Şahlar Hacıyev – BABADAĞ DUYĞULARIM

BABADAĞ DUYĞULARIM

Sənə tamaşaya çıxmışam yenə,
Meyxoş keçən qışın bu oğlan çağı
Bəyaz libasını geyib əyninə,
Göyə baş vurursan ay Baba dağım!

Dağlar babasısan, Qafqaz balası,
Əzizdir hər kəsə məkanın, yerin.
Adın ən müqəddəs inamın xası,
Həm də qəhrəmanı əfsanələrin…

Pirani qocasan, uludan ulu…
Onunçün Babadağ olubdur adın.
Ümidə, inama aparır yolun,
Çəkir o cazibən doğmanı, yadı.

Qonağın Şirvandan, Muğandan gəlir,
Düşərək sorağa hey axın-axın.
Ümidlər sel olur, ruhlar dincəlir,
Qəlbi dönür dağa qəlbiqırığın.

Bərəkət yığırsan yağışdan, qardan,
Təşnə olanlara çox olsun payın.
Susuz arana da edib ərmağan,
Verirsən aparır Girdiman çayı.

Sən belə qüdrətlə nə üzüyola.!
Ən hündür zirvəni fəth edir hamı.
Sevib sevdirirsən, salırsan yola,
Bir kəsin gözündə qalmasın kamı.

Mən sənin qoynunda çox dolaşmışam,
Hüsnündən, halından olub xəbərim.
Cığırlar keçmişəm, gədik almışam,
Öyrənib sirrini keçilməzlərin.

İlk dəfə qalxanda qaldım əcəb lal,
Heyrətə düşmüşdüm,süzüb baxaraq..
Bir üzü sıldırım -qıy vurur qartal…
Bir üzün sürülü, obalı yaylaq…

İndi səndən uzaq, qərib kimiyəm
Kəndim, yurdum, evim qalıb yanında.
Elə bil dəryada azmış gəmiyəm,
Sahilə dönməyim var gümanımda.

Boylanıb baxıram qonaq sayağı
Ruhumu üşüdür o qar duman, çən,
O çayı, meşəni, dağı yaylağı,
İllər də silmədi heç xatirimdən

Nə yaxşı ucasan, zirvən görünur,
Boyum qısaldıqca sən boy atırsan.
Aldadıb uydurub yatırdır ömür
Soyuq nəfəsinlə sən oyadırsan.

Müəllif: Şahlar Hacıyev

ŞAHLAR HACIYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir