GÜLÜ XANIM TƏLƏBƏ OLDU

GÜLÜ – GÜLÜZƏ MUSTAFAYEVA

GÜLÜ – GÜLÜZƏ MUSTAFAYEVA – (619 bal)  Bakı  Dövlət Universitetinə  (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə) qəbul olunmuşdur. Tələbə adı qazanması münasibəti ilə Gülü xanımı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik. Uğurlarınız bol olsun, Gülü xanım!!!

Qısa arayış:

Gülü – Güzüzə Mustafayeva Zaur qızı 11 dekabr 2004-cü ildə Bakı şəhərində anadan olub. Musiqi təhsili var. Rəssamlıq qabiliyyəti var. Bakı şəhər 20 nömrəli məktəb-liseyin məzunudur (2022).

Gülü xanım “Oxumağa nə var ki…” (2011), “Duyğular” (2014), “Rənglərin dili” (2016)  və  “Zaur Ustac” (2020) kitablarının müəllifidir.

MƏZUN GÜNÜ “AZTV”DƏ ÇIXIŞI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – UŞAQ ƏDƏBİYYATI

ZAUR USTACIN MƏQALƏLƏRİ

ƏLLİ ÜÇÜNCÜ YAZI

UŞAQ ƏDƏBİYYATI
(Məktəbəqədər səviyyədə)
Zaur Ustacın EYUDER AZƏRBAYCAN, ADPU, Türkiyənin Kayseri Universiteti və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 29 avqust 2022-ci il tarixdə keçirilmiş “Məktəbəqədər təhsilə yeni baxış” mövzusunda beynəlxalq onlayn konfransda çıxış məqaləsi.
Salam, dəyərli qonaqlar və konfrans iştirakçıları!
Bu görüşdə müasir uşaq ədəbiyyatının (məktəbəqədər səviyyədə) yaranmasında fəal iştirak edən, öz töhfələrini vermiş yaradıcı şəxs olaraq aşağıdakı dörd əsas istiqamət (sual) ətrafında öz fikirlərimi sizinlə bölüşəcəm:
1. Necə olub?
2. Necə var?
3. Necə olmalıdır?
4. Nəyə əsaslanırıq?
Azərbaycan uşaq ədəbiyyatının ilk nümunəsi kimi böyük mütəfəkkir Nizami Gəncəvinin “Oğlum Məhəmmədə nəsihət” (“Leyli və Məcnun” poemasından) qəbul edilir. Abbasqulu ağa Bakıxanovun “Nəsihətləri” də gənc nəslin təlim-tərbiyəsində mütləq istifadə olunmalı əhəmiyyətli vəsaitdir. Ancaq bugünkü konfrans mövzusunun predmeti məktəbəqədər səviyyə olduğuna görə biz sadəcə bu xatırlatma ilə kifayətlənir və relamenti də nəzərə alaraq birbaşa mətləbə keçirik.
Söhbətimin birinci hissəsinə hamımıza yaxşı tanış olan “Uşaq və buz”, “Gəl, gəl a yaz günləri” (Mirzə Ələkbər Sabir), “Xoruz”, “Keçi” (Abdulla Şaiq) nümunələri ilə başlayaraq, “Necə olub?” sualını cavablandırmağa çalışacam (xahiş edirəm həm indi, həm də gələcəkdə istənilən məsələyə münasibət bildirəndə fikirlərin subyektivliyini qəbul edin – bütün alternativ münasibətlərə hörmətlə yanaşıram):
“UŞAQ VƏ BUZ”, “GƏL, GƏL, A YAZ GÜNLƏRİ”, “XORUZ”, “KEÇİ” nümunələri təqdim olunur.
Əminəm ki, yuxarıda sadaladığım nümunələr hamıya tanışdır. Elə məhz bu səbəbdən onların üzərindən (əsasında) söhbətimizə davam edəcəyik. Demək olar ki, bütün sonrakı problemlər bu nümunələr əsasında çözüləcək. Zamanla bizdən əvvəlki nəsil, biz, bizdən sonra gələn nəsillər fərqinə varmadan bu şeirlərlə dünyanı, ətraf aləmi tanıyıb, dərk edərək böyüyüb, böyüyür və böyüyəcəklər.


İkinci sual söhbətimizin əsasını təşkil etdiyinə görə əsasən hal-hazırda (2011-ci ildən) istər məktəbəqədər təhsil müəssisələrində, istərsə də məktəb və liseylərin məktəbəhazırlıq qruplarında (4 hissəli “Məktəbə hazırlaşırıq” dərslikləri üçün nəzərdə tutulmuş eyni adlı metodik vəsait əsasında – 2019-cu ildən) geniş istifadə olunan müəllifi olduğum “Güllünün şeirləri”, eyni zamanda Təhsil İnstitutunun tərtib etdiyi məktəbəqədər təhsildə böyük qruplar (4-5 yaş) üçün “Müntəxəbat”a da daxil edilmiş şeirlərin yer aldığı “Uşaq boğçası” adlı kitablardan misallar gətirməklə bu barədə ətraflı danışacam.
“Güllünün şeirləri” kitabı barədə: Kitabda əlifbamızda olan bütün hərflərə aid şeirlər və rəqəmlərə aid tapmaca-şeirlər toplanıb. Kitab 2011-ci ilin sentyabr ayından internet üzərindən tam pulsuz və təhlükəsiz şəkildə yayımlanır (istifadədədir). Kitabdakı şeirlərin böyük əksəriyyəti 2019-cu ildən Təhsil Nazirliyi (Təhsil İnsitutu) tərəfindən 4 hissəli “Məktəbə hazırlaşırıq” dərslikləri üçün nəzərdə tutulmuş eyni adlı metodik vəsaitə daxil edilmişdir. 2011-ci ildən bu günə qədər dəfələrlə üzərində yenidən işlənərək (dəyişiklik zamanın tələbidir) nəşr olunmuşdur. Hal-hazırda internetdə mövcud olan (pulsuz) elektron variantı ilə yanaşı ənənəvi kitab formasında nəşr olunmuş variantları da kitab mağazalarında satışda var. Kitabdan nümunələr: “A”, “1”, “5”, “N”, “Ə”, “10”, “L” təqdim olunur.
Təhsil İnstitutunun tərtib etdiyi məktəbəqədər təhsildə böyük qruplar (4-5 yaş) üçün “Müntəxəbat”a da daxil edilmiş şeirlərin yer aldığı “Uşaq boğçası” adlı kitablardan misallar gətirmək istəyirəm. Kitab iki hissədən ibarətdir. Birinci hissədən:
“OTAQ”, “ƏŞYALAR”, “İKİNCİ EVİM” nümunələr təqdim olunur.
Və digər şeirlərlə uşaq ətraf aləmi tanıyır. Yəni tanıdıqlarının adını öyrənir və şeir vasitəsi ilə yaddaşına həkk edir. Sadəcə “tavan”, “döşəmə” və digər bu kimi sözlərin uşağın məktəbəqədər səviyyədə öyrənib, mənimsəyərək istifadə etməsinin əhəmiyyəti böyükdür (qarşıda bu məsələyə bir daha qayıdacam).
İkinci hissədən:
“MƏN BABƏKƏM”, “ŞAH İSMAYIL” nümunələr təqdim olunur.
Olan nümunələrdə isə uşaqlar öz milli kimliklərini, əcdadlarını tanıyırlar. Belə misalları artırmaq, bu mövzuda söhbəti saatlarla davam etdirmək olar. Ancaq söhbət nə qədər uzun olsa da, onu bir yerdə müəyyən nəticə ilə yekunlaşdırmalı oluruq. “Buz”, “keçi”, “xoruz” –dan “tavan”, “döşəmə”, “Şah İsmayıl”-a qədər keçilən yol sonsuzdur və o hər gün yeni aşırımlar, döngələrlə zənginləşir.


Şübhəsiz ki, müsair uşaq ədəbiyyatı təkcə Zaur Ustacdan, onun yazdıqlarından ibarət deyil. Hələ ötən əsrdən günümüzə körpü atan Zahid Xəlili, Qəşəm İsabəylini, Rafiq Yusifoğlunu, orta nəsil nümayəndələrindən Qəşəm Nəcəfzadəni, İbrahim Yusifoğlunu, Rəfiqə Qasımqızını, Mina Rəşidi və gənclərdən Əyyub Türkayı misal göstərmək olar.
Yəqin ki, Rafiq Yusifoğlunun “Üçrəngli bayraq” şeiri hamınıza tanışdır (nümunə təqdim olunur).
Bu üç bəndlik şeir bizim balaca dostumuza öz bayrağını sevdirir, tanıdır.
Gənc uşaq yazarlarından məqsədyönlü şəkildə çalışan, yazıb-yaradan Əyyub Türkaydır. Onun yaratdığı nümunələr canlı təbiət lövhələrindən qaynaqlanır. Təbii və axıcıdır. Balacalar valideynlərinin və tərbiyəçi-müəllimlərinin köməkliyi ilə onlar üçün, onların diliylə yazılmış şeirlərlə ətraf aləmi tanıyır, dünyamızı öyrənirlər.
Ədəbiyyatın (uşaq ədəbiyyatının) keçmişdə, indi və gələcəkdə də məqsədi birdir, öyrənməyi asanlaşdırmaq.
Və bax elə bu “öyrənməyi asanlaşdırmaq” tezisi bizim bugünkü söhbətimizin üçüncü sualına keçid verir. Bu suala cavab verərkən hələ çox əvvəl (2016) yazdığım və hal-hazırda da internet üzərindən və ənənəvi formada kitabxanalardan (Zaur Ustac “Qələmdar”, Bakı, 2020.) əlçatan olan “Mütaliə niyə vacibdir? (Beşinci yazı) adlı məqaləmdən bir parçanı təqdim etmək istəyirəm (qeyd olunan məqalədən-internetdə var- əsas məqamlar dinləyicilərə təqdim edilir).
Təlim, təhsil mədəniyyətə gedən yol, ədəbiyyat və incəsənət isə bu uzun yolda yol yoldaşı, vasitədir. Uşaq ədəbiyyatı dedikdə isə ən həssas məqam, ən incə məsələ anlayışı kimi qəbul edilməlidir. Mənim və yuxarıda adlarını sadaladığım şairlərimizin zaman-zaman misra-misra, bənd-bənd qələmə aldığı şeirlər toplanır, zamanın süzgəcindən keçir və nəhayətdə ədəbiyyata (uşaq ədəbiyyatına) çevrilir.
İstər mənim “Gülünün şeirləri”, “Güllünün şeirləri”, “Gülüzənin şeirləri”, “Uşaq boğşası”, “A1” və gələcəkdə olacaq uşaq şeirləri kitablarındakı şeirlər, istərsə də digər müəlliflərin yaratdıqları əsərlər bir məqsədə xidmət edir. Bu məqsəd isə konkret olaraq məktəbəqədər təhsildə və ibtidai təhsilin məktəbəhazırlıq qruplarında ətraf aləmlə tanışlıq, milli dəyərlər, ana dili və hesab haqqında biliklərin ötürülməsindən ibarətdir. XXI əsr insanına qoyulan tələbləri nəzərə alsaq xarici dil, kompüter biliklərini də şeir və hekayələrlə uşaqlara ilkin formada aşılamaq lazımdır. Vurğulamaq istəyirəm ki, müasir uşaq ədəbiyyatı nümunələri ətraf aləmlə tanışlıq, milli dəyərlər, ana dili və hesab haqqında ilkin anlayışlar kimi bilikləri mütləq özündə ehtiva etməlidir.
Azərbaycan dünyanın ayrılmaz, inkişaf etməkdə olan bir hissəsi kimi dünyada, dünya təhsilində, təlim-tərbiyəsində gedən problemlərdən kənarda qala bilməz. Müasir dünyada insanın yiyələnməli olduğu kompetensiyalara nəzər salaq:
1. Ana dilində ünsiyyət,
2. Xarici dillərdə ünsiyyət,
3. Riyazi savad, elm və texnologiya,
4. Kompüterdən istifadə,
5. Öyrənməyi öyrənmək,
6. Sosial vətəndaşlıq,
7. Təşəbbüskarlıq və sahibkarlıq,
8. Mədəni məlumatlılıq və özünü ifadə etmək.
Diqqət etsək görərik ki, birinci, ikinci, üçüncü sualları cavablandırarkən bütün istifadə etdiyimiz nümunələr və verdiyimiz açıqlamalar hamısı məhz bu əsas tələblərin ödənilməsinə, yəni insan yetişdirməyə xidmət edir. Gələcəkdə bütün yaradılacaq nümunələr də bu yöndə inkişaf etdirilməli, zamanla ayaqlaşmalı, zənginləşməlidir.
Sonda kiçik yaşlı uşaqlar üçün maraqlı və əhəmiyyətli olan nümunələrdən bir neçəsini misal göstərmək istəyirəm (tövsiyə xarakterli):
Rafiq Yusifoğlundan; “Nağıl qapısı”, “Yaddaş kitabı” (1-2), “Vətən ətri”, “Şuşa yolu”,
Qəşəm Nəcəfzadənin; “Yatmış dəniz şəkli”, “Çiçəkli xalça”, “Şuşa qalxıb ayağa”,
İbrahim Yusifoğlunun; “Futbolçu, topçu, gobçu”, “Arpaçayın uşaqları”, “Azərbaycan Vətənimdi”, “Vətən nəğməsi”, “Qıymayın uşaqlara”,
Mina Rəşidin; “Böyüklər bizə baxsın”, “Balaca günəş”, “Meyvələrin şöhrəti”, “Jalənin əlləri” (Türkiyədə nəşr olunub),
Əyyub Türkayın “Balacaların şeir çələngi”,
Zaur Ustacın (mənim) “Güllünün şeirləri”, “Uşaq boğçası”, “Gülüzənin şeirləri”, “Gülünün şeirləri”, “A1”.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun «Məktəbəqədər təhsilin inkişafı» şöbəsinin müdiri Laləzar Cəfərova (konfrans iştirakçısıdır) rəhbərliyi ilə ərsəyə gəlmiş və internetdə ümumi istifadədə olan metodiki vəsaitlər, müntəxəbatlar.
Ümumiyyətlə, “Google” və digər anoloji axtarış sistemlərində “uşaq şeirləri”, “hərflərə aid şeirlər”, “rəqəmlərə aid şeirlər” və s. oxşar açar sözlərdən istifadə etməklə internetdən səmərəli şəkildə yararlanmaq olar.
Təşkilatçılara və iştirakçılara təşəkkürümü bildirirəm. Uşaq ədəbiyyatı (məktəbəqədər təhsil səviyyəsində) mövzusu adı altında bir çox zəruri məsələlərə toxunduq. Bunun ümumi işə faydası olacağı qənaətindəyəm. Sağ olun.

11-29.08.2022. Bakı ş.

Müəllif: Zaur Ustac

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


LEYLİ NOVRUZOVA – YENİ ŞEİRLƏR

LEYLİ NOVRUZOVA – YAZAR.

BÜTÖVLƏŞƏN VƏTƏN ÜÇÜN AYRILDIQ
Otuz il həsrətlə dözdük, gözlədik,
Hər ilin anında zəfər, gözlədik.
Bildik ayrılıq var, amma, dönmədik,
Bir cahanda qocalmadan, ayrıldıq.
Bütövləşən Vətən üçün, ayrıldıq…
* * *
Başını dik saxla, şəhid yoldaşı,
Cəsur Coşqun üçün tökmə, göz yaşı.
Ümüdü, İncimi sən qoru, yaxşı ,
Qoşalaşıb böyütmədən, ayrıldıq.
Bütövləşən Vətən üçün, ayrıldıq…
* * *
Mələk üzlü, gül bənizli, İncimi,
Ümüdünü böyüt qoxla, bircəmi.
Unutdurma bircə ata kəlməni,
Ana torpaq sevgisiylə, ayrıldıq,
Azadlığa sevinc qatıb, ayrıldıq…
* * *
Vətənə əmanət mən sizi,qoydum,
İndi azad olub o, ana yurdum.
Coşqun şəhid oldu var olsun, ordum ,
Azad Zəngilanım, Ağdam, Xocalım.
Azadlıq şərbətin içdim, ayrıldıq…
* * *
Bilirsən nə qədər sevirdim səni,
Canımdan can verdim iki, körpəmi.
Qoru əmanətdir unutma, məni,
Böyük dərgahına bağışla, məni.
Bütövləşən Vətən üçün, ayrıldıq…

UCALDI ZİRVƏYƏ PƏRVİN BALAMIZ
Əli qələm tutdu ali dərs, aldı,
İlləri ötdükcə savadı artdı.
Vətən sevdasıyla qol-qanad açdı,
Pərvin körpə ikən zirvəyə qalxdı.
Medallar qazandı Ali yer, aldı…
* * *
Ucaldı zirvəyə müqəddəs adlar,
Vətənin yolunda canlar qoydular.
Vətənin adıyla şəhiddir, onlar,
Yeni ad qazanıb dastan, oldular.
Vətənə silinməz bir iz, qoydular.,..
* * *
Bir can ilə min can aldı, yağışdan,
İti qovan kimi qovdu torpaqdan.
Vətənin yolunda düşmədi, ruhdan,
Alqış sədaları gəldi hər yandan.
Ucaldı ən ali zirvəyə, Pərvin….
* * *
Düşmən qorxub qaçdı ordu ,gücündən,
Ordumuz güc aldı, vətən eşqindən.
Qovdular yağını bizim, ellərdən,
Aldılar qisası yağı düşməndən.
Azadlıq müjdəsi aldıq, Pərvin dən…

VƏTƏN OĞLU VAR QƏHRƏMAN POLADI
Səmalardan qara tüstü yox, oldu,
Düşmənlərin gözlərinə ox oldu.
Bir Poladdı neçə mini doğuldu,
O bir idi indi yeni, doğuldu.
Vətən oğlu var qəhrəman, Poladın…
* * *
Vətənindir hər daş, hər dağ, hər qaya,
Polad kimi səs salıbdır, dünyaya.
Müqəddəs ad qazandı bir, daha,
Bir inamdır, min ünvanda, min adda.
Vətən oğlu var qəhrəman, Poladın…
* * *
Azərbaycan deyib gəldi haqq, səsi,
Heyran etdi hünəriylə hər, kəsi.
Onun hürriyyəti haqq quran, səsi,
Ata ocağında vətən, sevgisi,
Vətən oğlu var qəhrəman, Poladın….
* * *
Hünəriylə xidmət etdi xalqına,
Xələl gətirməsi heç vaxt, adına.
Hər an sadiq qaldı odlar, yurduna,
Millət səcdə edir vətən, oğluna,
Vətən adlı var qəhrəman, Poladın…

ŞƏHADƏT ŞƏRBƏTİN İÇDİ CAVADIN
Elimdən yox oldu qaranlıq, zülmət,
Bitdi sona yetdi bu acı, həsrət.
Sevinsin şad olsun bu gündən, millət,
Otuz il çox çəkdi əzab, əziyyət.
Azadlıq şərbətin içdim, nəhayət…
* * *
Bir daha yüksəldi enməz, bayrağım!
Azaddır Xankəndim, Şuşam, Ağdamım.
Üç rəngli bayrağa hopubdur, qanım ,
Vətənə fəsadlar ana bu, canım.
Cavadam vətənə halaldır, qanım…
* * *
Bir daha axmasın igidin, qanı,
Alındı şəhidin düşməndən, qanı.
Tanıdı bütün dünyaya, Azərbaycanı,
Şəhidlər vəsf etdi bütün, cahanı.
Unudulmaz heç vaxt ana, Cavadın…
* * *
Vətənə əmanət anamı, qoydum,
İndi azad oldu ana, torpaqım.
Uca zirvələrdə üç rəng, bayrağım,
Azad Zəngilanım, Ağdam, Xocalım.
Unudulmaz heç vaxt, qəhrəmanlarım….
* * *
Şəhadət şərbətin içdim, ağlama,
Vətən azad olub yasım, saxlama.
Bu gündən anacan, qara bağlama!
Sevinc göz yaşıyla toylarda, oyna.
Şəhadət şərbətin içdi, Cavadın….

AÇILIB SƏRXANA CƏNNƏT QAPISI
Sil gözün yaşını adına, qurban,
İlham qazi oldu haqqına, qurban.
Vətənə can verdi mərd oğlun Sərxan,
Səninlə fəxr etdi bütün bu, cahan.
Adın müqəddəsdir adına, qurban…
* * *
İlham balan bizə qəhrəman, gəldi,
Ulu torpaqlardan düşməni, sildi.
Döndü qəhrəmanlıq, səlnamsinə,
Sərxan şəhid oldu vətən, naminə.
Adın müqəddəsdir adına qurban…
* * *
Deyirdi Lalənin qisası qalıb,
Lalə tək necə min şəhidin, qanı.
Ulu babaların torpaq haqqını,
Neçə min şəhidin qanı, alınıb.
Adın müqəddəsdir adına qurban….
* * *
Vətən torpağına göz dikən, yağı,
Qovuldu torpaqdan alındı, haqqı.
Qalmadı düşməndə şəhidin qanı,
Xalq azad etdi, Qarabağını.
Tanıdı bu dünya, Azərbaycanı…
* * *
Xalqıma əmanət şəhid, anası,
Adına qurbanam əsgər, anası.
Ağlama, ağlama şəhid anası!
Açılıb Sərxana cənnət, qapısı.
Xalqıma əmanət şəhid, anası.
Bizlərə əmanət İlham qardaşı!…

ƏSGƏR ANASI
Fikir səni yaman üzür.
Ürək daşdır, yenə dözür…
Qələm təkcə səndən yazır,
Möhkəm dur, əsgər anası!
* * *
Yurdu qoruyan balan var ,
İkinizə Allahdı yar…
Adın xoşbəxt ana olar,
Möhkəm dur əsgər anası!
* * *
Sağ qayıdar qəmin keçər,
Gözün gülər işıq saçar…
Xoşbəxtliyə yollar açar,
Möhkəm dur əsgər anası!

QAZİMİZİ OYANDIR!
(128 gün komada olan qazimiz Tacəddinə ithaf edirəm)
Allah qoru, bəd xəbərdən amandır,
Zülmət çəkən, qazimizə şam yandır.
İnancımız, imanımız “Quran”dır,
Yatıb, yuxusundan, qəflət oyandır..!
* * *
Düzüm-düzüm həftəsi var, ayı var,
Yatan gündən, desək üç ayı aşar.
Vətənimin zəfərində, payı var,
Allah, qoru qazimizi amandır!
* * *
Alan alır, verən verir, fərmanı,
Allah! səndədir bəlanın dərmanı.
Allah qoru, qazi olan balanı,
Sən sevindir, gözü yaşlı ananı…
* * *
Tacəddinin, özün qoru amandır,
Zülmət çəkən, yuxusuna şam yandır.
Dinimiz, imanımız da “Quran”dır!
Yalvarıram, qazimizi oyandır!
* * *
Dövran başqa, zaman başqa, zamandı,
Xilas oldu, vətən darda qalmadı.
Zaman bizi, bu yolda da sınadı,
Çox İgidlər, şəhidliyə ucaldı…
* * *
Möcüzələr, şölələnir əlində,
Hikmətlər var, saatında, anında.
Möcüzənə möhtacdır, bir yatanda,
Yatmış olan, qazimizi oyandır…
* * *
Hünərlidir, arzuludur, ürəkdir,
Belə, cəsur igid elə gərəkdir.
Vətənimə belə oğul dirəkdir,
Allah, qoru qazimizi, oyandır…
Müəllif: Leyli NOVRUZOVA
LEYLİ NOVRUZOVANIN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hikmət Əlizadənın doğum günü

HİKMƏT ƏLİZADƏ – “ŞÖHRƏT” ORDENLİ PROFESSOR

Sentyabr ayının ilk gününün sevinci

           Görünür həyatın, öz sirlərini insana açmadığı fəlsəfəsi var. O sentyabr ayının birində anadan olmuşdu. Yaxın keçmişə qədər  həmin gün bilik günü adlanırdı, həmin gün hamı məktəbə gedirdi. 1963-cü ildə o da hamı kimi  sentyabr ayının birində məktəbə getdi. 1973-cü ildə ali məktəbdə – Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) tələbə kimi ilk mühazirə məşğələsində iştirakı da sentyabr ayının 1-nə təsadüf etdi. Gecəsini gündüzünə qatıb, müəllim peşəsinə yiyələndi və 1978-ci ilin yenə sentyabr ayının 1-də əlinə jurnal alıb sinif otağına daxil oldu, şagirdlərə dərs deməyə başladı. 1994-cü ilin sentyabr ayının 1-də ali məktəb auditoriyasına girib, mühazirə deməyə, seminar məşğələləri aparmağa başladı. Bu sentyabr ayının birinci gününün Hikmət Əbdül oğlu Əlizadənin həyat yoluna gətirdiyi sevinclərdir.

Tanışlığımın tarixi

        Mənim Hikmət müəllimlə tanışlığımın önəmli tarixi var. Ondan xeyli əvvəl atası – görkəmli Azərbaycan psixoloqu, psixologiya  elmləri doktoru, professor Əbdül Əlizadə ilə tanış olmuşam. Hələ tələbəlik illərimdən, sonradan mən təyinatla Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi, sonralar Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışarkən professor  Əbdül Əlizadənin professor Əkbər Bayramovla yazdığı “Psixologiya” dərsliyini, psixologiyanın müxtəlif məsələlərinə, o cümlədən yeniyetmələrin cinsi tərbiyəsi probleminə aid sanballı əsərlərini oxuyur, Əbdül müəllimin pedaqoji və elmi fəaliyyəti barədə ürəkaçan sözlər eşidirdim. Təhsilin müxtəlif problemlərinə həsr olunmuş tədbirlərdə, konfranslarda görüşür, bir-birimizdən hal-əhval tuturduq.

       İş elə gətirdi ki, professor Əbdül Əlizadə ilə birlikdə “Ailə” dərsliyi (IX sinif üçün), “Ailə həyatının etika və psixologiyası” (müəllim üçün vəsait), “Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat” (şagirdlər üçün) dərs vəsaitləri, bir neçə kitab və kitabça, tədris proqramı, 15 məqalə yazdıq.

        Belə günlərin birində professor oğlunu – Hikməti mənə təqdim etdi. Biz tanış olduq. Əbdül Əlizadə oğlu Hikmətlə əllərimizi birləşdirib: “Siz bir-birinizdən muğayat olun. Hər ikiniz pedaqogika üzrə mütəxəssisiniz. Bir yerdə dərslik, məqalələr yazın” – dedi.

         40 ildən çoxdur ki, Hikmət Əlizadə ilə yaxın dost, yoldaşıq, bir-birimizə etibar edirik. Birlikdə “Pedaqogika” dərsliyi yazmışıq. Bir-birimizə “əmioğlu” deyirik. Hikmət müəllim namizədlik dissertasiyasını məndən əvvəl yazıb müdafiə etmişdi. Doktorluq dissertasiyasını isə, mən ondan əvvəl müdafiə etdim (1995), hətta “əmioğlu”mun müdafiəsi zamanı rəy yazıb, onun rəsmi opponenti kimi çıxış etdim.

Tələbəlik illəri

       Ümumtəhsil  məktəbində  oxuyarkən (1963-1973) yaşıdları kimi onun da ən böyük arzularından biri ali məktəb tələbəsi olmaq idi. Dərslərinə ciddi hazırlaşar, özündə məsuliyyət hiss edirdi. Düşünərdi: “İnstituta, universitetə daxil olmasam, utanaram, ailə üzvlərimin, müəllimlərimin ümidlərini doğrultmaram”. Bu arzu, bu diləklə orta məktəbin son siniflərindən qəbul imtahanlarına səylə hazırlaşmağa başladı.

        Zəhməti hədərə getmədi, özü də sevindı, ailəsini də, təhsil aldığı məktəbin pedaqoji kollektivini  də sevindirdi. O vaxtkı V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (hazırda ADPU) qəbul olundu.

       Haşiyə: Yadıma düşür, həmin illərdə böyük şairimiz Cabir Novruz “Tələbəlik illəri” adlı bir şeir yazmışdı. Bəstəkar Telman Hacıyev həmin şeirə mahnı bəstələdi, müğənni Elmira Rəhimova da mahnıya qol-qanad verdi. Qısa müddət ərzində bu mahnı az qala tələbə himninə çevrildi. Mahnı tələbə gəncləri təhsil almağa, tələbəlik illərindən bəhrələnməyə, gələcəyə səsləyirdi. Həmin mahnının sözlərini bütün tələbələr, səsi olan da-olmayan da, züm-zümə edirdi. Mahnı indi də Hikmət müəllimin qulaqlarında səslənir:

         Çox-çox adi dolanan,

         dünyaya, cahana, insana,

         Gələcəyə inanan,

         tələbə, tələbə, tələbə.

         Mahnı hamını ovsunlamışdı, o dövr tələbələri bu mahnıdan ibrət götürür, daha məsuliyyətlə təhsil almağa səy göstərirdi. Tələbə Hikmət professor oğlu olsa da, tələbəlik dövrünün qayda-qanunlarını gözləyir, elmin sirlərini səylə öyrənirdi. Çox şərəfli bir peşəni seçmişdi. Həmin peşənin layiqli nümayəndəsi olmalıydı.

         Təhsil aldığı illərdə həm də ictimai işlərlə məşğul olurdu. Sinif nümayəndəsi idi. Amma öz ictimai fəaliyyətini təkcə oxuduğu qrupda deyil, həmçinin fakültədə də davam etdirirdi. Tezliklə qrup tələbələri ilə yanaşı fakültə tələbələri arasında da hörmət qazandı, fərqlənən tələbələrdən birinə çevrildi. Fakültə və institut konfranslarında maraqlı məruzələrlə çıxış edirdi. Bunun nəticəsi idi ki, IV kursda təhsil alarkən ona respublika tələbələrinin konfransında plenar iclasda çıxış etmək şansı verildi. O özünəməxsus şövqlə öz məruzəsini təqdim etdi. III kursda təhsil alarkən fakültə komsomol təşkilatının büro üzvü, IV kursda isə sədr müavini seçildi. Beləliklə, təhsil aldığı illərdə o təkcə müəllim kimi formalaşmırdı, onda həm elmi yaradıcılıq və idarəetmə keyfiyyətləri təşəkkül tapırdı

       Ali təhsilini 1978-ci ildə başa vurdu. İnstitutu fərqlənmə diplomu ilə bitirmişdi. Sevincinin hədd-hüdudu yox idi. Amma fərqlənmə diplomu almaq hələ heç nə demək deyildi, qarşısında hamı kimi onu da daha ciddi sınaqlar gözləyirdi. Nüfuzlu bir müəllim kimi özünü doğrultmalı idi. Təyinatla müəllim işləmək üçün 9 saylı internat məktəbinə göndərildi. 

Elmin enişli-yoxuşlu yollarında inamlı addımlar

       Beləliklə, o pedaqoji fəaliyyətə 9 saylı internat məktəbində başladı. Burada iki il çalışdı. İnternatda təhsil alan uşaqların çoxunun valideyni yox idi, ya dünyasını dəyişmişdi, ya da boşanmışdılar. Uşaqlar öz dəcəlliklərinə görə “fərqlənirdilər”. Bu səbəbdən internatda onlara qarşı müəllimlərin kobud münasibəti formalaşmışdı. Hikmət bir müəllim kimi bu münasibətdən razı deyildi. O, müxtəlif demoqrafik problemlərə malik olan bu uşaqlarla işləməyin pedaqoji yollarını axtarırdı. Dərs dediyi müddətdə empirik təcrübəsində bəzi yollar tapdı, tətbiq etdi. Amma bu təcrübə onu qane etmirdi. Bu məqsədlə 1980-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda pedaqogika üzrə aspiranturaya qəbul olundu və “IV-VIII sinif şagirdlərinin təlimə məsuliyyətli münasibətinin formalaşmasına demoqrafik amillərin təsirlərinin neytrallaşdırması” mövzusu üzərində  tədqiqat aparmağa başladı.

         Qeyd etmək lazımdır ki, mövzu aktuallığı ilə seçilirdi və ölkədə ilk dəfə idi ki, bu problem tədqiqata cəlb olunurdu. Problemin bu və ya digər məsələsi heç namizədlik səviyyəsində də araşdırılmamışdı. Mövzunun mürəkkəbliyini və problem istiqamətində SSRİ məkanında tədqiqat aparılmadığını nəzərə alaraq, kafedra müdiri, professor Aban Kərimovla yanaşı, 70-ci illərdə SSRİ-də ilk olaraq tərbiyənin sosioloji problemlərini tədqiq edən məşhur sovet alimi professor  Renata Qriqoryevna Qurova ona elmi rəhbər təyin edildi. Dissertasiya işinin nəzəri hissəsini və metodikasını Moskvada hazırlayan Hikmət Əlizadə Bakı və Sumqayıt məktəblərində pedaqoji eksperimentlər həyata keçirdi.  Tədqiqatda maraqlı nəticələr əldə etdi. Respublika mətbuatında tədqiqatları ilə bağlı məqalə və tezislərdən bu aydın görünürdü. Amma o təkcə Azərbaycanda deyil, SSRİ-nin müxtəlif respublika və şəhərlərində keçirilən konfranslarda məruzələri ilə çıxış edirdi. 1985-ci ildə Tbilisi şəhərində N. Qoqebaşvili adına Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək, pedaqoji elmlər namizədi (indiki qaydalara əsasən – pedaqogika üzrə fəlsəfə doktoru) elmi dərəcəsi aldı.

        Aspiranturanı bitirdikdən sonra o 1984-cü ildə Bakı Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasında çalışmağa başladı. Kafedranın müəllimi, dosenti, professoru oldu. Onun dediyi mühazirə və seminar məşğələləri özünəməxsusluğu ilə fərqlənirdi.

        Namizədlik dissertasiyasının müdafiəsindən sonra o Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (hazırda Təhsil İnstitutu) elmlər doktoru proqramı üzrə doktorant oldu. “Tərbiyənin demoqrafiq problemləri” mövzusunda tədqiqatlarını davam etdirdi. Bunun nəticəsi kimi,1996-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda “Tərbiyənin demoqrafiq problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək, pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görüldü. Dərslərində apardığı tədqiqatların materiallarından istifadə etdiyi üçün onunmühazirə və seminar məşğələləri həm nəzəri, həm də tətbiqi xarakter daşıyır.

         2000-ci illərdə onun elmi yaradıcılığında yeni, bənzərsiz səhifələr açıldı. Oğlunun tədqiqatlarının dərinliyindən və nəticələrindən razı qalan professor Əbdül Əlizadə ona birgə tədqiqatlar aparmağı təklif etdi. Bu, Hikmət Əlizadəyə böyük etibar idi. Onlar təxminən 15 il ərzində birlikdə psixopedaqogika istiqamətində maraqlı tədqiqatlar aparmağa başladılar. Bu tədqiqatların nəticəsi kimi, onların birlikdə bir neçə kitabı işıq üzü gördü. Əbdül Əlizadə dünyasını dəyişdikdən sonra da o, bu tədqiqatları davam etdirir. Respublika mətbuatının səhifələrində hər birimiz bu tədqiqatların nəticələri ilə tanış oluruq.

         Bu gün Hikmət Əbdül oğlu Əlizadə çağdaş Azərbaycan pedaqogikasının layiqli və ləyaqətli nümayəndəsidir. Müəllim və alim ailəsində böyüyüb boya-başa çatıb. Psixologiya elminin korifeylərindən olan, psixologiya elmləri doktoru, professor, “Şöhrət” ordenli, Əməkdar elm xadimi Əbdül Əli oğlu Əlizadənin övladıdır. Ailə özünün elmi-pedaqoji fəaliyyəti ilə fərqlənir. Əbdül müəllimin bacısı, Hikmət müəllimin bibisi Məryəm Əli qızı Əlizadə Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professordur.

        Hikmət müəllimin qızı Səbinə də babasının və atasının yolunu davam etdirir, psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Hazırda elmlər doktoru proqramı üzrə doktorantdır.

         Hikmət Əlizadə həm də çox yaxşı ailə başçısıdır. İki övlad atasıdır. 4 nəvəsi var. Övladları ataları, nəvələri babaları ilə fəxr edirlər. Hikmət müəllim də  öz övladlarını, nəvələrini çox sevir, onların sevincini öz sevincləri hesab edir.

        Elmin enişli-yoxuşlu yollarında inamla irəliləyən pedaqogika elmləri doktoru, professor Hikmət Əbdül oğlu Əlizadə öz fəaliyyətini dissertasiya və elmi əsərlər yazmaqla, mühazirələr oxumaqla məhdudlaşdırmır. Elmi rəhbərliyi ilə neçə-neçə fəlsəfə doktoru  yetişdirib, fəlsəfə və elmlər doktoru proqramları ilə dissertasiya müdafiə edən bir çox gəncin rəsmi opponenti olub, dissertasiya şuralarında üzv olub, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının pedaqogika və psixologiya ixtisası üzrə eksperti olub. O, təhsil sahəsində ictimai fəaliyyəti ilə də fərqlənir. Tez-tez məktəblərdə aktual mövzularda mühazirələr oxuyur, seminarlar keçirir.

        Professor Hikmət Əbdül oğlu Əlizadə 200-dən artıq elmi əsərin – monoqrafiyanın, kitabın, dərslik və dərs vəsaitinin, tədris proqramının,  metodik tövsiyənin, məqalə və tezisin müəllifidir.

         Əsas əsərləri bunlardır: “Tərbiyənin demoqrafik problemləri” (monoqrafiya), “Sosial pedaqogikanın aktual məsələləri”,  “Pedaqogika” (dərs vəsaiti, prof. A.N. Abbasovla), “Əsrin meqameylləri psixoloji problemləri” (monoqrafiya, III cilddə, prof. Ə.Ə. Əlizadə ilə), “Pedaqoji psixologiya (dərslik, prof. Ə.Ə. Əlizadə ilə),”Pedaqoji psixologiya (dərslik, II cilddə, prof. Ə.Ə. Əlizadə ilə), “Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş” (kitab,prof. Ə.Ə. Əlizadə ilə), “Təhsilin sosial pedaqoji məsələləri (dərs vəsaiti, Q. Abbasova, R. Mahmudova ilə), Tələbələrdə “qalıq biliklərin” formalaşmasının metodologiyasına dair (kitab, A. Kazımzadə, Q. Abbasova, R. Mahmudova, R. Məmmədova ilə), “Sosial pedaqogika” (dərslik, R. Mahmudova ilə), Psixopedaqogika (Ə.Ə. Əlizadə və S.H. Əlizadə ilə) və s

Təltifləri

       Professor Hikmət Əbdül oğlu Əlizadə 2006-cı ildən son günlərədək (2022) Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanı vəzifəsində işləyib. Hazırda universitetin Pedaqogika kafedrasının professorudur.   

          Nümunəvi idarəetmə mədəniyyətinə yiyələndiyinə, təcrübəli, səriştəli ali məktəb müəllimi olduğuna görə, istər universitetin rəhbərliyi, istərsə də dövlətimiz tərəfindən Hikmət Əbdül oğlu Əlizadənin əməyi yüksək qiymətləndirilmişdir. O, “Tərəqqi” medalına, “BDU-nun 100 illiyi” medalına, “Şöhrət” ordeninə layiq görülmüşdür.

Arzumuz

        2022-ci ilin sentyabr ayı. Sentyabrın 1-i pedaqogika elmləri doktoru, professor Hikmət Əlizadənin sevincli günü. Onun üçün özəl olan bu əlamətdar günü ailə bir yerə yığışıb qeyd etdilər. Sonra da dost-tanış onu təbrik etdi.

       Bu ilin sentyabrın 1-i. Hikmət Əlizadənın doğum günü.  

        Belə xoş günlərdə professor Hikmət Əlizadənin sevincinə qoşulub deyirik:

        “Ad günün mübarək, əziz dost!”

Hörmətlə:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MURAD MƏMMƏDOV – YENİ ŞEİRLƏR

MURAD MƏMMƏDOV – ŞAİR.

YANDIRIR
Cəfasını çəkmirsən,
Yar adamı yandırır.
Yağış qoymur, əkmirsən,
Var adamı yandırır.
* * *
Hərdən şimşək tək çaxan,
Yurd dağıdan, ev yıxan,
Baxıram, yoxa çıxan,
Ar adamı yandırır.
* * *
Min bəlanı addayan,
Neçə dizi qatdayan,
Dərd azardan çatdayan,
Gor adamı yandırır.
* * *
Toz-torpağa bələnən,
Hey seçilən, ələnən,
Qapı-qapı dilənən,
Kor adamı yandırır.
* * *
Od, ocaqdan yan dursan,
Yanmamış kimi varsan,
Çaşıb külə əl vursan,
Qor adamı yandırır.
* * *
Ney ağlayır, inləyir,
Kaman ruha dil deyir,
Saz səsi cingildəyir,
Tar adamı yandırır.
* * *
Zəmanə tələ qurur,
Səni bezdirir, yorur,
Qəfildən dolu vurur,
Bar adamı yandırır.
* * *
Dərd içində iş getmir,
Həvəs ölür, baş ötmür,
Dərdə bax, heç üşütmür,
Qar adamı yandırır.

BİR ÖMÜR YAŞADIM
Bir ömür yaşadım bildiyim kimi,
Səssizcə gedəcəm gəldiyim kimi,
Neçə günahları sildiyin kimi,
İlahi, rəhm elə keç günahımdan.
* * *
Bilmədim kiminsə haqqına girdim,
Bəzən gec anladım, səhvimi gördüm,
Oldu ki nahaqdan yüz günah dərdim,
İlahi, rəhm elə keç günahımdan.
* * *
Mən elə yaşdayam məramım bəlli,
Üzümdə yalvarış, gözdə təsəlli,
Nə desən razıyam indi beş əlli,
İlahi, rəhm elə keç günahımdan.
* * *
Sənin rəhiminlə dünyaya gəldim,
Oxudum özümü ağıllı bildim,
Gah yersiz ağladım, gah yersiz güldüm,
İlahi, rəhm elə keç günahımdan.
* * *
Mən yaxşı bilirəm səbrin böyükdü,
Mənim günahlarım çiynimdə yükdü,
Üç övlad böyütdüm, üç ağac əkdim,
İlahi, rəhm elə keç günahımdan.
* * *
Ömür sınağıymış, gec başa düşdüm,
Bütöv qınağıymış gec başa düşdüm,
Gələn qonağıymış, gec başa düşdüm,
İlahi, rəhm elə keç günahımdan.

ETİRAF
Ağlımın ucundan keçmir inan ki,
Nə məşhur yazıçı, nə şair olum.
Beynimdə yüz fikir dolanır, sanki,
Bağlanır qollarım, kəsilir yolum.
* * *
Elə bir yaşdayam hamıya bəlli,
Məqsədim, məramım məndən vaxt alar.
Söz ilə oynamaq acı təsəlli,
Qırxında öyrənən gorunda çalar.
* * *
Deyibsə atalar günahkar mənəm.
Neynəyim söz məni rahat buraxmır.
Gah rahat oluram, gah dolur sinəm,
Ha daşır, kükrəyir sularım axmır.
* * *
Söz elə bir möcüzə, elə bir yara
Düşdüsə sinənə çağlayır, dolur.
Heç özüm bilmirəm aparır hara
Gah mənsiz dolaşır, gah mənnən olur.
* * *
Baxıram bu ömrə, bu günə yadam
Söz məni dünyadan özümdən alır.
Ona sevinirəm, bir ona şadam
Yazdığım nə varsa nişanə qalır.

DOĞRUYA DOĞMAYAM
Doğruya doğmayam, yalana yadam,
Dilbilməz naşını qarsıyan odam,
Ay haqqı-salamı tapdayan adam,
Bu dünya fırlanır, anlamadınmı?!
* * *
Böyüdün, boy atdın bizi saymadın,
Yığdın, yığışdırdın vardan doymadın,
Böyüyə, kiçiyə hörmət qoymadın,
Bu dünya fırlanır, anlamadınmı?!
* * *
Günlər yel tək ötər, aylar dəyişər,
Ömür buxarlanar, qaynayar, bişər,
Nə vaxtsa sənin də kəmərin düşər,
Bu dünya fırlanır, anlamadınmı?!
* * *
Nə olsun qismətin, əlin gətirir,
Qursağın böyüyür, mədən götürür,
Ömrü kin, küdurət, tamah bitirir,
Bu dünya fırlanır, anlamadınmı?!
* * *
Gənclik uçar gedər, cavanlıq ötər,
Qamətin əyilər, gözəllik itər,
Qismət daşa dəyər, qırılar, bitər,
Bu dünya fırlanır, anlamadınmı?!
* * *
Tanrıya şükr elə, qəflətdən oyan,
Kimdi bu dünyada həyatdan doyan?
Adam ol! Az danış yalandan, dayan!
Bu dünya fırlanır, anlamadınmı?!

QƏLBİ TƏMİZ
(Ceyhun Haşımova)
Qəlbi təmiz, ədalətli,
Saf ürəkli gözəl hakim.
Sənətində bir zirvəsən,
Sən ürəkdə olmaz heç kim.
* * *
Neçə könül sevindirdin?
Neçə ürək şad elədin?
Qulaq asdın, gah dindirdin!
İçində fəyad elədin!
* * *
Əl tutmağın savabını
Bu dünyada hamı bilir.
O dünyada cavabını
Bəndə verir, Tanrı silir.
* * *
Qazandığın sevinc olur
Əziyyətin bada getmir.
Bu savabdan gözlər dolur
Ömür bitir, arzu bitmir.
* * *
Arzuların qoy çin olsun!
Əməllərin gül açdıqca.
Bir manatın qoy min olsun!
Möhtac kəslər dil açdıqca.
* * *
Ay qəlbləri gəzən oğlan
Ruhunu Tanrı dindirsin!
Kasıblığı əzən oğlan
Allah səni sevindirsin!

ÖMRÜM
Günlər uçur, aylar gedir,
İllər ömrə sığal çəkir.
İçimizi ağrı didir,
Qəlbimizdə yüz dərd əkir.
* * *
Günlər, aylar qayıtsa da,
Heyif illər geri dönmür.
Səhvlər bizi ayıltsa da,
Xatirələr bəri dönmür.
* * *
Keçən illər ömrümüzə
Qətrə-qətrə yaş çiləyir.
İllər geri dönmür, bizə
Gələn illər daş çiləyir.
* * *
Ömür ötür sətir-sətir
Fikir kimi, kəlmə kimi.
Yaş artdıqca sanki bitir
Gödək ömür ilmə kimi.
* * *
Günlər ötür, bayram gəlir
Biz bu günə şad oluruq.
Yaxşı günü sevinc bilir
Yaman günə yad oluruq.
* * *
Hansı ki bu günlərimiz
Ömrümüzün bir parçası.
Yelə verdik günləri biz,
Bu dərdi kimə açası?!
* * *
Aylar, illər tez ötsə də,
Keçən ömür geri dönmür.
Arzu, kamın lap bitsə də,
Gözün doymur, həvəs sönmür.
* * *
Bu illərin savaşında
Hər gün başa qar ələnir.
Alnımıza qırış gəlir
Çöhrəmizdən nur ələnir.
* * *
Ay illərin arasında
Xatirəyə dönən ömrüm!
Qırılacaq harasında?!
Neçə dərdi yenən ömrüm!

DÜNYA
Dünyaya gələndə anlamadım ki,
Bu dünya kəmfürsət, səbri darıymış.
O qədər çalışdım nəbzini tutam,
Önümdə nə qədər kölgə varıymış?!
* * *
Yüz dərdin içində bir can bəslədim,
Dünyanı xeyirə, haqqa səslədim,
Çətinə düşəndə kömək istədim,
Gözü kor, qulağı tamam karıymış.
* * *
Gün vurdu qaraldım, istidən yandım,
Aza qane oldum, nəfsimi dandım,
Özümü dünyanın halalı sandım,
Qazancım halallıq, namus, arıymış.
* * *
Bu dünya əzəldən sirli bir otaq,
Sonda hamımıza qaranlıq yataq,
Üzümə gün doğdu, bəxtimə bir bax,
İçimdə sırsıra, çovğun, qarıymış.
* * *
Murad geri döndü, xəyala daldı,
O ötən günləri yadına saldı,
Beynimdə o qədər arzu, kam qaldı,
Neyləyim?! Puç olan arzularıymış.

OLMAZ
İnsan vardan ötrü göz yaşı tökməz,
Qismətdən kənarda dövlət, var olmaz.
Ağlını işlətsə, başı dərd çəkməz,
Ailə yanında heç vaxt xar olmaz.
* * *
Dəyər ver, məna ver işə, əməyə,
Əziyyətin itməz, gələr köməyə,
Çəkinmə dərdini dosta deməyə,
Ağzı bütöv olsa, eldə car olmaz.
* * *
Paxıllıq, xəbislik ziyandı cana,
Kişi ol, sadə ol, baxma heç yana,
Vaxtında kömək ol, əl tut insana,
Dost, tanış yanında yerin dar olmaz.
* * *
Çətinə düşəni qəti qınama!
Dayaq ol bacarsan, heç nə unama!
Kasıbı aclıqla, pulla sınama!
Varlıda səxavət, düz ilqar olmaz.
* * *
Tanrıya yaxın ol, Allaha əyil,
Yaramaz işlərə eyləmə meyil,
Zahiri gözəllik əbədi deyil,
Sifəti yanandan sənə yar olmaz.
* * *
Muradın məna var hər an üzündə,
Əbədi gülüş var daim gözündə,
Nifrət toxumları gəzmə sözündə,
Şairlər heç zaman zülümkar olmaz.

BACIM
(Bacımın 55 illiyinə)
Küsmə vəfasız həyatdan,
Ömür sənin taleyindir.
İncimə qohumdan, yaddan,
Xoş üz göstər, yaxşı dindir.
* * *
İncidiyin fani dünya,
Sənə doğru yol göstərdi.
Üç övladı olan kəsin,
Üzü gülər, olmaz dərdi.
* * *
Gileylənmə öz bəxtindən,
Taleyini Tanrı yazdı.
Qismətinə şükr elə sən,
Şükr eləmək inan azdı.
* * *
Ömür gödək olur bacı,
Gülüşünü kəm eləmə!
Bu ömürdə ağrı, acı,
Olmalıdı qəm eləmə.
* * *
Bu rəqəmlər heç nə demir,
Sənə ruhu Allah verdi.
İstəyincə sağlam ömür
Diləyirəm rəqəm sirdi.

DAĞLAR
Nə yaxşı ki, sizi gördüm,
Bir dəyişdi halım ,dağlar!
Yaddan çıxdı bir an dərdim,
Ay fidəniz olum ,dağlar!
* * *
Neçə vaxtdı yoxdu tünlük?!
Nə sizlikdi, nə də mənlik,
İmkan verin onca günlük,
Sizdə mehman qalım, dağlar!
* * *
Ətəyində binə salıb,
Bir doyunca nəfəs alıb,
Neyləyim ki, sirdaş olub,
Sizə mehir salım, dağlar!
* * *
Bir xeyir var hər səbirdə,
Dözümlü ol gələn dərdə,
Sağlıq olsun siznən bir də,
Kəsişərmi yolum, dağlar!
* * *
Hər nakəsi yar etməyin,
Çox sirrimi car etməyin,
Siz Muradı xar etməyin,
Qadanızı alım, dağlar!

BU DAĞLARIN
Bu dağların əzəməti, duruşu,
Qarşısında baş əyirəm dünəndən.
Nə cəzb etdi? Nə gözəldi? Soruşun,
Sadalayım, töhvə olsun bu məndən.
* * *
Baxıram, papağım düşür başımdan,
Balaca nöqtəyəm ətəyində mən.
Göz yaşı car olur çınqıl, daşından,
Baxır, sanki, qan ağlayır ürəkdən.
* * *
İlahi zövqü var ulu Tanrının,
Nəyi yaradıbsa, şövqlə yaradıb.
Burda gözəl keçir zamanın, anın,
Gərək zövq alasan tamını dadıb.
* * *
Neçə nəsil görüb yaranışından,
Başından tüfənglər, toplar atılıb.
Baxıb zövq alıram şax duruşundan,
Görən nə düşünür, qaşı çatılıb?!
* * *
Şahanə gözəllik var bu yerlərdə,
Ruhumu oxşayır, ruh verir mənə.
Havası dərmandı sağalmaz dərdə,
Qismətdə olarsa gələrəm yenə.

EY KÖNÜL
Ey könül, ovutma məni,
Dərd, azardan gəl qıraq ol!
Sözə bağlı bu bəndəni,
Qoyma sönə, gur çıraq ol!
* * *
Demirəm ki, nəşəli ol,
Ömrüm keçsin yuxu kimi.
Yol seç, olsun şərəfli yol,
Qınanmayım çoxu kimi.
* * *
Təpər olsun qoy canında,
Haqdan nisyə gün diləmə.
Qohum, qonşu, dost yanında,
Məni peşiman eləmə!
* * *
Həyatda yaşadığın yox,
Yaşatdığın yadda qalır.
Səni, sonradan daha çox,
Əməllərin yada salır.
* * *
Neyləsən də saf, təmiz qal,
Uzaqlaşma təmiz addan.
Səhvim varsa, sən yada sal,
Qoyma, küsüm bu həyatdan.

DAĞLARIN
Baxıram duvağı dumandı, çəndi,
Çəkilsə gül açar gözü dağların.
Bağlansa yolları, bərəsi, bəndi,
Danışmaz, qurtarar sözü dağların.
* * *
Gülünü tapdama, kolunu əymə,
Zirvəyə dırmanıb özünü öymə,
Nəbadə dağların xətrinə dəymə,
Dil deyib ağlayar özü dağların.
* * *
İlahi hüsnündən mehmanı doymaz,
Gözündən kənara kimsəni qoymaz,
Pulsuzu xar etməz, pullunu saymaz,
Yandısa kül olmaz közü dağların.
* * *
Zirvəsi sıldırım silsilə daşdır,
Söykənib bel-belə hey başa-başdır,
Yayı, payızı da, qışı da xoşdur,
Murada ruh verər yazı dağların.

YAŞADIM
Mən ruhla yaşadım, qalmadım onsuz,
Bir sifət daşıdım boyasız, donsuz,
Geriyə boylandım, xəyallar sonsuz,
Ruhum yamyaşıldı abad bağ kimi.
* * *
Gəl ruha toxunma, qanatma, oyma,
Həzz al gözəllikdən, arif ol, doyma,
Qara çirk götürməz deyiblər, uyma,
Qara da çirklənər bəyaz ağ kimi.
* * *
Sağ var ki, kimsənin yadında qalmır,
Bir salam verən yox, vecinə almır,
Ölü var dəyəri ölmür, azalmır,
Qalır yaddaşlarda, yadda sağ kimi.
* * *
Dünyada dərd etmə hər kiçik dərdi,
Bu dünya dərdliyə müəmma, sirdi,
Kim ki bu dünyanın gözünə girdi,
Ay Murad, ucaldı uca dağ kimi.

DÖYÜNƏN ÜRƏYİM
Döyünən ürəyəm, təntiyən nəfəs,
Əlçatmaz arzuyam, sönməyən həvəs,
Ay Allah bəndəsi, neyləyim ki, bəs,
Sən məni anlayıb başa düşəsən.
* * *
Nə qədər aşağı enim görəsən?!
Nə qədər özümü yenim görəsən?!
Nə qədər danışım, dinim görəsən?!
Sən məni anlayıb başa düşəsən.
* * *
Nəyi bağışlayım, mən nəyi keçim,
Doğrumu, yalanmı? Sən eylə seçim,
Nəyi girov qoyum, nəyə and içim,
Sən məni anlayıb başa düşəsən.
* * *
İnsana ruh verər xoş sözün ətri,
Duyub anlayanda hər fikri, sətri,
Bu Murad neyləsin de, səndən ötrü,
Sən məni anlayıb başa düşəsən.

OLSA
Dünyanın dərd, səri vecimə olmaz,
Yanımda bir nəfər dərd bilən olsa.
Nə pislik, yamanlıq yadımda qalmaz,
Niyyət gözəl olsa, üz gülən olsa.
* * *
Məni aldadammaz şirin yalanar,
Ruhumla oynayıb, ləzzət alanlar,
Canımda o qədər arzu, istək var,
Aşaram yüz təpə, yüz bələn olsa.
* * *
Baxaram, üşütsə dərdimin nəmi,
Yaxına qoymaram qüssəni, qəmi,
Yanaram oduna pərvanə kimi,
Dərdimi anlayıb tən bölən olsa.
* * *
Ay Murad, gözəldi hər keçən anın,
Canına ziyandı qaralsa qanın.
Başı ağrıyarmı görən insanın?
Sözü əməliylə düz gələn olsa.

QORXMAZ
Bu bazar təzə nırxdan,
Qorxmaz, əzizim, qorxmaz.
Cana doyan çarmıxdan,
Qorxmaz, əzizim, qorxmaz.
* * *
Qəvvas olan dərindən,
Kim inanır, pirindən,
İnsan dünya şərindən,
Qorxmaz, əzizim, qorxmaz.
* * *
Pulu olan bazardan,
İmanlı kəs məzardan,
Salim olan azardan,
Qorxmaz, əzizim, qorxmaz.
* * *
Başı çəkən yamandan,
Dolu başlar gümandan,
Dərdli ahdan, amandan,
Qorxmaz, əzizim, qorxmaz.
* * *
Yolu azan qabaqdan,
Kasıb olan yamaqdan,
Taleyi kəm sabahdan,
Qorxmaz, əzizim, qorxmaz.
* * *
Xəbərsiz can olumdan,
Zulum çəkən zulumdan,
Saf bəndələr ölümdən,
Qorxmaz, əzizim, qorxmaz.
* * *
Çünki dünya dəyirman,
Bəndə, bozaran xırman,
Allah vuran heç zaman,
Qorxmaz, əzizim, qorxmaz.

YURDUMUN
(İncə dərəsi, Kəmərli.)
Sarsılmaz ruhu var baxsan əzəldən
Ağıllı başlarla dolu yurdumun.
Sevilər, az olmaz ruhu gözəldən
Tanrıdan lütfü var ulu yurdumun.
* * *
Qaydası, nizamı öz yerindədir,
Hamı eyni kökdə, eyni dindədir,
Tarixi varaqla, çox dərindədir,
Mübarək imzası, qolu yurdumun.
* * *
Əlini uzatsan göylərə çatan
Dağların qoynunda başını qatan
Köksündə pir olmuş insanlar yatan
Türbəyə açılır yolu yurdumun.
* * *
Qazaxdan çıxanda görünür məncə,
Adı Kəmərlidir, soyadı İncə,
Görən nə baş verir?! Murad gəlincə,
Dəyişir növrağı, halı yurdumun.
Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru