
Dünyanın…
Sis-dumana, qar-yağışa şeh dedim,
Əsdi külək, qopdu yarpaq, meh dedim,
Şah gəlişə, mat gedişə “eh” dedim,
Ağası yox, gədası var dünyanın…
Şən gülüşə, qəh-qəhəyə can dedim,
Şux yerişə bəh-bəh ilə xan dedim,
Aldatdıqca aldadana: ” Qan! – dedim, –
Yaxası yox, cidası var dünyanın!”
Ağac əkdim, bar-bəhərim bol, dedim,
Hər cığıra ayaq basdım, yol dedim,
Sağlığında başlara tac ol, dedim,
Çağası yox, vidası var dünyanın…
Barı çəkdik, oyum-oyum oyuldu,
Kor nəfs ilə yurd-yuvamız soyuldu,
Haqq istəyən künc-bucağa qoyuldu
Qağası yox, qadası var dünyanın…
Naibəni haqq sözündə yor, dedim,
Keçmişindən bu gününü sor, dedim,
İmansıza dar gələcək gor, dedim,
Səxası yox, sədası var dünyanın…
Müəllif: Naibə YUSİF
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru