ŞAHNAZ ŞAHİN – QADIN!

ŞAHNAZ ŞAHİNİN YAZILARI

Fransanın görkəmli yazıçı-dramaturq və filosofu Deni Didronun qadınlar haqqında söylədiyi fikirlər o qədər xoşuma gəldi ki, yazıma da elə bu sözlərlə başlamaq istədim, özü də elə Didro sayağı: “Qadınlar üzərinə yazı yazarkən qələmi göy qurşağına batırıb, mürəkkəbi kəpənək qanadlarının tozu ilə qurulayacaqsınız”.

Onda əvvəlcə gəlin görək qadın özü kimdir. Bilirəm, sualım bitməmiş cavablarınız hazırdır, belə ki, ana, övlad, bacı, həyat yoldaşı və daha kim… Onu da bilirsiz ki, müqəddəs kitabımız olan Qurani-Kərimdə də qadın uca tutulur və onun şəninə üzü sevgili peyğəmbərimizdən bura dəyərli sözlər deyilmişdir.

Cənnətin məhz qadının ayaqları altında olmasını isə lap cəhalət dövründə Allahın Rəsulu söyləmiş, onadək doğulan qız uşaqlarının diri-diri torpağa basdırılmasının böyük günah olduğunu içindən çıxdığı qövmünə anladaraq qadını yüksək qiymətləndirmişdir.

Gözəllik və zəriflik göstəricisi olan qadınlar sonralar da tarixin müxtəlif mərhələlərində yüksək mövqe sərgiləmiş, öz ağıl və bacarıqlarından istifadə edərək quruculuq işlərində də uğurla iştirak etmişlər. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, biliyi, zəkası, iradəsi, səbri ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında özünəməxsus və yaddaşlarda qalan xidmətlər göstərmişdir. Azərbaycan tarixinə adı şəxsiyyət kimi yazılan ən mütxtəlif peşə sahibi, hökmdar, alim qadınların adını sadalamaq kimi bir fikrim yoxdur, amma ilklərə imza atan bəzi qadınların adını çəkməsəm olmaz… Azərbaycanın ilk bəstəkar qadını Ağabacı Rzayeva, ilk azərbaycanlı kimyaçı qadın İzzət Orucova, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya…. Əminə Dilbazi, Şəfiqə Axundova və daha kimlər, kimlər… Heç bilirsiniz, ilk olmaq nə deməkdir?! Hələ bunu indiki, yaşadığımız 21-ci əsrin söz və hüquq azadlığı şəraitində belə etmək birmənalı qarşılanmaz, o ki, ola cahillik dövrü.

Qadın, ona dəyər verdikcə, onu sevdikcə güclənir, özünə güvən qazanır, göstərilən etimadın, etibarın, qoyulan hörmətin, verilən sevginin birə yüzünü, minini qaytarır cəmiyyətə.

…Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir…


Qadın sevildikcə gözəlləşir, gəncləşir, dünya qadının qolları üstündə rahat uyuya bilir, sular nəğmə oxuya, küləklər güləşə bilir. Günəş hər gün qadın qəlbindən doğur məncə, Ay gecələr qadın baxışlarıdır göydə, dolanıb baxır Yer kürəsinə, sabaha salamat çıxması üçün Tanrıya dualar edir… Allahın müxtəlif “təyinatlı” elçilərinin sonuncusu olan Məhəmməd peyğəmbər qadına güvənmiş, qadına verdiyi yüksək dəyərlə onların yorğun, yaralı qəlbinə məlhəm olmuş və qarşılığında onların sevgi və məhəbbətini qazanmışdı. Gətirdiyi dinin yayılmasında məhz o qadınlar, başda da xanımı Xədicə olmaqla vəsilə olmuşdular.

Qadın gülərsə şu issiz mühitimiz güləcək.
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
(H.Cavid

İndi bütün dünyanın “gender bərabərliyi” deyib hay saldığı məsələni, hələ çox qabaqlar türk qadınları həyata tətbiq etmişdilər, o qadın kişilərlə bərabər kənd təsərrüfafatının müxtəlif sahələrində, zavod və fabriklərdə çalışır, evdə isə ailə qayğılarını çəkirdi. Harda ki, qadın azaddır, fikri, düşüncəsi də azaddır, savadlıdır, həmin qadın ən nəhəng kəşflərə imza ata, cəmiyyət üçün xeyirli ola və tərbiyəli övladlar yetişdirə bilər. Yox, əgər bir ölkənin qadını savadsız, öz hüquqlarını bilməyən cahil biridirsə onda vay o millətin halına! Bəlkə də hamınızın bildiyi nümunədir, ağıl zəifliyi sindromundan əziyyət çəkən, bu səbəbdən də oxuduğu məktəbdən uzaqlaşdırılan Tomas Edison kimin sayəsində dahi ola bildi, əlbəttə anasının!

Adın şərəflidir sənin, ey qadın,
Dahilər anası çağrılır adın.
(S.Vurğun)

Qadınlar həyatın bütün sahələrində uğur qazanmış, kişi əməyi tələb olunan ən çətin işlərdən tutmuş ta mötəbər kürsülərə qədər gəlib özünü, iradəsini, bacarığını təsdiq etmişlər. İkinci Dünya müharibəsində, Qarabağ savaşlarında qəhrəmanlıq göstərərək adlarını tarixə yazan nə qədər qadınlarımız var. Hələ çox-çox ziyalı insanların həyatının üstündən qara xətt çəkən zalım 37-ci ilin qurbanı olan, ağır zülm və məşəqqətlərə dözərək “cəhənnəmi gözlərilə görən”, ömrünü sürgündə başa vuran, amma namus və şərəfini qoruyan qadınlarımızın hər birindən saatlarla, günlərlə danışmaq olar.

İnsan dünyaya ilk gözünü açdığı dəqiqədən etibarən özünü tapmağa, onunla təmasda olanlardan özünü hər cür qorumağa, öz mənliyini təsdiq etməyə çalışır. Amma çox təəssüf ki, hələ də dünyada və elə yaşadığımız cəmiyyətdə də azadlığı əlindən alınaraq hüquqları pozulan, bəzən bu və digər səbəblərdən zorakılığa məruz qalan, evdə əşya hesab edilən qadınlar vardır. Azadlığı yolunda basqılara məruz qalan, öldürülən, şikəst edilən qadınlar da az deyil. Nə qədər ki, dünyada bir qarın çörək üçün axşamacan işləyən, yurdu talanan, qovulan, əzilən, yaşamaq üçün ən adi şəraiti belə olmayan, küçələrdə gecələyən qadınlar var, gərək dünya qadınları susmasın. Amma gərək bunu qadınlar özü də istəsin, hüquq və azadlığı uğrunda mücadilə etməyi bacarsın. Bütün vəzifələrinin öhdəsindən hünərlə gələn, kiminsə qızı, anası, bacısı olmaqdan başqa bir qadın olduğunu isə unudan qadının birinci növbədə düşüncəsi dəyişməlidir.

Çünki əsl inqilab zehni inqilabdır!
Şairlər bütün dövrlərdə ən gözəl şeirlərini qadınlara yazmışdır, bəstəkarın ən mükəmməl əsəri qadın haqqındadır, heykəltaraş ana heykəlini sevərək, oxşayaraq yonur, müəllim birinci sinfə ayaq basan uşağa ilk olaraq məhəbbətlə “A” hərfini öyrədir və “Ana” sözü yazdırır. Qadını Yaradan ona ən uca məqam-ana olmaq şərəfi də bəxş etmişdir, ana isə müqəddəsdir. Ən kədərli anımızın, ən şad günümüzün canlı heykəli anadır, qadındır, dünyanın ən uca zirvəsi, könüllərin şahı yenə qadındır… Onun önündə əyilən baş Tanrının qarşısanda ucalar. Qadın –vətən, torpaq, sülh, qadın azadlıq, əmin-amanlıq, qadın sevgi, məhəbbət deməkdir. Anasını sevən övlad vətənini də sevəcək, qoruyacaq, torpağının da qədrini biləcək. Son anda da düşmənə arxa çevirməyəcək, biləcək ki, arxasında dayandığı vətənidir, anasıdır, bacısı ya sevgilisidir. Anaya xitabən: “Cahanda yox elə bir qüvvə ki, baş əyim ona mən…”- söyləyirdi C. Cabbarlı…

Qadınla kişi dünyanın iki fərqli və bir-birini cəzb edən cəhəti kimidir. “Kitabi- Dədə Qorqud” dastanında qadın kişinin “başının baxtı, evinin taxtı” kimi xarakterizə edilir.

Qadın, ilin dörd fəsli kimi dəyişkən xarakterə malikdir.

Sənin sevgilin olmaq deyil asan, sevgilim,
Ömrümün dörd fəslinin baharısan, sevgilim…
(S.Rüstəm)

O, gah qış kimi qar yağa bilər, gah yayda günəş təki yandırıb yaxar. Gah əlvan çiçəkli yaz olar, gah da payız, solub saralar… Hər halını sev qadının, sev.., sev…, sev!

..Qadınam, qadın, ana..
Hər dərdə sipər qadın!..
…Tanrının yaratdığı,
ən gözəl əsər-
Qadın!..

Müəllif:Şahnaz ŞAHİN
AYB və AJB üzvü, Prezident Mükafatçısı,
Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.


ŞAHNAZ ŞAHİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.