HƏR DAĞDA, DƏRƏDƏ İZİM VAR MƏNİM

HƏR DAĞDA, DƏRƏDƏ İZİM VAR MƏNİM
Zaur Ustacın adı yaradıcı şəxs kimi Azərbaycan oxucusuna yaxşı tanışdır. Müxtəlif mövzuda qələmə aldığı şeirlər bir çeşni kimi təbiətin al-əlvan rəngini özündə əks etdirir. Ana təbiətin halı bu şeirlərin leytmotividir. “Hər dağda, dərədə izim var mənim!” – deyən şair könülcə təbitin övladı olduğunu bəyan edir. Onun hər gülünə, tər çiçəyinə, mavi ənginliyinə, şr-şır bulaqlarına, zümrüd meşələrinə, sır-sıra kimi sıarlanmış ucaboylu dağlarına, göy-yaşıl çəmənliklərinə kim heyran olmayıb ki. Şair Z.Ustacın “Sehrinə düşmüşəm, nur ləçəklərin” obrazlı ifadəsi elə-belə, gəlişigözəl söz təki deyilməyib. Anadan olandan ölənədək – olumla-ölümün intervalıdakı qədər biz təbiətin heyranıyıq. Şairin aşağıda sizə təqdim etdiyimz şeirlərində də bu cür heyrani münasibətlər çoxluq təşkil edir, təbiəti öyrənməyə, sevməyə və qorumağa xidmət edir. Bundan gözəl, bundan savab nə iş ola bilər ki?! Əslində hamımız təbiətin övladı olduğumuz və ondan faydalandığımız kimi, onu qorumağı da bacarmalıyıq. Ən azı təqdim edilən yaradıcılıq nümunələri bir örnək kimi bu məqsədə xidmət edir. Uğurlu olsun!
Sayğılarımla: Yusif DİRİLİ

PAYIZ
Təbiətin möcüzəsi,
Bizə olan sözdü payız…
Dağ-dərədə deyib-gülən,
Düzdə dolan gözdü payız…
* * *
Sarı yarpaq gör nə gözəl,
Kimə güldü, kimə xəzəl,
Həzin-həzin, gözəl-gözəl,
Cıbrıq olan qozdu payız…
* * *
Ustac dəyər verər sözə,
Qabda nə var, çıxar üzə,
Aram-aram, məzə-məzə,
Ömrə düşən izdi payız…

QARABAĞ ATI
Anası Günəşdi, atası Aydı,
“Qıratdı”, “Düratdı” Qarabağ Atı!
Tanrıərmağanı, butadı, paydı,
Baratdı, muraddı, Qarabağ Atı!
* * *
Rəngini veribdi, ana-atası,
Hələ görünməyib, ola xatası,
Telinin əksikdi, şana, fatası,
Namusdu, iffətdi, Qarabağ Atı!
* * *
Cahanı edibdi, özünə heyran,
Utanar baxmağa üzünə ceyran,
Tüm aləm səkməyən gözünə qurban,
Hörmətdi, izzətdi, Qarabağ Atı!
* * *
Qumralı, səkili, məxsus qaşqası,
Bu dərdi anlamaz, əfsus başqası,
Gəzir oylağında donuz çoşqası,
Küskündü, incikdi, Qarabağ Atı!
* * *
Bir dünya incisi çəkir əziyyət,
Əriyir, yox olur, itir məziyyət,
Ustaca tanışdır hər bir, vəziyyət,
Köçkündü, qəribdi Qarabağ Atı!

YARIM BARDAQ
O yarım buraxdığın
Bardaq, de yadındamı?
Sən gedəndən düz üç gün
Söndürübdü yanğımı…
* * *
Dodağın dəyən yerdən
Öpmüşəm, neçə kərə…
Dadsız şüşə o gündən
Dönüb bala, şəkərə…
* * *
Sənin tutduğun yerdən
Çalışmışam tutmağa…
İz tapanda izindən
Qanad olmur uçmağa…
* * *
Bütə dönüb, bu bardaq
Bəzəyidir evimin…
Üstündə barmaq-barmaq
Bəzəyi var əlinin…
* * *
Qalan son damlaları
Qıymadım, içəm özüm…
Qonaq etdim gülləri,
Belə bulundu çözüm…
* * *
Dibçəklər Yer kürəsi,
Güllər Mən, Sənsə susan…
Heç nə yox itirəsi,
Ta canıma hopmusan….

BƏLKƏ DƏ…
Bəlkə də payızı biz uydurmuşuq?!
Yarpaqlar yalnızca bizimçün sarı….
Bəlkə də fəsillər durub yerində?!
Qaçan biz, payıza, ya yaza sarı…
* * *
Yarpağı tökülüb olsa da sarı,
Payızda yetişir tutların xarı,
Deyirlər, payızda qarşıla yarı,
Nar sulu, alma bol, heyvası sarı…
* * *
Ustac ha, indinin deyil adamı,
Sözləri görübdü Nuhi-əyyamı,
Ruhu neçə kərə Ömər Xəyyamı,
Dədəsi Ələsgər, babası Sarı…

İNCİ, QƏRƏNFİL…
(Qərənfilə yazığım gəlir…)
Olsan da, bu işdə ən son müqəssir,
Gəl, məndən incimə, inci qərənfil…
Utanc çiçəyisən, utanc çiçəyi,
İstəsən lap məndən inci, qərənfil…
* * *
Ruhum bu halından çox mütəəssir,
Yenə döşənmisən küçəyə, daşa…
Qaxınc çiçəyisən, qaxınc çiçəyi,
Qaxanc örf-adətə, öfkəyə, başa,
* * *
Bu işdə bilmirik, kimdi müqəssir,
Bizim üz qaramız, qırmızımızsan…
Həya örpəyisən, güvənc ləçəyi,
Sən bizim dünyaya qırımımızsan…
* * *
Ustac tək oğullar çox mütəəssir,
Üz-üzdən utanır, dözür ağrına…
Əlacsız-əlacsız ödünc çiçəyi,
Silah əvəzinə sıxır bağrına…

DAĞLARIN*
“Şuşanın dağları abı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı…”

Əsrin dördə birin vermişik yelə,
Çulu çoxdan düşüb, çaya dağların…
Təmiz adı vardı, “quzey qarı” tək,
Bağrına xal düşüb, saya dağların…
* * *
Başında çalma tək, ta durmur duman,
Əynində qalmayıb, nə kofta, tuman,
Lütlənib haçandır, qalıb lüt-üryan,
Qarına qan düşüb, maya dağların…
* * *
“Göznəngörən” olduq, ta yox yalanı,
Bəh-bəhlə şəlləndik, zərli palanı,
Daranıb, talandı, olan-qalanı,
Ah-naləsi düşüb, Aya dağların….
* * *
İgidə “Turdağ”ı deyib, görənlər,
Dağa oxşadıbdı, özün ərənlər,
Hanı o ayama, ya ad verənlər?
Kalı çoxdan düşüb, haya dağların…
* * *
Ustacam, öcümü ala bilmirəm,
“Dədəm” dediklərin* deyə bilmirəm,
O döndü, mən indi dönə bilmirəm,
Səyi məndə düşüb, zaya dağların…
* “Arsız aşıq elsiz necə yaşadı?
Ölsün Ələsgərtək qulların, dağlar… “AşıqƏləsgər.

BƏNÖVŞƏ
Kimi öyər, bənövşəni,
Kimi qara, qara yaxar…
Bənövşənin od həsrəti,
Qarı da yandırıb, yaxar…
* * *
Bulaq başı buz, sırsıra,
Əlin düşə, köz ısıra,
Rəbbim yol verməz qüsura,
İçindən can qalxıb, baxar…
* * *
Ustacam, xeyməm laməkan,
Rusqat* verə, qıla imkan,
Tər bənövşəm olar kankan,
Qar içindən çıxıb, qoxar…

AĞÇİÇƏYİM
Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ otağında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, günaydın, ay Ağçiçəyim!
* * *
Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, günaydın, ay Ağçiçəyim!
* * *
Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam, borcumdur yoxlayım səni,
Xoş gördük, günaydın, ay Ağçiçəyim!

ŞEHÇİÇƏYİM
Tacısan dünyamda tüm çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…
Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…
* * *
Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…
* * *
Bir kərə, bir anlıq olsa da, vüsal
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…

DAĞLAR
(Ruhuna min rəhmət dədə Ələsgər…)
Nədəndi, ürəyim çırpınır yenə,
Gördükcə hüsnündə məlalı, dağlar?!
Yağı cövlan edir, dağıdır yenə,
Qoynunda büsatı, cəlalı, dağlar!
* * *
Unutmaq olarmı, heç bu zilləti?
Mövcud hal-vəziyyət üzür milləti,
Onsuz da düşmənin puçdu niyyəti,
Ordumun beşiyi, vüsalı, dağlar!
* * *
Dünya belə qalmaz, dəyişər zaman,
Yenə dövran olar, həmənki dövran,
Bulaqlar başında məclislər quran,
Oğullar ərsəyə gələli, dağlar!
* * *
Ustac bulud kimi dolub, ağlamır,
Köksünün yarası qaysaq bağlamır,
Bir bilsən, ruhumu nələr çuğlamır,
Doğacaq nə zaman Hilalın, dağlar?!

HƏQİQƏT
Nə qədər Günəş var, yaşayar insan,
İnsanın həyatı son bula bilməz.
Dünyasın dəyişər, nizamı ilə,
O, bir varlıq kimi yox ola bilməz!
* * *
Heçdən heç yaranmır, heç nə heç olmur,
Bulud göydə dolur, yerdə su olur,
Sular buxar olub, göylərə uçur,
Bu, “dünya” nizamsız qurula biməz!
* * *
Gecələr, gündüzlər, Ay və ulduzlar,
Səhradakı qumlar, dəryada buzlar,
Acılı, şirinli, rəngli dənizlər,
Bir təsadüfdürmü? – bu ola bilməz!
* * *
Bütün yaranmışın öz nizamı var,
Canlılar, cansızlar, dərələr, dağlar,
Bütün xəstəliklər, bütün bəlalar,
Heçdən mövcud deyil, heç ola bilməz!
* * *
Dünyamız qurulmuş, bir nizam üstə,
Daşları daş üstə, otu ot üstə,
İnan ki, göz tökən acı tüstüdə,
Heçdən yaranmayıb, heç ola bilməz!
* * *
Dostum, yaxşı düşün, düşün bir az da,
İnsan bu, mətləbi duymaya bilməz!

GƏZDİM
Gəzdim, qarış-qarış Vətən torpağın,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!
* * *
Gəzdim, yorulmadan aranı, dağı,
Seyr etdim, ən ucqar çəməni, bağı,
Heç vaxt qınamadım zamanı, çağı,
Çox bulaq başında üzüm var mənim!
* * *
Gəzdim, bu torpağı, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!

Təqdim edir: Yusif DİRİLİ

İLKİN MƏNBƏ: HƏR DAĞDA, DƏRƏDƏ İZİM VAR MƏNİM

YUSİF DİRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir