
Dominoda uduzub Sözdə qalib olan şair
Yadımdadı 4-cü sinifdə oxuyanda kiçik hekayələr yazırdım. Yazan kimi də anama göstərirdim. Oxuyurdu , gülümsəyirdi. Qəribə məmnunluğu vardı anamın. O gülümsədikcə elə bilirdim ki, dünyanın ən böyük yazıçısı özüməm. Xəyalımın əlindən tutub böyük -böyük səhnələrdə , televiziya ekranlarında gəzirdim. Özümü böyük istedad sahibi bilirdim . Bir gün atam heç nə olmayıbmış kimi mənə “hünərin var şeir yaz” dedi. Pərt oldum. Sən demə mənim bu “böyük” yazılarımı atam elə yüksək dəyərləndirmirmiş. Riyaziyyatçı olduğuna görə onunçun hekayə yazmaq da iki vur iki imiş sən demə. Məndən daha böyük uğur gözləyirmiş bəlkə də. Bəlkə də ayrı səbəb vardı..Bilmirəm. O gündən sonra belə qərara gəldim ki, nə olursa olsun şeir yazacam . Bilirdim ki, şeir yazmaq elə də asan deyil. Amma atamın acığına mütləq şair olacaqdım. Bu acıq mənə sözün qapılarını daha geniş açmaqda kömək etdi və beləcə ilk şeirim doğuldu. Sonra bir də , bir də … Əlbəttə hamısı uşaq təxəyyülünün məhsulları idi. Sonra ilk şeirim dərc oldu və o zaman ilk dəfə özümü qalib kimi hiss etdim və ilklər belə başladı. Mən bacarmışdım. Çox sonralar öyrəndim ki, Qulu Ağsəs də domino oynayarkən qardaşıyla mərcə girib , uduzub şeir yazıb . Yəni hər ikimizin qocaman şeirə gəlişimiz təsadüfən olub. Sonra fikirləşirəm ki, axı təsadüflər zərurətdən doğur çox vaxt. Amma nə yaxşı ki, mən acığa düşmüşəm və nə yaxşı ki, Qulu mərci uduzub. Yoxsa biz nə edərdik ədəbiyyatsız? Sözdən başqa nə gəlir əlimizdən?
Barmaqla sayılacaq qədər görüşmüşük onunla.
Ayaqüstə , qaçaraq, tələsik. Amma mənə elə gəlir ki, onu min ildi tanıyıram. Ayrı dünyalarda , ayrı məkanda , ayrı zamanda biz onunla çox yaxın dost olmuşuq düşüncəsindəyəm. Ərklə qapısını çala biləcəklərimdəndi. Tənqidimə də , tərifimə də eyni münasibət bildirir. Gülümsəyir eləcə. Çox az -az danışırıq. Başı “Ulduz”a qarışıb , mərci də yadından çıxıb. Qardaşına uduzduğu mərcindən danışıram. Bunun günahını da zamanın üstünə yıxır.
Hərdən ona zəng edirəm. Nəsə soruşmaq və hansısa fikrimi bölüşməkçün. “Bir saatdan sonra sənə zəng edəcəm deyir” . Bir saat bir həftə olur. Sözüm də yadımdan çıxır. Zəng edəndə çaş- baş qalıram ki, görəsən nə deyəcəkdim.
Üç ildi söz verib ki, sənin haqqında yazı yazacam. Hələ də yazır. Çörəyi də ayaqüstə yeyir , nə inciyim ondan. Amma ara -sıra kiminsə yaradıcılığı haqqında yazısını görəndə , fikirləşirəm ki, bu ayaqüstü yazıların biri də mənə ünvanlana bilərdi. Sonra da yadıma düşür ki, Qulu Ağsəs adamı yola verməyi sevmir. Çox sevdiyi sözün xətrinə dəyməkdən qorxandı.
Qulu bir dastanlıq düşünər , bir dadımlıq yazı yazar. Bir dadımlıq sözünün də təpəri var axı. Özündən çox oxucunu fikirləşər . Sözü də , oxucunu da yormağı sevməz . Bəzi dostlarım kimi Qulu da şeir yazanda çiynimdən dağ götürülür. Elə bilirəm onunla birgə mənim yorğunluğum da canımdan çıxdı. Hərdən elə yazıları başımıza çıxarar ki, özün özünə məətəl qalarsan. Hərdən də elə şeirləri ayaq altına atar ki, götürüb təzədən yerinə qoymağa utanarsan. Qəribəliyi çoxdu Qulunun.
Sözə o qədər vurğundu ki, dönüb dünyaya baxmaz. Qıraqdan , bucaqdan eşidərəm tərifini, üzə tərif yağdırmağı sevməz . Xəsisdi bu sarıdan. Hələ -hələ danışmaz , danışanda da susmaz. Danışdıqca özünü ələ verər. O susanda mən yazaram.
Yeniliyə can atar , amma kökdən də qırağa çıxmaz. Bilir ki, yoldan çıxdısa azacaq. Əvvəl eynəyiylə , sonra gözüylə baxar adama. Kim bilir eynəkdən keçməyən nə qədər “dost”u var .. Qıraqdan baxanda xoşbəxt , dərdsiz, qəmsiz görünər. Bəzən dili yox, gözü danışar adamla. İçindəki ağrıları gözündən gizlədə bilməz.
Şeiri barmaqlarıyla yox, ayaqlarıyla yazar , sözün dalınca qaçmaz , söz onun ardınca düşər. Sevgiyə yuxarıdan aşağı baxar . Göy adamıdı axı..
Həmişə gənclərlə oturub durur deyə yaşını unudub. Bir də təəccüblü də olsa eyni vaxtda , eyni məkanda doğulmağı sevməz. Hər adama bir doğum tarixi deyər. Qalarlar çaş-baş. Dedim axı eynilikdən tez bezəndi. Gecənin bir aləmində tanımadığı ölkələrə və tanımadığı adamlara telefon açar və şeir deyər. Mənim kimi. Hərdən tənhalığımızı bir yadın səsiylə ovundurarıq. Dəlisayaq. Boynuna almasa da aprelin 20 -si onun dünyaya göz açdığı gündü. Mənə elə gəlir ki, Qulu əlində qələm , çiynində çanta , gözündə eynək gəlib dünyaya. Bu yazını da ad günü təbriki kimi anlamasın. Yazdım ki, vaxtı yadına salım. Başı “Ulduz”a elə qarışıb ki, dönüb ətrafa baxmır. Həm də təmtərağı sevmir. Yaşının üstünə yaş gəldikcə bir az da uzaqlaşır şablon ad günü təbriklərindən. Bu sarıdan da bənzərliyimiz var. Özü demiş ömürdən ömür gedir , buna sevinmək yox , ağlamaq lazımdı. Amma nə etsək də zaman atına çata bilmirik . Yenə özü demiş.
İndi yəqin ki, vaxtı da , bu günkü doğum gününü də unudub və “sahildə qumun üstündə oturub dənizdə batan qayaya dua edir”. Tanrı səsini eşitsin.
Bu da təbrik deyil, arzudu.
56 -yacan Qulu Ağsəs kimi yaşadın. Bundan sonra da öz adınla yaşamaq ümidiylə təzə yaşda görüşənədək, əziz dost!
Müəllif: Təranə DƏMİR
AYB – nin və AJB -nin üzvü
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru