
İNTERNAT UŞAQLARI
Bir ailə kimi böyüdüyümüz, doğmalaşdığımız 1N-li fizika-riyaziyyat təmayüllü internat məktəbindəki (1978-1980) sinif yoldaşlarıma…
Sabahınız işıqlı,
Gözünüz aydın olsun.
Hər biri yaraşıqlı
Dostlarım Ay, Gün olsun.
Sevinci bayraq kimi
Ürəyinizdən asın.
Qoruyaq doğmaları,
Arzumdu qırılmasın
Heç vaxt dostluq bağları,
İnternat uşaqları.
Elm adlı bir qazanda
Qaynadınız, daşdınız.
Yorulmadan fəth edib
Zirvələri aşdınız.
Dəyişmədi heç zaman
Məsləkiniz, andınız.
Kor olsun paxıl, yaman,
Arxa, dayaq sandınız
Uca-uca dağları,
İnternat uşaqları.
Xatirələrsiz ömür
Ya havayı, ya heçdi.
Tanımadıq şər, xata,
İllər yel kimi keçdi.
Gənclik qaldı arxada,
Bənzərsiz günlərimiz
Bir-bir düşürlər yada.
Unutmayaq o xoşbəxt,
O qayğısız çağları,
İnternat uşaqları.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru