AYSU TÜRKEL – YARIMÇIQ QALMIŞ FİLMİN QANLA BİTƏN SONU

YARIMÇIQ QALMIŞ FİLMİN QANLA BİTƏN SONU

Vətən nədir? Adi, quru bir torpaqmı? Bəlli sərhərlərdən ibarət bir ərazimi? Ya hər bir parçası uğrunda can alıb, can verməyə hazır olduğumuz məmləkətmi?
Vətən – Vətənin nə olduğunu bizə anladan, öz qanları, canları bahasına bu torpağı qoruyan, lazım gəlsə uğrunda oddan, alovdan keçməyi gözə alan igidlər diyarıdır! O igidlərdən biri də Nadirov Fəriddir.

Gəlin onun həyat yoluna bir nəzər salaq.

2001-ci il sentyabrın 21-i Göyçay rayonunda bir körpə dünyaya göz açdı. Adını Fərid qoydular. İllər keçir, Fəridin yaşının üstünə yaş gəlirdi. O, vətənə qarşı sevgi ilə böyüyürdü. Düşmənlərin vətəninə, millətinə qarşı törətdiyi qırğınlar, Qarbağ torpaqlarının işğal altında olması ürəyindəki vətən sevgisini bir qədər də alovlandırırdı. Bir gün o torpaqları azad etmək, orada üç rəngli bayrağımızı dalğalandırmaq istəyirdi. O istəmirdi ki, müqəddəs torpaqlara düşmən ayağı dəysin, o istəmirdi ki, o torpaqlarda törətdiyi əməllərə görə cəzasız qalan düşmən rahat yaşasın. O qisas almaq istəyirdi. Qırğınların, faciələrin, günahsız işgəncələrə məruz qalan həmvətənlərinin qisasını. Beləcə aylar, illər bir-birini əvəz edirdi.

Artıq Fərid hərbi xidmət yaşına çatmışdı.

2019-cu ildə o igid bir əsgər kimi vətənin keşiyində durmaq üçün hərbi xidmətə yollandı. Hərbi geyimdə olmaq, vətənə qulluq etmək onun üçün bir qürur idi. Xidmət etdiyi zaman məğrur duruşu, əzəmətli baxışı, səmimiyyəti, dostcanlılığı və diribaşlığı ilə fərqlənməyi bacarmışdı. Elə bu səbəbdən də Aprel döyüşlərinə həsr olunmuş qısametrajlı filmdə Xüsusi Təyinatlı obrazında baş rol ona verilmişdi. O bu obrazı çox yaxşı canlandırırdı. Amma qəflətən filmin çəkilişi dayandırıldı. Bunun səbəbi isə cəbhədə yaranan gərginlik oldu. Düşmən cəbhə boyu əraziləri atəşə tutur və mülki vətəndaşların da ölümünə səbəb olurdular. Artıq səbir son həddə çatmışdı. Bütün Azərbaycan xalqı, ələlxüsus da cəsur ordumuz Ali Baş Komandanın “irəli” əmrini gözləyirdi.

Nəhayət, Ali Baş Komandanın əmri ilə 27 sentyabr 2020- ci ildə əks hücum əməliyyatı başlayır. Fərid də müharibə başlanan gündən döyüş meydanına atılır. Döyüş meydanında əsl bir cəngavər kimi vuruşur. Düşmənin canlı qüvvəsini əsl ustalıqla məhv edir, vətən torpağını düşmən tapdağından təmizləyir. Sanki döyüş yoldaşları öz aralarında ilk azad olunmuş torpağa kim bayraq sancacaq deyə mübarizə aparırdılar.

Fərid silahdaşı ilə bir qaya parçasına söykənib bir qədər sonra başlayacaq savaş haqqında fikirlərini bölüşür:

– Görəsən ilk azad olunmuş torpağa bayraq sancmaq kimə qismət olacaq?

-Bəlkə də bizə hansısa yüksəkliyə ilk bayraq sancmaq qismət olmayacaq, ən uca zirvə olan şəhidlik zirvəsinə ucalacayıq. Bəlkə də bir vətən qazisi kimi evimizə canlı dönəcəyik. Amma ən əsası şəhid olsaq da, sağ qalsaq da daim ailəmiz, vətənimiz, xalqımız bizimlə fəxr edəcək. Biz onların qürur mənbəyi olacağıq. İndi bizim hamımızın bir məqsədi var, qanımız, canımız bahasına olsa belə vətən torpağını mənfur düşməndən azad etməliyik. Çünki, bu torpaqlar bizə ulu babalarımızın mirasıdır. Bizim də borcumuz bu mirası qorumaqdır! -Fərid fikrini tamamlayır.

Söhbət sona çatmamış pulemyot kəklik kimi qaqqıldamağa başladı.. Tankın, topun nərəsi dağları lərzəyə gətirdi. Elə bu dəm döyüşçülərdən biri qanlar içində yerə yıxıldı. Fərid əsgər yoldaşını xilas etmək üçün cəld irəli atıldı. Onu təhlükəsiz yerə çıxarmağa çalışdı. Amma bu zaman o da düşmən gülləsinə tuş gəldi. Sanki düşmən gülləsi qarabaqara izləyirmiş onu.

İllər öncə döyüş filminə çəkildiyi zamanlar üzünə qan əvəzinə mürəbbə sürtürdülər, amma indi bu qan ləkəsi həqiqətə çevrildi və Fəridin hayatını tam dəyişdi. Fərid həmin o qanı ilə tarix yazdı, qəhrəmanlıq tarixi. Özü dediyi kimi hansısa zirvəyə ilk bayraq sancmaq ona qismət olmadı, amma o elə bir zirvəyə ucaldı ki, o zirvə yalnız müqəddəslərə nəsib olur. 


Müəllif:
 Aysu TÜRKEL 

AYSU TÜRKELİN DİGƏR YAZILARI


AYSU TÜRKEL DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.