Adilə Nəzər – Sevdiyim…

“Bir mən vardır məndə məndən içəri”
Yunus Əmrə

      ***

Səni elə sevdi könlüm, Sevdiyim,
Sarıldım hər nəfəs özdən içəri.
Gözümü gözündən yayındırmadım,
Baxdım mənzilimə gözdən içəri.

Demə ki, sevdadan uzağa düşdüm,
Cismən ayrılandan yandım, üşüdüm,
Sən məndə, mən səndə elə böyüdüm –
Gördüm kimsə yoxdur bizdən içəri.

Biz bizə məcburuq, bunu bilirəm,
Adəmin, Həvvanın suçun silirəm.
Sevginlə rahatam, yavaş gəlirəm,
Bu gediş çox gedər – azdan içəri.

Həyatın mənası işvədi, nazdı,
Qışdan gileylənən ağlıdayazdı.
Nolsun mövsümlərin tək biri yazdı,
Səninlə hər fəsil yazdan içəri.

Bu viran dünyada sənsən abadım,
Adın çəkiləndə çıxır qanadım,
Bilmirəm nə deyim, necə anladım,
Mənim məhəbbətim sözdən içəri.

Xəyalın hardasa – gözəllik orda,
Yenilik, təzəlik, əzəllik orda.
Azadlıq, məhbusluq, özəllik orda,
Bu elə duyğu ki… həzdən içəri.

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir