SÜLEYMAN ABDULLA. YOL VAR, YOLÇU VAR…

YOL VAR, YOLÇU VAR…

Yolçuluq haraya?…
Haray salma, dost!
Bütün küçələrin bir çıxışı var,
Həlim baharı var, quduz qışı var…
Bir son mənzili var bütün yolların.
Olur ki, arada enirsən pəsə,
Sürəkli zili var bütün yolların;
Getmək və bir daha geri dönməmək!

Bu nə su səsidir?
Susub da dinlə!
Gör necə susayır adam həyata,
Nə könlün istəyə, nə əlin çata…
Bütün axınların birdi məcrası,
Vaxtın axarından qurtulmaq olmur…
Bizimki bir ömür qasırğalardı,
Tanrının üzünə ağ olmaq olmur;
Düşmək və qərq olmaq fırtınalarda!

Bəs bu nə göz yaşı?
Yaşlanır adam!
Nə var bu dünyada əbədiyaşar?
İtkini, azğını…
varoğlu var, var…
Bir ucu olumdur, bir ucu ölüm,
Bir kəməndlik ipdir dolaşıq düşən.
Hər yaxşı olanın bir bəd sonu var,
Zülmətə batacaq o işıq düşən;
Çin çıxmaz dənizə söylənən yuxu!

Axı bu nə yoldu?
Yolma saçını!
Yolçu var, yoldaş var, yolun daşı var,
Hərəsi bir cürə baş ağrısıdır.
Adamı cəzb edən təkcə ürək yox,
Yaddaş ağrısıdır,
daş ağrısıdır.
Dabana tüpürmək asan iş deyil,
Ağrıyar ayağın xıra düşəndə…
Bir də var əl yeri…
tutanaqları,
Qopara düşəndə, qıra düşəndə;
Qəzası başqadır olacaqların,
Ağrıma, dostum!

20.10.2023.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir