
365 gün şeir yazan “Şeir ağacı “-Təvəkkül Goruslu!
Bu yazıma tanınmış şair Təvəkkül Goruslunun “Şeir ağacı”şeiri ilə başlamaq istəyirəm.Təbii ki, bu şeirə qədər də onun çox sayda şeirləri və kitabları işıq üzü görüb.
Şeir ağacıyam bəndlər budağım,
Göylərə qol açıb misra qucağım,
Hecadı, vəzndi yaşıl yarpağım,
Məmnun olar gözlə barımı dərən.
Şeir ağacıyam sözlər çətirim,
Qışda da təzədi, tərdi sətirim,
Uzaqdan duyulur lətif ətirim,
Deyirlər “utanmaz varını verən”
Amma mən onun gündəlik həyat tərzinə uyğun olaraq məhz bu şeirindən başlamaq istədim.
Öncə onu deyim ki, Təvəkkül müəllimi bir şair kimi sosial şəbəkədən tanımışam.Ən çox da diqqətimi çəkən onun hər gün səhifəsində yeni bir şeir paylaşması olub.Sanki o bunu gündəlik həyat proqramına uyğunlaşdırıb,gözəl bir vərdişə çevirib.Sonra isə bu 365 günün məhsullarını nəfis bir kitab halında çap etdirib.
Təvəkkül Goruslu ədəbi prosesdə öz yeri,öz dəsti-xətti olan qələm,söz sahibidir.Düşdüyü şəraitdən asılı olmayaraq poetik anlamda da sözünü cəsarətlə deyə bilir.Qələmin,sözün gücü və bu sözü deyənin şəxsiyyəti,məqsəd-məramı da o zaman aydın təzahür edir.Düşünürsən ki,şair bu sözü niyə deyir və bizə nəyi aşılayır?!
Onun şeirlərində həyatın təbii rəngarəngliyi,ahəngi var.O,həyatın,yaşadığı cəmiyyətin çalarlarını bədii düşüncəsinə,duyğularına hopdura bilib.Ona görə də şeirləri oxunur,sevilir.
Şair təxəllüsündən göründüyü kimi Vətən həsrətli yaradıcıdır.Onun şeirlərində sarı və qara rənglərin yansıdığı məqamlar var.O rənglərin içindən ağrı,kədər boylanır və hələ ki,boy alır.
Üstə basıb qarabağlı yaranın,
Dağın verib, saxladılar aranın.
Pozmaq üçün bütövlüyün Turanın,
Səni bizdən qopardılar, Zəngəzur!
Bəli indi gördük bu sarı,qara rənglərin kökü haradan gəlir.Bu rənglər zorən taleyimizə hopdurulmuş,ürəyimizcə olmayan rənglərdir.
Şair şeirlərinin birində “Dünyadır bu”- dedi.Amma bunu yana-yana,göynəyə-göynəyə dedi,sadə və səmimi:
Kimlər artır saray-saray,
Kimlər uçur təkdaş-təkdaş.
Kimə zülüm,kimə qolay,
Kimə sürgün,kimə ” beşdaş”…
Təvəkkül müəllimin şeirlərindən hiss olunur ki,o, yüksək mənəviyyata və intellektə sahib bir insandır .O,söz nümayişbazı və ” mən”…”mən” … deyən cızma-qaraçı hay-küyçülərdən deyil.Ədəbiyyatımıza,vətənimizə,el-obasına sözün əsl mənasında vətəndaş xidməti nədirsə onu edir:
Ay adam,ara ver,bir “mən” sözünə,
Yaxasını yırtıb bayıra tökmə.
Sakit ol,qışqırma,güvən özünə,
Öz mənin yüz biçim mənlə tikmə.
Şairin əli sanki hər zaman nəbzinin üstündədir,orada qanlar-qadaların dolaşdığı yaşadığı gerçək dünyanın qorxulu ürəyi döyünür .Şair dünyanı ,insanlığı qan tökməyə sürükləyənlərin “son məqam”larını yada salmağı xatırladır.
Dünyanı ölümə sürüyən kəslər,
Qan tutan gözünüz bəşərə asi.
İnsanlıq sizləri barışa səslər,
Durun ki, sizindi ölüm sırası.
Şair el-obasına bağlı ,onun təəssübünü çəkən bir vətən vətəndaşıdır.Amma tarixin sərt üzü,tərs sillələri var,ayrılıq adlı həsrət yolları var və bu yollarda keçə bilməyəcəyimiz çəhlimlər,qadağalar, yasaqlar qoyulub.Nə əlin yetir,nə üçün çatır…
Mənim ocaq yerim,mənim pir yerim,
Mənim xeyir yerim,mənim şər yerim,
Məni mən eyləyən səndə hər yerim,
Qalıbdı ,özümə qaytar,a kəndim.
Bəli, vətəndaş harayının poetik inkasıdır bu nümunələr.O şirinliyi,rahatlığı,dincliyi insan ancaq dünyaya göz açdığı məkanda tapır.
Müəllifin şeirlərində folklora,təbiətə,kainata,fəsillərə,oda,torpağa, suya və s.müraciətlərlə tez-tez rastlaşırıq.Bu bədii nümunələrin içindəki metaforik yanaşmalar orijinal və gözəldir .
Təbiət paltarın geyər, soyunar,
Suyun geyindiyin oldumu görən.
Canlı da,cansız da suda yuyunar,
Sonsuzdu su ilə həyatın sürən.
“Mənim fikirlərim su kimi çılpaq”- deyən şair ,sözləri, düşüncəsi,ruhu, duyğuları ilə axar sularda çalxanaraq durulanın,saflaşır.
Şeirlərində çox vaxt ədalət,haqq carçısına çevrilən şair ürəyini kağıza boşaltmaqla bir “təsəlli “tapır.Bu zalım cəmiyyətdə haqq-ədalət nə vaxt yerində olub ki?!
İşğaldan azad olan bölgələrimizə ayrı-ayrı təşkilatlar, qurumlar tərəfindən səfərlər təşkil olunur.Hər yerdə,hər işdə olduğu kimi buradakı ayrı seçkilik də müəllifə pis təsir edir.Şuşaya təkrar-təkrar ziyarətə gedənlər yenə gedir…
Özünüz yüz kərə,min kərə gedin,
Siz Allah Şuşaya qoymayın bizi.
Torpağın,qaynadın ziyarət edin,
Siz Allah Şuşaya qoymayın bizi.
Duyub sevincini gülərik birdən,
Sevin göz yaşların bilərik birdən.
Qəlbimiz tab etməz,ölərik birdən,
Siz Allah Şuşaya qoymayın bizi.
Təəssüf….çox təəssüf… görünür oranın öz “adamları” var….
Təvəkkül Goruslu,zəhmətkeş, təəssübkeş bir qələm sahibidir.Onun yaradıcılığında Vətən,Bayraq, müstəqillik Torpaq,əsgər,Şəhid mövzusuna çox sayda müraciətlər var.
Titrəşir yerişindən orman,torpaq,dağ,dərə,
Vətən sənə güvənir,sən igidə,sən ərə.
Tanrı səni qorusun,əhsən sənə min kərə,
Azərbaycan əsgəri!
Bu gün ədəbiyyatda güclü bir poetik axın var.Bu axının içində öz dəyanətini saxlamaq sözün əsl mənasında məsuliyyət tələb edir.Təvəkkül müəllim də bu məsuliyyətin daşıyıcılarındandı.Allah ruhunuza, duyğunuza min bərəkət versin -“Şeir ağacı”!
Müəllif: FƏRİDƏ LƏMAN
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru