
SAATLAR SUSANA YAXIN
- Yenə gecədir.
- Yəqin ki, darıxırsan.
- Yox. Gecədən fərqli olaraq mən öz qaranlığımdan qopmuşam daha. Onun qədər qayğıkeş də deyiləm.
- Necə yəni?
- Nə vaxt başımı qaldırıb göyə baxsam, gecənin qoynunda həmişə aya, ulduza yer var.
- Ay da lap sənin kimi hərdəmxəyaldır. Bu gün görünmür.
- Adamlara bax! Hansı bütün həqiqəti ilə aydın görünər? Heç buna cürət etmək də gərək deyil. Bu aldadıcı təmtərağı ilə baş aparan dünyada bir bütün olaraq görünmək nəyə lazımdı axı?
- Elə deyirsən ki! Məgər sən yer üzündə, torpaq üstündə yeriyənlərdən saymırsan özünü?
- Onların əksəriyyəti nəinki görünmür, heç görmürlər də.
- Bəs sən?
- Mən… Gördükcə görünmək istəmirəm. Gündüzün hər rəngini gecənin qarasına büküb atırsa Tanrı, onda görünməmək daha xoşdur.
- Onsuzda sən bir çox adamlara yalnız gözlə görünürsən. Ruhunla göründüyün, sənə ruhuyla baxan çox az adam var.
- Hə. Bax, ağ da qarada elə görünür.
- Necə?
- Necə ki, eşitdiyin addım səsləri bir vaxt torpağa çəkiləndə onları yalnız Tanrı eşidəcək…
- İndi eşitmir?
- Eşidir amma… Bilirsən, dünya sükutu tanımadığı üçün dünyada eşidilmək məni açmır. Yaxşı ki, Tanrı bizə sükutu xatırladır.
- Yoxsa yaşamaq olmazdı hə?
- Gecədən başladım, yaşamağa qədər gətirdin.
- Yaşamaqdan qaçdığın kimi , bu barədə söz danışmaqdan da qaçırsan!
- Elə deyil. Əgər hazırda səninlə bir yuxunun içindəyəmsə, ..
- Dayan görüm! Nə yuxu? Sən varsan, yaşayırsan! Gecənin bətnindən elə indicə qopub düşən bir dilim aysan…
- Lap şair kimi danışdın!
- Gecə həmişə danışdırır.
- Heyif, nə qədər danışdı, eşidilmədikcə adamların səs-küyündə səsi də, rəngi də getdikcə qatılaşdı.
- Əşi, deyirsən indi lal olaq?
- Bayaq sözümü kəsdin. Deyirdim ki, sənlə bir yuxunun içindəyəmsə, Tanrı bizi nə vaxtsa danışacaq uşaqlara… Uşaqlar böyüyüb kəpənək qanadlarına, qanadlar böyüyüb göy üzünə…
Göy üzü də yenə, yenə torpağa! Bax, belə yaşamaq istəyirəm. Başa düşürsən? Hələlik alınmır.
Bağışla… - Göy üzü torpağa danışacaqsa, deməli sən təzədən doğulacaqsan.
- Nədir, sən də gəlib yenə məni tapacaqsan?
- Sular dil açıb desə yuxusan, inanmayacağam! Əgər yuxusansa, çəkilmə gözlərimdən. Ya da…
- Ya da nə?
- İşdi, yenə doğulsan, dol gözlərimə. Mən gözlərimi yumanda susarıq.
- Uşaqlar, kəpənək qanadları, göy üzü, torpaqla birgə. Hə?
- Hə, hə! Söz verirəm, susacağıq, əzizim. Təki sən bir də doğul…
- Bilmirəm, bəlkə də mən doğulmaqdan qorxuram. Bu sonsuzluqda ağacların mənə düşən budağından təkrar özümə nəfəs dərməyə həvəsim yoxdur. Çox zaman özümü bu həyatın qəlbində boş qalmış otaq zənn edirəm. Belə mənə çətindir. Sən də deyirsən bir də doğul!
Bilirsən bu nəyə oxşayır? - Nəyə?
- Elə bil ki, gecəni göydən qovmaq istəyirsən, fəqət, görəndə ki, sən bacaran iş deyil, qaranlığa baxmadan , qaranın içində ağı yox, o sapsarı günəşi görmək istəyirsən.
- Yəni?
- Yəni bir dəfə doğulduq, bəsimizdir. Aləmi varlığımızdan təngə gətirməyək.
- Eh… Sən məni anlamırsan.
- Sən anla. Anla ki, ruhundan yoğrulub qopmuş oxunaqlı bir əsər deyiləm. Burax varlığımın hər zərrəsini əzbərləmək istəyini bir kənara.
- Getdikcə qəddarlaşırsan.
- Yəqin gecənin abu-havası yaman tutub məni.
- O qədər ki, məni qırdığının fərqində deyilsən. Yaxud fərqində olsan da sənin üçün əhəmiyyətli deyil.
- Yox, sadəcə..
- Sadəcə nə?
- Sən çox böyüdürsən gözündə məni.
- Ulduzlar da kiçikdir. Hərəsi bir nöqtə boyda. Amma insanlar onların yerə ələdiyi işığa gözüyumulu inanır.
Mənə görə yer üzündə hər şeyin ruhu var və ruh qədimdir, uludur. Qəribədir ki, sən bayaq varlığından böyüdərək, gah da sirr kimi nələrisə tam açmaqdan çəkinərək danışırdın. İndi isə özünü nə üfüqdə parlayan bircə ulduza, nə yer üzündə tapdalanmaqdan bezən ən kiçik toza – heç nəyə, heç nəyə tən görmürsən.
Sanki biz danışdıqca sözlər bir göz qırpımında səni yanımdan oğurladı. Sənin yuxu olmağından qorxduqca sən çox güman hansısa sözümün yuxusuna çevrildin… - Bəsdir, ağladacaqsan…
- Hə? Bu həqiqət olmasa, sənin gözündən bir gilə də yaş düşməzdi.
- Həqiqət yaraladıqca yuxu olmaq istəyirsən.
- Yuxu yalan deyil.
- Demədim yalandır. Sadəcə, düşünürəm yuxu bu dünyanın həqiqəti deyil.
- Gözlərin.. Həqiqətdən çox uzaq baxır bu saat.
- Bir gözlərimi yalançı çıxarmamışdın!
Nə var nə var, təkrar doğulmaq istəmədim… İndi bir buna görə eşitdiyim sözə bax! - Külək əsir.
- Hə. Yəqin gözlərimdən yalanı qovmağa gəlib.
- Xəfif təbəssümlə başladığın söhbəti davayla bitirmək istəyirsən?
- Gözlərimi açıb səni görmüşəm, üstəlik bəlkə hələ təzə dil açmışam ki, dediyim sözlər sənə necə toxunursa, mənim də üstümə elə qayıdır.
- Necə yəni?
- Deyirəm ki, doğulmaq da məni bir cür incidir. Deyirəm ki, mənim təkrar doğulmağım səni təkrar incitməyim deməkdir.
Ola bilsin, o zaman Tanrının quru küləyi də olmadı ki, gözlərimdən yalanı çəkib apara. Nə edəcəksən onda? - Gözlərini ağ vərəqlərdə axtaracağam.
- Vərəqlər bir azdan göy üzünə uçacaq. Sabah olmağa.
- Mənə bircə ümid də qoymursan qala!
- Təkrar doğulmağın ucbatındandır hamısı. Axı sən belə istəmişdin. Unutdun?
Bağışla…
- Mən elə səni bağışlamaq üçün varam hə?
Hə…
Yəni sənin dediklərindən belə çıxır ki, təkrar doğulmaq ümidsizlik kimidir? - Ümidsizlik kimi deyil. Ümidsizliyin özüdür, özü!
- Axı niyə bu qədər bədbinsən?
- Qətiyyən. Sadəcə mən eyni şeyləri bir də görmək istəmirəm. Bilirsən, içimdəki yollar da yaşadıqca hamar qalmır. Köhnəlir. Çətindir, başa düş! Öz-özümü yol bilib, adlayıb keçmək və dərk etmək ki, səndən başqa bu yoldan ölənə kimi keçən olmayacaq.
- Mən doğulmaq dedim. Əsir düşmək yox!
- Məndən ötrü dünyaya ayaq basmaq bundan başqa bir şey deyil. Sən ha sözlərinə bəzək-düzək ver, mən fikirimdən daşınmayacağam.
Bir də doğulmaq yanılmaqdır axı. Məsələn sən. Elə yanıltdın ki, bayaq məni. Yanılanda adam istəyir qəlbi biryolluq kor olsun. Sözləri görməmək üçün.
Sən öyrəşmisən onları ancaq eşitməyə. Halbuki, görmək də olur sözləri.
Bir yannan da fikirləşirəm, söz eşidən adam gözlərimdə niyə yalan görsün ki? - Sözdür, dedik, qurtardı da. Bəs deyil? Nə qədər üzümə vuracaqsan?
- Sənin üçün necə də asandır… Dedin, qurtardı!
- Bircə mənim də beynimdə çırpınan, dilimə gəldikcə böyüyən, dörd tərəfimi saran bu nəhəng sözlərdən canım qurtarardı!
- Yaxşı, sakitləş…
- Əslində gecələr sayrışan ulduzlar… Məncə, kimlərinsə dodaqaltı vida nəğməsi oxuyub, sağollaşa bilmədiyi sonuncu nəfəsidir.
- Deməli, o nəğməni oxumaq üçün qayıdacaqlar…
- Yox, ay insan! Yox! Bura bax, niyə qəbul etmək istəmirsən? Başlamaq – heç də həmişə lazım gəlmir.
Bitənlərin üzərində mübarizə aparmaq yersizdir. Səni bunun üçün heç kim alqışa qərq etməyəcək. - Deyirsən ki, hər şey puçdur…
- Sən istəyirsən ki, bəlkə əsrlərdi məndən əvvəl var olan hansısa boş məzar daşına baxıb, ” tanışdı, mən burda uyuyurdum” demək üçün doğulum? Cəfəngiyyatdır.
- Yox. Özünü xatırlamaqdır.
- Mən unutmağa meyilliyəm. Məni öz halıma burax.
- Bilirdim elə!
- Nəyi ?
- Bütün yalanların bir qadın bətninə yığıldığını!
- Onda belə çıxır ki, sən qarşımda belə məğrur dayanıb, eyni zamanda belə həddsiz danışmağa cürət edən birinci yalansan.
Heç bilməzdim mənim bir dəfə doğulmağım, bir dəfədə bəs deməyimlə sən bu qədər özündən çıxarsan.
Söhbətimizin əvvəlində dilin az qala məni sevgi selində azdırmışdı.
İndi mən yer üzünü varlığımdan israrla rədd etdikcə, hiss edirəm ki, çox qəzəblənirsən. O sevgi ki, yoxluğuma söykənməyi bacarmır, mən də onu istəmirəm.
- Sən dediyim hər sözə əks getdikcə hirs məni boğur. İstəmirəm gecənin yaddaşında mənim hirsim, sənin dönüklüyün, biganəliyin qalsın.
Mən belə xəyal etməmişdim. İkimiz də bir-birimizi məyus edirik. Belə olmaz! - Mənim də istədiyim bu deyildi.
- Bəs nədir?
- Xatirəyə çevrilmək. İncimə, belə daha yaxşı olar.
Bilirəm, gecənin qaranlığında bir də xatirə sözü şaxta kimi kəsir, doğrayır qəlbini. Amma edə biləcəyim heç nə yoxdur. - Var.
- Nə?
- Sənin köksün altda gizlənən o xırçın, şıltaq uşağa heç kim yaxın düşməyib bu günə qədər. Düşsəydi, doğulmaqdan bir belə qorxmazdın.
- Mənim köksüm altda gizlənən uşaq… Çox sakit idi. İndi qarşında dalğa-dalğa dolanan ruhu , onda rahatca susa bilirdi. Deyim ki, bundan heç də xoşhal olmurdu. Amma o uşağı qorumağın başqa yolu yox idi.
- Deyəsən səni yaraladı sözüm.
- Birinci dəfə deyil ki. Narahat olma.
Ancaq qanıma boyananda biləcəksən ki, mənə necə zərbə vurursan.
Doğulmaq, doğulmaq deyə-deyə sözlərinlə ölümə tuş edirsən adamı!
-Sözlərim səndən gen qaçırsa, günahkarı yenə sənsən. - Bu qaranlıqda sözlərimiz qaçdı-tutdu oynasın deyirsən?
- Sən zarafat elə.
- Zarafat eləmirəm. Səni tapmaq istəyirəm. Söhbətə başlayanda bir nöqtədə sözlərimiz bir-birinə sarıla bilirdi. İndi isə… Səni də, sözlərini də itirirəm…
Lənət olsun mənə! - Eeey! Elə demə. Bilirsən, sənin səsində bütün pəncərələr üzü çiçəklərə tərəf açılır. Arzuladığım kimi.
Mənim tikanlı sözlərim səni çaşdırmasın. Mən uzaqda olana, yox bildiyimə ” varsan” pıçıldamışam həmişə. Ona görə adamları yoxluğunda sevməyə öyrəşmişəm.
Səni acılamağım bundan bezməyimdən irəli gəlirdi. - Bilirsən nə istəyirəm?
- Nə?
- Bir cüt göyərçin qanadına qısılıb, sevincimdən ağlamaq ki, nə yaxşı sən varsan…
Sonra…
Gözümün yaşından islanmış ruhumla ruhunda yatıb qalmaq.
Bilmirəm, bunlardan nə anlayırsan… - Anladığım odur ki, min il sonra da biz bu gecə üçün torpaq altında belə Tanrıya minnətdar olacağıq.
- Nə xoş. Şadam ki, qoca gecədən payımıza düşəni öyrənməyi bacarmışıq ən azından.
- Sən deyirdin ha ” mən öz qaranlığımdan qopmuşam”.
- Hə. Nədir ki?
- Məncə , gecə qaranlıq adamlara qarşı olduqca şəfqətlidir. Onları ilk xətasında gözardı etmir. Kənara atmır. Qoruyur. Bəlkə də sevməyi onun bu tərəfindən öyrənmişəm.
- Sən… Əminəm ki, nə vaxtsa bətnimdə yırğalanan çay olmusan. Elə olmasa asanlıqla çözə bilməzdin məni.
- Hə. Sonra sularıma sənin gözünün yaşı da qarışmazdı.
- Eşidirdin ağladığımı ?
- Hə, əzizim, hə! Həm də hirslənirdim.
- Nəyə görə ?
- Necə nəyə görə ? Bu çayın əlləri yox idi ki, uzadıb gözünün yaşını silsin.
Tək sənin göz yaşlarına çata bilmək üçün, doğulub adam olacağım günü səbrsizliklə gözləyirdim. - Bir az da mənə sularını güzgü bilib, içində süzən aydan qalan işığın əl izlərini gətirmək üçün tələsirdin.
- Hə. İndi izləri çiyinlərimdədir.
- Niyə icazə verirdin sənə toxunmağına ?
- İşığın ? Belə eləmə. Bilirsən, tənha qalsam quruyardım axı…
- Tənha deyildin. Mən var idim.
- Əzizim, sən bu dünyada idin. Mənimsə yaşamaq üçün bətnindən enən işığa ehtiyacım vardı.
- Mənə çata biləsən deyə…
- Hə. Amma burdaca bir addımlığımda – sənə çata bilməyəcəyimi bilmək nə böyük əzabdır.
- İstəyirsən ki, təzədən bətnimə qayıdasan ?
- Sən təkrar doğulmağı rədd etdin. Elə isə nə qədər ki, sağsan, mən səndən doğulmağa həmişə hazıram.
- Bəs birdən sənə nəsə olsa ?
Çünki, heç nə əvvəlki kimi qalmayıb məndə. Vücudumda, ruhumda daha heç nə dirçəlmir, oyanmır. Hər şey, hər şey bir göz qırpımında quruyur.
Öz qaranlığımdan da beləcə xilas olmuşdum. Qaranlıq bütün bədənimdən keçəndən sonra bətnimdəcə quruyub qalmışdı. Yəni, sən indi çay ola bilməzsən… İşıq enə bilməz sənə sarı. Mən bu gecədən sonra ağaca çevriləcəyəm. Sabah açılmamış budaqlarım quruyacaq. Keçən doğum günümdə bunu diləmişdim. Gecə bitən kimi gerçək olacaq. Gülə-gülə nağıl edərsən hamıya . Mən bir qurumuş ağacın sevgilisi idim. Necə də kədərlidir… Sən bu kədərlə tək qalacaqsan… Bətnimdə ikən , yəni çay olanda tənha qalıb qurumaqdan qorxduğunu dedin. Yazıq çay …
Heyif ki, bu qorxun gecə bitən kimi səni tapacaq, sən məni yəqin ki, bir də bağışlamayacaqsan və heç vaxt budaqları quruyan , barsız ağacı unutmayacaqsan… Heç vaxt unutmayacaqsan…
- Dediyin kimi də oldu. Sən ağaca çevrildin. Qorxuram ki, insan olaraq qalsam, mənim də canımda nankorluq cücərər, boy atar, ətrafımı bürüyər və mən ondan xilas ola bilmərəm.
İndi istəsəm gövdən dil açıb ” tək deyilsən ” deməz hə? Məni – bətnindəki çayı içindən keçən ay işığından, çiyinlərimdə qalan əl izlərindən qısqanmışdın. İndi səndən – qurumuş olsan da fəsillər keçəcək. Sənə yazda leysan yağışlar, yayda günəş şüası, payızda sarı yarpaqlar, qışda qar dənələri toxunacaq və qurumuş, barsız ağacım bəlkə də ona toxunanlardan birinə vurulub, doğulmaqdan qorxmayacaq və doğulanda ilk unutduğu mən olacağam. Nə acı!
Səndən fəsillər keçirsə, deməli, daha sən də adamlar kimi saat səsini tanıyırsan. Halbuki, o gecə bizim aramızda hər şey vardı, zamandan başqa.
İndi mənim içimdən saat səsi gəlir.
” Yalvarıram, sus”…. deyirəm ona.
Yalvarıram, sus …
Bir də görüşək … Bir də !
Saatlar susana yaxın … Bir də.
Axı , sənə demədiyim sözlər …
Ağlayır gözlərimdə.
Müəllif: Aydan Abdullayeva
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru