ZƏFƏR SİMFONİYASI
Qələbə köynəyi geyibdi yollar,
Vətəndən-vətənə körpüdü qollar.
Bu gün tarix yazır ərən oğullar,
Adınla başlanır qeyrət dastanım,
Min yaşa, müzəffər Baş Komandanım!
Ümid gülümsəyir könül bağımda,
Zəfər ətirlidir dərəm, dağım da.
Səni salamlayır Qarabağımda,
– Açılan səhərim, sökülən danım,
Min yaşa, müzəffər Baş Komandanım!
Sərkərdə oğlusan Dədə Heydərin,
Cürətin yenilməz, hikmətin dərin.
Üzünü güldürdün doğma ellərin,
Qorusun ömrünü ulu “Quran”ım,
Min yaşa, müzəffər Baş Komandanım!
Güzgüdü bu yurdun namusu, arı,
Sudan dupdurudu, Aydan da arı.
Səni salamlayır şəhid ruhları,
Qisasa tamarzı qalmadı qanım,
Min yaşa, müzəffər Baş Komandanım!
Səsin dalğalanır Cıdır düzündə,
Ümid qanad açıb göyün üzündə.
Vətən sevgisi var hər bir sözündə,
Zəfər ətirlidir döyüş meydanım,
Min yaşa, müzəffər Baş Komandanım!
Söylədin: – Qarabağ Azərbaycandır!
Adi torpaq deyil, canımda candır!
Yolunu gözləyir, gör bir haçandır
– Arzu yollarımda ümid sarvanım,
Min yaşa, müzəffər Baş Komandanım!
Tanıtdın cahana öz ünvanını,
Yaşatdın millətə zəfər anını.
Üçrəngli bayrağım öpür alnını,
Adınla öyünür Azərbaycanım,
Min yaşa, müzəffər Baş Komandanım!
Müəllif: Balayar Sadiq
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru