Şahnaz Şahin – KÖHNƏ SİYAHI

KÖHNƏ SİYAHI

Esse

İnsan dünyanın neçənci möcüzəsidir, deyə bilmərəm, amma bütün möcüzələrin birincisi olduğuna qəti əminəm.

Hər süslü çiçək sonda saralmış quru yarpaq,

İnsan, o nədir? Əvvəli torpaq, sonu torpaq!-

deyən C.Cabbarlı haqlı idi, amma bu tərif insanın yalnız bəşəri dəyərini, fiziki ömrünü ifadə edirdi. İnsanlar isə çox fərqlidirlər, bu xarakterik xüsusiyyətlər, genetik, sosial və mədəni faktorlarla da tənzimlənir. Müxtəlif vaxtlarda aparılan araşdırmalara əsasən hətta şəxsiyyətin cinsi fərqləri erkən yaşlarda özünü biruzə versə də,  insanlar yaşa dolduqdan sonra belə qalır. Qadınlarda ütancaqlıq, istiqanlılıq, dostcanlı və narahatlıq hissləri yüksək olduğu halda, kişilər iddialı və yeni ideyalara açıq olmaları ilə fərqlənir.

    El içində belə bir deyim var, soruşanda qardaşın necə adamdır, yoldaşlıq etməmişəm deyilrər. Psixoloqlar isə insanı tanımağın yolunu onun hansı temprament tipinə aid olmasını aydınlaşdırmaqda görürlər. Temperament sözü latın sözü olub, “hisslərin lazımı qarşılıqlı nisbəti” mənasını verir. Amma bu göründüyü kimi sadə və adi məsələ deyil, çünki temperamentin formalaşması  da bir sıra faktorlrdan asılıdır, ətraf mühit, həyat tərzi, ailədən gələn tərbiyə bu işdə böyük rol oynayır. Ümumiyyətlə isə hər adamda dörd temperament tipinin xüsusiyyətləri toplanır, amma hansı tipin əlamətləri dominantlıq təşkil edirsə insan o tipə aid hesab olunur. Belə bölgü bəzən mübahisə də doğurur, çünki elə psixoloqlar özləri də təsdiq edir ki,” yer üzündə yalnız bir tipin xüsusiyyətini özündə cəmləşdirən insan yoxdur”…

      Heç vaxt sevdiyim adamın hansı tümperament tipinə aid olmasını düşünmədim, eləcə olduğu kimi qəbul edib sevdim…  Çiyin-çiyinə, uzun və eniş-yoxuşlu bir yol keçib gəlmişik, həyat bizi ağladıb da, güldürüb də. Düşdüyümüz çətinliklər bizi bərkidib, yol bizi taqətdən salanda bir-birimizə söykək durmuşuq, güclü küləkdə əllərimizdən bərk-bərk yapışmışıq, yağış-qar döyüb, gün yandırıb kürəyimizi. Amma təslim olmamışıq, səbirlə, təmkinlə yolumuza davam edərək gəlib bu günümüzə çıxmışıq. Bir yerdə yaşamaq asan gəlməsin sizə. Burda şəxslərdən çox şey tələb olunur, əslində insan müdrikliyi də, tolerantlıq və humanistliyi də birinci elə birgəyaşayışdan əxz edir. Qarşılıqlı sevgi, hörmət, etibar, inam, ehtiram, güzəşt başlıca şərtlərdəndir ailədə. Müqəddəs kitabımız da çətinlik qarşısında səbir etməyi öyrədir, amma bəzən çox təəssüf ki, səbirlə dözümü səhv salırlar. Əzizlərim, işgəncə, fiziki və mənəvi basqı, qorxu, təpki, patoloji qısqanclıq və s. qarşısında duruş gətirmək səbir sayılmaz! Mətləbdən uzaq düşsəm də deyim ki, belə hal heç Yaradanın özü tərəfindən də təqdir edilmir. Ailə faciələrinin başlanğıcı hesab edirəm belə dözümlülüyü, gərək deyil, heç bir şey səndən, sənin həyatından, duyğularından, canından artıq deyil… İki insan o zaman birgə yaşamalıdır ki, ayrılıqda yaşaya bilməsinlər. Əgər birgə uçmağa göyünüz, yeriməyə yeriniz, bölüşməyə dərdiniz, yeməyə sevginiz yoxdursa, özünüzü aldatmayın, həyatınızı puç etməyin. Siz Prometey deyilsiniz, yolunuzu vaxtında ayırın, “yox” deməyi bacarın:

…Oyun oynandı, bitdi,

Hirsini, hikkəni boğ.

Sevinməyə sevgimiz,

Çəkməyə dərdimiz yox…

 Biz başqa adamlarıq.(Ş.Şahin)

Gedin, harada ki, sizi duyan var, sevən varsa ora gedin, xoşbəxt olmağın o qədər çalarları və növləri var ki…

     …Əlində bir kiçik yazı dəftərçəsi tutub min bir sözlü baxışlarla baxır üzümə. Həmişə hər hadisənin, hər gördüyü işin qeydiyyatını apardığını bilirəm, bu onun xobbisidir, həm də lazım gələndə sübutlu sənədi. Mən bu yanda telefonda qurcalanıram, o da divanda oturub dəftərçəni vərəqləyir, arada vərəqləri cırıb mənə göstərib soruşur:

-Xatırlayırsan?..

Mən də yadıma düşməsə də başımı tərpədib təsdiqləyirəm, bilirəm ki, yox desəm inciyər. Onun yaddaşına heyranam, hər hadisəni detallarıyla xatırlayır. Hər birini də tarixi, saatı və dəqiqəsiylə qeyd edib o zaman. Bu dəftərçə görüşlər və ayrılıqlar, sevinc və kədər, etibar və diqqətin tərcümanıdı. Sonra saralmış vərəqlərdən bəzilərini qoparıb mənə verir…Baxıb yana qoyuram, bir-bir. Növbəti vərəqin üstündə düşünməli oluram,  İlahi, bu köhnə siyahıdı ki! Burda toyumuz üçün lazım olan vacib şeylər və onların qiymətləri yazılıb. Yox, elə düşünməyin ki, burda bahalı daş-qaş, ya başqa şeylərin adı yazılıb, biz hər iki ailənin büdcəsini düşünüb daşınıb qərar vermişdik. Eh, hələ gəlin və bəy üçün vacib olan geyim və aksesuarlar… Vaxt nə tez keçdi, heç gözümüzü açmağa imkan vermədi ki!..

     Toya hazırlaşan valideynlərimiz, qohumlar, dostlar da gəlib göz önündən keçir bir-bir.  Evinə gəlin gətirən ana-atanın şadlığını nəylə müqayisə etmək olar ki… O günə qədərki bütün günlərin şəkli var bu dəftərçədə, xoşbəxtlik qayğıları səpələnib sapsarı varaqlara. Sanki bir kompasdır, hara gedəcəyimizi göstərir, təhlükələrdən aşırır, yola salır, qarşılayır bizi…

Özündən başqa heç kimə

gərək deyil xatirələrin…

istər bəxtərvərlik oxu, istər…

nə fərqi!

Özündən o yana getməz ki, səsin.

Uçurmaz damlardan göyərçinləri,

Ağartmaz bağların boz yollarını.

Qayıdıb özünə bir sillə çəkər,

Amandı, danışma nağıllarını..

…Gəl də, bir xatirə şəkli çəkdirək,

Əyil, qoy boynuna çatsın əllərim.

Yığmışam ovcuma xəzəl canımı,

Bir dua gözləyir ruhum hələ də…(Ş.Ş)

…Bu da bir xatirə idi, bir çoxunun dostuna, sirdaşına, yoldaşına göstərmədiyi qayğını göstərib cansız dediyimiz kağızlara. Kağızlar, üstünə yazılan yazılarla dəyər qazanıb, əzizlənib, oxşanıb bu uzun illəri. Əziz günlərin xatirəsi də əziz olur, iki eyni ruh daşıyıcısı, eyni tərəfə baxmağı bacaran insan bir yerdə olarsa bundan onlar özləri də, uşaqlar da, elə mənsub olduqları cəmiyyət də qazanar. İnsanların gedəri olduğu, amma fırlanaraq onları da özüylə birlikdə fırlanmağa məcbur edən dünya əbədidir. Fiziki yoxluqla həyat bitmir, insanı yaşadıqları və yaşatdıqları yaşadır sonra…

…Dəyişmir donunu dünən,

Çırpırsan tozu tökülür.

Səni gözləməkdən ölən,

Günlərin duzu tökülür…(Ş.Şahin)

Müəllif:Şahnaz ŞAHİN
AYB və AJB üzvü, Prezident Mükafatçısı,
Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.


ŞAHNAZ ŞAHİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

3 MAY – TÜRKÇÜLÜK GÜNÜDÜR

AKİF ABBASOVUN YAZILARI

3 MAY – TÜRKÇÜLÜK GÜNÜDÜR

MƏKTƏBLƏRLƏ TANIŞLIQ

(“Samsundan başlanan yol” romanından)

Atatürk atın tərkində Akşəhərə gəzintiyə çıxmışdı. Dr. Helmi Oytac onu görcək təəccübünü gizlətmədi:

-Qazi əfəndi, nə əcəb səhər erkən gəzintidəsiniz. Bu təmiz havadan sinə dolusu nəfəs almağın yerini heç nə verməz.

Atatürk gülümsəyərək:

-Bilirəm, Helmi əfəndi. Amma məqsədim bu deyil. Mədrəsələrə baş çəkmək istəyirəm. Deyirəm, görüm uşaqlarımızın dərsi nə vəziyyətdədir, nə oxuyurlar, nə keçirlər, hansı şəraitdə məşğul olurlar.

Dr. Helmi Oytac onun fikrini təqdir etdi. O öz evinin qarşısındakı küçədə dayanmışdı.

Qazinin yavəri də onunla gəlmişdi. Dr. Helmi onları evə dəvət etdi. Nəzakətlə boyun qaçırdılar. Görüləsi işlər vardı. Atatürk dr. Helmidən soruşdu:

-Yaxınlıqda mədrəsə varmı?

Dr. Helmi cavabında dedi:

-Vardır, qazi əfəndi.

Mustafa Kamal soruşdu:

-Onlardan neçəsi fəaliyyət göstərir?

Atatürk respublika elan olunduğu ilk vaxtlardan Qərb modelinə uyğun vahid, dünyəvi Türkiyə yaratmaq istəyirdi. Ölkədə dini məktəblər, mollaxanalar, mədrəsələr baş alıb gedirdi. Atatürk dünyəvi təhsilə, dünyəvi mədəniyyətə geniş yer verməyi əhəmiyyətli sayırdı. Odur ki, dini məktəblərin və mədrəsələrin əksəriyyəti bağlanmışdı.

Dr. Helmi dedi:

-Məndə olan məlumata görə, Akşəhərdə haradasa qırx mədrəsə vardı. İndi onlardan bir neçəsi işləyir. Birisi lap yaxınlıqdadır.

Atatürk atdan endi. Mədrəsəyə baş səkmək istədiyini bildirdi. Onlar gəzə-gəzə mədrəsəyə gəldilər. Atatürk əvvəlcə bir-bir otaqları gəzdi. Onların çoxu mədrəsənin zirzəmisində yerləşmişdi. Kiçik, qaranlıq otaqlar idi. Hərəsində bir soba vardı. Bu sobalar güc-bəla ilə otaqları qızdırırdı. Buna qızdırmaq demək mümkün idisə.

Otaqların bir çoxu bom-boş idi, kimsə gözə dəymirdi. Bu otaqlardan yataqxana kimi istifadə olunurdu. Burada kəndlərdən oxumağa gələn şagirdlər qalırdılar. Onlar sobaları yandırıb həm qızınır, həm də sobanın üstündə yemək hazırlayırdılar. Otaqlar pis vəziyyətdə idi, yemək qoxusu ətrafı başına götürmüşdü. Adamın ürəyini bulandırırdı. Helmi hətta əli ilə burnunu tutmuşdu.

Dərs otaqları zirzəminin üstündəki mərtəbədə yerləşirdi. Atatürk, dr. Helmi və qazinin yavəri üst mərtəbəyə qalxdılar. Buradakı mənzərə də ürəkaçan deyildi. Şagirdlərin ayaqqabıları sinif otağının qarşısında düzülmüşdü. Gələnlər otağa keçdilər. Dərsi qafqazlı Nüman əfəndi aparırdı. O, qəsəbənin müftisi idi. Şagirdlər bir qara taxtanın ətrafında dizi üstə əyləşmişdilər. Gələnləri görüb ayağa qalxdılar. Atatürk içəridəkilərlə salamlaşdıqdan sonra üzünü müəllimə tutaraq xəbər aldı:

-Xoca əfəndi, dərsiniz nədir?

Müfti cavab verdi:

-Lisan-ül- ərəbi.

Atatürk təəccüblə müftiyə baxaraq:

-Deməli, şagirdlərə ərəb dili öyrədirsiniz.

Müsbət cavab alıb uşaqlardan birinə müraciətlə dedi:

-Tabaşiri götür, yazı lövhəsinin qarşısına keç.

Şagird deyilənlərə əməl etdi. Atatürk sözünə davam etdi:

-Mən deyənləri yazıb ərəb dilinə çevir.

Şagird əlində tabaşir yazı taxtasının önündə dayandı və Atatürkün nə buyuracağını gözlədi. Atatürk aramla aşağıdakı cümlələri dedi:

-Keçmiş Osmanlı imperatorluğu sərhədləri içində bir çox azınlığı ilə yanaşı ərəb azınlığı da vardı. Bu günkü milli sərhədlərimiz daxilində ərəb azınlığı yoxdur.

Oğlan böyük Atatürkün diktə etdiyi cümlələri yazı lövhəsində yazdı, sonra dayanıb gözlərini döydü. O deməsə də, hiss olunurdu ki, cümlələri ərəb dilinə tərcümə edə bilmir. Bunu görən Atatürk ikinci, üçüncü şagirdə müraciət etdi. Bir şey çıxmadı.

Şagirdlərdən birinin 19-20 yaşı olardı. Atatürk onu gözdən keçirib başını buladı. Şagirdlərlə xudahafizləşib çölə çıxdılar. Atatürk yavərini göndərib müəllimi çağırtdırdı. Şagirdlərin yanında deyə bilmədiklərini ona çatdırdı:

-Xoca əfəndi, düşündüm ki, sinif otağında desəm, bu pedaqoji mərifətdən kənar olar. Odur ki, burada, təklikdə görün sizə nə deyirəm. Ölkəmiz əlləşib-vuruşur, ayaq üstə qalxmaq istəyir. Belə ağır günlərdə məktəb yaşları keçmiş uşaqları hərbi xidmətə yola salmaq əvəzinə bu qaranlıq otaqlara doldurub ərəb dili öyrədirsiniz. Belə də dil öyrənərlər? Dil öyrənmək üçün mühit lazımdır, ünsiyyət lazımdır. Buradan deyirsiniz, oradan unudurlar. Bizdə ərəbcə danışan adamlar varmı ki bunlara ərəb dili dərsi keçirsiniz? İndi bu dili öyrətməyin mənası yoxdur. Hazırda ərəb dili bir elm və fənn dili deyil, xocam.

Müfti lal-dinməz dayanıb baxır, nə cavab verəcəyini bilmirdi. Atatürk ona həqiqəti anlatmışdı.

Atatürkün təklifi ilə milli təhsil məktəblərinə də baş çəkdilər. Ağır addımlarla, söhbət edə-edə gedirdilər. Atatürk ətrafı gözdən keçirirdi. Yollar qaydaya salınmalı idi. Yağış, qar yağanda çala-çuxura su yığılır, palçıq əmələ gəlir, gediş-gəlişi çətinləşdirirdi. Yay aylarında da küçələr toz-torpaqlı olurdu. Bir balaca külək qalxanda toz adamın gözünə dolur, saçlarına, üst-başına otururdu.  Yan-yörə daş-kəsəkli idi, bəzi yerlərə zir-zibil atılmışdı.

Atatürk ayaq saxlayıb bu mənzərəni ürək ağrısı ilə seyr edib köksünü ötürdü:

-Bizim tərəfimizdən hələ görüləsi işlər də çoxdur. İnsanların özləri tərəfindən görüləsi işlər də. Yığılıb bu zir-zibili, daş-kəsəyi yığışdırsalar nə olar? Dünya dağılar? Bunlar bir yana. Heç olmasa, zibilləməyələr. Səliqə-sahman, hər şeydən əvvəl bu adamların özlərindən ötrü lazımdır.

Dr. Helmi Oytac:

-Doğru buyurursunuz, əfəndim. Səliqə-sahmanı özümüz gözləməliyik. Bunu da bizim əvəzimizdə dövlət görməyəcək ki…

Atatürk söhbətin mövzusunu dəyişdi:

-Mədrəsədəki vəziyyət qanımı qaraltdı. Bax bu yoldakı, küçədəki qarmaqarışığı, nizamsızlığı və səliqəsizliyi mən mədrəsədə gördüm. Məktəblərimiz o gündə olanda, yolumuz, küçəmiz, hələ evimiz də bu gündə olar. Mədəniyyət məktəbdən nəşət tapır. Mədəniyyət oxumaq, anlamaq, görə bilmək, gördüyündən nəticə çıxarmaq, ayıq yaşamaq, düşünmək, zəkanı maarifləndirməkdir.

Onlar milli təhsil məktəblərinin birinin qarşısında ayaq saxladılar. Bu, “İdadi” adlandırılan bir məktəb idi. Atatürk və onu müşayiət edənlər sinif otaqlarından birinə daxil oldular. Yazı masalarının üzərində dərs kitabları qoyulmuşdu. Kitablardan biri “Qiraət-gözəl yazı”, digəri “Məlumati-mədəniyyə mədəni bilgilər” adlanırdı. Atatürk sinfi salamladı.

Böyük Atatürkün qəfil gəlişindən müəllim həyəcanlandı. Cəld ayağa durdu, şagirdlər də yerlərindən qalxdılar. Atatürk əli ilə işarə etdi ki, narahat olmasınlar, məşğələni davam etdirsinlər. Lakin sinfə dərin sükut çökmüşdü. Müəllim dillənmir, şagirdlər də dayanıb baxırdılar. Atatürk partalardan birinə yaxınlaşıb kitabı vərəqlədi. İstədiyi səhifəni tapdı. İtidala aid bir mövzuya rast gəlmişdi. O, şagirdə müraciətlə soruşdu:

-Oğlum, itidal nə deməkdir?

Sual cavabsız qaldı. Məlum oldu ki, bu mövzu hələ keçilməyib.

Atatürk üzünü müəllimə tutdu:

-Əfəndim, bəlkə bu sözün izahını siz verəsiniz.

Müəllim dedi:

-İtidal ədalətdən gələn bir məsələ olur, qazi əfəndi.

Atatürk onun cavabından narazı qaldı:

-Xoca əfəndi, mən sizdən soruşmuram ki, itidal haradan gəlib, hara gedir. İstəyirəm itidalın mənasına aydınlıq gətirəsiniz.

Müəllim susdu. O, başı çalmalı bir kişi idi. Bu vəziyyətdə sinifdə dərs keçirdi. Həm onun geyimi, həm də savadı Atatürkü haldan çıxarırdı. O, müəllimə tərs-tərs baxıb əlini yellədi:

-Bu da bizim milli təhsil verən məktəbimiz!

Atatürk bunları deyib sinfi tərk etdi.

O biri sinif otağındakı vəziyyət heç də bundan yaxşı deyildi. Buradakı müəllim də çalmalı idi. Divardan bir neçə xəritə asılmışdı. Partaların üstündə Quran kitabları vardı. Atatürk şagirdlərdən birinə yaxınlaşıb soruşdu:

-Oğlum, dərsiniz nədir?

-Coğrafiya.

Müəllim Atatürkün məktəbə gəldiyindən xəbər tutmuş, baş aldatmaq üçün Quran kitablarını partaların üstünə düzdürmüşdü ki, ona irad tutulmasın.

Uşağın cavabından hər şey məlum oldu. Məlum oldu ki, Quranın qiraəti yox, əslində coğrafiya dərsidir.

Müəllimin bu hərəkətini görən Atatürk özünü saxlaya bilmədi:

-Xoca əfəndi, uşaqların gözləri qarşısında yalana, saxtakarlığa əl atırsınız. Bunlar sizdən hansı nümunəni götürsünlər?! Sizdən bir şey soruşmayım deyə Quranı ortaya gətirmisiniz. Ayıb deyilmi?

Müəllim deməyə söz tapmadı, gözlərini döyüb key-key Atatürkə baxa-baxa qaldı.

Məktəbi acı təəssüflə tərk etdilər. Atatürkün qanı qaralmışdı:

-Dr. Helmi, biz milli məktəblər yaradırıq. Bir görürsən, köhnə məktəblərlə – mədrəsələrlə bu yeni məktəblər arasında hələ ki bir fərq görünmür. Bilirsiniz niyə? Bu məktəblərə də mədrəsələrin ruhu hopub. Biz müəllim hazırlığını diqqət mərkəzində saxlamalıyıq. Yeni məktəblərə yeni müəllimlər, yaxşı təhsil görmüş, elmi dünyagörüşə malik müəllimlər ayaq açmalıdır. Dünyada hər şey üçün, maddi işlər üçün, mənəviyyat üçün, həyat üçün, müvəffəqiyyət üçün ən gerçək yol göstəricisi elmdir, texnikadır. Həm də milli məktəblər üçün binalar inşa etməliyik. Balalarımız, türk övladları təhsilə, elmə, mədəniyyətə qovuşmalıdır. Ən mühüm və ən məhsuldar işlərimiz milli maarif sahəsində olmalıdır. Millətin həqiqi qurtuluşu yalnız və yalnız bu yolla ola bilər.

Atatürk ayaq saxlayıb əlini dr. Helmi Oyataca uzatdı:

-Dr. Helmi, mənimlə birgə məktəbləri gəzdiyinizə görə təşəkkür edirəm. Məni vəziyyət maraqlandırırdı. Getdim, baxdım. Vəziyyəti öyrəndim. Tədbir görərik. Hələlik.

Onlar görüşüb ayrıldılar.

Atatürk atın tərkinə qalxdı.

MüəllifAkif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Molla Pənah Vaqif – Xumar-xumar baxmaq göz qaydasıdır

MOLLA PƏNAH VAQİFİN YAZILARI

Xumar-xumar baxmaq göz qaydasıdır
Sevdiyim, ləblərin yaquta bənzər,
Sərasər dişlərin dürdanədəndir.
Sədəf dəhanından çıxan sözlərin
Hər biri bir qeyri xəzanədəndir.
***
Nədəndir sözümə cavab verməmək?
Həm camal gizləyib, üz göstərməmək.
Gecələr gözlərim xabı görməmək,
Ol siyah nərgisi-məstanədəndir.
***
Mən ha səni nuri-ilahi sannam,
Camalının şöləsinə dolannam,
Atəşinə mərdü mərdanə yannam,
Bu xasiyyət mənə pərvanədəndir.
***
Bir namə yazmışam can üzə-üzə,
Badi-səba, apar sən o gül üzə,
Soruşsa yar ki, bu kimdəndir bizə?
Söyləgilən: — Sizin divanədəndir.
***
Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan, nə şanədəndir.
***
Müştaqdır üzünə gözü Vaqifin,
Yolunda payəndaz üzü Vaqifin,
Sənsən fikri, zikri, sözü Vaqifin,
Qeyri söz yanında əfsanədəndir.

Müəllif: Molla Pənah VAQİF

MOLLA PƏNAH VAQİFİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

PROFESSOR BƏŞİR ABBAS OĞLU ƏHMƏDOV – 90

PROFESSOR BƏŞİR ƏHMƏDOV

PROFESSOR BƏŞİR ABBAS OĞLU ƏHMƏDOV – 90

Bəşir Abbas oğlu Əhmədov Azərbaycanın görkəmli filoloq-dilşünas alimi, istedadlı metodisti və pedaqoqu, xeyirxah bir insan kimi tanınıb. Hazırda da o, böyük hörmət və məhəbbətlə yad edilir.

Bu görkəmli alim, gözəl insan  1932-ci il may ayının 5-də  Tovuz rayonunun Alakol kəndində  dünyaya gəlmiş, 2007-ci ilin  iyun ayının 19-da  Bakı şəhərində dünyasını dəyişmişdi.

Bu il pedaqoji elmlər doktoru, professor  Bəşir Abbas oğlu Əhmədovun 90 illik yubileyidir. Bu məqalə həmin yubiley münasibətilə qələmə alınıb.

                                        SEVİMLİ MÜƏLLİMİM

         1973-cü ilə qədər hazırkı Azərbaycan Dillər Universiteti M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu  adlanırdı. O zaman rus dili də bu institutu da  bir fakültə kimi fəaliyyət göstərirdi. 1973-cü ilin birinci yarımilində institut iki ali məktəbə ayrıldı: SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu  və M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu (hazırda Bakı Slavyan Universiteti).

         Mən ingilis-Azərbaycan dilləri fakültəsində təhsil alırdım və elə həmin ilin yayında ali təhsilimi başa vurub Sabirabad rayonuna təyinat aldım. İnstitutun adı dəyişilsə də, diplomumuzsa əvvəlki adı yazıldı: M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu.

         O vaxtdan illər keçib, fəqət ali məktəb illərinin xoş və unudulmaz xatirələri heç zaman məni tərk etməyib. Tələbə yoldaşlarım (Rafiq Salahov, Mirzə Cəfərzadə, Nadir Babayev, Dünyamin Yunusov, Kazım Əzimov, Akif Qasımov, Cavanşir Şibliyev, Muxtar Şiriyev, Sabir Həmidov, Azər Mustafayev və b.), müəllimlərim  (professorlar Mirzəağa Quluzadə, Şərif Haqverdiyev, İsmixan Rəhimov, L.Y. Barsuk, Vilayət Əliyev, Zeynal Tağızadə, Fikrət Seyidov, Qəzənfər Paşayev, dosentlər Paşa Əliyev, Minirə Qarayeva,  Leyla Rəhimova, Sima xanım, Xavər xanım və b.) daim anılır.

           Müəllimlərimin sırasında, pedaqoji elmlər doktoru, professor Bəşir Əhmədovun həm bir xeyirxah insan, həm də  istedadlı alim və pedaqoq  kimi xüsusi yeri vardı və sonralar onunla ünsiyyətimiz, əlaqələrimiz, əməkdaşlığımız genişləndi.

         Professor Bəşir Əhmədov bizə Azərbaycan dilinin  tədrisi metodikasından mühazirələr oxuyurdu. 35-36 yaşlarında dissertasiya müdafiə edib elmlər doktoru alimlik dərəcəsi, professor elmi adı almışdı.

B.A. Əhmədov Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (hazırda Azərbaycan  Respublikasının Təhsil İnstitutu) aspirantı olmuş, AMEA-nın müxbir üzvü, professor Ə. Dəmirçizadənin elmi  rəhbərliyi  ilə “V sinifdə Azərbaycan dili fonetikasının tədrisi” mövzusunda namizədlik (1961), prof. Ə. Abdullayevin elmi məsləhətçiliyi ilə  “Məzmunla formanın vəhdəti nitq inkişafı metodikasının əsası kimi” mövzusunda  doktorluq dissertasiyası (1961)  müdafiə etmişdi. 

         Bizə mühazirə oxuyan professorların əksəriyyəti yaşlı adamlar idilər. Hətta dosentlərin bir çoxu da müəyyən yaş həddinə çatmışdılar. Bəşir müəllim isə onlardan fərqli olaraq cavan və enerjili idi, mühazirələrini bəziləri kimi saralmış vərəqlərdən demir, canlı və son dərəcə maraqlı qururdu. Mühazirənin gedişində tələbələrin diqqətinin yayınmasına, onların yorulmasına imkan vermirdi. Nəzərdən keçirilən mövzuya aid suallarla auditoriyaya müraciət edir, eyni zamanda tələbə oğlan və qızların da sual vermələrinə çalışırdı.

         Bəşir müəllim auditoriyada mənəvi və psixoloji iqlimin saf və  səmərəli olması üçün, yeri gəldikcə, haşiyə çıxır, zarafatlarından da qalmazdı.  Odur ki, tələbə-müəllim münasibətləri uğurlu qurulurdu, gənclər professorun simasında bir hamini, dostu, həmfikri, yaxın məsləhətçini görür, bəzi müəllimlərdən fərqli olaraq ondan çəkinmirdilər.

          Bəşir müəllimin imtahanları da qorxusuz-hürküsüz keçir, tələbələr həvəslə imtahanlara hazırlaşır, müstəqillik, yüksək bilik nümayiş etdirirdilər. Təmənnasızlığın, obyektivliyin olması tələbələrin biliklərinin düzgün qiymətləndirilməsinə imkan verirdi. Bəşir Əhmədov tələbələrin, xüsusən mənim sevimli müəllimim idi.

         Professor Azərbaycan dilinin tədrisi metodikası sahəsində çalışırdı.  Namizədlik və doktorluq dissertasiyalarını bu ixtisas üzrə müdafiə etmişdi. Əsərləri, məqalələri Azərbaycan dilinin tədrisi metodikasına aid idi. Lakin Bəşir müəllim ümumi pedaqogika, didaktika, məktəbşünaslıq, məktəb və pedaqoji fikir tarixinə dair də bir çox əsərlərin müəllifi idi. Pedaqogikanın qanunlarına və prinsiplərinə dair kitabı vardı, 1983-cü ildə “Pedaqogikadan mühazirə konspektləri” dərs vəsaitini nəşr etdirmişdi. Pedaqogikanın aktual məsələləri ilə əlaqədar dövri mətbuatda, qəzet və jurnallarda müntəzəm çıxışlar edirdi. Heç də təsadüfi deyildir ki, Bəşir müəllim bir müddət APİ-də (hazırda) Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqogika kafedrasının müdiri vəzifəsində işləmişdi. Sonradan isə, Bakı Slavyan Universitetində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının (ömrünün sonuna kimi) müdiri oldu. 

Professor Bəşir Əhmədov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert şurasının, pedaqoji elmlər üzrə dissertasiya şuralarının, Milli Məclisdə təhsil qanununun yeni redaksiyasını hazırlayan işçi qrupunun, AMEA-nın Terminologiya Komitəsinin, Azərbaycanda Pedaqoji-Psixoloji Elmləri Əlaqələndirmə Şurası Rəyasət heyətinin, Bakı Slavyan Universitetində universitet və fakültə elmi şuralarının   üzvü idi. 

  O, 33 monoqrafiyanın, dərslik və dərs vəsaitinin,  650-dən artıq elmi məqalənin müəllifi idi.   

Bəşir Əhmədovun əsərlərində fonetikanın, eyni zamanda sadə cümlənin tədrisi, Azərbaycan dili təliminin qanunları, prinsip və metodları, rabitəli nitq vərdişlərini inkişaf etdirməyin səmərəli yolları, Azərbaycan dili dərslikləri ilə işləməyə dair metodik göstərişlər, nitq inkişafında ayrı-ayrı fənlərin rolu və s. məsələlər işıqlandırılmışdır.

Professorun bəzi əsərlərini (monoqrafiya, dərslik və dərs vəsaitlərinin) diqqət mərkəzinə gətirək: “İbtidai məktəbdə ana dilinin tədrisi təcrübəsindən” (T. Kərimov və b. ilə), “Beşinci sinifdə Azərbaycan dili fonetikasının tədrisinə dair”,  “Azərbaycan dili”: Rus məktəblərinin 5-ci sinfi üçün dərslik (Y. Əfəndiyevlə),  “V-VIII sinif şagirdlərinin rabitəli nitq vərdişlərini inkişaf etdirmək yolları haqqında”,  “Sadə cümlənin tədrisi prosesində nitq inkişafı üzrə aparılan işlər”,  “Azərbaycan dili tədrisi” I hissə və II hissə (həmmüəlliflərlə), “Ana dili dərslərində şagirdlərin nitqini inkişaf etdirmək yolları (V-VIII siniflər)”, “Azərbaycan dili təliminin qanunları, prinsipləri və metodları”,  “V sinifdə Azərbaycan dili dərsləri. Dərsliklə işləməyə dair metodik göstərişlər”,  “Azərbaycan dili: Rus məktəblərinin V sinfi üçün dərslik” (A. Abdullayevlə),  “Azərbaycan dili. V-VI siniflər üçün dərslik (A. Axundovla),  “Pedaqogikanın qanunları və prinsipləri” (A. Hacıyevlə), “Türk dili: VI sinif üçün dərslik” (A.Axundovla)., “Türk dili. V sinif üçün dərslik (Ə. Əfəndizadə ilə),  “Azərbaycan dilinin qısa etimoloji lüğəti”,  “Etimoloji mülahizələr”.

  “Pedaqogika” dərsliyi sonuncu dəfə 1964-cü ildə professor Mərdan Muradxanovun həmmüəllifliyi və elmi redaktorluğu ilə nəşr olunmuşdu. İllər keçirdi. Lakin yeni “Pedaqogika” dərsliyinə tələbat artsa da, bu barədə düşünən yox idi. Dərsliyin təkrar nəşri də diqqətdən kənarda qalırdı. Tələbə və müəllimlər dərslik sarıdam çətinlik çəkirdilər. Dərslik dəfələrlə, illərlə istifadədə olduğundan bir çox nüsxələri sıradan çıxmışdı. Az qismi istifadəyə yararlı idi. O zamanlar surətçıxardan avadanlıqlar da yox idi ki, onlardan faydalanmaq mümkün olsun. Həm də onda nəşr işi indiki kimi asan deyildi. Bir neçə nəşriyyat vardı.  Kitablar, dərsliklər yazılandan sonra bir çox distansiyalardan keçirilirdi. Mətbuatda Dövlət Sirlərini Mühafizə elən İdarədən, Mətbuat Nazirliyindən, Mərkəzi Komitənin mətbuat bölməsindən keçəndən sonra nəşriyyatın planına salınır və hələ bundan sonra illərlə nəşri yubanırdı. Bəzən adamın zəhməti hədərə gedir, yazdığın ortada  qalırdı. Bir çoxları bu çətinlik səbəbindən yaxın gəlmək istəmirdi.

Belə bir vaxtda professor Bəşir Əhmədov qələmə sarıldı. Dərsliyin nəşri uzunsa da, 1983-cü ildə, bundan əvvəlki dərslikdən təxminən 20 il sonra “Pedaqogikadan mühazirə konspektləri” meydana gəldi və duyulan ehtiyacı ödədi. Sonradan “Pedaqogika” dərslikləri müxtəlif alimlərin müəllifliyi ilə işıq üzü gördü: [Y.R. Talıbov, Ə.Ə. Ağayev, İ.N. İsayev və A.İ. Eminov (1993-cü ildə), N.M. Kazımov və Ə.Ş. Həşimov (1996), A.N. Abbasov və H.Ə. Əlizadə (2000),  N. Kazımov (2002), Ə.X. Paşayev və F.A. Rüstəmov (2002), L.N. Qasımova və R. M.Mahmudova (2003), A. M. Həsənov və Ə.Ə.  Ağayev (2007), A.N. Abbasov (2010), F.B. Sadıqov (2009), H.H.  Əhmədov (2006), F.N. İbrahimov və R.L. Hüseynzadə (2013), M.A. İsmixanov (2006)].

         Bəşir müəllim həm pedaqoji, həm də elmi kadrların yetişdirilməsində yorulmadan çalışıb, böyük zəhmət çəkib. İstər Azərbaycan dilinin tədrisi metodikası, istərsə də ümumi pedaqogika sahəsində  onlarla aspirant və dissertanta elmi rəhbərlik edib. Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə neçə-neçə iddiaçının müdafiəsində rəsmi opponent kimi çıxış edib. Bir çox dissertasiya şuralarının üzvü olub.

         Pedaqoji ictimaiyyət pedaqoji elmlər doktoru, professor Bəşir Əhmədovu həmişə görkəmli pedaqoq, istedadlı alim, sözün həqiqi mənasında gözəl, xeyirxah və qayğıkeş  insan kimi yad edir.

         Mən müxtəlif elmi məclislərdə, müşavirə və konfranslarda, dissertasiya şuralarının iclaslarda professor Bəşir Əhmədovun çıxışlarını dinləmiş və valeh olmuşam. Öz fikri, öz  sözü vardı. Məntiqi və tənqidi təfəkkürü təkmil idi. Tənqiddən inciməz, özü də tənqid etməyi xoşlardı, lakin bunu qərəzli etməzdi. Görəndə ki, sözləri müsahibinin xətrinə dəyib, bəzən zarafata salar, vəziyyətin gərginləşməsinə imkan verməzdi.

         Bəşir müəllim ilk pedaqoji fəaliyyətə Əli Bayramlı rayonunun (hazırda Şirvan şəhəri) kəndlərində başlayıb. Əli Bayramlı mənim dünyaya göz açdığım, böyüyüb boya-başa çatdığım, orta təhsil aldığım və ali məktəbə qəbul olunana qədər ilk əmək fəaliyyətinə başladığım (“İşıq” qəzeti redaksiyasında) doğma şəhərimdir. Bəşir müəllim Əli Bayramlıda müəllim işləyərkən mən ya rayon mərkəzindəki məktəbdə təhsil alırmışam, yaşım az olub. Yaxud da hələ heç məktəbə getməyirəmmiş. Hansı illərdə burada işlədiyini dəqiq bilmirəm. Sonra o, Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda öz fəaliyyətini davam etdirib. Mən də Sabirabad rayonunun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dili müəllimi kimi işləyəndən sonra bu instituta gəlib çıxmışam. Kiçik elmi işçi kimi. Bəşir müəllim daha bu institutda işləmirdi. Professor institutumuzun elmi katibi olub, indi mən (onun yetirməsi) institutun elmi katibiyəm.

         Bəşir müəllim ömrünün son illərində bizim institutda pedaqoji elmlər üzrə fəaliyyət göstərən (2006-2008) dissertasiya şurasının üzvü idi. Şuranın iclaslarında öz sözünü deyər, gənc tədqiqatçılara öz köməyini göstərərdi.

         Professor Bəşir Əhmədov deyəndə Səməd Vurğunun aşağıdakı sözləri yadıma düşür: “Ölüm sevinməsin qoy…”. Bəşir müəllim hazırda aramızda olmasa da, yenə hörmət və böyük məhəbbətlə xatırlanır. Bu da təsadüfi deyildir. O, öz xoşniyyətli əməllərinə, pedaqogika elmindəki əhəmiyyətli roluna, xeyirxahlığına görə yaddaşlarda qalıb. Anadan olmasının 90 illiyi ərəfəsində sevimli müəllimimi anır, ona “Allah rəhmət eləsin!” deyirəm.           

MüəllifAkif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

PROFESSOR BƏŞİR ƏHMƏDOV YAZILAR

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

                                    

ORXAN ARAS – ŞAİRİN DOSTLUĞU

 Nazim Əhmədli və Orhan Aras

ŞAİRİN DOSTLUĞU

Her Azerbaycan’a gidişim farklı duygular uyandırır içimde. Önceden görmeme rağmen her yeri yeniden görmüş gibi olurum. Tanıdığım insanları da her seferinde âdeta yeniden tanırım. Azerbaycan’ın tabii ve kültürel zenginliği ruhumu yeniler, beni başka dunyalara götürür. Bu ülkeye olan sevgi ve bağlılığım belki de bu ruh yenilenmesi nedeniyledir. Geçen yıl Azerbaycan’a gittiğimde eskiden beri tanıdığım şair Nazim Əhmədli beyi sanki yeniden tanıdım. Onu hemen hemen hergün yanıbaşımda görmek, şiire dönüşen sözlerini dinlemek dostluk ve vefanın ne kadar önemli olduğunu da bana hatırlatıyordu. Çevik hareketleri, güler yüzü, yumşak sesi adeta Laçın’ın dağlarından akan çimen kokan bir çeşme gibiydi. Onunla gezdiğimiz sokaklar, içtiğimiz çaylar, dinlediğimiz şiirler ve şiir tadındaki sohbetler hep hafızamda canlı durmaktadırlar. Bu değerli dost ve coşkulu şair benim iki kitabımı o Laçın kokan diliyle Azerbaycan Türkçesine aktardı. Ben de severek onun şiirlerini Almanya’da yayınladım. Ayrılık,hasret ve aşk dolu bu şiirler ne zaman aklıma gelse insanlara umut veren ve yol gösteren bir deniz feneri gelir gözlerimin önünde durur. Göy üzüne naxış gelsinBulud qarış qarış gelsinBir delice yağış gelsinGelsin, ısdanım, ay lele. Diyen şairin bugün doğum günüdür. Norveçe’de torunlarının gülüş sesleri arasında yeni şiirler yazan Nazim Ehmedli abime nice sağlıklı ve şiirli yıllar diliyorum.

Mənbə: Orhan Aras

Müəllif: Orxan ARAS

ORXAN ARASIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş ABDULLAH- “Unutduğum göy üzü”ndəki qərib ruhlu şair

“Unutduğum göy üzü”ndəki qərib ruhlu şair
Nazim Əhmədlini çoxdan tanıyıram. İlk tanışlığımızdan onun daxili aləmində gizlənən və adama sirr kimi görünən bir qəriblik hiss etdim.
Uzun illər keçməsinə baxmayaraq, bu qəriblik hissi hələ də onun canını tərk etməyib. Nazimin içi, onun mənəvi dünyası zahirindəki çəkisindən – yəni maddi aləmindəki bütün varidatından çox-çox böyük və zəngindir. O, təmənnasızdır. Ummağı, kiməsə yarınmağı özünə dərd bilən insanlardandır. Xeyirxahlıq, saflıq bu insanın qanında, canında daima axan dağ çayı kimi çağlayır. Onun içi də, zahiri görkəmi də ulu şamanlarda olduğu kimi, ruh aləminin ənginliklərindən süzülüb gələn bir dua yağışına bənzəyir.
Yaxşı insanlar bu dünyanın bütün pislikləri üçün həmişə özlərini günahkar bilirlər. Pis adamlar bircə şeyi anlamaq istəmirlər ki, onların dərdini, yükünü çəkən bu dünyada yaxşı insanlar yaşayır və o yaxşı insanlar onlara görə çox əzab çəkirlər.
Nazim Əhmədli də belə insanlardan biridir. Dünyada baş verən bütün haqsızlıqların əzabını çəkən, edilən haqsızlıqlarda özünü günahkar bilən bir Tanrı bəndəsidir.
tonqalı çat üstümə,
dərdi oyat üstümə;
günahı at üstümə,
mənə günah adı qoy.
Nazim Əhmədli sanki şeir yazmır, duyğu və istəklərinin, gördüklərinin şəklini çəkir. Onun şeirləri pıçıltıyla oxunan dualar kimidir, adamı öz sehrində saxlamağı bacarır. Şeirləri yığcam və axıcıdır, oxucunun gözünü, könlünü yormur. Şerlərinin məna yükü çox güclüdür, oxucunu bir müddət cazibə dairəsində saxlamağı bacarır.
nə var ki, alın yazımda,
fələklər kimin yasında;
boz dağların arasında,
küləklər məni sürüyür.
Nazim Əhmədli təvazökar şairlərdəndir. Təmkinini, ağırlığını qoruyan ruh adamdır. İstedadına güvəndiyi üçün daxilən sakitdir.
Onun özü yox, şeirləri qapı açır. Əsl yaradıcı insan belə olmalıdır. Hər gün tədbirlərdə, televiziya ekranlarında, redaksiyalarda görünməklə şan-şöhrət qazanmaq olmur. Əksinə, bəlkə də belə hallar yaradıcı adamın nüfuzuna təsir edir, onu xırdalayır.
Nazim Əhmədli əsl ədəbiyyat adamıdır, onun üçün söz, düşüncə, yaradıcılıq hər şeydən üstündür. O, sözün ağrısını çəkməyi bacarır.
ürəyinə qəm düşəndə,
bircə misra kəm düşəndə;
əlindən qələm düşəndə,
şair şeirdən yıxılır.
Nazim Əhmədlinin poeziyası kimi sevgisi də özünəməxsusdur. Onun vətən, torpaq sevgisi ilahi sevgidir. Nazim az sözlə böyük sevgisini və poetik düşüncələrini aydın, sərrast ifadə edən bir şairdir.
ruhum əsir oldu, harda
babam diksindi məzarda;
ürcah oldum uzaq yurda,
sevdim uzaq bir dənizi.
Nazim Əhmədli sevgisində çox səmimidir. Onun səmimi etirafları düşündürücüdür.
onsuz da bilirəm, səni,
tanrı mənə yar eləməz:
bir də onu bilirəm ki,
səni mənsiz var eləməz.
Ağrılı insanı anlamaq üçün onun çəkdiklərini yaşamaq lazımdır. Ümumiyyətlə, həyat belədir, kimisə başa salmaq üçün onunla öz dilində danışmaq lazımdır. Yoxsa özgə ölüsü adama yatmış göründüyü kimi, özgə ağrısı da başqasına adi görünəcək.
Nazim Əhmədli sözü boşa xərcləmir, əksinə, dediyi sözlə həm əxlaqi, həm də dünyəvilik baxımından nə qədər yüksəkdə dayandığını göstərir.
gəl səni ürəyimin,
köynəyindən keçirim;
bir az ürəyimdə qal
gör mən nələr çəkirəm.
Nazim Əhmədlinin yaradıcılığı və şəxsiyyəti haqqında çox yazmaq, çox danışmaq olar. Təbii ki, mənim yazdıqlarım, onun yaradıcılığına bir dost baxışı, şəxsiyyətinə hörmətin yığcam ifadəsidir. Həm də Nazim Əhmədlinin mənə hədiyyə etdiyi “Unutduğum göy üzü” kitabını oxuduqdan sonra içimdə yaranan oxucu məhəbbətinin təzahürüdür bu yazı. Əslində isə Nazim Əhmədlinin yaradıcılığı geniş təhlil və təbliğ olunmalıdır. Bu gün gənc nəslin Nazim Əhmədli yaradıcılığına çox böyük ehtiyacı vardır.
Qələm dostum, dəyərli şairimiz Nazim Əhmədliyə yeni yaradıcılıq uğurları və bol-bol sevincli günlər arzulayıram.

Müəllif: Meyxoş ABDULLAH

MEYXOŞ ABDULLAHIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN NAZİM ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜR!

NAZİM ƏHMƏDLİ

Bu gün dəyərli dostumuz, gözəl insan, əsl ziyalı, incə ruhlu, olduqca həssas və özünəməxsus ifadə tərzi olan, inanıram ki, hamımızın sevimlisi şair Nazim Əhmədli nin doğum günüdür! Şad gününüz mübarək olsun əziz və gözəl insan! Allah Sizi qorusun!

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru