Musa Aslanxanlı – Ədəbi mühit haqqında xatirə

Bir xatirə… Səməd Vurğun məqalələrinin birində:“Mən şair Əhməd Cəmilin şeir rübabını dinləyirəm. Bu rübabın tellərindən qopan zərif və mənalı nəğmələr nə qədər dadlı və təbiidir… Bunlar saf dağ çeşmələri kimi şırıl-şırıl axır, ilk baharın gülləri kimi ətir saçır” -yazırdı. Həmin şairi- Əhməd Cəmili xatirladim.

Şəkildə “Ulduz” jurnalının redaksiyasında Əhməd müəllimin ətrafına yığışmışıq.Ustad şairlərimizin ruhu şad olsun.Mən o vaxt AYİ-da bir şöbədə işləyirdim. İttifaqın nəşrlərinə köməklik göstərən, onların vaxtlı-vaxtında çapına nəzarət edən şöbə idi. Əslində iş elə qurulmuşdu ki, bizə çox ehtiyac olmurdu.Şöbədə iki nəfər idik. Musa Yaqub müdir idi, mən işçi. Musa müəllim ədəbiyyatı təbliğ birosu xətti ilə, ya elə özünün bir işi ilə bağli çox vaxt rayonlarda olurdu.Mənə də tapşırığı beləydi ki, birdən iş olar, bir tapşırıq olar, heç olmasa ikimizdən birimiz iş yerində olaq. Əlbəttə, mən o tapşırığa əməl etməli idim. Getməli bir yerim olsa, icazə almalı idim. Ciddilik vardı…
Bir səhər mənə xəbər verdilər ki, Əhməd müəllim sizi çağırır. Əhməd müəllim bəzən xəstə-xəstə işə çıxırdı,onunla ünsiyyətdə bunu nəzərə almalı idik. Getdim, görüşdüm. Əhməd müəllim məni çox nikbin, mehriban qarşıladı.Hal-əhval soruşdu. Nəcib,qayğıkeş, əslizadə insan idi… Sözü,cümlələri dupduru…Kiminsə xətirinə dəyməsin deyə, səsi,tələffüzü,intonasiyası da yatımlı…
-Sənə tapşırığım olacaq-,dedi.
-Buyurun.
-“Ulduz” jurnalının çapı gecikir, mən də zəng etməli yerlərə zəng etmişəm, demişəm, hələ ki bir nəticə yoxdu. Sən bu işlə bir maraqlan.
Sağollaşıb, çıxdım.Əhməd müəllim mənə iş tapşırıb,məni ruhlandırıb… Sonradan fikirləşirəm, bəlkə də onun məqsədi elə bu imiş…

Jurnal həm də Azərbaycan LK MK orqanı idi. Məsələ ilə bağlı əvvəl həmin ünvanda oldum, orada müvafiq şöbədə işləyən tanınmış imza sahibi, diqqətəlayiq şeirlərin müəllifi Məmməd Muradla görüşdüm. ( O sonralar Murad Baykal imzası ilə tanındı)
Murad müəllimə fikrimi belə çatdırırdım ki, problemlər yarananda birlikdə hərəkət etməli, o problemi aradan qaldırmalıyıq…
O da nəşriyyata zəng etdi. Mətbəədəki vəziyyətlə maraqlandı… Tapşırıqlar verdi…
Mən sonra nəşriyyata getdim, orda da məsul şəxslərlə görüşdüm. Mümkün qədər çalışıb, nəşri tezləşdirmələrini xahiş etdim.
Səhərisi gün işə gələndə Əhməd müəllim mənə təşəkkür etdi:
-Yaxşı eləmisən, gedib onları bir silkələmisən, hərəkətə gətirmisən…
….Ancaq səhhətimə görə mən şəhərdə-o iş yerində qala bilmədim. Kəndə qayıtdım…
Səhhətimdən danışmışkən, Səyavuş Sərxanlının kənar tərəfində oturan şəxsi, rəhmətlik Vidadi Məmmədovu xatırladım. Çox istedadlı adam idi, ancaq demək olar ki, yazmadı, mənim yadımda bir hekayəsi qalıb. Az danışardı,ancaq ortaya gələn hər hansı bir məsələni aydınladan sərrast fikirlər deyərdi…. Yaddaşlarda qalan eyhamları, atmacaları da olurdu. Bir dəfə də məni hədəfə aldı.
Günortadan sonra redaksiyada çox vaxt şahmat oynayırdılar. Bəzən mən də orda olurdum. Deməli, başıma yay gününə uyğun ağ panama qoymuşam. O panamalar da cavanların yox, əsasən, yaşlı adamların başında olur. Vidadi bir-iki dəfə mənə baxandan sonra:
-Musa müəllim də böyüklərin sırasında addımlayır, panama elə belə deyil…
Bilmədim nə deyim. Ona münasib elə cavab vermək lazım idi ki, əlavə bir sözə imkan yaranmasın. Ramiz Rövşən də ordaydı, oyuna baxırdı, o atmacaya Ramiz Rövşən cavab verdi:
-Musa müəllim o panamanın altında özünü, sağlamlığını möhkəmləndirir…
Çox düzgün cavab idi…
Bu şəkildə olanlardan dünyasını dəyişənlər var. Ruhları şad olsun. Həyatda olanlara möhkəm cansağlığı arzulayıram.

Mənbə: Musa Aslanxanlı

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir