – Amin. Bu televiziya, mətbuat adamı lap dəli edir. – Nə olub ki? – dolayısı ilə də olsa özümü bu tayfadan hesab etdiyimə görə iradın üzümə deyiməsi məni lap müttəhim yerinə qoymuşdu. – Yəqin, fikir vermisiniz, siyahıda hərbçilərin arasında lap sonda işçi deyə təqdim olunan bir nəfər var? – Bəli, soyadını unutdum, ancaq belə bir adam var. Özü də deyirlər məşhur adam olub. Polkovnikdir. – Bəli, polkovnik. Qəhrəman. Mərd. Qorxmaz. Bilirsiniz, belə insanları olduğu kimi təqdim edib tnıtmağa heç doğru-düzgün söz də yoxdur. Bəlkə də var mən bilmirəm. – Haqlısınız. Hərdən belə məsələlər olur. Yəqin, tələsik siyahı istəyəndə rəsmi məlumatlar əsasında belə tərtib olunub. Bunu ancaq belə izah etmək oar. Deməli, əsl narahatçılığınız bu səbəbdəndir? – Bu vaxt sarıyanızın yük yerini tappıltı ilə örtməsi ikimizin də eyni vaxta maşına tərəf baxmağımıza səbəb oldu. Onun bir əlində “06” nın yük yerindən çıxardığı qatlama kətil, digərində top və çiynində yüngül yorğan kimi bir örtük var idi. Sarıyanızın əllərinin dolu olduğundan kapitana bir az da yoldaşlıq etməli oldum. Sarıyanız gəlib bizə çatanda kapitan sözünə davam etdi: – Xeyr. Təsadüf deyil… Bax, görürsünüz bu qatlama kətili? 1 ildən artıq vaxt keçib. Allahın əlil arabasını ala bilməmişik. Əlil demişkən. Hələ heç əlillik də təyin olunmayıb. Ancaq, bilirsinz məni üzən, qorxudan əsas məsələ bunların heç biri deyil. – Bəs nədir sizi belə narahat edən? – Qorxuram ki, sabah Allah eləmımiş bir şey olsa, məsələn, lap elə bu bağda yıxıldım başım dəydi səkiyə, və ya – bu vaxt bağın içndəki yolda döngəni sürətlə dönüb siqnal verən xarici markalı maşını işarə edərək – maşın vurdu öldüm. Onda deyəcəklər bu gün Elmlər Bağında bir “əlil” ölüb. Hə, mütləq əgər xəbər verən olsa, bax belə verəcək. “Əlil” ölüb. Həlak olanlardan biri “işçi” olub… nəsə, boş ver müəllim. Sizi də yordum. Haqqınızı halal edin. – Bu nə sözdür, cənab kapitan, borcumuzdur. – Hiss etdim ki, “cənab kapitan” ifadəsi qarabuğdayı oğlanın ürəyinə yağ kimi yayıldı. Bəti-bənizi açıldı. – Buyurun. Halal, halal xoş. Allah köməyiniz olsun. Bu ara qatlama kətili yerə qoyub telefonla rus dilində danışan sarıyanıza işarə edərək: – Dostum deyəsən rusdur? – deyə soruşdum. – Bəli. Atası da anası da rusdur. Bakılıdır. Uşaqlıqdan bir məhlədə böyümüşük. O qədər dost-tanışdan ən çətin günlərimdə mənə dayaq olan, həmişə yanımda olub dəstək verən təkcə bu oldu. Adı İqordur. – Bəs sizin adınız necə oldu? Bayaqdan gəzirik heç soruşmadım. – Adım Çingizdir. Çingiz. – Çingiz, üzr istəyirəm. Bəlkə yersiz sualdır. Qardaşınız yoxdur? – Xeyr . Tək uşağam. Bilirsiniz atam da hərbçi olub. O da kapitan rütbəsində Birinci Qarabağ Müharibəsində yaralanmışdı. Mənim 7 yaşım olanda rəhmətə getdi. Uşaq olsam da onun yaralarına görə acılar içində əzab-əziyyət çəkə-çəkə necə yaşadığını, can verdiyini unuda bilmirəm. Deyəsən məni də eyni aqibət gözləyir. – Hansı idə anadan olmusunuz, Çingiz müəllim? – 20 yanvar 1990 – cı il. Özü də bilirsiniz harada? – Harada? – Kamçatkada. Atam orada xidmət edirmiş. 20 yanvar hadisələrindən sonra mən lap körpə olanda qayıdıb Bakıya. Sonra da müharibə. Və sizə danışdığım kimi. Bax belə, müəllim. Bəs sizin adınız necə oldu? Yəqin daha burada tez-tez rastlaşacağıq. – Mənim adım Vahiddir. Vahid Dilsiz. – Hə eşitmişəm. Deməli Vahid müəllim sizsiniz. Çox sağ olun! Yenə siz arada-bərədə hərbçilərin problemlərindən yazırsınız. Allah sizdən razı olsun. – Minnətdarm. Siz sağ olun. Sizin etdiklərinizin yanında bizimkilər heç nədir. – Elə deməyin. Bayaq siz özünüz dediniz axı, hər kəsin öz missiyası var. – Elədir. – Bu vaxt telefonla danışıb qurtaran İqor qatlama kətili yoldan biraz kənarda ağacların altında açaraq, çiynindəki örtüyü də üstünə atıb bizə tərəf yaxınlaşdı. Çingizi İqora təhvil verib: – Hələlik. Siz demiş yəqin tez-tez burada görüşəcəyik, – deyib marşrut üzrə dövrə vurmağa başladım. Mən dövrə vurduqca “əlil” və “işçi” kəlmələri də burğu kimi beynimə işləyirdi. Son. 03.12.2021-09.01.2022. Bakı.
BB (hekayə) 20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9:00, mən artıq işdəyəm. Düzü, telefondakı vaxt barədə nəticə məni qane etmədiyinə görə tələsik dəhlizə çıxıb divardakı saata da baxası oldum. Heç məndən çıxmaz iş, bəlkə də ömrümdə birinci dəfə işə vaxtında gəlmişəm. “Tez oyananla tez evlənən uduzmaz” məsəlini beynimdə çək-çevir edə-edə iş masamın arxasına əyləşdim. Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı. Ofisdə orta yaşlı xadimə xanımla məndən başqa heç kim yox idi. Dəstəyi xanım götürdü: – Bəli. Buyurun. Bəli. Yaxşı, – telefona cavab verdikdən sonra, – Əli müəllim, zəhmət omasa 14 – ü qaldırın. – Məni soruşurlar? – Bir az da heyrətlə soruşdum. Düzü məəttəl qalmışdım. Səhərin gözü açılmamış kim idi ,görəsən? Nə istəyirdi? “Adbaad elə məni soruşdular ay xanım?” – deyə bir də xanımdan soruşdum. – Xeyr. Soruşdular işçilərdən orada kim var? – Oldu, – deyib dəstəyi götürməkdən başqa çarəm qalmadı. – Bəli. Buyurun. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim. Eşidirəm sizi, – xəttin o başından incə, ancaq amiranə xanım səsi eşidildi: – Olar, sizə elə kəsədən Əli müəllim deyim? – Bəli. Olar. Buyurun. Eşidirəm sizi. – Sizi “BB”-dən İlahə xanım narahat edir. – Buyurun, İlahə xanım, – məşhur “BB”-şirkətinin adını eşidən kimi gözlərimə işıq gəldi. Ani olaraq ataların ruhuna bir rəhmət göndərib, – Buyurun. Narahat etmirsiniz xoşdur, – deyə davam etdim. – Bilirsiniz, qarşıdan həm bizim bosun, həm də şirkətimizin yaranmasının yubileyi gəlir. Bu münasibətlə Bəy Bala müəllim jurnalistləri çağırıb müsahibə verir. Bu gün səhər saat 10:00 üçün gələ bilərsiniz, sizi görüşə yazım? – Bəli. Yaza bilərsiniz. Yazın. Ancaq gəlin ünvanı dəqiqləşdirək. Mən sizin ofisin yerini təxmini bilirəm. Yenə də dəqiqləşdirsək yaxşı olar. Deyə bilərsinizmi? – Bəli. Zəhmət olmasa, qeyd edin. – Deməli, – Çingiz Mustafayev 104, həyətə girən kimi sağdakı boz qapı, üstündə iri hərflərlə “BB” yazılıb. Oldu. Düz vaxtında orada olacam. Xanım dedikcə qeyd edirmiş kimi, qələmi qeyd dəftərçəsinin üzərində gəzdirsəm də əslində heç nə yazmırdım. Çünki o dedikcə hara gedəcəyim gözlərimin önündə canlandığından buna ehtiyac duymadım. Söhbət bitəndə sadəcə bugünkü tarixə görüş vaxtını qeyd etdim. Sonra redaksiyanın çıxış kitabına çıxdığım vaxtı və gedəcəyim ünvanı yazdım. İçərisində müxtəlif vəziyyətlər üçün hazır suallarım və gündəlik iş üçün vacib digər sənədlər olan qovluğumu qoltuğuma vurub ofisdən çıxdım. “BB” – nin ofisi bizdən bir neçə küçə Qış Parkına tərəf aralı idi. Bizim ofis Həzi Aslanov küçəsində yerləşirdi. Vaxta 15 dəqiqə qaldığına görə “BB” – nin ofisi olan küçədən keçib Qış Parkına gəldim. 10:00-a 5 dəqiqə qalana qədər düz iki siqaret çəkdim. 5 dəqiqə qalanda ağzıma bir saqqız atıb, üstümə ətir vurub təyin olunmuş ünvana doğru yönəldim. “Çingiz Mustafayev 104” – ə çatan kimi bazubənd əvəzi qoluma keçirtdiyim maskamı çıxardaraq üzümə taxdım və üzərində böyük boz rəngli hərflərlə “BB” yazılmış boz qapını açıb içəri daxil oldum. İlahə xanımı soruşdum. Elə girişdəcə telefonların yanında oturmuş xanım gülərüzlə məni qarşıladı: – Buyurun. Sizə necə kömək edə bilərəm? İlahə xanım mənəm. – Mən Əli Mülayim. Saat 10 tamama görüş təyin etmişdik. – Bəli. Buyurun keçin. Bəy Bala müəllim sizi gözləyir. Ancaq zəhmət olmasa, üst geyiminizi və telefonunuzu verin mən saxlayım. Bu qalstuklardan birini bağlasanız lap əla olar. Bax, bu sizin köynəyə lap uyğun gəlir. Buyurun, – deyə üzərində sarı ay-ulduz olan tünd göy rəngli qalstuku mənə uzatdı. Çar – naçar qalstuku alıb girişdəki böyük güzgünün qabağına keçdim. Qalstuku səliqə ilə bağladıqdan sonra, suallar və sənədlər olan qovluğumu da götürüb: – Mən hazır, – dedim. Xanım əvvəlcə qovluğumu da əlimdən almaq istədi. Birtəhər göz-qaşla başa saldım ki, iş üçün lazım olacaq. Nəhayət: – Buyurun. Keçin, – deyə-deyə qapını açıb məni otağa saldı. Bəy Bala müəllim sanki məni görmürmüş kimi öz işində idi. “T” şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan notbuk və sonsuz sayda kağız-kuğuz … Bu mənzərəni insan öz gözləri ilə görməsə, sözlə ifadə etmək çox çətindir. Bəy Bala müəllim başını qaldırmadan bir az yorğun səslə: – Xoş gəlmisiniz. Əyləşin, – dedi və sağ tərəfdə olan yeganə boş kürsünü əli ilə mənə işarə etdi. 5-10 dəqiqə oturandan sonra mənə məlum oldu ki, o da açıq notbuklarda digər ofislərdəki işçilərinin davranışlarını müşahidə edir. Nəhayət, sanki bu məşğuliyyətdən bezərək, – üzr istəyirəm, sizin adınız necə oldu?- deyə düz gözlərimin içinə baxdı. – Əli Mülayim. – Çox gözəl, Əli müəllim. Vallah, indi elə zamanada yaşayırıq ki, mülayim olmayıb neynəyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun. – Elədir. – Əli müəllim. Deməli, vəziyyət belədir. Bu üzümüzə gələn dekabrın 25 – i həm mənim 55 yaşım tamam olur, həm də şirkətimin 20 illiyi olacaq. Düzdür, mənim buna ehtiyacım yoxdur, ancaq yenə istəyirəm ki, mətbuatda, televiziyada bu barədə məlumatlar getsin. – Lap yaxşı. Aydındır, Bəy Bala müəllim. – Bir də xahiş edirəm o maskanı çıxardasınız ki, sizin nə dediyinizi anlaya bilim. Yoxsa, heç nə başa düşə bilmirəm. Burada kim var ki? Bir də inanın səmimiyyətimə bunlar hamısı boş şeydir. Canı verən də, alan da bax o kişidir! – Dedi və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı. – Doğrudur. Doğrudur. – deyə-deyə maskamı çıxardıb əziz matah bir aksesuar kimi köynəyimin döş cibinə qoydum. – İndi deyin görüm, hazır gəlmisiniz yoxsa, hər işi mən görəcəm? – Nə mənada? – Yəni suallarınız, ya nə bilim bir proqramınız varmı belə hallar üçün? – Əlbəttə. – Onda başlayaq. – Başlayaq. Özünüz, ailəniz və işiniz barədə ürəyinizdən keçənləri, bizim oxucularla bölüşmək istədiklərinizin hamısını anladın. Söhbət əsnasında yarana biləcək vəziyyətlərə uyğun köməkçi suallarla mən sizə kömək edəcəm. – deyib, qovluğumdan bu hal üçün nəzərdə tutulmuş suallar qeyd olunan vərəqi və qeydlər aparacağım ağ A4 kağızları çıxardıb masanın üstünə qoydum. – Deməli belə. Mən Xanlar rayonunun Bəyoğlular kəndindənəm. Atamın adı Böyük Bəy, onun da atasının adı Bəy Bura, onun da atasının adı Böyük Bəy, onun da atasının adı Bəy Bala, onun da atasının adı Bala Bəy… Nə başını ağrıdım. Bax beləcə gedir. Adam var, atasın tanımır. MaşAllah olsun. Biz yeddi arxa dönənimizi tanıyırıq. Adətdəndi. Kişi gərək yeddi babasının adını bilə. Siz cavanlar da öyrənin və uşaqlarınıza öyrədin. Bu çox vacib məsələdir. Çox yerdə görürsən mənim adımı səhvən “Bəybala” kimi bitişik yazırlar. Bu səhvdir bizim adlarımız ayrı yazılır. Məsələn, Bəy Bala və ya Böyük Bəy. Bax, belə. Siz də düzgün yazın. Siz inanırsınız mən neçə dəfə belə səhvlərə görə bir qəzetin bütün nömrələrini köşklərdən toplatmışam. Nəsə sözüm onda deyil. Biz ailədə, Böyük Bəyin ocağında iki qardaş və iki bacı, dörd uşaq olmuşuq. Mən ailənin ilki, böyük uşaq olmuşam. Sonra bacılarım, Böyük Bəyim, Balaca Bəyim və sonbeşiyimiz, balaca qardaşım Bala Bəy. Deməli, ötən əsrin 90-cı illərində köhnə hökumət dağılanda mənim olardı 25 yaşım. Cavan, sütül oğlan idim. Atam məni oxutmaq istəsə də, düzü, mənim elə bir fikrim yox idi. Rusun əsgərliyinə də gedib gəlmişdim. Bizdə də ara yavaş-yavaş qarışırdı. Nəsə axır ki, kişi saqqızımı oğurladı. 1991-ci ildə nə az, nə çox düz 60.000 manat pul verib məni qoydu Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə. İndi hər yan universitetdir e. Onda bircə dənə universitet var idi. Kişi deyirdi oxu qurtar, səni raykom katibi qoyacam. Onu deyim ki, o vaxt elə oxumaq, filan da yox idi. İnanın bir torba alçaya qiymət yazan müəllimlər var idi. Onları da qınamalı deyil. O vaxtlar vəziyyət çox pis idi. Bu oxumağın mənə xeyri o oldu ki, o vaxtlar müharibəyə getmədim. Bir də günüm Bakının “talkuçka”larında, bazarlarında keçdi. Ticarətin bütün sirlərinə yiyələndim. Bir şənbə-bazarın alverinə bir semestri yola verirdim. Oxumaq, imtahan belə idi. Mən tarixi qurtarana qədər nə raykom qaldı, nə də katiblik. Ta kişinin də o vaxtları deyildi. Mənimlə oxuyan uşaqlardan bir-iki nəfər indi universitetlərdə müəllim işləyir. Çoxu mənim kimi biznesdədir. – Biznesiniz konkret olaraq hansı sahəni əhatə edir? Zəhmət olmasa bu barədə danışın. – Tələsməyin. İndi ora gəlirəm. Hamısını yerli-yataqlı danışacam. Deməli, mən Bakıda alverdə, ailəmiz də qalmışdı rayonda. Universiteti bitirdim. Müharibə bitdi. Amma ölkədə vəziyyət daha da çətinləşmişdi. Alverdən başqa heç bir işdə pul yox idi. Atam nə qədər dedi ki, gəl müəllim işlə. Lap səni məktəb direktoru qoyum. Maarifə işə düzəldim. Dedim ki, yox e, bunlar mənlik deyil, mənimki alverdi. Biznes. Onu da deyim ki, ta mənim satmadığım şey qalmayıb ha. Elə axtarışdayam. Nə olsun? Necə olsun? Nə yenilik edim? Nə iş qurum? Bax belə fikirləşirəm. Xarici biznesmenlərin həyatından filmlərə baxıram, kitablar, məqalələr oxuyuram. Bərk axtarışdayam. Allah deyir səndən hərəkət, məndən bərəkət. Bir dəfə bir xarici kinoya baxıram. Lap o qədim Amerika filmlərindəndir. Bəlkə, siz də baxmısınız. Bir əczaçı qadın əlində bir şüşə öz hazırladığı dərmanı kino boyu hərləyir- fırlayır, nə qədər edir bu dərmanı sata bilmir. Axırda necə olursa bir kişi ilə vuruşmalı olur. Kişini yaralayır və kişi infeksiya qorxusundan məcbur olub dərmanı qızıl pulla qadından alır. Üstəlik qadından xahiş də edir ki, bu məhlulla onun yarasını təmiz-təmiz yuyub sarısın. Filmdəki bu fraqment mənə ideya vermişdi, ancaq bu ideyanı harada necə tətbiq edəcəyimi heç cür dəqiqləşdirə bilmirdim. Artıq evlənmişdim. Üzr istəyirəm, arvad da pul istəməkdən başqa heç nə bacarmırdı. Xırda alver ta mənim ehtiyaclarımı ödəmirdi. Ata-anam da rəhmətə getdi. Dost-tanış da hərə bir yandan deyirdi ki, kənddə bacı-qardaşın vəziyyəti pisdir. Onları da yığ gətir Bakıya. Bu kimi hallar məni lap bezdirmişdi. Elə bu vaxtlar qızımın ad gününə hazırlaşırdıq. Böyük uşağım qızdır. Adını da Böyük Bacı qoymuşam. 1 yaşı tamam olurdu. Uşağı ilk dəfə aparmışam bərbərxanaya. Öz dəlləyimin yanına getmişik. Bakıya gələndən bəlkə necə ola, bir-iki dəfə başqa usta yanına gedəm, həmişə bu dəlləyin yanınına getmişəm. İndi də sağ olsun, gəlir elə bax burda, bu ofisdə bütün işini görüb gedir. Nəsə, orda işimiz bitəndən sonra dəllək yavaşca qulağıma deyəsən ki, bəs uşağın başında bit var. Düzü, bu sözü eşidəndə orda sakit qalsam da cin vurdu təpəmə. Gəldim evə arvadla yenə qırdıq bir-birimizi. Baldızım da biz də idi. O dedi ki, bəs yeznə narahat olma, Türkiyədə olanda bizim də saçımıza düşmüşdü. Orda apteklərdə yaxşı dərman satılır. Dərman deyəndə şampun kimi bir şeydir. Ballı indi oradadır. Ad gününə gələcək deyərəm alıb gətirər. Narahat olma ikisin alıb gətirsə, bəsdir. Ballı da mənim balaca baldızımdır. Üç bacıdırlar. Ballı ən kiçiyidir. Alverdə o da yaxşıdır. Dubaydan vurur, İslambuldan çıxır. Bax, mənim bütün həyatım bu Ballı baldızımın hesabına dəyişdi. Yəqin, şəhərdə görmüsünüz “Bala Baldız” gözəllik salonları, “Bal Baldız” kosmetika mağazaları hamısı onundur. Yəni mənimdir. O idarə edir. Nəsə, baldız gəldi, iki qab bit dərmanı da gətirdi. Dərman işə yaradı. Bu məsələ yüngülvari dalağımı sancsa da, hələ elə bir ciddi dönüş etməmişdim. Hələ qadın koftası mağazası işlədirdim. Arvadla da elə orda, ona kofta satanda tanış olmuşam. Nəsə, bu başqa söhbətin mövzusudur. Yadınızda olar yəqin ki, bir ara quş qripi yayılmışdı? – Bəli. Bəli. Yaxşı yadımdadır. – Bax, o vaxtlar söz gəzirdi ki, guya xaricdə bloklara girib qapı dəstəklərinə, avtobus və metroda tutacaqlara nəsə püskürdürlər camaat da xəstələnir. Əslində bu xəstəliyin göydə uçan quşlarla heç bir əlaqəsi yoxdur. Yerdəki bayquşların işidir. Bu məsələnin bizə heç bir aidiyyəti olmasa da ideyanı bir az yerindən tərpətmişdi. Və nəhayət, bir gün təsadüfən televizorda gördüm ki, bir kişi bizim Tərtər rayonun bir kəndində soxulcan yetişdirib, fermerlərə, balıq tutanlara satır. Bu xəbəri görən kimi, “Böyük Biznes” ideyası işə düşdü və avtomatik olaraq anındaca “Biq Boss”a çevrildim. İnan ki, o gecəni evdə yatmadım. O saat hava limanına, oradan da bir başa İslambula uçdum. Ora çatdım, heç otelə də getmədim. Elə hava limanında gözlədim səhər olan kimi apteklərə baş çəkməyə başladım. Gördüm, maşAllah olsun bit dərmanının çeşidləri lap çoxdur. Bir gün aradım-araşdırdım. Ən tanınmış firmaların üçü ilə danışıb, razılaşıb elə həmin gecə qayıtdım Bakıya. Və başladım burada da apteklərlə, kosmetika mağazaları ilə danışıb, razılaşmağa. Hər şey tam hazır olandan sonra kofta mağazasını mal qarışıq satdım. Başladım Türkiyədən mal vurmağa. Mallar gəldi payladım “toçka”lara. Gördüm, yox e mal getmir. İdeyanı saldım işə. Daha doğrusu öz – özündən düşdü işə. Birinci rayonda olan qardaşım Bala Bəy xəbər göndərdi ki, uşaqları bit basıb. O dərmandan bizə də göndər. Mən də ona xəbər elədim ki, bəs dərmanı neynirsən evi-eşiyi də sat, külfəti də götür gəl Bakıya. Sağ olsun, sözümü yerə salmadı. Heç bir həftə keçmədi gördüm yığışıb gəlib. Gələn kimi Sovetskidə hamam – tualetsiz evlərindən bir dənə 3 otaqlı ev kirayə tutdum onlara. – Üzr istəyirəm, niyə məhz belə? – Hövsələniz olsun. İndi deyəcəm. Deməli, qardaşımın maşAllah 7 uşağı var. 2 nəfər özləri, bir də qaynanası. Düz 10 nəfərdirlər. – Mən onu soruşmurdum. Həqiqətən evin hamam-tualeti yox idi. Bəs necə yaşayırdılar orada? – Əlbəttə. O evlərdə hamam-tualet olmur. Sadəcə həyətdə bir ümumi ayaqyolu olur vəssalam. Bizə də elə belə evlər lazım olur. Çünki onlar saçlarını yumurlar. Əksinə çirkli saxlayırlar ki, bitlər üçün münbit mühit olsun. – Bəs onlar nə iş görürdülər? – “Görürdülər” yox, “görürlər”? Onlar bu saat da elə orada yaşayır və işləyirlər. – Bəs sökməyiblər oranı? – Xeyr. Neçə illərdir deyirlər, hələ bir şey yoxdur. Bir də qardaşımın indi lap şəhərin mərkəzində yeni tikilən binalarada bir yox, bir neçə mənzili var. Ora sadəcə bizim iş yerimiz çörək ağacımızdır. Deməli, bunları ora yerləşdirib, tapşırdım ki, siz ancaq əlinizdə olanı yemək-içməyə bir də yol puluna xərcləycəksiniz hər ayın 5 – i həm xərcliyinizi həm də qazancınızı mən verəcəm. Sizin işiniz o olsun ki, yeyin-için, bitləri çoxaldın. Səhər –axşam şəhərin insanlar gur olan yerlərində, ticarət mərkəzlərində, avtobuslarda, metroda basabas vaxtı girin camaatın içinə, ürəyiniz istəyən qədər gəzin. – Üzr istəyirəm, belə niyə? – Eh, dostum. Bitlərin yayılması üçün. Bu bit təmiz başı, yəni xam yeri elə tanıyır, elə tanıyır… Bir bilsən. Bu barədə yazsam indi elmlər doktoru idim. Deməli, birinin saçında bit varsa, 25-30 nəfər sərnişin tutumu olan avtobusda bircə dövrə vuranda ən azı 100 adama bit salır. Gör indi maşAllah 50-60 nəfərlik avtobusda bu nə qədər olur ha… Öz də onlara tapşırmışam ki, avtobusa bir dəfə mindin sürücü tanıyıb zorla düşürənə qədər düşməsinlər. Belə həm də “rasxod” azalır. Onların özlərinə xeyirdir. Qazancları artır. Nə başını ağrıdım. Birinci ayın sonunda apteklərə mal çatdıra bilmədim. Allah bərəkət verdi. Mal vur, pul götür… Mal vur, pul götür… Bacılarımı da gətirdim Bakıya. İndi maşAllah olsun. Təkcə qardaş-bacılar deyil, qardaşuşaqları, bacıuşaqları, hələ canım sənə desin, sinifyoldaşlarımdan da bir neçəsinin çalışdığı belə ocaqlarımız var. Şəhərdə təxminən 100- ə yaxın obyektdə bit yetişdirib yayırıq. Daha doğrusu bitlərin çoxalıb, yayıla biləcəkləri münbit mühit formalaşdırırıq. Dünyanın müxtəlif təbiəti, canlı aləmi sevən təşkilatlarından bilirsiniz nə qədər mükafatlarımız var? – deyə mənə işarə edərək yana qanrılıb rəfdəki müxtəlif formada və dillərdə olan diplomları, prizləri göstərdi. – Bu işlə yalnız Bakıda məşğulsunuz? – Bəli. Hələlik ancaq Bakıda. Bilirsiniz bu biznes sırf inkişafla bağlı, inkişaf göstəricisi olan sahədir. Gərək yaşayış ola, insan ola ki, bit də olsun. Bakıdan başqa sıx yaşayış olan yer yoxdur. Gəncə və Sumqayıtda bir-iki dəfə eksperiment aparmışıq nəticə “0”. Hələlik ancaq Bakıda fəaliyyət göstəririk. – Üzr istəyirəm, Bəy Bala müəllim, sizin qohumlar kimi həyat yoldaşınızın qohumları da belə canla-başla bu ailə şirkətində çalışırlarmı? – Bayaq sizə dedim, şəhərdə gördüyünüz bütün “Bala Baldız”, “Bal Baldız” obyektlərin hamısı mənim balaca baldızım Ballı xanıma aiddir. Yəni o işlədir. Sağ olsun. Doğmaca arvadımdan görmədiyimin hamısını ondan gördüm. Həm mənəvi, həm maddi. Mən də onu yaşadıram. Hələ indiyə qədər bir sözünü iki eləməmişəm. – Bəs Ballı xanımdan başqa? – Başqa heç nə. Siz elə düşünürsünüz ki, onlar da bitli saçla metro, avtobus gəzib bit yayırlar. Yox, dostum. Nəinki, onlar heç doğmaca var yox bircə oğlum Bic Bala burax bit yaymağı, “toçka”lardan pul yığmağa getməyə belə ərinir. Bu işi sinifyoldaşlarımdan birinin oğluna tapşırmışam. Sağ olsun halal uşaqdır. Demişəm əgər qanunu yolla adını dəyişib, Bəy Bura qoysa qızım Böyük Bacını ona ərə verib, şirkəti də bağışlayacam onlara. Oğul, arvad tərəf zaydır. Oğlum olanda nə qədər elədim babalarımdan birinin adını qoya bilmədim ona. Arvadla qaynənəm birləşdilər. Mən də dirəşdim ki, necə olur olsun 2 “B” mütləq olmalıdır. Onlar da dedilər, “nə şiş yansın nə kabab” adını qoydular Bic Bala. Uşaq da odu cüvəllağı, avara. Oxumaq, zad nədi. 15 yaşı olan kimi də evlənib. Yəni arvad “padruqa”larından birinin qızı ilə baş-göz edib. 1 oğul nəvəm var adını da yenə arvad tərəf 2 “B” –ni gözləmək şərti ilə Biq Boss qoyublar. İndi onun da ad günü yaxınlaşır. 1 yaşı tamam olacaq. Bir sözlə qızm Böyük Bacı ilə baldızım Ballını çıxmaq şərti ilə arvad tərəf ancaq xərcləməklə, dağıtmaqla məşğuldur. Düzü, bu ötən müddət ərzində arvadın hələ zəng vurmamasına narahat olmağa başlamışam… – Bəy Bala müəllimin sözü ağzında qaldı. Şəhər telefonunun cingiltili səsi kabineti başına götürdü. Dəstəyini qaldıraraq qaş-gözlə mənə “görürsən?” – deyib davam etdi: – Bəli, buyur, başımın tacı, evimin yaraşığı, şirkətimin loqosu, buyur. Votsapla? Baş üstə. Görüntülü? Baş üstə. – deyib dəstəyi asdı. Və mobil telefondan görüntülü yığdı. Nə billah etsə də həyat yoldaşı öz görüntüsünü açmadı. Əksinə Bəy Bala müəllimi məcbur etdi ki, kabinetin bütün künc bucağını mən də daxil olmaqla ona göstərsin. Görüntü olmasa da arada xırç-nırç, şap-şup kimi səslər qarışıq kişi səsinin eşidilməsi mənim də diqqətimi çəkdi. Elə bu vaxt Bəy Bala müəllim bir az da əsəbi kimi: – Hardasan, bu nə səs-küydü? – deyə sual verdi. Cavab özünü çox gözlətmədi: – Qəssab Mehralının yanındayam, bilirsən də onda həmişə “üçbacılıq” yaxşı ət olur. Eşidirsən, Mehralı sənə salam deyir. Deyir, çox sağ olsun. Yaxşı kişidir. Bəy Bala müəllim bu dəfə yenə də mənə qaş-göz eləsə də mən bu işarələrə bir anlam verə bilmədim. Nəhayət: – Yaxşı canım, öpdüm. Sən də salam de. Di, hələlik. Əlimdə işim var. – dedi və cavab gözləmədən zəngi sonlandırdı. Dilxor halda mənə tərəf çevrilərək: – Evlisiniz, subay? – Subay. – Kifayətdir. İndi bu yazının adını nə qoyacaqsınız? – Fikrimdən“Bit Biznesi” keçsə də, “Böyük Biznes” dedim. – Bəlkə, bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız? Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq. Siz də xahiş edirəm bunu götürüb, o məşhur tamaşada deyildiyi kimi… – deyərək əlində tutduğu şax “200”lüyü zorla maskanın yanına yerləşdirdi. – Çox sağ olun. Heç yaxşı olmadı, Bəy Bala müəllim. Əgər fikriniz dəyişə, qoy İlahə xanım sadəcə mənə xəbər eləsin. Yazını hazırlayıb, hazır saxlayacam. – Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil. Qalstuku da açma, sənə yaraşır. Bizdən hədiyyə olsun. Subay oğlansan get dincəl! Ye, iç, kef elə! Qarşıdan gələn Yeni İlin də mübarək! – Çox sağ olun, – sağollaşıb ofisə qayıtdım. İndi oturub yeni zəng gözləyirəm. Ancaq bu dəfə tək deyiləm. Ac və qoca qurdlar hamısı buradadır. Son. 06.12.2021. Bakı.
Adətim üzrə səhər saat 6:30-da çalarsız-filansız oyanıb yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayaraq bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi, düz 7 dəfə, bəlkə də bir az artıq var-gəl etdim. Sonra qalxıb ikiotaqlı “küncdəqalmış”, “kitabça”, “Xruşşov layihəli” mənzilimin birinci otaqla dəhliz arasındakı taxta qapının çərçivəsinə bərkitdiyim alətdə həmişəki kimi 14 dəfə dartınıb düşdüm. Növbə ilə divardan asdığım “Fatihə surəsini”, “Bədnəzər duasını” və “Ayətül-kürsi”ni hərəsini düz 7 dəfə, bəlkə də bir az çox təkrar-təkrar oxuduqdan sonra kitab rəfindən Əbdürrəhim bəy Haqverdiyevin “Marallarım” kitabını götürdüm. Ötən əsrin 70-ci illərinin nəşri olan kitabın nazik kağız üzlü cildi didik-didik olub saralsa da, üzərindəki simalar necə tanış və canlı idilər. Sanki hamısı blokda növbəyə dayanıb səni gözləyirlər və bir himə bənddilər ki, elə qapını açasan… Kitabın üzünə bir neçə dəqiqə baxıb gülümsəyərək dahi ədibə “Günaydın” deyib, gözlərimi mənzilin giriş qapısının üzərində asılmış lövhəyə zillədim. Yenə düz 7 dəfə, bəlkə bir az artıq Böyük Allahın cahü-cəlalına və peyğəmbərimizin əmvatına zikrlər edəndən sonra istirahət otağına keçdim. Ötən gün ərzində yükləndiyim bütün dərd-azardan müvəqqəti də olsa, qurtulduqdan sonra gurhagurla, şırhaşırla qonşulara “mən hələ sağam” siqnalını verərək, qalxıb güzgünün qabağında bir az ağzımı, gözümü əydim, əsnədim, gərnəşdim… Bir sözlə, bütün vacib ritualları yerinə yetirdikdən sonra əlimi şoğəribin altına bir neçə dəfə uzatsam da, su gəlmədi ki, gəlmədi. Başımı qaldırıb aynada üzümə, daha doğrusu, burnumun ucuna diqqətlə nə qədər baxsam da, zərərli bir əhval gözümə dəymədi. Elə bu vaxt qonşulara verdiyim siqnalın son akordları ilə bərabər, yenə qəfil öymə başladı… Məcburən hər ehtimala qarşı əvvəlcədən su ilə dolu saxladığım “növbətçi abgərdən”i götürüb əl-üzümü yaxaladım. Tələsik istirahət otağından çıxdım. Çıxa-çıxa düşündüm ki, “ay canım, ilin-günün bu vaxtında bu qədər istirahət olar!?” Əl-üzümü qurulaya-qurulaya mətbəxə keçib, axşamdan qalan su ilə dolu caydanın altını yandırdım. Televizoru açdım. Aparıcı qız necə başladısa, elə o andaca televizoru söndürüb, seyvana çıxdım. Küçədə və seyvandan görünən kiçik parkda tam sakitlik hökm sürürdü. Bu gün şanlı Zəfərimizin ildönümü ilə əlaqədar elan olunmuş dörd günlük qeyri-iş gününün sonuncusu idi. Deyirəm, qəribə məxluquq e vallah, evdə qalanda işi, işdə olanda evi axtarırıq. Parkın tən ortasındakı tut ağacının altı sapsarı yarpaqlarla elə döşənmişdi ki, adam istəyirdi gedib üstünə uzansın… Yaxşı ki, dolu çaydanın fiti məni belə sərsəm düşüncələrdən ayırdı… Mətbəxə keçib, çaydanın altını söndürdüm. “Azarçay” qutusundan birdəfəlik paketlərdən birini götürb bir stəkan qaynanmış suyu rəngləyib yenidən seyvana – “Nina bağı”na keçdim. Bu məkan ruhumun dinclik tapdığı yeganə guşədir. Əvvəlki ev sahibəsi Nina xanım binanın layihəyə uyğun açıq eyvanını bağlayaraq səliqəli seyvana çevirib. Divarda qatlama masası və iki kətil var. Dibçəkdə həmişəyaşıl otaq bitkiləri də olduğuna görə mənzilə köçən gündən buranın adını “Nina bağı” qoymuşuq. Haqlı olaraq sual yarana bilər ki, mənzilə yeni köçmüsünüz? Sual yaransa da, yaranmasa da, qeyd edim ki, bəli, bu mənzilə təzəlikcə köçmüşük. Səbəbini indi açıq-aydın dilimə gətirə bilmirəm. Çünki o barədə düşünən kimi öymə məni tutur. Özümdən asılı deyil… Çayımı qurtumlaya-qurtumlaya yenə ən yaxın sirdaşım “Redmi”ni dümsükləyib oyatdım. Oyanan kimi bildirişlər pəncərəsindən bir gözəl xanım əl sallayaraq “Zəfər endirimləri” ilə bağlı məni xəbərdar etdi. “MORE” Psixologiya Mərkəzi şanlı Zəfər günləri ilə bağlı sabahdan noyabr ayının sonuna qədər hamıya 50%, qazilərə isə 75% endirimlə xidmət göstərəcək. Düzü, bu məsələ məni çoxdan narahat etdiyinə görə xeyli vaxtdır psixoloq xidmətləri ilə maraqlanırdım. Ona görə qiymətlərdən, şərtlərdən az-çox məlumatım vardı. Həm psixologiya mərkəzlərinin çoxluğu, həm də qiymətlərin baha olması seçim etməyimə əngəl olurdu. İndi bu xanımın təbəssümlü çöhrəsi, bir də artıq demək olar ki, televiziya verilişlərindən adını əzbərlədiyim “MORE”-ni yenə görüncə seçimimi etdim. Elə bildirişin üzərindən keçid edərək sabaha – səhər saat 10:00-a görüş təyin etdim. Qazi olduğuma görə ödənişi yerində nağd olaraq 75% endirimlə edəcəkdim… Axşama qədər hər televizoru açanda, hər küçəyə baxanda öyə-öyə günü birtəhər başa vurub, yenə yatağıma uzandım. “Redmi”də axşam ibadətlərimi yerinə yetirə-yetirə nə vaxt yuxu tutub, bilməmişəm. Bir də oyandım ki, 03:33-dür. Briqadirə ”whatsapp”da yazdım ki, sabah səhər öynə həkimə gedəcəm, işə ondan sonra gələrəm, ya da xəbər edərəm. İş deyəndə ki, sağ olsunlar, qazi olduğuma görə məni icra hakimiyyətində işlə təmin ediblər. Yüngül işdir. Briqadir də həm üç diplomum olduğuna, həm də hər iki müharibənin iştirakçısı olduğum üçün mənə hörmət edir. Yəni, necə deyərlər, nə işim olsa, ötüşdürür. Sağ olsunlar… Hamısından razıyam… Elə bu razılıq içində yenidən nə vaxt yuxulamışam, bilmirəm… Qəfil yenə oyandım. Hə, bu, “6:30” oyanışı idi. Adətim üzrə yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayıb bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi, düz 7 dəfə, bəlkə də bir az artıq…. “Nina bağı” ziyarəti də daxil olmaqla seyvan keyfindən sonra hər evdən çıxanda düz 7 dəfə, bəlkə də bir az artıq təkrar-təkrar qaz, su, işıq yoxlamalarını dəqiqliklə yerinə yetirib, mənzildən çıxmaq üçün dəmirdən olan giriş qapısını açmışdım ki, blokdan gələn isti hava axını bildiriş kağızlarını üzümə çırpdı. Bəzilərini gözümün qabağında fırladıb yanıq verirmiş kimi başımdan səpələdi. Çiynimə qonan, üzümə yapışan, yerə düşən bütün kağızları topladım. Müxtəlif şirkətlərin reklam bildirişlərini səliqə ilə qatlayıb əlimdəki kağız tullantıları olan zibil paketinə qoyduqdan sonra digər əsas bildiriş kağızlarına baxdım. Su 13 manat, işıq 23 manat, qaz 59 manat gəlmişdi. “Kombi”ni çox işlətmədiyimə görə qaz normal idi. Bildirişləri əziz-xələf bir barat kimi pencəyimin içəridən döş cibinə, lap ürəyimin başına qoydum. Şikayətlənməyə bir əsas olmadığına görə vacib sənədlər olan qovuluğumu qoltuğuma vurub, səliqə ilə ayrı-ayrı yığdığım zibil paketlərini götürüb, başımın üzərində olan lövhəyə baxa-baxa, ağzımda dua mənzildən çıxdım. Əlimdəki zibil paketlərini yerə qoyub, seyf qapının bütün qıfıllarını bağladım. Düz 7 dəfə, bəlkə də bir az artıq dəfələrlə silkələyib, əl dəstəyini aşağı-yuxarı edib, yoxladıqdan sonra zibil paketlərinin hərəsini bir əlimə götürüb, getdiyim yerdən asılı olmayaraq, həmişə özümlə götürdüyüm vacib sənədlər qovuluğu da qoltuğumda, bir gözüm qapıda yavaş-yavaş pillələri enməyə başladım… Əlimdəki zibilə baxanda döş cibimdəki bildirişlər yadıma düşdü. Ani olaraq “…zalım uşağı bayram günü də işləyir…” fikri beynimdən gəlib keçdi. Tez də artıq 4 gündür mənzildən çıxmadığımı xatırladıqda əmin olmaq üçün cibimdəki bildirişləri çıxarıb üzərindəki tarixləri gözdən keçirdim, hər üçü 5 noyabr 2021-ci il tarixinə aid idi. Ani olaqraq, – “Əsl bayram hədiyyəsi olub ki…” – fikri eynimdən keçsə də, tezcə bu axmaq düşüncəni başımdan qovaraq, özümü danlaya-danlaya zibil qutularına nə vaxt çatdığımdan xəbərim belə olmadı. Kağızlar olan paketi “radikal” qutuya, plastik qablar olan paketi isə “müxalif” qutuya məxsusi bir əda ilə, səliqəli şəkildə ərməğan edib, məhlədən çıxdım… “MORE” Psixologiya Mərkəzi elə də uzaqda olmadığına görə gəzə-gəzə saat 9:30-da onun yerləşdiyi möhtəşəmliyi ilə məşhur olan şəhərin 1 nömrəli biznes mərkəzi olan “Yasəmən Plaza”nın qarşısında idim. Deyirdilər Xaliq müəllimin obyektidir. Yasəmən də katibəsinin adı imiş. Yasəmən çox fədakar, işini bilən, məsuliyyətli işçi olduğuna görə obyektlərindən birinə onun adını verib… Yasəmənin fədakarlığı, Xaliq müəllimin səxavəti barədə düşünə-düşünə 9:50-yə qədər plazanın yaxınlığındakı parkda gəzişdim. Vaxta 5 dəqiqə qalanda qara rəngli tibbi maskamı pencəyimin üst döş cibindən çıxardıb “taclı günlərimiz” başlayandan bəri ətir əvəzi həmişə özümlə gəzdirdiyim “püskürtmə spirt”dən üstünə bir az püskürdüb taxdım. Sonra 3 manata özüm üçün hazırlatdığım “kovidpasportu”mu əlimdə hazır tutaraq “Yasamən”ə ya sən, ya da mən deyib girişə doğru yönəldim. Burada təmtəraqlı qarşılama mərasimi gözləsəm də, belə bir hal olmadı. Liftin qarşısındakı basabası görüb, 4-cü mərtəbəyə pilləkənlə qalxdım. Düz vaxtında qəbul şöbəsində “piştaxta”da dayanmış xanımın qarşısında “farağat” vəziyyətində dayanmışdım. “Online” qeydiyyatıma baxıb, bəzi məsələləri dəqiqləşdirdikdən, bütün orden və medalların vəsiqələrini bir-bir yoxladıqdan, əvvəllər müayinə və müalicə olunduğum bütün xəstəxanalardan mənə verilən kağız-kuğuzların hamısını eynilə mənim kimi düz 7 dəfə, bəlkə də bir az artıq dəfələrlə silkələyib, ələk-vələk edərək yoxladıqdan sonra birinci tanışlıq görüşü pulsuz olmaq şərtilə qazi olduğuma görə 75% endirimlə 1 seans üçün 150 manat ödəniş etməli olduğumu bildirdi. Düzü, gənc “piştaxtaçı” xanım bu 150 manatı elə işvə-nazla, elə avazla istədi ki, bu haqda artıq söz demək, sadəcə, günah olardı. Kirimişcə, cınqırımı da çıxartmadan sanki, üç dənə 5 qəpikliyi market kassasında xəzinədar xanıma «qəpiklər lazım deyil, qalsın» – deyə qaytarırmış kimi, sonuncu iş günü “bankomat”dan çıxartdığım şax “əllilik”lərdən üçünü “piştaxta”nın üstü ilə xüsusi əda ilə (mənim o vaxtım olmasa da, zabit olmağıma rəğmən bir az da ordudan yeni tərxis olunmuş əsgər havası qarışıq mücərrəd bir ruh halında) xanıma tərəf sürüşdürdüm. Sağ olsun, ab-havanı pozmadan, məxsusi bir nəzakətlə “əllilik”lərin üçünü də sürüşdürüb “piştaxta”nın görünməyən aşağı hissəsinə saldı. Bunu elə etdi ki, düz dörd gün böyük narahatlıqla cüzdanımda saxladığım, dəfələrlə sakitlikdə çıxarıb baxaraq boyunu oxşayıb-əzizlədiyim “əllilik”lərin görünməyən tərəfdə döşəməyə düşməsindən narahat olmağa başladım. Fikrim orada qalmışdı ki, xanımın “44-cü otaqda Bənövşə xanım sizi gözləyir, sabahkı görüşün vaxtını özünüz orada təyin edərsiniz…” kal, yoğun, bayaqkı nəvazişdən əsər-əlamət qalmayan quru bir səs məni yenidən “piştaxta”nın qənşərinə qaytardı və anındaca dəhliz boyu addımlamağa vadar etdi… 44-cü otağa çatana qədər “…özünüz orada təyin edərsiniz…”, “…özünüz edərsiniz…”, “…edərsiniz…”, kəlmələri burğu kimi beynimi eşdi… Boynunda bənövşəyi şalı, əynində üzərində ağlı, sarılı nərgiz çiçəkləri olan bənövşəyi donlu dolu, ortaboylu, ortayaşlı, gülərüzlü, xoş rayihəli bir xanım sanki məni gözləyirmiş kimi, mən qapının üzərindəki 44-ü oxuyub aydınlaşdırana qədər qapı üzümə açıldı. Otaqdan dəhlizə xanımın xoş rahiyəsi qarışıq bənövşə qoxusu da yayıldı. Mən içəri keçdim. Xanım qapını örtərək nazlana-nazlana öz kreslosuna keçdi. Otağın divar kağızları da bənövşəyi rəngdə idi. Pərdənin rəngini təyin edə bilmədim bənövşəyidir, yoxsa çəhrayı… Arada açıq göy və ya yaşıl rəngdə gözümə görünürdü… Çox sirli bir aləmə düşmüşdüm. Xanımın xüsusi ahəng və intonasiya ilə danışığı, arada gözünü süzdürüb dediyi sözləri baxışları ilə mənim qulaq və gözlərimə qədər müşayiət etməsi, gözlərimin düz içinə zillənmiş nəzərlərinin burnumun ucundan sürüşüb ağzıma düşməsi məni lap ovsunlamışdı. Mən içəri girəndən xanım xeyli danışsa da, ya heç nə eştmirdim, ya da eşitsəm də mənə çatmırdı. Tamam başqa dünyada idim. Çox keçmədi ki, xanım bunun fərqinə vardı. Yenə nəsə deyə-deyə kreslosundan qalxıb mənə yaxınlaşdı. Əlimdəki kağızlarla maraqlandı. “Piştaxta”çı qızın mənə verdiyi kağızlarla öz sənəd və həkim kağızlarımı, hətta bu günə qədər heç kimə etibar etmədiyim vacib sənədlər qovluğumu da qeyri-iradi ona verdim. Otaqda ondan başqa xanım olmadığına görə indi mənə yəqinlik hasil oldu ki, bu elə Bənövşə xanımım özüdür. Düzü, onu televizorda çox görmüşdüm. Ancaq televizorda gördüyüm xanıma oxşamırdı. Realda daha istiqanlı və mehriban adam təsiri bağışlayırdı. Bəlkə də yaşıd olardıq. Uzaqbaşı 1-2 yaş fərqimiz olardı. Bu arada onu da deyim ki, mənim 45 yaşım var. Bu dəfə kresloda deyil, pəncərənin önündə qoyulmuş divanda oturdu və mənə yanında yer göstərdi: – Buyurun, İlqar bəy. Zəhmət olmasa burada əyləşin. Öz adımı bu gözəl xanımın ağzından belə məlahətli səslə eşitməyim məni lap duyğulandırdı. Kövrəldim. Gözlərim yaşardı. Bənövşə xanım bunun fərqində idi ki, bir daha: – Buyurun, buyurun… Əyləşin. – deyə təkrarladı. Mən də keçib onun yanında oturdum. Yaxşı olmuşdu, üzü qapıya tərəf oturduğumuza görə daha pərdə gözümə dəymirdi. İkimiz də divanda üzü qapıya tərəf oturmuşduq. Divanın qarşısında balaca miz, onun üstündə isə şır-şır su axan balaca şəlalə maketi vardı. Bu maket və xüsusi ilə su səsi məni ciddi narahat etsə də, birtəhər dözürdüm. Necə deyərlər, ödüm ağzıma gəlsə də, dişlərimi qıcayıb birtəhər oturmuşdum. Otaqda işıq yanmırdı. Arada hardansa sanki uzaqdan asta bülbül səsi gəlirdi. Otaq hələ də rəngini aydınlaşdıra bilmədiyim açıq rəngli pərdədən süzülüb gələn işıqla işıqlanmışdı. Bənövşə xanım xüsusi bir əda ilə əyilib mizin altından bir qutu çıxartdı. Qutudan bənövşəyi və çəhrayı rənglərin bir-birinə sarıldığı burğulu üç şam götürüb səliqə ilə şamdana qoydu. Şamdanı mizin üstünə elə qoydu ki, istiqaməti qapı, şəlalə, pəncərə olmaqla sanki ikimizin arasından keçən xəyali bir çəpər-divar, arakəsmə yarandı. Dodaqaltı nəsə zümzümə edə-edə şamları qapıdan bizə tərəf olmaq şərti ilə yandırmağa başladı. Şamların üçü də yandıqdan sonra mizin üstündəki qədimi cürdəyə oxşayan vazanın içindəki “yeni il elektrodlarına” oxşayan çubuqları da bir-bir yandırdı. Arada mənə tərəf çevriləndə xoş rayihəli isti nəfəsini üzümdə və sinəmdə hiss etdikcə bihuş olurdum. Bir yandan şamlar, bir yandan da xüsusi qoxulu çubuqların tüstüsü… Lap nağıllar aləminə düşmüşdüm… Bir-iki dəfə qeyri-iradi: – Təşəkkür edirəm, təşəkkür edirəm, – deyə Bənövşə xanımın eşidə biləcəyi tonda mən də dodaqaltı mızıldadım. Ancaq Bənövşə xanım ya mənim bu canı-dildən, sidqi-ürəkdən gələn təşəkkürnamələrimi qəbul etmədi, ya eşitmədi, ya da hər iki hal baş versə də, o, bunu büruzə vermədi. Düzü, belə gözəl, zövqlü xanımın saymazyanalığı məni bir az mütəəssir etdi… Ancaq mən də bunu büruzə vermədim. Ya elə bu vəziyyətdən çıxmaq, ya da bayaqdan zövq aldığım, indi isə məni sıxmağa başlayan ab-havanı dəyişmək məqsədilə sükutu mən pozdum: – Xanım, bu “MORE” nə deməkdir? Bənövşə xanımın bənövşə ətirli sözünü-söhbətini dinləmək üçün xüsusi iştaha ilə verdiyim suala sualla cavab aldım: – Bəs, sizin öz versiyanız var? – Bənövşə xanım məndən soruşdu. – Yəni mor rəngi. – Xeyr. – Onda qalır “more”, “more” dəniz… – Xeyr. O da deyil. “MORE”, yəni “Mən” “Onu” “Ram” “Etdim”. Bu qədər bəsit və sadə. “MORE Psixologiya Mərkəzi” artıq uzun illərdir ölkəmizdə fəaliyyət göstərir. Azərbaycanın ilk bu yöndə xidmət göstərən mərkəzlərindən biridir. Ölkəmizin bütün iri şəhər və rayonlarında, hətta bəzi iri kəndlərində filiallarımız var. Kollektivimiz peşəkarlardan ibarətdir. Müntəzəm olaraq əməkdaşlarımız televiziya proqramlarına qatılır, bu sahədə xalqımızın maarifləndirilməsi prosesində fəal iştirak edərək, öz töhfələrini verirlər. Yəqin ki, sizin bütün bunlardan xəbəriniz var. – Bəli, bəli, var. – Mən bu sənədlərə əsasən, – əlində və mizin üzərində olan mənim sənədlərimə işarə edərək, – sizin hal-hazırkı vəziyyətinizlə demək olar ki, tanış oldum. Ancaq məsələni həll etmək, durumu düzəltmək üçün bunlar kifayət etməz. Həkim rəylərindən belə məlum olur ki, sizi mütəmadi olaraq, müəyyən məqamlarda narahat edən öymə halları sırf psixoloji problemdir. Yəni bunun fizioloji, bədənsəl olaraq heç bir əsası yoxdur. Bu gün vəziyyət belədir. Ancaq biz bu günə, heç olmasa bu problemin başladığı ilə baş verdiyi ilk hala gəlib çatmalıyıq. Bunun üçün siz lap uşaqlıqdan özünüz haqqında bir az, yaddaqalan əlamətdar hadisələrdən, sizi narahat edən problemlərdən danışsanız işimiz daha asan olar. Siz elə dünyanı xatırladığınız ilk gündən, ilk hadisədən başlayın, ardı öz-özünə yumaq çözümü kimi gələcək. – …Və mən həmin gün evdəkilərlə görüşüb blokumuzdan çıxanda o maşınmı deyim, nasosmu deyim, bilmirəm… Həmin texnika, – biz ona “suçəkən” deyirdik, – blokun girişində yenə işləyirdi. Hələ mən çıxanda pencəyimin qolu da sürtünüb mazuta bulaşmışdı, – qeyri-iradi pencəyimin qoluna baxsam da, sonra xatırladım ki, bu, o pencək deyil, – texnikanın yanındakı işçilərə, uzun illərdir həyatımızı göy əsgiyə düymüş bu problemə biganə qalan hamıya dişimin dibindən çıxanı ucadan desəm də, tırhatırdan çətin ki, kimsə, nəsə eşitdi. Onlar eşitməsələr də, mən içimdə bir rahatlıq tapmış kimi, bir az gümrahlaşıb, qıvraq addımlarla binamızdan ayrıldım… – Bu gün bu qədər kifayətdir. Bənövşə xanımın diktəsi məni o günlərdən ayırdı. İlk olaraq gözümə mizin üstündəki şamlar dəydi. Şamların ikisi, – yanındakılar tamam yanıb qurtarmışdı. Ortadakı şamın göyümsov sarı alovunun uzun dilləri isə son hop-gəllərini vuraraq yellənə-yellənə tamam öləzimişdi və sönmək üzrə idi… Söhbəti xırp kəssəm də, sonra nə edəcəyimi bilmədiyimdən: – Və mən… – Siz indi gedin bir yaxşı dincəlin. Yaxşı olar ki, evə getməmiş bulvara tərəf gedəsiniz. Sonuncu dəfə bulvarda və ya başqa yerdə dənizin sahilində nə vaxt olmusunuz? Su şırıltısını nə vaxt eşitmisiniz? G….? Bənövşə xanımın “Güşşşşş” və ya “Göşşşş” ilə başlamq istədiyi sonuncu cümləsi ağzında qaldı. Mən isə səhər-səhər içdiyim bir qurtum rəngli suyu fontan kimi ağzımdan mizin üzərinə fışqırda-fışqırda öz-özümə düşünürdüm: “…bura qədər yaxşı gəlmişdik, axır ki, zibili çıxdı…”. Mənim “fontanım”ın suyu ilə mizin üstündəki Bənövşə xanımın şəlaləsinin suları bir-birinə qarışmışdı. Düzü, nə edəcəyimi bilmirdim. Ağzım dolu olduğundan, sadəcə, başımla mizin üstündəki şəlalə maketinə davamlı işarə edə-edə qalmışdım… Bənövşə xanım sanki heç nə olmayıbmış kimi: – Əla, əla… Narahat olmayın… Məsələnin əslini öz gözümüzlə də gördük… Heç bir problem yoxdur… Narahat olmayın… – Mən… mən… Ağzımı, burnumu cibimdən çıxartdığım cib dəsmalımla silə-silə bayaqdan bu şəlalənin, – mizin üstündəki maketi göstərərək, – şır-şırına güc-bəla ilə tab gətirib, özümü güclə saxlamışdım. Siz sudan, şır-şırdan danışınca özümü saxlaya bilmədim. Üzürlü sayın… – Eybi yox… Eybi yox, olan işdi… – Ancaq xahiş edirəm sabah bu, – maketə işarə edərək, – “şəlaləni” buraya qoymayın. Olarmı? – Əlbəttə, olar. Olar. Qoymarıq. Deməli belə, siz indi gedin yaxşıca dincəlin. Sabah saat 10:00-da birbaşa bura gələrsiniz. 4-cü mərtəbə, 44-cü otaq, Bənövşə xanım. – Oldu, – deyib yarı islanmış, yarı quru kağız-kuğuzumu mizin üzərindən yığışdırıb, peşman-peşman otaqdan çıxdım… Bu əzəmətli binadan gəldiyim kimi də ayrılmağın dilxorluğu ilə baş-başa nə vaxt öz blokumuzda, öz mənzilimin, 3 qıfıllı dəmir seyf qapısının qarşısına çatıb dayandığımdan heç xəbərim olmadı. Yalnız indi xatırladım ki, evə qayıdanda çörək almalıydım. Məcburən həyətdəki mini marketə düşməli oldum. Bir çörək alıb, çıxmaq istəyirdim ki, satıcı xanımın: “Başqa nə?”- sualı məni yenidən rəflərə baxmağa məcbur etdi: – Bax bir dənə bundan verin. – Başqa? – Bir dənə də bundan. – Sonra? – Bir dənə də bax bundan. – … – … Əlimdə, qolumda yer qalmadığını görən satıcı xanım: – “İstəyirsiniz uşağı çağırım sizə kömək etsin, müəllim? Ya da lap elə özüm indi buranı bağlayıb sizə kömək edərəm. Axı biz qonşuyuq…” – deyə bir az qayğılı, həm də sual dolu baxışlarını üzümə zillədi. – Yox, canım. Nə danışırsınız? Lazım deyil. Çox sağ olun. Budu, buradı. İndi qalxıram yuxarı. Aldıqlarımın pulunu ödədikdən sonra məcburi təbəssüm edərək, oradan ayrıldım. Yenidən öz alınmaz qalamın giriş qapısına dayanmışdım ki, qapıda yeni bildiriş qoyduqlarını fərq etdim. Qapıdakı açar yerinə səliqə ilə yerləşdirilmiş bükülü kağızı götürüb açdım. Qırmızı rəngli qələm ilə səliqəli xətlə yazılmış “JEK”-in bildirişi idi: “Xəbərdarlıq! Bu ayın sonuna qədər istismar xərclərini və zibil pulunu ödəməsəniz sizi məhkəməyə verəcəyik”. Qeyri-iradi: – “JEK nədi?” – deyə-deyə kağızı əvvəlcədən büküldüyü kimi mən də səliqə ilə büküb blokun açıq pəncərəsindən çırtma atışı ilə bayıra uçurtdum. Qıfılları bir-bir açdıqdan sonra nəhayət ki, mənzilə daxil ola bildim. Səmimiliyimə inanın. 18 yaşına qədər kənddə böyümüş, sonra isə demək olar ki, ömrünün çox hissəsini dağda-daşda keçirmş bir adam üçün qapı açıb-bağlamaqdan ta bu “JEK” söhbətlərinə qədər hamısı çox yorucu və olduqca ağrılı məsələdir… Mənzilə daxil olan kimi əlimdəkilər masanın və divanın, əynimdəkilər isə çarpayının üstünə getdi. Yaxşı-yaxşı yuyunub, spirtləndikdən sonra artıq neçə gündən qalma olduğunu unutduğum içərisində su olan çaydanın altını yandırdım. Çaydan fit verənə qədər heç nə düşünmədən mətbəxin pəncərəsindən sakit küçəmizə, balaca parka və bir az aralıda ucalan “Alov Qüllələri”nə nəzər salıb, diqqətimi sonuncunun üzərində cəmlədim. Üzərində artıq iki ildir “Evdə qal!”, “Biz birlikdə güclüyük!”, hərdən dalğalanan üç rəngli bayrağımızı və çox vaxt alov dilləri görməyə adət etdiyimiz bu qüllələr şəhərimizin yeni simvollarından birinə çevrilmişdi. Artıq qüruba doğru yönəlmiş payız günəşinin qırmızıya çalan tünd narıncı rəngi qüllələrin parlaq şüşələrindən əks olunaraq cazibədar mənzərə yaratmışdı. Bu arada Şəhidlər Xiyabanına – Teleqülləyə tərəf olan birinci qüllədə troslarla asılı vəziyyətdə şüşələri silən “alpinistlər” diqqətimi çəkdi. Maraqlıdır, demək olar ki, gün batmağa başlasa da, iş hələ davam edirdi… “Alpinist” sözü ağlıma gələn kimi, “əcaba, bu sözün Alp dağları ilə bir əlaqəsi varmı?” – deyə yeni bir sual beynimə işlədi. Sonra beqəfil Qalaya yalın əllərlə dırmaşan əsgərləri xatırladım… Yəqin elə təcrübəsi olan qazilərimizi də belə xüsusi bacarıq tələb olunan yerlərdə işlə təmin edirlər… Qəfil fit səsi bütün fikirləri başımdan qovdu. Fitli caydanı icad edənin atasına rəhmət oxuya-oxuya qazı söndürüb. Özümə artıq səhər-səhər bir dəfə istifadə edib, nəlbəkidə saxladığım “Azarçay” paketindən yeni bir fincan rəngli qaynanmış su hazırlayıb beynimdə “maşAllah olsun lap xoruzquyruğudur, axşam bir dəfə də rəngləmək olar fikri” ilə “Nina bağı”na yollandım… Çayımı udumlaya-udumlaya arada briqadirə ”whatsapp”da yazdım ki, gəlmişəm, evdəyəm. Ancaq həm çox yorğunam, həm də artıq axşamdır, sabah yenə gedəcəm, İnşəAllah, birisi gün işə çıxaram. Sağ olsun, o da yazdı ki, narahat olmayın, öz işinizdə olun… Günü hər gün təkrar olunan öz işlərimlə başa vurub, yerimə uzananda artıq gecə yarıdan keçmişdi… “Redmi”də axşam ibadətlərimi yerinə yetirə-yetirə nə vaxt yuxu tutub, biləmişəm. Bir də oyandım ki, saat 6:30-dur. Adətim üzrə yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayıb bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi düz 7 dəfə, bəlkə də bir az artıq… “Nina bağı” ziyarəti də daxil olmaqla seyvan keyfindən sonra hər evdən çıxanda düz 7 dəfə, bəlkə də bir az artıq təkrar-təkrar qaz, su, işıq yoxlamalarını dəqiqliklə yerinə yetirib, mənzildən çıxdım. Gəzə-gəzə öz-özümlə söhbət edə-edə nə vaxt 44 nömrəli otağın qapısına çatdım, heç özüm də bilmədim. 44-ü görən kimi qeyri-iradi burnuma bənövşənin məxsusi qoxusu gəldi. Yalnız bu anda olub-keçənlərin fərqinə vardım. Dərhal telefonda saata baxdım. Məlum oldu ki, hələ vaxta 5-6 dəqiqə var. Qayıdıb vaxtı gözləmək istəyirdim ki, qapı açıldı… Həmin tanış rayihə, o həlim səs… Bənövşə xanım məni içəri dəvət etdi. Artıq şamdanlı miz bizi dinləməyə hazır idi. Əlavə sual vermədən Bənövşə xanım divanda dünən oturduğu yerdə əyləşərək, mənə də əli ilə yanında yer göstərdi. Yalnız bundan sonra: – “Tam rahat və sərbəst olmaq üçün istəsəniz üst geyimini çıxarda bilərsiniz”, – dedi. – Xeyr, nazik və yüngüldür. Qalsın. – deyə-deyə keçib öz yerimdə əyləşdim… Şamlar yanır, “elektrodlar” tüstüləyirdi. Çox astadan həzin, yuxugətirici çin melodiyası səslənirdi… – Hə, harda qalmışdıq? – Sükutu bu dəfə Bənövşə xanım özü pozdu. Sanki vaxtı boşa verməmək istəyi kimi bir ahəng hiss etdim səsində. – Deməli, “mən həmin gün evdəkilərlə görüşüb blokumuzdan çıxanda o maşınmı deyim, nasosmu deyim, bilmirəm… Həmin texnika, – biz ona “suçəkən” deyirdik, – blokun girişində yenə işləyirdi. Hələ mən çıxanda pencəyimin qolu da sürtünüb mazuta bulaşmışdı…” – Bax orada qalmışdıq. – Bu məsələni bir az da dəqiqləşdirib, elə ordan davam edək. O nə “suçəkən” maşın idi elə, orda işləyirdi? – Deməli, belə, Bənövşə xanım. Qeyd etdiyim kimi, mənim uşaqlığım kənddə nənəmgildə keçib. Ancaq o vaxtlar da, – “sovet dövrü” tez-tez atamgilə, yəni bu evmizə gəlirdim. Elə yaranandan məndə hər şey tərsinə olub. Uşaqlar yayda dərs bağlananda kəndə nənəsigilə gedəndə, mən əksinə, yayda dərs bağlanan kimi Bakıya atamgilə gəlirdim. Bunu niyə qeyd edirəm? Həmin vaxtlar binamızın, yəni bu binanın, – atamgil yaşayan binanın zirzəmisi qupquru olardı. Çünki uşaq vaxtı yadımdadır ki, ora girməyi nə qədər qadağan etsələr də, maraq güc gələndə bir neçə dəfə uşaqlarla ora girmişdik. Dəmir seyf qapısı olsa da, heç vaxt bağlı olmazdı. Qupquru, tərtəmiz zirzəmi idi. Ancaq 90-lardan sonra artıq bu təmizliyin izi-tozu qalmadı. Əvvəllər su olmasa da… – burada məni yenə quru öymə tutdu… – Ara verin, dincəlin… – deyə Bənövşə xanım mənə əli ilə də sərbəst olma işarəsi verdi. – Narahat olmayın, indi keçib gedəcək… Məşədi İbad demişkən, artıq “bir nöö adətkərdə olmuşam…” – özümü toxdadıb davam etməyə başladım, – deməli, hə, orda qalmışdım axı… İlk vaxtlar quru olsa da, zibil atmağa başladılar. Külək başqa yerlərin zibillərini də gətirib bizim zirzəmiyə yığmağa başladı. Arada-bərədə ya binanın sakinləri, ya süpürgəçilər təmizləyirdilər. Sonra ölkəmizin müxtəlif bölgələrində xidmətdə olarkən məzuniyyələrə və ya qısa müddətdə valideynlərimə baş çəkməyə gələndə artıq zirzəminin su ilə dolmuş gördüm. Ordudan tərxis olunub həmişəlik valideyinlərimin yanına yerləşəndən sonra bizim zirzəmisi su ilə dolu binamıza “Şır-şırlı bina” deyildiyini öyrəndim. Düzdür, mütamadi olaraq həmin o suçəkən maşın tırhatır işlədiyinə görə ətraf binalarda yaşayanlar “Tır-tırlı bina” desələr də, çox adam, ələlxüsus nabələdlərin neçə dəfə ya telefonla, ya da elə-belə “Şır-şır”ın yanındayam və ya “Şır-şır”ın yanına gəl deyə, buranı belə təqdim etdiklərinin şahidi olmuşdum. Hətta binamızın birinci mərtəbəsində “Şır-şır” adlı kafe də vardı. Ancaq bu yumurta-toyuq məsələsi kimi bir şeydir. Bilmirəm, şır-şırdan ilhamlanıb kafenin adını belə qoyublar, yoxsa kafeyə görə bina belə tanınıb… Nəsə, sözüm onda yox, suçəkən maşını elə tırhatır işləyə-işləyə “Şır-şır”ın başında qoyub getdim bu məlum 44 günlük müharibəyə. 26 sentyabr 2020-ci ildə artıq tam hazır vəziyyətdə Tərtər yaxınlığında olan toplanış məntəqələrindən birində nəsə olacağını gözləyirdik. Deməli, mən bu “Şır-şır”lı binamızdan hardasa bir həftə əvvəl ayrılmışdım. Bəlkə də bu tarix lap dəqiqi 20 sentyabr 2020-ci ildir. Yəni bu tarixdə bizim zirzəmini ağzına qədər çirkab su ilə dolu qoyub getmişdim toplanışa… – Quru öymə məni yenidən tutur. – İstəyirsinizsə, bir az dincəlin… – Xeyr. Hər şey öz qaydasındadır. – Üzr istəyirəm, bəs bu qədər çirkab su haradan toplanır oraya? – Bir az da ehtiyatla Bənövşə xanım məndən soruşur. – Elə öz binamızın kanalizasiya suları, kafe və digər iaşə obyektlərindən axan çirkab sular. Hətta deyirdilər, qonşu binanın da murdar suları ora axır… – Məni əməlli-başlı öymə tutur, məcbur olub ayağa qalxmalı oluram. – Siz çıxın 10 dəqiqə dəhlizin sonundakı açıq eyvanda havanızı dəyişin, mən də həm şamları, həm də otağın havasını dəyişim. – Oldu. Dəhlizlə sağ tərəfə gedim, eləmi? – Bəli. Elə gəldiyiniz tərəfə düz, sona qədər. Deyilən eyvana çıxsam da, siqaret çəkənlərin ucbatından bir udum təmiz hava ala bilmədim. Zalım uşağı bina tikənlər də o boyda binaya 1×1 balaca bir eyvan qoyublar. İki nəfər eyni vaxtda dayansa gərək bir-birinin ağzınının içinə girsin… Nəsə, qayıtdım yenə 44-ə. İçəri girən kimi də Bənövşə xanım heç oturmamış işarə etdi ki, davam edə bilərəm. – Bəli, buyurun. Davam edin. Sərbəst olun. – Hə. Deməli, artıq əks-hücum əməliyyatları başlamışdı. Təxminən 5-6 gündən sonra bizim bölməni digər cəbəhəyə, – Füzuli istiqamətinə göndərdilər. Müharibədəki qalan günlərimi düz Xankəndinə, yəni Şuşaya qədər o istiqamətdə keçirdim. – Döyüşlər barədə daha ətraflı danışa bilərsinizmi? – Düzü, vallah, tam səmimi danışmağa elə bir şey yoxdur. İşdə müharibə. Yanında dostlar-tanışlar ölür, yaralanır… Cürbəcür müxtəlif hadisələr… Bir onu deyə bilərəm ki, sanki heç nə hiss etmirsən. Baş verənlərin sənə heç bir aidiyyəti yoxdur. Ölümdür, o da nə vaxt gələr, gəlsin… Təxmini bax belə bir ab-havanın içərisində olur insan. Yəni daha dəqiqi mən döyüşlər başlayandan 2-3 gün sonradan bitənə qədər, bəlkə elə indi də beləyəm… – Aydındır. Bəs sonra? – bu sual lap məhlədəki mini marketin qadın satıcısının sualına oxşadığından ani olaraq üzümə təbəssüm qondu. Bənövşə xanım da bunu hiss etmiş olmalı ki: – Niyə gülürsünüz? Nəyi xatırladınız? Nə yadınıza düşdü? – məni sual atəşinə tutdu. – Heç… – Siz necə düşünürsünüz, orda nə baş verib ki, sizə belə təsir edir? Döyüşlər vaxtı heç yaralanmısınız? – Bir neçə dəfə yüngül yaralanmışam. İndi də bədənimdə, onurğamda qəlpə var. Ancaq bu ötən bir il ərzində həm burada, həm də Türkiyədə yoxlamadan keçmişəm. Bu işin onlarla heç bir əlaqəsi yoxdur. Həkim kağızlarını da sizə verdim, baxdınız. – Bəli, sənədlərə əsasən bu belədir. Bəs yaxşı, bu öymələr siz döyüşdə olanda da baş verirdi? – Xeyr. – Bəs bu hal ilk dəfə nə vaxt baş verdi? – Müharibədən sonra müalicə aldığım hospitaldan çıxıb evimizə gələn birinci günün axşamı. – Bu necə baş verdi? – Hə. Deməli, belə. Mən elə həyətimizə girən kimi gözlərimə inana bilmədim. Şır-şırdan, tır-tırdan əsər əlamət qalmamışdı. Binanın başındakı “Şır-şır kafe” dən əlavə. Həmişə “Tır-tır” maşın dayanan binanın giriş qapısı olan yan tərəfdə də “Şır-şır” yazılmış su damcısı işarəli böyük mavi rəngli plakat və onun altından zirzəmiyə giriş var idi. Mən gələndə axşam olduğuna görə qırmızı yazılı kafe açıq olsa da, mavi yazılı bağlı qapılı yerin nə olduğnu anlaya bilmədim. Yaxınlıqda üstünə su damcısı işarəli mavi rəngli “Şır-şır” yazılmış avtomobillər də diqqətimi çəkdi. Ancaq düzünə qalsa, zirzəminin tam qurudularaq istifadə olunması, həyətimizin belə abadlaşdırılması məni çox sevindirdi. Bu ilk müsbət təəssürtaların təsiri altında 4-cü mərtəbəyə nə vaxt qalxdığımı, evə necə girdiyimi heç indi də xatırlamıram. Evdəkilər gəlişimi gözləsələr də, çox sevindilər. Axşam hospitaldan buraxılacağımı bildiklərinə görə günortadan süfrə açıb məni gözləyirmişlər. Mən də içəri girən kimi əynimi dəyişib, yuyunub oturdum süfrəyə. Televizor da həmişəki kimi açıq idi. Arada oğlumun suallarına cavab verə-verə televizora baxır, süfrədə olanlardan məşğulat edirdim. Qəfil ekranda mavi rəngli su damcısı şəklindəki “Şır-şır” yazılı su daşıyan avtomobili reklam çarxında görən kimi ani olaraq bu mənzərə tanış gəldi və məni ilk dəfə öymə tutdu. Vanna otağına qaçmağa məcbur oldum. Anam da tibb işçisi olduğuna və bir neçə dəfə yaralandığımı, hələ Birinci Qarbağ müharibəsindən kontuziyalı olduğumu bildiyinə görə o saat sorğu-suala tutub, bərk yıxılıb-yıxılmadığımı, başımın əzilib-əzilmədiyini öyrənməyə çalışıdı. Bütün sualların sonunda da bax belə deyirdi: – “ta yekə oğlansan, düzünü de…” – Bəs siz nə cavab verirdiniz? – Nə deyəcəm? Olanı. Neçə dəfə yanıma mərmi düşüb partlamışdı. Bir dəfə kabinəsində olduğum “Kamaz” özü də mən oturduğum tərəfdən minaya düşüb. Başım-beynim o qədər silkələnib ki… Səhəri günü yeni halla bağlı, yeni şikayətlə hospitala, sonra da başqa bir özəl klinikaya yoxlanmağa getdik. – Hospitaldan sonra özələ getməyə nə ehtiyac var idi? – Düzü, mənə qalsa, ehtiyac yox idi. Ancaq anam dedi ki, bunlar çox soyuq münasibət göstərdilər. Hər şey də başdan getdi… Belə olmaz, dəqiq yoxlanmalısan. Sonucda həkimlər də, aparatlar da anam deyəni təsdiqlədi. Hamı bir fikrə gəldi ki, bu öymə kəllə-beyin silkələnməsinin nəticəsidir. Yazdılar, pozdular. Evə gələndə də bütün yazılan bahalı-bahalı iynə-dərmanların hamısını alıb gəldik. O gündən düz bir ildir müalicə olunsam da, xeyri olmayıb. – Bayaq bir söz dediniz. Dediniz ki, ilk dəfə ekranda “Şır-şır” yazılı maşını görəndə bu sizə tanış gəldi. İndi xatırlaya bilirsinizmi, ilk dəfə “Şır-şır” yazılan su maşınını harada görmüşdünüz? – Bəli. İlk dəfə üzərində “Şır-şır” yazılan su maşını biz Xocavənddə olanda su gətirmşdi. Sağ olsunlar, hələ onlar üzərində belə yazılmış səyyar hamamları da var idi. Bir dəfə o hamamda da ləzzətlə çimmişəm. Bilirsiniz, insanlar bəzən çox naşükür olurlar. Heç nəyin qədir-qiymətini bilmirlər. Müharibə başlayandan bir aydan artıq idi çimmirdik. Düzü, heç çox vaxt içməyə, əl-üzümüzü yumağa su tapmırdıq. O ki qaldı çimmək ola. Paltarlarımız da dəfələrlə yağış zamanı əynimizdə islanıb, qurumuşdu. Belə bir vaxtda biz Xocavənddə olanda bu səyyar hamam maşını gəldi. Təsadüfən bizim bölmə bir gün orada dincələcəkdi. Biz də yaxşıca çimib dincəldik. O gün heç vaxt yadımdan çıxmaz… – Deməli, “Şır-şır” yazılı ilk su maşınını Xocavənddə görmüşdünüz, sonra ekranda görüncə həyətdəki avtomobilləri, eyni yazılı ofisi xatırlayıb öyməyə başlamısınız. – Bəli. Təxmini, bəlkə də ən dəqiqi vəziyyət belədir. – İndi yenə həmin binada yaşayırsınız? – Xeyr. Türkiyədə xəstəxanada müayinə qabağı söhbət etdiyim psixoloqun tövsiyəsi ilə Azərbaycana qayıdan kimi valideynlərim orada qalsalar da, mən öz ailəmlə birlikdə yeni mənzilə köçmüşəm. – Bax, bu, yaxşı haldır. Sizə də qazilərə verilən mənzillərdən veriblər? – Xeyr. Əvvəldən belə bir fikrimiz, yəni hazırlığımız var idi. İş belə olunca valideynlərimiz də kömək etdi, tez bir ev alıb köçdük. Ancaq evi yaxın bir qohumun adına almışıq. Adım qazi kimi siyahıda var. Növbəm çatanda mənə də ev verəcəklər. – Ailədə neçə nəfərsiniz? – 6 nəfər. Həyat yoldaşım, 2 oğlum, 2 qızım. – Harda işləyirsiniz, peşəniz nədi? – Hal-hazırda icra hakimiyyətində işləyirəm. – Nə işə baxırsınız? – Vallah, bir ixtisasım hərbçidir. Peşəkar zabitəm. İkinci ixtisasım da tarix müəllimi. Amma, hal-hazırda bağban işləyirəm. – Çox gözəl. Bəs nə yaxşı belə alınb? – Hə. Bu da uzun məsələdir. Deməli, ordudan tərxis olunan ili Bakı Təhsil İdarəsinin Bakı məktəblərində boş olan “Hərbi rəhbər” vəzifələrinə keçirdiyi işə qəbul imtahanlarında iştirak etdim. 40 mümkün baldan 39 bal toplamışdım. Bu test-imtahandan əlavə, bir neçə mərhələdən də keçdik. Yadımdadır ki, hələ bu 40-dan 39 məsələsinə görə müsahibə mərhələsində məni əməlli-başlı sıxma-boğmaya salmışdılar ki, birdən nəsə hətərən-pətərən söhbət olar. Gördülər yox, hər şey normaldır. Necə deyərlər, anadangəlmə “oxuyan uşağam”, növbəti -vakansiya seçimi mərhələsinə buraxdılar. Yer seçdim, düşdüm 45 nömrəli məktəbə. Bakı Təhsil İdarəsinin göndərişi ilə getdim ora. Məktəbin direktoru xanım idi. Yazıq bir sevinirdi ki… 5-10 dəqiqə yanında oldum. Bəlkə 10 dəfə soruşdu ki, mənə kömək edəcəksinizmi? Məktəbə kişi müəllim gəlməsinə çox sevinirdi. Prosedur gərəyi bu məsələ rayon səfərbərlik idarəsi ilə də razılaşdırılmalı idi. Məktəbin direktoru rayon səfərbərlik idarəsinə müraciət yazıb verdi, getdim ora. Deməli, mən içəri girəndə kim ki, məni, – sənədi, – qəbul edəcəkdi, artıq mobil telefonla danışırdı. Eşitdiyimi, onun ağzından çıxan kimi sizə çatdırıram: – “…Ayə, narahat olma. Bakı Təhsil məndən xəbərsiz imtahan keçirdib göndərib onları. Təkcə sənin yerinə deyil, bütün məktəblərə göndəriblər. Boş şeydi. Ürəyini buz kimi saxla. Mən dabro verməsəm, onlar nə karədir… İstəyirlər lap 100 adam göndərsinlər. Sən başını sal aşağı, işinlə məşğul ol…” – nəsə, gözlədim danışdı qurtardı. Gəlişimin səbəbini deyəndən sonra məlum oldu ki, mən elə bu adamın yanına gəlmişəm. Sənədlərimə və məktəb direktorunun yazdığı müraciətə baxdı. Dedi ki, müraciət düzgün formada yazılmayıb. Nəsə, düz 3 dəfə mən o müraciəti dəyişmək məcburiyyətində qaldım. Sağ olsun məktəb direktoru, etiraz etmədən 3 dəfə müraciəti yenidən yazdırıb, möhürlədi… Ancaq sonuc olaraq, mən o məktəbdə işləyəsi olmadım. – Bəs nə yaxşı tarix müəllimi işləmirsiniz? – Elə bilirsiniz onu yoxlamamışam? Onu da düz 3 dəfə yoxlamışam. MİQ-dəki rəngli kağız əməliyyatları, vaxt və suallarla manipulyasiyalar… Nəsə, sonuncu dəfə 60-dan 46 bal toplamışdım. Əslində bu ikinci ixtisası almaqda məqsədim ən ucqar dağ kəndlərinin birində müəllim işləmək olub. Elə ona görə də səfərbərlik idarəsinin mənə öz xətti ilə yazıb verdiyi şəxsi mobil nömrəsinə zəng etmədim. Çünki Bakıdansa rayonların birində ucqar kənddə müəllim işləmək mənə daha maraqlı, cazibədar və eyni zamnda faydalı görünürdü. İki tur başa çatdıqdan sonra yenə vakant yerlərdən heç birinə düşə bilmədim. Maraqlıdır ki, artıq adını əzbər bildiyim dağ kəndləri var idi ki, hər dəfə seçimlərdən sonra oranı seçsəm də, nə mən o məktəbə düşürdüm, nə də o yer dolurdu. Yer vakant, mən isə işsiz qalırdım. Belə günlərin birində elan gördüm ki, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Kamalzadə namizədləri qəbul edir. Mən də elektron qaydada qəbula yazıldım. Sağ olsun, qeyd olunan vaxtda qəbuluna düşə bildim. Bu sualı eynilə ona verdim ki, necə olur, hər seçimdən sonra belə yerlər boş qalır, biz də işsiz? O, sadəcə, çiynini çəkib, masanın üzərindəki kompüterə işarə etdi və dedi: – “Bizlik bir şey yoxdur”. Mən bir az da irəli gedib bildirdim ki, bəlkə istisna hallar kimi mənim üçün nəsə etmək olar, Bakı istəmirəm ki, hər il, hər dəfə boş qalan və ya gənc qızların bir illik tutub getmədikləri ucqar bir dağ kəndində ömrümün sonuna qədər müəllim işləmək istəyirəm. Cavab isə qəti olaraq belə oldu: – “Biz siz deyən kimi eksklüziv heç nə edə bilmərik…”. Və mən bu görüşdən sonra MİQ imtahanlarında iştirak etmədim. Sonra da müharibə başladı. Yenidən ordu. Yenidən hospital. Və görürsünüz ki, indi də sizin qəbulunuzdayam. – Bəs, bu bağbanlıq nə məsələdir? – Hospitaldan çıxandan sonra bir neçə dəfə çağırıb yoxladılar. Və son qərar belə oldu ki, heç bir əlillik dərəcəsindən söhbət gedə bilməz. Bu yaralar hamısı yüngül yaradır. Onurğada və bədənimin digər yerlərində qalan qəlpələr də elə-belə, ziyansız müharibə yadigarlarıdır. Zamanla onları da çıxartmaq olar. Kənardan baxanda, bir də bu şoğərib televizorda həyat tamam başqa cür görünür. Ona görə də real həyatda olanlarla heç kim barışmaq istəmir. Məsələn, bax mənim artıq bir ildir əziyyət çəkdiyim bu öymənin heç bir adı yoxdur. İstər kəllə-beyin travması kimi, istərsə də indi siz, sizdən əvvəl də türk həkim-psixoloqların araşdırdığı hal kimi. Halbuki gecəm-gündüzüm yoxdur. Bir də ki, indi nəinki hər adama əlillik təyin etmirlər, hətta Birinci Qarabağ müharibəsi iştirakçılarından çoxunun təqaüdlərini kəsiblər. Məsələn, nə qəzetdən oxumursunuz, nə kitabdan. Real mənim iki sinif yoldaşım olan şəxsən tanıdığım Birinci Qarabağ müharibəsi iştirakçısının 25 ildən artıq zaman ərzində aldıqları təqaüdləri kəsiblər. Halbuki onlar hələ o zaman ağır yaralar aldığına görə müharibə getdiyi zaman ordudan tərxis olunmuşdular. Və elə o vaxtdan da onlara təqaüd təyin olunmuşdu. Bunları dəqiq bildiyim üçün sizə dedim. Yeni mənzil almaq, davamlı müayinə və müalicələr, bunların hamısı pul tələb edir. Əldə-ovucda nə var idi hamısı getdi. Əslində mənim heç işləmək fikrim yox idi. Mən DOST mərkəzinə sosial müavinət almaq üçün məsləhət almağa getmişdim. Oradakı dostlardan biri hərtərəfli məni sorğu-sual edəndən, sənədlərimlə tanış olandan sonra başa saldı ki, əmi, mütləq yarımştat da olsa, işləmək lazımdır. Dedim ki, ta işim olandan sonra yardımı neynirəm ki, elə maaşımla başımı aşağı salıb birtəhər dolanaram. Mənə nə desə yaxşıdı? Dedi ki, əmi, uşaqlar çox balaca olsa idi, həyat yoldaşınız işlədiyinə görə siz işsiz olsanız da, sosial müavinət ala bilərdiniz, ancaq indi uşaqlar böyükdür. Siz sosial müavinət almaq üçün gərək adınıza bir iş olsun. Mənim də matım-mutum qurudu, qaldım belə. Sağ olsun, uşaq elə şirin-şirin danışdı ki, heç nə deyə bilmədim. Elə onun məsləhəti, – göndərişi, – ilə getdim icra hakimiyyətinə. Orda da, sağ olsunlar, elə həmin gün qazi olduğuma görə məni işlə təmin etdilər. İndi 270 manat oradan maaş alıram, təxminən bir o qədər də sosial müavinət, üstəgəl, müharibə veteranı olduğuma görə 80 manat da Prezident Təqaüdü alıram. Hayat yoldaşım da elə bunların cəmi qədər maaş alır. Min şükür, dolanırıq. Bax belə. Başqa nəyin aidiyyəti ola bilər, sizcə, bu “ÖYMƏ” məsələsinə? – … – Hə. Bənövşə xanım nə düşünürsünüz? – Məncə, bütün məsələnin kökü indi o sizin valideynlərin yaşadığı binanın zirzəmisindəki “Şır-şır”dadır. Ancaq biz bu məsələni belə bir-iki görüşdə həll edə bilməyəcəyik. Və onu da əlavə edim ki, sizin də yeni ödənişlər etməyinizi heç istəmirəm. Əksinə, bax sizin ödənişinizdən mənə çatan bu 75 manatı da sizə qaytarıram. Artıq heç bir söz və təklif qəbul etmək istəmirəm. Və bu da mənim ”whatsapp” nömrəm, – deyə əlindəki kağız parçasını mənə uzadaraq davam elədi, – hər gün 20:00-23:00 arası istədiyiniz vaxt görüntülü yığıb mənimlə söhbət edə, məsləhətləşə bilərsiniz. Əgər bunların heç birini etməsəniz də, nəticə barədə məni mütləq xəbərdar edərsiniz. Ancaq bir məsələni özüm üçün dəqiqləşdirmək istəyirəm. Siz heç olmasa bir dəfə o ofisə daxil olub, maraqlanmısınızmı görüm bunlar burada nə işlə məşğuldurlar? Nə edirlər? Bəlkə onların heç bu məsələyə aidiyyəti yoxdur? – Oldu! – Bənövşə xanımın bu səmimiyyəti və comərdliyi qarşısında əlavə heç nə deyə bilmədim. Pulu və kağızı alıb ürəyimin başına, – içəridən döş cibimə, – qoydum. Yalnız indi şamların artıq çoxdan söndüyünü fərq etdim. Çevrilib pəncərəyə baxdım. Hava qaralmaq üzrə idi… Bənövşə xanım da bunun fərqinə varmış olmalı ki, mizin üstündəki “basma qələm”lərdən birini götürüb düyməsini basan kimi divarlardakı lampalar yandı. Şamlar yanmasa da, otaqda olan ab-hava demək olar ki, dəyişməmişdi. Söhbətdə yaranmış bu qısa fasilədən sonra mən davam etməyə başladım: – Bilirsiniz, Bənövşə xanım, əlbəttə, mən orada olmuşam. Bir yox, bir neçə dəfə olmuşam. Onlar binanın altında yerləşən bütöv zirzəmini ortadan bölüblər. Orada özlərinə ofis və ambar yaradıblar. Ofis və ambar olan hissəni yaxşı təmir ediblər. İçəri girəndə zirzəminin əvvəlki halından xəbərsiz olan adamın heç ağlına da gəlməz ki, bu divarın arxasında necə çirkab su ola bilər. Ambarın çirkabla arakəsmə divarında çoxlu sayda su kranları var. Düşünə bilirsiniz? O kranlardan gələn su ilə üzərinə “Şır-şır, kəhriz suyu yazılmış 25 L” plastmas su qablarını doldurub, təmiz su adı ilə müxtəlif təşkilatlara, ofislərə, mənzillərə xidmət göstərirlər. Mən neçə dəfə ciddi maraqlanmışam. Deyirlər ki, bütün sənədlərimiz var, məhsulumuz laboratoriyalardan keçib, bu kranlar olan divarın arxasında xüsusi su təmizləyici, suyu insan orqanizmi üçün vacib mikroelementlərlə zənginləşdirən, ionlaşdıran, yodlaşdıran, nə bilim nə edən çoxfunksiyalı filtirlərimiz var. Hər axşam maşınlarla boş su qabları gəlir. 24 saat fasiləsiz içəridə qablar doldurulur. Gün ərzində də səhər saat 9:00-dan axşam saat 18:00-a kimi istirahət günü də daxil olmaqla, hər gün müştərilərə çatdırılır. İnternetdə, televizorda, hər yerdə də reklamları gedir. Yazıq camaat nə bilsin ki, bu kəhriz hansı binanın zirzəmisində qaynayır? İnanın, tam səmimi deyirəm, həyəti elə gözəl təmir ediblər. Ofisləri elə təmiz, elə səliqəlidir ki, məhləyə birinci dəfə gələn adama mənim indi sizə danışdıqlarımı heç cür inandırmaq olmaz. İlk əvvəl mən köçüb bu bəladan canımı qurtarmaq istədim. Fikirləşdim ki, görməsəm, yadıma düşməz, rahat olaram. Ancaq belə olmadı. Hər Xocavənd yadıma düşəndə, hər onların reklamını, ya maşınlarını şəhərdə görəndə özümü saxlaya bilmirəm. 85 kiloluq adam əriyib qalmışam 53 kilo. Tez-tez xəbərlərdə görürük ki, nəzarətçilər qanunsuz su xətlərinə qoşulmuş kafelərin, “moyka”ların su xətlərini kəsirlər, sahibkarları cərimələyirlər. Bina sakinləri neçə dəfə şikayət ediblər. Nəzarətçilər gəlib yoxlayıb gedirlər. Qeyri-qanuni qoşulma yoxdur deyirlər. Şirkətin də bütün sənədləri qaydasında. İşçilərin maaşını, dövlətin vergisin vaxtında verir. Hələ üstəlik, xeyriyyəçilklə də məşğuldur. Müharibə vaxtı cəbhəyə nə qədər təmənnasız yardım edib. Hərbi hissə komandirlərindən, hətta bu yaxınlarada şanlı Zəfərimizin ildönümü ilə əlaqədar şəxsən Müdafiə Nazirindən fəxri fərman alıb. Adamın üstündə Allah var, həyəti yaxşı abadlaşdırıblar. 30 ilə yaxın qurumayan zirzəmini çirkab sudan, zir-zibildən təmizləyib qurudublar. Ən azı 50-60 adama çörək veriblər. Xub. Çox sağ olsunlar. Ancaq bir bunlara deyən, onlardan soruşan yoxdur ki, a balam, bu boş su qabları hər gecə maşın-maşın gəlir bura, bütün gün boyu da dolu-dolu daşınır, bəs, bu kəhriz şəhərin mərkəzində hardan qaynayır? Bir sözlə, çox müşkül işə düşmüşük. Bilirsiniz, mənim bu məsələmdən xəbərdar olandan sonra nə şayiə buraxıblar? – Çox maraqlıdır. – Deyirlər ki, İlqar qarnıqurdludu, öymə ondandır. Hətta mənim qurddan təmizlənməm üçün müalicə xərclərini də öz üzərlərinə götürüblər… Bax, son vəziyyət belədir, Bənövşə xanım. Bizimki qalıb Allaha… O Böyük Allah özü bizə kömək oslun… Son. 29.11.2021. Bakı .
Zaur Ustacın “Çiçəklər, dağlar … və Xudayar dastanı” (şeirlər) kitabı artıq nəşrə hazırdır. Yaxın günlərdə kitab “Mustafa Müseyiboğlu – 70” yubiley tədbirləri çərçivəsində işıq üzü görəcək. Dəyərli ziyalımız Zaur müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.