Qeyri-adi tətqiqat
Bu evə təzə köçmüşəm. Yarım il olar. Qonşuları hələ yaxşı tanımıram. Həyatımın çox hissəsinini işim alır əlimdən. Gecələr təcili yardımda, günüzlər də özəl klinikada çalışıram. Həkiməm. Evlənmədim. Qadınlara, qızlara heç vaxt ayıra bilmirəm. Bəlkə də hələ ürəyimi fəth edən tapılmayıb.
Ev telefonuma zəng gəldi.
-Axşamınız xeyir
-Salam
-Sizinlə söhnət etməliyəm, doktor.
-Buyurun. Kimdir?
-Qonşunuz. Üzbəüz binada yaşayıram.
-Çox gözəl. Buyurun. Dinləyirəm sizi.
-Yox. Gəlin görüşək. Telefon söhbəti deyil.
-Görüşək. Harda? Nə vaxt?
-Sabah axşam saat 7 də sizi həyətdəki kafedə gözləyirəm.
Ertəsi gün danışdığımız kimi kafeyə getdim. Boş stolların birində əyləşib məni buraya çağıran adamı görməyə tələsirdim.
Arxadan gələn səsi tanıdım.
-Axşamınız xeyir, doktor. Çox sağ olun ki, gəldiniz. Sözümü yerə salmadınız.
– Buyurun, mən sizi ilk dəfədir görürəm. Və…
– Tanış olaq. Adım Avraamdır. Bu adı mən özüm seçmişəm . Avraam Linkolnu çox sevdiyimdən. Onu da mənim kimi öldürüblər.
– Bağışlayın. Anlamadım.
– Məsələ burasındadır ki, mən çox maraqlı bir tətqiqatla məşğulam
Qarşımdaki cavan oğlanın psixikasında problem olduğunu dərhal hiss etdim və
– Mənim sizin tətqiqatda rolum nə?
– Mən uzun illərdir nə vaxt və necə öləcəyimi hesablayıram. Vaxtı hələ bilmirəm. Amma necə öləcəyimi bilirəm. Bunu dəqiq bilirəm.
– Siz dəlisiniz
– Bəli. Mənə hamı dəli deyir. Çünki məni anlamırlar. Siz elə bilirsiniz dəli deyilən hər kəs dəlidir? Əsla. Onların beyinlərinin quruluşu siz normal dediklərinizdən fərqlidir.
– Bilirsiniz, cavan oğlan, mənim o qədər vaxtım yoxdur. Mən bu cəfəngiyyatı eşitmək belə istəmirəm.
Nə istəyirsiniz edin mənim burada nə işim var?
– Məsələ burasındadır ki, məni siz öldürəcəksiniz.Hesablamalar nəticəsində sizin evdən gəlir mənə ölüm.
– Nə? Siz həqiqətən xəstəsiniz. Mən həkiməm, insanlara şəfa verirəm. Mən niyə kimisə öldürməliyəm?
-Bilmirəm. Ancaq mənim tətqiqatımın nəticəsinə görə məni siz öldürməlisiniz.
Mən əsəbi halda ayağa qalxdım
-Sağ olun. Mən getməliyəm.Xahiş edirəm məni bir daha narahat etməyin!
Bu olanları çox fikirləşdim. Və qərara gəldim ki,həqiqətən sərsəmin birinə rast gəlmişəm və maraqlısı da odur ki, o mənim qonşuluğunmda yaşayır.
Bir həftə sonra təcili yardım həkimi kimi bir mənzilə çağırıldım. Qapını yaşlı bir qadın açdı. O oğlunun halının qəfil pisləşməsini dedi və bizi içəri dəvət etdi.
Xəstənin bir neçə gün əvvəl mənimlə kafedə görüşən adam olduğunu görüb özümü itirdim.
– Salam doktor.
– Nə olub Avraam?
– Avraam deyil adı, ay doktor – deyə ana ağlamağa başladı.
Narahat olmayın, ana, biz tanışıq. Öz aramızda ona elə deyrik.
Qadın sakitləşib geri çəkildi.
– Doktor. Bəlkə bu elə həmin gündür? Siz indi mənə iynə vuracaqsınız və mən…
– Siz sağlamsınız. Ağrayan yeriniz varmı?
– Bilmirəm. Başım, başım bərk ağrayır. Gözlərim qaralır.
Mən təcili onun təzyiqini ölçdüm və tibb bacısına göstəriş verdim.
Düzü təşvişdəydim. Təzyiqi çox yüksək idi. Onun sərsəm sözləri isə qulağımda səslənirdi. “Məni siz öldürəcəksiniz”
Tibb bacısının əlindəki şpritsə baxıb
– Dayan – dedim- Lazım deyil! Vurma!
– İsti su gətirin! Limon sıxın!
Bir neçə adi tədbirlərdən sonra o özünə gəldi. Baş ağrısı keçdi. Gözləri açıldı.
Mən tərimi silib ayağa qalxdım
– Yaxşısınız artıq. Biz gedək.
– Doktor mən səhv edə bilməzdim axı.
– Siz nəinki səhv edirsiniz, hətta boş bir fikir söyləyirsiniz.
Qapıda qoca anayla sağollaşıb mənzili tərk etdik.
Maşında siqaret çəkə- çəkə fikrə getdim:
“Birdən həqiqətən o iynədən ölsəydi?”
Sonra, sanki yuxudan ayılıb fikrimi dağıtdım.
Həyat davam edirdi. Bu sərsəm qonşumu tədricən unudurdum. O da məni narahat etmədi daha.
Bir gün işdən qayıdanda qonşuların bir yerə toplandıqlarını gördüm. Maraqlanıb onlara yaxınlaşdım.
Qonşu binada yaşayan cavan oğlanın bu gün səhər öldüyünü eşitdim. Bu həmin mənimlə kafedə görüşən oğlan idi. Ölümün səbəbiylə maraqlandım.
Dedilər ki, yolu keçəndə onu maşın vurub. Elə yerindəcə keçinib.
Çox pis oldum. Sürücünün kim olduğunu bilmək istədim. Heç kim bilmədi. Ürəyimdə ona çox yazığım gəldi.
Yorğun halda pilləkənləri qalxıb evə getdim və işıqları yandırmadan divana uzanıb fikrə getdim. Onunla kafedəki söhbəti sonra onu necə xilas etdiyimi yada saldım.
Telefon zəng çaldı. Dostum idi.
– Salam. Qanım qaradır. Qonşuluqda tanıdığım bir oğlanı maşın vurub. Ölüb.
– Hə.Bilirəm. Bilirsən kim vurub?
-Yox
– Sənin evinin keçmiş yiyəsi. Sən evi ondan almısan.
Müəllif: Təranə MƏMMƏD
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru