
KƏDƏRLƏ DOSTAM
(oxumanız məsləhətdir)
Yağışdan qorxum yox, yalınam, lütəm,
Od vecimə deyil, külə dönmüşəm.
Mümkünmü, təzədən yanam, ütüləm,
Ocağım qaralıb, çoxdan sönmüşəm.
***
Daşdan daşa dəyib qovğalı başım,
Ağlıma gəlməyən, başıma gəlib.
Ən çox kədər olub dostum,sirdaşım,
Dərd ara verəndə, xoşuma gəlib.
***
Tale mən deyəni,çox vaxt deməyib,
Arzumun şumuna zəhər əkilib.
Ürək istəyəni bəxtim yeməyib,
Diləyim doğranıb şişə çəkilib.
***
Ağrını, acını tale ötürməz,
Dərdimin içində sevinc gəzirəm.
Yükləsən bu yükü heç kim götürməz,
Bu ağrıya, mən ki dağam, dözürəm.
***
Kədər dostum oldu, fərəh düşmənim,
Qəribə taleyim, güzarım oldu.
Allahım, nə idi günahım mənim,
Dərd alverim, kədər bazarım oldu?
Müəllif: Mayıl DOSTU
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru