PROFESSOR BƏŞİR ƏHMƏDOV – 90

PROFESSOR BƏŞİR ƏHMƏDOV

PROFESSOR BƏŞİR ƏHMƏDOV – 90
YOXLUĞUN DİDİR İÇİMİ…
(Qardaşım Bəşir Əhmədovun ömür yoluna, yan-yörəsinə atüstü baxış)
– Qardaşın necə adamdır?
– Yoldaş olmamışam.
Bəşirlə doğma qardaş olsam da, uzun müddət yoldaşlıq edə bilməmişik. 1947-ci ildə o, kəndimizdəki yeddiillik məktəbi bitirəndə mənim 4 yaşım varmış. Orta təhsilini tamamlamaq üçün Qoşabulaq kəndinə – qohumumuz Qənbər kişigilə gedərək 3 il orada oxuyub, 1950-ci ildə Azərbaycan Dövlət Darülfünunun (indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra 2 il Əli Bayramlı (indiki Şirvan) və Mərəzə (indiki Qobustan) rayonlarında müəllim və məktəb inspektoru işləyib, 1957-ci ildə əyani aspiranturaya qəbul edilərək Bakıya qayıdıb. 1961-ci ildə professor Ə.Dəmirçizadənin elmi rəhbərliyi ilə dissertasiya müdafiə edərək pedaqogika elmləri namizədi (fəlsəfə doktoru), 6 il sonra, 35 yaşında ikən, elmlər doktoru (elmi məsləhətçisi: professor A.Abdullayev) alimlik dərəcələri alıb.
Sözümün canı budur ki, yoldaşlıq etməyə uzun müddət imkan yaranmayıb. Yalnız 1966-cı ildən, mən əsgərlikdən qayıdıb Universitetə qəbul olunandan sonra, onunla qaynayıb-qarışmışıq, qardaşlığımız yoldaşlığa, dostluğa keçib. Qardaşımın necə insan olduğunu yalnız bundan sonra bilmişəm.
– Qardaşın necə insan idi?
– Hə, bax indi – 41 illik (1966-2007) yoldaşlıqdan sonra onun kim olduğunu deyə bilərəm.
Bəşir Əhmədov, hər şeydən öncə, Azərbaycanı ürəkdən, candan sevən, onun bütövlüyünü, müstəqilliyini, demokratik dünyaya uğurlu inteqrasiyasını arzulayan, bu yolda əlindən gələni əsirgəməyən vətənpərvər bir insan idi. O bu duyğusunu erkən şeirlərinin birində belə ifadə etmişdi:
“Kimlərdənsən”, – soran qardaş,
Azərbaycan övladıyam.
Anam, atam vətənimdir,
Ərən, insan övladiyam.
Mən deyirəm, eşit, Araz,
Nahaq qanlar yerdə qalmaz.
Azərbaycan parçalanmaz –
Vahid bir can övladıyam.
Torpağımdir mənim canım,
Ona qurban təndə qanım,
Yaman olur intiqamım –
Fətəlixan övladıyam.
Od oglu odam, Bəşirəm,
Turksoyluyam, özləşirəm,
Birlik deyib əlləşirəm,
Mən qana-qan övladıyam.
II
Bəşir müəllim həm insan, həm müəllim, həm alim, həm də vətəndaş kimi çox ciddi, şair Cavad Cavadlının yazdığı kimi, “poladdan möhkəm” idi. Bu ciddilik, bu möhkəmlik bəzilərinə hətta kobudluq kimi görünürdü.
Cəmiyyətdə insan haqları, ədalət prinsipi pozulanda və bunların qarşısını almağa gücü çatmayanda Bəşir müəllim “kobudlaşırdı”. Bu xüsusiyyətini onun alim dostu, ölkəmizin tanınmış dilçilərindən biri, professor Qəzənfər Kazımov belə təsvir edib: “Mən Səni həmişə müxtəlif istiqamətdə çarpışan, döyüşən görmüşəm. Ehkamlara dözmürsən, ehkam kimi qəbul olunanlar səni daim cırnadır, əsəbiləşdirir, özünün də hiss etmədiyin daxili bir quvvə Səni ayağa qaldırır, mübahisəyə, mübarizəyə, döyüşə göndərir”.
Savadsız müəllimlər savadsız şagirdlər, tələbələr yetişdirməklə millətin gələcəyini korlayanda Bəşir müəllim “kobudlaşırdı”.
Haşiyə: Bəşir müəllim institutların birində Azərbaycan dili kafedrasının müdiri seçiləndən sonra tələbələr arasında həmin kafedradakı müəllimlərin səviyyəsi barədə anonim sorğu keçirir. Tələbələr müəllimlərin təxminən yarısına mənfi rəy verirlər. Bunun həqiqət olub-olmadığını dəqiqləşdirmək üçün Bəşir müəllim həmin Azərbaycan dili “müəllimlərini” bir auditoriyaya yığıb onlara imla yazdırır və əksəriyyəti elmlər namizədi olan müəllimlərin yarıdan çoxu “2” alır. Vəziyyətdən xəbərdar olan rektor deyir: “Əlbəttə, çox pis faktdır, amma mən heç nə edə bilmərəm. Bax bu, filankəsin qızıdır, bu, filankəsin gəlinidir, bu, filankəsin kürəkənidir”. Belə məqamlarda Bəşir müəllim, həqiqətən, “kobud” olurdu.
Bəşir müəllim güvəndiyi alimlərlə bəzən hətta dava səviyyəsinə qalxan elmi mübahisələrə girişməyi xoşlayırdı, lakin bu vəziyyət onların şəxsi münasibətlərinə, dostluqlarına qətiyyən xələl gətirmirdi. Dosent Akif Məmmədov bununla əlaqədar yazır: “Mətbuat orqanlarının birində professor Əziz Əfəndizadə ilə professor Bəşir Əhmədovun bir-birinə əks mülahizələrə əsaslanan yazıları dərc olunmuşdu. Oxucular, o cümlədən mən də belə hesab edirdim ki, yəqin, bu alimlər bir-biri ilə qanlı-bıçaqdır, ən yaxşı halda küsülüdürlər. Ancaq iki gün sonra elmi yığıncaqların birində onların necə mehribanlıqla görüşüb-öpüşdüklərini, yanaşı oturub dərdləşdiklərini görəndə heyrətləndim və bu iki alimin həm də böyük insan olduqlarını başa düşdüm”.
Haqsız olduğunu anlayanda o, çox tez yumşalır, hətta özündən kiçiklərdən də üzr istəməkdən çəkinmirdi. 90-cı illərdə müstəqil qəzetlərdən birində baş redaktor idim. Sözlərin etimologiyası ilə bağlı bir silsilə yazı vermişdi ki, dərc edim. Onlardan birində qalstuk sözünün xalis türk sözü olduğunu əsaslandırmağa çalışmışdı. Alman dilini bir az bildiyim üçün (3 il Şərqi Almaniyada əsgərlikdə olmuşdum) ona izah elədim ki, bu, alman sözüdür. Hals “boyun”, tux (almanca: tuch) “mahud” deməkdir.
– Bəs onda niyə biz ona halstuk yox, qalstuk deyirik?
Sonra öz sualına özü cavab verdi:
– Rus dilinin təsiridir. Rus əlifbasında h hərfi olmadığına görə söz təhrif olunub, biz də onu kor-koranə qəbul etmişik.
Bundan sonra mənimlə tez-tez məsləhətləşirdi.
III
Bəşir müəllimin elmi fəaliyyəti, pedaqoji görüşləri, müəllimliyi, dostcanlı olması barədə bu kitabda çox dəyərli, obyektiv yazılar toplanıb. Buradakı müəlliflərin hər birinə Bəşir müəllimin övladları, nəvələri, yeganə bacısı adından, bütün qohum-əqrəba adından, eləcə də hələlik yaşayan tək qardaş olaraq öz adımdan dərin minnətdarlığımı bildirir, dünyasını dəyişmişlərə Tanrıdan rəhmət, həyatda olanlara cansağlığı diləyirəm.
Bəşir müəllimə xeyli şeir həsr olunub. Hamısı poetik cəhətdən mükəmməl olmasa da, səmimiliyi, ürəkdən gəlməsi ilə diqqəti çəkir. Belə itfaflardan ikisini təqdim edirəm.
YAŞAYACAQDIR
(Yaxin dostum, professor Bəşir Əhmədovun əziz xatirəsinə)
Deyirəm, həyatda işə bax, işə,
Hökmünü qəfildən, çox yaman verir.
Gəlmək istəyirdim sənlə görüşə,
Gözümü açmağa heç aman verir?
Işləmir, əlimdə donubdur qələm,
Mən səni nə təhər eləyim tərif.
Təkcə mən demirəm, şahiddir aləm,
Poladdan möhkəmdin, çiçəkdən zərif.
A qardaş, sən belə kövrək deyildin,
Ölümün doğru yox, şübhədir, şəkdir.
Axı necə sındın, necə əyildin?
Sınsan da, ürəyin döyünəcəkdir.
Sən necə sevirdin ana Vətəni,
Qəlbin bu torpağa, bu elə bağlı.
Ölüm sevinməsin aparıb səni,
Bunu qəbul etmir insanın ağlı.
Adi olmayırdı sənin gəlişin,
Elə bil bir pələng, bir şirdi gələn.
Çox olsun, ya da ki, az olsun işin,
Hamı deyirdi ki, Bəşirdi gələn.
Bir kəsə bəsləməz ədavət, nə kin,
Lap onu öldürüb böləsən şaqqa.
Mənəvi aləmin o qədər zəngin,
Heç zaman verməzdin haqqı nahaqqa.
Hər vaxt yerin vardı məclis başında,
Sənintək insanı unutmaq çətin.
Bir od, alov idin gənclik yaşında,
Yanan ürəyiydin bizim millətin.
Fikrin elə geniş, bilməzdi məkan,
Bəşir olan məclis rövnəqlənərdi.
Elə dərindi ki, idrakın, zəkan,
Səni müəllimlər Ata bilərdi.
Yox, yox, alim ölsə, el ölə bilər,
Bu söz el sözüdür, el sözü haqdır.
Budur, Bəşir gəlir, yenə də gülər,
O ölməz həmişə yaşayacaqdır.
Cavad Cavadlı, şair, Əməkdar jurnalist
BƏŞİR MÜƏLLİM
Gözəl insan, gözəl yoldaş, gözəl alim
Əhmədov Bəşirə ithaf edirəm.
Sözünün mənası qılıncı kəsər,
Gecələr yatmadın, açıldı səhər,
Elmin özəyidir yazdığın əsər,
Zəhmətlə ucaldın sən, alim Bəşir.
Peyğəmbər övladı, özün tər-təmiz,
Könüldən-könülə olmusan əziz,
Əməllərin təmiz, ürəyin təmiz,
Çox gözəl insansan sən, alim Bəşir.
Adın həqiqətdir, gəzir el-oba,
Açıqca fikrini yazdın kitaba.
Birdinmi? Mindinmi? Sığmır hesaba,
Dəryasan, ümmansan sən, alim Bəşir.
Nə yalan deyirsən, nə and içirsən!
Elm yolunda şirin candan keçirsən,
Yaxşı-yaman sözü çox tez seçirsən,
Mən yazar Bəşirəm, sən alim Bəşir.
Bəşir Tağıyev, pedaqogika üzrə fəlsəfə doktoru.
İndi isə Bəşir müəllimin (təbii ki, həm də özümün və ailəmizin) şəxsi yaşamından yadımda qalmış bəzi epizodları sevimli oxuculara çatdırmaq istəyirəm.
Atamla anamın 9 övladı olub. Uşaqlardan 4-ü erkən (1-10 yaş arasında) o dövrün yayılmış xəstəliyi olan malyariyadan vəfat edib. Bundan sonra xeyli müddət dörd qardaş, bir bacı olaraq yaşamışıq.
Atamız Abbas Əhməd oğlu Məmmədov (1893-1988) çox zəhmətkeş kişi olub. 1918-1920-ci illərdə toypulu yığmaq üçün Türkiyənin Qars vilayətində işləyib, evləndikdən sonra kənddə kolxoz quruculuğunda fəal iştirak edib, başçılıq etdiyi briqada üzvləri işə gəlməyəndə 50 hektar sahəni özü təkcə arat edib (Arat böyük zəhmət tələb edən qış suvarmasıdır). 1942-ci ildə cəbhəyə gedib, 1943-cü ilin sonunda 50 yaşı tamam olduğuna görə arxa cəbhəyə göndərilib. Bir müddət Rusiyada işlədikdən sonra doğma kəndə qayıdıb.
Anamız Tutu Məhəmməd qızı Məmmədova (1904-1997) qabaqcıl (özünün ifadəsi ilə desəm, zərbəçi) kolxozçulardan olub. Atamız və böyük qardaşımız Məhəmməd (1924-1995) müharibədə olarkən anamız 5 uşaqla qazma bir damda tənha qalıb, gündüzləri kolxozda işləməklə, gecələri ac balalarını ovundurmaq üçün Allaha dua etməklə keçirib. Mənim doğum günüm dəqiq bəlli deyil. Bəşir deyirdi ki, sən doğulanda tut ağacının başında arpa çörəyi ilə tut yeyirdim. Cijim çağırdı ki, qaç, Qızxanım arvadı çağır. Qızxanım arvad mənim göbək nənəm, indiki dillə desək, mamaçam olub. Lakin o gəlib çatınca mən torpaq döşəməyə düşmüşəm, kəlləmin düz ortası yerə dəyib (Həmin hissədə hələ də tük bitmir. Hər kəsin nə vaxtsa, bircə dəfə də olsa, başı daşa dəyir. Şükür ki, mən bu sınaqdan ömrümün ilk saniyələrindəcə çıxmışam).
1944-cü ildə, Bəşirin 12, mənim 1 yaşım olanda xəbər gəlir ki, Məhəmməd yaralanıb, Bakıdakı hospitallardan birində yatır. Anam məni kürəyinə şəlləyir, Bəşiri də yanına alıb pay-piyada kəndimizin 6-7 kilometrliyində yerləşən dəmiryol stansiyasına gəlir. Xeyli dava-dalaşdan sonra əsgər anası olduğunu deyərək biletsiz-filansız ümumi vaqona minib 400 kilometrlik yolu perronda ayaqüstə duraraq Bakıya çatır. Bu hər üçümüzün Bakıya ilk gəlişimiz imiş. Ayağımız sayalı olur: yaralı qardaşımı tərxis edib hamımızı hökumət hesabına rahat vaqonda evə yola salırlar. Bəşir müəllimin bir şeirində deyildiyi kimi, həqiətən, anaların adına layiq söz tapmaq çox çətindir:
Şairlər yazıblar səndən, ay ana,
Yazıblar ürəkdə od, yana- yana.
Söylə, deyilənlər layiqmi sana?
Adına layiq söz tapmaq olurmu?
Mən saz istəyəndə aşıq veribsən,
Gözümə gözündən işıq veribsən,
Nemətlər dadmağa qaşıq veribsən,
Adına layiq söz tapmaq olurmu?
“Ana heç vaxt ölmür, ana yaşayır”, –
Deyən dost, bəs bədən nədən üşüyür?
Qəlb niyə döyünür, niyə tövşüyür?
Anaya layiq söz tapmaq olurmu?
Röyada axtarır əlim səni, hey,
Dayanmır, çağırır dilim səni, hey
Rəhmətlə yad edir elim səni, hey,
Anaya layiq söz tapmaq olurmu?
Sağaldıqdan sonra Məhəmməd mühasiblik kursu oxuyub, kolxozda hesabdar (mühasib), briqadir, Təftiş Komissiyasının, sonra isə uzun müddət (24 il) Kənd Sovetinin sədri vəzifələrində çalışıb, el-obanın dərin hörmətini qazanıb.
İkinci qardaşımız Ağamməd (1927-2004) mexanizator işləyib, taxılın əllə (oraqla) biçildiyi vaxtlarda molotilkada (taxıldöyən maşında), sonra kombaynda çalışıb, mexanizatorların briqadiri kimi qoçaqlığı, işə can yandırması ilə ad-san çıxarıb. Çox baməzə, deyib-gülən, zarafatcıl, amma yeri gələndə ciddi, hirsli adam olub.
Yeganə bacımız Həcəri (1936) hamımız çox istəmişik, lakin Bəşirlə bir-birilərinə daha çox bağlı olublar. Həcər Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU-nu) bitirib, Şəmkir rayonunun Zəyəm qəsəbəsində Azərbaycan dili və ədəbiyyat müəllimi, tədris işləri üzrə direktor müavini işləyib. İndi pensiyaçıdır.
Həcərin xatirələrindən:
Yaxşı yadımdadır, 1984-cü il idi. 5-ci sinifdə Azərbaycan dili dərsindəydim. Mövzumuz “Keçilmiş dərslərin təkrarı idi”. Təzəcə salamlaşıb dərsə başlayırdım ki, qapı döyüldü, tədris işləri üzrə direktor müavini onunla gəlmiş bir nəfəri təqdim etdi:
– Bu, Qurban müəllimdir, Sizin dərsinizdə oturmaq istəyir.
– Çox xoşdur, – dedim, buyurun, əyləşin.
Mən həmin sinifdə 2-ci il idi ki, dərs deyirdim, şagirdlərin içərisində hazırcavab olanlar, yaxşı oxuyanlar çox idi. Qurban müəllim dəftərçəsinə qeydlər edə-edə hərdən sakitcə soruşurdu:
– Bu uşağın adı, soyadı necədir? Jurnala baxmaq olarmı? Və s. O, jurnaldakı qiymətlərlə şagirdlərin verdiyi cavabları tutuşdururdu, özü də uşaqlara bəzi suallar verir, cavablardan razı qalırdı. Axıra yaxın mənə yaxınlaşıb ehmalca soruşdu:
– Bağışlayın, Siz haranı qurtarmısınız?
Elə bu anda ürəyimdən qulağıma gizli bir səs gəldi. Az qaldım deyəm: “Bəşir məktəbini”!
Bəli! O, kar və cingiltili samitləri, mənə sazın havası ilə öyrədərdi, özü də Sarı simdə. Bir yerdə olanda biz həmişə sazı şərikli kökləyərdik, yəni mən baş barmağımla simləri sıxardım, o isə bir əli ilə mizrab vurar, o biri əli ilə melodiyanı nizamlayardı. Və “Ruhani” dilə gələrdi.
Bu qısa fasilədən sonra dedim:
– Bağışlayın, müəllim, – dedim, – bir az fikrim yayındı. V.İ.Lenin adına APİ-ni bitirmişəm.
45 dəqiqənin nece gəlib keçdiyini özümüz də bilmədik.
Dərsdən sonra təhlil və müzakirə başlandı. Sözün düzü, özümün də gözləmədiyim xoş sözlər, təriflər mənə qol-qanad verdi.
Müzakirənin axırında yoxlamaya gələn bu müəllim üzünü mənə tutub dedi:
– Müəllimə bu dərslik sizi qane edirmi? Müəlliflərə öz rəy və təkliflərimizi bildirməliyik. Yəqin bilirsiniz, bu dərsliyin müəllifləri çox sanballı alimlərdir. Deməli, biz də dərsləri sanballı keçməliyik ki, həm uşaqlar savadlı böyüsünlər, həm də müəlliflərin əməyi yerdə qalmasın.
Söhbət vaxtilə tələbə yoldaşı olmuş iki dostun, iki tanınmış alimin – Bəşir Əhmədovla Ağamusa Axundovun V sinif üçün yazmış olduqları, yaxşı mənada səs-küyə səbəb olmuş qırmızıcildli “Azərbaycan dili” dərsliyindən gedirdi.
Bu yoxlamadan sonra məni rayon mərkəzinə – Şəmkirə çağırıb dərsimdən razı qaldıqlarını bildirdilər. Başqa məktəblərdən də müəllimlər gəlmişdilər. Maarif müdiri onlara məlumat verdi ki, Həcər müəllimənin dərsi başqa cür ola da bilməz, çünki o, dərslik müəlliflərindən birinin – professor Bəşir Əhmədovun doğmaca bacısıdır.
Müəllimlər arasında pıçıltı başlandı: “35 yaşlı elmlər doktoru”, “Rəylər toqquşur”, “Aspirant, sən kimsən?”, “Fonem nədir?” Mənsə təvazökarcasına hər sözü eşitməzliyə vururdum. Sonra məlum oldu ki, mənim sinifimə müəllifin bacısı kimi yoxlamaya gəliblərmiş.
IV
Mən ailənin kiçik övladı olmuşam. Doğulduğum müharibə illərinin, sonrakı aclığın, lütlüyün, saxta sovet demokratiyasının, ədalətsizliyin bütün ağrı-acılarını çiyinlərimdə daşımışam. Orta məktəbi əla qiymətərlə bitirsəm də, arzuladığım ixtisasa (BDU-nun jurnalistika fakültəsinə) 7 ildən sonra qovuşmuşam:
Mən isti yay günündə buludsuz səmalardan
qurğuşun yağışları yağanda doğulmuşam.
Körpələrin sevdiyi şirniyyat əvəzinə
anamın axıtdığı yaşlarda boğulmuşam.
Cırtdan kimi işığa – məktəbə yönəlmişəm
altı yaşım olmamış,
Sabahımdan qoparaq dünənımə süzülüb
on il – on damcı yağış.
Füzuli baratından necə küsmüşdüsə də,
yeddi il attestatdan mən də elə küsmüşəm.
İstəmişəm ucalam, haqzızlıq yolub məni,
Molla Nəsrəddin demiş: quş həddinə düşmüşəm.
Şükür ki, gec də olsa, zəhmətim sayəsində
öz arzuma çatmışam.
Ülvi diləklərimi Vətənimin, xalqımın
diləyinə qatmışam…
Bəşir məndən də çox əziyyət çəkib. 1947-ci ildə səhər alaqaranlıqlarının birində Məhəmmədin üç il əvvəl cəbhədən gətirdiyi nimdaş əsgər botinkasını geyinərək xəbərsiz-ətərsiz dar cığırlarla uzaq dağ kəndinə – Qənbər dayıgilə yola düşür (Evdə istəyirlərmiş ki, kəndin başqa uşaqları kimi o da qalıb kolxozda işləsin, ailəyə az da olsa, köməyi dəysin). O vaxt Qənbər kişi Qoşabulaqda kolxoz sədri imiş. Dolanışacağı babat olsa da, gecə-gündüz iş başında olurmuş. Evin bütün ağırlığı iki cocuğun – Qənbər kişinin oğlu Sabirlə onun yaşıdı olan Bəşirin çiyinlərinə düşür. Meşədən odun gətirmək, səhər tezdən mal-qaranı örüşə yola salıb axşamlar qarşılamaq, pəyəni kürüyüb təmizləmək, palçıqlı yollarla məktəbə gedib-gəlmək, neft qıtlığı şəraitində işıq gözünə dərsləri hazırlamaq… Üç il bu icbari zülmə dözməyin nə demək olduğunu indiki yeniyetmələr, yəqin ki, anlamazlar. Üstəlik də 10-cu sinifdə oxuyarkən Sabir rəhmətə gedir. Bu ağır dost-qardaş itkisi də dərdin üstünə yeni dərd gətirir. Bəşir qəti qərar qəbul edir: bu çətinlikdən çıxmaq üçün hökmən ali təhsil almalıyam!
Alakol kəndinin ilk ali təhsil almış (1941-1946-cı illərdə indiki BDU-nun filologiya fakültəsində oxuyub) nümayəndəsi – Ələkbər dayımızın qızı Fatma Məmmədova (1924-1976) olub. Bəşir də məhz onun məsləhəti ilə həmin ixtisası seçib.
Bəşirin tələbə olduğu 1950-1955-ci illər filologiya fakültəsinin çox qaynar dövrü olub. Şəxsən görmədiyim üçün o vaxtkı vəziyyəti qələmə almaqda çətinlik çəkirəm və əyanilik xatirinə bu işi Bəşir müəllimin üzünü görmədiyim, yalnız imzasını tanıdığım tələbə yoldaşı Xanoğlan Məmmədova həvalə edirəm: “1950-55-ci illər Azərbaycan Dövlət Universitetində tələbəlik illərim. O çağları, o şux və qaynar günləri unuda bilmirəm. Əsərləri ilə az tanış olduğumuz, hələ üzlərini görmədiyimiz professor-müəllim heyətinin dünyasına düşdüyümüz o miqyasasığmaz fərəhli günləri unuda bilmirəm. Mülayim təbiətli, son dərəcə mehriban və humanist olan, rus ədəbiyyatını bizə təmkinlə öyrədən Məmmədcəfər Cəfərov, konkretliyi, nitqdə yığcamlığı sevən, seminarlarda buna ciddi əməl edən və ədəbiyyat nəzəriyyəsini tutarlı nümunələrlə sevdirən Mir Cəlal Paşayev, obrazlı qalereyasının labirintindən bizi öz yorulmazlığı ilə çıxaran tükənməz enerji sahibi Pənah Xəlilov, uşaq sadəlövlüyü ilə tələbələrə tez isnişən, orta əsrlər Azərbaycan ədəbiyyatına dair sanballı tədqiqatlarını bizə bəxş edən Həmid Araslı, Azərbaycan şifahi xalq ədəbiyyatının şirinliyini öz şirin təhkiyə tərzi ilə mənimsədən Məmmədhüseyn Təhmasib, dilçilik elminin korifeyləri Məmmədağa Şirəliyev və Muxtar Hüseynzadə – bu təmiz, dağ bülluru kimi saf və təmənnasız, umacaqsız, gözütox insanlar ADU-nun zinət və şərəfi idilər
Yox, o zəka nurlarını, o ürfan səhərlərini unutmaq olmur. Bizi bəlağət tutisitək sehirləyən yanar xilqətli Cəfər Xəndan yaddanmı çıxar? Əzəli qisməti olan xoşbəxt səsi onun parlaq natiqliyini uğurla tamamlayırdı.Son dərəcə təmiz və səliqəli geyinən professorun sinəsi şeir xəzinəsi idi. O şairləri, xüsusən Səməd Vurğunu tədris edəndə az qala qoşasaat şeirə tutulurdu. C.Xəndan təlqin etdiyi ədəbi qəhrəmanların idealını, istək və məramlarını sözün sehiri, fikirin rabitəsi ilə sevdirirdi. Onda dinləyəni öz ardınca aparan və mənəvi məmnunluq doğuran ovsun var idi. Bütün bunlar ədəbi-bədii dilin qüdrəti ilə təqdim olunurdu. Onun nitqində təhrif olunmuş söz və şəkilçiliyə təsadüf etmək mümkün deyildi. Ona itaət edən sözlər cilalanmışdı. O, dilimizin poetik-elmi qatlarının tilsimini açan müqtədir natiq idi. O, nəzəri fikirlər söyləyəndə həmişə faktlara əsəslanır və məntiqi nəticələr çıxarmağa sövq edirdi. Tədris etdiyi bütün yazıçıların yaradıcılığındakı bədii xüsusiyyətləri hafizələrə nəqş etmək onun proqramında möhkəm yer tutmuşdu. O vaxt bizə nəql edirdilər ki, M.F.Axundovun “Şərq poeması”nı professor öz tərcüməsində misilsiz bir məlahətlə söyləmişdir. Bunu dinləmək bizə müyəssər olmasa da, saysız-hesabsız şeirləri aktyor məharəti ilə söyləməsinin şahidi olmuşuq; o, misralara güc vurmurdu, hay-haray salmırdı, sözlər onun sinəsindən rəvan və ilişiksiz axıb tökülürdü..
Cəfər Xəndan natiqlik sənətinin təməl daşlarını qoyanlardan biri idi. Jestləri, diksiyası, yanğılı səsi, təkrara yol vermədən, çaşmadan sözlərdən səf yaratmaq qabiliyyəti onun alın yazısı idi. O vaxt Cavidlər, Cavadlar, Müşfiqlər, Yusif Vəzirlər tiranlığın qurbanları idilər. Onların işığı əlçatmaz uzaqlıqlarda sayrışırdı.Yasaq edilmiş bu əvəzsiz sənətkarların tədrisini Cəfər Xəndan nitqində görə bilmədik…
…Universitetdə natiqlik sənəti xüsusi kurs kimi öyrədilmirdi.Ancaq biz dərk edirdik ki, ən parlaq nitq öz inikasını ən ciddi hazırlıqda, dərin bilik və məlumatda tapır. Bax, buradaca “aləmə idrakla salam verənlər”dən (S.Vurğun) Mikayıl Rəfili yada düşür. Bəli, Hüqonun, Balzakın ağır əsərlərinin tərcüməçisi, poetik söhbətlərin aşiqi, rus dilinin kamil bilicisi yada düşür. O da atəşin nitqi ilə natiqlik sənətinin təməl daşlarını qoyanlardan idi.
Bir dəfə o, bayırda yağan quşbaşı qarı göstərə-göstərə Xaqaninin də bax beləcə qar altında Şirvandan baş götürüb getməsini elə təbii, elə inandırıcı təsvir etdi ki, biz qeyri-iradi ayağa qalxıb bayıra boylandıq. Bir gün Məhsətinin rübailəri lazım oldu, lakin kitabın ruscası tapıldı. O, kitaba baxır və onları asanlıqla şeir kimi tərcümə edirdi…
M.Rəfilinin vətəndaşlıq qüruru, zəngin bədii dili, bəlağətli nitqi, elmi mühakimələri tələbələri valeh etmişdi. Azərbaycan sovet yazıçılarının II qurultayının tribunasından onun ünvanına söylənən bəzi ittihamlar professorun çıxışına yağdırılan tələbə alqışları ilə, “Kirpi” jurnalındakı karikatura isə professora tələbə rəğbətilə sanki zərərsizləşdirildi. Hətta bir az sonra “Qorio ata”nın tərcüməsində bədxahlıqla eyib axtaranlar da tapıldı. Bu bizə barlı-bəhərli ağacın dibindən baltalanması kimi görünürdü. Belə ensiklopedik biliyə malik alim niyə sarsıdılır və səssiz-səmirsiz xəstəliklərə mübtəla edilirdi?..
Professor Əli Sultanlı! Öz alovları içərisində yanıb külə dönən və təzədən ehya olan Səməndər quşudurmu o? Yoxsa sözün qövsi-qüzehini ürəklərə köçürən şirin nağıl qəhrəmanıdır? Elmin və natiqlik məktəbinin sultanıdır Əli Sultanlı! Onun yaddaşı saysız-hesabsız surətlər qalereyası idi. Bitməz-tükənməz enerjiyə, həvəsə malik bu əvəzsiz alimin bütün mühazirələrini tələbə yataqxanasında yaxşı mənada təqlid edərdik; gah sözdən səhv düzəldib od yağdıran alimin antik dünyamızın işığı altında Homerə, Esxilə hördüyü çələngi sanki başımıza qoyub qalib kimi dayanar, “Demosfendən heç bir şey ixtira etmək, Siserona isə heç bir əlavə etmək olmaz” kəlamı bizi məşqə təşviq edər, gah intibah dövrünün qızıl haləsinə düşər, gah Şekspir atəşinin təlqini axınında dostun arxasından endirdiyi xəncər zərbəsinə qarşı Sezarın: “Brut, sən də?!” xitabındakı ağır dərdi atıb-tutar, gah da Hamletin: “Olum, ya ölüm?” tərəddüdünə qərq olardıq..
…Çox illər qanadlanıb ötəcək, çox sular axıb gedəcək, çox körpə qığıltıları eşidiləcək, çox nəğmələr oxunacaq, fəqət bu üç zəka nuru, bu üç ürfan səhəri – Cəfər Xəndan, Mikayıl Rəfili və Əli Sultanlı zaman-zaman əzizlənəcək, ürəklərə elə bircə natiqlik mədəniyyətinin yanğısını saldıqlarına əmin olduqları üçün onların ruhu haradasa həmişə Səməd Vurğunun: “Qoy rəhmət oxusun bizə nəsillər” – misrasını arxayınlıqla pıçıldayacaq” (X.Məmmədov. “Qoy rəhmət oxusun bizə nəsillər”. “Ədalət” qəzeti, 5 oktyabr 2011-ci il).
Bəli, Bəşir müəllim belə korifeylərdən dərs almışdı. Təkcə Bəşir müəllimmi? Yox! O buraxılışdan 5-6 nəfəri tanıyırdım. Hamısı bir-birindən ötə idi: akademik Ağamusa Axundov, professor Abdulla Abasov, professor Əbdül Əlizadə, professor Nazim Əhmədov, Firuz Sadıqzadə, Malik Məmmədov, Əbdülhüseyn Hüseynov (Allah hamısına rəhmət eləsin)… Hamısı “can” deyib, “can” eşidərdilər. Elm aləmində “çəkişmələri” olsa da, həyatda bərkişmişdılər. Ən yaxın dostu rəhmətlik Nazim Əhmədov (1933-1999) idi. Öz dilləri ilə desəm, “ata ayrı, ana ayrı doğma qardaş” idilər. 49 il (1950-1999) “bir ürək, iki can” olublar, 8 il (1999-2007) Bəşir müəllim onu yuxularında görüb, xəyalları ilə yaşayıb. 15 ildir, Haqq dünyasında bir yerdədirlər. Nazim müəllimin vəfatından sonra Bəşir müəllimin ona həsr etmiş olduğu iki şeir əlimizdədir:
Bundan sonra
(Dostum, qardaşım Nazim Əhmədovun xatirəsinə)
Eşsiz qalmış bir quyam mən,
Yaşamıram bundan sonra!
Arxadaşım getdi əldən.
Yaşamıram bundan sonra!
Köçdü dosta candan yanan,
Pozulubdur halım yaman,
Sözlərimdə yoxdu yalan,
Yaşamıram bundan sonra!
Bir o idi ruh verənim,
Ağlayanda güldürənim,
Qəm-kədəri öldürənim…
Yaşamıram bundan sonra!
Ağıllı dost arxa olar,
Dostsuz qalan tezcə solar,
Mən gedərəm, şerim qalar.
Yaşamıram bundan sonra!
Göynətdin
(Dostum, qardaşım Nazim Əhmədovun xatirəsinə)
Doğulanda yalnız özün ağladın,
Öləndə obanı, eli göynətdin.
Dirilikdə arxam, dayağım oldun,
Gedişinlə qəlbi, dili göynətdin.
Yasa batıb yaşıl dağlar, dərələr,
Sənsiz qalıb o gözəl mənzərələr,
Xəyalımdan gəlib keçir gör nələr,
Sonaları uçmuş gölü göynətdin.
Üşüyürəm, tir-tir əsir bədənim,
Arxam kim olacaq, de, daha mənim?
Tək sən idin hər gün gəlib-gedənim,
Nakamda yaradan əli göynətdin.
V
Tələbə vaxtı hər yay tətilində (pedaqoji praktika, hərbi toplantı və s. olmayanda) iyunun axırlarından avqustun axırına qədər Bəşir kəndə gələr, ailəyə yardım etmək üçün kolxozda işləyər, araba ilə ot, yaxud taxıl dərzləri daşıyar, Mehrəli dayımızın yanında dəmirçiliyi öyrənərdi. O, kəndə çox bağlı idi. Son 15-20 ildə məzuniyyətimizi, bir qayda olaraq, Alakolda bir yerdə keçirərdik. Həyətindəki tut ağacının altı onun ən sevimli istirahət yeri idi.
Nəvəsi İnci (İlham müəllimin qızı) babasının vəfatından bir il sonra yazmış olduğu şeirdə həmin tut ağacını yada salır:
BABAMIN TUT AĞACI
“Inci balam: Varlığınla ucalıqsan adıma,
Həcərmi? Qoy gəlsin, çatacaq imdadıma.
Arzu qərib yerdə, bilsə yetər dadıma…
Məclislərdə saz səsi,…
Qoca tutun kölgəsi,
Bir də samovar çayı
Yaman düşüb yadıma…”
Nədir bu?
Doğmalarla ayrılığın
Fəryadı, ah-naləsi?
Yoxsa vida nəğməsini
Mərd-mərdanə sonlayan
Şam kimi əriyənin
Titrək ümid şöləsi?
Həcər bibi, babamın harayına çatardın.
Telini sığallayıb, kürəyini ovardın.
Dadsız söz-söhbətə sən dad qatardın.
Hər ağrı-acıya əlac tapardın,
Nədən bu səfərin zəfər olmadı?!
Sən “Bəşir” deyəndə qürur duyardın,
Qardaş çırağını gur yandırardın,
Kəm baxanın gözlərini oyardın,
Bəzən Həcər, bəzən Tutu olardın.
Nədən bənövşə tək boynun büküldü?
Həcər bibi, qoy gözlərin dolmasın.
Ata yurdun çiçəkləri solmasın
Yenə haraylarsan: “Gəlir qonaqlar!”
Samovar odlanıb, manqal qalanar,
Qohum-qardaş Tut altına toplanar.
Yaddaşların hisi-pası silinər,
Kimlər yada düşər, kimlər anılar
Kimlərsə kövrələr, kimlərsə gülər.
Tut ağacı qərib-qərib boylanar,
Meh vurduqca həzin-həzin səslənər:
“Bəşir kölgəsidir! Sizi əzizlər!”
Bəşir müəllim zahiri ciddiyyətinə, “kobudluğuna” baxmayaraq, adi günlərdə “çiçək kimi zərif”, mehriban, qayğıkeş insan, ailəcanlı, məsuliyyətli Kişi idi. 1955-ci ildə, Universiteti bitirən kimi, bir neçə il öncə gözaltı elədiyi İlisu gözəli Soltanımla (Soltanım xanım Universitetin kitabxanaçılıq fakültəsini bitirmişdi) ailə həyatı qurmuşdu. Heç kimə demədən. “Komsomol toyu” ilə. Bir neçə tələbə yoldaşları, bir də özləri. 1956-cı ildə ilk övladları olur, adını “İlham” qoyurlar:
Oğlum
Dünyaya gələndə sən çox sevindik,
Qohumlu, qardaşlı olduq şad, oğlum!
Incə gülüşündən, şirin sözündən
Qalmadı qəlbimdə bir fəryad, oğlum!
Sən mənim ürəyim, mənim İlhamım
Evimin bəzəyi, ürəyim, canım,
Sevimli, mehriban anan Sultanım
Seçib tapdı sənə layiq ad, oğlum!
Südün pak, halaldır, tərbiyən – inci,
Atanın arxası, bürüncü, tuncu,
Bilirəm, olmazsan sən baş qaxıncı,
Südündə, kökündə yox bədzad, oğlum!
Kökünlə, südünlə daim öyün sən,
Tək mənim deyilsən: bütün elinsən,
Eldə ad-san qazan, ellə sevin sən!
Hər şeydən ucadır təmiz ad, oğlum!
Baharda açılan xoş çiçəyimsən,
Bütün uşaqların ən göyçəyisən.
Bəşirəm, sən mənim gələcəyimsən,
Düşmən qoy əlindən çəksin dad, oğlum!
İndi İlham müəllim atasının şərəfli müəllimlik, alimlik yolunu yeni şəraitdə uğurla davam etdirir. ADPU-nun dosentidir.
(Davamı var)
Mənbə: Nəsir Əhmədli

NƏSİR ƏHMƏDLİNİN YAZILARI

PROFESSOR BƏŞİR ƏHMƏDOV YAZILAR

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elnur, ad günün mübarək, təbik edirəm, yüz yaşa! – Qəşəm Nəcəfzadə

Elnur Uğur və Qəşəm Nəcəfzadə

Gülümsəyən şeirlər…
(Gənc şair Elnur Uğurun şeirləri haqqında)
Çölünə baxsan alovdu,
İçinə girsən tüstüdü.
Elnur Uğurun şairliyi bu misralardan başlayır. Burda onun yaşı da var, təcrübəsi də. Həyatı da var, istedadı da. Ümümiyyətlə, “şair” sözünün əvvəlinə qoşulan epitetlərdən xoşum gəlmir. Məsələn, istedadlı şair, vətəndaş şair, görkəmli şair, tanınmış şair və sair bədii sifətlər yazını bir az genəltmək, bir az da müəllifə yarınmaq üçün işlədilir… Şair sözündə hər şey ifadə olunur, vəssalam. Vətandaşlıq da, istedad da, vətən də…
Elnur haqqında bu yazım nədənsə gec alındı. Bəlkə səbəb bu idi ki, bir də heç kəs haqqında yazmayacağıma qərar vermişdim. Olsun. Amma Elnurun şeirləri məndən əl çəkmirdi axı. Yəni onun şeirləri haqqında fikirlərim məni yaxşı mənada narahat edirdi. Hər dəfə kitabı vərəqlədikcə yeni nəsə tapırdım.
Elə yuxarıda misal gətirdiyim misralar uzun müddət hara getdimsə, qarşıma çıxdı. Fikir verin, alovla tüstünün yerini dəyişməsi həyatın özüdür. Bax, burda həyat yanır. Əslində gözə görünənlərin hamısı tərsdi. Düzünü şair deyir. Tərslikləri düzəldir. Sən demə baş verənlərin üstündə alov içində tüstü varmış. Xalqda belə bir misal var: od olmasa, tüstü çıxmaz. Demək, tüstü odun xəbərçisidir. Bəs burda necə?
Artıq adamlar indi siyasiləşib. Özlərini alov kimi göstərsələr də içlərində burum- burum tüstünü gizlədirlər. Əgər bu misralar yeni dövrün aforizminə çevrilirsə, demək, Elnur maraqlı şairdir.
Elnurun şeirlərində çox gizlin mətləblər var. Bunlar elə də üzdə deyil. Bir az oxucudan bələdçilik tələb edir ki, gizlində olanları aşkar eləyə bilsin. Çünki Elnur həmin gizlinlərin nişanlarını aldadıcı rənglərlə işarələyib. Aşağıdakı bəndlərə fikir verək:
Naşı yolur kal meyvəni,
Bağı bağlığı yandırır.
Qara utanmır ləkədən,
Ağı ağlığı yandırır.
Tanrım, bağışla səhvləri,
Yoxsa oynar yer məhvəri.
Ölünü hesab – dəftəri,
Sağı sağlığı yandırır.
Bağ, meyvə, qara, ağ, ölü, hesab-dəftər – bütün bu detalların hamısı yaşadığımız həyata, cəmiyyətə aiddir. Bu görüntülərin üzərində cəmiyyətin faciəsi, əzabı aşkarlanır. Şairin şeirlərinin əksəriyyəti ictimai məzmun daşıyır. Ancaq bu məzmun sadəcə didaktika deyil, poetik həqiqətlər fonunda göstərilir.
Ayaqlarımız üzümüzə,
Üzümüz özümüzə,
Addamlayaq.
Gəl çox yox,
Vur-tut bir arzu tutaq,
Geriyə qayıdaq.
Bəli, harda olursa olsun ayaqlar düzünə çıxıb getməməlidir. O bir gün üzümüzə, üzümüz də özümüzə qayıtmırsa, demək həyat baş – ayaqdır. O zaman o, ayaqlar bizə qayadar ki, gərək ürəyimizdə bir arzu tutaq. Arzu insanın kompasıdır, yol göstərənidir. Artıq hər şey geridə qalıb. Geridə qalan isə əslində gələcəyin özüdür.
Elnurda xoşuma gələn əsas cəhət odur ki, o nədən yazırsa- yazsın, misraları poetizimlə yükləyir. Yəni, onun şeirləri poeziyanın əbədi-əzəli düşməni olan publisistikadan min ağac uzaqdır. Aşağıdakı şeirə nəzər salaq. Bu arzu kimin ürəyindən keçməyib? Heç burada məqsəd təkcə suların altı deyil, insanların, cəmiyyətin içi və çölüdür.
Heç olmasa bir dəfə
Çox yox e, bircə dəfə
Bir anlıq heç nəsiz
Gözlərim açıq,
Bata biləydim suların altına…
Elnurun şeirlərindəki qafiyə sistemi çox maraqlıdır. Hamı elə bilir ki, qafiyə təkcə misraların sonunda olur. Elnur göstərir ki, qafiyə misranın əvvəlində və ortasında da ola bilər.
O sahildən bu sahilə keçməmiş
Bu körpüdə neçə körpə keçindi.
Burada fonetik cəhətdən “körpə” və “körpü” sözlərinin səsləşməsi qafiyə yaradır. Həm də “körpə” və “körpü” sözlərinin poetik anlamı eynidir. Körpə də insanlar, xüsusən valideynlər arasında körpüdür və adını unutduğum bir şairin dediyi kimi valideynlər arasında “və” bağlayıcısıdır.
Elnur bəzən şeirlərində sadəcə detalın adını çəkir. Detalın leksik mənası gözümüz önündə baş verə biləcək hər hansı bir hadisəni canlandırır. Baxaq:
Şüşələrdən qan axır,
Pəncərədən baxan var?!
Şüşə əlimizi kəsə bilər və qan axar. Tam doğru. Bu yaddaşımızda var. Amma bu şeirdə kimsə pəncərədən baxırsa və gözlərdindəki yaşı günəş şüaları qırmızı rəngə boyayırsa, bu başqa bir anlayışdır. Bu cür düşüncə Elnur Uğurun uğuru olmaqla bərabər müasir şeirimizin uğurudur. Şüşələr və pəncərədən baxanın arasında yaranan assosiasiya çox maraqlıdır. Əslində qan “ağlayan” pəncərədən baxandır.
Necə ki, M. Füzuli deyir:
Gülü-rüxsarına qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
Mətləb həmin mətləbdir. Yazıçılar Birliyinin Natəvan klubunda Elnurun “Təkcə sən bilirsən” kitabının təqdimatında dediyim kimi, onun şeirlərində mətnlərarası əlaqə güclüdür. Bu sözümdən o vaxt çoxları incimişdi ki, guya mən Elnuru təsir altında olan şair kimi təqdim edirəm. Amma yaxşı ki, Elnur özü həqiqəti bildi və məndən incimədi. Şairin şeirlərində mətnlərarası əlaqənin olması çox vacib məsələdir və bu, şairin ən böyük uğuru hesab olunmalıdır.
Mən Elnuru çox oxuyuram. Elə bilirəm ki, onun şeirləri oxucunun üzünə gülümsəyir. Bu gülümsəmənin altında kədər də var, sevgi də. Həm də heç kəsə bənzəməyən bir şair ürəyi. Uğur olsun, şair dostum!
Müəllif: Qəşəm NƏCƏFZADƏ
“Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri.

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

ELNUR UĞURUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HEYDƏR ƏLİYEV- ELM, TƏHSİL SİYASƏTİ

                                      ÖYRƏNMƏLİ NÜMUNƏ

Zəka sahibləri olan insanlar ilahi qüdrətin əlamətlərinin əsas daşıyıcılarıdırlar. Zəkalı insanın iradəsi parlaq və güclü olur. Parlaq zəka ilə qüdrətli iradəni özündə birləşdirən şəxsiyyətlər dünya xoşbəxtliklərinin ən uca zirvələrini fəth edirlər. Zəkanın vüsəti tarixi şəraitin qanunauyğunluqlarını düzgün dərk etməkdə, xarakterin qüdrəti isə onu tarixin ümumi inkişafının mühüm məqamlarına uyğun idarə etməkdir. Zəka bəşəriyyətin əsas hərəkətverici qüvvəsidir. O, günəşdən fərqli olaraq insanların beynini işıqlandırır, gözdən fərqli olaraq mahiyyəti və gələcəyi görür.

 Cəmiyyətimizdə dahilərin  missiyası anlayışı var.  Dünya tarixindən  bəlli olduğu kimi, dahilər öz ideyaları və əməlləri ilə  mənsub olduqları xalqları, ölkələri böhranlardan qurtarmış, onların yolundakı maneələri  təmizləyərək inkişaflarına zəmin  yaratmışlar. Minilliklərin sınağından  çıxan  bu həyat həqiqəti  ümummilli liderimiz, işıqlı şəxsiyyət Heydər Əliyevin timsalında bir daha təsdiqini tapmışdır. Çox az dövlət xadimi göstərmək olar ki, öz xalqının, vətəndaşı olduğu ölkənin ictimai-siyasi, sosial-iqtisadi, milli-mənəvi tərəqqisindəki xidmət etsin. Azərbaycanda bu dahilik, liderlik missiyasını yeganə amalı, yaşamaq devizi taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün qüvvə və bacarığını, əqli potensialını ana yurduna, doğma xalqına həsr etmiş  Heydər Əliyev zamanın nəbzini tutmağı, hər dövrün tələbinə, xüsusiyyətlərinə uyğun siyasi xətt yürütməyi və burada mütləq Vətənin, xalqın mənafeyinə uyğun üstün cəhətlər tapmağı bacarırdı.

Ölkəmizin inkişafının təməlində müstəqillık, hümanizim, güclü dövlətçilik dayanır. Hər kəsin dəyəri onun yaşadığı zaman kəsiyində göstərdiyi xidmətləri ilə ölçülür.  Azərbaycan müstəqil bir dövlət kimi fəaliyyət göstərdiyi gündən bəri hər bir sahəyə, xüsusilə də elm və təhsil sahəsinə öz diqqət və qayğısını əsirgəməmiş:- “Cəmiyyət – elm və təhsilsiz inkişaf edə bilməz” sözlərini söyləyən ümummilli liderimiz bu istiqamətdə də bir çox işlər görmüşdür. Təhsil sahəsində aparılan islahatlar, verilən fərman və sərəncamlar buna misaldır. Təhsil sahəsində nadir istedadı ilə fərqlənən insanlara xüsusi diqqət və qayğı göstərməsi önəmlidur. Elm və mədəni tərəqqinin ölkəmizin gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərin onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısı daha da artmışdır. Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir və dövlətin davamlı sosial-iqtisadi, mədəni inkişafını təmin edən mühüm amillərdən biridir. Azərbaycan Respublikasının milli maraqlarının ödənilməsində elmin inkişafına təkan verməsi dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir.  Müasir dövrdə dayanıqlı inkişafın əsasında elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi bir faktor kimi son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daimi qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və əldə edilən elmi nəticələrin xaricdə tanıdılması üçün bir sıra mühüm qərarlar qəbul edilmişdir.      Elmin inkişafına dövlət qayğısı, əslində dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsidir. Qloballaşma prosesinin dünyanı əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər yüksək sürətlə aparıldığı müasir dövrdə müstəqil Azərbaycan dövlətinin inkişafı elmi durumun səviyyəsindən və qazanılan nailiyyətlərin tətbiqindən əhəmiyyətli dərəcədə asılıdır. Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar.

Azərbaycanm təhsil sisteminin dünya standartlarına yaxınlaşdırılması respublikamızın ali məktəblərinin beynəlxalq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmiş, elmin, təhsilin xalqın, ölkənin həyatındakı misilsiz rolunu yüksək dəyərləndirərək bu sahələr inkişaf yoluna çıxarımışdır. Azərbaycanın təhsil sistemində təhsil alan insanların və xüsusən, ali məktəbləri bitirənlərin bilik səviyyəsi və onların biliklərini təsdiq edən sənədlər gərək dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərinin bilik səviyyəsinə uyğunlaşdırılsın. Azərbaycanda təhsil almış və mühəndis diplomu almış bir insan başqa ölkələrdə də həmin diplomla qəbul edilə və fəaliyyət göstərə bilsin”, bununla da ölkəmizin ali təhsil sistemi qarşısında duran ən zəruri vəzifəni müəyyənləşdirmişdir.

Təhsilin inkişafına göstərilən müstəsna diqqət və qayğı  təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır.  Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir. Bu inkişafı şərtləndirən ən mühüm amil elmə, təhsilə müstəsna qayğı göstərməsi ilə bağlıdır.

Hər bir xalqın, məmləkətin taleyində təhsilin neçə mühüm əhəmiyyət kəsb etdiyi barədə geniş müzakirələr açmağa lüzum yoxdur. Təhsil cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır, işıqdır. Təhsilsiz cəmiyyət kölədir, təhsilsiz xalq heç vaxt öz sərvətinin, dövlətinin sahibi ola bilməz. Təhsil və elm  ölkənin, xalqın taleyidir. Təsilin və elmin inikişafı ümumxalq problemdir, “Təhsil xalqın gələcəyidir”!  Təhsilin cəmiyyətin, xalqın, dövlətin inkişafında rolu danılmazdır. Gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəlməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi …

Milli dəyərlərimiz olan adət və ənənələrimiz, davranış və rəftarımızda milli əxlaq normalarımız yetişən gənc nəslə təlim və tərbiyə prosesində, müəllimin yaradıcı, peşəkar fəaliyyəti prosesində aşılanır. Təhsilin məzmunu və müəllimin peşəkar fəaliyyəti şəxsiyyətin mili mentalitetini yüksəltməyə, milli özünüdərkinə, onun hərtərəfli inkişafına, yüksək insani keyfiyyətlərə yiyələnməsinə xidmət etməlidir. Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi – bütün bunlar Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir. Təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, təhsilə, təhsil işçilərinə diqqət və qayğı, müstəqillik illərində səmərəli fəaliyyət üçün yaradılmış əlverişli şərait və imkanlar sayəsində mümkün olmuşdur.

Bu gün Azərbaycan məktəbi böyük iftixar hissi keçirir ki, onun yetirmələri içərisində zəkalı insanlar, böyük dühalar var. Onlardan öyrənməyə, onların simasında yeni-yeni sağlam nəsillərin formalaşmasına xidmət etmək təqdirə layiqdir.

H.Əliyev nümunəsində bilikli, savadlı, zəhmətsevər, daim öyrənən və öyrədən, xalqına layiqincə xidmət edən nəslin formalaşdırılması bugünkü qayğılarımızdan biridir. Hər şeydən əvvəl ona görə ki, cəmiyyətimizin mədəni, əqidəli, fəal, daim axtarışda olan, xalq üçün, vətən naminə yaşayıb işləməyi bacaran vətəndaşlara ehtiyacı olduqca böyükdür.

Unutmamalıyıq ki, xalqımızın gələcəyi olan gənc nəsil öz dühalarını, zəkalı insanlarını tanımaqla, ondan öyrənməklə bir daha dərk edirlər ki, parlaq zəkalar insanların beyinlərini işıqlandırır, onları vəcdə gətirir, güclü xarakter onların qəlbinə cəsarət verir, inamla böyük tarixi qələbələrə aparır. Bu gün gənc nəslin formalaşdırılmasinda H.Əliyev nümunəsi  vardır!

Öyrənməyi, öyrətməyi, davranışı, görkəmi,

Həm səliqə-sahmanı.

Öz dilini sevməyi, sevdirməyi,

Elə arxalanmağı, ona arxa olmağı!

Millətini, dövlətini dünyaya tanıtmağı.

Onun Haqqla bağlanmağı,

Onun Haqqla qorunmağı!

Vətənini, dinini, dilini qorumağı!

Yüksək mədəniyyəti, natiqlik məharəti!

Ziyalıya diqqəti, uşağa da, qocaya da,  

Gəncə olan rəğbəti!

Yazıçını, şairi, bəstəkarı, rəssamı, həm alimi,

Müəllimi nəzərdə saxlamağı!

Özü böyük məktəbdir, öyrənməli nümunə!

İstedadlı olan millət gərəkdir ki, qorunsun!

Dövlətini, dilini, öz simasını qorusun!

Zəkasını, dühasını tanısın, onu sevib qorusun! (Z.V )

Müəllif: Zülfiyyə VƏLİYEVA

AJB -nin üzvü, ADPU-nin ETM

Elmi işcisi.Əməkdar müəllim.

Akademik M.Mehdizadə mükafatı laureatı

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tənhalıq rəngləri – Balayar SADİQ

Tənhalıq rəngləri – Sonet çələngi.

I

Qəbrimin bir ömür uzaqlığında,

Tale yollarının alnı qırışıb.

Ümid nə vaxtdı ki, gözümə dəymir,

Görünür, hardasa başı qarışıb.

Ehtiyac şumlayır bəxt çöllərini,

Dövran da bir ucdan elə dərd əkir.

Varaqlar üzümə ağ olur daha,

Qələm də söz altdan çiynini çəkir.

Fələklər diksinir dərdə tabımdan,

Ömrümün-günümün bəxt kitabından,

Arzular cırılmış varaq kimidir.

Dəydi harayıma sükut qurşunu,

Qırılıb içimdə dözüm qoşunu,

Ümid qana batmış bayraq kimidir.

II

Ümid qana batmış bayraq kimidir,

Ürəyim ağrıyan yaralı əsgər.

Geri çəkilməyə yer qalmayıbdı,

Sonuncu misradı sonuncu səngər.

Tale göz yaşını sıxır ovcuna,

Halsız harayların köksü dağlanır.

Yuxusu qarışır xatirələrin,

Kədər dənizitək söz dalğalanır.

Acı əzabların gözləri gülür,

Dözüm kəlməsinin qəddi bükülür,

Ağrılar çay kimi kükrəyən yerdə.

Səbr səbr etməyin daşını atır,

Sükutdan sükutun qulağı batır,

Əcəl şahə qalxıb kişnəyən yerdə.

III

Əcəl şahə qalxıb kişnəyən yerdə

Ən uca dualar urvatdan düşər,

Əriyib tökülər yaddaş cığırı,

Son nəfəs qırılıb dodaqdan düşər.

Torpağın canında tərpənər bu dəm,

Hələ qazılmamış qəbrin ağrısı.

Bir alın yazısı çiliklənəcək,

Nə fərqi – gündüz, ya gecə yarısı?!

Öpər göz yaşları doğma üzləri,

Dərd çırpar qəbrinə nəmli sözləri:

“Burda sovxa qalan bu ad kimindir?”.

Taleyin yolları verib səs-səsə,

Əcəl qılıncını çəkib gəlirsə,

Cəsarət bir paslı yaraq kimidir.

IV

Cəsarət bir paslı yaraq kimidir,

Ürəkdə ağrının qaçır dodağı.

Üzür qərib-qərib qan yaddaşında,

Bir yarpaq bayatı, bir əlçim ağı.

Ya döşə altına, ya çək üstünə,

Bu misra yorğanın, döşəyin olsun.

Tanrıyçün dinlərin bir fərqi yoxdur,

Təki dərgahına baş əyən olsun.

Ömür bir çiçəkdir vaxtın əlində,

Taleyin köç etmiş binələrində,

Qaralmış ocaqdır olub-keçənlər.

Gözlər göz yaşına qonubdu orda,

Vaxtın ləpirləri donubdu orda,

Kimin yaddaşıdır o qarlı çöllər.

V

Kimin yaddaşıdır o qarlı çöllər,

Orda vaxt ağlayır, zaman hönkürür.

Açıb yaxasını ağrı yolları,

Dərd qəhqəhə çəkir, qəm-qüssə gülür.

Gəl soyun əynindən bu nimdaş ömrü,

Daha ümid yolu yamaq-yamaqdır.

Orda ki, arzular bələnib qana,

Orda yaşamaq da yaşamamaqdır.

Ora qəmin yurdu, dərdin vətəni,

Orda unudubdu Tanrı bəndəni,

Bəxt düşüb ömürdən aralı orda.

Arzu yollarına qəm, kədər qonub,

Orda ki, azadlıq edam olunub, –

Tarix sinəsindən yaralı orda.

VI

Tarix sinəsindən yaralı orda,

Orda azadlığın qanı göllənib.

Dil qıfıl altına düşüb nə vaxtdı,

Söz qara geyinib, səs güllələnib.

Götür bu misranı sanc öz yaxana,

Simurq lələyidir, gərəyin olar.

Allahın bayrağı altından keçir,

Özündən-özünə gedən bu yollar.

Kimin ağrısını kim xəbər alıb,

Nə qədər yaşamaq həvəsin qalıb,

Ovut içindəki xatirələri.

Dözüm göz yaşına baş qoyub yatır,

Ora nə ün yetir, nə də əl çatır,

Azadlıq ömrümün ən qərib yeri.

VII

Azadlıq ömrümün ən qərib yeri,

Ömrün o üzüdür, astarı deyil.

İlahi, verdiyin bu bəxtdir axı,

Qoca dilənçinin paltarı deyil.

Sınır, çiliklənir addım səslərim,

Yollar da canını tutub dişinə.

Maşallah, dərd bizi yaxşı yarıtdı,

Bəxtim, daha qalma, çıx get işinə.

Səbrində dəfn elə bu son döyüşü,

Kimin yaddaşından qırılıb, düşüb,

O yol can üstədir, qıvrılır orda.

Fələk sulamaqda dərd ağacını,

Sükut yolur orda, yolur saçını,

O kimin qəbridir, qaralır orda.

VIII

O kimin qəbridir, qaralır orda,

Tənhalıq yaylığın üstünə sərib.

Əl açıb göylərə bir məzar daşı,

Üstündə mamırtək sükut göyərib.

Danışma, içimdə dərd ləpələnir,

Diksinir qəlbimin ağrı dağları.

Köksümdə qıvrılır yetim bir haray,

Açılır yaxası ayrılıqların.

Ünvansız məktubdu tənhalar, təklər,

Dərdi yelpikləyir acı küləklər,

Can verir ocağım, qaralır közüm.

Bu son harayımdı, bu son ünümdü,

Bu gün əcəlimlə görüş günümdü,

Gəl, öpüm gözündən, qaratel sözüm.

IX

Gəl, öpüm gözündən, qaratel sözüm,

Nəfəsi tükənib son nəfəsimin.

Daha qapısını döymək vaxtıdı,

Səsimin içində qalan səsimin.

Üşüyər torpaqda tənha məzarım,

Üstünə nə oğul, nə qız gələcək.

Qərib küləklərin dodaqlarında,

Qəmli misralarım yalqız gələcək.

Ölüm qayasına çırp son harayı,

Bir də geri axmaz bu ömür çayı,

Daha nəyə gərək bu səbr, dözüm.

Mən bəxt didərgini, tale yorğunu,

Sındır gözlərimdə bu daş yuxunu, –

Yox səndən doğması, yox, canım-gözüm.

X

Yox səndən doğması, yox, canım-gözüm,

Kimə ismarlayım bu son nəğməni.

Gəl bük xatirəmi qara dəsmala,

Üstündə bir misra ağla sən məni.

Çırpıb qanadını uçdu günlərim,

İndi əllərimdə bir lələk qalıb.

Mən çıxıb gedirəm, özünü qoru,

Apara bilmədim, kor fələk qalıb.

Bu ömür olmadı, bir sürgün oldu,

Qara gecələr də qaragün oldu,

Axı nə yatdım ki, nə yuxu görüm.

Qəflə-qatarını çəkdim bu köçün,

Yaşayammadığım o günlər üçün,

Baş qoyum dizinə bir az hönkürüm.

XI

Baş qoyum dizinə bir az hönkürüm,

Analı günlərim ovutsun məni.

Bir ovuc laylanın qonağı olum,

Sonra lap Tanrı da unutsun məni.

Payız qoxusuna bələnib ömür,

Canımın yaşamaq iştahı küsüb.

Xatirə dərzləri tayalanıbdı,

Ağılar dil açıb, nəğmələr susub.

Çıxsın köynəyindən saz yavaş-yavaş,

Bu gün dərdlərimin toyudu, qardaş.

Niyə barmaqların üşüyür, ozan?

Mənim ocağımı əcəl qalayıb.

Alnıma yazmağa bir şey qalmayıb,

Çırpır qələmini yerə bəxt yazan.

XII

Çırpır qələmini yerə bəxt yazan,

Qaçırdıb bir ömrün qafiyəsini.

İkicə dərs aldım qoca dünyadan;

Yaşamaq dərsini, ölüm dərsini.

Qan-tər içindədi keçdiyim bu yol,

Mən yolu keçmədim, yol məni keçdi.

Ürəyim susuzdu səhralar kimi,

Gözüm, göz yaşımı sən niyə içdin.

Süzmüşəm ruhuma son həyəcanı,

Dərdimin toyundan gəlirəm, canım,

Soruşma sən belə harda “vurmusan”.

Yalandı, demə ki, üzünü gördü,

Mənim ki, bəxtimin gözləri kordu,

Gözümün önündə niyə durmusan?

XIII

Gözümün önündə niyə durmusan,

Gözlərim açıqdı, gəl, keç içəri.

Dayan, ayağından çırpsana, zalım,

Hara aparırsan bu küçələri.

Baxdıqca hey sənə gözlərim azır,

Qərib bir küçəsən bu əyin-başla.

Mənim incitdiyim sözlər qoy qalıb

Mənim incitdiyim sözü bağışla.

Bağışla vaxtımın vaxtsız qonağı,

Gözümdü ömrümün görüş otağı,

Üstünə tökülən yaşı sil görüm.

Haqqı yox incitsin daha kimsəni,

Qorxma, tənhalığı üşütməz səni,

Bir az taleyimə yaxın gəl görüm.

XIV

Bir az taleyimə yaxın gəl görüm,

Qoy həsrət yolları üşüsün bir az.

Oxşa saçlarını xatirələrin,

Səsimə, sözümə gün düşsün bir az.

Duz səp yarasına bu ömür-günün,

Bəxtin tamı-dadı çoxdan qaçıbdı.

Gör necə başını itirib dərdim,

Sənə dilənçitək ovcun açıbdı.

Kövrək xatirələr durub sıraya,

Səni and verirəm bu son misraya,

Enmə arzuların ucalığından.

Əlvida, son misra, sonuncu beyt.

Tənha yelkən kimi ağarır ümid,

Qəbrimin bir ömür uzaqlığında.

XV

Qəbrimin bir ömür uzaqlığında,

Ümid qana batmış bayraq kimidir.

Əcəl şahə qalxıb kişnəyən yerdə,

Cəsarət bir paslı yaraq kimidir.

Kimin yaddaşıdır o qarlı çöllər,

Tarix sinəsindən yaralı orda.

Azadlıq ömrümün ən qərib yeri, –

O kimin qəbridir qaralır orda.

Gəl öpüm gözündən, qaratel sözüm,

Yox səndən doğması, yox, canım-gözüm,

Baş qoyum dizinə bir az hönkürüm.

Çırpır qələmini yerə bəxt yazan,

Gözümün önündə niyə durmusan,

Bir az taleyimə yaxın gəl görüm.

1998

Müəllif: Balayar SADİQ

BALAYAR SADİQİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – GÜLÜM ŞEİRİ

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

GÜLÜM
Bir ümid həsrəti boylanır yenə,
Qəlbimin ən dərin qatından, gülüm.
Yaradan payıdır, ruhun çeşməsi,
Qaynayır dilimin çatından, gülüm.
* * *
Şükür Yaradanın məsləhətinə,
Heç vaxt mindirməyib nəfsin atına,
Çox salıb toyuna, ya büsatına,
Hər zaman qoruyub matından, gülüm.
* * *
Bu qədim yapının, gedişi bəlli,
Gəlişli qapının, gedişi bəlli,
Şahının, topunun gedişi bəlli,
Ustacın qorxusu, atından gülüm…
06.04.2020. Bakı.
Müəllif:  Zaur Ustac

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİNA RƏŞİDİN DOĞUM GÜNDÜR!

MİNA RƏŞİDİN DİGƏR YAZILARI

Bu gün gözəl insan, əsl ziyalı, uşaqların və böyüklərin sevimlisi, çox dəyərli qələm adamı Mina Rəşid Şıxovanın doğum günüdür! Mina xanım, bu gözəl gündə ən xoş arzularımız Sizə ünvanlanıb. Doğum gününüz mübarək olsun. Uğurlarınız bol olsun inşəAllah!

MİNA RƏŞİDİN DİGƏR YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aşıq Ələsgərdən dodaqdəyməz nümunələri

Əssəlatü həşt ərkan
(“Ü” hərfi işlənmiş dodaqdəyməz divani)
Əssəlatü həşt ərkan,
Əhli-dil, hal cənginə.
Əhli-dil, hal gəldi ərlər,
Sеyr еlər ahənginə.
Əhli-dil, hal tirü tiğü
Xədənginə, cənginə;
Cənginə, xədənginə,
Ahənginə, hər rənginə.
* * *
Əssəlatü şindi, aşıq,
Еndirərsən yеlkəni;
Şindi, aşıq, əldə sazın
Əl çalar gəstirgəni.
Ah еdərsən, gəl dеyər,
Gеtsən sana yazıq səni;
Yеlkəni, gəstirgəni,
Gеt, səlsəli çal sənginə.
* * *
Əldən gеtdi ixtiyarın,
Ah еdərsən, gəl dеyər;
Həsrət çəkər еhtidarın,
Cəhd еylər, istər əsər.
Ah еdərsən, gəl dеyər,
Şindi səni tənzil еdər;
Səd həzarın çətin yеtər
Ələsgərin dənginə.

Sə qalı tez-tez
(“Z” hərfi işlənmiş dodaqdəyməz qoşma təcnis)
Sarsaq ilə sеyrə çıxsan səhraya,
Gətirər sərinə sə qalı tеz-tеz.
Tərlan xəyal qalxar ərşi-əlaya,
Sardan şikarını sağ alı tеz, tеz.
* * *
Yеl dəyir, tеllərin, yar, a gəzdirir,
Saqi istəkanı yara gəzdirir.
Yar həsrəti canda yara gəzdirir,
Yar gəlsə, yaralar sağalı tеz, tеz.
* * *
Xədəngin nеyləsin səng isə qala,
Еşq ataşın canda səngisə, qala.
Şah dəstin yеtirsə səngi-səqala,
Qaldırar yеrindən səqalı tеz, tеz.
* * *
Aşıq gərək sirrin dеsin ha lala,
Yanağından həya еylər ha lala.
Səxa əhli satdığını halala
Siratdan kеçəndə sağ alı tеz, tеz.
* * *
Səhər səyyad sеyrə çıxarsa dağa,
Ağan təkdi, dəngi dеyil səd ağa.
Qıl, yazıq Ələsgər, sərin sadağa,
Gеydir yar qəddinə sağ alı tеz-tеz.

Nümunələrin müəllifi: Aşıq ƏLƏSGƏR

AŞIQ ƏLƏSGƏR HAQQINDA

Tərtib etdi: Zaur USTAC


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru