Sakitcə yaranan böyük problem– xroniki yorğunluq

Sakitcə yaranan böyük problem– xroniki yorğunluq

Son illərdə həyat tərzimizdə baş verən dəyişikliklər, iş və sosial həyatın ritminin sürətlənməsi insanlarda yorğunluq hissini adi hala çevirib. Lakin nevroloqlar xəbərdarlıq edirlər ki,uzunmüddətli, səbəbsiz yorğunluq artıq ciddi tibbi problem, yəni xroniki yorğunluq sindromu ola bilər. Bu sindrom yalnız fiziki gücsüzlük deyil, həm də beyin fəaliyyətinə, emosional vəziyyətə və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərir.
Mövzunun aktuallığını nəzərə alaraq nevroloq Rafael Orucov ilə xroniki yorğunluğun səbəbləri, əlamətləri və qarşısının alınması yolları barədə söhbət etdik.
Müsahibimiz xroniki yorğunluq sindromunun mahiyyəti barədə danışaraq bildirdi: “Xroniki yorğunluq gündəlik fəaliyyətlərimizi ciddi şəkildə məhdudlaşdıran, ən azı altı ay və daha uzun müddət davam edən bir haldır. Bu yorğunluq adi istirahətlə və ya yuxu ilə aradan qalxmır, əksinə, zaman keçdikcə daha da güclənir və insanın həyat keyfiyyətinə mənfi təsir göstərir. Bu sindrom, sadəcə, fiziki gücün itməsi ilə məhdudlaşmır. Onu müşayiət edən başda ağırlıq, keyimə, sıxılma, oturub-durarkən başgicəllənmə, əzələ və oynaq ağrıları, yaddaş və diqqət zəifliyi kimi simptomlar olur. İnsan özünü daimxəstə kimi hiss edir, hətta qısa bir gəzinti və ya sadə ev işləri belə onu hədsiz dərəcədə yorur. Adi yorğunluqda isə vəziyyət fərqlidir, bir qədər yatmaq və istirahət etmək kifayətdir ki, insan özünü yaxşı hiss etsin. Amma xroniki yorğunluqda nə qədər istirahət etsən də, bu vəziyyətdən xilas ola bilmirsən”.
Xroniki yorğunluğu adi yorğunluqdan fərqləndirən cəhətlərə toxunan Rafael Orucovun sözlərinə görə, adiyorğunluq gün ərzində fiziki işdən, zehni yüklənmədən və ya yuxusuzluqdan qaynaqlanır və istirahətlə aradan qalxır. Xroniki yorğunluq isə fərqli səbəblərlə bağlıdır. Burada immun sistemindəki pozuntular, hormonal dəyişikliklər, keçirdiyimiz ağır infeksiyalar, uzunmüddətli stress mühüm rol oynayır. Bu səbəbdən də yorğunluq nə istirahətlə, nə də yuxu ilə keçmir. İnsan çox vaxt özü də başa düşür ki, bu, adi yorğunluq deyil. Çünki halsızlıqla yanaşı, baş ağrısı, başgicəllənmə, diqqət zəifliyi, əzələ və oynaq ağrıları da müşahidə olunur. Ən əsası isə bu vəziyyət müvəqqəti yox, uzunmüddətli olur və gündəlik həyat fəaliyyətini xeyli məhdudlaşdırır.
Xəstəliyin yaranma səbəblərinə diqqət çəkən müsahibimiz deyir ki, bu barədə tibbi yanaşma son illərdə dəyişib:“2015-ci ilə qədər xroniki yorğunluq sindromu, əsasən, psixo-sosial səbəblərlə əlaqələndirilirdi və daha çox psixoloji simptomların nəticəsi kimi qəbul edilirdi. Lakin aparılan yeni təsnifat göstərdi ki, bu sindromun yalnız psixoloji deyil, çoxsaylı orqanik səbəbləri də var. Uzunmüddətli və düzgün müalicə olunmayan sistemik xəstəliklər, ardıcıl ağır əməliyyatlar, vaxtında adekvat müalicə aparılmayan infeksiyalar, məsələn, qrip və ya son illərdə dünyanı bürümüş COVID-19 xəstəliyi orqanizmi zəiflədərək xroniki yorğunluq sindromuna səbəb ola bilər. Bununla yanaşı, qalxanabənzər vəzin zəif fəaliyyəti kimi endokrin pozuntular, immun sistemi xəstəlikləri, sinir sistemi problemləri də bu vəziyyətin inkişafında mühüm rol oynayır. Əlbəttə, psixo-emosional səbəbləri də unutmaq olmaz. Uzunmüddətli stress, depressiya və daimi gərginlik xroniki yorğunluğu dərinləşdirən əsas amillər sırasındadır”.
Həkim risk faktorları barədə də ətraflı məlumat verərək diqqətimizə çatdırır ki, bu xəstəliyin yaranma ehtimalı qadınlarda kişilərə nisbətən daha yüksəkdir. Xüsusilə 40-60 yaş aralığında olan şəxslər risk qrupuna daxildirlər. Həyat tərzi ilə bağlı faktorlar da çox önəmlidir. Stressin davamlı olması, psixoloji yüklənmələr, ağır fiziki fəaliyyət və orqanizmin gücünü tükəndirən iş rejimi sindromun meydana gəlməsinə şərait yaradır. Yəni bu, sadəcə, orqanizmin zəifliyi deyil, risk faktorları üst-üstə düşdükdə daha çox özünü göstərən bir vəziyyətdir.
Rafael həkim xəstəliyin müalicə yollarını da bizimlə bölüşdü: “Xroniki yorğunluq sindromundan qorunmaq üçün immun sistemini güclü saxlamaq lazımdır. Sağlam həyat tərzi, balanslı qidalanma, müntəzəm fiziki aktivlik, stressdən uzaq qalmaq çox vacibdir. Əgər allergik xəstəliklər mövcuddursa, mütləq mütəxəssisə müraciət etmək və allergik faktorlardan uzaq durmaq lazımdır. Qida gigiyenasına riayət etmək, orqanizmin ehtiyac duyduğu vitamin və mineralları vaxtında qəbul etmək də mühüm şərtlərdəndir. Müalicə isə universal bir formada aparılmır, sindromu əmələ gətirən səbəbdən asılı olaraq fərqli üsullar tətbiq olunur. Əgər problem immun sistemilə bağlıdırsa, immunoloji müalicə, endokrin pozuntudursa, hormonal terapiya, psixoloji amillərlə bağlıdırsa, psixoterapiya vacibdir. Yəni hər bir halda əsas məqsəd xəstəliyi əmələ gətirən kök səbəbi tapmaq və onu aradan qaldırmaqdır. Xroniki yorğunluq sadə yorğunluq kimi qəbul edilməməlidir. Bu, insanın həm fiziki, həm də psixoloji gücünü tükəndirən, həyat keyfiyyətini azaldan ciddi bir vəziyyətdir”.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə xroniki yorğunluq sindromu diaqnozu qoyulan insanların sayı 30 faiz artıb. Azərbaycanda isə dəqiq statistika aparılmasa da, nevroloqlar və terapevtlər bu problemdən şikayət edən pasiyentlərin son illərdə çoxaldığını bildirirlər.
Tədqiqatlar göstərir ki, bu sindrom qadınlarda kişilərə nisbətən iki dəfə çox rast gəlinir. Əsas yaş qrupu isə 25-45 arasıdır.
Xroniki yorğunluq sindromu, sadəcə “Yorğunam” demək deyil, həyat keyfiyyətini ciddi şəkildə azaldan, bəzən uzunmüddətli müalicə tələb edən bir problemdir. Nevroloq Rafael Orucovun da dediyi kimi bu halı vaxtında müəyyən edib tədbir görmək çox vacibdir. Çünki insan bədəni yalnız müəyyən müddət dözümlü qala bilər, daha sonra həm psixoloji, həm də fiziki zədələnmələr qaçılmaz olur.Unutmayaq ki,daha çox işləmək yox, daha balanslı yaşamaq bizi sağlam saxlayır.

Məlumatı hazırladı: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

GÜNƏŞ TİMSALLI MEHRİBAN XANIM

GÜNƏŞ TİMSALLI MEHRİBAN XANIM
Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın doğum gününə

İnsana yaşamaq haqqı verən Böyük Yaradan hər kəsin yolunun üstünə sınaqlardan keçmək üçün çətinliklər çıxarır. Zəkasına bir ömrün yetəcəyi milli amala doğru yürümək istəyi bəxş edir. Bu yollarda onu həyatı boyunca daşımalı olduğu missiya ilə şərəfləndirir. İnsan bu missiyanı böyük məqsəd məcmusunda təfəkkürünün ziyasında çəkib aparır. Güclü xarakterə malik olan xeyirxah, nəcib və humanist İnsan bu dünyaya gəlişinin ictimai mənasını dərk edincə ona verilən tutiya ömrü ləyaqətlə yaşamağa qərar verir. Və kiçik ailə cəmiyyətindən başlamış, ölkə həyatında faydalı işlər gördüyünün fərqinə varır. Bu fürsətdən ictimai mövqeyinə, zəkasına və gücünə görə çalışmağı özünə borc bilir. Şübhəsiz, bunlar vətən və xalq qarşısında vətəndaşlıq məsuliyyətini dərk edən, insansevərlik duyğularının coşub-daşdığı qəlb sahiblərində özünü daha böyük mənada büruzə verir. Azərbaycan Respublikasının birinci vitse-Prezidenti Mehriban Arif qızı Əliyevanın ictimai-siyasi fəaliyyətində olduğu kimi…

Mehriban Əliyevanın ömrünü zinətləndirən də ölkənin, xalqın mənafeyinə hesablanmış böyük xidmətləridir. Bu baxımdan birinci vitse-Prezidenti gördüyü işlərin timsalında qədərincə səciyyələndirmək olar. Lakin təbrik statusunda olan lakonik bir yazıda məqsədimiz portretin xarakterik cizgilərindən yığcam formada bəhs etməkdir.

Mehriban xanım Əliyevanın genişəhatəli fəaliyyəti tarixdə yaşamış nəcib, fədakar qadınlarımızın ibrətamiz həyatının yeni formada təzahürüdür. Dövlətçiliyin möhkəmlənməsində, gəncliyin yetişib-formalaşmasında, milli-mənəvi irsimizə, mədəniyyətimizə, təhsilin, səhiyyənin inkişafına qayğı göstərməsi birinci vitse-Prezidentin şəxsində maarifpərvər, vətənpərvər imicinin formalaşması, tarixdə iz qoyması ilə səciyyəvidir.

Birinci vitse-Prezident statusunu daşımaq haqqını tale özü müəyyən edir. Lakin bu nəcib, şərəfli adı həqiqi mənada, mənəvi-əxlaqi dəyərlərin ucalığında qazana bilmək haqqı əlbəttə, Onun xalqına, vətəninə böyük məhəbbəti, milli ruha, ideologiyaya, azərbaycançılıq məfkurəsinə bağlı olması ilə xarakterizə olunur. Bu keyfiyyətlər Mehriban Əliyevanın təbiətində, şəxsiyyətində doğal olduğu üçün O, daşıdığı statusunda ilkindi, əvəzsizdi, bənzərsizdi…

Mehriban xanım genişəhatəli fəaliyyətini qəlbinin səsi, ürəyinin saflığı, təfəkkürünün işığı, istiqanlılığı, nəcibliyi, xeyirxahlığı, bütövlükdə istəyinin başlıca amili olaraq həyata keçirir. Bunlar onun ömür yolunu aydınladan ümdə keyfiyyətləri sırasındadır. Bütün mərhələlərdə görülən işləri böyük həssaslıqla, ən kiçik detalına, incəliyinə qədər izləməsi, proseslərin içərisində olması Onun özəlliklərə qadir olduğunun bariz göstəricisidir.
Mehriban xanımın qurub-yaratmaq və yaşatmaq eşqi tükənməyən bir işıq selidir, bu hərarəti, şəfqəti duymaq, ondan faydalanmaq da bəxtiyarlıqdır. Xalqın sosial-mədəni həyatının çiçəklənməsində şəfqətli, mərhəmətli birinci xanımın başa gətirdiyi xidmətləri misilsizdir.

Bu gün həyatda bir sıra çətinliklərlə üzləşən, qayğıya, dayağa, dəstəyə ehtiyacı olan insanların xoş halına ki onların böyük mənada hamisi Mehriban xanım Əliyeva Birinci vitse-prezident kürsüsündədir. Bu təmsilçilik pafoslu sözün, təsvirin kölgəsində qalmayıb, real faktlar, həyati hadisələr, həqiqi, əməli, operativ çalışmalar, böyük dəyərlər, xalqın milli xüsusiyyətlərindən qaynaqlanan bənzərsiz keyfiyyətlərlə müşahidə olunur.
İndi yalnız milli dəyərlər məcmusunda hərtərəfli inkişafa doğru getmək qeyri mümkündür. Sözün həqiqi və mükəmməl formasında milli-bəşəri dəyərlər zəminində tərəqqiyə nail olmaq – Azərbaycanı dünya cəmiyyətində halal hüquqlu dövlət imicində tanıtmaq, yerimizi və mövqeyimizi göstərmək mübarizəmizin əsas ideyasına xidmət edir. Bu xüsusda Azərbaycançılığın necə bir humanist, bəşəri ideyalarla zəngin olduğunu gücümüz, sözümüz, əməlimizlə beynəlxalq müstəviyə gətirməyimiz vəsvəgəlməz uğurumuzdur. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məhz belə sivil düşüncəsi, həyata bəsirətli baxışları, geniş diapazonda çalışmaları ilə fəaliyyət göstərir. Odur ki, dövlətlər və bir çox xalqlar Onu müşahidə etdikləri xüsusiyyətləri – qüdrətli olması, tolerantlığı, multikultural dəyərlərə malikliyi, xeyirxahlığı, mədəni əlaqələri, tərəfdaşlığı yarada bilməsi ilə sevir və dəyərləndirirlər.

Düşünürəm ki, Mehriban Əliyeva tarixdə qalacaq şəxsiyyət, siyasi, bədii obrazdır. Və bu obraz olduqca güclü xarakterə malikdir. Burda maraqlı cəhətlərdən ümdəsi budur ki, qəhrəmanımız düşüncə-xəyalların deyil, həyatın özünün doğurduğu, zamanın yetişdirib cilaladığı obrazdır. Onun portretində parlaq cizgilər yetərincədir. Bir nüansı xatırladaq ki, tarixdə iz qoyan ağıllı, müdrik, xeyirxah, tədbirli və diplomat qadınlarımızın obrazını istər şifahi ədəbiyyatda, istərsə də yazılı ədəbiyyatda yaradanda çox zaman müəlliflər onu xalqa sevdirməkdən ötrü uydurma təsvirlərdən, əlavə boyalardan istifadə edirlər. Zənnimizcə, Mehriban Əliyevanın obrazını bədii ədəbiyyata gətirmək istəyən sənətkar Onun portretini yaratmaqda çətinlik çəkməz. Çünki qəhrəmanı ilahiləşdirməyə, obraza təxəyyüldən gələn rənglər qatmağa, təsvirlər əlavə etməyə ehtiyac yoxdur. Mehriban xanımın obrazı həyatdan gələn təbii, doğal obrazdır. Vətənpərvər, maarifpərvər ziyalı, milli düşüncəyə, azərbaycançılıq məfkurəsinə malik olan, qəlbində vətən, xalq sevgisi çağlayan tarixi şəxsiyyətdir. Bütün səylərini ortaya qoyan, gördüyü işləri zərgər incəliyi ilə aparan və bunların müqabilində xalqın gözündə nüfuzlu dövlət xadimi, ləyaqətli İnsan, xeyirxah hami, dost, həssas, qayğıkeş ana kimi sevilən bir Azərbaycan vətəndaşıdır.

Bu gün Prezident İlham Əliyevin Azərbaycanın taleyində açdığı yeni dövrün inkişafında, dövlətçiliyin qorunması və möhkəmlənməsi naminə gördüyü işlərdə milli-bəşəri düşüncəyə malik Birinci vitse-Prezidentin qoşa qanad timsalında Onunla birgə fədakarcasına çalışmasını xalq böyük heyrət və məhəbbətlə izləyir. İşğaldan azad edilmiş Qarabağımızın yenidən qurulmasında, dağıdılmış dini, mədəni abidələrimizin yenidən tikilməsi, bərpası, milli sərvətimizin qorunmasında Heydər Əliyev Fondunun Prezidentinin bitib-tükənməyən fövqəl əməyi də Vətənə sevgisinin ən yaxşı nümunəsidir. Yeri gəlmişkən, bütün bunları müşahidə edən Söz adamı kimi, Mehriban Əliyevanın humanizmi, şəfqət və mərhəməti, xeyirxahlığı sayəsində yüzlərlə ailələrə, insanlara sağlamlıq, sevinc bəxş etdiyindən, eləcə də multikultural dəyərlərin, tolerantlığın, mədəniyyətimizin başqa ölkələrdə təbliğində daim yeni layihələrlə xariqələr yaratdığından mütəmadi olaraq publisistik məqalələrimdə böyük inam və sevgiylə bəhs edirəm. Və inanıram ki, dövlət onu idarə edənlərin xalqa, vətənə, dövlətçiliyə sədaqətlə xidmət etməsi ilə qüdrətlidir. Dövlətin böyük idraka, dövlətçilik tarixində qazanılmış zəngin təcrübəyə əsaslanaraq idarə olunması vətənin, xalqın ümdə qazancıdır.

İllər boyunca apardığım müşahidələr Onun haqqında qənaətimi hər zaman xatırlamağıma yol açır. İndiki məqamda sözümə yekun olaraq, bir fikri də səsləndirməyə ehtiyac duydum: Mehriban Əliyeva bütün hallarda, çətin və mürəkkəb situasiyalarda, xoş, fərəhli anlarında belə, dəyanətli, güclü, qətiyyətli və bütövdür. Hər yerdə, hər zaman özüdür. Ən ümdəsi də olduğu kimi görünən bir inci, nur timsalında fövqəlbəşər İnsandır…

Bu yerdə mütləqdir, deyəm ki, dan üzünün yenicə söküldüyü anında, səhərin təzəcə açıl-saçıl çağında bu duyğusal fikirlərin qəlbimdə baş qaldırmasına səbəb Mehriban xanım Əliyevanın öz həyatında xalqın taleyini yaşaması ecazıdır. Onun obrazına mükəmməlik verən detalları sözlə təsvirə gətirmək, bu fövqəlbəşər İnsanın həyatına, ictimai fəaliyyətinə işıq salmaq istəyimiz, güclü xarakterə malik dövlət xadiminə xalqın böyük sevgisini cəm halda ifadə etmək marağından yarandı…

Özünün ali keyfiyyətləri ilə xalqın böyük rəğbətini, sevgisini haqq etmiş Mehriban xanım Əliyevaya can sağlığı, Azərbaycançılıq naminə əzmlə çalışmağı, xoşbəxtlik, ailə səadəti arzulayıram. Doğum gününüz mübarək olsun, əziz və sevimli Birinci xanım…

Şəfəq NASİR,
Yazıçı, publisist.

Çadrasını çıxararaq tarixi silkələyən qadın: Zərrintac Tahirə

Çadrasını çıxararaq tarixi silkələyən qadın: Zərrintac Tahirə

XIX əsrin sakit qaranlığında bir qadın səsini ucaltdı – elə bir səs ki, yalnız bir dövrü deyil, bütöv bir düşüncə sistemini silkələdi. Bu qadın Zərrintac Tahirə, yəni xalq arasında tanındığı adı ilə Tahirə Qürrətüleyn idi. O, bir zamanlar yalnız kişilərə aid sayılan düşüncə meydanına daxil oldu, öz sözünü dedi və sözün əsl mənasında adını tarixə yazdı..
Əsl adı Fatimə olan, lakin Tahirə Qürrətüleyn kimi tanınan bu şairə qadın 1818-ci ildə Güney Azərbaycanın Qəzvin şəhərində ,dövrün tanınmış müctəhidi Hacı Molla Məhəmmədsaleh Bərəğaninin ailəsində doğulub.
Yüksək təhsil alan Tahirə sonralar Qacar xanədanlığını sarsıdacaq geniş dini-siyasi hərəkatın öncüllərindən birinə çevrilir. Bu hərəkat Seyid Əli Məhəmməd Babın rəhbərlik etdiyi Babilik idi.
İran cəmiyyətində qadının yalnız ev və ailə içində görünməsi “qanuniləşdirilmişdi”. Ancaq Tahirə öz fikirlərini açıq şəkildə ifadə edirdi. Dərin dini və fəlsəfi biliklərə malik olan bu qadın Babiliyin öncül simalarından biri kimi qadınların azadlığı uğrunda çalışırdı. O, yalnız dini islahatların yox, həm də qadın hüquqlarının ilk açıq müdafiəçilərindən biri oldu.
Tahirə Zərrintac bu yolda ailəsindən uzaqlaşır və əmisi oğlu olan yoldaşı Molla Məhəmmədlə boşanması ilə ailəsi ilə daimi düşmənçiliklərinin əsasını qoyur.
Tahirənin ən cəsarətli addımlarından biri, çoxlarının hələ dilə gətirməyə belə cəsarət etmədiyi bir dövrdə, çadrasını çıxararaq ictimaiyyət qarşısında çıxış etməsi idi. Tahirə İranda keçirilən Bədəşt konfransında (1848-ci il) hicabını çıxaran ilk qadın olub. Bu hadisə yalnız dini deyil, eyni zamanda cəmiyyətin qadınlara baxışına qarşı inqilabi bir etiraz idi. O an yüzlərlə insanın qarşısında hicabsız çıxış etməsi bir çoxlarını şoka salmışdı, lakin bu, fikir azadlığı və qadınların görünürlüyü üçün mühüm simvola çevrildi. Hansı ki,qadınların susmaması, görünməsi və düşüncələri ilə cəmiyyətə qatılmasına dair bir simvol. O, bu hərəkəti ilə təkcə İran cəmiyyətində deyil, bütün Şərqdə qadın azadlığı mövzusunda bir dönüş nöqtəsi yaratdı.
Zərrintacın 18 mürid arasında yeganə qadın olması,bu hərəkata qoşulma səbəbi qadın azadlığı idi, o, Tanrı qatında kişi və qadının hər zaman bərabər qalmasını istəyirdi.Qadın azadlığı uğrunda savaş Qacar dövlətinin hökmranlıq etdiyi bir dövrdə olduqca qətiyyətli addım idi.
Ancaq cəsarətin də bir bədəli olur. Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan mədəniyyət ənənələri” məqaləsində belə bir fikir var:
“Tehranda Nəsrəddin şahın əmrilə özünü diri-diri yandırmağa məhkum etdilər. Ona” dinini tərk et,şah səni bağışlar”,dedilər.
Fəqət o:
“Bən deməm kim,sən səməndər ol da ,ya pərvanə ol,
Çünki yanmaq niyyətindir,dönmə dur,mərdanə ol!”
Beytini söyləyərək yandı”.
Türk şairi Süleyman Nazif isə onun haqqında yazırdı:
“O, Janna Darkdan daha mötəbər,daha gerçək,daha görkəmli və daha böyük qəhrəmandır. Həvvadan tutmuş doğulacaq son qız övladına qədər, hər bir kəs Qəzvindən olan bu gənc türk qadınını xatırlayarkən gözləri yaşaracaq və qürurla dolacaq. Ah! Təəssüf, Qürrətüleyn! Sən min Nəsrəddin şaha,min Qacar sülaləsinə dəyərdin.Sənin qatillərin sənin külünü Tehranın üfüqlərinə səpmədilər,xeyr,o üfüqlərdən bəşəriyyətin ürəklərinə səpdilər. Hər bir ürək sənin məskənindir,Tahirə!”
Mirzə Fətəli Axundzadə və Mirzə Kazım bəy kimi dahi mütəfəkkirlərimiz Zərrintacı atəşin təbə malik qeyrətli və hümmətli qızı, qeyri-adi dərəcədə yüksək təhsil almış alim ,sözə hakim kimi qiymətləndirmişdilər.
Bugün Zərrintac Tahirə yalnız bir şair və dini xadim kimi deyil, feminist düşüncənin erkən səsi, publisistik cəsarətin və ictimai oyanışın ilham mənbəyi kimi xatırlanır. O, öz dövründə sadəcə bir qadın deyil, bir cəmiyyətin səsini, bir millətin vicdanını, bir xalqın ümidini daşıyan şəxsiyyət idi. Tahirənin həyatı və fikirləri yalnız bir tarixi şəxsiyyətin bioqrafiyası deyil, həm də düşüncə azadlığının, qadın haqlarının və cəsarətin simvoludur. O, bir əsrin yox, bir düşüncə axınının öncüsüdür.
Onun yanmaqdan qorxmayan ürəyi bu gün də bizə cəsarət verir. Biz, XXI əsrin insanları olaraq, bəzən danışmağa, fikir bildirməyə, haqsızlığa “yox” deməyə çəkinəndə, Tahirənin susmadığı dövrü xatırlamalıyıq.
Zərrintac Tahirə sadəcə çadrasını çıxarmadı . O, qadının səsini, simasını və şəxsiyyətini işığa çıxardı. Tahirə tarixdə bir ad olaraq yox, bir ideya olaraq yaşadı və yaşayır. O bir daha sübut etdi ki, zaman dəyişsə də ,azadlıq eşqi heç vaxt ölmür.
Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC VƏ AZƏRBAYCAN

ZAUR USTAC VƏ AZƏRBAYCAN
“Zaur Ustac yaradıcılığında Bütöv Azərbaycan” mövzusu həm ədəbi, həm də ictimai-siyasi baxımdan çox aktual bir istiqamətdir.
Zaur Ustac müasir Azərbaycan ədəbiyyatında milli təəssübkeşlik, vətənpərvərlik və bütövlük ideyalarının daşıyıcısı olan şair və yazıçıdır. Onun yaradıcılığında “Bütöv Azərbaycan” anlayışı yalnız coğrafi bir məfhum deyil, həm də mənəvi, mədəni və milli birləşmənin rəmzi kimi çıxış edir.
Əsas istiqamətlər:
Tarixi yaddaş və milli kimlik
Zaur Ustacın əsərlərində Azərbaycanın parçalanmış taleyi tez-tez öz əksini tapır. O, şeirlərində və publisistik yazılarında Güney və Quzey Azərbaycan birliyini önə çəkərək, oxucunu milli kimlik və ortaq tarix barədə düşünməyə çağırır.
Ərazi bütövlüyü və azadlıq ideyası
Şairin yaradıcılığında Qarabağ mövzusu, işğal və azadlıq arzusu geniş şəkildə yer alır. Bu kontekstdə “Bütöv Azərbaycan” ideyası təkcə Güney-Quzey birliyi ilə məhdudlaşmır, həm də bütün tarixi torpaqlarımızın, milli haqlarımızın bərpasını ehtiva edir.
Mədəni və ədəbi birləşmə
Zaur Ustac ədəbi dil, poeziya və mədəniyyətin xalqın bütövlüyündə oynadığı rolu da vurğulayır. Onun əsərlərində türkcənin saflığı, milli ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi bütövlüyün əsas dayaqları kimi təqdim olunur.
Simvolik yanaşmalar
Şairin poetik üslubunda “Kitab Adam” obrazı ilə milli düşüncə, maarifçilik və milli birliyin ideya daşıyıcısı görünür. Burada “Bütöv Azərbaycan” sadəcə coğrafi xəritə yox, həm də mənəvi bütövlüyün təcəssümü kimi çıxır.
Nəticə
Zaur Ustac yaradıcılığında “Bütöv Azərbaycan” ideyası ədəbi yaradıcılıqla siyasi düşüncənin vəhdətindən doğur. Onun şeirləri və publisistik məqalələri Azərbaycan xalqını birliyə, milli dəyərlərə sahib çıxmağa, parçalanmış kimlikləri bir araya gətirməyə səsləyir. Bu baxımdan, Ustacın əsərləri həm bədii, həm də ideoloji dəyərə malikdir.

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kağız, yoxsa elektron kitablar daha üstündür?

Kağız, yoxsa elektron kitablar daha üstündür?

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə oxuma vərdişləri də dəyişir. Əvvəllər kitabxanalar dolub-daşırdı, indi isə bir çox insan bir kliklə minlərlə kitabı telefonuna, planşetinə və ya elektron kitab oxuyucusuna yükləyə bilir. Bununla belə bu dəyişiklik yeni bir sualı da ortaya çıxarır: kağız, yoxsa elektron kitablar daha üstündür? Bu sualın cavabı, sadəcə, texniki üstünlüklərdən yox, həm də oxucunun şəxsi seçimindən, həyat tərzindən və mədəni baxışından asılıdır.
Uşaqlığımızın bir hissəsi kitab vərəqlərinin qoxusu, səhifələrin çevrilməsi, kitab künclərinə yazılmış qeydlərlə keçib. Kağız kitab təkcə oxuma vasitəsi deyil, həm də emosional bağ yaradan bir obyektdir. Onunla münasibət canlı və doğmadır. Bu səbəbdən bir çox insan üçün kağız kitablar təkcə “informasiya daşıyıcısı” yox, həm də mədəni dəyər kimidir.
Kitabla canlı ünsiyyət zamanı telefon və ya internet kimi yayındırıcı vasitələrdən uzaq qalmaq olur. Oxucu kitabın dünyasına daha rahat daxil olur, diqqətini yalnız mətnə cəmləyir. Elektron cihazlardan fərqli olaraq kitab gözləri yormur, uzun müddət oxumağa daha uyğundur. Əlavə olaraq kitab rəfi dolusu kitablar evə özünəməxsus bir ruh qatır. Onlar gözəl görünüşlə yanaşı, insanın zövqünü və dünyagörüşünü də əks etdirir.
Digər tərəfdən, elektron kitabların da danılmaz üstünlükləri var. Ən əsas üstünlüyü əlçatanlıq və portativlikdir. Bir elektron cihazda minlərlə kitabı daşımaq mümkündür. Bu xüsusilə də səyahət edənlər, tələbələr və daim hərəkətdə olan insanlar üçün böyük üstünlükdür. Belə ki, artıq kitab çantasına ehtiyac qalmır, çünki istədiyin kitab telefonundadır.
Elektron kitablar həm də iqtisadi baxımdan sərfəlidir. Onlar çox zaman kağız nüsxələrindən daha ucuz olur və pulsuz versiyalarına da rast gəlmək mümkündür. Üstəlik ətraf mühit baxımından da daha ekoloji hesab olunur: kağız istehsalında istifadə olunan ağaclar və resurslar elektron kitabda sərf olunmur.
Texnologiyanın bir digər üstünlüyü də axtarış imkanı və qeydlərin rahatlıqla saxlanmasıdır. Elektron kitablar vasitəsilə mətn daxilində söz axtarmaq, önəmli yerləri işarələmək, qeydlər aparmaq olduqca asandır. Bəzi proqramlar oxuma sürətini ölçür, audio versiyalarla oxumağı birləşdirir və oxucunun inkişafına yardım edir.
Şəxsən mən hər iki formatdan istifadə edirəm. Lakin ürəyimə daha yaxın olanı hələ də kağız kitabdır. Kağız kitabla oxuyarkən həm mətnlə emosional bağ qururam, həm də oxuma prosesi mənə daha “real” gəlir. Elektron kitabda səhifə nömrəsi və ya kitabın fiziki hissi yox kimi görünür, sanki bir növ “keçici məlumat axını” ilə qarşı-qarşıya qalıram.
Bununla belə bəzi hallarda, məsələn, gecə işıq yanmasın deyə və ya çantamda yer yoxdursa, elektron kitabları üstün tuturam. Xüsusilə də xarici dildə kitab oxuyanda sözlərin üstündə klikləyib tərcüməsini birbaşa görmək böyük rahatlıq yaradır. Həmçinin elektron kitablar universitet dərslikləri və elmi materiallar üçün çox əlverişlidir.
Lakin bir şeyi unutmaq olmaz, elektron kitabların çox istifadəsi göz yorğunluğuna, konsentrasiya azalmasına və ekrana bağlılıq vərdişinin daha da dərinləşməsinə səbəb ola bilər. Buna görə hər zaman balansı qorumağa çalışmalıyıq.
Bugünkü dövrdə gənclər arasında oxumaq vərdişinin zəifləməsi narahatlıq doğurur. Əsas məsələ kitabın hansı formada olması yox, onun oxunmasıdır. Bəzən insanlar “Mən ancaq kağız kitab oxuyuram” və ya “Mən müasirəm, yalnız PDF oxuyuram” deyə bir-birini qınayır. Halbuki, əsas məsələ formada deyil , məzmunda və oxuma istəyindədir.
Əsas sual bu olmalıdır. Biz gündə nə qədər vaxtımızı kitab oxumağa ayırırıq? Kitab həyatımıza daxil olmadıqca istər kağız olsun, istər elektron, heç bir format bizi dəyişə bilməz.
Kağız kitabların klassik cazibəsi və canlılığı danılmazdır. O, oxucuda nostalji hisslər oyadır, yaddaşda daha dərin izlər buraxır. Elektron kitablar isə zamanla ayaqlaşan, rahat və əlçatan alternativdir. Məncə, bu iki format arasında seçim etmək yerinə onları düzgün şəkildə birləşdirmək daha doğrudur. Eynilə həyatdakı bir çox şey kimi burada da balans əsasdır.
Oxumaq hansı formada olursa-olsun, düşüncəni formalaşdırır və dünyagörüşü genişləndirir. Kağız və ya elektron… Əsas odur ki, kitab həyatımızda olsun.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BU GÜN MEHRİBAN XANIM ƏLİYEVANIN DOĞUM GÜNÜDÜR

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini MEHRİBAN XANIM ƏLİYEVANIN DOĞUM GÜNÜDÜR.
HÖRMƏTLİ MEHRİBAN XANIMIN VƏTƏNİMİZ VƏ XALQIMIZ ÜÇÜN ƏVƏZSİZ XİDMƏTLƏRİ VARDIR.XALQIMIZ ONUNLA FƏXR EDİR!
MƏN MEHRİBAN XANIMI DOĞUM GÜNÜ MÜNASİBƏTİ İLƏ ÜRƏKDƏN TƏBRİK EDİRƏM.ONA MÖHKƏM CAN SAĞLIĞI,ƏZİZLƏRİ VƏ VƏTƏNİ İLƏ BİRLİKDƏ XOŞBƏXT HƏYAT ARZU EDİRƏM.
“Ulu Naxçıvanım” (2020) adlı kitabımda yer almış “NAXÇIVANLILAR ÖNDƏRİN YOLUNDADIR!” adlı 13 səhifəlik yazımda hörmətli Mehriban xanımdan da bəhs etmişəm. (səh-69-81)Həmin məqaləmdən bir parçanı nəzərinizə çatdırıram:
“Bilirəm ki, bu kitabda qeyd edilən gözəlliyin, firavanlığın yaradılmasında Prezidentimizlə çiyin-çiyinə Azərbaycanımızı qurub-yaradan, hər zaman Prezidentimizə dəstək olmuş, gözəl ana, gözəl nənə, dünya miqyasında öz xeyirxahlığı ilə tanınmış, Azərbaycan Anasının simvolu, Heydər Əliyev Fondunun rəhbəri, Xoşməramlı səfir Mehriban xanımın da böyük rolu olmuşdur. Tarixən belə olmuşdur ki, qurucu, yaradıcı qəhrəmanlarımızın xanımları həmişə onların yanında olmuşdur, olur və olacaqdır. Mehriban xanım bizim xalqımızın fəxridir!”

Hörmətlə: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac yaradıcılığında Bütöv Azərbaycan

“Üstündən yüz Araz axsın,

Torpaq bizim torpağımız…” Zaur Ustac

Zaur Ustac yaradıcılığında Bütöv Azərbaycan


Zaur Ustac yaradıcılığına diqqətlə nəzər saldıqda, onun qələmində daim bir amalın, bir uca düşüncənin – Bütöv Azərbaycanın nəfəs aldığını görürük. Bu ideya onun poeziyasında, publisistikasında və ümumilikdə ədəbi dünyagörüşündə qırmızı xətt kimi keçir.
Şair üçün “Bütöv Azərbaycan” yalnız xəritələrdə bölünmüş torpaqların coğrafi birləşməsi deyil. Bu, həm də parçalanmış ruhların, sındırılmaq istənilən milli kimliyin, parçalanan yaddaşın bütövləşməsi deməkdir. O, öz əsərlərində Güney və Quzey Azərbaycanın taleyini eyni bir bədənin ayrı düşmüş qolları kimi təqdim edir. Bu obraz sadəcə ədəbi bənzətmə deyil, milli faciəmizin, eyni zamanda ümidimizin poetik təzahürüdür.
Zaur Ustacın poeziyasında tez-tez tarixi yaddaşla qarşılaşırıq. Onun misralarında babalarımızın mübarizəsi, əsrlərin qan yaddaşı, bütövlük arzusu dirilir. Şairin sözündə həm həsrət, həm üsyan, həm də inam var. Bu inam – Azərbaycanın bir gün mütləq bütöv olacağına, millətin parçalanmış ruhunun yenidən birləşəcəyinə inamdır.
Onun “Kitab Adam” obrazı da təsadüfi deyil. Burada kitab – yaddaşın, bilik və milli kimliyin rəmzidir. “Kitab Adam” isə millətin bütövlüyünü daşıyan, qoruyan, gələcək nəsillərə ötürən bir obraz kimi meydana çıxır. Zaur Ustac beləliklə göstərir ki, bütövlük yalnız siyasi müstəvidə deyil, həm də mənəvi sferada qorunmalı və yaşadılmalıdır.
Bəzən bir şairin qələmi yüzlərlə səngərin gücünü özündə cəmləyə bilir. Zaur Ustacın misraları da belədir: o, qəlbi ilə yazır, ruhu ilə çağırır, sözü ilə mübarizə aparır. Onun “Bütöv Azərbaycan” arzusu yalnız şəxsi amal deyil, bütün millətin içindən gələn bir səsin ifadəsidir.
Zaur Ustac yaradıcılığı bizə bir daha göstərir ki, bütövlük – sadəcə xəritədə çəkilən sərhədlərin silinməsi deyil, millətin düşüncəsində, yaddaşında və ruhunda birlik yaratmaqdır. Bu isə ən böyük zəfərin başlanğıcıdır.

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şair İm Sol Nae haqqında

İm Sol Nae

Şair İm Sol Nae 1999-cu ildə “Cayu Munhak” aylıq ədəbiyyat jurnalının “İlk əsər” mükafatı ilə ədəbiyyata qədəm qoydu. Onun poeziya toplularına “Bir Yarpağın QR Kodu”, “Amazon”, “O Keçid Stansiyası”, “Oyadılmış Amazonun Fəryadı”, “Honq Nyo” və başqa kitablar daxildir. Şairə həmçinin Yeonnanq Poeziya Mükafatı, Koreya Ədəbi Tənqidçilər Birliyinin Mükafatı, Koreya Lirik Poeziya Mükafatı, Seconq Əla Kitab Seçimi, “Şairlərin Şairi” Mükafatı və Budda Ədəbiyyatı Yazıçıları Mükafatı ilə də təltif olunmuşdur.
Hazırda o, Koreya Dünya Ədəbiyyatı Assosiasiyasının 6-cı prezidentidir.

ÜÇ RUH

Qürubun kölgələri axşama uzananda,
adı bir az istehzalı, “Məntiqsizlik” deyilən bulqoqi məkanında
həmişə təmiz dəsmalları ilə tanınan bir qadın,
gözləri işıqlı, romantik bir gənc,
və sanki doğulduğu andan nəğmə daşıyan bir qadın
səssiz bir süfrə ətrafında toplaşdılar.

Qar gözlənilən, kədərli bir qürubda
sümüklərinə qədər hekayə yüklənmiş bir qadın,
hamının arzuladığı bir kişi,
ahəngsiz səsi ilə gülüş oyadan başqa bir qadın
köhnə, qapaqlı yeməkxanada yanaşı oturmuşdular.

Bir kişi — daim aşiq,
bir qadın — cavabsız ömrün içində, həm tənha, həm gözəl,
və digər biri — incə, qürurlu burnunu dik tutan, zərif…

Onlar qarın gur-gur yağmasını arzuladılar,
amma gecə boyu yalnız ulduz çiçəkləri açdı.
İki qadın həyatı döyə-döyə keçirdi,
bir kişi isə özünü Komodan gəlmiş sanırdı.
Sadəcə üç nəfər idilər,
amma orada insan çiçəkləri açırdı,
yabanı, dəbdəbəli bir aləmdə.

AL QIRMIZI İŞIQLAR KAINATI

Xurmanın budaqlarında al qırmızı fənərlər yanırdı.
Qara damarları onun yaşını danışırdı.
Torpağa kök salmış, gücünü dəfələrlə sərf etmiş,
hər ikinci ildə nəfəs alan bu ağac—
incə budaqlarında qırmızı meyvələr daşısa da tez sınırdı,
amma onların hər biri ana əlləri kimi — zərif və qüvvətliydi.

Şimşək çaxanda, yağış gur gur töküləndə,
islanmış qabığı tor rəngə dönərdi —
sanki göy insanlarının dərisi kimi.

Xatirələr dolaşıq cığırlarla axdıqca,
uşaqlığın rəngləri nağıl səhifələrindəki lələklər kimi əsirdi.
Qırmızı — amma ehtiras qırmızısı deyil,
sarıya çalan — amma gəncliyin sarısı deyil.

Bir kainatın içində başqa bir kainat.
Al qırmızı, ürəyin özünə enib gələn—
ah, necə də parlaqdır!

Tərcümə və təqdimat: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

ƏDƏBİYYAT – SÜLHÜN VƏ DOSTLUĞUN KÖRPÜSÜ

ƏDƏBİYYAT – SÜLHÜN VƏ DOSTLUĞUN KÖRPÜSÜ

Tarix boyu xalqlar arasında anlayış, qarşılıqlı hörmət və mehribanlıq yaradacaq ən böyük körpülərdən biri ədəbiyyat olmuşdur. Ədəbiyyat millət, dil, din tanımaz — o, insanın ruhuna toxunar, onu saf duyğulara, mərhəmətə, sevgiyə səsləyər. Şairlər və yazıçılar sülhün carçıları, xeyirxahlığın təbliğatçılarıdır. Onlar qələmləri ilə nifrət divarlarını dağıdar, könüllər arasında görünməz, amma möhkəm körpülər qururlar.
Ədəbiyyat və incəsənət insanları bir araya gətirən, onları bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən biridir. Dünya böyük bir evdir — bu evdə hər bir millət bir otaq kimidir. Otaqlar arasında isti münasibət, qapıların açıq qalması, divarlar arxasında sükunət deyil, harmoniya eşidilməsi — bəşəriyyətin ən böyük arzularındandır. Sülh, dostluq və millətlərarası anlayış bu evin bünövrəsini möhkəmləndirən sütunlardır.
Bu sütunları möhkəmləndirən ən mühüm qüvvələrdən biri məhz ədəbiyyat və sənətdir. Çünki sözün dili millət tanımaz, melodiyanın səsi sərhəd bilməz. Ədəbiyyat — insan qəlbinin ən saf, ən incə duyğularını ifadə edən ümumbəşəri bir dildir. O, xalqları bir-birinə yaxınlaşdırar, ürəklər arasında körpü salar. Şair və yazıçılar isə bu körpülərin memarlarıdır — onlar qələmləri ilə sülhün, dostluğun, ümidin və sevginin rənglərini çəkirlər.
Bu mənada Koreya ədəbiyyatının dəyərli nümayəndələrindən biri olan Yoo Dong Ae xanımın yaradıcılığı xüsusi ehtiramla qeyd olunmalıdır. Onun şeirlərində təbiətin saf nəfəsi, insan duyğularının dərinliyi, həyatın fəlsəfi çalarları birləşir. Şairənin sətirlərindəki sadəlik və səmimiyyət oxucunu düşünməyə, hiss etməyə, sevgini qorumağa çağırır.
Əziz oxucular, Yoo Dong Ae xanımın şeirlərini oxuyun — onun xalis bədii zövqünü, səmimiyyətini, poetik nəfəsini özünüz kəşf edin və ədalətli qiyməti də özünüz verin:

Yoo Dong Ae

Yoo Dong Ae — şair, Namhae (Gyeongnam vilayəti) doğumludur. O, Jinju Qızlar Liseyini, Jinju Milli Müəllimlər Kollecini və Hansung Universitetinin Koreya Dili və Ədəbiyyatı fakültəsini bitirmişdir. Uzun illər ibtidai məktəbdə müəllim kimi çalışmış, sonra təqaüdə çıxmışdır.
Onun ədəbi debütü 1992-ci ildə Munyesajo jurnalının poeziya bölməsində olmuşdur. Hal-hazırda Koreya Dünya Ədəbiyyatı Assosiasiyasının vitse-prezidenti vəzifəsini icra edir. Bundan əvvəl Qangdong Ədəbiyyat Assosiasiyasının ilk baş katibi, həmçinin Quryə Ədəbiyyat Assosiasiyasının prezidenti olmuşdur.
Şairin “İçimdə Açan Çiçəklərlə” (2017, Cənubi Jeonnam Mədəniyyət Fondunun Ədəbiyyat Yaradıcı Qrantı ilə) və “Sınmış Porşelen Üzərində Günəş İşığı” (2019, həmçinin Jeonnam Mədəniyyət Fondunun dəstəyi ilə) adlı şeir topluları nəşr olunub. O, həmçinin Dənizin Su Yuxuları adlı poeziya antologiyasına da töhfə vermişdir.

VƏTƏN YELI

O gün də külək əsirdi.
Yenə də yovşan sakit-sakit boy göstərirdi,
Və yabanı qızılgüllər,
öz təbiətinə sadiq qalaraq,
torpağı yarıb
çiçəkləyirdi.
Bir vaxt tanıdığım külək,
uşaqlığımın yeli —
onu yenidən
doğma yurdumda gördüm.
O külək mənə incə-incə gələrdi,
hər dəfə tək başına
yolun sonunda dayananda,
dağların sakitliyində.
Yumru bir sükutla, yüngül bir əks-səda ilə
daş divarların yanından əyilər,
hasarın üstünə qonar,
budaqların arasından keçər,
ağac başlarını oxşayar
və səpələnmiş adaları
qucağına toplayardı.
Şayiə
Qərb səmasında toplanan buludlar
ərimiş şüşədən qızılı parçalar kimi idi.
Pəncərələr alov içindəydi,
hər tərəfə qığılcım saçılacaq kimi görünürdü.
Göz yetdiyi qədər,
uzaqlarda sonsuz bir alov dənizi uzanırdı.
Hətta hava belə yanırdı,
qırmızı kölgələrə bürünmüşdü.
Hər şey
alovun qızğın məstliyi ilə sarhoş idi.
Mən isə rəngini itirmiş,
solğun, boz bir parça idim.

Tərcümə və təqdimat: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

Kim Sun-Young – həyat və yaradıcılıq yolu

Kim Sun-Young

Kim Sun-Young 1938-ci il, 17 mayda Koreyanın Gyeonggi əyalətinin Kaesong şəhərində anadan olub. Sudo Qadınlar Müəllimlər Kollecini bitirdikdən sonra Sudo Qızlar Orta Məktəbində müəllim, daha sonra Sejong Universitetində professor kimi çalışıb.

1962-ci ildə “Hyundae Munhak” (“Müasir Ədəbiyyat”) jurnalında “Göyərçin”, “Əks-səda” və “Fəsillərin divar yazıları” adlı şeirlərinin dərcə tövsiyə olunması ilə ədəbi debüt edib. “Cheongmi” (靑眉) ədəbi birliyinin fəal üzvü olub.

1969-cu ildə ilk şeir toplusu “Saga” (Düşüncə nəğməsi) işıq üzü gördükdən sonra o, 15-dən artıq şeir kitabı nəşr etdirib. Onların arasında “Boşluğun ayaqqabı dükanı” (1972), “Dağ çiçəyi ayini” (1976), “Xəyal mühiti” (1976), “Gecə yazılmış sözlər” (1982), “Bənövşə ağacında yaşayan Tanrı” (1983), “Həsrət nəğməsi” (1987) və “Parçalamaq üçün” (2008) kimi əsərlər var.

O, Müasir Poeziya Mükafatı və Koreya Ədəbiyyatı Mükafatı da daxil olmaqla bir çox ədəbi mükafatlara layiq görülüb. Koreya Şairlər Assosiasiyasının və Koreya Qadın Yazıçılar Birliyinin məsləhət şurasında, həmçinin Beynəlxalq PEN Koreya Mərkəzində üzv kimi fəaliyyət göstərib.

Həsrətin Bitki Təbiəti

Silinsə də,
Yenə, yenə silinsə də,
Hilal kimi doğar yenidən,
Böyüyər, yarımaya dönər,
Sonra dolunay olar.

Dolunay kimi
üzən bir çöhrə tək,
İnsanlar qəlbinin dərinliyinə
həsrət boşluğunu asarlar.

Sevgi —
unutmaq istəsən belə,
Qorxulu bir bitki təbiətinə sahibdir —
yenidən cücərər, yenidən boy atar.
Ona görə bu gecə də
səma dolunayla doludur.

Sarmaşıq

Sən yuxarı qalxdıqca,
Mən enirəm.

Hər addımının sabit döyüntüsü ilə
dik pilləkənlərdən enirəm.

Bəzən qalxmaq —
enməkdir.

Yox, bəlkə də enmək —
dayanmadan qalxmaqdır.

Hətta ölüm də
ölümün dərinliyindən qalxar,
qalxar, yenə qalxar,
ta ki yenidən doğulana qədər.

Tərcümə və təqdimat: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.