
YUXU, YOXSA HƏQİQƏT !?
Şər qarışan vaxt idi. Pəncərələrdən düşən işıq məhəlləni qismən işıqlandırsa da, alatoranlıqda işdən evə dönənlərin kim olduğunu ayırd etmək çətin idi. Ara-sıra eşidilən gurultu xof, vahimə yaradırdı. Xəfif meh havanın sərinliyini ətrafa yaydıqca, ətri duyulurdu payızın. Həyəti günəşdən kölgələyən mələs nar işığın haləsində qırmızı donlu nazlı gəlinə bənzəyirdi. Eyvandakı masanın arxasında babamla şirin-şirin söhbət edirdik. Göy gurultusu zənn etdiyim səs artdıqca vahimə də artırdı. Amma qaranlığın yorğanına bürünmüş səmada bir əlçim də olsun bulud yox idi. Elə isə niyə göy guruldamalı idi?! Düşüncələrimin dolaşığını açmaq üçün babamı sorğu-suala çəkdim.
-Baba, hava ayazdırsa, göy niyə guruldayır, yağış havasına oxşamır heç?
-Bala, bu topların gurultusudur, qarı düşmən yenə də Qarabağı qan gölünə çevirmək istəyir, -dedi.
Təəccübləndim.
-Axı biz Qarabağdan uzaqdayıq, bu səslər necə eşidilir, – soruşdum.
Babam susdu. Sanki kişinin boğazı qurumuşdu.
-Nə oldu, ay baba, niyə dillənmirsən? desəm də, cavab gəlmədi.
Bir qədər sonra sanki təbiət dondu. Elə bil toplar da istirahətə çəkildi.
Gözlərimi açanda ətrafda heç kəs yox idi. Artıq dan yeri ağarmışdı, günəşin şəfəqləri ənginlikləri boyamaqda idi. Yalnız indi hiss elədim ki, gördüklərimin hamısı bir yuxu imiş. Yorğun halda yatağımdan qalxıb əl-üzümü yuduqdan sonra həyətə düşdüm. Amma hələ də yuxunun təsirində idim. Kiməsə danışmadan yozmağa çalışsam da, bacarmadım.
Bir xeyli həyətdə gəzib-dolaşdım. Səhərin mehi yanağımı oxşadıqca rahatlandığımı hiss etdim. Evə dönəndə telefon zəng çalırdı.
-Aha, deyəsən babamdır, axşam yuxuda görmüşəm, lap məqamında zəng eləyib” dəstəyi qulağma dayadım. Gəlinbacımın səsi idi. Hal-xoş eləməmiş “xeyirdimi səhər-səhər?” narahtlığımı gizlədə bilmədim.
-Aysu, bu axşam qorxudan bir dəqiqə çimir eləməmişəm. Haradasa toplar guruldayırdı, elə bil döyüş gedir.
-Nə, top səsləri? – maraq üstün gəldi.
-Hə, top səsləri. Bəlkə də göy guruldayırdı, amma mənə elə gəldi ki, topun nərəsidir.
Gəlinbacım eşitdiklərini olduğu kimi danışandan sonra mən də yuxumu ona xatırlatdım. O da təəccüb içində məni dinləyirdi. Bu yuxu idi, yoxsa həqiqət, hələ də anlaya bilmirdim.
Ürəyimə dammışdı ki, müharibə tezliklə başlayacaq, amma haçan?! Daha dəqiqini oradan öyrənəcəyimi düşünərək gəlinbacımla sağollaşıb televizora tərəf qaçdım. Xəbər vaxtı idi. Əks hücum əməliyyatının başlandığını eşidəndə əmin oldum ki, zənn etdiklərim göylərin fırtınası deyil, topların tüğyanıymış.
Xəbərlər proqramı sona yetməkdə ikən aparıcının simasında sanki günəş doğdu. Deyəsən xoş xəbər almışdı cəbhədən. Sevinc qarışıq böyük bir həyəcan duyulurdu hərəkətlərində. Bir neçə kəndimizin düşmən caynağından azad edildiyini eşidəndə fərəhimdən yerə-göyə sığmırdım. Sevinclə qəhər boğazımda düyünləndi. Özümü ələ almağa çalışsam da, bacarmadım. Artıq göz yaşlarım danışırdı. Divardan asdığım bayrağı öpüb gözlərimə sıxdım. Bayraq mənim sevinc ortağım oldu…
Müəllif: Aysu TÜRKEL
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru