
Əmir Teymurla Şah İsmayılın ulu babası Şeyx Əlinin görüşü
Xoca Əli, Əmir Teymurla yaxşı münasibətlərə malik olmuş və onunla üç dəfə (Ceyhun çayı kənarında, Dizfulda və Ərdəbildə) görüşmüşdür. Sonuncu görüş 806-cı ilin şəvvalında / 1404-cü ilin aprelində baş tutmuşdur
Onun (Şeyx Əlinin) zamanında Səfəvilərin şöhrəti o qədər artmışdı ki, ariflərə və şeyxlərə ehtiramı ilə seçilən Əmir Teymur “Rum qeysəri” üzərindəki qələbədən (1402-ci ildə Əmir Teymurla Osmanlı sultanı İldırım Bayəzid arasında baş vermiş Ankara vuruşması nəzərdə tutulur) sonra Anadoludan qayıdarkən Ərdəbildə olmuş, Xoca Əli ilə görüşüb, Ərdəbil bölgəsində “Həzrət Şeyx Səfi övladına və onun astanasına vəqf olaraq” torpaqlar bağışlamışdı.
Onun fərmanına əsasən, Ərdəbildəki Səfəviyyə xanəgahı “Bəst●” elan edilmişdi: “Əgər bir şəxs min günah etmiş olsa, istər məşriq, istərsə məğrib tərəfdən qaçıb o astanaya pənah gətirsə, həmin müqəddəs rövzədə olduğu və oranı öz iradəsi ilə tərk etmədiyi müddət ərzində amanda olacaqdır”. Teymur həmçinin şeyxin xahişi ilə Anadoludan gətirdiyi minlərlə əsiri azad etmişdi. Azadlığa çıxanların “hamısı Şeyx Səfi ocağının müridlərinə çevrildilər, bir hissəsi Sultan Xoca Əlinin xidmətində qaldılar, qalanları isə öz vətənlərinə getdilər”. Onun kəramətləri və söhbətləri Əmir Teymurun üzərində dərin təsir buraxmışdı…
●Bəst elə bir müqəddəs yer idi ki, təqib olunan bir kimsə orada sığınacaq alsaydı, onu orada həbs etmək mümkün olmazdı. Bu statusu alan məkanlar toxunulmazlıq imtiyazına malik idilər və oraya hökumət dairələri zorakı müdaxilələr edə bilməzdilər…
Mənbələr: Aləmara (Sahib), s.19-26 B.Səfəri. Ərdəbil, s.73; О.А.Эфендиев. Тимур и сефевидский шейх Хадже Али
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru