Göyərçin Kərimi – İşğaldan otuz il sonra

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

                                          İşğaldan otuz il sonra

        İki min ikinci il olardı. Günü, ayı, fəsli dəqiq yadımda qalmayıb. Bakıda şadlıq evlərindən birini işlədən tanışımın yanına getmişdim. Qapıya yaxınlaşanda həmin şəxsi harasa tələsən gördüm. Gözləyib, gözləməyəcəyimə qərar vermək üçün nə vaxt qayıdacağını soruşdum. O, sualımı yarıda saxlayıb dedi: “İçəridə kabinetlərin birində Altay bölgəsindən BŞBPİ –nə ezam olunmuş iki polis nahar edir. Get yanlarına, həm çörək ye, həm də onlarla söhbət elə. Ola bilsin ki, səni maraqlandıran hansısa suala cavab tapdın”. Mən onun dediyi kimi də etdim. Təqribən 27-28 yaşlarında olan polislər tək deyildilər, müdirlə ortaq tanışımız da kabinetdə idi. Mən də nahar süfrəsinin arxasında əyləşdim. Onların mənə xitabən səsləndirdikləri ilk cümləni olduğu kimi yazmağı özümə borc bilirəm: “Bakıya ezam olunmazdan əvvəl bizi mərkəzə – Barnaula çağırıb bərk-bərk tapşırdılar ki, siz Azərbaycana gedirsiniz, son dərəcə ehtiyatlı olmalısınız, orada başınızı da kəsə bilərlər”. Mən çox sakit halda, xaricilərin yanında emosiyalarımı bacardığım qədər gizlətməyə çalışıram, soruşdum:

– Bəs siz gəlib burada nə gördünüz?

– Tamam əksini, – deyə cavab verdilər. 

        Dünyada bu kimi ictimai fikirləri kimlər formalaşdırır və formalaşdırmaqda maraqlıdır?

        1988-ci il hadisələrindən sonra ak. A. D. Saxarov, Q. Starovoytova və başqalarının həyəsızcasına Bakıdan Qarabağ ermənilərinə müstəqillik tələb etmələri o vaxta təsadüf edirdi ki, Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlı çöllərdə yaşayırdı. Bir ovuc erməni separatçılarının qeydinə qalan mənfur siyasi qüvvələr Azərbaycanın düşdüyü çıxılmaz vəziyyət barədə düşünmək belə istəmirdilər. Bu adamlar Ermənistanın da dostu deyildilər, sadəcə, iradəsinə tabe olduqları beynəlxalq təşkilatın quluna çevrilmişdilər. Belələri üçün öz vətəni, özgə vətəni deyə məfhum yoxdur, dağıdıcılıq, pozuculuq missiyası var. Həm də dağıdıcı ideologiya-nın sahibləri təslim etmək naminə sıralarını durmadan böyüdürlər.

        Həmin illərdə ünvanını bilmədiyim yerlərdən Azərbaycana heç nəyə yaramayan yardımlar göndərilirdi.

        Xatırladım ki, Altay polisləri Bakıda olduqları müddətdə, baxmayaraq ki, qarşılayan tərəfin belə bir mükəlləfiyyəti yoxdur, pulsuz yeyib-içirdilər.  

        O vaxt V. Putin hakimiyyətə təzə gəlmişdi.

        20 yanvar, 1990-ci il gülləbaranını, Xocalı qətliamını, evindən, dədə-baba yurdundan qaçqın düşmüş bir milyon insanın acınacaqlı vəziyyətini görmüş biri kimi mənim də suallarım antisovet mövqeli Qorbaçov, dağıdıcı Yeltsin hakimiyyətindən sonra ölkəyə başçılıq edən Putin barəsində idi.

        Altay bölgəsindən gəlmiş polislər mənimlə açıq söhbət etməkdən çəkinmədikləri üçün səmimi danışırdılar. Onların Vladimir Vladimiroviç haqqında fikirlərinin ümumi məcmuu təxminən belə idi: “Putinin hakimiyyətə gəlməsi ölkədə vəziyyəti qısa müddətə sabitləşdirdi və Yeltsinin dağıdıcı fəaliyyəti zamanı baş alıb gedən korrupsiyaya, ölkə sərvətlərinin talanmasına son qoydu. O, milli maraqları qoruyub ön plana gətirdi. Putin hakimiyyəti dövründə iqtisadi stabillik və dinamik inkişaf əldə olundu”.         

        Əcnəbi polislər Putin haqqında öz qənaətlərində haqlı idilər. Əgər iqtisadi sabitliyə, dinamik inkişafa nail olmasaydı, bu gün Rusiya Ukrayna və onun timsalında bütün güc dövlətlərilə müharibə apara bilməzdi. Müharibənin başlanma səbəblərinə diqqət yetirək.

        Əlbəttə, Rusiya Ukrayna ilə mənim versiya hesab etmədiyim səbəblərdən də döyüşə bilər.

        Görəsən, Rusiya Ukrayna və onu silahla təchiz edən ölkələrlə döyüşür, ya SSRİ-nin dağılmasına rəvac verən müdhiş ideologiya ilə? Əgər məhvedici ideologiya ilə mübarizə aparırsa, müharibəni uduzsa belə qalib dövlətdir. Bu o deməkdir ki, V. Putin ölkəsinin maraqlarından üstün heç bir ideologiya tanımır.

        Müharibə təhlükəsizliyin təmin olunması məqsədilə də aparıla bilər. Rusiya öz milli təhlükəsizliyini qorumaq üçün sərhəd dövlətlərinin təhlükəsizliyini təmin etmək fikrindədir. Bu ölkələrdən biri də Ukraynadır. Zahirən belə görünür ki, Ukraynanın tərəfdaşları çoxdur, əslində, tərəfdaş kimi çıxış edənlərin heç biri tərəfdaş deyil. Ukraynanı silahla təchiz etmək hələ bu dövlətlə tərəfdaş olmaq anlamına gəlmir. Onlar alışan tonqalın üstünə çırpı atırlar ki, müharibə uzansın və Rusiya zəifləsin. Buradan belə çıxır ki, Rusiyanın zəiflədilməsi Ukraynanın məhvindən keçir. Tanış mənzərədir.

        Gözümün önünə ayaqlarında qaloş, başında rəngi solmuş yaylıq, kürəyində uşaq şələsi,  hiddətindən gözləri bərəlmiş, əlini sual işarəsi olaraq gicgahına dayamış, aclıq və susuzluqdan yerə çökmüş evsiz-eşiksiz Xocalı sakini – ahıl bir qadın gəlir. Təsvir vicdanı olan insanın ürəyini parçalayır. Amma bu ideologiyanın müəllifləri əməllərindən çox məmnundurlar. Axı hələ də Qarabağda mülki azərbaycanlıların bu və ya digər şəkildə qanı axıdılır. Bu gün özlərini Ukraynaya tərəfdaş kimi sırıyan bəzi ölkələr dünən Ermənistanın yanında idi, onlar hələ də oralarda vurnuxur, işğalçı dövləti elə müdafiə edirlər ki, ədalətin üzərinə ömürlük kölgə salırlar. Bu ona bənzəyir ki, güllə yarası almış hamilə qadının halına acımaqdansa, güllə atanın tüfənginə növbəti cinayət üçün patron yerləşdirməyə çalışırlar. Məsələn, ABŞ-ın, Fransanın, İngiltərənin Azərbaycan xalqının iradəsinə zidd münasibətləri bu mənada təəssüf doğurur. 

        Qarabağ münaqişəsini SSRİ-ni böyrü üstə aşıran ideologiya yaratdı, Ermənistanın silahlan-masını özgə vəsaiti hesabına təmin olundu ki, nəticədə bir milyona yaxın qaçqın-köçgün işsiz, evsiz-eşiksiz qaldı. Otuz ildən sonra Azərbaycan höküməti ədaləti bərpa etməyə çalışır, işğalçı ideologiyanın müəllifləri səs-səsə verirlər ki, amandır, öz torpaqlarınızı silahlı separatçılardan  təmizləməyin. Nədir-nədir, bu bizim siyasətimizə uyğun gəlmir.  

        Mən Ukraynanın da, Rusiyanın da, Qarabağda tez-tez minaya düşən həmvətənlərimin də halına acıyıram, amma B. İ. Oleynikin “Qaranlıq knyazı” kitabından bir cümləni xatırlatmaqdan savayı əlimdən heç nə gəlmir. Müəllif Qarabağa, Sumqayıta, Bakıya, Oşa, Fərqanəyə, Tiraspola, Tiflisə, Tsxinvaliyə işarə edərək yazır: “İnanın, mən son dərəcə səhv etmək istəyərdim, amma ssenari hər yerdə eyni və həmindir: faciə baş verir…”

 

Müəllif: Göyərçin KƏRİMİ

AYB-nin üzvü

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zulfiyyə Vəliyeva – XALQIN QƏHRƏMANI!

Milli Qəhrəman Çingiz Mustafayev

      “Torpaq uğrunda ölən varsavətəndir“! Çingiz torpağı Vətən edə,  oğul-lardan idi. Dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı.

          Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədn məlumat verən telequrum kimi qəbul edirdilər. Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi  sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.

   Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

Vətən oğlu gözün aydın   Qarabağ torpağı işğaldan azad oldu .44 günlük müharibənin Qələbə ilə başa çatması üçün şəhid və qazi olan oğullar sənində intiqamını aldılar. Ruhunu  təbrik  edə bildik. Sənin zirvədə qərar tutan nigaran ruhunu  məmnun edə bildik. Torpaqlarımızı düşməndən azad edərik o zaman Qarabağda sənin əbədiyyətə

 qovuşduğun,  mübarək qanının axdığı o yerdə hörmətlə dayanıb, sevinc göz yaşları içində deyə bildik: -Gözün aydın     Vətən oğlu, biz  yurdumuzu  yağılardan azad etdik! Lacının azad olunması ad gününə hədiyyədir.

   “Xocalı Faciyəsi, Soyqirimlar Zirvəsi” yazımda  Çingiz Müstafayevə həsr olunmuş misralarla  Ruhun Şad Olsun deyirəm!!!

MİLLİ QƏHRƏMAN

Çingiz Mustafayevə ithaf olunur!

Hamı kimi yaşayırdı, təminatlı insan idi!

İnsanların sağlamlığın qoruyan bir həkim idi!

Öz rühüna hakim idi!

O, sevirdi İnsanları, Vətənini, Elini…

Elin qürur yerini.

Qarabağda baş verən dəhşətli faciələr

Dözülməz etdi onu, od içinə atdı onu.

Bir əsgərə döndü O!

Çağırışsız, filansız könüllü cəbhələrə getdi O!

Əlində yox silahı, kameraydı onun olan silahı,

Bir də ki, vicdan səsi!

Harda çətin məqamdı, Çingiz orda olardı,

Haqsızlığa dözməyib, o necə qışqırardı,

Bəzən də eləcə yalvarardı:

– “Atıb getməyin eli, tarix sizi bağışlamaz!

Mən qalıram yanınızda, çəkəcəyəm onları,

Mənim gücüm buna çatır” – deyirdi!

Xocalıda baş verən faciəni çəkən Çingiz hönkürürdü,

Qarğıyırdı bu vəhşəti, qırıblar necə bizi,

Qanına qəltan ediblər körpəmizi!

Meyitləri bax, yan-yana çatıblar,

Dünyadan xəbərsiz olan körpələr

Sakit-sakit, quzu kimi yatıblar!

Vicdanı yatan kəslər, alçaq, xəbis, nacinslər

Qorxdular, səksəndilər Çingiz açanda sirləri,

O söylədi dünyaya faciəni!

Xocalı qurban getdi,

Arxasında alay durmuş erməni hikkəsinə!

O, göstərdi dünyaya erməni hikkəsi nə,

Məkri nə, hiyləsi nə.

Soyqırım necə olur.

Millətin körpəsinin qətli nə,

Fərman verənlər verdi Çingizin də qətlinə!

Özü çəkib öz qətlini, insanlara göstərdi o!

Olan insan məkri nə!

İnsanlığa düşmən olan,

Milləti naməlum olan o caninin məkri nə!

Şəhid olub O, yaratdı insanların qəlbində

İnsanlıq heykəlini!

Şəhid tək əbədiləşdi!

İnsan tək o, heykəlləşdi!

Cavan getdi, o tərk etdi bizləri,

Tarixlərdə yaşadacaq şəhid olan kəsləri!!!

DAHA AĞIR FACİƏ!

Boğ körpəni, öz əlinlə boğ körpəni,

Kəs səsini körpənin!

Hamı durub gözləyir, susub durub gözləyir

Körpəni boğsun Ana, səsini kəssin Ana!

Yazığı gəlir Ona, naçar qalıbdır Ana!

Çıxış yolun arayır, qarğıyır yeri-göyü,

Ürəyində yalvarır Allahına,

Əlac qalıb Allahına!

Üzülməmiş dənəsi, xilas olur körpəsi.

Meyidləri çəkən zaman tapıb Çingiz əmisi.

Balan yaşayır deyib.

Gözlərindən yaş süzülən Ana deyir:

– O, Çingizin qızıdı, Ana ona borcludur,

Bütün millət, xalq özü də!

Bəli, Çingizə borcludur!

O, söyləyib həqiqəti, o, açıbdır cinayəti.

Sübut edib o, faktların diliylə,

Kameranın gözü ilə, dediyini necə deyib diliylə:

– Allah, qırıblar bizi, kəsiblər nəslimizi, kökümüzü.

Dünyaya çatdırmasaq faciəmizi,

Tarix bağışlamaz bizi!

Minnətdarıq hamılıqla Çingizə!

Faciəni o çatdırıb elimizə!

Soyqırımlar zirvəsidir Xocalı faciəsi!

Dünyaya çatdırılsın soyqırımlar zirvəsi!

Xocalı faciəsi! Xocalı faciəsi!

Nəfsimizi öldürək, düşmənin başın əzək!

Azad edək əsir olan torpaqları,

Əldə olan qadınları, qızları!

Yurd yerini, gor yerini gəlin azad eyləyək!

Gorsuz, kəfənsiz ölənləri dəfn edək!

Namussuzluq ləkəsini üstümüzdən biz silək!

Müəllif: Zülfiyyə VƏLİYEVA       

ADPU-nun ETM-nin elmi işçisi,      Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi      Layihəsi üzrə Milli məsləhətçi,  Əməkdar müəllimAkademik  M.Mehdizadə mükafatı laureatı.


ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

                                                                   

“VİDADİ – 70” DİPLOMU

“VİDADİ – 70” DİPLOMU

ŞAİR VİDADİ AĞDAMLI TURANIN 70 İLLİK YUBİLEYİ

Şair Vidadi Ağdamlı Turanın 70 illik yubiley tədbirləri çərçivəsində “GƏLİN GEDƏK AĞDAMA” adlı antologiyanın tərtib olunmasında iştirak etmiş bir qrup qələm adamı “VİDADİ – 70” DİPLOMU ilə təltif olunmuşdur:

  1. RƏŞAD MƏCİD N:001 28.08.2022. BAKI.
  2. NOVRUZOVA LEYLİ MUSTAFA N:002 28.08.2022. BAKI.
  3. ƏHMƏDOVA QUMRU TEYMUR N:003 28.08.2022. BAKI.
  4. MƏMMƏDOV EYVAZ MƏMMƏD N:004 28.08.2022. BAKI.
  5. İSGƏNDƏROVA LƏTAFƏT ŞİRİN N:005 28.08.2022. BAKI.
  6. QURBANOVA SƏADƏT CABBAR N:006 28.08.2022. BAKI.
  7. MƏMMƏDOV YUSİF CABBAR N:007 28.08.2022. BAKI.
  8. MUXTAROV CEYHUN VİDADİ N:008 28.08.2022. BAKI.
  9. ƏLİYEVA MEHRİBAN ƏSƏDULLAH N:009 28.08.2022. BAKI.
  10. ZEYNALOVA SEVDA SABİR N:010 28.08.2022. BAKI.
  11. İBADOVA BAHAR RAHİL N:011 28.08.2022. BAKI.
  12. NURİYEV QALİB ARİF N:012 28.08.2022. BAKI.
  13. MUXTAROVA TƏRANƏ CABBAR N:013 28.08.2022. BAKI.
  14. MƏMMƏDOV VİDADİ QAFAR N:014 28.08.2022. BAKI.
  15. RZAYEV RAHİM ÜÇOĞLANLI N:015 28.08.2022. BAKI
  16. RZAYEV YUSİF MƏMMƏD N:016 28.08.2022. BAKI..
  17. VƏLİYEV TEYYUB KAMAL N:017 28.08.2022. BAKI.
  18. ALLAHVERDİYEV RAUF İLYAS N:018 28.08.2022. BAKI.
  19. QURBANOV İBRAHİM QURBAN N:019 28.08.2022. BAKI.
  20. QAFAROV ƏDALƏT İZZƏT N:020 28.08.2022. BAKI.
  21. İBADOV VİLAYƏT İBAD N:021 28.08.2022. BAKI.
  22. HƏSƏNZADƏ ETİBAR OKTAY N:022 28.08.2022. BAKI.
  23. ƏLİYEV ƏSGƏR RAMAZAN N:023 28.08.2022. BAKI.
  24. HƏŞİMOV ƏDALƏT ƏKBƏR N:024 28.08.2022. BAKI.
  25. XANLAROV VƏLİYƏDDİN QEYSƏR N:025 28.08.2022. BAKI.
  26. ŞƏFƏQ VİLAYƏTQIZI N:026 04.11.2022. BAKI.
  27. RÜXSALƏ ƏLİQIZI N:027.04.11.2022. BAKI.
  28. SƏBAHƏT LƏNKƏRANLI N:028.04.11.2022. BAKI.

Bütün laureatları təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Belə tədbirləri doğma Ağdamımızda keçirmək qismət olsun!

VİDADİ TURAN AĞDAMLININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mərkəzi Elmi Kitabxanada yazıçı Pərvanə Bayramqızı ilə görüş keçirildi

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Mərkəzi Elmi Kitabxanada yazıçı Pərvanə Bayramqızı ilə görüş keçirildi

Bu günlərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Asan xidmət”in həyata keçirdiyi layihə əsasında MEK-in əməkdaşı, dörd kitab müəllifi yazıçı Pərvanə Bayramqızı ilə görüş keçirilib. Görüşdə “Asan xidmət”in əməkdaşları və könüllüləri iştirak ediblər. Onlar əvvəlcə MEK-in “Qarabağ” fondunda olublar. Fondun əməkdaşı gənclərə Vətən uğrunda canlarından keçən qəhrəmanların döyüş yolundan söhbət açıb, şəhidlərin ailələri tərəfindən verilən əşyaların burda qorunduğunu bildirib. “Qarabağ” fonduna ekskursiya zamanı P.Bayramqızı vurğulayıb ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında kitabxanada keçirilən kütləvi tədbirlərin rolu böyükdür. Otuz il işğal müddəti ərzində kütləvi kitabxanalar Qarabağ mövzusunda məktəbəqədər yaşlı uşaqlarla, şagird və tələbələrlə tez-tez tədbirlər keçiriblər. Elmi kitabxanada da bu mövzu daim diqqət mərkəzində olub, müxtəlif tədbirlər, görüşlər təşkil edilib.

Mövzuya kitabxananın görüş zalında davam edilib. İştirak edən gənclər yazıçıya Qarabağ mövzusunda yazdığı hekayələrdən, publisist mətnlərdən suallar veriblər. P.Bayramqızı ən çox vətənpərvərlik, ana dili mövzusunda və cəmiyyətin problemlərindən yazdığını bildirib. O, eyni zamanda peşəsinin məsuliyyətindən irəli gələn maraqla gənclərin mütaliəyə münasibətini öyrənib, onlara tövsiyələr edib. Yazıçı imzalı kitablarını iştirakçılara bağışlayıb.

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əfşan Yusifqızı – Elm və Ədəbiyyat

SADIQ QARAYEV

ELM VƏ ƏDƏBİYYAT

Hər kəs təbiəti sevir, amma hər kəs təbiətə aşiq ola bilmir. Ağacların boyuna baxıb ucalmaq, çiçəklərlə nəfəs almaq, xal düşmüş yarpaqları, saralmış budaqları görəndə canında sızıltı hiss etməkdi təbiətə vurğun olmaq…
Belə insanlardan biri Azərbaycan Milli Elmlər Akademiyası Botanika bağının elmi işçisi, ömrünü təbiətə həsr edən, təbiət aşiqi, Biologiya üzrə fəlsəfə doktoru, dosent, “Bitki ekologiyası” laboratoriyasının müdiri, Sadiq Qarayevdi….
Heç vaxt bir hekayə, povest və ya esse yazmadığı halda birdən-birə roman yazan Sadiq Qarayevin öz dediyinə görə, təbiət və cəmiyyət haqqında bir sıra elmi düşüncələri, fərziyyələri var idi. Ancaq bunları söyləmək, elmi cəsarət tələb edirdi…
Və beləliklə qərara gəlir ki, bir roman yazsın, elmi fərziyyələrini obrazların dili ilə desin. Fikir məsuliyyətini də onların, yəni personajların boynuna qoysun..
Müəllif, yalnız elmi söz- söz söhbət oxucunu bezdirəcəyini düşünərək, ora sevgi və dedektiv çalarlar əlavə edir. Beləliklə Əli, Nərmin,Tusi obrazları yaranır. Səkkiz ilə iki irihəcmli romanı yazan alım-yazıçı həm də çox təvazökardı.
“Sahilsiz Təzadlar” və “Sahibsiz Kölgələr” romanları Azərbaycan elmi və bədii təfəkkürünü dünyada layiqincə təmsil edə biləcək kitablardandı!
Mən, Sadiq müəllimin bir neçə hekayəsini oxumuşam. Yazıçının bütün yazılarında ana xətt mütləq təbiət hadisələri ilə zəngin olur. Kimya-biologiya təmayüllü internat məktəb bitirən gənc Sadiqin arzusu həkim olmaq olsa da, taleyin qisməti onu tanınmış bioloq edir… Gümüşgöldən pərvazlanan Sadiq, Xəzərin sahilində bənd alır. Ömrünü-gününü Milli Nəbatat Bağında elmə həsr edir. Tanınmış alim- yazıçıya sual verəndə ki;

-Faydalı, dəyərli və hörmətli olmaq üçün nə lazımdır?
Cavabında:

-Qısa bir insan ömrü yaşayırıq. Əgər bu ömür ailə, el-oba, vətən üçün faydasızdırsa, öz yanında, ALLAH qarşısında hörmətsizdirsə, deməli çöldəki kol- kos daha dəyərlidir…
Kol- kosu çox olan, səhralaşan cəmiyyətlər tənəzzülə məhkumdur …
Sadiq Qarayev Rusiya Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Bu yaxınlarda qələm dostumuzun uşaqlıq illərindən bəhs edən “Qurd” adlı bir xatirə-hekayəsini oxudum və kiçik olsa da bu maraqlı hekayənin təsirindən Sadiq müəllimin həyat səhifəsinə yüngülcə nəzər saldım. Sadiq Qarayev dəyərli alim, vətənpərvər insandı. Sənətindən, vəzifəsindən, kimliyindən asılı olmayaraq, hər zaman yazıları sadə, oxunaqlı və yurd-yuvasından qaynaqlanmış olur. S. Qarayev Azərbaycançılıq məfkurəsini gənclərə , cəmiyyətə aşılayan əsl ziyalıdı.
“Şəhər düşüncələri” esse., “Sahibsiz kölgələr”, “Sahilsiz təzadlar”, ” Sarvansız zamanlar” adlı hekayələr və esse kitabının və müxtəlif sənədli hekayələrin müəllifi, hörmətli alim Sadiq Qarayevə can sağlığ və daha böyük nailiyyətlər arzulayaram. Sonda isə fikirlərimi onun öz ünvanlı sözləri ilə tamamlamaq istəyirəm…
“Bir az yuxarıdan, qlobal baxanda insan bu dünyadan nə oğurlaya bilər ki? Axı sən özün bu dünyanın içindəsən, hara çıxıb, gedə bilərsən, oğurladıqlarınla birlikdə?
Nəyinsə yerini dəyişə bilərsən, yanında durub, mənimdir deyə bilərsən. Ancaq o sənin olmur axı, ay adam”

MÜƏLLİF: ƏFŞAN YUSİFQIZI
Yazıçı-AYB-nin üzvü.

ƏFŞAN YUSİFQIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN NARINGÜL NADİRİN DOĞUM GÜNÜDÜR!

NARINGÜL NADİR – yazar.

Bu gün tanınmış yazar Narıngül xanımın doğum günüdür! Şad günü münasibətilə onu təbrik, edir yeni-yeni nailiyyətlər arzulayırıq!

NARINGÜL NADİRİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Şeirlər

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Sənsən
Bu səhra dünyamın yuxularının
Hər gecə gəzdiyi ormanı sənsən.
Yaralı qəlbimin, xəstə canımın,
Yeganə davası, dərmanı sənsən.
***
Bikəsin ahıdı, zarıdı dünya,
Bəxtəvər dövləti, varıdı dünya.
Bilmədim kimlərin yarıdı dünya,
Şahanə dünyamın fərmanı sənsən.
***
Ruhum özüm oldu, göz aldatmadı,
Şeytana uymadı, üz qaraltmadı.
Adını çəkməyə gücüm çatmadı,
İçimin yaşayan dövranı sənsən.
***
Eşq ilə dikələn dərd sarayıymış,
Başqa cür deyilən hay- harayıymış.
Sənsiz yaşadığım gün haramıymış,
Ömrümün-günümün hər anı sənsən.
***
Mənə varidatdır bir adın-sanın,
Salma ürəyinə, sağ olsun canın.
Bu dünya cənnətmiş, İsmi Pünhanın,
Cənnətdə sirdaşı, qılmanı sənsən.

Yığıram
Dinib dillənmədim ki mən,
Pıçıltımnan, lal yığıram.
Tanrım, göndərdiyin dərdi
Zənn elədim bal, yığıram.
***
Ər öyüdünnən topladım,
Qəmi düyünnən topladım.
Ana südünnən topladım,
Nə yığdım halal yığıram.
***
İbadətdir şeirlərim,
Hər sətrində sənin yerin.
Kağız üstə düşən tərim,
Bir cəhlil-cəlal, yığıram.
***
Özüm bilən əzəl gündən,
Əl mənnəndir, ətək səndən.
Dərdimin pəncərəsindən,
Nə versə hilal, yığıram.
***
Ömrüm tamamdır, ya yarı,
Niyə bitməz qovğaları.
Mahirənin duaları,
Olsun sənə bal, yığıram.

Göz yaşıdı “Kərəmi”
Yüz illərdi ruhumuzla yol gəlir,
Nakam eşqə başdaşıdı “Kərəmi”.
Qoşulubdu karvanına kədərin,
Yorulmadı, qəm daşıdı “Kərəmi”.
***
Bu dünyanın hikmətini bilən az,
Bu dünyada ağlayan çox, gülən az.
Deyirlər ki, axar, axar, qurumaz,
Başdan- başa göz yaşıdı “Kərəmi”.
***
O, vüsalsız məhəbbətin nərəsi,
Ancaq Tanrı mərhəməti çarəsi.
Qərarlaşan “Dilqəmi”də pərdəsi.
Bu dünyaynan savaşıdı “Kərəmi”.
***
Onda itər, onda doğar gümanın,
Onda çatar haqq yanına üryanın.
Açılmayan tilsimidir dünyanın
Göy üzünün yer daşıdı “Kərəmi”.
***
Mizrab sazın dərdlərini oynadar,
İçindəki ruhu, eşqi qaynadar.
İniltinin özündə bir ümid var,
Təsəllinin yoldaşıdı “Kərəmi”.

Salam olsun!
Ey tarixi sətir-sətir yaradanlar,
Nə şanlısız, şanınıza salam olsun!
Qalacaqdır bu tarixdə var olanlar,
Silinməz ad-sanınıza salam olsun!
***
Rəzil oldu bizi qüvvə saymayanlar,
Qanda batdı qan içməkdən doymayanlar.
Bu milləti yıxılmağa qoymayanlar,
Dünyada hər anınıza salam olsun!
***
Adı qalar zaman-zaman Sər doğanın,
İzi qalmaz hər olanın,hər doğanın.
İlham, sənin, Rəcəb Təyyub Ərdoğanın,
Həmişə var canınıza salam olsun!
***
Şəhidlərim,haqqınız var çiynimizdə,
Kəfən geydik, qalacaqdır əynimizdə,
Çıxmayacaq, yaşayacaq eynimizdə,
Tökülən al qanınıza salam olsun!
***
Ələm idi, qüssə idi hər çağımız,
Otuz ildən sonra güldü növrağımız.
Dalğalandı Şuşada al bayrağımız,
Qurban olum, hamınıza salam olsun!

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təranə Məmməd – Tələsməyin

TƏRANƏ MƏMMƏDİN YAZILARI

TƏLƏSMƏYİN

(hekayə)

Rəisim məni çağırıb bir həftəlik Gürcüstana ezamiyyətə gedəcəyimi dedikdə çox təəccübləndim. Axı o mənim həyat yoladaşımı yaxşı tanıyırdı və toyumuzdan cəmi iki ay keçdiyini və yoldaşımın kifayət qədər qısqanc olduğunu da bilirdi.

– Rəfiqəniz tək getməli idi. Sonra belə qərara gəldik ki,ikinizi də göndərək. Həm bir az gəzərsiz , həm də təcrübə keçərsiz.

– Mən…- deyə etiraz etmək istədim,lakin o, məni heç dinləmədən.

-Get hazırlaş! Sabah qatarla gedirsiz!- dedi.

Bu xəbəri yoldaşıma deməyə çəkinirdim, çünki əmin idim ki, heç vaxt məni tək başqa ölkəyə buraxmaz. Ona görə belə qərara gəldim ki,axşam rəfiqəm də bizə gəlsin və biz bu xəbəri ona birlikdə çatdıraq.

Axşam şam yeməyinə gələn rəfiqəm bütün söz ehtiyatını toplayıb söhbətə başladı:

– Xəbərin var? Mən Gürcüstana ezamiyyətə gedirəm?- deyə o mənim həyat yoldaşıma müraciət etdi.

Kişi çəngəli nimçəyə qoyub rəfiqəmə sərt baxdı və:

-Təək? – deyə soruşdu

Qız özünü itirsə də “yoox!”- deyə cavab verdi.

-Bəs kiminlə?-deyə ərim soruşdu.

-Sənin …sənin həyat yoldaşınla,- dedi rəfiqəm.

İkimiz də nəfəsimizi içimizə çəkib gözləyirdik.

Bir neçə saniyə ərzində hər ikimiz indi nələr olacağını təsəvvür edib diqqətlə gözləyirdik.

-Aaaa! Bu başqa məsələ! Elə olar. Yoxsa tək Gürcüstana.. Tək olmaz!- deyən həyat yoldaşımın belə cavab verəcəyi heç ağlımıza da gəlmirdi.

İkimiz də rahat nəfəs aldıq.

-Nə vaxt gedirsiz?-deyə o, sakitcə soruşdu.

-Sabah, qatarla.

-Mən elə bildim sən razı olmazsan. Ona görə dedim, birlikdə xəbər verək sənə.

-Niyə ki? Get. Gedin gəzin. Gürcüstan gözəl ölkədi. Sabah mən maşınla apararam sizi. Həmişə gəzməkdə!-deyə o gülümsədi və siqaret götütüb eyvana çıxdı.

– Nə yaxşı buraxdı səni?-deyə rəfiqəm pıçıldadı

-Nə bilim. Heç gözləmirdim belə cavabı.

– Çox yaxşı oldu. Gedib gəzərik sərbəst. Qürçülər də qonaqpərvər olurlar.

-Orası elədi, amma…

-Nə amma?

-Bu nə yaxşı məni yollayıb tək qalmağa razı oldu? Bəlkə bir adamı var ?

-Sən dəlisən? Nə adamı? Siz təzə evlənmisiz.

-Bəs niyə belə tez razılaşdı?

– Gör ee! Qadın ki, qadın! Razılaşır, deyir niyə razılaşdı. Razılaşmasaydı, deyəcəydin, niyə razılaşmır.

– Yox ee!Görmədin? Heç təəccüblənmədi də. Məni yola salan kimi gedəcək kiminsə yanına!

-Ay qız, yaxşı sən Allah. Neçə illərdir tanıyırıq onu,bir yerdə illərdir işləyirik. Bir adamı olsa, bilərdik.

Ertəsi gün mənim həyat yoldaşım geyinib kecindi,lazım olanları alıb gətirdi və bizi maşınla vağzala aparıb qatara otuzdurdu.

-Yaxşı yol. Özünüzdən muğayət olun!- deyib getdi.

Ürəyimdə bir narahatlıq var idi.

-Gör necə də geyinib! Heç olmasa məni yola salıb sonra geyinib gedərdi. Əhvalı da əladır! Heç ayrılanda məni öpmədi də. Yüz faiz bunun kimisə var..

-deyə düşünürdüm.

Nə isə.Qatar artıq Biləcəri stansiyasına yaxınlaşırdı. Biz yavaş- yavş Bakını tərk edirdik.

İkimiz də pəncərədən baxıb xəyala dalmışdıq.

Biləcəridə bir qədər dayandıqdan sonra qatar yenə yola düşdü və çox sevdiyim qatar səsi ətrafa yayıldı.

Elə bu vaxt vaqonun qapısı açıldı

Əlində bir şüşə şampan şərabı mənim həyat yoldaşım içəri girdi.

– Düşündüm ki,mənsiz darıxarsan, əzizim! -deyib üzümdən öpdü.

Sonradan bildik ki,məzunuyyətə əvvəl tək onu göndərmək istəyiblər.O, məni qoyub gedə bilməyəcəyini dedikdə, bizə belə bir sürpriz variantı düşünülüb.

Sevdiyiniz insan haqda mənfi qərar verməyə tələsməyin. Bəlkə o sizi siz onu sevdiyinizdən daha çox sevir?! Bunu həmişə nəzərə alın! Yersiz qısqanclıq etməyin. Siz sadəcə sevin! Sevilmək üçün sevin!

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Afaq ŞIXLI – Laçın (Афаг ШИХЛЫ – Лачин)

AFAQ ŞIXLININ YAZILARI


Laçın
Dün gecə yuxuda Laçını gördüm:
Vüqarlı başında dümağ saçları,
Gözləri yol çəkən yüksəklikləri,
Həsrətə bürünmüş boz yamacları…
***
Qulağı səsdəydi, fikirli, yorğun…
Əyni də nimdaşdı, kimsəsiz kimi.
Keçilməz yollarda itmişdi sanki,
Torpaq yaddaşına düşən iz kimi.
***
Susurdu, yamanca qəribsəmişdi,
Gileyi donmuşdu baxışlarında.
O hardan biləydi gələcəyik biz
Hansı bir ilinsə son baharında.
***
Sarılmaq istədim qanadlarına:
Tövrünlə sızlatma ürəyimizi!
Bitəcək ayrılıq, qurbanın olum!
Yamanca gecikdik, bağışla bizi!..

Перевод на русский язык:
Флора НАДЖИ
 (Flora NACİ)

Лачин
Прошлой ночью мне приснился Лачин:
С гордо поднятой седой головой,
С тоской во взгляде могучих вершин
И посеревших в разлуке равнин…
***
Весь в ожиданьи вестей, усталый,
В бедной одежде предстал предо мной.
Словно потерян он был в дороге,
Как памятный след на коре земной.
***
Был молчалив и смотрел, как чужой,
В глазах его застыл упрек немой,
Откуда знать ему, что мы придём,
Что этой встречи с ним давно мы ждём.
***
Так захотелось мне его обнять,
Как мучила разлука, рассказать…
Уже осталось мало, потерпи!
Мы долго шли к тебе, ты нас прости.
Müəllif: Afaq ŞIXLI

AFAQ ŞIXLININ YAZILARI


FLORA NACİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ulubəyov Emin – XX əsrin əvvəllərində Quba qəzasında baş vermiş hadisələr

ULUBƏYOV EMİNİN YAZILARI

XX əsrin əvvəllərində Quba qəzasında baş vermiş hadisələr

XX əsrin  əvvəllərində  Quba  qəzasında baş vermis hadisələrin sadəcə olaraq “faciə” sözü ilə  ifadə edilməsi  vəhşiliklərin  mahiyyətini tam açmır. Dinc  əhalinin, qadınların, uşaqların və qocaların  əzab və  işgəncə ilə qətlə  yetirilməsi dəhşətli və ağlasığmaz soyqırımı idi. Bunu başa düşmək üçün  Quba  hadisələrinə  bir  qədər dərindən nəzər  salmaq  lazımdır. Onu  erməni  daşnaklarının  törətdikləri  başqa  qırğınlarla, məsələn, həmin il Şamaxıda aparılmış soyqırımı ilə tam eyniləşdirmək olmaz. Şübhəsiz, bunların hər ikisinin mahiyyəti eynidir. Lakin Şamaxıda belə  soyqırımı  yalnız  milliyyətcə  azərbaycanlı olan əhaliyə qarşı yönəlmişdisə, Quba qəzasında həyata keçirilən etnik təmizləmə azərbaycanlılarla yanaşı,burada yaşayan etnik qruplara – (ləzgilərə, qrızlara, buduğlara, ceklərə,  tat və.s) əhalisinə  qarşı  yönəlmişdi.  Bakı  quberniyasının  digər  ərazilərində  olduğu kimi, Quba  qəzasında da ermənilər bir neçə dəfə soyqırımı aktları həyata keçirmişlər. Sovet hakimiyyəti qurulanadək oradakı boşluqdan, hakimiyyətsizlikdən  maksimum istifadə etməyə səy göstərən daşnaklar Azərbaycanın bir sıra rayonlarını müsəlmanlardan təmizləyərək, çoxlu erməni rayonları yaratmağa, beləliklə də gələcək planlarının  təməlini  qoymağa çalışırdılar. Odur ki Azərbaycanın digər  bölgələrində  də fəallaşmış, bütün cəbhəboyu  hücuma keçmişdilər.

1918-ci il  mart qırğınlarından  sonra Bakıda  qurulmuş  bolşevik-daşnak hökuməti – Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın göstərşi ilə Quba qəzasına gələn David Aleksandroviç  Gelovani  200 əsgərdən ibarət silahlı dəstə ilə şəhərə daxil olur və qubalıları fakt qarşısında qoyur. Gelovani ilk olaraq Qubanın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün  tədbirlər  görülmüşdü. Bu tədbirlərdən biri özünün qeyri-adiliyi ilə fərqlənirdi: Qubada yaşayan onlarla erməninin (40-dan 200-dək) həyatını hər hansı təcavüzdən qorumaq məqsədilə müsəlmanlar onları yerli camaatdan təcrid etməyi lazım bilmiş və etibarlı mühafizə təyin edərək şəhər həbsxanasında yerləşdirmişdilər. Qubalılar “məhbusları” yaxşıca yedirdir, müsəlman qonşuları onları ziyarət edir, özləri ilə yemək gətirir, onların evlərindən və əmlakından muğayat  olurdular. Şəhərdə vəziyyət o dərəcədə sakit və nəzarət altında idi ki, Sovet hakimiyyətinin  Qubaya gəlmiş ilk “müjdəçisi” – D.Gelovani, ermənilərə qarşı hər hansı bir təhlükənin  gözlənilmədiyini  qərara  alaraq  dərhal onları “azad edir”. Lakin az sonra məlum olur ki, Sovet hakimiyyətini tanımaq və ona tabe olmaq haqqında Gelovani tərəfindən irəli sürülən ultimatum qəbul edilməyəcəyi təqdirdə,artıq bütün şəhəri təhlükə gözləyir.

Bakı və Şamaxı  hadisələrindən  sonra  kifayət qədər qorxmuş və “imtina edildiyi halda şəhər yerlə yeksan ediləcək” hədəsi ilə düşünməyə cəmi 2 saat vaxt verilmiş Quba sakinləri ultimatumu qəbul edirdilər və düz 8 gün Sovet hakimiyyəti altında yaşadılar. Bu qısamüddətli hadisə dərhal Bakı bolşeviklərinin qəzetlərində əks olunur və göstərilir ki, aprelin 23-də Qubada, şəhər meydanında təntənəli surətdə Sovet hakimiyyəti elan olunmuş və “zəhmətkeşlər bu hadisəni böyük ruh yüksəkliyi ilə qeyd etmişlər”. Gelovani özünü Qubanın qəza komissarı elan edir.

 Yeni hakimiyyəti qəbul etməyən və tanımayan ətraf kəndlərin əhalisi tərəfindən hadisələrə müdaxilə edir və şəhərin yəhudi məhəlləsi tərəfindən  silahlı hücum başlanır. Gelovaniyə Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi və yalnız ermənilərdən ibarət olan 150 nəfərlik hərbi dəstək gəlir. Üç gün davam edən şiddətli döyüşlərdən sonra yerli dəstələr  bolşeviklərin ilk “komandasını” Qubadan qovub çıxarırlar.

Hadisələrin sonrakı gedişi göstərdi ki, qubalılara dinc yaşamaq üçün cəmi iki həftəlik fasilə verilibmiş. 1918-ci ilin may ayının 1-də Hamazaspın komandanlığı altında 3 minlik erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur. Dəhşətli çaxnaşma və təlaş başlanır.

Hamazaspın məqsədi yeni hakimiyyətin qurulması deyil, sırf cəza missiyasını yerinə yetirdiyi qəza sakinlərində heç bir şübhə doğurmurdu. Hamazasp şəxsən özü qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara təxminən aşağıdakı məzmunda nitqlə müraciət etmişdir: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm… Mən buraya qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox, sizdən qisas almağa göndərilmişəm”.

Quba şəhəri və Quba qəzasının kəndlərində törədilmiş zorakılıq halları Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarına əsasən 3 cilddə 451 vərəqdən ibarət sənədlər toplusunda əks etdirilmişdir. Belə ki, 1918-ci ilin aprel-may aylarında Hamazaspın dəstələri tərəfindən Quba qəzasında 167 kənd yandırılmış və talan edilmiş, Quba qəzası üzrə öldürülən insanların sayı 16 min nəfərə yaxın, əhaliyə dəyən maddi ziyanın miqdarı isə 121.824.819 rubldan artıq təşkil  etmişdir.Hamazasp dəstəsi tərəfindən hadisələrin 9-cu günü qəzanın mərkəzi Quba şəhərindən Xaçmaz dəmiryolu vağzalına 35 arabada talan edilmiş xalça və silahlar daşınmışdır. Bolşevik və daşnak Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin əsasən ermənilərdən ibarət və daşnak Hamazaspın komandanlığı altında olan  quldur  dəstələrinin Qubada törətdikləri vəhşiliklər vətəndaş müharibəsi və ya Sovet hakimiyyətinin qurulması deyil, bütöv bir xalqın kütləvi şəkildə məhv edilməsi- soyqırımı hadisəsi idi.

Hadisələri xronoloji ardıcıllıqla izləyən tarix elmləri doktoru Əlisultan QuliyevGelovaninin Qubadan çıxarılması ilə bağlı dediklərindən, şahidlərdən; Ağaxanov Harun Şahbala oğlu, Şahverdiyev Hacı Ağa İbrahim oğlu, Hacı İsmayıl Orucov və başqalarının izahatlarından, həmçinin Quba şəhər rəisi Ə.Əlibəyov və D.Gelovaninin verdikləri məlumatlardan görünür ki, 1918-ci ilin aprelin əvvəllərində on gün ərzində Qubaya təpədən dırnağa kimi silahlanmış 800 nəfərdən çox əsgər gəlib. Təbii ki, bu qədər böyük bir qüvvəni Qubadan qovmaq asan məsələ deyildi. Əliyalın və yaxud “dayan doldurum”la silahlanmış mülki əhali bunu bacarmazdı. Bundan ötrüsilaha və təcrübəyə malik olanQubaqəzasının  Milli Müqavivət  hərəkatının fəal üzvləri o, cümlədən  Möhübəli Əfəndi Kuzunvi və Hatəm ağa Cağarvinin qaçaqları idi.

İlk dövrlərdə Möhübəli Əfəndinin 500, Hatəm ağanın 300-dən çox qaçağı var idi. 1920-ci illərin əvvəllərində isə bu qaçaq dəstələrinin  sayı ümumilikdə 3 minə çatırdı. Möhübəli Əfəndi və Hatəm ağa  ömürlərinin sonuna kimi bolşevik hakimiyyətinin əleyhinə mübarizə aparmış, əqidələrinə sadiq qalmışlar. Maraqlıdır ki, 1917-ci ilin fevral burjua inqilabından dərhal sonra Əlibəy Zizikskinin təşəbbüsü ilə Quba qəza komissarlığı yaradılmışdı. Yerli mülkədarların və varlıların mənafeyini təmsil edən bu komissarlığa Qazı Əhməd bəy Məmmədbəyov, Əhməd əfəndi (Triniç), Bəybala bəy Alpanski, İbrahim bəy Şıxlarski, Hacıbala Məmmədyarov (Ə.Zizikskinin ögey qardaşı, tacir), Əlipənah bəy Şəfibəyov (Qubada Müsavat Partiyası qəza komitəsi sədrinin müavini işləmişdi, iri mülkədar) və başqa tanınmış adamlar daxil idi. Həmin komissarlıq da bolşevizmin əleyhinə idi.

Möhübəli əfəndinin və Hatəm ağanın dəstələri Aladaş düzündə Qızıl Ordu hissələrinin qarşısını kəsərək, onları Dağıstandan Azərbaycana keçməyə qoymurdu. Sonralar Lenin bu məsələnin yoluna qoyulması üçün Nəriman Nərimanova müraciət etmiş və N.Nərimanov onu mühafizə edən 27 əsgərlə Qusarin Hil kəndinə gələrək, yuxarıda adını qeyd etdiyim Hacıbaba Babayevin atasının evinə düşmüş, beş gün burada qalaraq, qaçaqlarla danışıqlar aparmışdı.

            Rusiyada hərbi təhsil alan, polkovnik rütbəsinə kimi yüksələn Hatəm ağa Çağarvi    1918-ci ildə Möhübəli Kuzunvi və  Əli bəy Zizikskinin  dəstələri ilə birlikdə  Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin bərpa edilməsi uğrunda qırmızı qvardiyaçılara qarşı, həmçinin Bakı quberniyasının qəzalarında yerli əhaliyə müsibətlər yaşadan erməni daşnaklarına qarşı vuruşmuşlar. Onlar 1918-ci ilin may ayında Quba rayonunun Digah kəndində yerləşən “Qanlı dərə”də Hamazaspın silahlı erməni qoşunları ilə qızğın döyüşlər apamış və həmin erməni dəstələrini darmadağın etmişlər.

Möhübəli əfəndinin  ruslara, və yaxud müsəlman olmayan başqa xalqlara qarşı da düşmənçilik hissləri yox idi. Möhübəli əfəndinin bolşeviklərə qarşı  mövqeyini onun vaxtilə Türkiyədə təhsil alması və ruslara dinimizə yad adamlar, gavurlar kimi baxması ilə izah edirdilər. O, deyirdi: “Qurtuluşumuz nə bolşeviklərdə, nə də onların silahlı dəstələrindədir. Bizə varlını əzib kasıb üçün dövlət yaratmaq deyil, varlının dövlətindən faydalanib kasıbın güzəranını yaxşılaşdırmağı bacaran, xalqın qədrini bilən hökumət lazımdır. Bu hökuməti özümüz yaratmalıyıq, bolşeviki çağırıb ixtiyaratı onlara verməməliyik”. Çoxlu sürülərə, naxıra və ilxıya malik Möhübəli əfəndi özü kənddə məktəb tikdirmiş, bölgədə bir neçə məscidi təmir etdirmiş, kasıblara müntəzəm yardım göstərmişdi.

1920-ci ildə Qubada Sovet hakimiyyəti qurulduqdan sonrabolşeviklər Möhübəli əfəndi və  Hatəm ağanın bölgədə böyük hörmət və nüfuz sahibi olduqlarını bildiklərinə görə onları həbs etməkdən ehtiyat etmişdilər. Əksinə, onların  ikisi ilə də yeni hökumətlə əməkdaşlıq təklif olunmuşdur. Möhübəli əfəndi bundan birmənalı imtina etmiş,  Hatəm ağa isə bir neçə il Quba milis şöbəsinin rəisi işlədi. Lakin yeni hökumətin siyasətini və mahiyyətini anlayandan sonra Sovetlərə qarşı mübarizəsini davam etdirməyi qərara almışdı. 1922-ci ildə vəzifəsindən imtina edərək, Qusar rayonunun Cağar kəndinə qayıtmış, ətrafina 500-dək qaçaq toplamışdı. Bundan qorxuya düşən bolşevik hakimiyyəti Qusar polkunu səfərbər etməklə yanaşı, Bakıdan da bölgəyə yaxşı silahlanmış 300 əsgər və 12 pulemyot göndərdi. Sonrakı günlərdə gəlmiş əlavə kömək də nəzərə alınsa, Hatəm ağa Cağarvi 3 mindən çox qırmızı əsgərlə döyüşlərə başladı. Cağar kəndinin ətrafında baş verən döyüşlərdə ilk günlərdə 70 əsgər və 23 qaçaq həlak oldu.Ay yarım davam edən döyüşlərdə Hatəm ağa Cağarvi də igidliklə həlak olmuşdur. Bundan sonra bolşeviklər hiyləgərcəsinə Möhübəli Əfəndini də qətlə yetirmişlər.

Quba şəhəri və Quba qəzasının kəndlərində törədilmiş zorakılıq halları Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarına əsasən 3 cilddə 451 vərəqdən ibarət sənədlər toplusunda əks etdirilmişdir. Belə ki, 1918-ci ilin aprel-may aylarında Hamazaspın dəstələri tərəfindən Quba qəzasında 167 kənd yandırılmış və talan edilmiş, Quba qəzası üzrə öldürülən insanların sayı 16 min nəfərə yaxın, əhaliyə dəyən maddi ziyanın miqdarı isə 121.824.819 rubldan artıq təşkil etmişdir.

Müəllif:ULUBƏYOV EMİN

 Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin

Elmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin əməkdaşı.                                               

Mob:0775364388

emin.ulubekov@mail.ru

ULUBƏYOV EMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru