Etiket arxivi: ZAUR USTAC

Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin xatirəsinə

DAĞLAR QOYNUNDA
(Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin xatirəsinə)
Əzəl beşiyim dağlar,
Evim, eşiyim dağlar,
Yuvalaşdıq, çuğlaşdıq
Çəkir keşiyim dağlar.
(oçerk)
     Dağların yaddaşı başqa olur. Dağ insanı sadəcə əhatə etmir, onu böyüdür, xarakterini formalaşdırır, baxışlarına dərinlik, ürəyinə dözüm verir. Dağlarda doğulan və böyüyən insan üçün torpaq da başqa cür müqəddəsdir. O, torpağı yalnız ayağının altında hiss etmir; onu uşaqlığının səsi, bulağının suyu, küləyinin nəfəsi, qayalarının sərtliyi, yollarının xatirəsi kimi yaşadır.
     Vüqar Ağayevin ömrü də belə bir coğrafiyada başlamışdı. Qubadlı rayonunun Xanlıq kəndində dünyaya göz açan bu Vətən oğlu sonralar ömrünün ən ağır sınaqlarını yenə dağlar arasında yaşayacaq, doğma yurdunun azadlığı uğrunda canından keçəcəkdi.
     1973-cü il martın 4-də Xanlıq kəndində doğulan Vüqar uşaqlığının ən gözəl çağlarını Qubadlının səfalı təbiəti qoynunda keçirmişdi. Atası Əhməd Ağayev hərbçi olduğundan ailənin yaşayış yeri müxtəlif vaxtlarda dəyişsə də, Vüqarın qəlbində Xanlığın və Qubadlının yeri heç vaxt dəyişmədi. Çünki insanın ilk gördüyü mənzərə, ilk addım atdığı torpaq, ilk dəfə adını çağırdığı doğma yurd onun taleyinin görünməz xəritəsini yaradır.
     Vüqarın xəritəsində Qubadlı vardı.
     Amma zaman onun qarşısına başqa bir xəritə çıxardı — müharibə xəritəsi.
ÖMRÜN İLK DAĞI — MÜHARİBƏ
     Vüqar Ağayevin gəncliyi Azərbaycanın tarixinin ən ağır səhifələrindən birinin yazıldığı illərə təsadüf etdi. Qarabağ müharibəsi başlananda o, müddətli həqiqi hərbi xidmətdə idi. Ölkədə daxili çəkişmələr, xaos və böhran hökm sürür, vahid komandanlığın olmaması ordunun imkanlarını məhdudlaşdırırdı. Düşmən isə bu vəziyyətdən istifadə edərək torpaqlarımızı işğal edir, şəhər və kəndlərimizi ələ keçirir, dinc əhalini ata-baba yurdlarından didərgin salırdı.
    Gənc əsgər Vüqar Ağayev həmin ağır günlərdə Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin komandiri olduğu taborda döyüşürdü. O illərin acısı onun yaddaşında silinməz iz buraxdı. Döyüşlərin məğlubiyyətlə nəticələnməsi onun Vətən sevgisini azaltmadı, əksinə, daha da möhkəmləndirdi. Vüqar başa düşdü ki, torpağı qorumaq üçün yalnız ürəkdə Vətən sevgisinin olması kifayət deyil. Bunun üçün güclü ordu, peşəkar zabit, yüksək hazırlıq və dəmir intizam lazımdır.
      Bəlkə də onun ömür yolunun zabitlik mərhələsi məhz həmin günlərdə başladı.
      1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil oldu. Döyüşən ordunun Topçu bölməsindən gəldiyinə görə onu məktəbin Tank Artilleriya Fakültəsinə qəbul etmişdilər.  Vüqarı  bu məqsədlə oxumağa göndərmişdilər ki, artilleriyanın sirlərini öyrənib, öz döyüş yoldaşlarının yanına topçu komandir kimi  qayıtsın… Ancaq, deyir, “sən saydığını say, gör fələk nə sayır”… Qısa müddət ərzində torpaqlarımızın  işğal altına düşməsi, məktəbdə təhsilin rus dilində olması Vüqarı çox narahat edirdi. Bir yerdə qərar tuta bilmir, elə hey düşünür, vəziyyətdən çıxış yolu axtarırdı…
     Bütün Azərbaycan gənc Respublika olaraq  çox ağır dönəmdən keçirdi. Belə çətin günlərdə Vüqar artıq ikinci kursda oxuyarkən məktəbdə könüllü şəkildə təhsil proqramı sürətləndirilmiş kurslarda zabit rütbəsi alıb hərbi hissələrə komandir kimi yollanmaq imkanı yarandı. Səbri tamam tükənmiş Vüqar da cidd-cəhdlə hazırlaşaraq ard-arda bir neçə imtahan verib, bu kurslara qoşuldu. 1995-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vuraraq kiçik leytenant hərbi rütbəsi alıb, gözü Qubadlı dağlarında Naxçıvana yollandı.
     Beləcə, Qubadlıdan Naxçıvana uzanan uzun hərbi yol başladı.
     Bu yolun da öz dağları vardı.
NAXÇIVAN DAĞLARINDA
     Naxçıvan onun həyatında ayrıca bir səhifədir. Qubadlı ilə başlayan dağlıq coğrafiya Naxçıvanda davam edirdi. Vüqar burada həm hərbçi kimi yetişdi, həm ailə qurdu, həm də ömrünün mühüm illərini yaşadı. Qubadlı dağlarına uzun illər Soyuqdan boylandı. Saatlarla Kotamda kilidlənmiş yollara baxdı…
    Azərbaycan ordusunda 1995-ci ildən zabit kimi xidmət edən Vüqar Ağayev iyirmi ildən artıq müddət ərzində qüsursuz hərbi xidmət keçərək  kiçik leytenant rütbəsində tağım komandiri vəzifəsilə çıxdığı yolda polkovnik-leytenant rütbəsinədə briqada komandiri vəzifəsinə qədər yüksəldi…
     Xidmət illərində müxtəlif təltiflərə layiq görüldü. “Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 və 100 illiyi” yubiley medalları, “Qüsursuz xidmətə görə” I, II və III dərəcəli medallar, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal və “Hərbi xidmətlərə görə” medalı onun uzun və səmərəli xidmət yolunun göstəriciləricisidir.
      O, gənc zabitlərin yetişməsinə, əsgərlərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verirdi. Hərbi peşəni sadəcə bir iş kimi deyil, Vətən qarşısında borc kimi qəbul edirdi. Onun üçün çiyindəki paqon rütbə nişanı olmaqdan daha böyük məna daşıyırdı: o, Vətən etimadının məsuliyyətini ifadə edirdi.
        2016-cı ildə hərbi xidmətdən təqaüdə çıxanda qarşısında sakit həyat mərhələsi açılmışdı. Fəqət, Vüqar öz-özlüyündə bu həyatla barışa bilmirdi. Gənclik illərindən başladığı, bütün həyatını, ömrünün ən gözəl çağlarını həsr etdiyi işini sanki yarımçıq, özü də dərənin dibinədə – enişdə qoyub getməyi heç cürə həzm edə bilmirdi… Ömrü dağlarda keçmiş dağlar oğlu dağ yollarının enişli-yoxuşlu olduğunu yaxşı bilirdi. Üzü yoxuşa getməyə adət etmiş Vüqar təqaüdə çıxsa da gözü daim dağlarda – zirvələrdə idi. Bir gün yenə o zirvələri fəth edəcəyini yaxşı bilirdi. Həmin günü gözləyirdi.

HƏSRƏT DAĞI
     Qubadlı işğal olunandan sonra Vüqarın həyatında görünməz bir dağ yaranmışdı.
     Bu, həsrət dağı idi.
     O dağ nə qədər uzaqda olsa da, hər gün onunla idi. Naxçıvanda xidmət etdiyi bütün dövrlərdə də qəlbinin bir tərəfi Xanlıqda qalmışdı. Xidmət zamanı uzaqdan görünən öz dağlarına yaxından baxma bilmək üçün Soyuğa qalxmağı həmişə könüllü seçirdi. Uşaqlığının keçdiyi küçələr, ata ocağı, doğma kəndin torpağı yaddaşında yaşayırdı.
     Otuz ilə yaxın müddətdə Qubadlı həsrətilə yaşadı…
     Bəzən insanın qarşısındakı ən böyük məsafə kilometrlərlə ölçülmür.
     Həsrətlə ölçülür.
     Vüqar üçün Qubadlıya gedən yol da belə idi. Bu yol xəritədə qısa görünə bilərdi, amma onun ürəyində otuz illik bir məsafə vardı.
      Və sonra tarix dəyişdi.
      2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladı.
      Bu müharibə Azərbaycan xalqının yaddaşında yalnız hərbi əməliyyatlar silsiləsi kimi deyil, illərlə gözlənilən qayıdışın başlanğıcı kimi qaldı.
Vüqar üçün isə bu, daha böyük məna daşıyırdı.
      Çünki onun gözlədiyi gün gəlmişdi.
“QUBADLINI OVCUMUN İÇİ KİMİ BİLİRƏM…”
      Vüqar Ağayev Azərbaycan ordusunun gücünü və inkişafını yaxşı bilirdi. İllərlə xidmət etdiyi ordunun necə dəyişdiyinin canlı şahidi olmuşdu. 1990-cı illərin ordusu ilə 2020-ci ilin ordusu arasında böyük fərq vardı. O, artıq qarşıda dayanan mübarizənin qalibiyyətlə nəticələnəcəyinə inanırdı.
      Lakin inanmaq başqa, döyüşə getmək başqa idi.
      “Qubadlını ovcumun içi kimi bilirəm, mən orada olmalıyam”, — deyən Vüqar Ağayev anası və övladları ilə sağollaşaraq yola düşdü. 2020-ci ilin oktyabrında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etdi və Vətən müharibəsinə qatıldı.
      Bu, adi bir könüllülük deyildi.
      Bu, otuz illik həsrətin döyüşə çevrilməsi idi. Bu enişdə – dərədə qalmış yolu – səfəri  dağda – zirvədə tamamlamaq istəyi idi….
QUBADLIYA QAYIDIŞ
     Qubadlı uğrunda döyüşlər ağır gedirdi. Düşmən yüksəkliklərdə möhkəmlənmiş, Xanlıq qəsəbəsində güclü istehkamlar yaratmışdı. Şəhəri azad etmək üçün əvvəlcə yüksəkliklərə nəzarəti ələ keçirmək lazım idi.
Yenə dağlar…
Yenə yüksəkliklər…
Yenə ağır yollar…
      Amma bu dəfə həmin dağların o tayında Vüqarın doğma yurdu vardı. Uzun illər Soyuqdan, Qapıcıqdan,  Ərəfsədən,  Camışöləndən, Üçqardaşdan, Salvartıdan, Dağdağandan, Əyriqardan, Sisqatardan həsrətlə boylandığı dağlar, yurd yerləri indi onu gözləyirdi…
      Azərbaycan əsgəri və zabitləri yüksəklikləri bir-birinin ardınca nəzarətə götürdülər. Ətraf kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq və Mahmudlu azad edildi.
Xanlıq azad edildi.
Vüqarın doğulduğu kənd…
Uşaqlığının keçdiyi kənd…
Ata-baba ocağının olduğu kənd…
    SONUNCU DAĞ
       1 noyabr 2020-ci il.
       Qubadlı rayonunun Çardaqlı kəndində gedən döyüşlər…
       Vüqar Ağayev həmin döyüşlərdə şəhadətə qovuşdu.
       Onun ömrünün son dağı da bu oldu.
       Amma bu dağın zirvəsində ölüm yox, Vətən vardı.
       Vüqar Birinci Qarabağ müharibəsində əsgər kimi başladığı mübarizəni İkinci Qarabağ müharibəsində zabit kimi başa çatdırdı. Birinci müharibənin yarımçıq qalmış ağrısı onun ömrü boyu içində yaşadı. İkinci müharibədə isə doğma Qubadlının azadlığı uğrunda döyüşərək həmin ağrını Zəfər tarixinin bir hissəsinə çevirdi.

      O, II Fəxri xiyabanda dəfn edildi. Şəhid polkovnik-leytenant Vüqar Ağayev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. O,  “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi.
          DAĞLAR YADDA SAXLAYIR
       Bu gün Qubadlı azaddır. Bu azadlığın hər qarışında şəhidlərin qanı, əsgərlərin izi, anaların duası və illərlə çəkilən həsrətin ağrısı var. Vüqar Ağayev də həmin böyük Zəfərin qəhrəmanlarından biridir.
       2021-ci ildə Qubadlı rayonunun Xanlıq kənd ümumi orta məktəbinə onun adı verildi. Bakı şəhərində müvəqqəti fəaliyyət göstərən məktəbin onun adını daşıması Vüqarın adının yeni nəslə ötürülməsinin ən mənalı yollarından biridir.
Bir vaxtlar Xanlıqda məktəbə gedən uşaq Vüqarın adı indi həmin məktəbin divarlarında yaşayır.
Bu, həyatın davam etməsidir.
Bu, qəhrəmanlığın davamıdır.
Bu, Vətənin yaddaşıdır.
Və yaddaş olan yerdə ölüm son deyil.
Vüqar Ağayev dağlar qoynunda doğuldu.
Dağlar qədər ağır sınaqlardan keçdi.
Dağlar qədər uca bir məhəbbətlə Vətənini sevdi.
Dağlar qədər möhkəm dayandı.
Dağlar qədər vüqarlı yaşadı…
Əzizim dağlar ağlar,
Daş ağlar, dağlar ağlar,
Bircə anamın səsi
Sinəmi dağlar, ağlar…
      Və nəhayət, Vətən – Şəhidlik zirvəsində əbədiyyət. Vüqar öz missiyasını böyük və şanlı Zəfərlə zirvədə başa vurmağı bacardı.  Bu gün o özü əlçatmaz bir zirvədir!

06.09.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“AZƏRBAYCAN AŞIQLARI VƏ EL ŞAİRLƏRİ” NAZİR ƏHMƏDLİNİN TƏQDİMATINDA

“AZƏRBAYCAN AŞIQLARI VƏ EL ŞAİRLƏRİ” NAZİR ƏHMƏDLİNİN TƏQDİMATINDA

Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin kitabxanası daha bir dəyərli araşdırma kitabı ilə zənginləşmişdir. Kitabın müəllifi tanınmış tədqiqatçı-alim Nazir Əhmədlidir. Qeyd edək ki, yaxın günlərdə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş 480 səhifəlik Azərbaycan aşıqları və el şairləri” kitabı AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilmişdir. Kitab müəllifin 2019-cu ildə hazırlayıb çap etdirdiyi eyniadlı tədqiqat əsərinin təkmilləşdirilmiş yeni nəşridir. Əsərin elmi əhəmiyyətinin əsasını bu vaxtadək çap olunmuş nəşrlərdə ortaya atılmış “faktlar”ı tamamilə kölgədə qoyan daha səhih məlumatlar təşkil edir. Belə ki, müəllifin də yazdığı kimi, ilk nəşrin işıq üzü görməsindən ötən yeddi il müddətində tədqiqatçı-alimin apardığı gərgin axtarışların məntiqi nəticəsi bir çox yeni faktların ortaya çıxmasında özünü göstərir. Azərbaycan, Gürcüstan və Ermənistan arxivlərində saxlanan sənədlər əsasında müəllif, bugünəcən folklorşünaslıq və ümumilikdə ədəbiyyatşünaslıq sahələri üçün qaranlıq qalan sahələrin üzərinə işıq salınmasına nail olub. Kitab, barəsində müfəssəl məlumat və bilgilər verilmiş Azərbaycan aşıqları və el şairlərinin yaşayıb-yaratdıqları xeyli geniş ərazini əhatə edir ki, bu coğrafiyaya Axısqa, Borçalı, Qərbi Azərbaycanın Göyçə, Dərələyəz, Şimali Azərbaycanın Şəki, Şirvan, Qarabağ, Şəmşəddil, Gəncəbasar bölgələri, belə demək mümkünsə, bütövlükdə Cənubi Qafqaz regionu daxildir.
Kitabın annotasiyasında da qeyd olunduğu kimi, XVIII əsrin ortaları-XX əsrin birinci yarısında yaşamış Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndələri Qul Qarani. Aşıq Valeh, Xaltanlı Tağı, Axısqalı Xəstə Hasan, Ağ Aşıq(Allahverdi), Şair Məmmədhüseyn, Aşıq Söyün Şəmkirli, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma, Dərələyəzli Aşıq Cəlil, Daşkəndli Aşıq Nəcəf, Aşıq Hüseyn Bozalqanlı – ümumilikdə götürdükdə, on doqquz tanınmış aşıq və el şairinin ömür yolu arxiv sənədləri əsasında yenidən araşdırılmış, indiyə qədər yol verilmiş təhriflər aradan qaldırılmış, elmi ictimaiyyətə məlum olmayan Aşıq Məhərrəm, Aşıq Qara, Aşıq Rüstəm, Şair Mustafa kimi yeni adlar üzə çıxarılaraq, barələrində məlumat verilmişdir.
Müəllif bu günə kimi bir çox elmi mənbələrdə yol verilmiş yanlışlıqlara aydınlıq gətirmiş, heç bir elmi əsası olmayan məlumatları tutarlı faktlarla təkzib etmişdir. Belə ki, məşhur aşıqların, el sənətkarlarının yaşadıqları dövrlərdə o dövrün hökumət dairələrinin qərarı ilə keçirilən siyahıyaalmaların ortaya qoyduğu faktların daha tutarlı olduğunu nəzərə alaraq, Aşıq Valeh, Ağ Aşıq, Xəstə Hasan, Şair Məmmədhüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma və bir çox başqa sənətkarlara saxtalaşdırılmış doğum və ölüm tarixi düzüb-qoşanların elmi ictimaiyyətə təqdim etdikləri məlumatların kökündən yanlış olduğunu tutarlı faktlarla sübut etmişdir. Kitabın sonunda təqdim edilən siyahıdan da bir daha aydın olur ki, məs: Ağ Aşığın doğum tarixi başqa mənbələrdə göstərildiyi kimi heç də 1754-cü il deyil, 1791-ci ildir. Xəstə Hasan 1766-cı il deyil, 1799-cu il doğumludur. Aşıq Alı əvvəlki tədqiqatçıların kitablarında yazıldığı kimi, 1801-ci ildə deyil, 1835-ci ildə dünyaya göz açıb. Aşıq Ələsgər də eləcə… 1821-ci ildə yox, 1852-ci ildə doğulub. Və sair, və i…
Təbii ki, Nazir Əhmədli halal və fədakar tədqiqatçı olaraq, yalnız həqiqəti gün işığına çıxarmağı qarşısına məqsəd qoyub və buğunun özündə də onun keçmişdə araşdırmaçıların yol verdikləri yanlışlıqları təkzib edən faktları ortaya qoyduğuna görə daim haqsız hücumlara məruz qaldığının şahidi oluruq. Lakin inanırıq ki, kitabın elmi redaktoru, ustadımız Əli Şamilin də dediyi kimi, gün gələcək: “Müəllifin böyük zəhmət bahasına hazırladığı kitab 19-cu yüzildə yaşamış aşıqlarımızın ömür yolunu dəqiqləşdirdiyinə görə, ensiklopediyalar üçün məqalələr hazırlayanlar, dərslik yazanlar, almanax tərtib edənlər həmin faktlardan istifadə etməli olacaqlar. Heç də sanmayaq ki, bu iş asanlıqla baş verəcək. Köhnə kitablarda, ensiklopediyalarda yazılmış rəqəmlər bir müddət hələ də təkrarlanacaq, yalnız sonradan yavaş-yavaş yanlışlıqlar aradan qalxacaqdır”. Və əminik ki, bu, həqiqətən baş verəcək!
“Azərbaycan aşıqları və el şairləri” kitabının elmi redaktoru Əli Şamil, elmi məsləhətçiləri Məhərrəm Qasımlı və Əziz Ələkbərli, rəyçiləri isə Qiymət Məhərrəmli və Avtandil Ağbabadır.

Kitabdar.Az

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Gecikən etirafın ağrısı, vaxtında göstərilən yaxşılığın möcüzəsi – ikinci yazı

SƏDULLA ŞİRİNOVUN “GECİKMİŞ ETİRAF” ROMANI – İNSANLIĞA, SEVGİYƏ VƏ VİCDANA ÇAĞIRIŞ
(Gecikən etirafın ağrısı, vaxtında göstərilən yaxşılığın möcüzəsi – ikinci yazı)
     Salam olsun, dəyərli oxucum! Ədəbiyyatın ən mühüm missiyalarından biri insanı öz daxilinə qaytarmaq, onu özü ilə üz-üzə qoymaqdır. Bəzən bir əsər oxucuya həyat haqqında yeni bir fikir vermir, əksinə, onun çoxdan bildiyi həqiqətləri yenidən xatırladır. Sədulla Şirinovun “Gecikmiş etiraf” romanı məhz belə əsərlərdəndir. 2024-cü ildə Bakıda “Füyuzat” nəşriyyatında çap olunmuş, 240 səhifədən ibarət romanın redaktoru və ön sözünün müəllifi Vaqif Osmanlıdır. Kitabın təqdimatında da vurğulandığı kimi, müəllif üçün xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlər, xüsusilə ailə münasibətləri mühüm mövzudur.
      “Gecikmiş etiraf” ilk baxışdan qaynana-gəlin münasibətlərindən bəhs edən ailə romanı təsiri bağışlasa da, əsərin məzmun dairəsi bundan qat-qat genişdir. Burada söhbət yalnız bir ailənin taleyindən getmir. Yazıçı ailəni cəmiyyətin kiçik modeli kimi təqdim edir və ailə daxilindəki münasibətlər vasitəsilə insanlıq, mərhəmət, vicdan, səbir, sevgi, bağışlama, əxlaq, tərbiyə, ata-baba mirası və mənəvi məsuliyyət kimi anlayışları müzakirəyə çıxarır.
     Romanın əsas fəlsəfi suallarından biri insanın öz həyatına verdiyi hesabatdır. Vaqif Osmanlının ön sözdə səsləndirdiyi “Mən nə üçün yaşayıram?” sualı əslində bütün əsərin mənəvi açarıdır. Ön sözdə insan ömrünün yalnız illərlə deyil, başqalarına göstərilən xeyirxahlıq, mərhəmət, səmimi münasibət, ehtiram və qayğı ilə ölçüldüyü fikri irəli sürülür.
     Bu baxımdan “Gecikmiş etiraf”ı yalnız roman deyil, həm də insanın mənəvi özünüdərki haqqında bədii düşüncə kimi qiymətləndirmək mümkündür.
      Əsərin ən diqqətçəkən obrazlarından biri Sənəmdir. Yazıçı onu mənfi xarakterin tipik nümunəsi kimi təqdim edir. Sənəm aqressiv, hökmran, güzəştsiz, öz fikrini hər kəsə qəbul etdirməyə çalışan bir qadındır. Onun davranışlarında ailə daxilində mənəvi zorakılığın, dözümsüzlüyün və eqoizmin müxtəlif təzahürlərini görmək mümkündür.
     Lakin Sədulla Şirinov Sənəmi yalnız “pis insan” kimi təqdim etməklə kifayətlənmir. Əsərin gücü də elə bundadır. Müəllif onun daxilindəki yatmış vicdanın gec də olsa oyanmasını göstərir. Sənəm ömrünün sonuna yaxın öz keçmişi ilə üzləşir. Vaxtilə incitdiyi, təzyiq göstərdiyi insanlardan bağışlanma istəyir.
      Beləliklə, romanın adı da öz həqiqi mənasını qazanır: etiraf gəlir, amma gec gəlir.
Vaqif Osmanlı ön sözdə çox doğru sual qoyur: Sənəm pisliyindən əl çəkir, amma bunu nə vaxt edir? Son nəfəsində, xəstəlik və peşmançılıq içində. Ardınca isə əsərin əsas ideyasını ifadə edən sual səslənir: “Sonrakı peşmançılıq, gecikmiş etiraf kimə lazımdır?”
     Bu sual təkcə Sənəmə ünvanlanmır. Əslində hər bir oxucuya ünvanlanır.
     Çünki insanın həyatda ən böyük səhvlərindən biri yaxşılığı sabaha saxlamaqdır. Üzr istəməyi, sevməyi, bağışlamağı, təşəkkür etməyi, ata-ananın, həyat yoldaşının, övladın, qardaş-bacının qədrini bilməyi təxirə salmaq bəzən düzəldilməsi mümkün olmayan nəticələr doğurur.
      Romanın mənəvi mərkəzində isə Sünbül obrazı dayanır. Sünbül Sənəmin əksidir. O, səbirli, mərhəmətli, təmkinli və mənəvi baxımdan zəngin bir qadındır.
      Gəlin gəldiyi ilk gündən qaynanasının təzyiqlərinə məruz qalan Sünbül buna pisliklə cavab vermir. Onun davranışının əsasını nənəsindən aldığı mənəvi tərbiyə təşkil edir. Sünbülün yaddaşında yaşayan həmin nəsihət romanın ən mühüm ideya xəttinə çevrilir:
“Pislik edənə pisliklə cavab versəniz, daha betərini qəbul etməyə hazır olmalısınız. Pisliyə yaxşılıqla cavab verin!”
     Bu, sadəcə bir nənə nəsihəti deyil. Bu, romanda nəsildən-nəslə ötürülən mənəvi mirasın düsturu kimi çıxış edir.
      Sünbül bu öyüdü öz həyatında sınaqdan keçirir. Qaynanası ona illərlə əziyyət versə də, Sünbül xəstə və köməksiz vəziyyətə düşmüş Sənəmin qayğısına qalır. Keçmişi unutmasa da, insanlıq borcunu unutmur.
      Burada müəllif çox mühüm bir fərq yaradır: unutmaq başqa, bağışlamaq başqadır.
      Sünbül baş verənləri yaddaşından silə bilmir, lakin keçmişin kinini bu günün üzərinə daşımır. Məhz bu davranış Sənəmin vicdanını oyadır.
      Sənəm öz dəyişimini etiraf edərkən deyir:
“Mən də hamınızdan çox o Sənəmə nifrət edirəm.”
Bu cümlə obrazın daxili dönüşünün ən təsirli ifadələrindən biridir. İnsan burada başqasına deyil, öz keçmişdəki məninə hökm verir.
    Romanın yadda qalan fikirlərindən biri də budur:
“Vicdansız adamlar olmur, vicdanı yatmış adamlar olur.”
Bu fikir əsərin ideya-estetik sistemində xüsusi yer tutur.
      Sədulla Şirinov insanı birdəfəlik “yaxşı” və “pis” kateqoriyalarına ayırmır. Yazıçı göstərir ki, insanın daxilində dəyişmək, səhvini anlamaq, peşman olmaq və mənəvi cəhətdən yenidən doğulmaq imkanları mövcuddur. Lakin bu dəyişimin qiyməti zamanla artır.
     Sənəmin faciəsi də bundadır: vicdanı oyanır, amma çox gec.
Buna görə roman oxucunu yalnız peşmançılığa deyil, vaxtında düşünməyə çağırır.
     “Gecikmiş etiraf”ın ən uğurlu cəhətlərindən biri odur ki, müəllif qaynana-gəlin münasibətlərini sadəcə məişət münaqişəsi səviyyəsində saxlamır.
Sünbül və Sənəm münasibətində əslində iki müxtəlif həyat fəlsəfəsi qarşılaşdırılır.
Bir tərəfdə hökmranlıq, qəzəb, dedi-qodu, özündənrazılıq və “mən” dayanır.
Digər tərəfdə isə səbir, hörmət, ailə məsuliyyəti, mərhəmət və “biz” anlayışı var.
     Beləliklə, müəllif oxucuya düşündürür: ailəni yaşadan nədir? Maddi imkan? Hakimiyyət? Tərəflərdən birinin üstünlüyü? Yoxsa qarşılıqlı hörmət və mənəvi uyğunluq?
Romanda bunun cavabı açıq şəkildə verilir.
Əsərdəki “qayıq iki avarın eyni anda hərəkət etməsi ilə üzür… Evlilik də qayıq kimidir” fikri ailə münasibətlərinin fəlsəfi simvoluna çevrilir.
    Romanın digər mühüm xətti Ömər və Sünbülün münasibətləridir. Onların sevgisi əsərin romantik qatını formalaşdırsa da, müəllif sevgini yalnız hiss kimi təqdim etmir. Sevgi burada məsuliyyət, sədaqət, ailəyə bağlılıq və qarşılıqlı hörmət anlayışları ilə tamamlanır.
    Ömərin Sünbülə münasibəti də məhz bu baxımdan diqqətəlayiqdir. O, həyat yoldaşının çəkdiyi əziyyətləri görür və ona səbirli olmağı tövsiyə edir. Hətta illər sonra anasının dəyişəcəyinə ümid edir. Bu ümid gec də olsa doğrulur. Ömərin “Vaxt gələcək, o səni bağrına basıb, alnından öpəcək” sözləri nəhayət gerçəkləşir, lakin müəllif dərhal acı bir əlavə edir: “Doğrudan da o vaxt yetişdi, təəssüf ki, çox gecikdi.”
Bu “gecikmə” romanın bütün fəlsəfəsini özündə cəmləşdirir.
      Əsərdə ailə anlayışı yalnız bir evin daxilində qalmır. Ata yurdu, nəsil, baba-nənə xatirələri də mühüm yer tutur.
      Ömərin ata yurduna gələn mamalarını qarşılayarkən söylədiyi sözlər bu baxımdan diqqət çəkir:
“Siz indi ata yurdasınız. Bu yurd sizin qibləgahınızdır.”
Bu ifadə romanın milli-mənəvi qatını gücləndirir.
      Ata yurdu burada sadəcə daş-divar deyil. O, uşaqlığın, ata-anaların, baba-nənələrin, xatirələrin və nəslin mənəvi yaddaşının məkanıdır.
      Zöhrənin uzun ayrılıqdan sonra ata evinə qonaq kimi gəlməsi də bu baxımdan kövrək və düşündürücü səhnələr yaradır. İnsan doğulduğu evdən ayrıla bilər, amma o evin yaddaşından ayrıla bilmir.
      Romanın ideya dairəsi yalnız Sənəm-Sünbül münasibətləri ilə məhdudlaşmır. Namiq obrazı vasitəsilə müəllif gəncliyin mənəvi seçimlərini də ön plana çəkir.
     Namiq başqasının sərvətinə tamah salmayan, öz əqidəsini qoruyan gəncdir. Onun fikirləri müasir cəmiyyət üçün xüsusilə düşündürücüdür:
“Hazıra nazir, havayıya tamah salacaq qədər mənəviyyatsızmı sayırsınız məni?”
Ardınca onun həyat fəlsəfəsini ifadə edən başqa bir cümlə gəlir:
“Gerçək həyat kino, teatr tamaşası deyil ki, obraza girəsən.”
Bu cümlə Namiq obrazının xarakterini tam açır.
     Namiq üçün insanın əsas sərvəti pul deyil, əqidədir. Onun dostlarının düşüncəsi isə başqa istiqamətdədir. Onlar Namiqin belə fürsətlərdən imtina etməsini “dünyanın adamı olmamaq” kimi qiymətləndirirlər. Bununla müəllif müasir cəmiyyətin ağrılı problemlərindən birinə toxunur: maddi qazancın mənəvi dəyərləri üstələməsi.
     Ailə xoşbəxtliyinin açarı haradadır?
     Romanın diqqətçəkən ideyalarından biri də ailə qurarkən maddi imkanlardan daha çox xarakter və mənəvi uyğunluğun əsas götürülməsidir.
Əsərdə açıq şəkildə vurğulanır ki, insanlar övladlarını evləndirərkən bəzən maddi vəziyyəti ön plana çəkirlər. Halbuki xoşbəxt ailənin təməli var-dövlət deyil, xasiyyət uyğunluğu, anlayış və şirin dildir.
     İsgəndərin bu barədə fikirləri xüsusilə əhəmiyyətlidir. O, ailə seçiminin yalnız sərvətə görə edilməsinin təhlükəli olduğunu bildirir və “halal südəmmiş” anlayışının əslində ailədə hökm sürən mənəvi mühitlə bağlı olduğunu izah edir.
Bu düşüncə romanın müasirliyini artırır. Çünki ailə məsələsi zaman dəyişsə də öz əhəmiyyətini itirmir.
    Romanda sevgi yalnız iki insanın məsələsi deyil.
Sədulla Şirinovun romanında sevgi çoxşaxəlidir.
Burada ər-arvad sevgisi var.
Ana-övlad sevgisi var.
Bacı-qardaş sevgisi var.
Ata yurduna sevgi var.
Baba-nənə və nəvə sevgisi var.
İnsana, insanlığa sevgi var.
    Bütün bu sevgilər bir-birinə bağlanaraq əsərin mənəvi xəritəsini yaradır.
    Müəllifin yanaşmasına görə insanın mənəvi zənginliyi onun başqalarına münasibətində üzə çıxır. Bu baxımdan Vaqif Osmanlının ön sözdəki fikri romanın mahiyyətini çox dəqiq ifadə edir: “İnsanlıq – sevgi və mərhəmət deməkdir…”
     Romanın kompozisiyası da əsərin ideya inkişafına uyğun qurulub. Əsər proloq və epiloqla çərçivələnir, əsas mətn isə on bir bölmədən ibarətdir:
“Son peşmançılıq”, “Gerçək dastana çevriləcək ilk eşqin mənbəyi”, “Qarşılıqsız sevgi nəticə vermir”, “Qarşılıqlı sevgi”, “Xoşbəxtliyin açarı”, “Hər kəsin öz tayi var…”, “Hər kəsin öz qisməti var…”, “Kimdir müqəssir?”, “Toy murazdır”, “Sənəm qızışdı”, “Vida anı”.
     Bu başlıqların özləri belə romanın ideya xəttini göstərir.
     Əvvəldə peşmançılıq, sonra sevgi, ardınca ailə, tay, qismət, məsuliyyət, müqəssirlik, toy və nəhayət vida gəlir.
     Beləliklə, müəllif bir ailənin həyatını təsvir etməklə əslində insan ömrünün müxtəlif mərhələlərini də simvolik şəkildə təqdim edir.
     Əsərin son bölümü “Vida anı” adlanır. Burada insan həyatının ən böyük həqiqəti – ölüm qarşısında hər kəsin bərabərliyi yada salınır.
İnsan dünyaya gəldiyi günü özü seçmir, dünyadan gedəcəyi günü də bilmir.
     Ona görə romanın sonunda əsas fikir sadələşir: insan yaşadığı müddətdə insan olmalıdır.
     Bu məqamda əsərin əvvəlində qoyulan “Mən nə üçün yaşayıram?” sualı ilə sonundakı həyat fəlsəfəsi bir-birinə qovuşur.
    Sədulla Şirinovun nəsrində həyatın özü danışır.
    “Gecikmiş etiraf”ın bir başqa üstün cəhəti müəllifin hadisələri həyatın içindən götürməsidir. Əsərdə kənd həyatı, ailə məişəti, qohumluq münasibətləri, toy, elçilik, ata yurdu, qonşuluq, gündəlik söhbətlər və insan xarakterləri bir-birinə bağlanır.
     Müəllif obrazları yalnız hadisənin iştirakçısı kimi deyil, müəyyən bir mənəvi mövqenin daşıyıcısı kimi təqdim edir.
Sənəm – gecikmiş vicdanın;
Sünbül – mərhəmətin və səbrin;
Ömər – ailə məsuliyyətinin;
Namiq – əqidənin və dürüstlüyün;
İsgəndər – ailə və həyat təcrübəsinin;
Xumar isə dəyişmək ehtimalının, insan xarakterinin mürəkkəbliyinin ifadəsinə çevrilir.
     Vaqif Osmanlının ön sözdə qeyd etdiyi kimi, romanın obrazlarının əksəriyyəti müsbət xarakterlidir, lakin müəllif insanı ideallaşdırmır; müsbət və mənfi xüsusiyyətləri həyat hadisələri içində qarşılaşdırır.
    Əsərin əsas mesajı: yaxşılığı sabaha saxlamaq olmaz!
    “Gecikmiş etiraf”ın ən böyük publisistik və tərbiyəvi gücü də məhz bundadır.
Roman oxucuya demir ki, heç vaxt səhv etmə.
Çünki səhv insana xasdır.
Roman daha vacib bir həqiqəti deyir: səhv etdinsə, vaxtında etiraf et.
Kimisə incitmisənsə, üzr istə.
Kimisə sevirsənsə, sevgini göstər.
Valideyninin qədrini bil.
Həyat yoldaşına hörmət et.
Övladına mənəvi miras ötür.
Qohumluq münasibətlərini kin və qürura qurban vermə.
Çünki vaxt keçdikcə insanın dəyişmək imkanları azalır, amma xatirələr qalır.
Sənəmin sözləri bu həqiqətin ən ağrılı ifadəsidir:
“Siz unutduq deyirsiniz, mən isə unuda bilmirəm.”
İnsan başqasını bağışlaya bilər, amma öz keçmişi ilə üzləşməkdən həmişə qaça bilmir.
    Sədulla Şirinovun “Gecikmiş etiraf” romanı ailə münasibətlərindən başlayaraq insanın mənəvi dünyasına doğru genişlənən bir əsərdir.
Romanın əsas qəhrəmanı yalnız Sünbül və ya Sənəm deyil. Əsl qəhrəman insan vicdanıdır.
Əsərin əsas qarşıdurması da yaxşı ilə pis arasında olduğu qədər, oyaq vicdanla yatmış vicdan arasında gedir.
     Sünbülün yaxşılığı Sənəmin vicdanını oyadır. Sənəmin etirafı isə oxucunu düşündürür: görəsən biz öz həyatımızda hansı etirafları gecikdiririk?
Bu sual romanın ən böyük mənəvi qazancıdır.
Sədulla Şirinov oxucuya bir ailənin hekayəsini danışır, amma əslində hər birimizin ailəsinə, münasibətlərinə, davranışlarına, keçmişinə və gələcəyinə güzgü tutur.
Və həmin güzgüdə hər kəs özünü görür.
     Romanın ön sözündəki çağırış – “İnsanlıq – sevgi və mərhəmət deməkdir…” – əsərin bütün məzmununu bir cümlədə ümumiləşdirir.
Çünki insanın dünyada qoyduğu ən böyük iz onun topladığı sərvət, qazandığı şöhrət və tutduğu mövqe deyil. İnsan özündən sonra kimlərin onu yaxşılıqla xatırlayacağını müəyyənləşdirir.
     Sədulla Şirinovun “Gecikmiş etiraf” romanı da məhz bu həqiqəti xatırladır:  Etirafı gecikdirmə. Sevgini gecikdirmə. Bağışlamağı gecikdirmə. Yaxşılığı gecikdirmə. Ən əsası, insan olmağı  heç vaxt gecikdirmə!
    Çünki son peşmançılığın fayda vermədiyi kimi, gecikmiş yaxşılığın da bəzən geri qaytarmağa gücü çatmır. Odur ki,  gecikmiş etirafdan əvvəl vaxtında insan olmaq lazımdır!
    Bəlkə də romanın oxucuya ən böyük mesajı elə budur: insan dünyada bir dəfə yaşayır və ona verilən ömür başqalarının həyatına vurduğu izlə mənalanır. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

07.09.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

İki əsrin tək nasiri

Sədulla Şirinoun yazıları

SƏDULLA ŞİRİNOVUN KİTABLARI

Sədulla Şirinovun yaradıcılığı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu gün onun anadan olduğu gündür – məqamı ucadır…

SƏNƏTİN SEÇDİYİ ADAM – ŞƏHİD HƏMDƏM AĞAYEV

(Polkovnik-leytenant Həmdəm Ağayevə həsr olunub)

OTUZUNCU  YAZI

Salam olsun, dəyərli oxucu! Sizinlə daha bir görüşə imkan yaratdığı üçün Uca Yaradana minnətdarlığım sonsuzdur.

Zəfər ab-havası yaşadığımız bu günlər eyni zamanda ibrətamizdir. Bir yanda qələbə sevinci yaşadığımız halda, digər tərəfdə şəhidlərimiz dağ kimi dayanır. Necə deyərlər, bir gözümüzün gülüb, birinin ağladığı bu günlərdə çox diqqətli olmalı, bu zəfəri hansı itkilərin, necə oğulların qanı, canı hesabına əldə etdiyimizi unutmamalıyıq. Yəqin ki, indi bu sətirləri oxuyan hər bir şəxsin özünün şəxsən tanıdığı qəhrəman şəhidimiz və ya qazimiz var.

Qeyd edim ki, şəxsən tanıdığım, ya illərlə bir yerdə xidmət etdiyim, ya da ən azından bir neçə saatlıq da olsa, yol yoldaşı, söhbətdaş olduğum neçə belə igidlər var. Elələri var ki, həyatlarını dəfələrlə riskə atsalar da, sağ-salamt yeni döyüşlərə canla-başla hazırdırlar. Çoxları isə ya qazidirlər, ya da şəhidlik zirvəsinə ucalıblar. Və mən onları sayıb qurtara və ya bir-birindən fərqləndirə bilmərəm. Bu yazını yazmaqda məqsədim şəxsən tanıdığım belə qəhrəmanlardan biri şəhid polkovnik-leytenant Həmdəm Ağayevin timsalında bütün şəhidlərimizin ruhunu şad etmək, onları xatırlamaq, eyni zamanda müəyyən məqamlar barədə öz subyektiv fikirlərimi sizlərlə bölüşməkdən ibarətdir.

Həmdəmlə tanışlığım 1995-ci ilin may ayının ortalarına, səhv etmirəmsə, 16-sına təsadüf edir. Həmin gün Azərbaycanın müxtəlif bölgələrində olan hərbi hissələrdən komandirlərin təqdimatları ilə döyüşlərdə və xidmətdə fərqlənmiş hərbi qulluqçular Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbulda iştirak etmək üçün seçim mərhələsinə göndərilmişdi. Bütün gələcək namizədlər məktəbin həyətində toplanmışdı. Boş vaxtdan istifadə edərək hər kəs bir-biri ilə maraqlanır, kimin hansı hərbi hissədən gəldiyini soruşur, yerlilər toplaşıb dərdləşirdilər. Mən Tərtər cəbhəsindən gəlmişdim. Həmin günəşli gün indi də ən xırda detalına kimi yadımdadır. Ağdam cəbhəsindən gələn Dadaşov Haqverdi (Qubadlı) və Rəfiyev İlqarı (Şəki) çıxmaq şərti ilə Ağdamdan olan namizədlər; Əsgərov Əhliqar, soyadını unutduğum Sahib və rəhmətlik Həmdəm Ağayev bir ağacın kölgəsində dayanıb söhbət edirdik. İsgəndərov Namiqlə mən Tərtədən gəlmişdik. Ordan-burdan, hərə öz hərbi hissəsindəki vəziyyətdən danışırdı. Sahibdən (Sahib hamıdan hündür və canlı olsa da, sən demə, neçə illər cəbhədə döyüşən, hələ atəşkəsdən sonra da bir il qalıb xidmət edən bu dağ boyda igidin ürəyi xəstə imiş. O, bu səbəblə tibbi müayinədən keçə bilmədi.) başqa hamı qəbul olundu və zabit kimi ordu sıralarını qayıtdı. İndi bu yeddi nəfərin hərəsi bir mövqe sahibidir. Ən uca məqamı isə şübhəsiz ki, Həmdəm qazanıb. Sonralar uzun illər ərzində arada-sırada görüşdüyümüz vaxtlarda da Həmdəm, ümumiyyətlə, azdanışan, ciddi, qaraqabaq adam təsiri bağışlasa da, əksinə, o tam fərqli; sakit, yuxaürəkli, mərhəmətli, olduqca səmimi, bir yerindən nöqtə tapıb söhbətə başlaya bilsən çox məlumatlı, hərtərəfli ensiklopedik biliyə sahib, maraqlı həmsöhbət idi. Həmin gün də bəlkə o heç ağzını açıb bir söz deməmiş sanki bir ağsaqqal kimi hamını dinləmiş, kimin nə qədər şişirtmələrə yol verdiyini özü üçün saf-çürük etmişdi. Bizim onunla tanışlığımız bax belə başladı. Fakültələrimizin fərqli olması səbəbindən sonralar da ara-sıra görüşərdik. Adətən, ya o, bizim kazarmaya gələndə (bizim “starşina” Məmmədov Fərmanla lap yaxın dost idi, tez-tez onun yanına gəlib, gedirdi), ya gündəlik məktəb həyatında təsadüfən idmanda, ya da dərsarası vaxtlarda belə görüşlər mümkün olurdu.

QISA ARAYIŞ

Həmdəm Mayıl oğlu Ağayev 9 sentyabr 1975-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Yeniyetmə və gənclik illəri məlum münaqişənin ən qızğın dövrlərinə təsadüf etdiyindən, demək olar ki, o dövrün əksər gəncləri kimi güllə səsi, mərmi partlayışları əhatəsində olğunlaşmışdır. Onun məktəbli olduğu illəri tanınmış söz adamı, pedaqogika üzrə fəlsəfə doktoru Mayıl Dostu belə xatırlayır: “Əvvəlcə onu deyim ki, Həmdəmin ölümü həqiqətən məni çox ağritdı. Səhv etmirəmsə, Həmdəmgilin sinfinə 5-6 il dərs demişəm. Həmdəm çox çalışqan, məsuliyyətli, ciddi və ən əsası isə qorxmaz idi. Mən hələ o vaxtlar belə qənaətə gəlmişdim ki, bu ötkəm, sözübütöv gənci heç bir vasitə ilə qərarından döndərmək mümkün deyil. Onun gözlərində qorxu deyilən hiss yox idi… Biz müəllimlərin belə gənclərə ümidləri böyük idi. Bizim nəzərimizdə onların hər biri həkim, müəllim, mühəndis kimi gələcək müstəqil Azərbaycanın qurucuları idi… Təəssüf… Belə… Allah rəhmət eləsin… Ruhu şad olsun…”. Müəllimlərin və böyüklərin müxtəlif arzularının olmasına baxmayaraq, Həmdəm də digər həmyaşıdları kimi orta təhsilini başa vurar-vurmaz könüllü ordu sıralarına qoşularaq vətənin, doğma yurdun müdafiəsinə qalxdı. Oxumaqdan söz salanlara onun bir cavabı var idi: – “Oxumaq qaçmır ki, – söz, bunların işini bitirən kimi gedib oxuyacam!” Bu minvalla 1994-cü ilin may ayı gəldi, atəşkəs oldu. Atəşkəsdən sonra da bir il xidmət edən Həmdəm komandirlərinin tövsiyəsi və təqdimatı ilə 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu. 1999-cu ilin iyul ayında təhsilini müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsində yenidən zabit olaraq ordu sıralarında xidmətinə davam etməyə başladı. 9 oktyab 2020-ci ilə qədər Naxçıvan da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində yerləşən hərbi hissələrində fərqli vəzifələrdə xidmət etdi. Ən böyük arzusu olan Qarabağın azadlığı uğrunda Vətən Müharibəsinin bu günündə amalı yolunda qəhrəmancasına şəhid oldu. Bakıda, II Fəxri Xiyabanda dəfn olunub. Onun saysız-hesabsız mükafatları, təltifləri içərisində ölümündən sonra qazandığı “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeninin öz yeri var. Çünki bu ödülləri canından çox sevdiyi Qarabağı düşmən tapdağından azad etdiyinə görə alıb.

Bu əvəzsiz təhsil müəssisəsinin (BABKM) bir özəlliyi var ki, dörd il təhsil müddətində yeddi kursun kursantları ən azından hamısı bir-birini üzdən tanıyır. Bir az diqqətli olanlar kimin kim olduğunu yaxşı bilir. Yaxınlar isə qardaş olurlar. Bu yeddi kursun kursantları isə nə az, nə çox – ortalama 5-6 min insan, dəliqanlı gənc, hər şeyi gözə almış vətənə sevdalı ər deməkdir. Təhsilin ilk illərində Həmdəmlə, adətən, axşamlar boş vaxtda idman şəhərciyində tez-tez görüşürdük (Yuxarı kurslarda isə o şərq əlbəyaxa döyüş növlərinin biri ilə şəhərdə – məktəbdən kənarda məşq edirdi). Bir də Ağdamın Qiyaslı kəndindən orta məktəbi bitirib gəlmiş, bizdən yaşca bir neçə yaş kiçik Mehdiyev Ramiz var idi. Bu üçlük idman edə-edə söhbətləşərdik. Söhbətin mövzusu hər dəfə eyni idi. Qarabağ, Ağdam… Hər söhbətin sonu, adətən, belə bitərdi “…bu biabırçılıq nə vaxta qədər belə davam edəcək?” Həmdəm isə deyərdi: – ”İnşallah, bir gün sonu gələr. Zalımın zülmü yerdə qalmaz. Biz öz işimizlə məşğul olaq. Bizim vəzifəmiz o günə hazırlaşmaqdan ibarətdir.”

Həmdəm xidmətdən çavuş kimi gəlmişdi və təhsil müddətində də komandir müavini olaraq fəaliyyət göstərirdi. Dəfələrlə onun gələcəkdə onunla çiyin-çiyinə eyni sırada zabit kimi duracaq yaşca kiçik, hələ dünyanın bərk-boşundan çıxmamış öz kursantlarına sakit, aramla, yavaş səslə necə öyüd-nəsihət verdiyinin şahidi olmuşam. Məsələn, onun ən çox işlətdiyi bir cümlə var idi: – “Dövlət bu ağır günündə sənə cibindən bu qədər pul xərcləyir, yedirdir, içirdir, geydirir, oxudur, sağlamlığını qoruyur, sən isə yatırsan, oxumursan, 2 alırsan. Bu, kişilikdən deyil. Hər işdə gərək halallıq olsun”. Bir məqamı da nəzərinizə çatdırım, artıq söz deməyə heç bir ehtiyac qalmayacaq. Buraxılışa sayılı günlər qaldıqda belə Həmdəmin tağımı məktəbdə öz nizam-intizamı ilə seçilirdi. Hərb həyatdan az-çox xəbəri olanlar bilir ki, çox haylı-küylü həyatdır. Həmdəm burada da özünəməxsusluğu ilə seçilirdi. Tutaq ki, dərsarası vaxtda və ya yeməkxanaya gedəndə nə qədər qarışıqlıq olsa da, görürdün ki, bir tağım (25-30 nəfər) qutu kimi nizam-intizamla öz yolu ilə bütün intizam qaydalarına ciddi riayət etmək şərti ilə gedir. Yaxınlıqda komanda verən heç kim olmasa da bilinirdi ki, bu, Həmdəmin tağımıdır. Diqqətlə ətrafa baxdıqda görərdin “planşet”i çiynində, başıaşağı, fikirli-fikirli gəlir. Gəlib çatanda qayğılı baxışlarla süzüb, başı ilə yüngül salam verib keçərdi…

Beləliklə, 1999-cu ilin yayı gəldi. Buraxılışa az qalmış şanlı qələbəmizin memarlarından olan Hikmət Mirzəyev məktəbdə göründü. Bu barədə mənə ilk olaraq Namiq xəbər vermişdi. Hikmət Mirzəyev onun komandiri olmuşdu. Mən də onu hələ Tərtərdən ciddi, səliqəli, hörmətli (Yəqin ki, Lənkəran Əliyevi mütləq tanıyacaqsınız, o da ordu quruculuğunda böyük əməyi olan zabitlərdən biridir. Doğma yaşlı atası belə qəbuluna gələndə elə olurdu ki, saatlarla NBM-də gözləməli olurdu. Hikmət Mirzəyev gənc olmasına rəğmən yeganə zabit idi ki, sutkanın hansı vaxtı gəlsə gözlətmədən Lənkəran Əliyev onu qəbul edirdi.) komandir kimi tanıyırdım. Tezliklə məlum oldu ki, xüsusi təyinatlılardan ibarət yeni hərbi hissə yaradılacaq, kim istəyir könüllü yazıla bilər. Həmin vaxt da Həmdəm, Namiq və mən təxminən 100-ə yaxın gələcək leytenantlar könüllü yazıldıq. Siyahılar hazır olandan sonra bir dəfə də məktəbin qərargahındakı akt zalında yeni yaranacaq hərbi hissənin kadrlar bölməsinin zabitləri ilə görüşümüz oldu. Bizə xidmətin özəllikləri və bəzi məhdudiyyətlər barədə məlumat verdilər. Bütün bunlarla tanış olduqdan sonra yenidən ərizə yazdıq. Həmdəmi sonuncu dəfə bax həmin toplantıda görmüşdüm. Xeyli söhbət etdik. Demişdi ki, sizi buraxmayacaqlar. Bizim qrupdan 11 nəfər yazılmışdı, onlardan, sadəcə, 1 nəfərin əmri gəldi (Məmmədov Rəşad – Bərdəli). Mən də daxil olmaqla qalanları üçün izahat belə oldu komandan buraxmayıb (O vaxt bizim komandan rəhmətlik Rail Rzayev idi). Komandan deyibmiş ki, dörd ilə güc-bəla 40 nəfər mütəxəssis hazırlamışıq, onu da sizə verə bilmərik. Çox da ki, leytenantlar bunu istəyir, onlar hələ çox cavandırlar.

Bizim son görüşümüz həmin toplantıda oldu. Sonra hərə bir tərəfə – öz xidmət yerlərinə yollandı. Eşitmişdim ki, Həmdəm istədiyi kimi həmin hərbi hissəyə düşüb. Sonra bir dəfə eşitdim ki, artıq Naxçıvandadır. Həmin vaxt mən də Naxçıvanda xidmət edirdim. Mənim vaxtım çox olsa da, onun heç vaxtı yox idi. Kəşfiyatda komandir idi. Həmişə ya təlimdə, ya tapşırıqda olurdu. Həmdəm bax beləcə bir ömrü hərbi geyimdə, əlində silah başa vurdu. Şərəflə özü demişkən, hər kişiyə qismət olmayan şəkildə başa vurdu. Halbuki tamam başqa cür də ola bilərdi. Sizi inandırım ki, o necə peşəkar zabit idisə, ondan on qat daha tanınmış müəllim, pedaqoq, alim, mühəndis ola bilərdi. Təəssüf ki, əksər həmyaşıdları kimi o da özünə sənət seçə bilmədi. Onu seçən sənətin ardınca getməli oldu. Necə ki, digər şəhidimiz Polad Həşimovun anası demişdir: – “…o hüquqşünas olmaq istəyirdi, yaxşı da oxuyurdu, tarixi, xarici dilləri əla bilirdi, ancaq lap son anda bir gün gəlib dedi ki, mən hərbçi olacağam, indi vətənimiz üçün bu daha vacib peşədir…” Bu arada qısa bir haşiyəyə çıxıb sonra söhbətimi bitirmək istəyirəm.

HAŞİYƏ

İndi yazacaqlarım bəlkə də kim üçünsə qəribə görünə bilər. Ancaq inanın biz istəsək də, istəməsək də, inansaq da, inanmasaq da bu belədir. Bu fikrin dərinliyinə getmədən, sadəcə, (hamımızın yaxşı tanıdığı, hörmət etdiyi) son şəhidlərimizin adlarını xatırlatmaq kifayətdir. Məsələn, Polad Həşimov, Şükür Həmidov (bir ildən artıq eyni hərbi hissədə xidmət etmişik), Həmdəm və hələ 1993 -94-də xüsusilə, atəşkəsə lap az qalmış mart-aprel döyüşlərində Tərtər-Ağdam cəbhəsində nə qədər gənc yaşda şəhid olmuş 75-lər. Qələbəmizin digər memarlarından olan Hikmət Həsənov, Zaur Rüstəmov (şəxsən tanıyıram) və digər nə qədər tanımadığımız qəhrəman 75-lər. Allah hamısına can sağlığı versin. Hərbçi olmayan Ceyhun Məmmədov, Kənan Hacı, İlqar Fəhmi və digər xüsusi istedad sahibi 75-lər. Bu adını çəkdiyim şəxslərin hamısını yaxından tanıyıram. Onların seçilmişlər olduğuna inanıram. Bu keyfiyyətlər təkcə 75-lərə deyil, məsələn, tanıya biləcəklərimiz…,. 1951, 1963, 1987, 1999… –cu illərdə anadan olmuş insanlara da aiddir. Kimə maraqlı gəlsə, diqqət edib fərqinə vara bilər. Həmdəm bu seçilmişlərin öndə gələnlərindən biri idi. Onu yaxından tanıyan, hörmət edən əsgərlərinin, döyüş yoldaşlarının dediyi kimi, “o, şəhidlərin sultanıdır”. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hamısı bizim üçün əzizdir. Və söhbətimin əvvəlində qeyd etdiyim kimi, bu yazı Həmdəmin timsalında bütün şəhidlərimizə həsr olunur. Yazının məqsədi, sadəcə, necə igid oğullar, seçilmiş ərlər itirdiyimizə diqqət çəkməkdən ibarətdir. Məsələn, Həmdəmlə eyni gündə, sadəcə, bir dövr (bir dövr 12 ilə bərabərdir) əvvəl, yəni 9 sentyabr 1963-cü ildə anadan olmuş hamımızın fəxri İqor Aşurbəyli.

Bizim bu gün zamanın, sənətin onu seçib bizə məğrur, qayğıkeş, qorxmaz, səmimi, mərd, şəhid komandir kimi təqdim etdiyi, tanıtdığı Ağayev Həmdəm həmən-həmən, hardasa aşağı-yuxarı eyni potensiala sahib bir şəxs olub… Eləcə də Polad Həşimov, Şükür Həmidov və digərləri… Bunları xatırlatmaqda məqsədim odur ki, bu insanları unutmağa haqqımız yoxdur nə qədər ki, həyatdayıq. Çünki adları bu yazıda anılan və digər yüzlərlə qəhrəman oğullar bir an düşünmədən, gözlərini qırpmadan öz həyatlarından, arzularından, üstəgəl, yaxınlarının, doğmalarının, övladlarının istəklərindən vaz keçiblər… Və dahası, bu gün, bu an üçün on illiklərlə (on, iyirmi, otuz) hazırlaşıblar… Tam səmimi olaraq qeyd edim ki, döyüş toy-bayram kimi bir şeydir (Bir neçə saatlıq keçid, adaptasiya dövrü xaric.). Ancaq illərlə buna hazırlaşmaq, saysız-hesabsız məşəqqətli təlimlərə, müxtəlif mənəvi, maddi, fiziki məhrumiyyətlərlə dolu ağır xidmət illərinə qatlaşmaq, əsl şücaət budur. Bilirsiniz bu nəyə bənzəyir? İllərlə bəzənib, süslənib şərəfli anın nə vaxt gələcəyini gözləyirsən… Cidd-cəhdlə onu qarşılamağa can atırsan… Bax, bu məqamları unutmayaq. Bir an fikirləşək ki, Polad Həşimov ən azından hansısa rayonun hakimi kimi indi isti kabinetində oturub. Necə ədalətli bir hakim ola biləcəyini onun əsgərlərindən soruşun. Və ya Şükür Həmidovu ən azı bir rayonun icra başçısı kimi təsəvvür edin. O rayonun necə ola biləcəyini onu tanıyanlardan soruşun. Yaxud da bizim qəhəmanımız Həmdəm Ağayevi ali məktəblərin birində müəllim kimi təsəvvür edin. Onu tanıyanlar bilir ki, o, bu peşəyə necə yaraşardı və onun öhdəsindən layiqincə gələr, ölkəmizə, millətimizə, xalqımıza, gələcəyimizə nə qədər faydalı ola bilərdi. Ancaq onlar bütün bunların hamısından bizlərə görə imtina etdilər. Ali xüsusiyyətlərinə görə Uca Yaradan onları seçdi, onlar da canla-başla bu yolu…

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizi daim xatırlayaq, nümunə götürək, onların bizə əmanət etdiyi gələcəyə xəyanət etməyək! Ruhunuz şad olsun, seçilmişlər…

30.12.2020. BAKI.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZUNCU yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:

1.“Sənətin seçdiyi adam – şəhid Həmdəm Ağayev”, “Təzadlar” qəzeti, 12.01.2021, say: 01 (2286), s.5-14.

Müəllif: Zaur USTAC

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ELÇİN İSGƏNDƏRZADƏNİN “ŞUŞAM”I – YARALI XATİRƏDƏN ZƏFƏR SEVİNCİNƏ GEDƏN YOL

YÜZ ON ALTINCI YAZI

ELÇİN İSGƏNDƏRZADƏNİN “ŞUŞAM”I – YARALI XATİRƏDƏN ZƏFƏR SEVİNCİNƏ GEDƏN YOL

(Elçin İSGƏNDƏRZADƏ: – Şuşam!)
     Salam olsun çox dəyərli oxucum! Ədəbiyyatmızda elə mövzular var ki, sözün əsl mənasında müqəddəs hesab olunur. Elə kəlmələr var ki, ehtiva etdiyi məna kitablara sığmır. Min bir məna yükülü belə sözlərdən biri də “Şuşa”dır. Şuşa – Azərbaycan poeziyasının yaddaşında yalnız bir şəhərin adı deyil. O, Vətən anlayışının, milli ruhun, tarixi yaddaşın, Qarabağ nisgilinin və Zəfər duyğusunun poetik simvoludur. Bu müqəddəs şəhərin hər daşı, hər qayası, hər küləyi və yağışı Azərbaycan insanının yaddaşında ayrıca bir hekayə yaşadır. Tanınmış şair, alim və ziyalı Elçin İsgəndərzadənin “Şuşam” silsiləsində də Şuşa məhz belə – yaddaşın, itkinin, həsrətin, doğmalığın və nəhayət, qürurun ünvanı kimi təqdim olunur. Təfərrüatlara keçməzdən əvvəl müəllifi yaxından tanıyaq.
Qısa arayış: Elçin İsgəndərzadə 16 sentyabr 1964 – cü il  Şuşa şəhərində anadan olub (bu əsəri yaratmaq vəzifəsilə).  Azərbaycan Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisidir.
     Elçin İsgəndərzadənin Şuşa haqqında yazdıqları sadəcə şəhərə həsr olunmuş şeirlər toplusu təsiri bağışlamır. Burada bir insanın şəxsi yaddaşı ilə xalqın ümummilli yaddaşı bir-birinə qovuşur. Şair üçün Şuşa həm uşaqlığın, həm ailənin, həm evin, həm nənənin, həm də itirilmiş və yenidən qazanılmış Vətənin adıdır.
      Bu baxımdan “Şuşam” əsəri və onunla səsləşən “Şuşadakı evimizin uçuqları önündə”, “Şuşadakı evimizin uçuqlarına noktürn”, “Şuşa küləyi, Şuşa yağışı”, “Şəhid evimizə elegiya” və digər poetik parçalar bir-birindən ayrı deyil. Onlar birlikdə Şuşanın poetik salnaməsini yaradır.
     Şuşanı tanımağın ən səmimi yolu elə  “Şuşam”dan keçir desək yanılmarıq.
“Şuşam” şeirinin başlanğıcı son dərəcə sadə, lakin emosional baxımdan güclüdür:
“O bizim ağaclarıydı,
o bizim küləkləriydi,
o bizim yağışlarıydı…”

Buradakı “bizim” sözü xüsusi poetik yük daşıyır. Şuşa şair üçün coğrafi məkan deyil, mənsubiyyət hissidir. Ağac da “bizimdir”, külək də “bizimdir”, yağış da. Şair Şuşanı xəritədə axtarmır; onu yaddaşında, duyğularında, uşaqlığında və doğmalıq hissində tapır.
     Daha sonra bu tanışlıq hissi belə ifadə olunur:
“Duruşundan tanıyırdım,
qoxusundan tanıyırdım,
yağmasından tanıyırdım.”

Bu misralar Şuşanın şair yaddaşında necə canlı olduğunu göstərir. Tanımaq burada görməklə məhdudlaşmır. Şuşa qoxusu, küləyi, yağışı, ağacı ilə bütöv bir duyğu sistemidir.
    Lakin bu doğma mənzərə şairin yaddaşında artıq yaralıdır:
“Ağac da boynubüküydü
külək də qırıq-qırığıydı
bulud da çilik-çiliyiydi…”

Burada təbiətin özü insan faciəsinin şahidinə çevrilir. Ağacın “boynubükülməsi”, küləyin “qırıq-qırıq” olması, buludun “çilik-çilik” görünməsi əslində dağıdılmış Vətənin poetik mənzərəsidir. Şair təbiəti insanlaşdırır və onun ağrısını insan ağrısı kimi təqdim edir.
    “O qədər qurban oldum ki…” – şeirin ən təsirli məqamlarından biri qurbanlıq motividir:
“Ağacına qurban olum, dedim
buluduna qurban olum, dedim,
daş yoluna qurban olum dedim…”

Burada Azərbaycan dilinin ən doğma ifadələrindən biri – “qurban olum” – poetik mətnin əsas emosional dayağına çevrilir.
Ancaq şairin qurbanlığı burada bitmir:
“O qədər qurban oldum ki, –gördüm anam da qurbandı,gördüm balam da qurbandı…”
Bu üç misra fərdi ağrını milli faciə səviyyəsinə qaldırır. Ana və bala obrazları vasitəsilə şair bir ailənin deyil, bütöv bir xalqın yaşadığı ağrını ifadə edir.
Və sonda Şuşaya müraciət edir:
“Qurbanlarını qəbul elə, Şuşam!”
Bu, həm fəryad, həm dua, həm də etirafdır.
Şuşa – “şəhərlərin şəhəri”
     “Şuşam” əsərinin ikinci hissəsində poetik ovqat dəyişir. Ağrı və nisgilin yerini tədricən qürur və Zəfər duyğusu tutur:
“Şəhərlərin şəhərisən, şəhərisən ay Şuşam
zəfərlərin şəhərisən, şəhərisən ay Şuşam!”

“Şəhərlərin şəhəri” ifadəsi Şuşanın Azərbaycan mədəniyyətindəki xüsusi yerini ümumiləşdirir. Şair bununla Şuşanı digər şəhərlərlə sadəcə müqayisə etmir, onu milli-mənəvi zirvə kimi təqdim edir.
      Ardınca Şuşanın tarixi dərinliyi vurğulanır:
“Qədimliyin, ululuğun əsrlərə söykənir,
igidliyin, ağalığın nəsillərə söykənir…”

Şuşanın tarixi burada keçmişdə donub qalmış bir hadisə kimi deyil, nəsillərdən-nəsillərə ötürülən mənəvi miras kimi təqdim edilir.
     Şairin “Gövhərlərin şəhərisən” ifadəsi də təsadüfi deyil. Şuşanın qiyməti onun daşında, qalasında, küçəsində olduğu qədər, yaratdığı mədəniyyətdə, yetişdirdiyi sənətkarlarda və Azərbaycan milli ruhundakı yerindədir.
Şuşanın yolu – yaddaşın yoludur! Yaddaşdır!
Şeirdə diqqət çəkən başqa bir fikir budur:
“Bütün yollar səndən keçir, sən yolların yolusan…”
Bu misra əsərin fəlsəfi məğzini açan ifadələrdəndir. Şuşaya gedən yol yalnız fiziki yol deyil. Şuşaya aparan yollar tarixdən, yaddaşdan, sənətdən, sevgidən, mübarizədən və Zəfərdən keçir.
     Şair daha sonra deyir:
“Gözümüzün işığısan, ömrümüzün nurusan…”
Şuşa artıq yalnız keçmişin xatirəsi deyil. O, bu günün də işığı, gələcəyin də ümididir.
     Uçmuş ev – uçmuş dünya, bir tarixdir.
Elçin İsgəndərzadənin Şuşa poeziyasında ən güclü obrazlardan biri evdir.
“Şuşadakı evimizin uçuqları önündə” şeirində şair dağıdılmış evlə öz mənəvi vəziyyətini eyniləşdirir (bu ilin mart ayında Ağdam rayonunun Yusifcanlı kəndində yerləşən öz uçuq evimizin eyvanında dayananda yadıma ilk olaraq bu misralar düşdü, sonra hardansa ağlıma”dambaca” kəlməsi gəldi) :
“O evin uçqunuyam,
hər gün kərpiclərim ovulur,
uçunuram,
uçuluram…”

Burada ev sadəcə daş-divar deyil. Ev insanın yaddaşıdır, ailəsidir, uşaqlığıdır, köküdür. Evin uçması insanın daxili aləminin də dağılması deməkdir.
Şairin:
“Evim yox,
nə ovcumun taleyində,
nə taleyin ovcunda…”

deməsi isə taleyin sərtliyi qarşısında insanın köməksizliyini ifadə edir (nə vaxtsa köçkünlük haqqında yazdığım yazını xatırlayıram).
Bu hissənin ən sarsıdıcı ümumiləşdirməsi belədir:
“Dünya da uçulur evim kimi
dünya da uçur toz kimi…”

Şairin fərdi faciəsi burada bəşəri məna qazanır. Bir evin dağılması ilə dünyanın dağılması arasında paralellik yaradılır.
    “Şuşadakı evimizin uçuqlarına noktürn” isə sanki həmin ağrının daha sakit, daha daxili ifadəsidir.
“Əllərim
qapımızın tutacağında qaldı…”

Bu misra ayrılığın fiziki sərhədini qeyri-adi poetik şəkildə göstərir. İnsan gedib, amma əlləri, səsi, baxışları həmin evdə qalıb:
“Səsim qapımızın cırıltısına qarışdı,
gözlərim pəncərəmizdən asıldı…”

Burada qapı və pəncərə sadəcə əşyalar deyil. Onlar keçmişlə bu gün arasında qalan son bağlardır.
Bu hissənin sonundakı:
“ürəyim yeriyir uçulmuş yurd yerlərində…”
ifadəsi isə bütün silsilənin poetik açarlarından biri sayıla bilər. Çünki insan Şuşadan uzaqda olsa belə, onun ürəyi həmin yurd yerlərində yaşayır.
      “Şuşa küləyi, Şuşa yağışı” şeirində məkan dəyişir. Şair artıq Şuşada deyil, Bakıda Şuşanı axtarır:
“Bakıda Şuşa küləkləri əsir hərdən,
Şuşa yağışları yağır…”

Bu, fiziki məsafənin mənəvi məsafəyə çevrilmədiyini göstərir.
Şuşa küləyi Bakıya gəlir, Şuşa yağışı Bakıda yağır. Lakin bu küləklərdən keçən insan “qərib oğlan”dır:
“Bir qərib oğlan keçir o küləklərdən,
islanır o yağışlarda.”

Buradakı “qərib” sözü əsərin emosional ağırlığını daha da artırır. İnsan öz Vətəninin küləyində belə qərib ola bilərmi? Şairin poetik cavabı məhz bu ağrılı paradoks üzərində qurulur.
Sonra:
“Duman nə gözəldi, İlahi,
külək nə gözəldi, İlahi,
yağış nə gözəldi –
oğlan nə qəribdi, İlahi!..”

misraları ilə gözəllik və qəriblik bir-birinə qarşı qoyulur. Təbiət gözəldir, amma həmin təbiətin içində qərib qalan insanın taleyi ağrılıdır.
     Qəmər nənə  Şuşanın canlı yaddaşı, tarixin bir parçasıdır.  Elçin İsgəndərzadənin Şuşa dünyasında Qəmər nənə obrazının xüsusi yeri var. “Şuşalı xatirələrimin baş qəhrəmanı, Qəmər nənəmin əziz ruhuna” ithaf olunan şeir əslində bir nənənin portreti olmaqdan daha böyük məna daşıyır.
      Şair əvvəlcə gündəlik həyatın ən sadə detallarını sadalayır:
“Eh… nənəm o günü xamır qatmadı,
təndir qalamadı, çörək yapmadı.”

Ardınca:
“Süd daşdı ocaqda, baxan olmadı,
keçilər çəpəri yarıb keçdilər.”

Bütün bunlar həyatın adi mənzərələridir. Lakin nənə olmayanda həmin adi mənzərələrin hamısı mənasını itirir.
Ən təsirli cümlə isə budur:
“hamı yerindəydi, nənəm yoxuydu.”
Bu sadə ifadənin arxasında böyük bir boşluq dayanır.
     Şair nənənin ölümünü yalnız ölüm kimi qəbul etmir. O, nənəni nağılların, uşaqlığın, evin, ocağın və keçmişin simvoluna çevirir:
“Eh… nənəm, nağıllı, noğullu nənəm,
payız dumanına qarışıb getdi.”

Və sonda:
“Bizi uydurduğu o nağıllara,
bir də payızlara tapşırıb getdi…”

Bu misralarda nənə obrazı bütöv bir nəslin yaddaşını təmsil edir.
    Qala divarlarından baxan şair  özü də qala kimi görünür. Qala adam təsiri bağışlayır.
“Şuşanın qala divarlarından – Malıbəyli səmtə baxarkən” şeirində Şuşanın coğrafiyası ilə insan taleyi yenidən birləşir.
“Könül ki, var
bir sevdanın yarasıdır…”

Şairin könlü Şuşanın yarasına bənzəyir. Qala divarı isə həm sığınacaq, həm müşahidə nöqtəsi, həm də keçmişlə bu gün arasında sərhəddir.
“Ömrün payız arasıdır” ifadəsi də zamanın keçiciliyini və itirilmiş illərin ağırlığını hiss etdirir.
Burada “xəzan”, “yarpaq”, “təqvim günləri” kimi obrazlar zamanın əldən çıxmasını simvollaşdırır:
“yarpaq kimi tökülənbu təqvim günlərinin.”
Beləliklə, Şuşanın yaraları insan ömrünün yaraları ilə eyniləşir.
     “”Xarıbülbül” otelinin pəncərəsindən baxarkən” adlı  hissə isə daha çox ümid və ayrılıq motivləri üzərində qurulub.
Şair pəncərəni “umud” adlandırır:
“Pəncərələr bir umuduydu, onda…”
Pəncərə insanı xarici aləmlə birləşdirən vasitədir. Burada isə o, sevginin və həyatın simvoluna çevrilir.
Şairin yaratdığı ürək obrazı xüsusilə poetikdir:
“Bir ürək şəkli cizilərdi,
cızıqlarından şeh daman…”

Amma həmin ürək də zamanla yox olur:
“sonra o ürək də süzülüb gedərdi,
yerində ağlayan şüşələr qalardı…”

Şüşələrin “ağlaması” insanın ağlamasıdır. Pəncərə isə ayrılığın gözlərinə çevrilir:
“İndi ayrılığın gözləri kimi baxır pəncərələr –içindən bütün ayrılıqlar keçir.”
Bu misralarda Şuşanın bir pəncərəsi bütün ayrılıqların simvoluna çevrilir.
   “Xarıbülbül” otelində bir gecə” şeirində şair artıq konkret hadisədən daha çox insanın daxili vəziyyətini araşdırır.
“Bilirsən, bu yol da çıxıb gedəcək,harasa gedəcək, qayıtmayacaq.”
Yol burada zamanın və taleyin simvoludur. Gedən yol geri qayıtmır. İnsan isə geridə qalan xatirələri ilə baş-başa qalır.
Şeirin ən təsirli obrazlarından biri “yaralı quş”dur:
“Ürəyin içində yaralı quş tək –
nə gəliş, nə gediş ovutmayacaq…”

Yaralı quş həm insanın daxili azadlığının itirilməsini, həm də həsrətin yaratdığı kövrəkliyi ifadə edir.
Şairin:
“Beləcə qazancın bir sürü həsrət,
beləcə gedişin səssiz olacaq.”

deməsi isə ayrılığın insan həyatında qoyduğu yeganə “qazancın” həsrət olduğunu bildirir.
    “Şəhid evimizə elegiya” hissəsi Şuşa silsiləsində ağrının ən yüksək nöqtələrindən biridir.
    Şair dağıdılmış evi bir dəftərə bənzədir:
“Tavanının dirəkləri təkcızıq dəftər kimi
üzü göylərə açılmış,sanki dua edir.”

Bu bənzətmə son dərəcə təsirlidir. Dağılmış ev susmur; o, sanki göylərə dua edir.
    Şair isə həmin dəftərə nə yazacağını bilmir:
“Bilmirəm nə yazım bu təkcızıq dəftərə.”
Çünki dağıntı qarşısında söz də aciz qalır.
Daha sonra:
“İndi həsrət bizim evin şeiridir,
yazıram,
yazıram,
hərflər evimiz kimi uçur.”

Bu misralarda poeziyanın özü dağıntıya çevrilir. Şair yazdıqca hərflər uçur, çünki xatirənin özü də yaralıdır.
    Elegiyanın ikinci bölümündə isə uşaqlıq səsləri eşidilir:
“– topu tut
– ipi çək
– daşı at”

Bu sadə uşaq oyunları bir anda böyük bir tarixi boşluğun ifadəsinə çevrilir. Çünki artıq həmin səslərin sahibləri yoxdur.
Şair deyir:
“Sevinə bilmirəm heç nəyə…”
Və səbəbini belə açıqlayır:
“Sevincim dağıntılar altında çoxdan toza dönmüş…”
     Bu, işğalın və müharibənin insanın psixoloji dünyasında yaratdığı dağıntının poetik ifadəsidir.
     Elçin İsgəndərzadənin “Şuşam” əsərində ( silsilə şeirlərində) diqqət çəkən əsas cəhətlərdən biri odur ki, şair yalnız ağrını danışmır. O, ağrıdan Zəfər düşüncəsinə yüksəlir.
      Əsərin (silsilənin)  əvvəlində Şuşa yaralıdır: ağacları boynubüküdür, küləyi qırıq-qırıqdır, buludları çilik-çilikdir. Sonrakı hissələrdə isə Şuşa “şəhərlərin şəhəri”, “zəfərlərin şəhəri” kimi səslənir.
     Bu keçid təsadüfi deyil. Çünki milli yaddaşın əsas xüsusiyyətlərindən biri ağrını unutmayaraq ondan güc yaratmaqdır.
Şairin Şuşaya müraciətində bu güc açıq şəkildə hiss olunur:
“Şəhərlərin şəhərisən, şəhərisən ay Şuşam,
Zəfərlərin şəhərisən, şəhərisən ay Şuşam!”

Burada artıq “Şuşam” sözü yalnız nisgilin deyil, qürurun da ifadəsidir.
    Şuşanı yazmaq, Şuşadan yazmaq, Şuşada yazmaq tarixidir,  yaddaşı qorumaqdır
Elçin İsgəndərzadənin Şuşa haqqında poetik nümunələri həm də yaddaşın qorunmasına xidmət edir. Şair dağıdılmış evin daşlarını, nənənin ocağını, pəncərənin şüşəsini, qala divarını, küləyi, yağışı və uşaqlıq səslərini sözə çevirir.
Çünki yaddaş itəndə yalnız hadisələr deyil, insanın özü də itir.
    Bu mənada “Şuşam” əsərinin əhəmiyyəti onun yalnız Şuşaya həsr edilməsində deyil. Əsər bir insanın timsalında Vətənini itirmiş, onun həsrətini yaşamış və nəhayət, Zəfər sevincinə qovuşmuş bütöv bir nəslin mənəvi tarixini danışır.
      Elçin İsgəndərzadənin poetik dili burada xüsusilə seçilir. O, böyük tarixi hadisələri pafoslu ifadələrlə deyil, çox vaxt kiçik və konkret detallar vasitəsilə təqdim edir: qapının tutacağı, pəncərə şüşəsi, təndir, süd, palaz, uşaq oyunu, kərpic, yağış, külək…
     Məhz bu detallar əsərin səmimiyyətini artırır. Şuşa yaddaşda, yaddaşlarda yaşayır.
     Elçin İsgəndərzadənin “Şuşam” əsəri bir şəhərə yazılmış şeir olmaqdan çox, Vətənə yazılmış poetik etirafdır.
     Bu əsərdə Şuşa bəzən ana, bəzən ev, bəzən uşaqlıq, bəzən nənə, bəzən yaralı quş, bəzən pəncərə, bəzən külək və yağış, bəzən də Zəfər simvoludur.
     Şairin “Şuşam”ı yaddaşla bu gün arasında körpü salır. Şuşanın dağıdılmış evləri ilə insanın dağılmış dünyasını birləşdirir, sonra həmin ağrının içindən yeni bir qürur doğurur.
     Bu poeziyanın əsas qənaəti belədir: Şuşanı itirmək yalnız bir şəhəri itirmək deyil, öz yaddaşının bir parçasını itirməkdir. Şuşanı xatırlamaq isə özünü, kökünü və Vətənini xatırlamaqdır.
     Elçin İsgəndərzadə öz poetik dünyasında Şuşanı həm ağrısı, həm sevgisi, həm də Zəfəri ilə yaşadır. Onun misralarında Şuşanın küləyi Bakıya qədər gəlir, yağışı yaddaşın üzərinə yağır, dağıntıları ürəyin içində qalır, qala divarları keçmişə boylanır, nənənin səsi nağıllardan eşidilir, uşaqların itmiş səsləri isə dağıntıların altından gəlir.
   Amma bütün bu ağrıların fövqündə bir həqiqət dayanır:
“Gözümüzün işığısan, ömrümüzün nurusan…”
Və bu nurun adı Şuşadır.
      Elçin İsgəndərzadənin “Şuşam” əsərinin poetik gücü də məhz bundadır: o, Şuşanı sadəcə təsvir etmir – onu yaşadır. Yaşadır ki, yaddaş yaşasın, yaddaş yaşasın ki, Vətən duyğusu nəsildən-nəslə ötürülsün.
      Şuşa isə bu poeziyada artıq yalnız keçmişin şəhəri deyil!
    O, Zəfərin şəhəridir.O, yaddaşın şəhəridir.O, ruhun şəhəridir. O, Azərbaycanın Şuşasıdır. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik!

Müəllif: Zaur USTAC

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTAC – ARİFİ-ƏŞAR

ARİFİ-ƏŞAR
(oçerk)
    Azərbaycan ədəbiyyatının böyük və əzəmətli bir yolu var. Bu yolun başlanğıcında xalqın yaddaşı, ortasında klassik söz sənətinin zirvələri, davamında isə həmin irsi yaşadan, yeni dövrə daşıyan sənətkarlar dayanır. Hər nəsil öz söz adamlarını yetişdirir. Lakin bütün şairlərin taleyi eyni olmur. Bəziləri zamanın içində görünür və zaman keçdikcə unudulur, bəziləri isə özlərindən sonra da sözün yaddaşında qalırlar.
Arif Buzovnalı ikinci sıraya mənsub sənətkarlardan idi.
    O, şeiri sadəcə yazan deyil, şeiri bilən şair idi. Qəzəli yalnız qələmə alan deyil, onun poetik quruluşunu, daxili musiqisini, məna qatlarını duyan qəzəlxan idi. Klassik irsimizə yalnız ehtiram göstərən deyil, həmin irsi araşdıran, şərh edən və yaşadan şeirşünas idi.
    Və bütün bunların arxasında Vətənə bağlı bir insan dayanırdı.
    Arif Buzovnalının həyatına nəzər salanda onun şairliyinin yalnız qələmlə ölçülmədiyini görürük. Çünki o, Vətəni sözlə sevdiyi qədər əməli ilə də qorumağa çalışmışdı.
MÜQƏDDƏS YOL
     Arif Rauf oğlu Əliyev – ədəbi aləmdə Arif Buzovnalı kimi tanınan şair, qəzəlxan, tədqiqatçı və şeirşünas – 6 sentyabr 1972-ci ildə Bakının qədim Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdi.
      Buzovna onun üçün sadəcə doğum ünvanı deyildi. Bu məkan sonralar onun təxəllüsünə çevrildi, yaradıcılıq kimliyinin bir hissəsi oldu. Şairin adına qoşulan “Buzovnalı” sözü onun doğulduğu torpağa mənəvi bağlılığının da ifadəsinə çevrildi.
      1979–1989-cu illərdə Buzovnadakı 26 saylı orta məktəbdə təhsil aldı. Ədəbiyyata marağı isə hələ yeniyetməlik illərində özünü göstərdi. 1987-ci ildə “Pioner” jurnalına göndərdiyi “Vahidə bənzətmə” şeiri nəşr edilməsə də, bu, onun yaradıcılıq yolunu dayandırmadı. Əksinə, həmin şeir 1991-ci ildə “Azərbaycan Gəncləri” qəzetində işıq üzü gördü.
     Bu, sadəcə ilk nəşr deyildi.
     Bu, gənc Arifin böyük ədəbiyyata ilk addımı idi.
VƏTƏNPƏRVƏRLİK
     Arif Buzovnalının həyatında elə bir məqam var ki, onun şairlik portretini bütövlükdə anlamaq üçün həmin məqam üzərində ayrıca dayanmaq lazımdır.
    1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna qəbul olundu. Lakin ali məktəbdə təhsil almaq əvəzinə könüllü olaraq Qarabağ cəbhəsinə getdi. 1994-cü il mayın 1-dək Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşdü.
   Şair üçün Vətən sevgisinin bundan böyük sınağı varmı?
    Hələ gənc yaşlarında qarşısında iki yol vardı: biri auditoriyaya, digəri səngərə aparırdı. O, səngəri seçdi.
     Bu seçim Arif Buzovnalının sonrakı yaradıcılığında da mənəvi iz buraxdı. Onun vətənpərvərliyini yalnız şeir misralarında axtarmaq düzgün olmazdı. Çünki bu hiss onun həyatının özündə vardı.
    Vətən onun üçün poetik mövzu olmaqdan əvvəl həyat həqiqəti idi.
    Bəlkə də elə buna görə onun şair obrazında söz adamı ilə Vətən adamı bir-birindən ayrılmır.
    QƏZƏLXAN
    Arif Buzovnalını Azərbaycan poeziyasının müasir qəzəlxanları sırasında fərqləndirən başlıca xüsusiyyət onun klassik poetik ənənəyə dərindən bağlılığı idi.
    Qəzəl yazmaq asan deyil.
Qəzəl yalnız qafiyə və rədifdən ibarət poetik forma deyil. Onun arxasında əsrlərin poetik təcrübəsi, dilin incəlikləri, məna və musiqinin vəhdəti, fəlsəfi düşüncə dayanır.
     Arif Buzovnalı qəzəlin məhz bu daxili mahiyyətinə vaqif sənətkarlardan idi.
    Onun 2023-cü ildə nəşr olunan “Qəzəllər” kitabı yaradıcılığının bu istiqamətinin mühüm göstəricilərindən biridir.
    Lakin Arif Buzovnalı qəzəli yalnız yazmırdı.
O, qəzəli oxuyur, araşdırır, şərh edir və öyrədirdi.
Bu baxımdan onun “Qırx qəzəl – Qırx şərh” tədqiqatı xüsusi maraq doğurur. Qəzəlin poetik qatlarını açmaq, klassik sözün məna dünyasına müasir oxucunu daxil etmək onun ədəbi fəaliyyətinin mühüm istiqamətlərindən biri idi.
Məhz burada Arif Buzovnalının şairlikdən şeirşünaslığa keçən ikinci siması görünür.
USANMAYAN QƏLƏMDAR
     Arif Buzovnalının klassik poeziya ilə münasibətinin mərkəzində Füzuli və Nəsimi kimi böyük sənətkarlar dayanırdı.
    Onun “Xətai və Füzuli… Düşüncələr”, “Nəsimi bir baxışda”, “Qırx qəzəl – Qırx şərh”, “Çün “əhsəni təqvim” idi” kimi tədqiqatları bu istiqamətdəki axtarışlarının nəticələridir.
     Füzuli irsi onun üçün keçmiş deyil, yaşayan məktəb idi.
    Nəsimi isə yalnız tarixi şəxsiyyət deyil, sözün qüdrətini, insanın mənəvi azadlığını və həqiqət axtarışını ifadə edən böyük fikir adamı idi.
     Arif Buzovnalı həmin məktəbin müasir dövrdəki davamçılarından biri kimi klassik poeziyanın imkanlarını yeni zamanın oxucusuna çatdırmağa çalışırdı.
     2018–2019-cu illərdə “Nəsimi – Şeir, incəsənət, mənəviyyat” festivalları çərçivəsində “Nəsimi məclisi” və “Bir qəzəlin şərhi” layihələrinin müəllifi və aparıcısı olması da bunu təsdiqləyir.
Bu fəaliyyət təsadüfi maraq deyildi.
Bu, klassik sözə sədaqət idi.
“ARİFİ-ƏŞAR”
    Arif Buzovnalının sənət dünyasına baxanda onun yalnız poetik istedadına deyil, şeir biliyinə xüsusi diqqət yetirmək lazımdır.
   Çünki şair çoxdur, amma şeirin daxili qanunlarını dərindən bilən şair azdır.
   O, klassik poetik formaları, əruzun imkanlarını, qəzəlin məna və musiqi sistemini, klassik sözün simvol və obrazlarını öyrənmişdi.
   Bu mənada “Arifi-əşar” adı onun yaradıcılıq portretinə çox yaraşır.
   Arifi-əşar – şeirin bilicisi.
   Bu ifadə Arif Buzovnalının adını yalnız qəzəlxan kimi deyil, poeziyanın mahiyyətini dərk edən sənətkar kimi təqdim etməyə imkan verir.
   Onun yaradıcılığında şair və tədqiqatçı obrazlarının birləşməsi də buradan qaynaqlanır.
   O, şeiri yazırdı ki, hiss etdiyini desin.
   Şeiri araşdırırdı ki, bildiyini paylaşsın.
   Qəzəli şərh edirdi ki, klassik sözün dərinliyi unudulmasın.
ARİF
    Arif Buzovnalının ədəbi fəaliyyəti kitablarla məhdudlaşmırdı. O, Azərbaycan ədəbi mühitinin canlı proseslərində fəal iştirak edən sənətkarlardan idi.
    Bakı və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən “Füzuli” və “Məcməüş-şüəra” məclislərinin üzvü olmuşdu. Müxtəlif illərdə “Azərbaycan Gəncləri”, “Kaspi”, “İki sahil”, “Yol”, “Olaylar”, “Ədəbiyyat qəzeti”, “Tək səbir”, “Nəbz”, “Şəhriyar” kimi qəzetlərdə, “Hikmət”, “Kəlam”, “Ulduz”, “Karvan”, “Azərbaycan” kimi jurnallarda şeirləri, məqalələri və müxtəlif mövzulu yazıları dərc olunmuşdu.
   2014–2021-ci illərdə Azərbaycan Dövlət Televiziyasında “Məclisi-Üns” verilişinin daimi iştirakçısı olması da onun ədəbi düşüncəsinin geniş auditoriyaya çatdırılmasına imkan verirdi.
Arif Buzovnalı beləliklə, yalnız yazı masasında deyil, ədəbi mühitin özündə yaşayan şair idi.
LAMƏKAN
     Şairin yaradıcılığının coğrafiyası da geniş idi.
2003-cü ildə Təbrizdə keçirilən “Şeri-tənz” Beynəlxalq şeir müsabiqəsinin qalibi olması, 2010-cu ildə Urmiyyədə keçirilən “Rəzəvi” Beynəlxalq Şeir Festivalında qalib gəlməsi onun poetik istedadının sərhədlər aşdığını göstərir. 2011–2016-cı illərdə həmin festivalda türkdilli şeir üzrə münsif kimi fəaliyyət göstərməsi isə artıq onun şeir bilicisi kimi qəbul edildiyini göstərirdi.
     Azərbaycan, Türkiyə, İran, Ukrayna və Rusiyada keçirilən elmi-ədəbi konfranslarda iştirakı, müxtəlif diplom və mükafatlara layiq görülməsi, şeirlərinin xarici dillərə tərcümə olunaraq müxtəlif ölkələrin mətbuatında çap edilməsi onun yaradıcılığının beynəlxalq ədəbi müstəvidə də tanındığını göstərir.
     Bu mənada Arif Buzovnalının poeziyası bir coğrafiyanın sərhədləri ilə məhdudlaşmırdı.
TƏRCÜMAN
    Arif Buzovnalının ədəbi şəxsiyyətində başqa bir maraqlı cəhət də tərcüməçilik fəaliyyəti idi.
Ömər Xəyyam, Sergey Yesenin və Leyla Əliyevanın əsərlərindən tərcümələri onun dünya poeziyasına marağını və müxtəlif poetik dünyalar arasında körpü yaratmaq istəyini göstərirdi.
Əslində tərcümə də bir növ şeir biliciliyidir.
Çünki başqa dildə yaranmış poetik fikri öz dilində yaşatmaq üçün yalnız dili bilmək kifayət etmir. Sözün ruhunu duymaq lazımdır.
   Arif Buzovnalı sözün ruhuna vaqif sənətkar idi.
USTAD
    2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Arif Buzovnalı müxtəlif illərdə ədəbi təşkilatçılıq sahəsində də mühüm fəaliyyət göstərmişdi.
    2016-cı ildə təsis edilmiş Xəzər Yazıçılar Birliyinin sədri, 2017-ci ildən Poeziya klubunun sədri, 2022-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin “Füzuli” komissiyasının sədri kimi fəaliyyət göstərməsi onun ədəbi prosesdəki mövqeyini daha da möhkəmləndirmişdi.
    Bu fəaliyyətin arxasında bir məqsəd dayanırdı: poeziyanı yaşatmaq, şairləri bir araya gətirmək, ədəbi mühitin canlılığını qorumaq.
KİTABDAR
     Arif Buzovnalının yaradıcılıq irsi doqquz kitab adı ilə yadda qalır: “Ömrün ötən anları” (1999), “Mərifətdən həqiqətə” (2005), “Səhərimə nə qalıb ki” (2007), “Xəzərim” (2009), “Sarı güllər” (2010), “Seçilmiş əsərlər” (2014), “Vadi” (2022), “Qəzəllər” (2023), “Məqalələr və şərhlər” (2025).
     Bu kitabların adlarında belə onun yaradıcılıq yolunun ayrı-ayrı izlərini görmək mümkündür.
Ömürdən həqiqətə…
Səhərdən Xəzərə…
Sarı güllərdən Vadiyə…
Və nəhayət, qəzəldən məqalə və şərhlərə…
Bu, sadəcə kitab siyahısı deyil.
Bu, bir şair ömrünün sözlərlə yazılmış xəritəsidir.
SÖZ və İRS
     Şairin 50 illik yubileyi münasibətilə 2022-ci ildə “Arif” kitabının çap olunması da onun ədəbi mühitdəki mövqeyinin göstəricilərindəndir. Kitabda həmkarlarının, elm və incəsənət xadimlərinin Arif Buzovnalının şəxsiyyəti və yaradıcılığı haqqında yazıları toplanmışdı.
    Bir sənətkar haqqında kitabın hazırlanması əslində onun yaradıcılıq taleyinə verilən ictimai qiymətdir.
     Arif Buzovnalı belə bir qiymətə hələ sağlığında layiq görülmüşdü.
ƏBƏDİYYƏT
   2025-ci il noyabrın 22-si Arif Buzovnalının ömrünün son səhifəsini yazdı. Şair Buzovnada, yaşadığı evdə vəfat etdi. Vida mərasimi Məşədi Qərib məscidində keçirildi və doğma Buzovna qəbiristanlığında torpağa tapşırıldı.
İnsan doğulduğu torpağa qayıtdı.
Amma şairin sözü torpağa getmədi.
Şairin əsl məzarı onun oxunan şeirləridir.
Qəzəlləridir.
Kitablarıdır.
Şərhləridir.
Onu tanıyan insanların yaddaşıdır.
Sözün əbədi yolu
     Arif Buzovnalının həyatına bir bütöv kimi baxanda qarşımızda maraqlı və çoxşaxəli bir sənətkar obrazı yaranır.
O, şair idi – çünki hisslərini sözə çevirirdi.
Qəzəlxan idi – çünki klassik poeziyanın incəliklərini yaşadırdı.
Şeirşünas idi – çünki şeiri araşdırır və izah edirdi.
Tədqiqatçı idi – çünki klassik ədəbi irsin dərinliklərinə enirdi.
Tərcüməçi idi – çünki müxtəlif poetik dünyaları Azərbaycan oxucusuna yaxınlaşdırırdı.
Vətənpərvər idi – çünki gənc yaşında Qarabağ cəbhəsində döyüşmüşdü.
Və ən əsası, sözə sədaqətli idi.
       Bu xüsusiyyətlərin hər biri ayrıca qiymətlidir. Amma onların bir şəxsiyyətdə birləşməsi Arif Buzovnalının ədəbi portretini tamamlayır.
      O, sözün yalnız gözəlliyini deyil, məsuliyyətini də anlayırdı.
     Çünki söz bəzən qılıncdan kəskin, yaddaşdan uzunömürlü olur.
     Arif Buzovnalı ömrünün müəyyən bir çağında silahla Vətənin müdafiəsinə qalxdı, sonrakı illərində isə qələmlə milli-mənəvi yaddaşın keşiyində dayandı.
    Bəlkə də onun həyat yolunun ən böyük mənası elə budur:
səngərdə Vətəni, sözdə isə milli ruhu qorumaq.
   Ana dilim, söz yaşadıqca Arif yaşayacaq!
    Bu gün Arif Buzovnalı haqqında keçmiş zamanda danışırıq.
    Amma şairlər haqqında keçmiş zamanda danışmaq həmişə mümkün deyil.
    Çünki onların bədəni torpaqda, sözü isə zamanın içində qalır.
    Arif Buzovnalı da öz sözünü zamanın yaddaşına əmanət edib.
    Onun qəzəllərində klassik poeziyanın nəfəsi, tədqiqatlarında elmi düşüncənin izi, Vətənə münasibətində döyüşçü ruhu, ədəbi fəaliyyətində isə söz adamının məsuliyyəti yaşayır.
    Buzovnanın daş küçələrindən ədəbiyyatın böyük yoluna çıxan bu şair indi həmin yolun özündədir.
Füzulinin qəzəl dünyasına ehtiramla,
Nəsiminin fikir zirvəsinə heyranlıqla,
Xətainin milli ruhuna bağlılıqla,
Vətənin torpağına sədaqətlə…
Arif Buzovnalı öz söz dünyasını qurdu.
İndi həmin dünyanın qapısını onun kitabları açır.
Və o qapıdan içəri girən hər kəs bir daha anlayır:
şair gedə bilər, amma şeir getmir.
Qəzəl susa bilər, amma qəzəlin ruhu susmur.
İnsan dünyadan köçə bilər, amma sözün ömrü davam edir.
Arif Buzovnalının da əbədi ünvanı elə həmin ömürdür – sözün ömrü.
Bu ömrün adı isə yaddaşımızda bir ifadə ilə yaşayacaq:
ARİFİ-ƏŞAR – ŞEİRİN BİLİCİSİ, QƏZƏLİN SƏDAQƏTLİ SƏNƏTKARI, VƏTƏNİN OĞLU.
07.09.2026. Bakı.

Müəllif: Zaur USTAC

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Babəklər yurdunun hürr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sədulla Şirinovun yaradıcılığı haqqında – birinci yazı

QƏM MƏŞƏLİNİN İŞIĞINDA
(“Sönməyən qisas” haqqında)
Salam olsun, çox dəyərli oxucum! Ədəbiyyat yalnız söz sənəti deyil. Ədəbiyyat həm də yaddaşdır, vicdandır, zamanın şahididir. Yazıçı bəzən bir hadisəni nəql etməklə kifayətlənmir, həmin hadisənin insan yaddaşında yaratdığı izləri, mənəvi nəticələri, cəmiyyətə verdiyi sualları da gələcəyə daşıyır. Bu mənada Sədulla Şirinovun yaradıcılığına nəzər saldıqda qarşımıza ilk növbədə insanı düşündürmək, keçmişlə bu gün arasında mənəvi bağ yaratmaq, milli yaddaşı qorumaq və cəmiyyətin ağrılı problemlərinə sözün gücü ilə münasibət bildirmək istəyən bir qələm sahibi çıxır.
Bu baxımdan yazıçının 2024-cü ildə işıq üzü görmüş “Sönməyən qisas” kitabı xüsusi diqqət çəkir. 176 səhifəlik nəşrə bir povest və səkkiz hekayə daxil edilib. Kitab müəllifin dördüncü kitabıdır. Nəşrin redaktoru araşdırmaçı yazar, ədəbi təhlilçi və publisist Vaqif Osmanlıdır. Kitab haqqında redaktor təqdimatında da vurğulandığı kimi, Sədulla Şirinov zamanın burulğanlarında cərəyan edən ictimai-siyasi hadisələrə və xalqımızın mənəvi dünyasının müxtəlif tərəflərinə öz baxışı ilə yanaşan, keçmişimizlə bu günümüz arasında mənəvi körpü yarada bilən qələm sahiblərindəndir.
“Sönməyən qisas”ı oxuduqca aydın görünür ki, burada söhbət yalnız qisasdan getmir. Əsərin adı oxucunu ilk baxışdan intiqam, qarşıdurma və düşmənçilik anlayışlarına yönəltsə də, kitabın ümumi fəlsəfəsi daha genişdir. Buradakı “qisas” həm də yaddaşın qisasıdır, ədalət duyğusunun qisasıdır, tarix qarşısında unutmamaq borcunun ifadəsidir. Yazıçının mövqeyində əsas məsələ nifrəti böyütmək deyil, insanı mənəvi məsuliyyətə çağırmaqdır.
Kitabın “Keçmişdən gələcəyə mənəvi körpü” adlı ön sözündə Sədulla Şirinov yaradıcılığının əsas istiqaməti çox dəqiq müəyyənləşdirilir. Vaqif Osmanlı yazır ki, müəllif uzun illər yazıb-yaratmasa da, sonralar qələmə sarılaraq ardıcıl şəkildə maraqlı nəsr nümunələri ortaya qoyub. Bu qayıdışın arxasında insanı, dünyanı və gözəllikləri qorumaq istəyinin dayandığı vurğulanır.
Bu, Sədulla Şirinov yaradıcılığının ən mühüm xüsusiyyətlərindən biridir: o, sözü sadəcə bədii ifadə vasitəsi kimi deyil, insanın mənəvi tərbiyəsinə xidmət edən vasitə kimi qəbul edir. Onun qəhrəmanları arasında yaxşı və pis, mərhəmətli və amansız, müdrik və nadan insanlar qarşılaşdırılır. Bu qarşılaşdırma təsadüfi deyil. Yazıçı oxucunu seçim qarşısında qoyur: insan hansı yolu seçməlidir?
Ön sözdə müəllifin əsərlərinin ana xəttinin mənəviyyat olduğu xüsusi vurğulanır. Hətta bəzi fikirlərinin aforizm səviyyəsinə yüksəldiyi qeyd edilir. Məsələn, “Dost seçəndə özündən ağıllısını seç”, “Allah böyüklərimizin bizə verdikləri öyüd-nəsihəti dua kimi qəbul edir” kimi fikirlər yazıçının nəsrində adi dialoq çərçivəsindən çıxaraq həyat fəlsəfəsinə çevrilir.
Bu baxımdan Sədulla Şirinovun nəsrində böyüklərin sözü xüsusi əhəmiyyət daşıyır. Ana nəsihəti, ata tövsiyəsi, ağsaqqal məsləhəti, həyat təcrübəsi gənc qəhrəmanların davranışlarını müəyyən edən mənəvi kompas rolunu oynayır.
Kitabın əsas əsəri olan “Sönməyən qisas” povesti ilk növbədə insan xarakterlərinin toqquşması üzərində qurulub. İslam, Qabil, Şəlalə, Qönçə kimi gənclərlə Şamil və onun kimiləri arasında fərq yalnız davranış fərqi deyil. Bu fərq, əslində, tərbiyə, ailə, mənəvi dəyərlər və insanın öz üzərində qurduğu nəzarət məsələsidir.
Povestin başlanğıcındakı fəlsəfi yanaşma da təsadüfi deyil. Yazıçı maddi dünyanın faniliyinə qarşı sözün ölməzliyini qoyur. Ağacın yarpağı tökülür, insanın bədəni torpağa qarışır, qurulanlar dağılır, lakin dəyərli söz nəsildən-nəslə keçərək yaşaya bilir.
Bu düşüncə Sədulla Şirinovun yaradıcılıq kredosunu ifadə edir. Yazıçı üçün əsərin əsas missiyası oxucunu əyləndirməkdən daha böyükdür. O, oxucunu düşündürmək, ona həyat dərsi vermək, insan davranışının nəticələrini göstərmək istəyir.
İslam obrazı bu baxımdan xüsusilə maraqlıdır. O, ideal qəhrəman kimi təqdim edilmir. Səhv edir, hirslənir, yanlış addım atır, lakin səhvindən nəticə çıxarmağı bacarır. Atasının “gecikmiş qapazı” da onun həyatında cəza olmaqdan daha çox, mənəvi dönüş nöqtəsinə çevrilir.
Burada yazıçının mühüm bir həqiqəti önə çəkməsi diqqətəlayiqdir: insanın böyüməsi yalnız yaşla bağlı deyil. İnsan səhvini dərk etdiyi, məsuliyyətini qəbul etdiyi, öz davranışına kənardan baxa bildiyi zaman mənəvi baxımdan böyüyür.
Sədulla Şirinovun nəsrində ailə sadəcə hadisələrin baş verdiyi məkan deyil. Ailə insan xarakterinin formalaşdığı məktəbdir.
İslamın, Qabilin, Şəlalənin və Qönçənin davranışlarında ata-ana nəsihətinin izlərini görmək mümkündür. “Rastlaşdığın yad qızları öz bacın, oğlanları qardaşın, ahılları ata-anan zənn elə!” şəklində ifadə olunan nəsihət əslində bütün kitabın mənəvi mahiyyətini açan açarlardan biridir.
Bu düşüncə bu gün xüsusilə aktualdır. Çünki müasir cəmiyyətdə informasiya çoxalıb, lakin mənəvi istiqamət bəzən zəifləyib. Sədulla Şirinovun əsərləri məhz bu məqamda oxucuya sual verir: insanın texniki imkanları artdıqca onun mənəvi məsuliyyəti də artırmı?
Yazıçının cavabı birmənalıdır: insanın əsl böyüklüyü onun malik olduğu sərvətlə, vəzifə ilə, fiziki güclə deyil, insanlara münasibəti ilə ölçülür.
“Sönməyən qisas” kitabının ən mühüm istiqamətlərindən biri də Qarabağ mövzusudur. Kitabdakı hekayələrdə Qarabağ hadisələri, Xocalı faciəsi, məcburi köçkünlük ağrısı, doğma yurd həsrəti və Zəfər ümidi mühüm yer tutur.
“Xocalı yarası” hekayəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yazıçı Xocalı faciəsini yalnız tarixi hadisə kimi təqdim etmir, onun insan ruhunda açdığı yaranı göstərməyə çalışır. Azər kişi obrazı timsalında uzun illər davam edən Qarabağ həsrəti, itki, gözlənti və nəhayət Zəfərə qovuşmaq arzusu ifadə edilir.
Burada diqqət çəkən mühüm məqam odur ki, müəllif faciəni təsvir etməklə kifayətlənmir. O, faciənin insan psixologiyasına təsirini araşdırır. Xocalı yaddaşı onun qəhrəmanlarında yalnız ağrı deyil, həm də ədalət arzusu yaradır.
Kitabın qəhrəmanlarından biri üçün ən böyük arzu “məğlub vətəndaş damğası ilə bu dünyadan köçməməkdir”. Bu ifadə bütöv bir nəslin psixologiyasını əks etdirən güclü publisistik məna daşıyır.
Sədulla Şirinovun yaradıcılığında Qarabağ mövzusu yalnız keçmişin ağrısı kimi qalmır. Yazıçı onu gələcəyə aparır. Xocalının azadlığı, Qarabağda yeni həyatın başlanması, insanların doğma yurda qayıtmaq arzusu əsərlərdə ümid xəttini formalaşdırır.
Bu mənada “Sönməyən qisas” adının içində həm ağrı, həm də yaddaş var. Qisas burada yalnız keçmişə yönəlmiş hiss deyil; həm də gələcək nəsillərə “unutma” çağırışıdır.
Ədəbiyyatın milli yaddaşdakı missiyası da məhz budur. Tarixi hadisələri yalnız salnamələrdə deyil, insan talelərində yaşatmaq.
Kitabdakı digər mühüm xətt doğma yurd anlayışıdır. Şəhərdə yaşayan, lakin kənd və ata-baba ocağı üçün darıxan qəhrəmanlar vasitəsilə müəllif müasir insanın köklərindən uzaqlaşması probleminə toxunur.
“Doğma yurdun cazibəsi” hekayəsinin özündə belə bu mövzu artıq başlıqdan görünür. Kitabın ön sözündə də vurğulanır ki, müəllifin müsbət qəhrəmanlarının əsas məramlarından biri milli ruha, kökə və düşüncəyə bağlılıq, ocaqdan qopmamaqdır.
Bu, Sədulla Şirinovun nəsrini sırf məişət hekayəçiliyindən fərqləndirən cəhətlərdəndir. O, kəndi sadəcə coğrafi məkan kimi deyil, yaddaş və mənəviyyat məkanı kimi təqdim edir.
Sədulla Şirinovun yaratdığı obrazların maraqlı tərəflərindən biri onların həyatdan götürülmüş təsiri bağışlamasıdır. Vaqif Osmanlının kitabın ön sözündə qeyd etdiyi kimi, müəllifin obrazları bir-birinə oxşamır; hər birinin özünəməxsus xarakteri var.
Bu obrazlar arasında müsbət qəhrəmanlar qədər mənfi xarakterlər də yadda qalır. Hədis, Kamal, Malik, Pərixanım kimi obrazlar cəmiyyətin müxtəlif mənəvi qüsurlarının bədii ifadəsinə çevrilirlər. Onların davranışları yalnız özlərinə deyil, ailələrinə və ətraflarına da zərər vurur. Belə insanların arxasında sərvət yox, çox vaxt “xəcalət yükü” qalır.
Yazıçı bununla oxucunu ətrafındakı insanlara başqa gözlə baxmağa vadar edir. Ədəbiyyatın gücü də bir qədər buradadır: oxucu bəzən özünü əsərdə deyil, qonşusunda, tanışında, hətta öz davranışında görür.
Sədulla Şirinovun yaradıcılıq fəaliyyətinin son beş ili, xüsusilə 2024–2026-cı illər aralığı, məhsuldarlığı və ictimai-ədəbi fəallığı ilə ayrıca qeyd edilməyə layiqdir.
“Sönməyən qisas” 2024-cü ildə onun dördüncü kitabı kimi nəşr olundu. Ardınca yazıçının digər əsərləri də ardıcıl şəkildə oxucuya təqdim edildi. Sədulla Şirinovun “Şəhid atası” kitabı artıq müəllifin sayca yeddinci kitabı kimi təqdim olunur. Həmin mənbədə onun əvvəlki altı kitabının da adı sadalanır.
Bu fakt özü son illərdəki yaradıcılıq tempinin nə qədər yüksəldiyini göstərir. Bir vaxtlar uzun müddət yazıdan uzaq qalan müəllifin sonrakı mərhələdə ardıcıl kitablarla çıxış etməsi Azərbaycan nəsri üçün maraqlı yaradıcılıq hadisəsidir.
Daha mühümü isə odur ki, bu fəallıq yalnız kitab çapı ilə məhdudlaşmayıb. Sədulla Şirinovun yaradıcılığı ədəbi ictimaiyyət tərəfindən də diqqətdə saxlanılıb.
Sədulla Şirinovun son illərdəki fəaliyyətinin qiymətləndirilməsi baxımından “Yazarlar” jurnalı tərəfindən verilən təltiflər xüsusi qeyd olunmalıdır.
2024-cü ildə yazıçı nəsr sahəsində uğurlu fəaliyyətinə görə “Yazarlar” jurnalı tərəfindən təqdim olunan “İsa Muğanna” diplomu ilə təltif edilib. Təltif mərasimi Balakən rayonunun Qaravəlli kəndində keçirilib və diplomu “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac təqdim edib.
Həmin il, “Sönməyən qisas” kitabının işıq üzü görməsindən sonra Sədulla Şirinov “Ziyadar” mükafatına da layiq görülüb. Mükafatın məhz yeni kitabına görə təqdim edilməsi “Sönməyən qisas”ın müəllif yaradıcılığında mühüm mərhələ kimi qəbul edildiyini göstərir.
2026-cı ildə isə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında Sədulla Şirinovun yaradıcılığına həsr olunmuş görüş keçirilib. Tədbirdə yazıçının son illərdə çap olunmuş kitabları təqdim olunub, onun yaradıcılığı haqqında söz adamları və ziyalılar fikirlərini bölüşüblər. Həmin tədbirdə Sədulla Şirinov son illər ərzində qazandığı uğurlara görə yazarlar cameəsi adından “Alqışnamə” mükafatı ilə təltif olunub. Mükafatı yenə “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac təqdim edib.
Beləliklə, son illərdə Sədulla Şirinovun “Yazarlar” tərəfindən bir neçə dəfə təltif edilməsi onun yaradıcılıq fəaliyyətinin ədəbi mühitdə diqqətlə izlənildiyini göstərən mühüm faktlardan biridir.
Sədulla Şirinovun son beş ildəki fəaliyyətini yalnız nəşr olunan kitabların sayı ilə ölçmək düzgün olmazdı. Burada daha mühüm bir məsələ var: müəllifin yaradıcılıq enerjisini cəmiyyətin mənəvi ehtiyaclarına istiqamətləndirməsi.
Onun əsərlərində ailə, dostluq, qonşuluq, ağsaqqallıq, vətən, Qarabağ, Xocalı, yurd həsrəti, insanlıq, mərhəmət, vicdan, tərbiyə və milli yaddaş kimi mövzular bir-birindən ayrı deyil. Bunların hamısı vahid mənəvi sistemin hissələridir.
Sədulla Şirinov oxucuya sanki belə deyir: insan əvvəlcə insan olmalıdır. Qalan bütün dəyərlər bundan sonra gəlir.
Bu baxımdan onun yaradıcılığında mənəviyyat təsadüfi mövzu deyil, başlıca istiqamətdir. Kitabın redaktoru da bunu açıq şəkildə vurğulayır: Sədulla Şirinovun əsərlərinin ana xətti mənəviyyatdır.
Bu kitabı yalnız 2024-cü ilin nəşri kimi qiymətləndirmək azdır. “Sönməyən qisas”ın ayrı-ayrı problemləri bu gün də öz aktuallığını qoruyur.
Dost seçimi, ailə tərbiyəsi, gənclərin davranışı, valideyn məsuliyyəti, yaşlı nəslin gənclərə münasibəti, cəmiyyətdə mənəvi aşınma, doğma yurda bağlılıq və milli yaddaş kimi məsələlər zaman keçdikcə əhəmiyyətini itirmir.
Əksinə, informasiya əsrində bu suallar daha da kəskinləşir. İnsan çox şey bilir, lakin bildiklərinin nə qədərini mənəvi davranışa çevirə bilir? Sədulla Şirinovun əsərləri məhz bu sual ətrafında düşünməyə sövq edir.
Onun nəsrində həyat dərsi hazır formul kimi verilmir. Hadisə baş verir, qəhrəman səhv edir, nəticə ilə üzləşir, sonra düşünür. Oxucu da onunla birlikdə düşünür. Əsl ədəbiyyatın gücü də budur.
Sədulla Şirinovun yaradıcılığına ümumi nəzər salanda onun əsas missiyasını bir cümlə ilə ifadə etmək mümkündür: keçmişin dərslərini bu günün insanına çatdırmaq və bu günün insanını gələcək qarşısında məsuliyyətli olmağa çağırmaq.
“Sönməyən qisas” bu missiyanın parlaq nümunələrindən biridir.
Kitabın bir tərəfində Xocalı ağrısı, Qarabağ həsrəti, itkilər, keçmişin yaraları dayanırsa, digər tərəfində ailə, sevgi, mərhəmət, tərbiyə, dostluq, doğma yurd və gələcəyə inam dayanır. Bu iki tərəfi birləşdirən isə sözdür.
Sədulla Şirinov sözə inanır. Onun üçün dəyərli söz insan ömründən daha uzun yaşaya bilər. Məhz buna görə də onun əsərlərində söz həm yaddaş, həm xəbərdarlıq, həm də ümid funksiyası daşıyır.
Bu gün Azərbaycan ədəbiyyatında müxtəlif istiqamətlərdə yazan müəlliflər çoxdur. Lakin hər yazıçının öz söz yükü, öz müşahidə bucağı, öz mənəvi qayəsi var. Sədulla Şirinovun fərqləndirici cəhəti isə sadə, həyatın içindən gələn hadisələr vasitəsilə böyük mənəvi suallar qoymasıdır.
Onun qəhrəmanları uzaq və əlçatmaz insanlar deyil. Onlar bizim kəndlərimizdə, şəhərlərimizdə, ailələrimizdə, qonşuluqlarımızda qarşılaşa biləcəyimiz insanlardır. Ona görə də Sədulla Şirinovun nəsrində oxucu öz həyatından izlər tapır.
“Sönməyən qisas”ın ən mühüm məziyyətlərindən biri də yaddaş məsələsini gündəmdə saxlamasıdır. Xocalı unudulmamalıdır. Qarabağ ağrısı unudulmamalıdır. Ata-ana nəsihəti, ağsaqqal sözü, doğma yurdun xatirəsi, insanlıq borcu da unudulmamalıdır.
Çünki unutmaq yalnız keçmişi itirmək deyil. Unutmaq gələcəyin istiqamətini də itirməkdir.
Sədulla Şirinov öz əsərləri ilə yaddaşa qarşı unutqanlığın, mənəviyyata qarşı biganəliyin, insanlığa qarşı laqeydliyin qarşısında dayanır. Bu baxımdan onun son illərdə ardıcıl kitablarla çıxış etməsi, ədəbi tədbirlərdə iştirak etməsi və müxtəlif mükafatlarla təltif olunması təsadüfi hadisələr kimi görünmür. Bu, uzun illərin müşahidəsinin və yığılmış həyat təcrübəsinin sözə çevrilməsinin nəticəsidir.
Sədulla Şirinovun “Sönməyən qisas” kitabı haqqında danışarkən yalnız bir povestdən və səkkiz hekayədən bəhs etmiş olmuruq. Biz bir yazıçının dünyaya, insana, tarixə və cəmiyyətə münasibəti ilə qarşılaşırıq.
Bu kitabda qisas var, amma qisasın fövqündə ədalət dayanır.
Bu kitabda ağrı var, amma ağrının içindən ümid boylanır.
Bu kitabda keçmiş var, amma keçmiş gələcəyi işıqlandırmaq üçün xatırlanır.
Bu kitabda Xocalı var, amma Xocalı yaddaşının yanında Zəfər və yenidənqurma arzusu da var.
Bu kitabda səhv edən insanlar var, amma onların qarşısında həmişə doğru yolu göstərən bir ata, ana, ağsaqqal, dost və vicdan dayanır.
Məhz buna görə Sədulla Şirinovun yaradıcılığını yalnız hadisələri təsvir edən nəsr kimi qiymətləndirmək doğru olmaz. Onun nəsrinin əsas qayəsi insanı öz vicdanı ilə üz-üzə qoymaqdır.
Son beş ildə, xüsusən 2024–2026-cı illərdə onun yaradıcılıq fəaliyyətinin nəzərəçarpacaq dərəcədə intensivləşməsi, yeni kitablarının ardıcıl nəşri, ədəbi mühitdə haqqında keçirilən tədbirlər və “Yazarlar” jurnalı tərəfindən müxtəlif illərdə “İsa Muğanna” diplomu, “Ziyadar” və “Alqışnamə” kimi təltiflərlə qiymətləndirilməsi bu yaradıcılıq yolunun diqqətəlayiq mərhələyə yüksəldiyini göstərir.
Sədulla Şirinovun “Sönməyən qisas”ı isə bu yolun mühüm dayanacaqlarından biridir. Çünki bəzi kitablar oxunub bitir, bəziləri isə oxucunun içində davam edir. “Sönməyən qisas” məhz ikinci kateqoriyaya aid əsərlərdən biri kimi yadda qalır.
Sözün ömrü müəllifin ömründən uzun olur. Sədulla Şirinovun öz yaradıcılıq dünyasında inandığı kimi, dəyərli söz zamandan-zamana adlayır, nəsildən-nəslə keçir.
Və bu mənada “Sönməyən qisas” yalnız keçmişin qisasını deyil, yaddaşın, vicdanın, ədalətin və mənəviyyatın sönməyən işığını yaşadır. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
23.08.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Robert Louis Stevenson – Xəzinələr adası

Robert Louis Stevenson
XƏZİNƏLƏR ADASI
I FƏSİL
“Admiral Benbou” mehmanxanasındakı qoca dəniz qulduru
Mən Cim Hokinsəm və sizə “Xəzinələr adası” haqqında hekayəni danışacağam. Bu hadisələr mən hələ uşaq olanda başlamışdı. Dəniz sahilində atamın “Admiral Benbou” adlı mehmanxanası var idi. Bir gün hündürboylu, qüvvətli bir qoca dənizçi böyük bir dəniz sandığı ilə gəlib çıxdı.
— Mənə bir stəkan rom gətirin! — o, atama dedi. — Burada adam çox olur?
Atam dedi ki, xeyr.
— Əla! Mən burada qalacağam. Mənə kapitan deyə bilərsiniz. Sandığımı otağıma aparın.
Hər gün o, qayalıqlara gedər, teleskopu ilə dənizə baxardı. Hər gün də bizdən soruşardı:
— Buralarda heç dənizçi görürsünüz?
Biz başa düşməyə başladıq ki, o, heç bir dənizçi ilə qarşılaşmaq istəmir. Bir gün mənə dedi:
— Bir ayağı olmayan bir dənizçini görəndə mənə xəbər ver, sənə pul verəcəyəm.
Bəzən qoca kapitan çox rom içirdi. Sonra mahnı oxuyar və bizə dəhşətli hekayələr danışardı. O, bizə heç pul vermirdi. Buna görə yazıq atam narahat idi və xəstələndi. Bir gün günortadan sonra doktor Livsi onu ziyarət etməyə gəldi.
Həmin axşam həkim bir neçə dostu ilə birlikdə qəlyanını çəkirdi. Qoca kapitan da orada idi.
— Sükut! — dedi o. — Sizə bir əhvalat danışacağam.
— Siz mənimlə danışırsınız, ser? — deyə doktor Livesey qəzəblə soruşdu.
— Bəli!
— Siz həddindən artıq çox rom içirsiniz, ser, — dedi həkim. — Bir gün bunun ucbatından öləcəksiniz.
Qəzəbli kapitan cibindən bir bıçaq çıxardı.
— O bıçağı cibinizə qoyun, — həkim sakitcə dedi, — yoxsa həbs olunacaqsınız. Mən həm də magistratam.
Kapitan bıçağı cibinə qoyub oturdu. Həmin axşam o, çox sakit idi.
Həmin qış hava soyuq keçirdi və atamın vəziyyəti daha da pisləşdi. Yanvar ayında bir səhər bir dənizçi gəlib çıxdı.
— Burada Bill adlı bir adam varmı? — deyə soruşdu.
Mən dedim ki, burada yalnız kapitan var və o, sahildədir.
Sonra həmin adam qapının arxasında gizlənib gözlədi. Kapitan içəri girəndə onu görmədi.
— Bill!
Kapitan cəld ətrafına baxdı. Üzü ağappaq olmuşdu.
“Məni tanıyırsan, Bill!” – kişi dedi. “Biz köhnə dostlarıq.”
“Qara Köpək!”
“Bəli! Səni görməyə gəlmişəm.”
“Nə istəyirsən?”
Onlar bir az rom içmək üçün masanın arxasında oturdular. Qapı açıq idi və Qara Köpək qapının yanında oturmuşdu. Mən onların söhbətini eşidə bilmirdim. Sonra böyük bir səs-küy qopdu və masa ilə stullar aşdı. Mən Qara Köpəyin çiynində qan gördüm. Sonra o, qapıdan qaçıb çıxdı. Kapitanın qılıncında da qan var idi.
“Mənə bir az rom gətir, Cim!” – deyə o bildirdi.
Mən romla geri qayıdanda kapitan yerdə uzanmışdı. Gözləri bağlı idi və üzü çox ağarmışdı.
Sonra doktor Livsi atamı müayinə etmək üçün gəldi. O, kapitana baxıb dedi:
“Çox rom içir və buna görə də xəstələnib.”
Sonra kapitanın qolundakı döyməni mənə göstərdi.
“Bax, onun adı burada yazılıb”, – dedi. “Billi Bons.”
Bir neçə dəqiqədən sonra kapitan gözlərini açdı.
“İndi, cənab Bons, bir daha rom içməyin, yoxsa öləcəksiniz”, – deyə həkim ona bildirdi.
Biz onu yuxarı mərtəbədəki otağına apardıq və yatağına uzatdıq.
Saat on ikidə bir az dərmanla onun otağına girdim.
Amma o dedi ki, bir stəkan rom istəyir.
— Amma həkim… — deyə başladım.
— Həkim? O mənim haqqımda nə bilir ki? Mənə bir stəkan rom gətir, Cim, sənə pul verərəm.
— Mən sənin pulunu istəmirəm, — dedim. — Amma romu gətirdim.
— Nə qədər yataqda qalmalıyam, Cim?
— Həkim bir həftə deyir.
— Amma indi onlar mənim harada olduğumu bilirlər və bura gələcəklər, gələcəklər! Məni öldürmək və mənim sandığımı götürmək istəyirlər. Cim, bu gün Qara Köpəyi gördünmü? O pis adamdır, amma o birilər daha da pisdir! Onlar mənim sandığımı istəyirlər. Bilirsən, onlar qoca Kapitan Flintin adamlarıdır və onun xəzinəsinin harada olduğunu öyrənmək istəyirlər. Mənə qara ləkə verəcəklər!
— Qara ləkə nədir? — deyə soruşdum.
— Onlar səni öldürməzdən əvvəl həmişə sənə qara ləkə verirlər!
Həmin axşam yazıq atam öldü. Bir neçə gün anamla mən çox məşğul idik və kapitan haqqında çox düşünmürdük. Atamın dəfnindən sonrakı gün əlində əsa olan kor bir kişi mehmanxananın qarşısında dayandı və məndən bunun “Admiral Benbou” olub-olmadığını soruşdu.
— Bəli, — dedim.
“Gənc dostum, mənə əlini verərsənmi, məni mehmanxanaya apararsanmı?”
Əlimi ona verəndə məni cəld özünə tərəf çəkdi.
— İndi, oğlan! Məni kapitanın yanına apar!
— Apara bilmərəm, ser, — dedim.
— Nə? Məni apar, yoxsa qolunu sındıraram!
Onun səsi soyuq və amansız idi. Mən ondan çox qorxurdum və onu kapitanın yanına apardım. Yazıq qoca pirat da çox qorxmuşdu.
— İndi sol əlini mənə ver, Bill, — kor kişi dedi.
Sonra kapitanın əlinə bir şey qoydu və mehmanxanadan çox sürətlə çıxdı. Kapitan sol əlinə baxdı. Orada üzərində qara ləkə olan bir kağız parçası vardı.
— Saat onda! Onlar saat onda gələcəklər və məni öldürəcəklər. Cəmi altı saatımız var, Cim! Hələ vaxtımız var!
Kapitan ayağa qalxmağa çalışdı, amma elə həmin anda əlini ürəyinin üstünə qoyub yerə yıxıldı. Mən ona kömək etmək üçün qaçdım, amma o, artıq ölmüşdü.

Ardı: Robert Louis Stevenson – Xəzinələr adası

Müəllif: Robert Louis Stevenson

İngilis dilindən tərcümə: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I





İlqar İsmayılzadə haqqında

YÜZ ON BEŞİNCİ YAZI

Gözəllik mənəvi xilas yoluna çevriləndə
(“Səmimi sətirlər çələngi” layihəsi üçün)
    Salam olsun, çox dəyərli oxucum! Azərbaycan ədəbi-mədəni düşüncə məkanında elə şəxsiyyətlər var ki, onların yaradıcılığı yalnız müəyyən bir sahənin sərhədləri daxilində qalmır. Belə insanlar elmə fəlsəfi düşüncə, poeziyaya mənəvi dərinlik, publisistikaya isə ictimai məsuliyyət gətirirlər. Onların sözündə yalnız fikir deyil, həyat mövqeyi də danışır. İlahiyyatçı-yazar, alim, filosof, şair və publisist İlqar İsmayılzadə də məhz belə ziyalılarımızdandır.
     Onun çoxşaxəli fəaliyyəti elm, fəlsəfə, poeziya, ilahiyyat və mənəviyyatın bir-birindən ayrı deyil, vahid düşüncə sisteminin müxtəlif istiqamətləri olduğunu göstərir. İlqar İsmayılzadənin qələmi insanı yalnız düşündürmək üçün deyil, həm də öz daxilinə boylanmağa, mənəvi məsuliyyətini dərk etməyə çağırır.
     Bu baxımdan onun 4 iyun 2020-ci ildə “apa.az”da yayımlanan “Dünyanın xilaskarı barədə…” məqaləsi xüsusi diqqət çəkir. Yazı ilk baxışda məşhur “Dünyanı gözəllik xilas edəcək!” ifadəsinin mənası üzərində düşüncə kimi təsir bağışlasa da, əslində müəllif burada gözəllik anlayışının mahiyyətinə enir və oxucunu daha böyük bir həqiqətlə qarşılaşdırır: dünyanı zahiri gözəllik deyil, insanın mənəvi gözəlliyi və etik məsuliyyəti xilas edə bilər.
     İlqar İsmayılzadənin bu yazısı onun publisistik təfəkkürünün əsas xüsusiyyətlərindən birini — məşhur fikirləri hazır qəlibdə qəbul etməmək, onların arxasında dayanan həqiqəti araşdırmaq və oxucunu həmin həqiqət üzərində düşünməyə sövq etmək bacarığını aydın şəkildə nümayiş etdirir.
“Dünyanı gözəllik xilas edəcək!” — dünya ədəbiyyatı və fəlsəfi düşüncəsində geniş yayılmış, cazibədar və düşündürücü ifadələrdən biridir. İlqar İsmayılzadə də məhz bu ifadədən çıxış edir. Lakin o, gözəlliyi yalnız zahiri görünüş, abadlıq və estetik görüntü səviyyəsində qəbul etmir.
     Müəllif yazır:
“Cümlə olduqca cazibədar və çox gözəldir.”
Amma ardınca bu “gözəl” cümlənin mahiyyətinə sual verir. Çünki dünyanın keçmişinə nəzər saldıqda görürük ki, zahiri gözəllik bəşəriyyətin problemlərini həll etməyib. Dünyanın tarixində gözəl simalı, cazibədar görünüşlü, yüksək mövqeli insanlar da olub; lakin insanlıq yenə müharibələrin, zorakılığın, fitnənin, ədalətsizliyin və mənəvi böhranların ağrısını yaşayıb.
      İlqar İsmayılzadə burada çox mühüm bir fərq qoyur: gözəllik yalnız görünən deyil, yaşanan və davranışda özünü göstərən bir dəyərdir.
      O yazır:
“Lakin unutmayaq ki, bu həyatda gözəllik sadəcə xarici görkəm deyil.”
Bu cümlə müəllifin bütün məqaləsinin mənəvi-fəlsəfi açarıdır.
      İnsan öz görünüşünə, təmizliyinə, geyiminə diqqət yetirməlidir. Lakin insanı həqiqi mənada gözəlləşdirən onun daxili saflığı, ağlı, düşüncəsi, etikası, mədəniyyəti və xoş niyyətidir. Deməli, İlqar İsmayılzadə gözəllik anlayışını zahirdən batinə, görünüşdən mahiyyətə, estetikadan əxlaqa doğru aparır.
      Məhz buna görə onu gözəlliklərin tərənnümçüsü adlandırmaq mümkündür. Ancaq onun tərənnüm etdiyi gözəllik güzgüdə görünən gözəllikdən daha böyükdür. Bu, insanın daxilində yaşayan, davranışına, sözünə, münasibətlərinə və dünyaya baxışına çevrilən mənəvi gözəllikdir.
      “Dünyanı xilas edəcək yeganə amil ETİKAdır”
İlqar İsmayılzadənin məqaləsinin ən güclü məqamlarından biri onun “xilas” anlayışına verdiyi cavabdır.
     Müəllif burada qeyri-müəyyənlikdən qaçır və mövqeyini açıq şəkildə ortaya qoyur:
“Dünyanı xilas edəcək yeganə amil ETİKAdır. Bəli, etika, etika və yenə də etika!”
Bu fikir məqalənin ideya mərkəzidir.
      İlqar İsmayılzadə üçün etika sadəcə nəzakət qaydaları deyil. Etika insanın özünü dərk etməsi, öz məsuliyyətini bilməsi, peşəsinə və vəzifəsinə vicdanla yanaşması, insanlara, cəmiyyətə, təbiətə və bütün varlıq aləminə münasibətdə məsuliyyət daşımasıdır.
     Onun fikrincə, insan “Mən kiməm?”, “Necə olmalıyam?” və “Nə etməliyəm?” suallarına cavab tapmalıdır.
      Bu yanaşma İlqar İsmayılzadənin filosof və ilahiyyatçı kimliyinin də mühüm göstəricisidir. Çünki burada insanın yalnız hüquqlarından deyil, məsuliyyətlərindən danışılır. İnsan öz azadlığını başqasının haqqına müdaxilə etmədən yaşamalıdır. Öz sahəsini bilməli, öz vəzifəsini layiqincə yerinə yetirməli və başqasının haqqına, əməyinə, mövqeyinə hörmət etməlidir.
     Bu, əslində çox sadə görünən, amma həyata keçirilməsi böyük mənəvi yetkinlik tələb edən bir prinsipdir.
      İlqar İsmayılzadənin məqaləsində diqqətçəkən fikirlərdən biri də etikanın bir davranış qaydaları toplusundan daha böyük məna daşımasıdır.
      Müəllif yazır:
“Etika sözün həqiqi mənasında çox böyük bir məktəb, əhatəli bir ideologiyadır.”
Bu “məktəb” insanın ömrü boyu davam edən mənəvi təhsilidir.
      İnsan dünyanı dəyişmək istəyirsə, əvvəlcə özünü dəyişməlidir. Cəmiyyətin gözəlləşməsini istəyirsə, öz davranışından başlamalıdır. Ədalət tələb edirsə, özü ədalətli olmalıdır. Hörmət gözləyirsə, özü hörmət etməlidir. Xeyirxahlıq arzulayırsa, özü xeyirxah davranmalıdır.
      İlqar İsmayılzadənin publisistik düşüncəsində insanın dünyaya münasibəti onun öz daxilindəki vəziyyətin göstəricisinə çevrilir.
      Bu baxımdan onun “gözəl düşüncə, gözəl danışıq və gözəl davranış” prinsipi son dərəcə əhəmiyyətlidir.
     Gözəllik burada artıq estetika deyil, əxlaqın estetikasıdır.
     İlqar İsmayılzadənin “gözəllik” anlayışına münasibəti onun yaradıcılığının ümumi ruhu ilə də səsləşir. Şair və publisist kimi onun sözə münasibətində səmimiyyət, işıqlılıq və mənəvi dəyər ön plandadır.
      O, insanın yalnız düşünən deyil, həm də hiss edən və məsuliyyət daşıyan varlıq olduğunu vurğulayır.
      Belə bir baxışda gözəllik və xilas anlayışları bir-birindən ayrılmır. Çünki mənəvi baxımdan gözəl insan həm də xeyir yaradan, ətrafına işıq gətirən, başqasının haqqını qoruyan, ədalətsizliyə qarşı dayanan, pisliyə yaxşılıqla cavab verməyə çalışan insandır.
      Bu mənada İlqar İsmayılzadənin “gözəlliklərin tərənnümçüsü” kimi təqdim olunması təsadüfi deyil. O, gözəlliyi yalnız təsvir etmir; onun mahiyyətini axtarır, insan həyatındakı rolunu müəyyənləşdirməyə çalışır.
      Daha mühüm məqam isə budur ki, o, gözəlliyi passiv seyr obyekti deyil, xilasın mənəvi vasitəsi kimi təqdim edir.
      İlqar İsmayılzadənin yazısında “xilaskar” obrazı da xüsusi məna qazanır. Burada söhbət hansısa fövqəltəbii qəhrəmandan deyil, insanın öz mənəvi məsuliyyətindən gedir.
      Müəllif bəşəriyyətin qarşılaşdığı müharibələri, fitnə-fəsadı, kin-küdurəti, ədalətsizliyi, təkəbbürü və mənəm-mənəmlik hissini sadalayaraq onların kökündə mənəvi boşluğun dayandığını göstərir.
     O yazır:
“Çünki bəşər övladına etika hakim deyil, ayrı-ayrı məsələlər (maddiyyat, vəzifəpərəstlik, mənəm-mənəmlik və s.) hakim kəsilmişdir.”
Bu, təkcə bir publisistin müşahidəsi deyil, həm də ciddi ictimai-fəlsəfi xəbərdarlıqdır.
      İnsan öz mənəvi ölçülərini itirdikcə elm və texnologiyanın inkişafı belə onun problemlərini həll edə bilmir. Əksinə, mənəviyyatdan uzaqlaşan insanın əlində böyük imkanlar təhlükəyə də çevrilə bilər.
     Məhz buna görə İlqar İsmayılzadə müasir dünyanın əsas problemini yalnız texnoloji və iqtisadi inkişafda deyil, insanın mənəvi inkişafında görür.
      Məqalədə müəllif xüsusi olaraq ziyalıların, qələm adamlarının və medianın üzərinə düşən məsuliyyətdən də danışır.
     O yazır:
“Məncə yaşadığımız bu yer kürəsinin gözəlləşməsi və xilas olmasını istəyiriksə ilk öncə insanlar arasında etika məsələsi ciddi şəkildə təbliğ və tərvic edilməlidir.”
       Bu fikir İlqar İsmayılzadənin ziyalı mövqeyini müəyyənləşdirən əsas cizgilərdən biridir.
Ziyalı yalnız kitab yazan və ya fikir söyləyən insan deyil. Ziyalı cəmiyyətin mənəvi istiqamətini müəyyənləşdirmək məsuliyyəti daşıyan şəxsdir. Qələm sahibi isə yazdığı hər sözün cəmiyyətə təsir edə biləcəyini bilməlidir.
       Bu baxımdan İlqar İsmayılzadənin publisistikası təsadüfi fikirlər toplusu deyil. O, sözün məsuliyyətini anlayan müəllif kimi çıxış edir.
   “Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır!”
Məqalənin sonuna doğru müəllif öz mövqeyinin səmimiliyini xüsusilə vurğulayır. O, özünü başqalarından üstün göstərmək niyyətində olmadığını bildirir və yazmaq səbəbini belə izah edir:
“Sadəcə həyatda biganəlik və tənbəllikdən qorunub üzərimə düşən etik məsuliyyəti dərk etmək və müdrik insanlardan birinin söylədiyi kimi: ‘Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır!’ – tövsiyəsinə əməl etməyə çalışdım.”
Bu cümlə İlqar İsmayılzadənin şəxsiyyətini və yaradıcılıq missiyasını ifadə edən ən xarakterik fikirlərdən biri kimi qəbul edilə bilər.
      Çünki burada müəllifin bütün dünyagörüşü bir nöqtədə birləşir: şikayət etməkdənsə, faydalı olmaq; qaranlığı söyməkdənsə, işıq yaratmaq; başqalarını ittiham etməkdənsə, öz məsuliyyətini dərk etmək.
  Bu isə ziyalının ən böyük missiyalarından biridir.
İlqar İsmayılzadənin yaradıcılıq portretini yalnız bir istiqamətlə məhdudlaşdırmaq mümkün deyil. O, alim və filosof kimi hadisələrin mahiyyətinə nüfuz etməyə, şair kimi insan ruhunun incəliklərini ifadə etməyə, publisist kimi cəmiyyətin ağrılı məsələlərinə münasibət bildirməyə, ilahiyyatçı kimi isə insanın mənəvi aləminə işıq salmağa çalışır.
     Onun düşüncəsində elm və mənəviyyat qarşı-qarşıya qoyulmur. Əksinə, insanın həqiqi kamilliyinin bu dəyərlərin vəhdətindən yarandığı düşünülür.
Yazıçı-publisist İlqar İsmayılzadənin qələmi bu baxımdan səmimi və təsirlidir. Onun yaradıcılığında Vətən sevgisi, ilahi məhəbbət, insan ruhunun təlatümləri, mənəvi saflıq və xeyirxahlıq bir-birini tamamlayır.
Onun sözündə insanın xarici dünyası ilə daxili aləmi arasında körpü qurulur.
     İlqar müəllimin şəxsiyyətindəki “Hacı” titulu da bu mənəvi portretin mühüm cəhətlərindən biridir. Bu ad yalnız dini ziyarətlə bağlı formal bir titul kimi deyil, insanın həyat tərzinə və əxlaqına məsuliyyət qoyan mənəvi məqam kimi dəyərləndirilə bilər.
     İman, təvazökarlıq, xeyirxahlıq və insanlara səmimi münasibət onun haqqında formalaşan ziyalı obrazını tamamlayan keyfiyyətlərdir.
İlahiyyatçı-yazar üçün din yalnız nəzəri bilik deyil, həm də davranış məsuliyyətidir. Bu baxımdan onun “etika” üzərində dayanması da təsadüfi görünmür.
     Çünki həqiqi mənəviyyat insanın yalnız danışığında deyil, münasibətində, davranışında və əməllərində görünür.
    İlqar İsmayılzadənin redaktor fəaliyyəti də onun ziyalı portretinin mühüm istiqamətlərindəndir. Redaktor üçün dilə münasibət yalnız texniki məsələ deyil. Sözün düzgün seçilməsi, fikrin aydın ifadəsi, bədii keyfiyyət və məzmun bütövlüyü ədəbi mühitin sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır.
      Bu sahədə onun zəhməti bir çox kitabların və layihələrin ərsəyə gəlməsində, gənc qələm sahiblərinin istiqamətləndirilməsində və ədəbi prosesin inkişafında özünü göstərir.
     Əslində, redaktor da bir növ mənəvi məsuliyyət daşıyıcısıdır. O, sözün cəmiyyətə necə çatacağını müəyyənləşdirir. İlqar İsmayılzadənin sözə və dilə həssas münasibəti də onun ümumi dünyagörüşündəki etik prinsiplərlə səsləşir.
      İlqar İsmayılzadənin “Dünyanın xilaskarı barədə…” yazısını oxuyarkən belə bir qənaət yaranır: müəllif dünyanı böyük və möhtəşəm şüarlarla deyil, insanın gündəlik davranışındakı dəyişikliklərlə xilas etməyin mümkünlüyünə inanır.
    O, insanı öz daxilindəki qaranlığa baxmağa çağırır.
    Dünyanı dəyişmək istəyən insan əvvəlcə öz davranışını dəyişməlidir.
    Cəmiyyətdə ədalət istəyən insan özü ədalətli olmalıdır.
    Mənəvi gözəllik arzulayan insan özü gözəl düşünməli, gözəl danışmalı və gözəl davranmalıdır.
    Bu mənada İlqar İsmayılzadənin “xilaskar” obrazı çox fərqli və düşündürücüdür. O, özünü dünyanın xilaskarı kimi təqdim etmir. Əksinə, insanı öz məsuliyyətini dərk etməyə çağırır. Özünün etdiyi isə həmin çağırışın bir nümunəsidir: qaranlığı lənətləmək əvəzinə şam yandırmaq.
     Bəlkə də onun ziyalı missiyasının ən dəqiq ifadəsi elə budur.
     İlqar İsmayılzadənin yaradıcılıq dünyasına nəzər saldıqda aydın görünür ki, onun üçün söz sadəcə ifadə vasitəsi deyil. Söz həm də mənəvi məsuliyyətdir.
     O, alim kimi düşünür, filosof kimi sual verir, ilahiyyatçı kimi mənəvi dəyərlərə müraciət edir, şair kimi hiss edir, publisist kimi cəmiyyətə sözünü deyir, redaktor kimi sözün keyfiyyətini qoruyur.
     “Dünyanın xilaskarı barədə…” yazısında isə bütün bu xüsusiyyətlər bir nöqtədə birləşir.
     Məşhur “Dünyanı gözəllik xilas edəcək!” fikrindən yola çıxan müəllif oxucunu daha dərin bir nəticəyə gətirib çıxarır: dünyanın həqiqi gözəlliyi insanın daxilindədir və həmin gözəlliyin adı mənəvi saflıq, məsuliyyət, xeyirxahlıq, ədalət və etikadır.
     Bu baxımdan İlqar İsmayılzadə yalnız gözəllikləri tərənnüm edən söz adamı deyil. O, gözəlliyin mahiyyətini açmağa və onu insanın mənəvi xilasına yönəltməyə çalışan bir ziyalıdır.
     Onun mesajı sadə, lakin olduqca böyükdür:
“Etikanın bütün dünyaya hakim olması ümidi ilə.”
Bu arzu əslində bir publisistik məqalənin son cümləsi olmaqdan daha artıq məna daşıyır. Bu, insanın və cəmiyyətin gələcəyinə ünvanlanan mənəvi çağırışdır.
     İlqar İsmayılzadənin qələmi də məhz bu çağırışın işığında görünür: gözəlliyi sevmək, gözəlliyi yaşatmaq, insanı gözəlliyə çağırmaq və ən nəhayət, o gözəlliyin içində mənəvi xilas yolunu göstərmək.
     Belə ziyalıların sözü isə yalnız yazıldığı günə deyil, sabaha da ünvanlanır. Çünki həqiqi söz zaman keçdikcə köhnəlmir — insanın vicdanına toxunduğu müddətdə yaşayır. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
25.08.2026. Xaçmaz – Xanoba.
Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I