“Mənim üçün dünyanın oyunu bitməyib”

   

“Mənim üçün dünyanın oyunu bitməyib”

Əməkdar artist, Milli Gənc Tamaşaçılar teatrının rejissoru Nicat Kazımovun müsahibəsi:

Elə bir obraz olubmu ki, onu səhnədə reallaşdırmaq sizin üçün əlçatmaz olub?
-Bütün arzulanan və oynamaq istədiyin rollar insana əlçatmaz görünür. Bəziləri reallaşır, bəziləri isə vaxt məhdudiyyətinə görə reallaşmır. Mənim də səhnə həyatımda arzuladığım, amma oynaya bilmədiyim rollar olub. Bunlardan ilk olan U. Şekspirin “Romeo və Cülyetta” əsərində Romeo obrazı olub. İllər sürətlə keçdi və yaşım da ötdüyü üçün oynaya bilmədim. Romeo obrazını çox oynamaq istəyirdim. Gələcəkdə o əsərin tamaşasına quruluş vermək nəsib olar inşallah. Eyni zamanda “Neron” və Dəli İbrahim” obrazlarını oynamağı arzu etmişəm. Bunlar arzuladığım, lakin vaxtımın yetmədiyi obrazlar olub. Artıq onlar keçmişdə qalıb, amma gələcəkdə elə obrazlar var ki, onları oynamaq istəyirəm. Bunlardan biri də U.Şekspirin “Kral Lir” əsərindən Kral Lir obrazıdır. Ömür vəfa etsə, oynayacağıma inanıram. Mənim üçün kinoda, tarixi filmdə yaddaqalan bir obraz əlçatmaz görünə bilər.

-U.Şekspirin əsərləri mən də çox sevirəm, amma ən çox sevdiyim “Romeo və Cülyetta” əsəridir. Nə gözəl dediniz. İnşallah yaxın zamanda sizin yubiley tədbirinizdə əsərdən kiçik bir parça səhnələşdirib, oynayarsınız, mən də “Cülyetta” obrazında arzumu reallaşdırmış olaram. Həqiqətən də Şekspir dünya ədəbiyyatında bir iz qoymuş dramaturqdur. Kral Lir obrazında görmək üçün səbirsizlənirəm. İnşallah nəsib olacağına inanıram.

Niyə məhz rejissor, aktyor olmaq deyil?
-Əslində mən, aktyor olmaq arzusu ilə alışıb-yanmışam. Mənim üçün rejissorluq alın yazısı olub, istəklə gəlib çatdığım yer olmayıb. Özümü hər zaman aktyor kimi görüb, qiymətləndirmişəm. Elə bir müddət oldu ki, o vaxt rejissor qıtlığı yarandı. Bu müddətdə isə özümü yoxladım. Milli Gənc Tamaşaçılar Teatrının direktoru olmuş Kamal Əzizov mənə yeni tamaşa təklifləri etdi və mən hər il yeni tamaşalar hazırladım. Bu gün artıq mənim hazırladığım tamaşaların sayı 50-ni keçib. Məndə rejissor sənəti artıq ön plana keçib. Əgər hər hansı bir rejissor məni inandıra bilsə, çox maraqlı bir rol təklif etsə, çox güman ki, aktyor kimi oynamağa razılaşaram, amma rejissorluq mənim üçün ilk və öndə gedən peşəyə çevrilib. Düşünürəm ki, rejissorluqda daha da yeniliklər edəcəyəm, buna ümid edirəm. Hələ də mənim arzusunda olduğum və əlçatmaz görünən işlər var və inanıram ki, reallaşacaq. Rejissor üçün əlçatmaz olan işlədiyin teatrda əgər hansısa rejissor sənin istədiyin tamaşanı hazırlayıbsa və o əsər repertuardadırsa, artıq sən yenidən hazırlaya bilməyəcəksən. Müəyyən bir vaxt gözləmək lazımdır ki, o əsər repertuardan çıxsın və sonra yenidən hazırlamağa müraciət edə biləsən.

-Fikirlərinizlə tam razıyam. Aktyor və rejissor silahdaşlardır. Bu teatr müqəddəs məbəd olduğu kimi, səhnəsi də bir o qədər mübarizlidir, qüvvətlidir. Siz isə həm aktyor, həm də rejissor kimi teatrın kralısız, müəllim!

Əsl sevgiyə inanırsınız?
-Bəli, əsl sevgiyə inanıram. Düşünürəm ki, sevgi yoxdursa, həyat yoxdur, dünya öz oxu ətrafında fırlana bilməz. Dünyanı hərəkətə gətirən sevgidir. Çiçəkləri açmağa, quşları oxumağa vadar edən məhz sevgidir. İnsanı gözəl işlərlə də məşğul olmağa vadar edən də sevgidir. Sevgi olmasa, həyat və insanlıq yoxdur.
Sevgi haqqında onu da deyim ki, Allahın insanlara sevgisi var. Elə ən böyük sevgi də budur. Dünyada hər şey sevgidən yaranır.

-Doğru söylədiniz, sizinlə razıyam. Çiçəklər, quşlardan söz açdığınızda əsərlərimdəki obrazları xatırladım. İstiqlal ordenli Xalq yazıçısı İsa Muğannanın fikri yada düşər: “Dünyanı eşq xilas edəcək!”

-Çoxları deyirlər ki, Məcnunla Leyli qovuşsaydı, onların sevgisi adiləşərdi. Sizcə, bu doğru fikirdir?
-Yox, adiləşməzdi. “Leyli və Məcnun” əsəri ilə yaxından tanış olanlar , onu dərk etməyə çalışanlar bilirlər ki, burada söhbət qadın və kişi sevgisindən getmir. Burada Allaha olan sevgidən danışılır. Allahın yaratdığı hər şeyi sevmək lazımdır. Əsərin mövzusu və söhbəti bundan ibarətdir. Onlar qovuşsaydılar da, Qeys, yəni Məcnun çox yüksək pillədə olacaqdı. O, özünü dərk etməyə çalışırdı. Onun davası da özü ilə idi. Düşünürəm ki, heç vaxt o sevgi bitməzdi və necə ki, bitmir. Burada “Romeo və Cülyetta” əsərindən fərqli olaraq, Leyli və Məcnunda qadın və kişi məhəbbətindən yox, ifani sevgisindən danışılır.

-Leyli və Məcnun sevgisi bəlkə də bir daha yenidən dünyaya gəlməyəcək.

-Tanrı tərəfindən tamamilə səsiniz alındığı bir vaxta ona fikrinizi necə çatdırardınız?
-Tanrıyla danışmaq üçün səsə ehtiyac yoxdur. Tanrı sevgisi insanın içində olmalıdır. Düşünürəm ki, əməli-saleh insanlar bu barədə qışqırmamalıdır, ona car çəkməməlidir, səsə çevirməməlidir. O sevgi məhz insanın içindədir. Bizi Allah yaradıb və hər birimizin ruhunda ondan bir parça var. Mən elə səsim olaraq da qəlbimdə Allahla, Tanrıyla danışıram. Yenə də belə edərdim. Düşünürəm ki, sevgi insanın içində olmalıdır. Əməlləri, fikirləri və düşüncələri düzgün olmalıdır.
-Sizinlə razıyam. Zənnimcə, Tanrı bir işıqdır, onun keşməkeşli yolunda addımlayan insanlar da onun çırağında böyüyən fidanlardır!

-Sizin üçün dünyanın oyunu bitib?
-Dünyanın oyunu heç vaxt bitmir və bitməyəcək də. Mənim üçün dünyanın oyunu yox, hətta dünyasını dəyişdikdən sonra da dünyanın oyunu bitmir. Biz bilmirik ki, öldükdən sonra da bizim haqqımızda nə danışacaqlar, biz yaddaşlardan silinəcəyik, yoxsa qalacayıq? Bizi böyük sənətkar kimi xatırlayacaqlar, yoxsa ümumiyyətlə xatırlamayıb, deyəcəklər ki, etdiyi işlərin heç bir dəyəri olmayıb. Mənim fikrimcə, dünya durduqca da oyunu davam edəcək. -Maraqlıdır, bəzən insan bu suallara cavab tapmadıqca yorulur. Bəlkə də bir gün cavab tapılacaq…

-Hansısa obrazda öz taleyinizi görmüsünüz?

-Bəli, obrazlarımın əksəriyyətində mənim taleyimə bənzər nələrsə olur, onu mütləq tapıram, bənzətmə edirəm. Ən çox bu günə kimi oynadığım obrazlarda A.P.Çexovun Qağayı” əsərində bir çox tərəflərdən Triqorini özümə bənzədirəm.. İndi oynadığım, repertuarda olan Leyli və Məcnun”da isə Qeysin (Məcnun) atasına bəzi tərəflərdən bənzərliyim var. -Çox maraqlıdır, müəllim. Ümumiyyətlə, yaradıcı insanların istər özlərinin yaratdığı, istərsə də yaradılan obrazlarda özünü tapması çox dərin və sirrlidir. -Birinci kursdakı Səma və indiki Səma. Fikirlərinizi bilmək maraqlıdır. Tam səmimi olaraq.
-Hələ bir il keçib, bu fərq ilbəil daha da artacaq, çünki illər keçdikcə dəyişirik, müdrikləşirik. Səndəki fərq isə əlbəttə, görünür. Bu fərqi geniş tamaşaçı kütləsinə demirəm, amma o fərqlər aydın məsələdir ki, var, həm də yaxşılığa doğrudur. Sən çox çalışqan qızsan, öz üzərində çox çalışırsan. Arzu edirəm ki, bundan sonra da daha çox çalışıb, sənətin sirrlərinə yiyələnməyi bacarasan. Mən hər dəfə dərsdə sizə nələrsə öyrədib, bacarmağınız üçün çalışıram. Yolun açıq olsun, xoşbəxt olasan. Harda olursansa ol, istər yazıçı kimi, istər ədəbiyyatda, istərsə də səhnədə, uğurların bol olsun! Üzün həmişə gülsün. Təşəkkür edirəm, var ol! -Sizdən haqqımda bu fikirləri eşitmək xoş oldu, ustadım! Zəhmətiniz danılmazdır. İnşallah inanıram ki, etimadızı doğrultmağı bacaracam! Var olun, çox təşəkkür edirəm!

Söhbətləşdi: Səma MUĞANNA

Gənc yazar, AYB üzvüPrezident təqaüdçüsü


SƏMA MUĞANNANIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir