Qurban Bayramovdan Ekskluziv düşüncəli təbrik…

Poeziyanın Simurq quşunun üstündə sənət zirvəsi yolçuluğunda olan vətənkeş şair – Yusif Nəğməkar…
(Ekskluziv düşüncəli təbrik…)

Müasir mərhələdə Azərbaycan хalqının milli-ictimai düşüncə, əхlaq və mənəviyyat, bədii təfəkkür və intеllеkt siferasına məxsus sənət adamlarından biri də, şair, publisist, jurnalist Yusif Nəğməkardır… Onun qanadlı və rоmantik
vətəndaşlıq amalı, bədii-еstеtik və fəlsəfi idеala хidmətdə miqyaslı məkanda yer tutmaq bacarığı, milli mеyarlar və hüdudlar aləmindəki mövqeyi Yusif Nəğməkarı ədəbi cameənin sevimlisi etmişdir… Bir şeirində dediyi kimi:

Məni axtarmayın, məndə deyiləm,
Bir dağam, günəşim, çən-çisginim var.
Hər kəsə yaxınam, gendə deyiləm;
Sizin hərənizdə bir məskənim var.

Bu misraları Yusif Nəğməkar yaradıcılığının kredosu hesab etmək olar, əslində də belədir… O keçən əsrin 60-ci illərin ortalarından – 1966-cı ildən başlanan yaradıcılığı ilə doğrudan da hər kəsə yaxındır, oxucularının qəlbində öz məskəni olan şair-ədibdir…
Yusif Nəğməkar 20-dən çox ədəbi-bədii – poetik kitabın, deyərdim ki, bəlkə də mindən çox şeirin müəllifidir. Elə bilirəm ki, bu yaradıcılıq bəhrəsini bir yerə yığası olsa 10 cildlik “Əsərlər”, şübhəsiz ortadadır…
Yusif Nəğməkar (Mədətov Yusif Məhiş oğlu) – şair-publisistdir. Aran uşağıdır, yovşan ətrli çöllərdə, tərəkəmə ellərində – Beyləqan bölgəmizin I Aşıqlı kəndində, dinə-imana tapınan ziyalı bir aiədə 1955-ci il, iyunun 15-də anadan olmuşdur. “Bədi əz-zaman” (“Zamanın möcüzəsi”) adlandırılan Məsud ibn Namdarın (Beyləqani) (XI), Xaqanidən təbli şair hesab edilən Mücirəddin Beylaqaninin (XII), Şəmsəddin Zəki ibn Hüseyn ibn Ömər Beyləqaninin (XIII) yerlisi, müasir mərhələdə – XXI əsrdə Beyləqanilər irsinin, Beyləqanilər nəslinin, deyərdim ki, ləyaqətli davamçısıdır – Yusif Nəğməkar…

Beyləqanım – bal sözüm,
Doğmaca, halal sözüm.
Babaların gur səsi,
Kökümün göyərməsi.

…Baş qaldırdı yer altdan,
Qürurum – Örənqalam.

…Mərd yuvam, ərən qalam.
Qaragöz Qarabağın
Göz üstündə qaşıdı,
Vətən gözlərin aydın –
Beyləqanım yaşadı.

Aşıqlı kəndində səggizillik məktəbi (1961-1969), Beyləqanda orta məktəbi (1969-1971) bitirmişdir. Uşaq yaşlarından poeziyaya həvəs göstərmiş, 5-ci sinifdə oxuyanda “Çıxıbdı” adlı şeiri Beyləqanın (o vaxtlar Jdanov rayonu adlanırdı) “Yüksəliş” qəzetində çap olunmuşdur. Orta məktəb illərində yazdığı şeirlərin bir çoxu “Sürət” (Ağcabədi), “Qızıl ulduz” (İmişli) və digər rayon qəzetlərində işıq üzü görür…
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində ali təhsil almış, bununla yanaşı jurnalistika kursunu da bitirmişdir (1973-1977). Bir müddət (1977-1983) dil və ədəbiyyat müəllimi işləmiş, sonra Bakıya gələrək jurnalistika sahəsində fəaliyyətə başlamışdır. Xeyli müddət əsas iş yeri Azərbaycan Televiziya və Radio Verilişləri komitəsi olmuş, burada müxtəlif vəzifələrdə çalışmışdır (1983-2006). Yusif Nəğməkar AYB-nin “Qılınc və qələm”, Rəsul Rza və Şahmar Əkbərzadə adına Beynəlxalq Ali ədəbi mükafatlar laureatıdır. O, hazırda qeyri – neft sektoru sahəsində – Azərbaycan Sənaye Korporasiyası “CTS Agro”MMC-nin mətbuat katibi vəzifəsində çalışır.
Respublika miqyaslı, əsaslı bədii yaradıcılığa 77-ci illərdən başlamışdır. Burada – Bakıda ilk mətbu şeirləri xalq şairi Rəsul Rzanın “Uğurlu yol” xeyir-duası ilə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuşdur. Dövri mətbuatda bir müddət şeirlərini “Yusif Mədəd”, sonra isə “Yusif Nəğməkar” imzası ilə çap etdirmişdir. Ağdamda keçirilən respublika xalq yaradıcılığı festifalının laueratıdır (1981). Bütün simli alətlərdə (saz, tar və skripka, hətta, fortepianoda) virtuoz ifaçıdır, qarabağlılara məxsus yatımlı səsi var…
Bunu da təsadüf hesab etmirəm ki, Yusif 1981-ci ildə Agdamda keçirilən Xalq yaradıcılıgı Festivalının qalibi olmuşdur. Bu keyfiyyəti ona bəstəkar və müğənnilərlə daha səmərəli əməkdaşlıq etməyə imkan yaratmış, onu oxucu və musiqisevənlər arasında sözlərinə çox sayda mahnılar yazılmış populyar bir şair kimi tanıtmışdır. 1987-ci ildə şerlərinə bəstələnmiş mahnılardan ibarət audio kaset-albom qardaş Türkiyə Respublikasında, 2004-cü ildə isə həm poeziya, həm musiqi sahəsindəki “Yusif Nəğməkar sənətinin sehrində”adlı disk və audio kaset-albomu isə “Səbuhi” studiyasında işıq üzü görür.
İlk şeirlər kitabı “Sazın işığında” (1984) adlanır. Sonralar “Bilsəydim ayrılıqdır”, “Mənə azadlıq verin”, “Alın yazım”, “Zal ağacı”, “Vəslin edamı”, “Çingiz çini”, “Bəsirət gözəli”, “Sevgim – mələklər yuxusu”, “Qələm səsi”, “Sizli”, “Şər şənbə”, Xalq artisti Niyaməddin Musayevə həsr olunan “Ah-Naz – “Şahnaz”, “Oxu, bülbül”, “Adillik”, Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Bəxtiyar”, “Beyləqan”, “Haqq yolçusu, haqq carçısı”, “Qurbannamə”, “Haqqın Qurbanı”, “Güllər atılmasın”, “Altmışın yuxusu”, “Sevgi məbədi”, “Nizami demiş…” və s. şeirlər və poemalardan ibarət kitabları çap olunmuşdur.
Maraqlı publisist yazıları ilə də diqqətdə olmuşdur… Onun Baykal-Amur magistral tikintisində çalışan azərbaycanlılara həsr etdiyi “Ulkana uçan Zümrüd quşu” (1984) publisist silsiləsi, Sibir çöllərinə sürgün olunan repressiya qurbanları
həmyerlilərimiz barəsində “Bizim ellər yerindəmi?” silsilə tele-verilişləri rəğbətlə qarşılanmışdır.
Onun poeziyası, bədii-publisist yazıları Respublika və Türkiyə, Orta Asiya Respublikaları və digər xarici ölkələrin mətbuat orqanlarında müntəzəm çap olunmuş və olunmaqdadır. Yusif Nəğməkarın sözlərinə bəstəkarlarımız tərəfindən onlarca nəğmələr bəstələnib və onların əksəriyyəti dillər əzbərinə çevrilmişdir. Respublikanın xalq artitsti Niyaməddin Musayevin bəstələyib ifa etdiyi Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “El atası”, “Qurtuluş nəğməsi”, Azərbaycan prezidenti cənab İlham Əliyevə həsr olunmuş “Azərbaycan prezidenti” təkin xalq arasında məşhurlaşmış və Azərbaycan radiosunun daimi – “Qızıl fond”una daxil edilmiş nəğmələrin söz yazarı da Yusif Nəğməkardır…
Onun dünya ədəbiyyatından tərcümələri olduğu kimi, əsərləri də dünya xalqlarının dillərinə tərcümə edilmişdir. O, 2015-ci ildə Çanakqala zəfərinin 100 illiyi münasibətilə Türkiyənin Bakıdakı Böyükelçiliyi ilə AYB-nin birlikdə keçirdikləri ədəbi müsabiqənin qalibi (“Çanakqala-Türkə qala” poemasina görə) olmuşdur. Həmçinin o, məşhur “Azərbaycan, Türk bayrağı” şeirinin müəllifidir. Bu şeir Türkiyədə Mehtərlər marşı üstə bəstələnərək Türkiyə Böyük Xorun ifasında lentə alınıb və türk dünyasında böyük dinləyici auditoriyası qazanıb…
Azərbycan Yazıçılar Birliyinin (1995), Azərbaycan Jurnalistlər Birliyinin (1989), Dədə Ələsgər Cəmiyyətinin, Qazax Xeyriyyə Cəmiyyətinin Fəxri üzvü, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvüdür, “Qılınc və qələm”, Rəsul Rza adına Beynəlxalq ali ədəbi mükafatlar laueratıdır (2004).
Bu əsərləri, kitabları, şeirləri, nəğmələri ilə oxucuya ürəyini açan, yurddaşlarına, dərddaşlarına köynək-köynək, göynək-göynək yaxın olan, doğma olan şairdir Yusif Nəğməkar… Yusif Nəğməkarın əsərlərində əsas qəhrəmanlar azadlıq, bütövlük, özgürlük uğrunda mübarizə aparanlar olsa da, onun mövzuları, ideya-estetik maraq dairəsi daha genişdir. Onun şeirlərinə misallar: “Yanıq Kərəmi”yə oynama, “Sən şeir yazmağı tərgit, Füzuli”, “Ay qatar!”, “Səndən özgəsini sevə bilmirəm”, “Xudafərin körpüsü”, “Kişilər aldanır göz yaşlarına”, “Gözəllik müsabiqəsi”, “Qıpçağım- Oğuzum”, “Ata-Ana dilimiz”, “Araz”, “Bitər-Bitməz”, “Suqovuşan”, “İstedadsız”, “Nə baxışlar idi…”, “Həyat müşgülü”, “Künc” (avtoportret), “Keşiyində durmuşam” və s. bu qəbildən onlarca şeirləri…
Yusifin xoşum gəlməyən, məni qane etməyən bir şeri, bir misrası belə yoxdur… Amma nədənsə (nədənliyini özüm də bilmirəm) onun “Bəsirət gözəli” (2012) şeirlər kitabı həmişə mənim stolüstü kitablarım sırasındadır… Yəqin, bu, Yusif Nəğməkarın bəsirətli şair olduğu qənaətimin dönməzliyindən gəlir…
“Bəsirət gözü” anlayışı məlum-məşhur anlayışdır, amma “bəsirət gözəli” anlayışına ilk dəfə idi ki, bu kitabda rast gəldim. Bəri başdan deyim ki, Yusif Nəğməkar axtarıcı qələm əhlidir, yeniliyi, orijinallığı sevəndir və onun ədəbi dilimizə gətirdiyi xeyli belə, yeni, təzə, “qayçıdan çıxma” anlayışlar, obrazlar, bənzətmələr, ifadələr, hətta şeirə düşməyən, ədbi dildən çıxdaş edilən arxaizmlər, tarixizmlər mövcuddur. Və mən bunu sözarası xatırlatdım…
Məni aurasında saxlayan “Bəsirət gözəli” şeirlər kitabı müəllifin şəkilaltı verdiyi bu misralarla açılır, özü də şairin öz xəttində, altında da öz imzasıyla (bunun da mənası var) :

Ömür azdır, lap yüz de;
Tanrı yarı bölməsin!..
Diriykən elə söz de,
Ölümünlə ölməsin.

Onun digər kitablarını da vərəqləsəniz, oxusanız, onun söz dünyasına, şeir aləminə, duyğular dənizinə dalsanız görərsiniz ki, bu bənddə, bu misralarda deyilən mətləb onun poetik, bədii-estetik amalıdır, kredosudur… O, ölümsüz söz eşqiylə yaşayır, yaradır…
Müasir Azərbaycan ədəbiyyatının – poeziyasının tanınmış, zəhmətkeş və fədakar nümayəndələrindən biri, hər bir əsəri ilə hadisəyə çevrilən, “təbinin odunu söndürəcək”(Mücirəddin Beyləqani – XII əsr) hər şeyə qarşı çıxan, özünəməxsus, “minnətsiz” şair ömrünün daşıyıcısıdır Yusif Nəğməkar…
Bir də, onu deyə bilərəm ki, bəzi “yenilikçi” yazarlardan fərqli olaraq, ədəb-ərkana ciddi fikir verən qələm sahiblərindəndir, o!. İntim çılpaqlığı, bayağı ehtirasçılığı bilmərrə, əsla sevməz. Kənd saflığı, dağ vüqarı, bulaq sərinliyi, çay harayı var Yusifin əsərlərində. Yazılarında bəzən publisistik yön ifratlanır. Bu da onun jurnalist fəaliyyəti ilə bağlıdır, təbiidir. İki üslubun qovuşuğunda gerçəkləşir onun fikirləri, duyğuları…
O, canında azərbaycançılıq yanğısı daşıyır. Nə qədər səbirli, təmkinli olsa da, yeri gələndə bir çınqıya bənddir ki, o yanğının alovunu görəsən. İstər şeirlərində, istər söhbətlərində, istərsə də sinəsinə basdığı sazın “Yanıq Kərəmi”sində!! Bu baxımdan, Yusif Nəğməkar, yeni təbircə – Vətənkeş şairdir!!
Onun qələmindən çıxan sözlər, duyğular böyüyə-böyüyə böyüyüb, inkişaf edib, dəyirman atı təkin dairə boyu hərəkət etməyib, Alapaça təkin söz cıdırında üfüqlərə doğru şığıyıb… Özü də torpağa, Vətənə, insana qədir-qiymət yükü daşıyır… Onun şeirləri həyati məna yükü ilə yüklüdür, uyumludur, duyumludur… Onun poeziyasının hərarətində, yovşan ətrində, qoxusunda Vətən, Vətəndaş – İnsan və torpaq yaşayır! Onun öz təbirincə desək: “Qələmin səsinin diapozonu xalqın səsinin diapozonuna uyğun olanda, o səs ictimailəşir və insanlar sevinəndə də, kədərlənəndə də, düşünəndə də, mübarizə aparanda da, o səsi dinləməyə ehtiyac duyurlar.”
Yeri gəlmişkən, onu da xatırladım ki, mənim üçün ən marqlı əsərlərindən biri də, diqqətimi cəlb edən, qələm dostlarımın stolüstü, göz qabağında olan bərcəstə kitablardan olan, onun “Qələmin səsi” (2014) adlanan kitabıdır və Yusif Nəğməkarın poeportretinin müəyyən cizgilərini bu topluda daha qabarıq görə bilirəm…
“Qələmin səsi!” yaxşı, orjinal tapıntı-ifadədir! Əslində qələmin səsi yoxdur, heç kağız üstündə gəzdirəndə xışıldamır da! Amma Yusif Nəğməkar səssizliyin səsini eşidə bilən şair olduğundan qələmin də səsini eşidə bilir! Qələmin səsi – S Ö Zdür. Yaxşı S Ö Zdür! Yusif Nəğməkar da bir şair kimi yaxşı söz sahibidir, daha doğrusu, söz xridarıdır! Qələminin səsini ruhunda, təbində eşidən şairdir!
Özü bu barədə yazır: “Mən fikrimin səsini təbimdə, ruhumda hazır olandan sonra qələm vasitəsiylə kağızın sinəsinə çırpıb qulağına pıçıldayıram. Bu prosesdə qələmin qeyri-adi səsini duyuram. Heç bir musiqi sədası, heç bir çağrış, heç bir əzizləmə mənim üçün o həniri əvəz edə bilməz. O hənrin aurasında mən nizamlı, dolu və güclü oluram.”
Bax, budur şair psixologiyası! Bax, budur şairin yaradıcılıq mətbəxinin sirri! Həmçinin, şairin poeportretinin mühüm cizgilərindən biri… Onun poetik amalında məmləkətin bu başı – o başı, bölgüsü yoxdur. Bir meyarı var Bütöv Azərbaycan – Müstəqil Azərbaycan – Azərbaycan dövlətçiliyi… Bundan kənar nə varsa bu aləmdə ona dəxli yoxdur! Bu amala zərrə qədər, iynənin ulduzu qədər zərər gətirən hər şey ona bir dağ, həm də sinədağ görsənir, səsi, sözü, şeiri “Azərbaycan harayı”na çevrilir:

Azərbaycan bir qaladır – daşı bölünməz,
Bölünəsı halal ruzi-bərəkətidir.
Vüqarının, qürurunun yaşı bilinməz,
Azərbaycan – namusumun məmləkətidir.

…Təbriz, Dərbənd, İrəvanla Borçalı – ah-zar,
Münəccimmi qəm yolunu belə tən bölən?!
Torpaq yarı, Vətən yarı, düsturu: “yar-yar…”,
Bir millətin həsrətinə Araz – tənbölən!.

O qənaətdəyəm ki, Yusif Nəğməkarın sözü, şeiri belə bir ehtiyacdan yaranır…
Yusifin ciyərlərində dağ havası, öz təbirincə desək, “sözünün səsində” çay, şəlalə şaqqıltısı, ayna bulaqların zümzüməsi bərqərardır. Təbinin saflığı da ömrünün bir hissəsini (uşaqlıq və yeniyetməlik çağlarını) qoynunda keçirdiyi əzəmətli Kiçik Qafqaz silsilə dağlarından qaynaqlanır…
Yusif Nəğməkarın şeirlərində millətin baxtına çevrilmiş, ürəklərdə əbədi yaşayan və yaşaya biləcək hisslər, duyğular tərənnüm olunur. İnsanı ötəri, müvəqqəti yurda bağlayan heç nə bu şeirlərdə anılmır. Yalnız uzunömürlü, insanlığı qürrələndirən və onu yaşadan dəyərlər, poeziya naxışlarına, ilmələrinə dönərək Qarabağ xalısı toxuyur, şeir şəklində həqiqi mənəviyyat hadisəsi kimi üzə çıxır, ağ yola, ağ arzuya dönür, bütün məqamlarda milləti, xalqı ruhdan düşməyə qoymayan poetik duyğulara çevrilir… Bu şeirlərin hər biri məhəbbətlə, sözün həqiqi mənasında, Vətənini, yurdunu sevib-oxşayan bir insanın ən gözəl duyğuları ilə süslənib…
Xoşa gələn cəhətlərdən biri də budur ki, onun hər hansı şeirində düşüncənin təzyiqinə məruz qalması hiss olunmur. Şeirləri rəvan və oxunaqlıdır. Ən aydın,
duru, sadə, sadə olduğu qədər də hikmətamiz xalq ruhundadır. Bu şeirlərdəki bəndlər asanlıqla, cəmi bir-iki dəfə oxunmaqla yaddaşa köçə bilir. Həmçinin məni qane edən bir cəhət də, budur ki, şair görünənləri tamam fərqli anlayır, fərqli qəbul edir və ən ümdəsi, bu fərqliliyi fərqli bir tərzdə təqdim edə bilir.
Mənim qənaətimə görə, şair öz şeirinə, şeiri isə şairin özünə oxşayır. Yusif Nəğməkar da istedadlı bir şair kimi yaradıcılığı ilə bu postulatı təsdiqləyir. Elə ona görə də, pafossuz-zadsız “Mən vətənə oxşayıram” – deməyə onun haqqı çatır!
Doğrudan da belədir, Vətəninə oxşamayan şairi, loru dildə deyəsi olsaq, apar qaytar. Yusifin şeirlərini oxuduqça, kitablarını vərəqlədikcə, aşkar gördüm ki, Yusif Nəğməkar “Mən Vətənə oxşayıram” şeirində olduğu təkin bütün mənəviyyatı ilə Vətəninə – Azərbaycana oxşayır və bu şeirində o Azərbaycanın dərd yükünü şeir bükümünə çevirib:

Gözlərimdən həsrət baxır,
Mən Vətənə oxşayıram.
İçimdən qara qan axır,
Mən Vətənə oxşayıram.

Bənzərimdir yaz-qış bir az,
Otu bir az, daşı bir az…
Alnımın qırışı – Araz,
Mən Vətənə oxşayıram.

Bu qəbildən şeirlərində Yusif Nəğməkarın lirik “mən”i özünəməxsus
poetik həssaslığı ilə diqqəti çəkir. Bu da təsadüfi deyil, şair fitrətinin mühüm əlamətlərindəndir. Yusif Nəğməkar fitrətən şairdir və onun emosional duyğular axarı həmişə ictimai mühitə yönəlik olduğundan istər fərdi, istər təbiət, istərsə də cəmiyyət hadisələrindən nəşət edən duyğuları həmişə dinamik, fəal münasibətdə, hərəkətdə olur. Onun şeirlərindəki lirik dinamizm və romantik dalğalanma, havacat, ovqat da buna bağlıdır, buna yönəlikdir. Onun poetik obrazlarının hərəkətveici gücü-qüvvəsi özünün könül çırpıntılarından enerji alaraq lirik söz döyüntülərinə çevrilir.
Belə baxanda şeirin məlum, ənənəvi bir obrazlar sistemi var və şairlər bu sistemdən həmişə istifadə edirlər. Lakin bu sistem istedadlı şair qələmində yeniləşir, təzələnir, təravətlənir. Bu ondan irəli gəlir ki, istedadlı sənətkar bu obrazlara hələ işlədilməmiş yeni məna çalarları verir, onları yeni situasiyada işlədir…
Şeirin cazibəsi onun ifadə sadəliyindən, obrazlılığından, ahəngdarlığından, ritmikasından çox asılıdır. Bu məsələ hər şairdə alınmır. Yusifdə isə bu baş tutur. Onun sözlə davranış tərzi, bəli, məhz davranış tərzi mövcuddur. Elə bil o bir şair kimi sözlə, söz də bir şair kimi onunla dil tapır, bir-birlərini qəribə bir tərzdə duyurlar. Başqa sözlə, Yusif Nəğməkar sözə ehya verməyi bacarır, onun yeni məna çalarlarını, yeni ifadə tərzini tapır, lakonik təşbih və ibarələrdən istifadə edir, sözə yeni, ibrətamiz, heyranedici poetik yozumlar verməyi bacarır…
Qeyri-adi poetik ümumiləşdirmələr aparır, yeni məna yozumları əldə edir… Elə bu sənətkarlıq meyarlarına görə də, Yusif Nəğməkarın lirikasının əksər nümunələri “ovqat”, əhval-ruhiyyə, həm də düşüncə lirikasına çevrilir, təsirsiz ötmür, “Daş yağışı” şeirində olduğu kimi. Burdakı “daş” obrazı Əli Kərimin, Məmməd Arazın, Musa Yaqubun təxəyyülündə daşlaşan obrazın uğurlu, yeni yozumda, bənzərsiz davamıdır:

Başları daşa tutarlar,
Tutqu üşənmək üçündür.
Daşı daşlığa atarlar,
Baş ki, düşünmək üçündür.

…Göy kişnər daş harayından,
Bulud gözdən yaşlar yağar.
Ömrün qəflət sarayından,
Başımıza daşlar yağar…

Bu mənada Yusif Nəğməkarın şeirlərində daxili bir yanğı, daxili bir enerji onu həmişə dediyim ovqat səviyyəsində izləyir… Onun şeirlərinin axarında yolu yarpızlı, dumduru bulaqların şırıltısını, yovşanlı düzlərin meh dolu hənirtisini, Aran düzlərinin səmasında nizamla havalanan durnaların qaqqıltılı avazını, Xəzərin mavi ləpələrinin pıçıltısını, Salvartının, Qırxqızın, Dəlidağın zirvələrində, yamaclarında, dolaylarında qartal qanadlarının şaqqıltısını, Haramı düzündəki ceyran balalarının mələrtisini, bir-birini əvəz edən rəng çalarlarını duyur, hiss edir, hətta görə bilirik…
Yusif Nəğməkar anlam, düşüncə, yozum təbiətinə görə də birmənalı olaraq orijinal şairdir, düşünən və düşündürən şairdir. Hətta, maraqlısı odur ki, Yusif Nəğməkar özünə əsrlər boyu daşlaşmış, bütövləşmiş şeir formalarına, şeir şəkillərinə də orjinal yanaşmaq cəsarəti tapır. Bu isə səbəbsiz deyil… Əsas səbəb istedad və cəsarətdir, yaradıcılıq cəsarəti…
Yusif Nəğməkarın bir şair xoşbəxtliyi var, böyük planetlərin cazibə qüvvəsi böyük olduğu kumi onun poeziyası da intellektual oxucusunu cazibəsində saxlayır, təsir dairəsinə sala bilir… 70-ni haqlayan Yusif tam püxtələşmiş, müdrikləşmiş, sayılan-seçilən, lhamı həmişə Misri qılınc timsalında ovxarlı sənətkardır,sözün müstəqim mənasında sənətkardır…
Yusif Nəğməkar ədəbiyyata keçən əsrin 70-ci illərində yalnız sıravi oxucuların deyil, həm də “ədəbiyyat generalları”nın diqqətini cəlb edən, dəyərləndirilən şeirlərilə qədəm basmışdır. Beləliklə, Yusifin istedadı o qədər təbii və ləngərli idi ki, belə sənət korifeyləri – Mirzə İbrahimov, Rəsul Rza, Bəxtiyar Vahabzadə onu elə ilk addımlarından belə qiymətləndirdilər, sanki yeni bir istedadı kəşf etdilər, sənət yoluna çıxan gənc Yusifin arxasınca dum-duru su atdılar, ona uğurlar dilədilər…
Yusif də Yusif idi və elə ilk şeir kitablarından “Sazın işığında” (1970), “Bilsəydim ayrılıqdı” (1986) göstərdi ki, o, ədəbiyyata, poeziyaya təsadüfən yox, xüsusi missiya ilə gəlmişdir… XII əsrdə şeir-poeziya şahpəri ilə böyük Əfzələddin Xaqaninin, ulu Şeyx Nizami Gəncəvinin diqqət siferasına daxil olan Mücirəddin Belaqaninin yurdundan XXI əsrdə, 200 ildən sonra tamamilə yeni biçimdə, yeni förmatda, Türk və Avropa miqyasında görsənə bilən bir sənətkar ortaya çıxdı…
Bu mənada XX əsrin qüdrətli şəxsiyyəti Xalq yazıçısı Mirzə İbrahimovun gənc şairi dinlədikdən sonra fəhmikarlıqla, ilk görüşdəcə müdrikliklə dürüst müəyyənləşdirdiyi xarakteristikanı təsadüfi hesab etmirəm: “Şairlik Yusifin genində, damarlarındakı qanında, sümüyündə, iliyindədir” – demişdi. Bəli, doğrudan da, belədir – Yusif Nğməkar Mücirəddin Beyləqani babasının sənət aləmində olan bütün genoloji kodunun, ruhaniyyət iqliminin bütün qurşaqlarına məxsus durumunu fəxarət dərəcəsində mənəvi haqqı çatan daşıyıcısıdır… Bir tənqidçi-ədəbiyyatşünas kimi mən də bu qənaətdəyəm və kiminsə xoşuna gəlsin və gəlməsin deyə yox, deyirəm ki, Yusif Nəğməkar XXI əsrdə Beyləqani təxəllüsünü də fəxarətlə daşımağa tam haqqı olan sənətkardır – YUSİF NƏĞMƏKAR BEYLƏQANİ …
Yusif Nəğməkarın əsərlərində əsas qəhrəmanlar azadlıq, bütövlük, özgürlük uğrunda mübarizə aparanlar olsa da, onun mövzuları, ideya-estetik maraq dairəsi daha genişdir. Vaxtilə onun yaradıcılığını təhlil edərkən “Çırpdım söz qanadımı” Yusif Nəğməkar üçün və yaxud poeziyanın söz ətri” məqaləmdə yazmışdım: “Yusif Nəğməkar zərifliyi qoruyan şairdir. Onun üslubunda, şeirlərinin nüvəsində meditativlik həmişə üstünlük təşkil edir və fikrin profanasiyası ilə ruh məbədgahının ətrafında dolaşmağı bacarır. Bu keyfiyyətlər onun yaradıcılığına şəxsiyyətindən süzülüb gəlir…”
Yusif Nəğməkarın yradıcılığına mərhəmanə nəzər salanda aşkar görsənir ki, onun yaradıcılığı mövzuca bütöv poeziyanın mövzusunu ustalıqla tam əhatə edir, özü də təkrarsız, novatorcasına… Mənə elə gəlir ki, Yusif şeirin ən gizli qatlarına yenməyi, sözün ən uca zirvəsinə – sözün ala buluduna qalxmağı bacarır… Hamımızın bələd olduğumuz mövzular Yusifin qələmində mənaca, formaca yeni çalar kəsb edir, onun qələmində özünəməxsus ülvi duyğulara, deyərdim ki, müqəddəs şaman dualarına çevrilir…
Başqa cürə ifadə edəsi olsam, Yusif Nəğməkarın şeirlərində fəlsəfi düşüncə ilə səmimiyyət vəhdət təşkil etdiyindən aşkar görsənir ki, o, öz ürəyini yazan, öz sözünü deyən şairdir… Həmçinin, o, özünəməxsus üslubu olan, kənar-bucağa boylanmadan istedadına güvənən, bütün qələmdaşlarından fərqli şairdir…
Bir mətləbi də qeyd etməliyəm, Yusif Nəğməkarın şeirlərinin dili yovşan ətri qədər cəlbedici, Salvartı dağlarının bulaqları qədər safdır. Bu dil xalqın dərinlərdən qaynayan leksikonundan qaynaqlanır. Bəzən o, ədəbi dildən uzaq düşmüş sözləri şeirə elə gətirə bilir ki, oxucu onu ümumişlək ifadə təkin qəbul edir… Bu böyük ustalıq tələb edir… Yusif Nəğməkar yaradıcılığı poetik ifadələr, yeni obrazlı deyimlərlə zəngindir. Onun son illərdə qələmə aldığı təcnislərə diqət yetirin… Tamamilə yeni qafiyə sistemidir… Yusif sözün məna çalarları ilə oynamağı bacarır, hər cür iddiadan uzaq sənətkar inadı ilə sözdən söz yaradır…

Mən inadam,
Yanar odam.
Yanma desən, yanacağam,
Unut desən,
Hər vaxt səni anacağam.
Gəlmə desən, gələcəyəm,
Görmə desən, görəcəyəm,
Sevmə desən, sevəcəyəm.
Görmək – inad,
Sevmək – inad,
Getmək – inad
Bir məqsədə yetmək – inad.
İnad – uca bir zirvəyə
Uçmaq üçün qanadımdır.
Hər qələbəm, hər zəfərim,
Elə mənim inadımdır.

Məlumdur ki, təcnis həm klassik poeziyada, həm aşıq şeirində ən çətin şeir formalarından biridir və xüsusi ustalıq tələb edir… Abbas Tufarqanlının, Sarı Aşığın, Aşıq Ələsgərin, Aşıq Alının və digər klassik və müasir xalq şeir xiridarlarının təcnislərini xatırlayın… Azərbaycan folklorunun, aşıq yaradıcılığının bilicisi olan tanınmış folklorşünas, fəlsəfə doktoru Elxan Məmmədli (Məmmədov) ilk dəfə təcnis janrına “Azərbaycan aşıq yaradıcılığında təcnis” (1998) adında ayrıca dissertasiya həsr edibdir və “Təcnis sənətkarlığı”(1998) monoqrafiyası ortadadır. … Fikrimcə, bu janrın bilicisi kimi, o da təstiq edər ki, Yusif Nəğməkarın təcnisləri bu formanın bütün parametrlərində təzədir, yenidir, tapıntıdır…

Təcnis şeir şəklində dildönməz, dodqdəyməz yazmaq müşgüldən-müşgüldür, bü günə qədər yazılmayıbdır, amma Yusif Nəğməkar bunu bacarıb… Təcnisdə təkrar qafiyə işlənməz, əgər kiminsə qafiyəsini götürsən bu nəzirədir… Yusif Nəğməkarın təcniləri, qoşmaları, gəraylıları, gözəlləmələri, hətta qəzəlləri yeni söz yaradıcılığı bloklarıdır, tamamilə yeni poetik mətnlərdir… Onun şeirlərinin ritmində, ahəngində, saz həniri, söz ətri və fikir səsi sezilir…
Sözün yaxşı mənasında, Yusif Nəğməkarda həyata, ətrafa, mühitə hər şairə nəsib olmayan bir heyranlıq, bir vurğunluq mövcuddur. O, ətrafında baş verən hadisələrə, gördüyü həyati detallara – çiçəyə, ota, qayaya, daşa-quşa heyran-vurğun şair gözü ilə baxmağı bacarır, heç kimin görmədiyini görür, heç kimin duymadığını duyur və ən ümdəsi, bunları təbii axarı ilə şeirinə gətirməyi bacarır… Bu həmin vurğunluqdan və heyrətdən irəli gəlir… Dediyim heyrət və vurğunluq olmasa, o da hamının gördüyünü görərdi, hamının bildiyini bilərdi, hamının dediyini deyərdi, olardı hamı kimi… Şair hamı kimi olanda, o şair olmur…
Yusif Nəğməkarın poetik yaradıcılığında diqqətimi cəlb edən əsas xüsusiyyətlərdən biri də onun şeirlərindəki nikbin, mojor ovqatdır. Lap ən minor vəziyyətdə də, o bir mojor not taparaq ovqatı dəyişə bilir… Bu onun poeziyasının təbii lirizmindən irəli gəlir…
Deyim ki, Yusif Nəğməkarın bədii yaradıcılığında, məşhur deyimdə olduğu kimi qoşa qanadlılıq var… Yusifin güclü epik təfəkkürü və bu epizmə yansıyan güclü lirizmi var…
Yusif Nəğməkarın təkcə “Çingiz çini”, “Vəslin edamı”, “Zal ağacı”, “Ah-Naz – Şahnaz”, “Şər Şənbə”, “Bəxtiyar” poemalarını xatırladası olsaq görərik ki, onun epik təfəkkürünün imkanlarının ürəyəyatan sədalarından xəbər verir və bu istiqamətdə onun yaradıcılıq imkanlarının lacivərd üfüqlərə dikələn gələcəkli olmasının əks etirən ədəbi-bədii faktlardır…
Bu poemaların bir çoxu haqqında Yusif Nəğməkar Beyləqaninin qələm dostları, tanınmış alimlər, tənqidçilər söz söyləmiş, boy-boylamış, xoş təəssüratda olmuşlar. Bunun da səbəbini onda görürəm ki, Yusif Nəğməkar bu poemalarında real gerçəklikdən götürdüyü mövzuları qələmə almış, bu poemaların qəhrəmanları da həyatda yaşamış, real qəhrəmanlardır, daha doğrusu, Yusif Nəğməkarın qəhrəmanına çevrilmiş, amma onun müasirləri olan insanlardır.
Məsələn, “Çingiz Çini” poeması əfsanəyə çevrilmiş, həyatı fəaliyyəti qəhrəmanlıqlar səhifələrindən ibarət jurnalist-publisist, tele-reportyor Çingiz Mustafayevə həsr edilib. Poemaya “Çingiz-Çini” vətənpərvərlik “yuxusunun” çin olan mərtəbəsi” ön sözünü qələmə alan tənqidçi – ədəbiyyatşünas alim, akademik Nizami Cəfərov yazır: “Etiraf etmək lazımdır ki, hər bir azərbaycanlının dəfələrlə
gördüyü həmin əyani, sənədli (və tarixi!) görüntülərdən sonra Çingizin nəinki bədii, hətta publisistik obrazını yaratmaq da çox çətindir. Ancaq mənə elə gəlir ki, Yusif Nəğməkarın “Çingiz çini” poeması xeyli dərəcədə obyektiv olan bu təsəvvürü aradan qaldırır. Çingizin ilk baxışda emosional, impulsiv görünən qəhrəmanlığının epik mahiyyətini (həqiqətini!) aşkara çıxarır. Şair onun timsalında Azərbaycan insanının azadlıq, müstəqillik duyğularının “genotip”inə enir və nəticə etibarilə, Çingiz Mustafayevin təbiətindəki çılğın, üsyankar mübarizliyin milli-tarixi məzmununu müəyyənləşdirir”. Akademik Nizami Cəfərov onu “Ülvi duyğular, nəcib ideallar şairi Yusif Nəğməkar” adlandırır, dəqiq müşahidədir…
Yusif Nəğməkarın “Zal ağacı” poemasının qəhrəmanı da belədir, real həyatda yaşayan zəhmət adamıdır, təbiəti müdriklikdən yoğrulmuş çoban Zal kişidir. Necə Səməd Vurğunun Bəstisi, Sarvanı, Manyası… Yusifin qəhrəmanı da belədir. Müəllifin özü belə yazır: “Cəbrayıl rayonunun tərəkəmə elatı Xələfli kəndinin hünərvər oğlu, hər gecə üzü qibləsi Xələfliyə sarı yatan, sübh çağı gözünü açanda ön kəlməsi Xələfli olan müdrik el ağsaqqalı Zalov Zal Əziz oğluna və onun simasında Qarabağdan – doğma yurd-yuvalarından zorla didərgin salınmış soyadlarımıza həsr edirəm”. Poemaya ön söz yazan mərhum akademik Teymur Bünyadov bu məqaləsini haqlı olaraq “Kişilik qalar” adlandırıbdır. Doğrudan da, Yusif Nəğməkar çoban Zalın şəxsində qalaya dönən, mentallığın daşıyıcısına çevrilən azərbaycanlı kişisinin obrazını yarada bilmişdir. Bu cür kişilərin hərəsi bir qaladır, özü də əbədi qalan qaladır! Hər halda, bunu Yusif Nəğməkar belə təqdim edir…
Şeir, poeziya, musiqi – saz-söz, qələm Yusif Nəğməkarın tale yazısıdır, alın yazısıdır. Onun kitabının birinin “Alın yazısı” (2004) adlanmasını da, mən təsadüfi hesab etmirəm. Çünki elə nəsnələr var ki, o alın yazısına çevrilməyəndə bu dünyada əllərin də, ürəyin də boş qalır! Yusif Nəğməkar bu sarıdan bəxti gətirmiş ziyalıdır, qələm əhlidir. Onun əli də, qəlbi də doludur, özü də limhalim doludur! “O, hadisələrə, gördüyünə fəlsəfi yanaşmağı bacarır. Fəlsəfi mənanı tapmaq və onu şeirləşdirmək hər şairin işi deyil! Bu, şairliyin birinci əlamətidir. Yəni, şair onu əhatə edən mühitə fəlsəfi gözlə baxır və onun daxili mənasını açmağı bacarır. O, baxmır, görür. Bax, bu mühüm məsələdir şairlikdə.” (Xalq şairi Bəxtiyar Vahabzadə.)
Mənə də elə gəlir ki, təkcə Yusif Nəğməkarı tanıyanlar deyil, onun poeziyasının sehrinə düşənlərin hamısı bu kəlmələrin altından ürəklə, inamla imzasını qoyarlar!
Yusif Nəğməkarın və Bəxtiyar Vahabzadənin bu qarşılıqlı münasibətlərinin nəticəsi olaraq monumental “Bəxtiyar” poeması yaranıb. Azərbaycan poeziya tarixində klassik sənətkarlarımızın, şairlərimizin – Füzulinin, Nəsiminin, Xətainin, Vaqifin, Səbuhinin, Sabirin, Səmədin, Şəhriyarın və s. və s. onlarla dahilərimizin həyatına, şəxsiyyətinə, amalına həsr edilmiş, müxtəlif janrlarda yazılmış xeyli dəyərli ədəbi-bədii nümunələri burada xatırlamaq mümkündür….
Amma şair şəxsiyyətinə həsr edilmiş poemalar sırasında XXI əsrin poetik hadisəsi səviyyəsindədir “Bəxtiyar” poeması – bütün ədəbi-bədii, estetik parametrlərilə…
Akademik İsa Həbibbəyli poeziyaya həsr etdiyi məqalələrinin birində yazır: “Oxucu hiss edəndə ki, müəllif sözün sərrafı və sahibidir, bədiiliyin, estetik inikasın yazılmış və yazılmamış qanunlarına yüksək dərəcədə əməl edir, ifadələri dəqiq və sərrastdır, ahəngdar və poetikdir – şairinə inanır, onun əsərlərindəki mətləb dərinliyinə getməyə can atır, beləliklə də, müəlliflə oxucu arasında əsl ünsiyyət binası qoyulur”.
İnanırıq ki, “sözünün sərrafı və sahibi” olan, “dilsizliyin dilin bilən”, “qəlbinin qapıları” sevgiyə, məhəbbətə və səmimiyyətə həmişə açıq qalan Yusif Nəğməkarın “Qələminin səsi” həmişə onunla oxucusu arasında yeni ünsiyyət körpüsü yaradacaq, müəllifini həmişəki kimi sevdirəcək, “qələminin səsi” həmişə gur olacaqdır və uzaqlara yayılacaqdır…
Səsin həmişə gur gəlsin Yusif Nəğməkar, yeni yaşın mübarək, 100 yaşa… Hələ altmış yaşında doğrusun yazmışdın:

Yaş altmışdır, sözdə də,
Mənə gənc deyir hamı.
Qoy desinlər, yüzdə də,
Qocaltmaram ilhamı!.

Sözündə, kəlamında, şeirində həmişə müdrikcəsinə gənc olan, “ilhamını heç vədə qocaltmayan” Yusif Nəğməkar sənin poeziya səsin ədəbi istiqlaldan əbədi istiqlala gedən çətin, əzablı, keşməkeşli, fəqət qələbə alovu ilə nurlanan, üşüyən torpağı şəhid qanı ilə isidən, “ürəyi qeyrətə, hünərə büküb” düşmən üstünə hoy çəkən, Ali Baş Komandanın qurduğu fərəhli yolumuzun əks-sədasıdir:

Üşüyən torpağa isti qan töküb,
Çoxdan ər səsləyən meydana girdik.
Ürəyi qeyrətə, hünərə büküb,
Qarabağ səbrinin üstünə sərdik.

…Otuz il sıxıldıq yaytək, sonunda
Dəli nərə kimi açıldı ünüm;
Haqqa süvar oldu heyrət donunda
Dünyanı mat qoyan o qırx dörd günüm!.
(“Otuzdan az qırx dörd…”)


14.06.2024.

Qurban BAYRAMOV,
tənqidçi-ədəbiyyatşünas.

QURBAN BAYRAMOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir