Kirman Rüstəmli yaradıcılığından bir yaşıl yarpaq – Təbrik!

Kirman Rüstəmli – 75

Kirman Rüstəmli yaradıcılığından bir yaşıl yarpaq.

(Doğum günü münasibətilə)
Kirman Rüstəmli Hüseyn oğlu 1948 ci ilin soyuq bir qış gecəsində Qədim Naxçıvan torpağının Cəhri həndində dünyaya göz açmışdır.Çoxuşaqlı ailədə böyüyən Kirman uşaqlıq vaxtlarında anasından eşitdiyi laylalar , oxşamalar,nağıllar onu ədəbi mühitə səsləmişdir. Müharibədən əlil gələn atasının qayğıları , ailə çətinliklərini bu qarayanız oğlan atasına yaxından kömək etməklə bərabər oxuduğu məktəbdə ədəbiyyat dərnəklərində iştirak edir,divar qəzetlərinə məqalələr yazırdı .O ,ayı illərə calayaraq qəlbində baş qaldıran yaradıcılıq arzuları ilə ədəbi mühitə 1972 ildə “Şərq Qapısı”qəzetində işıq üzü görən”Müharibə” adlı şeiri ilə gəlmişdir.
Əli təbaşirli, dili Vətən nəğməli olan Kirman müəllim NaxçıvanPedaqoji texnikumunda oxuyarkən təhsilini yarımçıq qoyub hərbi xidmətə getmiş,,1969 cu ilin sonunda ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmişdir.Pedaqoji məktəbin divar qəzetlərində kiçik həcmli şeirlər yazmış,Naxçıvan şəhərində keçirilən ədəbi yığıncaqlarda dinləyici kimi iştirak etmiş, söz ustadlarından örnək olaraq gələcək yaradıcılıq yoluna ilk ədəbi izlər salmışdır.Ali təhsil almaq üçün Naxçıvan Pedaqoji Universitetinə imtahan verərək qəbul olur, ali məktəbi müvəffəqiyyətlə bitirib pedaqoji fəaliyyətini davam etdirir.
Şərəfli müəllim ömrü yaşayan Kirman Rüstəmlinin yaradıcılığında Vətən, torpaq,yurd sevgisi,təbiətin əsrarəngiz gözəlliyi ,saf məhəbbətin tərənnümü, müəllim kimi yetirmələrinə olan sonsuz qayğı bir omür onunla qoşa addımlamışdır.Şairin “Şərq Qapısı”, “Oxu məni”, “Hürriyyət” ,”Haqqın səsi” və sairə qəzetlərdə işıq üzü görən şeirləri, “Türk dünyası şiir seçkisi” kitabında (ASKEF-Türkiyədə çıxıb) “Vaqif Məmmədov xatirələrdə” (Elm və təhsil- Bakı 2017) “Göyərçin əllər”poetik toplu(Elm və təhsil-Bakı 2018) və sairə kitablarda çıxan əsərləri Naxçıvan ədəbi mühitində yeni bir imzanın gəlişindən xəbər verir. Onun yaradıcılığında “Dünya” , “Bu köçün mənzili haradır, belə?”” “Səni özümə tanrı bilmişəm” ,”Ocağında kül oldum”,”Bakı sabahın xeyir” “Xal”,”Gedirəm”,”Məni qınama ana”,”Bənövşəm””Sədərəklilər” və sairə belə onlarla şeirlərin rəngarəng mövzusunun əsasında vətənpərvərlik, yurd sevgisi , saf məhəbbətə inam, təbiət, sirli soraqlı dünyanın bu günü və sabahı durur. Şairin “Bura Bakıdır”,”Bu köçün mənzili haradır, belə?””Qoy dərdimi yuyum, adam” ,”Sədərəklilər” şeirlərində və sairə əsərlərində vətənpərvərliklə yanaşı torpaqları zaman-zaman bölünmüş, zorla alınmış Göycə, Zəngəzur, Borçalı, Qarabağ və sairə ərazilərinin yad əllərə keçməsinə , əliyalın xalqa qarşı törədilən haqsızlığa etirazı verilir.Onun “Qoy dərdimi yuyum, adam”əsərində:
Torpaq da güllədən yara alarmış,
Qalxanı yoxdur ki sipər eyləyə.
Dağım da, daşım da yaralanarmış,
İmdad diləyirlər, mən yandım deyə.

-Əliyalın bir xalqın harayını dünyanın sülhsevər insanlarına çatdırmaq istəyir. Şair, “Bu köçün mənzili haradır,belə?” “Vətənimdə vətənsizəm”” və s. Şeirlərində bir əsrdə üç dəfə departasiya olan,od -ocağından qovulan qaçqın və köçkünlərin acı taleyini ürək ağrısı iıə təsvir edir:

Toplayıb illərin ağır yükünü,
Unudub əslini, soyun , kökünü,
Keçirib başına qara börkünü,
Tökülüb yollara verib əl- ələ
Bu köçün mənzili haradır , belə?

Şairin poetik dünyası bütün türk torpaqlarını gəzir.”Harada haqqsızlıq var, orada ədalətin ölümü var,”- deyən Kirman Rüstəmli təklənən xalqının itirilmiş torpaqlarının geri qaytarılmasına olan inam hissinin ölməsindən,məhəbbəti bənövşə ömrü yaşamış qarayaylıq gəlinlərin fəryadında,anaların vaxtsız ağaran saçlarından ürək ağrısı ilə söz açır , hətta, sülhsevər insanlarla bərabər səmalardan da bu haqqsızlığa etiraz gözləyir.

Hər gün itiririk inam hissini,
Analar saçına həna yaxmayır.
Göylərə yüksələn nalə səsini,
Səma da dinləyir, niyə çaxmayır?
Misri qılıncları ilə əsrlərə səs salan oğulları haylayır.”Bu gün vətənə döyüşən oğullar gərəkdir”ideyasını gənclərə aşılayan, yaşlaşdığı üçün öz varlığından küsən şair:
Misri qılınc qından çıxmır, deyəsən,
Kişi ol ki, dəbilqəni geyəsən,
Axı, neçə ildir qəzəbini yeyəsən?
Vuran qolum taqətindən düşüb, oy,
Öz varlığım varlığımdan küsüb, oy.

Şuşada–Cıdır düzündə at oynadan paşinyanları lənətləyir,

Cıdırımda at oynadır yağı, oy,
Biz itirdik yurdu, Qarabağı,oy.
Bu misralar şairin milli oyanışa, birliyə çağırışıdır.
Səngərlərdə yaşa dolan, sinəsini düşmənə sipər edən oğulları alqışlayır.
Səngərdə yoğruldun, sən əsgər oldun,
Müqəddəs torpağa qoydun başını.
Savaşda böyüdün, sən yaşa doldun,
Qorudun Vətəni, vətəndaşını.(Şəhidlik)
Üçrəngli bayrağın Ümumimilli lidrimiz H.Əliyev tərəfindən yenidən Naxçıvan MR Ali Məclisinin binasıı üzərində dalğalanması ilk müstəqil dövltimizin banisi M. Ə. Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” ideyalarının yenidən qayıdışını alqışlayan şair “Bayrağım” şeirində M.Ə.Rəsulzadənin obrazını sevərək yaşadır, əbədiləşdirir.
Bu torpağın mayasından yoğrulub,
Anasından oğul aslan doğulub.
Hər qarış torpağın şəhidi olub,
Müstəqil dövlətəm bu gün cahanda,
Üçrəngli bayrağam Azərbaycanda.
Və ya:
Şərqə mən gətirdim hürriyyətimi,
Tanıtdım dünyaya Cümhuriyyətimi.
Ürəkdən gələn hər şeiriyyətimi,
Mən yazdım Günəşin erkən çağında,
Üçrəngli bayrağam Azərbaycanda.
Şair yaradıcılığında milli etik adət-ənənələrimizi , doğma yurda bağlılığı, xüsusən də unudulmaqda oan “Səməni”halvasını dadından söz açır, el qızlarının gözəlliyindən, kənd toylarındakı el adətlərinin təsvirini bədii və poetik dillə verərək keçmişimizi bu günə calayır, ona əbədiyaşarlıq verir, onları gələcək gənclərimizə ərmağan edir.

Xatirə kövrəkdir,yaz bunu qələm,
Necə də əzizdir o günlər mənə.
Keçmışim yaddaşda canlı bir aləm,
Mən hələ borcluyam dünənim, sənə.

“Kəndim”şeirində “Naxçıvan tarixində sayılıb seçilən oğulları ilə əsrlərə səs salan doğma Cəhri kəndinin bədii obrazını yaradan şair, kənddəki el adlarını- toponimləri əbədiləşdirir; –
Dağın Çalxan Məkkəz dayaq,
Heç dəymədi yad bir ayaq,
Mümkün deyil səndən doymaq,
Cəhri kəndim, Cəhri kəndim….

Ömrüm burda gəlib keçdi,
Bir qızı da könlüm seçdi,
Sənsiz yaşam mənə heçdi,
Cəhri kəndim, Cəhri kəndim.

Özünə məxsus poetik ifadələr, bədii təsvir,ifadə vasitələrindən məhartlə istifadə edən Kirman Rüstəmli “Odlayaqmı” ,Gülüm,yarımsan”,”Qadın”,”Yanındayam mən”,”Xallısan”,Dəlisən ki , dəli”,”Səni seçmişəm”,”Ocağında kül oldum”və s. .şeirlərinin əsasını saf məhəbbət, əhdə vəfa, qadına hörmət, anaya ehtiram və s. .insana məxsus sevgi motivləri tutur.

Qar kimisən, yanaqların allanıb ,
Kim bəzəyib yaradanda de , səni?
İpək saçın sal deyincə sallanıb,
Gözə gələr baharında de səni.

Bir səyyah kimi Naxçıvan torpağını gəzən, onun əsrarəngiz təbiətinin sirli soraqlı diyarından zövq alan Kirman Rüstəmlinin “Bənövşəm” şeiri çox lakonik əsərdir. Ilk baharın müjdəsi olan bənövşəyə xitabla :
Adın çəkməm nərgiz məndən inciyər,
Yaz gəlməsə qar altında linciyər,
Səni kimsə dərər, tez mənimsəyər,
Qan ağlaram, xstə ollam bənövşəm.

Gülləri dər, dəstə dəstə dəstələ,
Mahnı düzəlt,sən onları bəstələ,
Yalqız qalma, hərdən məni də səslə,
Nərgizimdən soraq verim , bənövşəm.

Azərbaycan ədəbiyyatının milli vəzni olan qoşma janrından gözəl əsərlər yazan şair , həmçinin, bayatı və sərbət mövzularda da qələmini sınamışdır.O, öz əsərləri ilə nəinki Naxçıvan mühitində, Cənubi Azərbaycanda və tük dünyasnda da çoxlu oxucu rəğbəti qazanmışdır. Təbii ki, Kirman Rüstəmli yaradıcılığı getdikcə püxtələşir, bitkinləşir, mövzu rəngarəngliyi artır.O, ustad pedaqoq , yaradıcı şair kimi Vətən, el, xalq arasında mənəvi borcundan bəhrələnərək yazıb yaradacaq , öz oxucularını yeni əsərləri ilə sevindirəcəkdir.

Ümbülbanu Həsən qızı Musayeva.
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi.
Azrbaycan jurnalistlər birliyinin üzvü.
Publisist- yazıçı.

26.12.2019.
Şərur şəhəri.

KİRMAN RUSTEMLİNİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir