Sözün düz adamı – Əli Bəy AZƏRİ – Mahir CAVADLI yazır

Əli Bəy Azəri

Sözün düz adamı – Əli Bəy Azəri

Mətbuatda naşı deyiləm. Çap olunmağa orta məktəb illərindən başlamışam. Paytaxta baş alıb varmamın məğzində mütaliə edib bəyəndiklərimin həmkarı -jurnalist olmaq, ondan da əsas – yazıçı, şair kimi tanınmaq həvəsi dayanıb. Bu arzunun ucundan tutub çox çətinlikləri dəf etmişəm. İlk cəhdlərim uğursuz alınsa da, sonradan dövrü mətbuatda məqalələrim, şeir və hekayələrim, publisistik yazılarım dərc olunub. Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvüyəm. Qələm əhli kimi ölkə daxilinə və xaricə səfərlərim də az olmayb. Bu gün çap olunmaq problemi yaşamasam da, mətbuatı “külliyyatımla” zəbt eləmək fikrindən uzağam. Hər dəfə düşüncələrimi ictimailəşdirmək istəyəndə yüz yol götür-qoy edirəm, ağır məsuliyyətin altına girməkdə ehtiyatlı davranıram. Həm də yazımın qəhrəmanı, bu günlərdə 55 yaşını qeyd edəcəyimiz Əli bəy Azərinin rəhbərlik etdiyi “Xəzan” jurnalına hekayə və şeirlərimi çapa göndərəndə!..

Vətəndaş kimliyində sadəcə Əli Rzaquliyev adı və soyadı qeyd olunmuş, çağdaş Azərbaycan yaradıcı mühitində həm yazar, həm də naşir kimi tanınan Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzan” jurnalının təsisçisi və baş redaktoru, dostumuz Əli bəy Azərinin ədəbi KİMliyinə işıq salmaq haqqıma özümütanıdımla ayaq verməyim oxucuya qəribə gəlməsin. Xalqımızın “dostunu tanıt, deyim sən kimsən!” misalını bilərəkdən belə baş-ayaq nizama çəkməyim də yaradıcı dostumun orijinallığa meyilliliyinin qarşılığı səbəbindəndir. Sözün doğrusu, Əli bəy Azəri ilə dost da olmaq mənim üçün həm bir qədər çətin, həm bir o qədərdən çox asandır. Məsələ mənim bir neçə bahar böyük olmağımda deyil, sadəcə onun sadəliyində və səmimiyyətindədir. İstənilən və istənilməyən yerdə və məqamda haqsızlığı şax, çəkinmədən üzə çırpa bilər. Tezliklə də günahını başa düşənin könlünü almağı bacarır. Yaxud haqqında deyilən fikirlə (mənfi, ya müsbət) anındaca razılaşmaq meylindən uzaqdır, düşüncə süzgəcindən keçirər, sakit, yaxud çılğın şəkildə münasibətini bildirər. Cəmiyyətdəki hər hansı problemə, yaxud uğurlu perspektivə biganə qala bilmədiyindən, bu və ya digər məsələ barədə çox götür-qoy etdiyindəndir ki, ən optimist qərar vermək bacarığı ilə dostlarının rəğbətini qazanıb. Kini, küdurəti tez soyuyan hirs və qəzəbindən o yana keçmir.

Haşiyə: Azərbaycan Yazıçılar Birliyi nəzdində sayı heç də az olmayan zəngilanlı yazarların təşkilatlanması fikri çoxdandır ki, hər ikimizin diskussiyasına çevrilmişdi. Hər dəfə söz salır, sosial şəbəkələrdə ağzına gələni yazan və deyənlərə qarşı müəyyən tədbirlərin görülməsi haqqında arzularımızı bəyan edirdik. Ancaq konkret iş görməyə vaxt və məqam tapa bilmirdik. Nəhayət, yeni yaradılmış AYB Qubadlı Regional Birliyi tərkibində təşkilatlanmağa razılaşdıq. Yadımdadır ki, təsis yığıncağına getməzdən əvvəl aramızda tam başqa bir məsələ ilə bağlı ciddi fikir ayrılığı yarandı, mən sözümü deyib, necə deyərlər, otağı tərk elədim. Sabahısı gün 20 nəfərədək Zəngilan qələm əhlinin iştirakı ilə keçirilən tədbirdə kimin təşkilatlanmamıza rəhbərlik edəcəyi təklifinə hamı bir-birinin üzünə baxdı. Bu vaxt Əli bəy Azəri əlini qaldırıb tribunaya çıxdı və mənim namizədliyimi irəli sürərək fikrini əsaslandırmağa çalışdı. Sözsüz ki, dünənki mübahisəmizi xatırladıb bir xarakter kimi təqdir etməklə!

Əli bəy Azəri oxuya-oxuya güclü qələmi olan yazara, yaza-yaza mükəmməl oxucuya, redaktə edə-edə təcrübəli naşirə doğru peşəkar yaradıcı insan ömrünü yaşayır. O, Azərbaycan tarixini dərindən öyrənib, hər bir dövrə dair, xüsusən torpaqlarımızın yadellilər tərəfindən zəbti ilə bağlı zəngin mənbə və tutarlı qaynaqlara söykənən faktlardan geniş və izahlı məlumat vermək, yazmaq bacarığına malikdir. Müasir Azərbaycan hərb tarixmizin həm iştirakçısı, həm də salnaməçisidir. Bir neçə kitabın müəllifi, almanaxın tərtibçisidir. Həyatı haqqında dövrü mətbuatda, sosial şəbəkələrdə məlumat bol olduğundan aşkar faktlara yer verməyərək, bu insanın güclü vətəndaş mövqeyinə malik ziyalı, eyni zamanda, çağdaş ədəbi mühitdə özünü və sözünü təsdiqləmiş qələm sahibi kimi dəyərli olduğunu vurğulamaq xüsusilə yerinə düşərdi. Əli bəy Azərinin həyatı onun nəsrində, hekayə, povest və romanlarında öz əksini tapıb. Publisistik düşüncələri təsisçisi və naşiri olduğu, oxucularının və müəlliflərinin coğrafiyası respublikamızın hüdudlarını aşan gözəl tərtibli və dərin mövzulu “Xəzan” jurnalının “Baş redaktordan” səhifəsində real hadisələr, aktual məsələlər barədə obyektiv mövqeyində oxucuya çatdırılır. Sosial şəbəkələrdəki paylaşımlarında hər hansı mənfi meyllər və ünsürlər barədə yumoru, sarkazmı öldürücü xarakter daşıyır.

Əli bəy Azəri müasir Azərbaycan mətbu və ədəbi mühitinin fəal simalarındandır. Əminəm ki, onun gördüyü işlər, həyata keçirdiyi layihələr ədəbiyyat tariximizdə əbədiyyət qazanacaq və gələcək müzakirələrin aktual mövzuları sırasında yer alacaq – müəllifi olduğu və redaktor kimi xeyir-dua verdiyi kitablar, çoxlu sayda aktual mövzulu, məzmunlu publisistikası, təsisçisi və naşiri olduğu nəfis tərtibli “Xəzan” jurnalı… və bir də bu yığcam səmimi dost yazısı!

Müəllif: Mahir CAVADLI

MAHİR CAVADLININ YAILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.