Etiket arxivi: Zülfüqar Rüfətoğlu

Zülfüqar Rüfətoğlunun şeirləri

Tanınmış jurnalist Zülfüqar Rüfətoğlunun könül dünyasından incilər:

***

Heç vaxt unutmaram o avtobusu…
Adlar sadalandı, başlandı minik
İki dayanacaq var idi yolda,
Biri qazilikdi, biri şəhidlik.

Nəğmə deyə-deyə, rəqs edə-edə,
Sanki gedirdilər toya, düyünə,
Az sonra avtomat asacaqdılar,
Hələ yük görməyən zərif çiyinə.

Heç görməmişdilər,
Eşitmişdilər adını Şuşanın,
Ya Zəngilanın,
Heç 19 yaşı hələ yox idi,
Mənim əvəzimə ölən oğlanın…

Lap tezdən getdilər,
Günəş doğmadan,
Körpə balaları oyatmadılar,
Hamı qayıtmaqçün çıxmışdı evdən,
Getdilər…Bir daha qayıtmadılar.

***

İtkin əsgər

İtkin əsgər, ölməmisən, bilirəm,
Sən eləcə son döyüşə getmisən,
Biz bilməyən nəsə bir sirr bilmisən,
Sən o sirri saxlamaqçün itmisən.

Biz burada qocalmışıq hamımız,
Sənsə bütün yuxularda cavansan.
Bacıların, qardaşların gözləyir,
Sən onlara ümid boyda gümansan.

İtkin əsgər, daha qızın böyüyüb,
Xəbərin yox, indi daha babasan,
Nə məzarın, nə ünvanın bilinir,
Sən Vətənsən, sən ocaqsan, obasan.

İtkin əsgər son döyüşə getmisən,
İrəlidə hələ neçə döyüş var.
O şəkildən niyə elə baxırsan?
Bilirsən ki, irəlidə görüş var…

***

Gecəyarı qapıları döyməyin

Gecəyarı qapıları döyməyin,
Ürək var ki, tıqqıltıya dayanar.
Gecəyarı qapıları döyməyin,
Yetim var ki, möcüzəyə inanar.

Gecəyarı qapıları döyməyin,
Ata var ki, yuxu bilməz həsrəti
Ana var ki, namaz üstə yaşayır
Oğul var ki, başa çatıb xidməti.

Gecəyarı qapıları döyməyin,
Bir möcüzə saxlayıbsa sizi sağ,
Bu dünyadır, vallah-billah bilinməz
Qapı açıb, kim qarşıya çıxacaq?

Gecəyarı qapıları döyməyin,
Haradasa “Ev yiyəsi!” deyən var,
Gecəyarı evinizə tələsin,
Bəlkə sizin qapını da döyən var..

***

Daha zəng eləmirlər,
Darıxmıram heç mən də.
Əvvəlki tək dərd olmur
Qəfil yada düşəndə.

Günəş mənsiz çıxırsa,
Günəş mənsiz batırsa,
Nə mənası, xatirəm
Kölgəlikdə yatırsa..

Pislərdən yaxşı olmur,
Yaxşılardan pis çıxmaz.
İnsanlar olan yerdə ortaya iblis çıxmaz.

Bir zərrə fəhmim varsa
Demək, heç sevməyiblər
Əgər unudublarsa…

***

Çıxdım siqaret almağa,
Qərib London gecəsinə
Bu qaranlıq lap oxşadı,
Şərifzadə küçəsinə

Qərib London gecəsində
“Şərifzadə küçəsində”…
Qəfil anam düşdü yada,
Qəfildən də xatırladım
Daha yoxdu bu dünyada.

Daha vətən qürbətləşib,
Daha qürbət vətənləşib,
Hansısa şəhəri sevmək
İnnən belə çətinləşib…

Nə Liverpul, nə də Kentdə
Nə Yasamal, Çəmbərkənddə,
Bu xaraba məmləkətdə,
Bu avara planetdə,
Daha anam yoxdu mənim…

Siqareti tüstülətdim,
Tanış qaranlıqda itdim…

Şeirlərin müəllifi: Zülfüqar Rüfətoğlu

Məlumatı hazırladı: Sultan Əhmədova

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zülfüqar Rüfətoğlu haqqında

Öncə söz vardı…” rubrikası
25-ci hissə

Zülfüqar Rüfətoğlu

OXUNMAYAN BİR NƏĞMƏ

Zülfüqar Rüfətoğlu – şair, ssenarist, jurnalist, publisist, “Qızıl qələm” mükafatçısı

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə ithaf edirəm)

Hirslənmə, lap uzun yaşayaq getsin,
Qalmasın bir arzun yaşayaq getsin,
Qoy olsun bu şeir başayaq getsin.
(Z.Rüfətoğlu)

Nə vaxtsa şair Zülfüqar Rüfətoğlunun bu misralarını oxuyanda güman etmişdim ki, bəlkə onun dürlü-dürlü şeirlərinin gücü çatacaq ki, bir zərblə ölümü başayaq eləsin.Şeirin, ədəbiyyatın indiyə kimi nəyə və kimə gücü çatmayıb ki?! Zülfüqar Rüfətoğlunun ölüm xəbəri məni sarsıdanda ilk əlimi atdığım pənah yeri müəllifin bu misraları oldu.
O mübhəm suala cavab verməyə tələsmədim, indi də tələsmirəm.Zülfüqar kişinin o mübarək adının hər zərbəyə gücü yetəcəyi hissi içimi çoxdan çulğayıb.Mən bilən, İmam Əlinin (əs) məşhur qılıncının adını daşıyanın əlbəttə ki, sözü də qılınc kimi kəsərli olmalıdır.Elə də var!
Ondan başlayım ki, Zülfüqar Rüfətoğlu çocuq yaddaşımda lətif, həzin sevgi şeirlərinin müəllifi kimi qalıb.Ona görə də Zülfüqar Rüfətoğlu publisist, jurnalist, ssenarist kimliyindən öncə mənim üçün şairdir.
-Özü də necə şair!

İllər keçdi biz varmadıq fərqinə,
Yarpaq-yarpaq düşdü ömrün illəri.
Səadət də mindi vaxtın tərkinə,
Dəli kimi qamçıladıq yelləri.

Bu sevdadan dad almadıq, dad oldu,
Səni sevdim, qohum-qardaş yad oldu.
Bu sevgimiz ad üstünə ad oldu,
Nə qınarsan ad eləyən elləri?

Mənə soyuq özgələrə istisən,
Kimsə bilməz, sən ocaqsız tüstüsən.
Saxlayarsan axan seli istəsən,
Hünərin var, saxla yaman dilləri.

Yaz dumanı bar gətirər, çən deyil,
Bahar – gənclik, ömür hələ tən deyil.
Şabalıdı saçlarında dən deyil,
Vaxtsız açıb şabalıdın gülləri.

Zülfüqar Rüfətoğlu şairlik təbindən çox, şair, ictimai-siyasi xadim olan Zülfüqar Əhmədzadənin adından pay almışdı.Üstəgəl yazıçı, şair atası Rüfət Əhmədzadənin ağrılı-acılı uşaqlıq illəri sonrakı yaradıcılıq ironiyası ilə qovuşanda bir tufan olacaqdı. Bütün bu yaradıcı mühitin ahənrüba kimi nəvə Zülfüqarı özünə çəkməsi tam təbii idi.
Ərz edim ki, biz uşaq ikən yazıçı-dramaturq, satirik şair Rüfət Əhmədzadənin əsərlərinə televiziyada tez-tez rast gələridk.Elə gənc Zülfüqarın da şeirlərinə bizim nəslin uşaqları geninə-boluna aşina idi.Bir də həmin kövrək şeirlər radio dalğalarından o çağın ustad qiraətçilərin həlim ifalarında duyulmazmı?!
-Bəh-bəh!
-“Yaşasın poeziya!” Əsl hayqırılası mənzərədir.
Zülfüqar da hayqırardı. İki sahilin balası kimi
“Biri Bakı, biri Təbriz” deyəcəkdi:

Deyilməyən bir nəğməyəm,
Ötsəm də yarı qalası.
Açılmayan bir kitabam,
Oxusan gözün dolası.

Bir yuxuyam yozulmayan,
Bir düyünəm çözülməyən.
Bir şeirəm yazılmayan,
Səsim Təbrizdən gələsi.

Nəğmə deməm yara-yaza,
Anamı qəm üzə-üzə.
Nə qədər baxsın Araza,
İki sahilin balası.

Səsi Təbrizdən gələsi idi, dəyişdi çərxi-gərdun, uzaq Londondan gəldi.İki sahilin balası daha da böyüdü, tək Azərbaycanda yox, ölkədən kənarda da tanındı.Tərcüməçiliyi, jurnalistliyi hərdaim şairliyi ilə yarışa girdi.Bu yarışma şairin özü ilə yarışması sayıla bilərdi ki, belə yarışmaların da qalibi nə şair Zülfüqar olur, nə jurnalist Zülfüqar.Belə yarışmanın qalibi oxucudur, auditoriyadır.Həmin auditoriyanın lütfü idi ki, tez zamanda “Qızıl qələm” mükafatına layiq görüldü Zülfüqar bəy. “Röyter” agentliyindən dəvət almağı ilə BBC Azərbaycan xidmətində çalışmağı karyera yüksəlişində ard-arda sıralandı.
-Yenə yarış?
-Yenə rəqabət?
-Bəli.
Təkcə Vətən onun üçün keçilməz bir qala idi.
Təkcə Qarabağ onun üçün bir sevda idi. Qarabağ savaşından silsilə radiooçerklər hazırlaması qəlbini göyüm-göyüm göynədirdi.Daha doğrusu, içdən göynəmədən o oçerkləri hazırlamaq mümkün deyildi.Hələ-hələ o yerləri gedib gözləri ilə görmək necə bir səadət idisə, o qədər də böyük müsibət idi. Elə çox illər öncə Şuşa yağı tapdağı altında olanda bu misraları qələmə alan Zülfüqar Rüfətoğlu idi.Elə Şuşa üçün ağlayanda,
Şuşa üçün ağrıyanda dadına bu misralar gələrmiş.Daha doğrusu, öncə “Google” yetişirdi imdadına.”Barı xəritədə də olsa, gedim dayanım Şuşanın düz ortasında” – deyirdi.

Hər gün Şuşaya gedirəm,
Google-un xəritəsində.
Gözlərimlə dayanıram
Düz Şuşanın ortasında…

Qərib London gecələrində isə təkcə Şuşa üçün yox, anası üçün də qəribsəyirdi.Qəribsəyəndə tanış qaranlıqlarda, bir siqaret tüstüsündə itməyi də bacarırdı.Daha qürbət də Vətənləşmişdi Zülfüqar üçün, daha Liverpulla Bakının, Kent ilə Yasamalın fərqi də aradan qalxmaqda idi.Sən demə, uzun müddət insan yad məmləkətdə yaşayanda onda qəribliyə qarşı immunitet də yaranır.


Ancaq biz mütləq maraqlanırdıq onun səhhəti ilə. Ara-sıra Vətənə gələndə qardaşı Rəşad bəyin həyat yoldaşı Səidə xanımdan şairin sağlamlığı ilə bağlı məlumatlar alırdım.Müəllifi olduğum “Sətirlər” verilişinin bir buraxılışını bir neçə dəfə onun yaradıcılığına həsr etmək istəsək də, gah Londonda olduğunan, gah da başqa səbəblərdən bu niyyətimiz alınmırdı.Redaktorum Azər Qismət də hər dəfə deyirdi:
“Zülfüqar müəllim Bakıdadır, mütləq çəkək, Turan” Təəssüf ki, olmadı, ancaq Zülfüqar Rüfətoğlunun şeirlərini “Sətirlər”- in “Nobel mükafatçıları” rubrikasında İsveç yazıçısı Pyer Laqerkvist haqqında hazırladığımz verilişdə verməyə nail olduq.
Bu azmış kimi bütöv verilişin süjetini şairin “Gecəyarı qapılar döyməyin” şeirinin motivləri üzərində qurdum.

Gecəyarı qapıları döyməyin,
Ürək var ki, tıqqıltıya dayanar.
Gecəyarı qapıları döyməyin,
Yetim var ki, möcüzəyə inanar.

Gecəyarı qapıları döyməyin,
Ata var ki, yuxu bilməz həsrəti
Ana var ki, namaz üstə yaşayır,
Oğul var ki, başa çatıb xidməti.

Gecəyarı qapıları döyməyin,
Bir möcüzə saxlayıbsa sizi sağ.
Bu dünyadır, vallah-billah bilinməz
Qapı açıb, kim qarşıya çıxacaq.

Gecəyarı qapıları döyməyin,
Haradasa “Ev yiyəsi!” – deyən var.
Gecəyarı evinizə tələsin,
-Bəlkə sizin qapınızı döyən var.

Şadam ki, mən də şairin şeirlərini dəfələrlə demişəm.Gərək indən belə şairlə bağlı ən böyük təsəllim bu olsun! Bir də söylədiyim şeirlərin şərh bölümündə qoyduğu “ürək” işarəsi.Vaxt qonaq, bivaxt qonaq, haçansa gecəyarı qapılarımızın döyüləcəyi və şair Zülfüqar Rüfətoğlunun bir nəğmə qanadında gələcəyi ümidi ilə…
Çünki oxunmayan bir nəğmə idi,
Zülfüqar Rüfətoğlu, səsi Təbrizdən gələsi.

Turan Uğur
09 noyabr, 2024-cü il,
Novxanı

Turan Uğurun yazıları

Öncə söz vardı…” rubrikası

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru