Əvəz Lələdağ – YURD HƏSRƏTLİ POEZİYA

RAFİQ YUSİFOĞLUNUN YAZILARI

YURD HƏSRƏTLİ POEZİYA

Rafiq Yusifоğlunu çoxdan tanıyıram. O da Sumqayıt kimi gözlərim önündə kərpic-kərpic, pöhrə-pöhrə böyüyüb, böyüdükcə Sumqayıta sığmayıb. Zəngin söz dünyası olan Rafiq Yusifоğlu yurd həsrətli, lirık şairdir. O, yaşadığı aləmi daima təbii, saf, gözəl görmək istəyir. Onun şeirlərini oxuyarkən çox sadəliyin içində bir müşkül mürəkkəblik görürsən. Düşünürsən ki, bundan asan nə var ki? Amma dərk edəndə ki, onun ləngərli misraları ürək qanı, göz yaşı, sevgi həvəsi, gül qönçəsi, çiçək zərifliyi, çəmən gözəlliyi, dərə dərinliyi, bulaq sərinliyi və dağ ucalığından qidalanıb, ecazkar möcüzələr qarşısında acizləşirsən. Bir qədər sonar bu ilahi sözlər güc, qüdrət, ilham verir, qanadlanırsan, əngin səmanı dolaşırsan, göylərdə süzür şirin xəyalın…

Şair cəmiyyətdə gedən prosesləri diqqətlə izləyir, əzəznləri, əzilənləri, güclüləri, zəifləri, zülmkarları, qurbanları görür, çıxış yolu axtararkən ağzı qayaya dirənir, cəmiyyətdə bircə qanun olduğu qənaətinə gəlir: kim güclüdürsə, o da haqlıdır. Güclülər puluna, silahına güvənir. Şair haray çəkir, haqsızlığa qarşı asi çıxır, lakin sonar təəssüflə deyir:

Sağmal inəyimiz qısır qalıbdır,

Sarı sünbül olub qızıldan baha.

Bizim dəyirmanlar insan üyüdür,

Gərəyimiz deyil qızıl dən daha!

Şair başımızı ağardan “çax-çax”ları, dələduzları, para, mənsəb, şöhrət və vəzifə düşkünlərini “üyütmək” üçün xeyirxah, səmimi, doğruçu adamlara arxalanır, güvənir.

Çax-çax başımızı yaman ağrıdır,

Çoxdan həsrət qalıb dəyirman una.

Gəlsin siyasətin Donkixotları

Bizim məmləkətin dəyirmanına…

Rafiq Yusifоğlu dogma yurd-yuvasına, el-obasına, dağına – dərəsinə, çölünə-çəməninə, yalına-yamacına, yoluna-irizinə ürəkdən bağlı olduğu üçün vətənin hər qarış torpağını hədsiz məhəbbətlə sevir.

Mistan, Qızılqaya, Səngər, Yazı düzü, Üçtəpə, Həkəri, Bərgüşad, müqəddəs ziyarətgahlarımız dilindən düşmür şairin.

Rafiq Yusifоğlunun “Həsrət köçü” kitabı oucularla yeni görüşüdü. Kitabın bölmələri – “Yurd həsrəti”, “Alnıma yazılan yazı”, “Bu dünya bir nağıldı”, “Torpaq nəğməsi”, “Əsgər nəğmələri” çox mətləblərdən xəbər verir, oxucunu səfərbər olmağa, işğal altında qalan torpaqlarımızı azad etməyə ruhlandırır. Şair yarımçıq, köntöy, vaxtı-vədəni bilməyən, dünyadan gözü doymayan adamlara sərrast söz qamçısı vurur.

Camaat duzdan qayıdır,

Sən hələ duza gedirsən.

“Həsrət köçü” kitabının bir uğuru da odur ki, kəndçiliyimiz, ilkinliyimiz, qorunub saxlanıb. Şairin bütün kitab boyu sezilən vüqarı sınmır, əyilmir. Əksinə, özünü dərk edən vüqarlı oxucuda minnətdarlıq hissi oyadır.

Şair tərəqqinin tərəfdarıdır, lakin orda milliliyimizə xələl gətirən element görəndə üsyan edir. O tərəqqi ki, məni sazımdan, tütəyimdən, balabanımdan, qara zurnamdan, milliliyimdən ayrı salıb uzaqlaşdırır, mənə belə tərəqqi lazım deyil, – deyir.

Mən kitabı oxuyanda özümdə bir gümrahlıq, yüngüllük və təsəlli hiss etdim. Mən şair dostuma, qardaşıma möhkəm cansağlığı, iti qələm, mənalı ömür, coşqun ilham arzulayıram. Gün o gün olsun ki, həsrət körpüsündən qələbə bayrağı ilə keçək, ulu Zəngəzurda görüşək…

İlkin mənbə: “Sumqayıt” qəzeti, 16 yanvar 1999-cu il.

Müəllif: Əvəz LƏLƏDAĞ

ƏVƏZ LƏLƏDAĞIN YAZILARI


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hikmət Məlikzadə – “QƏM YAĞIŞI”NIN VİDA SOYUĞU

XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI

“QƏM YAĞIŞI”NIN VİDA SOYUĞU

(Xaliq Azadinin romanı haqqında qeydlər)

Əslində, romançılıq da ədəbi tədqiqat işidir. Bunu bir ehtimal sanmayaq, çünki nəsrin ədəbi situasiyaları (geniş anlamda) bir roman xisləti yaradır və bu rakurs öz miqyaslarını əhatəli baxış bucaqları vasitəsilə xarakterizə edir. Doğrudan da, romançılıq təkcə bədii xarakteri ilə deyil, həm də ictimai zərurəti ilə ehtiva olunur. İstedadlı qələm sahibi Xaliq Azadinin romana, ümumiyyətlə, nəsrə münasibətindəki qabarıq aspektləri də bu zərurətin bir səciyyəsi kimi mənalandırmaq olar. Açığı, onun 2020-ci il tarixdə fitrətli yazar Əli bəy Azərinin redaktorluğu ilə «Zəngəzurda çap evi» nəşriyyatında işıq üzü görmüş «Qəm yağışı» (nəsr) kitabı da bu xarakterə zəruri əsas verir. Bəri başdan deyək ki, duyğusal tərənnümlə başlayan, pünhan məcralarda təlatümə uğrayan və sonra da bir anın içində daşlaşan məhəbbətə ithaf kimi səciyyələnən bu kitab müasir baxışlıdır, burada zəruri-effektiv və ədəbi məna ürəkyaxıcıdır, hadisələr oxucuda isti könül çırpıntıları yaradır, müəllif əsər boyu ictimai zərurətlərə (öz şəxsi fonunda) bir təsnifat verir, əsas da səmimi-konkret fikirlərin kompozisiya və bədii-ictimai məğzini maraqlı statuslar kimi təqdim edir.

Bir özbək qızının bir azərbaycanlı oğlanla pünhan çevrələrdə qurduğu və qısa zamanda qəm yağışına çevrilən sevda yanğıları müəllifin təhkiyəvi zəmini olsa da, mövcud ədəbi reallıq tamamilə başqa münasibətlərdən qaynaqlanır: o mənada ki, yeniyetməlik və gənclik hüdudlarında çırpınan, ikitərəfli milli dəyərlərə aludə paradok yaradan İnqa və Azadın könül xoşluğu (bəlkə də) içlərində qəfil kükrəyən ötəri hissdir, fəqət zaman komponenti bu hissin qaynar bir sevgi olduğuna dəlalət edir və oxucu olaraq müəllifi saran odun-atəşin kövrək çınqılarına baxış ötürük.

Bir növ, fəlsəfi-modern əhatə cızan “Qəm yağışı”nda mətn özünüdərk yaradır, mövzu bitkin məntiqlidir, müəllifin fikirtəqdimetmə dürüstlüyü həyatabaxışın sivil tərzləri kimi xarakterizə edir. Lakin fərdi mülahizədəki pessimistlik ovqata bir qədər əks təsir bağışlayır. Bu da şübhəsiz, müəllifin (ictimai ampulada) modern çək-çevirə məruz qalmasından irəli gəlir. Çünki buradakı məhəbbət də, o məhəbbətə müntəzir surətlər də (başqa əsərlərdəki kimi) eyni və oxşardır, fərqli olan xoşovqat zaman uçqununda fövqəl izdivaclara eyhamlı eniş etməkdir. Və səmimi deyək, müəllifin ədəbi ismarıcı vahiməlidir, qorxulu hislər yaradır. O mənada ki, “Qəm yağışı”nda məhəbbət bir kodeks olaraq təlatümlü həyat zərurətidir, müəllif eşqanə nüansları (nəticə etibarilə) bir kod altında sistemləşdirib.

Romanı duyğusal edən təkcə sevgi hücrələri deyil, həm də milli duyğulardır. İnqanın da, Azadın da aludə olduqları məhəbbət onları (dərhal) təsir altına almır, əksinə, bu isti baxışlar ruhsal quruluşludur deyə, baş obrazlar vətən proseslərini sevgidən irəlidə görür, bu səmimiyyətə sanki bir büst qoyurlar. Elə əsər boyu duyğusallığın ictimai-ədəbi təsir miqyaslarını böyüyən və artan həddə gətirən də məhz bu mənalardır.

«Qəm yağışı»nda milli heysiyyətə ünvan verən dramatik zərurətlər çoxluq təşkil edir. Baş obrazlardakı cürət, mübarizə məğzləri qabarıqdır, ən başlıcası, hər iki tərəf üçün (dediyimiz kimi) Vətən obrazı daha müfəssəldir.

Müəllif (belə deyək) əsər boyu sevgini fərqli xarakterizə edir; sovet dövrünün sevda çınqıları ilə müasirliyin gətirdiyi çılpaq sevgilərə yerlə-göy uzaqlığında fərq qoyur, elə İnqa və Azadın çabaladığı nakam məhəbbəti də məhz bu paklıqda cilalayır. Təəssüf ki, sonradan bu saf sevgini vahimə dolu anların yaradacağı dəhşətlər müşayiət edir, ardınca da hər iki obraz nakam acıların içində bir səcdəlik haqqı tapır.

«Qəm yağışı»nda adi hislərin məhəbbət qəlibində kükrəməsi – təcəllası mistik-ictimai səciyyə kəsb etsə də, ruhsallıq epik məğzi romançılıq qatlarına yüksəldir, müəllif sanki oxusunu əzabın dadına baxmaq şərəfinə nail edir, fəlsəfi ovqat yaradır. Maraqlıdır ki, bu ədəbi kreativlik təkcə İnqa və Azadın durğun baxışlarında məna vermir, həm də müəllifi bu fövqəl zərurətə (ciddi) sövq edir.

Qeyd etdiyimiz kimi, romanda əvvəlki illərin ənənəvi ovqatları, insan-mühit və tale seyrçiliyi də diqqətdən kənarda deyil. Sosial qayə, ictimai həssaslıq və bu zəmində ehtiva edən həyat reallığı da oxucunu düşündürən əsas ədəbi elementlərdir. Bəlli ki, müəllif bu prosesdə fəal tərəfdir, əsas etibarilə ruhi istismarı qətiyyətlə pisləyir, etinasızlıq və diqqətsizlik hallarını xeyirxahlıqla tənqid edir.

Bu rakursda romanda iç titrədən son səhnəni təqdim edək:

«İlk əvvəl kiçik damcılardan başlayan yağış aramsız və gur yağan leysana çevrilmişdi. Azad gözətçinin daxmasının divarına söykənərək İnqanın yatdığı yerə zilləmişdi gözünü. Birdən düşündü ki, doğrudan da bu yağış indi boş-boşuna yağmır. Bu lesanı yağdıran İnqanın ruhudur. Nakam arzuların çağırışıdır. İnqa istəmir ki, Azad tez vidalaşıb getsin. Tək qalacağını bilir…»

Bu epik parçada vida çığırtısı var. Müəllifi labirintə salan hislər onu ərzinə çatmaq istədiyi fikrin mahiyyətini tapmağa sövq edir. Və sonra da bu kodeks daha mürəkkəb əhatəli olur: oxucu da, müəllif də, elə baş obrazları nakam hücrədə sıxan epik təlatüm də çiliklənmiş güzgüdəki insan əksi kimi təsir verir. Bu mənada, «Qəm yağışı»nın sistem hüdudunda acı bir üzüntü, çılğın bir qəm şehi var. Baxışlarımız bu şehə bulandıqca hislərimiz fəza qatına qalxır, orada sanki Azadı təklik girdabına itələyən sevdasızlığın rəngini, İnqanın nakam eşqin tufanında yoxluğa atan həyatın fövqünü görmək istəyirik. (Müəllifin də dediyi kimi) bu, mümkünmü?

…Bütövlükdə isə tale və həyat gedişatı maraq doğuran «Qəm yağışı»nı Xaliq Azadinin uğuru hesab etmək olar.

Müəllif: Hikmət MƏLİKZADƏ,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səma Muğanna – Göy üzünün əmanəti

SƏMA MUĞANNANIN YAZILARI

               Göy üzünün əmanəti

O, sonuncu qatarın gəlişini gözləmədən qaçıb getdi. Bu gedişin sonunda müəmmalı qalan hadisə də onun qara paltarı idi. O şəxs heç vaxt kimliyini söyləməzdi. Simasını bir-iki dəfə gördüyümü xatırlayıram,amma o da lap uzaqdan. Yadımdadır, onun simasına diqqətlə baxanda qorxu və vahimə içində qara paltarlı libasını yerdən sürükləyərək qaçıb getmişdi. Bu gediş də indiki kimi səssiz-səmirsiz, yalanlarla dolu, bəlkə də xəyanət qarışıq son əlvida mesajı idi. Kimliyini bildiyim vaxt artıq çox gec idi. Onun kimliyi indi mənə lazım deyil.

    “Onun kimliyi indi mənə lazım deyil”  dediyim an gözlərim məndən oğurlandı. Sanki o vaxt anladım ki, gözlərimin şahid olduğu bu dəli-dolu fırtına alıb gizlətmişdi ən gizli evində…

   Bu gün təbiət yuxudan oyanmışdı. Artıq əvvəlki kimi müharibə, dava, insanların ətrafa təlaşla qaçması, hətta çoxlarının qorxudan evindən belə çıxmaması kimi faciəvi günlər yox idi. Aylar sonra yenidən həyata qayıtdığımı hiss etdim. Oyanıb yerimdən qalxanda gecədən açıq qalan pəncərəmin önünə keçdim və dərin nəfəs aldım. Bir az pəncərənin qabağında hava alım, sonra havaya çıxacam -deyə düşündüm. Saçlarıma yavaş-yavaş sığal çəkir və köhnə xatirələri yada salırdım. Bu köhnə xatirələri yada salmışkən, isti çayımı və şokoladımı alım və bu gün üçün dəftərçəmə qeyd yazım.

    Havalar soyumadan müharibənin gəlişi bizi yad küçələrdən alıb evimizə sürükləmişdi.Aylar sonra pəncərədən mavi Səmanı, qatar kimi süzən quşları, bülbüllərin nəğməsini eşitmək yuxu kimi idi…

    Adətim üzrə hər səhər yuxudan oyananda nə xörək-çörək, nə də şirin çay içərdim. İsti qaynar çayımla şokoladım mütləq olmalı idi. Onları alıb gəldikdən sonra masa arxasına keçib dəftərçəmə kiçik qeydlər apardım.

 -Xoş gəldin, yaz Günəşi! Bu gün təbiəti yuxudan oyandırdığın üçün təşəkkürlər! Köhnə xatirələrimi də çay kimi dəmləyib kağızın üstünə qoyub getmişəm. Bax, şəkillər ordan mənə baxır. Axı sən sübh tezdən doğula bilərsən, bəs yaxşı niyə doğulmursan? Cavabını söylərkən mən yuxuda olarsam, məni mütləq oyandır.

   Elə deyəsən, dediyim də oldu. O gündən sonra bədənimi deyil, sanki gözlərimi çarmıxa çəkdilər. Ətrafımdakı bütün gözəlliklərdən məhrum edildiyimi hiss etdim.

    Dəftərçəmi kənara qoyduqdan sonra isti çayımı içə-içə köhnə xatirələrin toplandığı albomu əlimə alıb vərəqlədim. Gözümün önündə film lenti kimi canlanan bu səssiz kadrlar anidən itdi. Qəfildən qapının döyüldüyünü, hətta bir ara pəncərəyə yağış damlalarının töküldüyünü də hiss etdim. Ayağa qalxıb qapıya tərəf getdikdə qapının deşiyindən baxdım, ancaq heç kəs yox idi. Ayağımı bir addım otağıma atırdım ki, qapı yenə tıqqıldadı. Öz-özümdən ürpənsəm də, tez panikaya düşmədən qapıya yaxınlaşıb: – “kimdir?” deyə səsləndim. Səs eşidilmədi, amma 5 dəqiqədən sonra yaşlı, qoca bir kişinin səsinə bənzər bir şəxsin danışdığını eşitdim:

-Siz kimsiniz? Məndən nə istəyirsiniz? Hər dəfə qapını vurub çalırsınız. Bu nə deməkdir?

-Günel, bayaqki sözünü xatırlayırsan? “köhnə xatirələrim də çay kimi dəmlənib, gəl, yaz Günəşi!”

   Bir anlıq qorxuya düşdüm. Bəlkə mən dəli olurdum? Yox,  yox! Mən nədəsə səhv edirəm, axı bu doğru ola bilməz!

-Öz-özünə danışmağı kəs, Günel!

-Bir dəqiqə, axı siz mənim adımı hardan bilirsiniz? Siz ümumiyyətlə kimsiniz?

-Qapını açma. Bax, qətiyyən deyirəm, əgər qapını açarsan…

    Yarıda kəsilən bu danışıqdan sonra dözməyib qapını açdım. Ətrafda heç kəs yox idi. Qəribədir, yoxsa mən dəli olurdum? Deyəsən, mən dəliliyə doğru addımlayırdım. Həkimə getsəm yaxşı olar.

     Bu sözü deyib qapını bağladıqdan beş dəqiqə sonra qapı yenə tıqqıldadı və bu dəfə məndən dəhşətli qışqırtı qopdu. Necə qışqırdımsa, qonşular səsimə toplandı. Qapını açıb “hər şey qaydasındadır, narahat olmayın” -deyib hamını evinə yola saldım. Gözüm yerə sərilmiş xalçanın üzərindəki məktuba sataşdı. Bu məktub bura necə gəlmişdi? Kim gətirmişdi? Kimdən idi? Eh, Günel, danışana kimi açıb oxusan.

     Məktubu yavaşca açdım. Əllərim titrədiyindən içəri keçib qapını iki dəfə içəridən bağladım. Məktubu yazı masamın üstünə qoyub oxumağa başladım:

   Qatar gecikəndə insanlar tələsir. İşə gecikəndə də insanlar tələsir. Bəs yaxşı, Günel, sənin həyatda tələsdiyin hansı məqamlar olub? Həyatındakı bütün gizli qalan sirrlərin hamısını bilirəm. Necə bildiyimi, yaxud hardan bildiyimi heç soruşma, çünki cavablamayacam. Sən heç mənim kim olduğumu da bilməyəcəksən. Bayaq qapını tıqqıldadıb gedən mən idim. Narahat olma, sən dəli deyilsən və heç həkimə görünməyin də lazım deyil. Sən hər şeyin fərqindəsən, eynən mənim kimi. Sən məni görmürsən, ancaq mən səni görürəm. Beyninə informasiya deyil, siqnal göndərməyə çalış. Xatırla, iki il bundan öncə qara paltarlı bir şəxslə tanış olmuşdun? Yenə xatırla, o şəxslə danışarkən nə hiss etmişdin? Heç nə. Elə deyilmi? Qızğın, soyuq qış fəslində qar, çovğun vaxtı dəhşətli müharibə idi. Bunları xatırlaya bilirsən? Müharibədə neçə-neçə şəhid verdik. Neçə-neçə igidimiz itgin düşdü. Sən də bax o insanın itgin düşməsinin səbəbkarısan! O insan səni özündən belə çox sevsə də, sən bunu heç vaxt bilmədin. Zamanı geriyə ala bilməyi heç düşünmüsən, Günel? Bax, bir məktubda sənə gör nə qədər sual ünvanladım. İndi sən söylə, bu sualları cavab verməyə hazırsan,ya da qadirsən? Mən deyim? Yox! Bilirsən niyə?! Çünki sən qorxularınla, keçmişinlə üzləşməyi bacarmırsan! O insanın sevgisini bu gün qazansaydın, bəlkə də göz yaşların o boş, saralan kağızlara tökülməzdi. İndi sənə əmr edirəm ki, illər öncə qaynar çay tökülən və sonra saralan o bomboz kağıza diqqətlə bax. Saxladığın yeri də bilirəm. Masanın künc tərəfindəki siyirmədə hamıdan gizlədirsən. Niyə gizlədirsən? Çünki etiraf mesajıdır. Bəlkə çoxları üçün etiraf mesajı, amma sənin ömür yoldaşın, dostun, sirdaşındır bu kağız parçası. Məktubu alıb oxuduğunda mən səni yenə izləyəcəyəm. Bəlkə də mənim kimliyimi  sorğulayacaqsan, amma zamanı gəldiyində biləcəksən. Səni bu vicdan əzabıyla baş-başa buraxıram, çünki sevdiyin şəxsin ölümünə səbəbkar sən oldun!

    Unutmadan deyim, bəlkə hardasa o insan qarşına çıxa bilər, bu normaldır. Ancaq o səndən həmişə simasını gizlədəcək. Əgər bir gün qovuşsanız, bil ki, tilsim qırılıb. Vaxtını bilmirəm, amma səni dərin yuxu gözləyir. Yaşayacağın kabuslara indidən hazır ol. Gözlərin olmayacaq.

   “Gözlərin olmayacaq” sözünü oxuduqda ürpənib kağızı kənara atdım. İçimdən dəhşətli hönkürtü qopdu. Bu an dəli dərəcəsinə gəldiyimi hiss edirdim, çünki əllərimdə başımdan yolub çıxardığım saçlarım vardı. O gün dedim ki, kaş müharibə yenidən qayıtsa, o müharibəyə qanlı-canlı girib onu tapardım! Kaş onun sağ olduğunu bilib, uzaqdan da olsa, sakitcə izləyərdim. Artıq çox gec idi.

   Təbiətin yuxusu bitsə də, məni dərin yuxu gözləyirdi. İndi əllərimdə yolduğum saçlarım, kəsdiyim qollarım, boynumdan asılan ipə bağlı olan Günel idim. İpi boğazımdan assam da, görün nə qədər qorxaq idim ki, onunla da özümü boğa bilmirdim. İnsan boğulanda iki duyğusunu itirmir: göz yaşlarının gözlərdəki ağrısını və ürəyindəki parça-parça olan xatirələri.

  Mənim xatirələrim çaynikdə qalan köhnə dəm kimi saralıb solmuş, saçlarım isə büküb kənara atdığım kağızlar kimi artıq ölü idi.

   Boynumdan ipi assam da, son xatırladığım qara paltarlı şəxsin köməyimə çatmağı oldu. İndi hardayam? Zaman məni hara aparır? Bu sualların cavabını tapmağa çalışsam da, son xatırladığım gözlərimin kiminsə bağladığıdır. Sonrası yalnız qaranlıq…

  2 il sonra…

   Artıq bu gün vaxt gəlib çatmışdı. 2019-cu ilin mart ayında intihara əl atdığımda yalnız xatırladığım qara paltarlı şəxs idi. Aylarca komada yatdım, çünki ip boğazımda sıxılmışdı. Onunla yanaşı gözlərimdəki göz yaşları qurumadan mənim gözlərim kor oldu. Ətrafımda heç kəsi görmürdüm. Bu gün o gün idi ki, gözlərim əməliyyat olunacaq və mən yenidən həyata geri dönəcəkdim. İndi mən təəccüb və heyrət içindəyəm ki, məktubu yazan şəxsin dedikləri necə ola bilərdi? Bəs müharibə?

   Bəli, bu danışdığım hadisəni mən yaşadığım an yenidən müharibə başladı. Cəbhə bölgəsində yüzlərlə şəhid torpağa verdik. Gözlərim kor olduğundan aylarca evə məhbus qalan mən, müharibədəki tank səslərini eşidirmişəm kimi kor gözlərimlə televizordakı xəbərləri dinləyirdim. Həkimim qollarımdakı izləri, əslində, döyüldüyüm üçün olduğunu zənn etmişdi. Ancaq elə bir hal yaşanmamışdı. Mənim gözlərim görməsə də, ürəyim sızıltını ,ağrını hiss edirdi axı! Nə qədər söyləsəm də mən öz canıma özüm qəsd etmişəm, amma həkimim inanmadı.

  Son dəfə bir şəxsin yanıma gəldiyini xatırlayıram. Mənə oxuduğum məktubu təkrarən oxudu və çıxıb getdi. Adını soruşduqda isə cavab vermədən çıxıb getdi.

    Bəli, 2 ildən sonra yenidən müharibə bitdi və yaz Günəşi doğuldu! Mənim gözlərim əməliyyat olunmuşdu. Artıq yenə evimdə isti çayım və şokoladımla birgə yazı masamın arxasında qələmimlə söhbətləşirdim.

    O gün, yəni evimə gəldiyim gün siyirməni açıb saralmış kağızı əlimə götürüb diqqətlə baxdım. Baxdıqdan sonra dedim:

-Əgər yaşayırsansa, sən Günelini qoyub getməyəcəksən, İlham, geri dön…

    Bu sözdən sonra yenə masa arxasına keçib qələmimlə söhbətləşərkən qapı tıqqıldadı. “Kimdir o?”deyə səsləndiyimdə yenə səs gəlmədi. Bu dəfə qapını açdığımda qara paltarlı şəxs ilə qarşı-qarşıya idim. Onun simasını görməsəm də, hiss edirdim. Bu, İlham idi! Mən elə iki il bundan öncə də zamanın mənə yaşatdığı hadisələri film lenti kimi izləmişdim. Sadəcə zaman qaçıb gedəndə mən ona bir az laqeyd yanaşdım.

    Anidən gözlərimdən yaş axdığında qara əlcəklərini çıxarıb göz yaşlarımı sildi və dedi:

-Sən mənim simamı görmək istəməzsən, əziz Günel…

-Yox, bu… Bu sənsənsə, mənə simanı göstərməlisən!

    Son sözümü qətiyyətlə dedim. Çox həyəcanlı idim. Gözlərim əməliyyat olunmuşdu və iki ildən sonra İlham qarşımda idi.

-Aç, gizlətmə!

– Günel, mənə söz ver!

-Nə sözü? Nə desən edərəm, İlham, təki sən simanı göstər!

 -Gözlərindən bir damla belə axmayacaq. Əgər axarsa, məni heç vaxt görə bilməyəcəksən danışırsan?

-Söz verirsən?!

-Yaxşı, İlham, söz verirəm!

    Simasını açarkən dəhşətli görüntüylə qarşı-qarşıya idim. Müharibə zamanı simasında yaranan yanıq izləri,çapıqlar və kor olan gözlərindən biri…

-Bəs..

-Günel, sənin əməliyyat olunmağın üçün gözümü sənə qurban verdim, sevdiyim! Gözüm sənin ürəyin, mənim ürəyimsə, sənin yaşamağındır! Sən nəfəs aldıqca mən də yaşayacam! İndi istəyirsən, məni bu halımla qəbul et, ya da..

   Son cümləsini tamamlamağa izn vermədən boynuna sarıldım,  amma onun yanında ağlamadım. Masa arxasında qələmimin şahid olduğu, kağızların isə göz yaşlarımla söhbətləşdiyini heç kim bilmədi.

    Barmaqlarımla simasındakı yara izlərinə toxunanda, sanki canımdan bir can qopub düşdüyünü hiss etdim. Mən ağrılarımı heç vaxt heç kimə söyləməzdim, ancaq bu dəfə ağrılarım o qədər şiddətli idi ki, dözməyib İlhamın qollarındaca hönkürtü çəkdim.

 Vətən mənə İlhamımı geri verdi, çox şükür, Tanrım, çox şükür! Bəlkə İlham qayıtmaya bilərdi, bəlkə də iki il deyil, hələ çox gözləyəcəkdim yolunu. Vətən, sənə heç vaxt üsyan etmədim, amma göz yaşlarımı saya bilmədiyimdən xatırlaya bilmirəm ki, göz yaşlarım səni incidib? Əgər sənin yurduna bir damla göz yaşı töküb incitmişəmsə, məni bağışla! Sənin qoynunda igid əsgərlərimizin qanı var! Torpaqda onların ruhu nəfəs alır! Şükürlər olsun ki, İlhamımın torpağını bağrıma basıb fəryad deyil, ürəyini, canını, mərdliyini, and yerini bağrıma basdım!

  Müharibə bitmişdi. Bu gün çiçəklər saçlarıma ləçəklərini, göy üzü gözlərimə şahidliyi bəxş etmişdi. Bir dəfə çalınan bu gözlər indi mənə göy üzünün əmanəti idi…

                  

Müəllif: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü.


SƏMA MUĞANNANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

                                

MÜSABİQƏ ELAN OLUNDU 


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru