SEVDA SƏFƏRLİ – ANA DİLİM

ANA DİLİM

Ulu türk soyumuzun daş kitabəsi,
Dədə Qorqud ruhunun abidəsidir.
Qədim Oğuz ellərimin türbəsi,
Nizami “Xəmsə”sidir, o “Sirlər xəzinəsi”,
Füzuli hikmətinin əlçatmaz zirvəsidir,
ANA DİLİM.

Şah İsmayıl Xətayinin söz qüdrəti,
Bir ərənlik ,mərdlik salnaməsidir.
Keçmişimi titrədən türk dilimin nərəsi,
Mənəvi sərvətimin məfkurəsidir.
“İki cahana sığmayan” Nəsiminin harayından qopan hürriyyət səsidir,
ANA DİLİM.

Arzuları duman-çənə bürünən,
Əhməd Cavad “Göy göl”ünün həzin, şirin nəğməsidir,
Fəqət işığa can atan, taleyi zülmətdən keçən,
Müşfiqin “Oxu tar”ının inləyən zümzüməsidir,
Nakam boğulan dilimin acı fəryad şələsidir,
ANA DİLİM.

Gözü nəmli Təbrizimin həsrət yaşı,
Doğma dilinə möhtac Dərbəndimin,
Öz Göyçəmin dərd-sərinin çarəsidir.
Anasından ayrı düşmüş bir balanın qüssəsi,
Xudafərin Arazının nisgil dolu, qəlbdağlayan naləsidir,
ANA DİLİM.

Haqqı bataqlıqdan dartıb qoparan,
Hüseyn Cavid ruhunun təntənəsidir.
Tufanlar selində hey çabalayan,
Azadlığa can atan dar qəfəsidir.
Nadanlığı, cəhaləti topa tutan,
Sabir dühasının öz nəfəsidir,
ANA DİLİM.

Laylamızdan süzülüb saf qanımıza,
Damla-damla dənizə, ümmana dönüb.
Bayatıyla bəzənən qızılgül dəstəsidir.
Muğamatın söz dünyası, Cıdır düzün sinəsidir,
Dahi Üzeyir bəstəsi, “Qarabağ şikəstəsi”dir,
ANA DİLİM.

Qobustan qayaları- dilimizin ilk beşiyi,
Doğma dilinə qovuşan ruhun haqqa tələsməsi,
Quruyan köklü ağacın bağrı yanmış laləsidir.
Nisgil dolu könüllərə ümid, vüsal giləsidir.
Yağış kimi qəlbimizə çilələnən,
Süzüldükcə durulaşan dağlar şəlaləsidir,
ANA DİLİM.

Söz bağçamdan bir çiçək də vermərəm,
Mirvari tək misralara düzdüyüm zər dənəsidir,
Bal kimi şipşirin dilim,
Öz dilində danışmayan nankorların tənəsidir.
Qoy duysun dilini sevməyən kəslər,
Büllurlaşan, saflaşan, el bulağından su içən,
Hər sözündən dürr tökülən bir tarix çeşməsidir,
Ululardan əmanət ləl- cəvahir külçəsidir,
ANA DİLİM.

Müəllif: SEVDA SƏFƏRLİ

SEVDA SƏFƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir