
ƏZİZ İNSAN HAQQINDA BİR NEÇƏ SÖZ
“Sevda qəhrəman qızdı”. Bu sözləri illər öncə Nəriman Həsənzadə demişdi Sevda Əlibəyli haqda. Mən hələ onda Sevda xanımı şəxsən tanımırdım. Nəriman müəllimin yazı-pozu işlərini görürdüm Mətbuat və İnformasiya naziri olanda.
“Söz” jurnalının ilk baş redaktoru və təsisçisi Şəkər Aslanın vaxtsız vəfatı, Sevda xanımın ona dost, həmkar sədaqəti, jurnalı ağır maddi sıxıntı içərisində olmasına baxmayaraq, çox çətinliklə çap etdirməsi barədə də Nəriman müəllim danışmışdı mənə. Sonra Sevda xanımla şəxsi tanışlığımız və iş əlaqəmiz başladı. Və elə o zamandan bu əlaqə çox doğma, əziz insanıma çevirdi onu. Hətta ailə dostumuz, əzizimiz oldu. Özü də, dəyərli ömür-gün yoldaşı Mükafat müəllim də, gözəl balası Toğrul da.
Sevda Əlibəylidən söz düşəndə həmişə kövrəlirəm… İstər ailəsi uğrunda, istər dostluqda, istər yaradıcılıq yolunda ürəyinin yağını necə əritməsi gözlərim qarşısında olub bu illər ərzində…
Sevda xanım gözəl jurnalistdir, yazıçı-publisistdir. 11 kitab müəllifidir. Ağır maddi duruma baxmayaraq, mətbuatımıza xidmət edən “Söz” jurnalının illərdir nəşrinin dayanmaması üçün fədakarlıq göstərən, milli-mənəvi dəyərlərimizi özündə təcəssüm etdirən Azərbaycan qadınıdır.
Böyük bir kollektivin görəcəyi işin ağırlığını illərdir zərif çiyinlərində daşıyan bir xanımın nəşr etdirdiyi “Söz” jurnalının mətbuatımıza xidməti danılmazdır. Bunu ictimai-siyasi xadimlər, səlahiyyət sahibləri, millət vəkilləri də jurnalın yubileylərində dəfələrlə vurğulayıblar.
Sevda xanım kimi ziyalılarımız cəmiyyətimizə çox lazımdır. Belələrinə dəyər verməliyik ki, gənclik də bu yolla getsin… Axı bu yol – Zərdabi yoludur…
Sevda xanıma mənim bir minnətdarlıq borcum da var. Qeyd etdiyim kimi o, son dərəcə etibarlı, təmənnasız dostdur.
Həyatımın ən çətin anlarında, əzizlərimi ard-arda itirdiyim zamanlarda Sevda xanım ağrıyan ürəyilə yanımda oldu həmişə, hər an.
Həssas ürəyə sahib olan Sevda xanım açıq ürək əməliyyatı keçirməli olanda çox qorxutdu bizi. Ağır koronavirusa yoluxduğundan və ağır şəkər xəstəsi olduğundan, çox çətin əməliyyatın məsuliyyətini üzərinə götürən fəxrimiz, dünya şöhrətli kardioloq-cərrah Rəşad Mahmudovun peşəkarlığı və onu sevənlərin duaları sayəsində Allah Sevda xanımı yenidən bizə bəxş etdi.

Ümid edirəm ki, bu il yubiley yaşını qeyd edən Sevda xanım layiqli olduğu fəxri adı almaqla da bizi sevindirəcək.
Sevda xanıma möhkəm cansağlığı, yaradıcılıq uğurları arzu edirəm.
İmzanız mətbuatımızdan əskik olmasın, cəfakeş Sevda xanım!
Aliyə CAVANŞİR,