
ÖZ DİLİM
Dəhşətdir, yurdumun gənc övladları
Nə öz dilin bilir, nə də özgəsin
Olmazmı bu gənclər ana dilimi
Ya heç danışmasın, ya da düz desin?
(X)ya (h) deyillər, (h)da (q) olub
Bu hansı modadır? Bu hansı dəbdir?
Öz dili dilində saralıb, solub
Özgə dil danışmaq sanır ədəbdir!
Mən demirəm özgə dil öyrənməyək
Deyirəm öz dilin düzgün danışaq
Özgənin oduna biz isinməyək
Özümüz od olaq, yanaq, alışaq.
Dil bilmək, öyrənmək, danışmaq olar
Gərək öz dilini unutmayasan
Özgəyə qaynayıb, qarışmaq olar
Gərək özününkün sən atmayasan.
Fizuli bu dildə qəzəllər deyib
Nizami bu dili yayıb aləmə
Ay Murad, bəlkə də düzələr deyib
Özüm öz dilimi aldım qələmə.
21.02.2022
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var