Müasir nəsrimizin Yunus Oğuz yolu

Müasir nəsrimizin Yunus Oğuz yolu

Yunus Oğuzu mənə doğmalaşdıran ən ümdə amillərdən biri müasir və mürəkkəb ədəbi məkanda bizim ruhdaş olmağımız, düşüncədaş olmağımız, sözdaş olmağımız, başlıcası isə vətənpərvər və əbədi tarixdaş olmağımızdır. Bu bağlılığın başında təbii ki, Yunus Oğuzun tarix fəlsəfəsinin türkçülük şüurundan, türk kimliyindən yol alan tarixi reallıqların, yazıçı təxəyyülündən doğan və bu reallıqların içindən boylanan ciddi hadisələrin və olayların, dramatik səhnələrin və baş obrazların kamil bədii təsvirini ustalıqla yarada bilmək bacarığı xüsusi yer tutur.

Bu ədəbi xəzinənin təməl daşlarını Yunus Oğuzun fəlsəfə fakultəsini bitirərək filosof ixtisasına yiyələnmasi, baş redaktor kimi milli mətbuatımızın inkişafındakı müstəsna xidmətləri, yüzlərlə elmi və publisistik məqalənin müəllifi olması və çoxşaxəli yaradıcılıq fəaliyyəti təşkil edir, eyni zamanda ədibin Böyük türk dünyası naminə göstərdiyi əməli işlər və əldə etdiyi uğurlar da bu xəzinəni bir az da  zənginləşdirir.

Bu baxımdan onun Azərbaycan və Özbəkistan  arasındakı ədəbi əlaqələrin inkişaf etdirilməsinə, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsinə verdiyi töhfələr təqdirəlayiqdir.

Elmi-tarixi qatlara baş vurmadan və hər dövrün özünəməxsus tarixi proseslərinə dərindən bələd olmadan müasir tarixi əsər yazmaq müşkül məsələ olduğunu dəqiq bilən Yunus Oğuzun tarixin qaranlıq hücrələrini qəlbinin və əqidəsinin işığıyla işiqlandırıb tarixi roman ənənəsinin yeni mərhələsinə qədəm qoymasını çox bəyənirəm. Türkiyə türkcəsinə çevrilib İstanbulda və İngilis dilinə çevrilib Londonda işıq üzü görən “Qızıl kəlmə” mükafatlı “Nadir şah” romanı mənim də ruhumun əsəridir. Üzərində beş ilə yaxın bir zaman sərf etdiyim  “Vətən” poemasında mən də Nadir Şah Əfşarı Yunus Oğuz kimi müasir bədii təfəkkürün həqiqət süzgəcindən keçirməyə çalışmışam. Bu süzgəcin təxəyyül mərkəzi tarixi əsər ənənələrinin yeni formada inkişaf istiqamətlərini müəyyən edir ki, əsas istiqamət yönü də Azərbaycan, Azərbaycançılıq və Azərbaycanşünaslıq səmti olur. Bu səmtin elmi-tarixi fəlsəfəsi və ictimai-siyasi mahiyyətli türkçülük və azərbaycançılıq ideyalarının monolit birliyində bərqərar olur.

Yunus Oğuzun “Nadir şah” tarixi romanı ilə yanaşı bir-birindən mükəmməl və müasir bədii təfəkkürün məhsulu olan,- iki cildlik “Əmir Teymur-zirvəyə doğru” və “Əmir Teymur-dünyanın hakimi”, “Təhmasib şah”, “Atabəy Eldəniz”, “Attila”, “Ovçu”, “Səfəvi Şeyxi”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan” kimi tarixi romanları da nəsr tariximizin yeni və özünə məxsus mərhələsini müəyyənləşdirməyə yönəlib və bu missiyanı uğurla həyata keçirir. Yunus Oğuzun Zəfər savaşımızdan bəhs edən “Cığır” romanı, bir-birindən marağlı və məzmunlı pyesləri və digər əsərləri də müasir nəsr məkanımızın ayrılmaz hissəsi kimi əbədi yaşam dövrünə qədəm basmaqdadır.

Mən qüdrətli qələmdaşıma yeni və bənzərsiz ədəbi uğurlar diləyirəm.

Ramiz QUSARÇAYLI,

şair

RAMİZ QUSARÇAYLININ YAZILARI

Tanrının verdiyi istedad sahibi- YUNUS OĞUZ -65

Tanrının verdiyi istedad sahibi

Yunus Oğuzu 1993-cü ildən tanıyıram. Bu tanışlığa ümumi dostumuz, Yunuz Oğuzun tələbə yoldaşı, onunla birlikdə Rostov Dövlət Universitetində təhsil almış, mənim də 30 illik dostum Zahir Abdullayev vəsilə olmuşdu. O vaxtlar Yunus Oğuz gənc olmasına baxmayaraq, dövlət qulluğunda yüksək vəzifə sahibi idi- dövlət müşaviri. Bir az sonra biz Yunus Oğuzla ailəvi  görüşdük. Bu görüş mənim Yunus Oğuzla ən yaxın təmasım idi…      Sonralar müxtəlif dost məclislərində, ədəbi, ictimai-siyasi tədbirlərdə vaxtaşırı görüşür, ünsiyyətimiz daha da intensivləşirdi…Əlaqələrimiz sıxlaşdıqca  bir-birimizi daha yaxşı başa düşür, fikirlərimizin üst-üstə düşməsi bizi daha da yaxınlaşdırırdı. İndi əvvəlki dövrlərdən daha çox ünsiyyətdəyik və mən bu ünsiyyətdən bir yaxınlıq, doğmalıq,  səmimiyyət duyuram….
    …   Ümumiyyətlə götürdükdə ömrünə-gününə bir dövlət adamı, siyasətçi, publisist və yazıçı qisməti yazılmış, keşməkeşlər və mübarizələrlə dolu bir ömür yaşayan Yunus Oğuz bir vücudda üç əsas fəaliyyəti birləşdirmişdir. Bu xüsusiyyətlərin hər üçü də paralel olaraq yaşanır və ideal formada bir- birini tamamlayır. Sözsüz ki, onun bütün fəaliyyətini bu kiçik yazıya sığışdırmaq mümkün deyil. Yunus Oğuzun həyat və fəaliyyətinin hər bir istiqaməti böyük bir mövzudur və onların hər biri haqqında ayrıca tədqiqatlar, monoqrafiyalar yazmaq lazımdır və bu monoqrafiyalar yazılır. 
      Yunus Oğuz siyasi fəaliyyətə gənc yaşlarından başlamışdır. 1988-ci ildə Rostov Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirərək mükəmməl fəlsəfə ixtisasına yiyələnən Yunus Oğuz təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq İnstitutuna göndərilir və burada kiçik elmi işçi vəzifəsində çalışır. Bu həmin dövr idi ki, Azərbaycanın da tərkibində olduğu SSR İttifaqının mənəvi  və siyasi, həm də sosial səbəblərdən aşınmış divarları yavaş-yavaş sökülür və çökürdü…Bu çökmələr fonunda müttəfiq respublikalarda xalqların milli oyanışı özünü qabarıq şəkildə göstərir, SSRİ  hökuməti və hakimiyyətdə olan Kommunist Partiyası bu oyanışların qarşısını zorla almağa çalışsa da buna müvəffəq ola bilmirdi. Qatar tərpənmişdi və tarixin təkərini geri döndərmək mümkün deyildi.
     SSRi-nin o zamankı  rəhbəri satqın Mixail Qorbaçovun dəstəyi, Moskvada yaşayan və Qorbaçovun ətrafında yuva salmış erməni ideoloqlarının birbaşa çağırışı ilə keçmiş Dağlıq Qarabağda separatçıların törətdiyi ixtişaşlar nəticəsində Bakıda və bölgələrdə Milli Azadlıq Hərəkatı daha aktiv fazaya keçirdi və bu hərəkata qoşulanların böyük əksəriyyəti gənclər idi. Həmin gənclərin önündə gedən, onlara ideoloji istiqamət verən, yol göstərən gənclərdən biri də Yunus Oğuz idi…
     Dövlət müstəqilliyimizin bərpası, müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın azadlığının və firavan yaşamasının, ərazi bütövlüyümüzün təmin edilməsi, Azərbaycan dövlətinin beynəlxalq səviyyədə nüfuz sahibinə çevrilməsi, türkçülük, turançılıq Yunus Oğuzun həyat amalı və mübarizəsinin əsas qayəsi idi və o, həyatının sonrakı dövrlərində bütün fəaliyyətini bu müqəddəs işə həsr etdi. Bu mübarizədə o iki taktiki yol seçdi. Publisistika və yaradıcılıq. 
        Yunus Oğuz hələ Fəlsəfə və Hüquq İnstitutunda işləyərkən 1989- 1991-ci illərdə “Azad söz” qəzetinin, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib və 1991-1992-ci illərdə “Ordu”qəzetinin baş redaktoru vəzifəsində çalışırıb. 1995-ci ildən  isə “Olaylar” İnformasiya Agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru vəzifəsində çalışır. 
        Mətbuat, publisistika həm də Yunus Oğuzun tale yazısı imiş. Bu il ölkəmiz Azərbaycan mətbuatının yaranmasının 150 illiyini qeyd edir. Həm də ölkəmizin mətbu ictimaiyyəti “Olaylar”ın 30 illik yubileyini qeyd edir. 22 iyul Azərbaycan mətbuatının yaranma günüdür, eyni zamanda Yunus Oğuz 22 iyulda dünyaya gəlib. Üstəlik həmin gün Yunus Oğuz həm də 65 illik yubileyini qeyd edəcək. Sadaladığım bu qədər əlamətdar tarixi günlərin Yunus Oğuzun tale göstəricisi olduğu təsadüfdür, yoxsa zərurət?  Bunu hər halda bir filosof kim Yunus Oğuz daha aydın izah edə bilər. Ancaq görünür bu tarixi rəqəmlərdə də bir mistika var.
       Bu yaxınlarda Azərbaycan Mətbuat Şurasında “Olaylar”n 30 illik tədbirinə mən də dəvət almışdım. Tədbirdə ölkəmizin görkəmli elm, mətbuat və ədəbiyyat adamları iştirak edirdi. Tədbir boyu iştirakçılar çıxış etdikcə məni sevinc qarışıq təəccüb bürüyürdü. Çağdaş mətbuatımızın öncül nümayəndələri, media kapitanları, mətbuatımızın aparıcı simalarının, görkəmli jurnalistlərin böyük bir dəstəsi sən demə öz fəaliyyətlərini Yunus Oğuzun yaratdığı və 30 il rəhbərlik etdiyi “Olaylar”dan başlamışlar. Deməli Yunus Oğuz təkcə qəzet yaratmayıb, həm də məktəb yaradıb və ölkəmizin jurnalistlər ordusunun xeyli hissəsi “Olaylar” məktəbini keçib. Yunus Oğuzun nüfuzlu bir informasiya agentliyinin rəhbəri olaraq haqqında çox dəyərli sözlər deyilib, lakin mənim ən xoşuma gələn fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini hörmətli Natiq Məmmədlinin ifadəsindən eşitdim : “Olaylar”ın ənənə yaratmış başqa qəzetlərdən fərqli xüsusiyyəti ondan ibarətdir ki, “Olaylar” bir fikir məktəbidir. “Olaylar” həm də bir ədəbi məktəbdir. Onun başında dayanan, rəhbərlik edən şəxsiyyətin öz keyfiyyəti, xarakteri, yaradıcılıq tərzi yaratdığı qəzetdə özünü ifadə edib. Bir yazıçı kimi Yunus Oğuzun məqsədi Azərbaycan türk kimlik yaddaşını diri saxlamaqdan ibarətdir. “Olaylar” da bizim mətbu yaddaşımızdır”. Məncə şərhə ehtiyac yoxdur.
 Yunus Oğuzun fəaliyyətinin 3-cü hissəsini,  vaxtının və düşüncəsinin əhəmiyyətli hissəsini bədii yaradıcılıq təşkil edir. Ümumiyyətlə, yaradıcılıq Yunus Oğuzun stixiyasıdır. O, publisistikasında da, nəsrində də, dramaturgiyasında da yaradıcı bir şəxs olaraq çıxış edir. Nə qədər mübahisəli də olsa mən jurnalistikanı da yaradıcılıq hesab edirəm. Və bu mənada Yunus Oğuzu həm jurnalist, həm də yazıçı və nasir kimi hərtərəfli yaradıcı bir şəxs hesab edirəm. Belə düşünürəm ki, onun publisistikasında bir bədiilik, nəsr əsərlərində və pyeslərində publisistika var. Bəlkə də dediyim bu fikir mübahisə doğurar. Ancaq mənim qənaətim belədir.
      Heç şübhəsiz ədəbiyyat tariximizdə Yunus Oğuz cox ciddi və maraqlı publisistikası,  dramaturgiyası ilə yanaşı  məşhur bir romançı- tarixi romanlar müəllifi kimi qalacaq. Azərbaycan ədəbiyyatı tarixində tarixi roman yazan müəlliflərimiz kifayət qədər olmuşdur və bu gün də bu ədəbi proses davam edir. Bununla belə Yunus Oğuz qədər məhsuldar tarixi roman yazan ikinci bir müəllif yadıma gəlmir. Hər kəs bilir ki, bu səpkili əsər yazmaq müəllifdən istedad qarışıq, həm də müraciət etdiyi tarixi dövr və hadisələr barədə zəngin bilik və informasiya tələb edir. Onun tariximizi dərindən bilməsi, ictimai özünüdərk, vətənpərvərlik, vətəndaşlıq mövqeyi, Azərbaycan dövlətçiliyinin müxtəlif mərhələlərində keçdiyimiz çətin və şərəfli yolu, həm də səhvlərimizi öz əsərlərində əks etdirən və tarixdən ibrət götürmək üçün bir çağırış edən Yunus Oğuzun tarixi mövzulara müraciət etməsinin əsas səbəbləridir, Bu istək həm də onun vətəndaşlıq, dövlətçilik, milliyyətçilik mövqeyindən irəli gəlr.  Qeyd etdiyim kimi Yunus Oğuz çox məhsuldar bir yazıçıdır. Onun tarixi roman və pyeslərinin adları saymaqla bitmir və bu əsərlər oxunur, sevilir, təkrar-təkrar nəşr edilir, dərsliklərə salınır, dərsdənkənar oxu ədəbiyyatı kimi istifadə olunur, tərcümə edilir, xarici ölkələrdə təqdimatı keçirilir, haqqında araşdırmalar aparılır, tamaşaya qoyulur, həmin əsərlər əsasında ssenarilər yazılır, istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda müxtəlif çoxsaylı mükafatlar, ödüllər alır. Əsərləri Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatıda, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib. Bütövlükdə 30 -a yaxın ölkədə 50-dən çox kitabı nəşr edilib. Kitabları haqqında üç monoqrafiya yazılıb. Əsərlərinin xarici dillərə tərcümə olunaraq nəşr edilməsi dövlətimizin və xalqımızın tarixinin və dəyərlərinin dünyada tanıdılmasında, təbliğində mühüm rol oynayır və bütün bunlar Yunus Oğuzun xalqına vətəninə, dövlətinə xidmət nümunəsidir.
       Yunus Oğuzun 44 günlük Vətən müharibəsi və   qələbəmizə həsr olunmuş “Cığır” romanı bu mövzuda son illər yaradılmış ən dəyərli əsərlər sırasındadır. O, “Cığır”ı qibtə ediləcək bir sürətlə yazdı. Ümumiyyətlə, sürətli yazı Yunus Oğuz yaradıcılığı üçün xasdır ki, bu da onun yaradıcılıq stixiyasından irəli gəlir.  Sanki, mövzu onun içində illərlə yuva salır və kiçicik bir qığılcım lazımdır ki, mövzu müəlifin içindən vulkan kimi püskürsün. Yunus Oğuz əsərlərində tarixi paralellər apramaqla, həm də bu prosesləri bir-biri ilə sıx bağlayır. Əsər boyu tarixi dərinliklərə vararaq oxucuya haşiyələrlə daha maraqlı məlumatlar verir. Onun tarixi romanlarının adlarına, əsərdə nəql olunan hadisələrə və bu əsərlərin baş qəhrəmanlarına diqqət yetirsək görərik ki, bu əsərlər tarixin müxtəlif dönəmlərində fəaliyyət göstərmiş türk dünyasının hökmdarlarına, sərkərdələrinə, dövlət xadimlərinə və onların iştirakı ilə cərəyan edən hadisələrə həsr olunmuşdur ki, burda da müəllifin əsas məqsədi “Azərbaycan türk kimlik yaddaşını diri saxlamaqdan”və tarixdən ibrət götürməkdən ibarətdir
      Son vaxtlar “Olaylar” qəzetinin səhfələrində dərc olunan parçalardan aydın olur ki, Yunus Öğuz “Türk etnonimləri və törələri” adlanan daha bir qiymətli əsər üzərində işləyir və  hiss olunur ki, bu əsər türklük və türkçülük elminə daha bir qiymətli və sanballı töhvə olmaqla onu daha da zənginləşirəcək. 
      Yunus Oğuzun şəxsiyyəti də yaradıcılığıl və fəaliyyəti kimi bütövdür.Tanrının verdiyi istedad, zəngin tarixi bilgi, fəlsəfi düşüncə, zəhmətsevərlik, sürətli və məhsuldar yaradıcılıq, təvazökarlıq və sadəlik, dövlətçilik, milliyətçilik, türklük və türkçülük, turançılıq onun yaradıcılığı üçün xarakterikdirsə, peşəkarlıq, operativlik, yenilik, qərəzsizlik, vətənpərvərlik, vətəndaşlıq onun publisistikası üçün xarakterikdir və o, şəxsi keyfiyyətləri ilə də yaradıcılığını tamamlayır. Bütün istedadı və möhtəşəm yaradıcılığı ilə həm də son dərəcə təvazökar, təkəbbürdən uzaq, sadə, səmimi, hay-küydən kənar, dövlətinə, xalqına, vətəninə, dostluğa sədaqət nümunəsi, mövqeyinə görə həm özünə, həm də qarşı tərəfə münasibətini dəyişməyən bir şəxsiyyətdir.
       Yunus bəy bu günlər 65 illik yubileyini qeyd edərək yaşının müdriklik çağına qədəm qoyur. Onsuz da müdrik olan Yunus bəyi səmimiyyətlə təbrik edir, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırm. 
 Ramiz GÖYÜŞ,                                                                                    
                                                                                                                                 

Ulusal yaddaşın gözətçisi- Dr. Yunus Oğuz – 65

Ulusal yaddaşın gözətçisi

Zaman öz hökmünü yürüdür: unudulacaq olanı silir, qalacaq olanı yazır. Tarix isə o zamandır ki, unudulacaq olanı unutmaz, qalacaq olanı isə bəzən görməz. Bu paradoksun içində  insan çıxır ortaya – həm zamana, həm tarixə səslənir. Həm dünəni qoruyur, həm bugünü yazır, həm də sabaha söz ismarlayır. Türk dünyasının, Qafqazların, can  Azərbaycanın belə miqyas, səciyyə və səviyyə nümayiş etdirən aydınları olub, bugün də var, gələcəkdə də olacağına inamımız sabitdir. Bu gün həmin kateqoridən olan çağdaş aydınlarımızdan biri haqqında söz açmaq istəyirəm. Jurnalistikamızın, tarixi romançılığımızın, ümumən ictimai fikrimizin (necə deyərlər) çağdaş yaddaş mühəndislərindən biri, (belə demək mümkünsə) kulturoloji keçidlərdə keşik çəkən ruhi güc ustalarından olan Dr. Yunus Oğuzu nəzərdə tuturam. Yunus bəy ömrünün 65-ci addamacından keçmək ərəfəsindədir. Yunus bəy builki yubileyini respublikamızın ərazi bütövlüyü və suverenliyinin təmini yolunda tarixi Zəfərimizin 5-ci ildönümünün qeyd olunacağı, “Konstitusiya və Suverenlik İli”ndə keçirmək bəxtəvərliyini yaşayır. Onun 65 illik yubileyi milli mətbuatımızın 150 illik əlamətdar yubileyi ilə üst-üstə düşür. Nə gözəl təvafüqlüklərdir! Qutlu olsun!

Yunus Oğuz – publisist kimi indiki zamanın üzərinə işıq salır, roman müəllifi kimi oxucunu keçmişin labirintlərində uhulət-suhulətlə gəzdirir. Bu iki görəvin yükümlüsü olmaq – sanki iki qütbdə ulusal varlığın sözlə qorunması aktı, faktıdır.

Sözün arxasında fikir, fikrin arxasında sorumluluq duranda bir başqa cür olur.
Yunus Oğuz adının yanıbaşında bir brend də var: “Olaylar”!
“Olaylar” təkcə bir agentlik, yaxud qəzet deyil; o, vaxtın ürək döyüntülərini duyan, duyduran və onu toplumla bölüşən bir ulusal platforumdur. “Olaylar”ın qurucu-Baş redaktoru Dr. Yunus Oğuz – mətbuatı yalnız informasiya ötürücüsü kimi deyil, ulusun düşüncə ehtiyacını qarşılayan bir institut kimi görür. Mənə elə gəlir, o, mətbuatı öz varlığı qədər ciddiyə alıb. Bu, təsadüfi deyil. Çünki onun mətbuatdakı varlığı, bir növ ümumtürk yaddaşının informasiya ilə təmas xəttinə çevrilib.

Ustadlar ustadı Əhməd bəy Ağaoğlu ulusu maarifləndirməyin əsas yolunu qəzet və jurnallarda görür və milli mətbuatı milli varlığın əksi sayırdısa, XX yüzil sonu-XXl yüzil başlarında Yunus Oğuz kimi aydınlarımız o fikri irsi davam və inkişaf etdirmə yolunu izləyirdi. – “Olaylar” həmin izlənimin, duyğu, düşüncə və fikrin təcallalarından biriydi. “Olaylar”, ümumən Yunus bəyin yazıb-yaratdıqlarının toplusu müstəqillik illərimizin vicdanı kimi yorumu haqq edir deyənləri haqqlı sayıram.

Yaddaşla təkbətək

Yunus Oğuzun romanları – özəlliklə “Çingiz Xan”,
“Sultan Alparslan”, “Atabəy Eldəniz”, “Əmir Teymur. Zirvəyə doğru”, “Əmir Teymur. Dünyanın hakimi”,
“Təhmasib Şah”, “Səfəvi Şeyxi”, “Nadir Şah” və digərləri – sadəcə tarixi hadisələri bədii dillə yorumlamır. – Onlar itirilmiş yaddaşı geri qaytarmaq üçün ideoloji xəritə dəyərindədir. Hər bir obraz, hər bir süjet xətti bir ismarıc daşıyır: “Unutma! Xatırla! Özün ol”! 
Əlbəttə, “Ovçu”, “Cığır” kimi əsərlərlə – günümüzün  hadisələrini tarixi roman fəzasına qaldıran da Yunus Oğuz oldu. Necə ki  “Qədim Anadolu və Azərbaycan türkləri” (2002), “Türkün tarixinə yeni bir baxış” (2006), “Türkün gizli tarixi” (2010), “Qədim Türklər və passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatlarında” (2011) və b. elmi-publisistik əsərlərdə də Yunus Oğuz imzası vardır. Turançı ruh – onda ülkü ilə yanaşı, möhkəm mövqe məsələsidir.
“Keçmişdən gələcəyə nə daşıyırıq? – Tarix ibrətdir” fəlsəfi-tarixi-publisist düşüncələr, “Deyirəm oyan, gözünü aç, ayağa dur! İstəmir” felyetonlar, “Mən Şuşada yazıram” esselər toplanmış kitablar da haqq etdikləri masada, rəfdə və internet resurslarında…

Onun tarixi romanları, əslində, bir ulusun psixoloji zədələrinə və kimlik parçalanmalarına qarşı dirəniş manifestidir. Bu romanlarda qəhrəmanlarla yanaşı, yaddaşın özü qəhrəmana çevrilir. Belə bir fikir var ki,  Yunus Oğuz tarixə ideoloji bərpaçı kimi deyil, mənəvi xilaskar kimi yanaşır – keçmişə qayıdaraq gələcəyi qoruyur… – Bu qənaətə şərikəm.
Bəli, 
Yunus Oğuz üçün Turan ideyası romantik duyğu deyil. O, Turanı tarixi gerçəkliklərlə, mədəni yaddaşa və siyasi sorumluluğa dayanan bir çağırış kimi ortaya qoyur. Əgər Turan onun romanlarında daha çox irs kimi görünürsə, publisistikasında bu, geosiyasi mövqe kimi formalaşır.

Biz bəzən “aydın” sözünü çox asan işlədirik. Dr. Yunus Oğuzun timsalında bu söz yeni anlam qazanır. O, aydınlığı kabinetdən küçəyə, tribunadan roman səhifələrinə, qəzet başlıqlarından ulusal ruha daşımağı bacaran insandır. Onun çalışmaları – fikrin etirazla, sorumluluğun isə göstərişsiz qürurla müşayiət edildiyi bir ömürdür.
Bəs yubiley necə? – Yubiley – aydınlar üçün yaşın yuvarlaq tamamlanması ilə birgə, bir yolun bəşəriləşməsi, ruhi gücün topluma nüfuzetməsidir (ictimai şüura hopmasıdır). Yunus Oğuz – bu ruhi gücün daşıyıcısı, ulu sözün gözətçisidir.

Biz də bu yazı üzrə, sözümüzün sonuna yetişmişkən, 
65 yaşı, sadəcə bir təqvim göstəricisi kimi görmədiyimizi deməliyəm. Bu yaş – ulusun düşüncə və yaddaş tarixinin çağdaş dönəmində bir iz, bir cığır, bir yol, bir imza dəyərində səciyyəlidir. Bu gün bu yazıda bu Yunus Oğuz imzasıdır. Həm ulusal, həm mədəni, həm ictimai xadim imzası!
Qutlu olsun!

Əkbər QOŞALI,

şair

Tarixin söz elçisi – Yunus Oğuz -65


Tarixin söz elçisi

    Yunus Oğuz türk tarixində iz qoymuş şəxsiyyətlər və hadisələr vasitəsilə milli kimliyimizi, mədəniyyətimizi, dəyərlərimizi incə, fəlsəfi  mesajlarla dünyaya çatdırmağı qarşısına məqsəd qoyan bir yazıçı kimi müasir ədəbiyyatımızda müstəsna yerə sahibdir. Yazıçı bütün əsərlərində türk xalqlarının min illik tarixi ilə bağlılığı qoruyub saxlayaraq, bir millət olaraq kim olduğumuzu, haradan gəldiyimizi və hara getdiyimizi anladır. O, əsərlərində tarixin gələcəyimizə təsir edə biləcək dərslərini ön planda tutaraq böyük türk tarixinin necə formalaşdığını etap-etap təsvir edir, gənclərimizi öz tarixi kimliklərini kəşf etməyə dəvət edir.
    Yunus Oğuzun əsərlərində hər bir sözün, cümlənin və hadisənin strukturda özünəməxsus yeri vardır. Mətnin hər bir elementi  fəlsəfi, tarixi, mədəni  filtrdən keçirilərək, həmin  tarixi dövrün ruhunu zərgər dəqiqliyi ilə  çatdırmağa xidmət edir. Yazıçı, bəzən bir cümlə ilə bir insanın bütün həyatını, onun mübarizələrini,
arzularını və xəyallarını ifadə edə bilir. Bu, onun yazı üslubunun ən güclü cəhətlərindən biridir; çünki bir cümlə, bəzən bir romanın dərinliyini, bir insanın həyatının bütün çalarlarını özündə cəmləyə bilir. 
Yazıçının yazı üslubu, bədii dili zənginliyi ilə yanaşı, sadə və anlaşılan olması ilə də seçilir. O, mürəkkəb tarixi konsepsiyaları sadə, lakin bədii cəhətdən təsirli bir şəkildə geniş oxucu kütləsinə çatdırmağı bacarır. Yunus Oğuz, bədii dilin imkanlarından istifadə edərək, tarixi şəxsiyyətlərin və hadisələrin sosiokultural kontekstini açır, oxucunu həmin dövrün atmosferinə daxil edir. 
Yunus Oğuz oxucuya təqdim etdiyi tarixi-bədii fakturalarda  təsvir etdiyi dövrün sosiopolitik kontekstinə xüsusi diqqət yetirir, millətin tarixin labirintlərində necə formalaşdığını bədii müstəvidə məharətlə əks etdirir. Yazıçı tarixi hadisələri yalnız faktlar silsiləsi kimi təqdim etmir, eyni zamanda bu hadisələrin arxasında duran insan duyğularını, cəmiyyətin ruhunu və sosial dinamikaları da ön plana çıxarır.Onun əsərlərindəki dərin fəlsəfi qatlar bir tərəfdən milli özünüdərkin, digər tərəfdən isə insanın daxili mübarizələrinin geniş bir panoramasını təqdim edir. 
    65 yaşına qədəm qoyan Yunus Oğuz, ədəbiyyat sahəsindəki zəngin yaradıcılığı ilə yalnız milli kimliyin formalaşmasında tarixin rolunu vurğulamaqla kifayətlənmir, eyni zamanda gənclərə də öz köklərini unutmamağı, mədəniyyətlərini yaşatmağı və gələcək nəsillərə ötürməyi öyrədir. Onun əsərləri, dərin tarixi və mədəni konteksti ilə gənc nəslə öz kimliklərini tapmaqda və bu kimliyi qorumaqda kömək edir. Yunus Oğuzun yaradıcılığı, bütün aspektləri ilə ümumtürk gəncliyinə bir çağırışdır: “Tarixinizi bilin, mədəniyyətinizi yaşadın, gələcəyinizi formalaşdırın!” Bu mesaj, gənclərin öz köklərinə bağlı qalmasının və mədəni irsi yaşatmalarının nə qədər vacib olduğunu önə çıxarır. Yunus Oğuz bütün yaradıcılığını ifadə edən bu mesajla gəncləri yalnız keçmişlə bağlı olmağa deyil, eyni zamanda bu keçmişi gələcəyə daşımağa da təşviq edir.

Elnarə QARAGÖZOVA ,

Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi

YUNUS OĞUZUN YAZILARI

QARAGÖZOVA ELNARƏNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru