Təranə Dəmirin yeni şeirləri


Baş açmırıq sözümüzdən,
Əyrimizdən, düzümüzdən,
Hər gün bir az özümüzdən
Əlimiz üzülüb gedir.

Düz yolumuz qala-qala,
Əyilirik sağa, sola,
Yada calaq ola-ola
Kökümüz kəsilib gedir.

Səs batıb küyün altında,
Dil yatıb düyün altında,
Bu boyda göyün altında
Yer necə əzilib gedir.


Səni yeyib bitirdilər,
Bizsə sənin yemin olduq.
Böldülər ata malıtək,
Kimin idin, kimin oldun,
Belə vətən olmur axı.

Bir belə dar ağacların
Kimin üçün qurdun, Vətən?
Medal-medal, alqış-alqış
Üzümüzə durdun,Vətən,
Belə vətən olmur axı.

Tikələndin, parçalandın,
Torpağın göyə sovruldu.
Sən ki, tərtəmiz mələkdin,
Nə vaxt şeytana vuruldun,
Belə Vətən olmur axı.

Halal harama qarışdı,
Gözünü qan örtdü, Vətən.
Sənin daşın, qayan olmaq
İndi ağır dərddi, Vətən,
Belə vətən olmur axı.


Yadımdadı,
Balacaydım,
Qardaşım mələk olub uçmuşdu göy üzünə (elə deyirdi atam)
Uşaq ağlımla göy üzüylə haqq-hesab çəkirdim hər gün,
Hər gün məktub yazırdım Allah babaya anamın adından,
Qardaşımı geri göndərsin deyə dil tökürdüm Tanrıya.
Hər gün bir az da inanırdım dualarıma,
hər gün bir az da aldanırdım.
…Qardaşımdan bizə bir balaca papaq qalmışdı yadigar,
Üstündə süd qoxusu, bir də anamın göz yaşı.
Hər gün təkliyə çəkilib,
bağrıma basırdım, ciyərimə çəkirdim qoxusunu .
Bulaşırdı üstüm, başım anamın
göz yaşına.
Sonra gizlətdilər məndən süd qoxulu papağı,
Axtardım, çox axtardım, tapmadım.
Yavaş-yavaş öyrəşdim onsuzluğa,
Öyrəşdim, amma unutmadım,
Unutmağa qoymadılar axı –
Sağ olsun dırnaq içindəki qohumlar, yadlar,
yaxınlar, uzaqlar.
Bir də uzun-uzadı gecə darıxmaqları vardı,
Çox vaxt məni yuxudan anamın hıçqırıqları oyadardı.
Girərdim qucağına, qoxumu içinə çəkərdi, ovunardı.
Vaxt keçdi, bütün qızların qardaşları böyüdü,
Bircə mənim qardaşım həmişə süd qoxudu.
Mən böyüdükcə bir qardaşsız qız da boy atdı içimdə ürlək, nigaran –
Başında qovğa, qolunda təklik, gözündə intizar, ürəyində həsrət.
Sonra başıma nə çox “qardaş” yığıldı, İlahi –
İçlərində qaranlıq, baxışlarında sazaq, salamlarında minnət.
Yavaş-yavaş keçdim bütün qaranlıqları, töhməti, tənəni,
Küləyi də keçdim, yağışı da, sazağı da.
Sonra bütün bütlər sındı, dağıldı,
Gözəl-göyçək, bərli-bəzəkli ayrılıqlar gəlib tapdı məni –
Qatı açılmayan, təptəzə.
Sonra sükutun və tənhalığın bütün rənglərinə vuruldum,
Aşdım bütün divarları,
hasarları aşdım,
Beləcə barışdım –
Özümlə, taleyimlə, təkliyimlə…
Qurdlar, köpəklər çıxdı qarşıma hər addımbaşı,
yeridim bütün ağrıların, əzabların üstünə əliyalın, ürəklə –
Burnumda süd qoxusu, bir də üstümdə anamın göz yaşı…


Köhnə kənd ,
Kərpic evlər,
Yollar, ağaclar, kölgələr.
Yalına yalmanan itlər,
Qoyunlar, quzular, atlar.
Araba cırıltısı,
Qurbağa qurultusu.
Dəryaz səsi,
Ot xışıltısı.
Aynabənddən sallanan arı pətəsi,
Qarışqalar, çəyirtkələr, İlanlar,
pişiklər, siçanlar.
Sərçə yuvasına daş atan uşaqlar,
Yolun qırağında tum satan qarı
ovcunda qabar,
qabarın üstündə dəmir pullar,
Pulların üstündə dualar…
Havada torpaq qoxusu,
İçində rəngli-rəngli arzular.
Ulduzlu gecələr,
Tər-tərtəmiz xəyallar…
Lampa işığı, kitablar…
Eh, nələr, nələr..
Sonra təyyarə biletləri,
Uzaq şəhərlər,
Binalar, küçələr,
Limanlar, dənizlər,
ayrılıqlar, əzablar…


Yana-yana külüm qalıb,
Yağır külümün üstünə.
Səssiz-səmirsiz gedirəm,
Hər gün ölümün üstünə,
Nədi közümdən çəkdiyim?

Dörd tərəfim qaranlıqdı,
Mən də tənha yalquzağam.
Hardan tapdı bu Söz məni,
Mən ki, hamıdan uzağam,
Nədi sözümdən çəkdiyim?

Neynirəmsə çiçəkləmir,
Ürəyim daş yuvasıdı.
Çöldə günəş gülümsəyir,
Ruhumda qış havasıdı,
Nədi özümdən çəkdiyim?

Xəyallarım baş aldadır,
Aldadır dərə, dağ məni.
Görək harda azdıracaq
İçimdəki uşaq məni,
Nədi üzündən çəkdiyim?


Yay gecəsi,
Tənha otaq,
İçimdə fırtına,
gözümdə qaranlıq,
qulaqlarımda cırcırama səsi
Asılmışam zamandan.
Yanımda dolaşır ruhumun kölgəsi.
Kirpiklərim yanaqlarımda,
Ürəyim ovcumda çırpınır.
Ciyərim yanır,
Ocaq qoxuyur nəfəsim,
Dodaqlarım susayır göz yaşlarına,
Saçlarıma sığal çəkir barmaqlarım,
Əllərim utanır.
Baxışlarım rəsmini çəkir darıxmağın,
Gecəylə, bürküylə, sükutla
baş-başa verib dadın çıxarırıq ayrılığın.


Nə gözəl parlayır günəş bu səhər,
Gözləri alışır səhərin bu gün.
Qonub pəncərəmə yaz təbəssümü,
Sevgiyə açılıb səhərim bu gün.

Uçuram ruhumun qanadlarında,
Mənimdi bu çəmən, bu çöl, bu orman.
Gəzirəm baharı xəyallarımda,
Dərə dolaşıram, düz dolaşıram.

Duyğular qaldırıb göylərə məni,
Ayağım üzülüb yerdən bu səhər.
Günəşi çəkirəm ciyərlərimə,
Dadıram işıqdan, nurdan bu səhər.

Basmışam bağrıma bəxtəvərliyi,
Könlümdən təptəzə arzular keçir.
Bu səhər gözündə ümid doğulub,
Payızın içindən bir bahar keçir.


Bu bahar da bitəcək,
Dəyişəcək yerini günəşlə ayaz.
Yarpaqlar xəzələ, xəzəllər torpağa dönəcək,
Köçəcək hər şey zamanın yaddaşına:
Siyah, bəyaz…
Gecəylə gündüz yarışa çıxacaq yenə,
Günlər aylara, aylar illərə qarışacaq.
Sonra unudulacaq köhnə sevdalar,
Köhnə albomlardakı köhnə şəkillərin yaddaşına hopacaq köhnə duyğular,
Üstünü toz basacaq xatirələrin,
Sonra büsbütün yaddan çıxacaq hər şey,
təzə sevdalar doğulacaq –
Payız qoxulu, külək saçlı,
Yağış gözlü, ayrılığa sevdalı,
ürkək, qorxaq.
Küçələr həsrətə, gecələr göz yaşına bələnəcək.
Təzə arzular baş qaldıracaq payız rəngdə, payız dadda,
Boğulacaq hicran yağışında rəngli xəyallar,
Təzə ümidlər boylanacaq torpaq altdan,
Sonra hər gün buğda dənəsi boyda qırılacaq ümidlər.
Sonra təzədən bahar gələcək,
Qırıldığı yerdən birləşəcək könüllər,
Göz yaşı içində tərtəmiz duyğular göyərəcək –
baxışlarında nida, saçlarında sığal,
Yarı həsrət, yarı vüsal.


Eyni payız,
Eyni şəhər,
Eyni ayrılıq,
Eyni həsrət,
Eyni qədər,
Eyni peşmanlıq,
Eyni kədər…
Xəyallar, xəzəllər, küçələr.


Əyilib beli, buxunu,
Bu ev nə yaman köhnəlib.
Bu evdə zaman dayanıb,
Köhnəlib, aman, köhnəlib.

Tökülübdü üstü-başı,
Üz-gözü cırmaq yeridi.
Ağlayır divarı, daşı,
Bura yalquzaq yeridi.

Quş uçur, qulaq tutulur,
Bağlanıb bağı, bərəsi.
İlahi, burdakı sükut
Adamın nəfəsin kəsir.

Bu evin yiyəsi hanı,
Hanı bu evin qonağı?
Son dəfə kim söndürübdü
Görən bu evin çırağın?


Asılmışam pəncərədən ,
Bu küləkdən, bu gecədən,
Yenə də zülmət küçədə
Dolaşır ruhum, dolaşır.

Mən tənhayam, gecə tənha,
Külək tənha, küçə tənha,
Ürəyimdə neçə tənha
Düyünüm, dağım dolaşır.

Başımda yüz qara fikir
Gecəni canına çəkir,
Şeir-şeir, şəkil-şəkil
Dilimdə ahım dolaşır.

Həm yaxınsan, həm də uzaq,
Bu sevgidi, yoxsa sınaq?
Divar-divar, otaq-otaq
Üstümdə qoxun dolaşır.


Çiynimdə qəbir yükü var,
Sus yükü,səbir yükü var,
Yükümü tutub o ki,var
Gedirəm üzü sabaha.

Zamandan, vaxtdan keçirəm,
Qismətdən, baxtdan keçirəm,
Hələ sınaqdan keçirəm,
Gedirəm üzü sabaha.

İnanma çıxım əlindən,
Bu dərdin, ahın əlindən,
Tutmuşam yoxun əlindən,
Gedirəm üzü sabaha.


Bu dünyanı bölgələrə bölmüşük,
Qitələrə, ölkələrə bölmüşük.
Tayfalara, nəsillərə, soylara,
Savaşlara, hikkələrə bölmüşük.
Oynamışıq şəhər belə, kənd belə,
Hasar belə, çəpər belə, bənd belə.
Uduzmuşuq, qumar-qumar bölmüşük,
Cənub cənub, şimal şimal bölmüşük.
Ayırmışıq məzhəb ayrı, din ayrı,
Mələk ayrı, şeytan ayrı, cin ayrı.
Çörəyindən, havasından almışıq,
Dədəsindən, babasından almışıq.
Qoymamışıq daş üstündə daş qala,
Eləmişik sinəsini daş qalaq.
İşığından, ocağından etmişik,
Anasının qucağından etmişik.
Bölüb-bölüb axırına çıxmışıq
Bir birinə vura-vura dünyanı,
Dağıtmışıq qura qura dünyanı.


İçimdə bahar həvəsi,
Çölümdən ayrılıq keçir.
Alışıram öz odumda,
Külümdən ayrılıq keçir.

Ruhumda küləklər əsir,
Gah yubanır, gah tələsir,
Baxışlarım sevgi gəzir,
Dilimdən ayrılıq keçir.

Gözlərimdə qəm yükü var,
Kirpiyimdə nəm yükü var,
Saçlarımda dən yükü var,
Telimdən ayrılıq keçir.

Yaman yorur xəzan məni,
Nə ağırmış cəzam mənim,
Hara çəkir qəzam məni?
Yolumdan ayrılıq keçir.

Nəyi var gələn payızın?
Üzümə gülən payızın,
Dərdimdən ölən payızın
Könlündən ayrılıq keçir.

Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist.

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Süleyman Rəhimov və qızı Rəfiqə xanım – Foto

Azərbaycan SSR ilk Xalq yazıçısı, ilk Sosialist Əməyi Qəhrəmanı, XX əsr Azərbaycan ədəbiyyatında roman – epopeya janrının bünövrəsini qoymuş Süleyman Rəhimov və qızı Rəfiqə xanım.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İnsan taleyi – ibrətamiz

Polkovnik-leytenant Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Atası Vaqif Əliyev və anası Səkinə Bayramova Xarici Dillər İnstitutunu bitirmişdirlər, müəllimdirlər. Anar Əliyevin nəsli Kəlbəcərin ilk sakinlərindən olan “Kalvavəllər” Kərbəlayi Vəlinin nəslinə qədər gedib çıxır. O, Kərbəlayi Vəlinin tayfasından olan Kərbəlayi Əlinin yadıcası, Məşədi İsmayılın kötücəsi, Əlinin nəticəsi, Vaqif Əliyevin isə ikinci oğludur.

Anar valideynlərinin iş yeri ilə əlaqədar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun Həsənqaya sovetliyinin Göyarx kəndinə köçmüş və 1986-cı ildə burada yerləşən rus dilli Levonarx kənd məktəbinin birinci sinfinə daxil olmuşdur. 1988-ci ilə qədər burada təhsil almışdır. 1988-ci ildə Qarabağ müharibəsi başlamışdır. Bu zaman Anar Əliyevin ailəsi hücumlardan başlayan deportasiyalar nəticəsində Tərtər rayonunun Bəyimsarov kəndinə köçmüşdür. Anar Əliyev burada təhsilini azərbaycan dilində davam etdirmişdir. 1993-cü ilə qədər bu məktəbdə təhsil almışdır. 1993-cü ildə Şəmkir rayonunun Çaykənd kənd tam orta məktəbində təhsilini davam etdirmiş, 1995-ci ilə, 9-cu sinifə qədər bu məktəbdə təhsil almışdır.

1995-ci ildə 9-cu sinifdə oxuyarkən Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahanla qəbul olmuşdur. 1997-ci ilə qədər bu liseydə təhsil almışdır. 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olmuşdur. 2001-ci ildə ali hərbi məktəbi “qoşun kəşfiyyatı” ixtisası ilə bitirmişdir. Həmin il hərbi vəzifəsinə başladıqdan sonra Müdafiə Nazirliyinin əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi vəzifəsinə təyin olunmuşdur.
Anar Əliyev 2012-2014-cü illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilini davam etmişdir.

2001-ci ildə ali hərbi təhsilini başa vuran Anar Əliyev Müdafiə nazirinin 25.08.2001 tarixli əmrinə əsasən “leytenant” rütbəsi ilə Bakıda yerləşən “N” saylı kəşfiyyat briqadasında hərbi vəzifəsinə başlamışdır.
2002-ci ildə dinləyici kursunu bitirmiş və “N” saylı hərbi hissədə xidmətə davam etmişdir. Anar Əliyev 04.09.2002-ci ildən 01.05.2004-cü ilədək hərbi hissənin xüsusi təyinatlı taqım komandiri olmuşdur. 04.09.2003-cü ildə “baş leytenant” rütbəsi almışdır. 01.05.2004-cü ildən 20.12.2006-cı ilədək hərbi hissənin xüsusi təyinatlı qrup komandiri, 20.12.2006-cı ildən 12.04.2007-ci ilədək bölük komandiri vəzifəsində xidmət etmişdir. 15.12.2007-ci il tarixdə ona “kapitan” rütbəsi verilmişdir. 12.04.2007-ci ildən 26.01.2008-ci ilədək taborun bölük komandiri, 26.01.2008-ci ildən 15.06.2009-cu ilədək xüsusi təyinatlı dəstə komandirinin müavini vəzifələrini icra etmişdir. 15.06.2009-cu ildən 07.09.2012-ci ilədək xüsusi təyinatlı dəstə komandiri vəzifəsini icra etmişdir. Müdafiə Nazirliyinin iyun 2012-ci il tarixli əmrinə əsasən Anar Əliyevə “mayor” rütbəsi verilmişdir.
2014-cü ildə Hərbi Akademiyanı bitirərək Müdafiə Nazirliyinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncama göndərilmişdir.
Müdafiə Nazirliyinin iyun 2015-ci il tarixli əmrinə əsasən Anar Əliyevə müstəsna xidmətlərinə görə vaxtından əvvəl “polkovnik-leytenant” rütbəsi verilmişdir.
Anar Əliyev 18.07.2014-cü ildən 01.05.2015-ci ilədək “N” saylı hərbi hissənin qərargah rəisi, 01.05.2015-ci ildən 27.08.2018-ci ilədək komandir, 27.08.2018-ci ildən 13.06.2020-ci ilədək hərbi hissənin komandiri vəzifəsini icra etmişdir. 13.06.2020-ci il tarixdə hərbi hissənin komandir müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Əliyev bu vəzifəni 2020-ci ilin oktyabrın 17-dək icra etmişdir.

Həmçinin, Anar Əliyev qüsursuz xidmətlərinə görə bir neçə dəfə qiymətləndirilmişdir. 26.06.2008 tarixli əmrə əsasən qüsursuz xidmətinin 10 illiyinə görə 3-cü dərəcəli, 26.06.2014 tarixli əmrə əsasən qüsursuz xidmətinin 15 illiyinə görə 2-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilmişdir. O, xidməti nəticəsində USTA dərəcəsi də almışdır.
Anar Əliyev təlimlərdə əldə etdiyi təcrübələrdən kəşfiyyata aid dərslik kitabı yazmaq istəyirdi.

Anar Əliyevin iştirak etdiyi təlimlər 2003–2019-cu illəri əhatə edir. 3 noyabr-21 noyabr 2003-cü ildə Türkiyə Respublikasında “təməl paraşüt” kursunda, 2005-ci ildə Macarıstanda “ingilis dili” kursunda, 9 yanvar – 17 fevral 2006-cı ildə Çexiyada “sülhməramlı əməliyyatlar üçün təlimatçı” kursunda, 17 yanvar – 2 fevral 2007-ci ildə İsveçrə Konfederasiyasında “qış dağ” kursunda, 2009-cu ildə Rumıniyada “hərbi əməkdaşlıq və təcrübə mübadiləsi”, həmçinin, həmin ildə Türkiyədə keçirilən “sərbəst paraşüt” kurslarında, 18 yanvar-12 fevral 2010-cu ildə Sloveniyada “təkmilləşdirilmiş qış-dağ” kursunda, 7 may-13 may 2010-cu ildə İordaniya Krallığında baş tutan SOFEX-2010 (az. Xüsusi Əməliyyat Qüvvələri Sərgisi – 2010) hərbi sərgisində iştirak etmişdir. O, sonuncu dəfə 2019-cu ilin iyulundan 2020-ci ilin yanvarınadək davam edən Pakistanda 5 aylıq kurslardan keçmişdir.

2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib. Bu döyüşlər Azərbaycan-Ermənistan münaqişəsi tarixinə Günnüt əməliyyatı kimi yazılmışdır. Anar Əliyev bu zaman Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun təcrübəli zabiti idi və özü bu döyüşlərdə yaxından iştirak edirdi. 7 gün davam edən bu döyüşlər və Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib.

2018-ci ilin mayın 20-dən 27-nə qədər davam edən Günnüt əməliyyatında yaxından iştirakına, döyüşlərdə fərqlənməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 26.06.2018-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev “Şücaətə görə” medalı ilə təltif edilmişdir.
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə məruzə ediləndən sonra səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.

27 sentyabr 2020-ci ildən başlanan Vətən müharibəsi zamanı Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri idi. O, müharibənin ilk 13 günü Naxçıvanda xidmət etmiş, lakin, Komandanlığa müharibədə iştirak üçün müraciət etmişdir.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanının 11 oktyabr 2020-ci il tarixli 0120 saylı Sərəncamına əsasən Anar Əliyev Vətən müharibəsində iştirak etməyə başlamışdır. Müharibənin Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd cəbhəsində fərqlənmişdir. Xocavənd rayonu ərazisində 10 gündən çox davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilmişdir. Onun da rəhbərliyi altında gedən döyüşlər və komandirliyini etdiyi xüsusi təyinatlı briqadanın fərqlənməsi nəticəsində 14 oktyabr tarixində Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Təkə, Tağaser kəndləri Azərbaycan qoşunları tərəfindən azad olunmuşdur. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun da iştirak etdiyi əməliyyatlar nəticəsində 15 oktyabr tarixində Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Ciraquz kəndləri işğaldan azad edilib. 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad etmişdir. 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqlamışdır. Həmin gün Anar Əliyev “N” saylı hərbi hissənin komandiri vəzifəsinə təyin olunmuşdur. Anar Əliyevin qrupu Füzuli rayonunda yerləşən Məngələnata dağı və Qacar kəndində yerləşən Şaqriven dağı istiqamətində irəliləyərək Tehran Mənsimovun qrupuna yol açmışdır. 20 oktyabr tarixində bir neçə gün davam edən əməliyyatlar nəticəsində digər rayonlarının bir çox yaşayış məntəqəsi kimi Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri işğaldan azad edilmişdir. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan tam azad edildiyini açıqlamışdır. Anar Əliyev Zəngilanın azad edilməsi üçün həyata keçirilən hərbi əməliyyatların rəhbərlərindən biri olaraq Zəngilan şəhərinin azad edilməsini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup hərbi qulluqçusu ilə birlikdə İlham Əliyevə məruzə etmişdir.

Anar Əliyev sonuncu dəfə Füzuli-Xocavənd istiqamətində vuruşmuşdur. Komandirliyini etdiyi briqadanın da iştirak etdiyi son əməliyyatlar nəticəsində, 21 oktyabr tarixində Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri işğaldan tam azad edilmişdir.
Həmin gün Xüsusi Təyinatlı Qüvvələrin Komandan müavini Zaur Cavanşir və keçmiş Komandan müavini Kənan Seyidov tərəfindən Anar Əliyevə Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklərin, xüsusilə, “772 metr” yüksəkliyinin, Xocavənd rayonunun Tuğ kəndinin azad edilməsi həvalə edilmişdi.
Döyüş yoldaşlarının dediklərinə görə, o, qəfildən əvvəlcə, sağ qolundan, sonra isə gözündən vurulmuşdu. Ona ilk tibbi yardım edən leytenant Adil Əfəndiyev olur. Əsasnaməyə görə, zabiti feldşer və ya sanitar çıxarmalı olsa da, israrla Adil Əfəndiyev qabağa atılır. Anar Əliyevin gözünə iynə vurur. Lakin, yaxınlıqda olan qarşı tərəfin açdığı güllə Adil Əfəndiyevin ürəyinə dəyir, həmçinin, qarşı tərəfin atdığı əl qumbarası onların yaxınlığında partlayır. Açılan intensiv atəş və atılan əl qumbarasından ağır yaralanan polkovnik-leytenant Anar Əliyev və leytenant Adil Əfəndiyev 21 oktyabr tarixində şəhid olurlar.

23 oktyabr tarixində onun nəşi mühasirədən çıxarılaraq Füzulidə yerləşən diaqnostika mərkəzinə gətirilmişdir. 24 oktyabr tarixində diaqnostika mərkəzindən boya-başa çatdığı Tərtər rayonunun Bəyimsarov kəndinə son vida mərasimi üçün gətirilmişdir. Son vida mərasimindən 1 gün sonra, 25 oktyabr 2020-ci ildə izdihamla, Müdafiə Nazirliyinin təşkil etdiyi yaylım atəşləri və Azərbaycanın himn sədaları altında II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ​ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ONUN ÜRƏK DÖYÜNTÜLƏRI

DOST SÖZÜ
ONUN ÜRƏK DÖYÜNTÜLƏRI

Qəfil xəbər bizi yaman sarsıtdı, eşitdiklərimizə inanmaq istəmədik. Uzun illər bir redaksiyada çalışdığımız həmkarımızın, tanınmış şair-jurnalistin, xeyrixah, elcanlı, həyatsevər, sədaqətli qələm dostumuzun gözlənilmədən həyatdan köçməsinə necə inanaydıq? Daim “Samur” qəzeti redaksiyası ilə əlaqə saxlayır, yaradıcılıq uğurlarını bizimlə bölüşürdü. Bir neçə ay əvvəl onun 85 illik yubileyi ilə əlaqədər Respublika Mətbuat Şurasında keçirilmiş tədbirdə iştirak etmişdik.
Keçmiş qələm dostlarını, Sovet kəndi” qəzetində uzun illər bir gə çalışmış Vaqif Bəhməlini, Rüstəm Rüstəmovu, Müzəffər Məlikməmmədovu və Sədaqət Kərimovanı görüb necə də sevinmişdi. Kövrəlmişdi, sanki deməyə söz tapmırdı. Uzun müddət ağır xəstəliyə sinə gərib qalib çıxdığını bilirdik. Ağrılardan əziyyət çəksə də yenə əvvəlki kimi həyat eşqi ilə dolu görünürdü.
Əvvəlki Arif İsmailov idi. Deyən, gülən, zərafatçıl. Onun bu əhvalı bizi çox sevindirdi. “Sovet kəndi” qəzetində birgə işlədiyimiz illəri yadımıza saldı. O, redaksiyanın ən gözəl tədbirlərinin təşkilatçısı, qazetin bayram saylarının ən yaxşı tərtibçisi idi. Başdan-başa qazetçi idi Arif Əbdüloğlu.
Onun məqalələrini, oçeyklərini, zarısovkalarını oxucular böyük maraqla oxuyardı. Çünki bu yazlarda onun ürək döyüntüləri var idi. Bunu bir dəfə letuçkada da qeyd etmişdik. Gülümsəyib, 1960-cı ildə “Sovet kəndi” adı ilə çıxanda qəzetin baş məqaləsində verilmiş sözləri bizə xatırlatmışdı: “Sovet kəndi” ona nail olacaqdır ki, qəzətdə dərc edilən yazılarda sadə adamların ürək döyüntüləri eşidilsin. Həqiqətən də, 31 il qəzetin səhifələrində sadə adamların ürək döyüntüləri eşidildi. Çünki jurnalistlərimizin qələmə aldıqları yazılarda onların özlərinin ürək döyüntüləri var idi. Bunu bizə Arif İsmayılov kimi üstad qələm dostlarımız təlqin etmişdi.
Arif Əbdüloğlu həm də istidadlı şair idi. Onun bədii yaracılığının leytmotivini vətənpərvəlik mövzusu təşkil edir. Şeir və poemalarında oxurculara vətənə məhəbbət, düşmənə nifrət hissləri aşılayan, onları həyatı, insanları sevməyə, bəşəri və ülvü hissləri yaşamağa səsləyən Arif Əbdüloğlunun 2019-cu ildə işıq görmüş “Vətəndir sevdiyim, sevildiyim yer” (Redaktoru Sədaqət Kərimova) və 2024-cü ildə nəşr olunmuş “Bitövləşən vətənim” (Redaktoru Telman Cəfərov) kitabları oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.
“Bitövləşən vətənim” həm də Ankarada türk dilində nəşr olunub. Onun bitöv vətən obrazını təcəssüm etdirən “Şuşa zirvəsi”, Maştağanın tarixindən bəhs edən “Qeyrət qalası”, məşhur xeyriyyətçi Hacı Zenalabdin Tağıyevin fəaliyyətinə həsr olunmuş “Şolların çətin yolu” poemaları müasir ədəbiyyatımızın gözəl nümunələridir.
Jurnalist fəaliyyətinə 1963-cü ildə Zəqatalada çıxan rayonlararası “Qırmızı bayraq” qəzeti redaksiyasında başlamış Arif Əbdüloğlu sonraki illərdə “Sovet kəndi” və “Həyat” qəzetlərində çalışmış, bu sahədə qazandığı yaradıcılıq uğurlarına görə Azərbaycan Jurnalistlər İtifaqının “Qızıl qələm” mükafatına layiq görünmüşdür. O, Azərbaycan mətbuatının 150 illiyi ilə əlaqədar olaraq 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.
Qələm dostumuzun həyatda qazandığı ən böyük uğur və mükafat isə böyük oxucu sevgisidir. Bu sevgi onun adını həmişə yaşadacaq, çünki bu gün də, gələcəkdə də “Sovet kəndi” və “Həyat” qəzetlərinin toplusunu vərəqləyən hər kəs onların səhifələrində Arif Əbdüloğlunun ürək döyüntülərini hiss edəcək. Allah rəhmət eləsin!

“Samur” qəzetinin kollektivi adından:

Sədaqət Kərimova,
Müzəffər Məlikməmmədov.

Бийбимәрьям – АҚ ОРАМАЛ ТАРТҚАН ҚЫЗ

Күн темасына :

АҚ ОРАМАЛ ТАРТҚАН ҚЫЗ

Бурынғының үлгиси,
Мыйығында күлкиси.
Қазағымның бир қызы,
Ақ ораммал тартқан қыз.

Дәстүр – салтын әдемлеп,
Самоварда чай демлеп.
Усынар кеўлин жәмлеп,
Ақ орамал тартқан қыз.

Ески салтын умытпай,
Ақ отаўда бир жулдыз.
Бар хызметин аямас,
Ақ орамал тартқан қыз.

Оранып бақ бостанға,
Сырын айтпас душпанға.
Жасамақта тап ҳәзир
Қарақалпақстанда,
Ақ орамал тартқан қыз.

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

TAMELLA HƏMİDQIZI YAZIR

HAVA, SU, GÜNƏŞ ADAM

(Vaqif Osmanlının yeni yaşına)

Dostluq məfhumunu anlayanda bildim ki, mənim ən yazın dostum böyük qardaşımdı – bilmədiklərimi öyrədən, səhvlərimi deyən, çətinlikdə mərhəmətinə və yardımına arxalandığım, hər sözünə inandığım Vaqif Həmid oğlu Osmanlı. Yazmağı, oxumağı, kitablara marağı, hətta vətəni sevməyi ondan öyrəndim.
Deyirlər dostluq etmək bir istedaddır, əgər, həm də dostun istedadlıdırsa, onda mən çox şey qazanmışam.
Vaqif evimizin içində bir ədəbiyyat dərnəyi rəhbəri kimi hamımızdan (ailədə beş uşaq idik) bədii kitablar oxumağı və çoxlu şeir əzbərləməyi tələb edirdi. Hətta məşhur əsərləri səhnələşdirərdik. Ən çox mənə güvənər və tənqid edərdi. Sözün düzü, onun tənqidindən qorxur, bəzən də küsürdüm. Nəbi Xəzriyə “Zirvə qardaşı” “poema”sı yazmışdım. Axı hamımız “Günəşin bacısı” poemasını əzbər bilirdik. İlk oxucum və ilk tənqidçim “poema”mı bəyənmədiyi üçün dəftərimi cırdım. İndi düşünürəm ki, onu yazan da, tənqid edən də, cırıb atan da haqlı imiş.
… İllər sürətlə keçdi. Sevimli qardaşım və doğma dostum ömür vəfa edərsə, bir ildən sonra yetmişi haqlayacaq. Uşaq ağlıma gəlməzdi ki, zaman imkan verəcək, mən onun haqqında dopdolu yazılar yazıb çap etdirəcəyəm:
“Dünyanı yazmaq dünyanı görmək qədər lazımmış. Əgər sənin kəlmələrin duyğularının dadını ifadə etməyi bacarırsa, söz qüdrətinin buna gücü çatacaqsa, yazmaq gözəl şeydir, qardaşım” (Vaqif Osmanovun “Oxünan dualar” kitabına ön sızdən).
Mənim onomastika (adlar) lüğətimdə qardaşım Vaqifin isminin izahı “hava, su, Günəş adam”dı. Onu tanıyanlar dərhal düşünəcəklər ki, ona doğru ad seçmişəm. Bu isimlər bütün dünyanın varlığını göstərir, həm də qardaşımın şəxsiyyətini tamam ifadə edir. Yer planetində (bəlkə də qalaktikada) canlılara can verən, təmənnasız hər kəsə, hər şeyə nəfəs verib qarşılıq istəməyən bir gözəgörünməz hava var. Çox zaman ovqatımız da ona köklənər.
Peşəkar dəniz hidrometeorolu Vaqif Osmanov 40 ilə yaxın Neft Daşları hidrometeologiya stansiyasında sıravi işçi, mühəndis, baş mühəndis, aparıcı mütəxəssis, rəis olub. Küləklər şəhəri Bakının Venesiyasına gəmi ilə gedib gəlib, hava proqnozlarını vaxtından əvvəl öyrənməyə çalışıb.
Kəndimizdə onun uşaqlıq dostu, kolxoz sədri mərhum Salam Əhmədov tez-tez zarafatla deyərdi: “Vaqif müəllim, ot biçənəkdən quruyub yığılmamış dağətəyi rayonlarda yağış yağacaq, – demə!”
Xəzər sevgisi ilə qolboyun yaşamaq onun duyğularının çalarlarını daha da artırdı. Hər dəfə keçmiş Nargin (idi Böyük Zirə) adasının – Nobellərin qazanc mənbəyi kimi gördüyü adanın yanından keçəndə Müşfiqi andı:
“Azı min dəfə bu əzabı çəkməli olmuşam. Sərnişin gəmimiz dənizdən qayıdanda, axşamın şər vədəsində Böyük Zirənin yanından keçəndə mütləq gəminin sağ göyərtəsinə çıxıb ətrafı dinləyərdim. Sanki həmin vaxtlar xeyirlə şərin mücadilə anlarıydı, bəlkə elə kabus buna deyirlər? Axşam vaxtı qulağıma qəribə səslər gəlirdi. Sanki nigaran, nakam ruhlar məni səsləyirdi. Ruhların səsi necə olur, yaxud ruhun səsi olurmu? Olur, bunu eşitmək, duymaq, anlamaq, əlbəttə asan deyil…
Mən hər dəfə oradan keçəndə bir doğma ruhun səsinə hay vermişəm – Mikayıl Müşfiqin nakam harayına:

Ah, mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim?”

Hamının kövrələ-kövrələ oxuduğu “Niyə Müşfiqin məzarı yoxdur! əsəri (mən buna əsər deyirəm) beləcə yazılıb. O sular da, əfsus, Müşfiqin yerini demir, susur.
Sənətə və sənətkara qiymət vermək üçün mütləq filoloq olmaq şərt deyil. Vaqif coğrafiya ixtisasını seçib. Mükəmməl mütaliəçidir, dünya ədəbiyyatını, hətta, musiqini, muğamatı da yaxşı bilir. Sirlərlə dolu kainat, təbiət onun maraqlarını, dünyagörüşünü artırır. Əsas da qələmi sözə baxandı, yaxşı ifadə etməyi bacarır. Təbiətə “vüqarlı, təmkinli, səxavətli ana” deyib: “Erməni xislətli qu-qu quşları”, “Qarışqaların həyatı”, “Sirl-sehirli təbiət”, “Talış gözəli – dəmirağac”, “Canlıların rekordları”, “Xəzər dənizinin adları”, “Canlı termometrlər”, “Coğrafi adlar – dünənimiz, bu günümüz, sabahımızdır”, “Sabah hava necə olacaq” və başqa elmi məqalələri maraqla oxunur.
Vaqif Osmanovun birinci kitabı çap olunanda 60 yaşı vardı. Zəngin və səliqəli qovluqlarını arxivindən çıxartmaq uçun biz – doğmaları onu razı saldıq. Əslində bu yazılar bir məktəb dərsliyi kimi əhəmiyyətli mövzuları əhatə edirdi: ata-ana məhəbbəti, vətən sevgisi, sənətkarlara rəğbət, təbiətə qayğı, coğrafiyaya aid maraqlı bilgilər, deyimlər, şeirlər və s.
Kitabı yubiley hədiyyəsi oldu. O vaxtdan hər il dalbadal bir kitabı çapdan çıxdı.
Təqaüdə çıxandan sonra heç boş vaxt keçirmədi. Günəş adam gənc yazarların ağsaqqalı – “Vaqif əmi”sidir. Nicat Həşimzadə, Nemət Mətin, Elvin Rizvangil, Nəcəf Əsgərzadə, Miri Rəsulzadə və başqaları onun elminə, ilhamına, tənqidinə, təhlilinə inandılar, tövsiyələrini dinlədilər, redaktəsinin peşəkarlığından öyrəndilər. İndiyədək 30-dan çox kitabın redaktoru olub, qəzet və jurnallarda əməkdaşlıq edib. İndi “Ədəbi ovqat” dərgisinin baş redaktorudur. Gənc imzaların tanınması, yaradıcı gənclərin həvəslənməsi və istedadların axtarışı üçün əlindən gələni əsirgəmir.
Parlaq düşüncəsi və zəkası, halal şərikli çörəyi (“Şərikli çörək” filmindəki adaşı kimi) var. Bəşər adamının ayrıseçkiliyi və qərəzi yoxdur, dini və imanı ədalət və insanlıqdır:

Dünya, vurğun könül sənə,
Tamarzıyam, bir gülsənə.
Qayıdacaq bir gün yenə
Yer kimi fırlanan ömrüm.

Bir dostundan eşitdiyim və qürurlandığım cümləni paylaşmaq istərdim: “Mən minlərlə insan görmüşəm, ünsiyyətdə olmuşam, Vaqif müəllim qədər mənəviyyatlı ikinci adama rast gəlmədim”.

Zamanın yumruğu əzsə də məni,
Şax gəzərəm, amma fağır adamam.
Kədər addım-addım gəzsə də məni,
Şikayət etmərəm, ağır adamam.

Günəş kimi torpağın başına dolanan Vaqif müəllimdən vətənpərvərlik dərsi alanlar çox olub. Axı, o, ilk gənclik illərindən – 21 yaşından müəllimlik edib. Ana təbiəti, havanı, suyu, torpağı, Azərbaycan coğrafiyasını biliyi və dəyərli sözü ilə tərənnüm edib.
Birinci Vətən savaşı, torpaqlarımızın beşdən birinin işğal edilməsi onun yaradıcılığına daha kəskin mövzular gətirdi. “Oxunan dualar”da oxuculara tanıtdığı qəhrəman çətin, uğurlu döyüş yolu keçmiş Qarabağ qazisi Şakir Hüseynovdur. Bu oçerkin epiqrafı Öndərimiz Heydər Əliyevin müdrik fikirlərindən biridir: “Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik”.
Hələ 2016-cı ildə müəllif inanırdı ki, “Azərbaycanın işğal altındakı ərazilərinin düşmən tapdağından azad olunacağı günün uzaqda olmadığına şübhə edənlər yanılırlar. Qarabağ qazisi, ehtiyatda olan zabit, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru Şakir Seyfəddin oğlu Hüseynovla yaxından tanış olan gündən mən bu fikrimdə qətiyəm” (“Vətən oğlu”).
O zaman atəşkəs idi, ancaq Vətəni qoruyan igidlər dilimizdən düşmürdü.
İkinci Vətən Müharibəsi zananı vətənpərvərlik ruhunun ən yüksək səviyyədə olduğu günlərdə Vaqif müəllim misraları ilə də hay salmışdı:

Düşmən caynağında Kəlbəcər, Laçın,
Ağdam, Ağdərənin bəxti ağ deyil.
İgidlər, qələbə yolunu açın,
Yurdsuz ömür sürmək yaşamaq deyil!

Şəhidlərin qazilərin ağrısını, acısını ağ vərəqə sarılmış qələmlərin mürəkkəbiylə sağaltmaq istəyirdi. “İkiunci Qarabağ gündəliyi”ndə şəhidlərin tabutunu çiyinlərində aparan Nargül, Səkinə, Füruzə xanımlar, bu savaşın ilk şəhid qadını Arəstə xanım, “Həkim və yaralı əsgərin dialoqu”nu yazan doktor Aynurə Hidayətqızı haqqında ürəyi yana-yana yazdı. Yazdı ki, bəşər övladı Azərbaycan qadınının ürəyini görsün.
Sözü kimi özü də mərd olan şairlərə böyük ehtiramla yanaşan Vaqif Osmanlının həm sənəti ilə, həm cəsarəti ilə Vətənə sevgisini sübut edən qazi sənətkarlara həssas münasibəti bir neçə kitab sözə çevrilib.
O, əsgər gödəkcəsinə ən gözəl ballada həsr edən Birinci Vətən Müharibəsində Milli Qvardiyanın döyüşçüsü, fəlsəfi düşüncəli riyaziyyatçı, poeziya bilicisi Süleyman Abdulla yasradsıcılığını maraqla araşdıraraq, bir kitablıq təhlil ərsəyə gətirib:

Hər səhər oyanıb işə gedəndə,
Canımda görürəm o qarı sisi.
Hərbi geyiminə baxıb görürəm
Gödəkcəm doludur Vətən sevgisi.

Sığmaz çantasına son xəritələr,
Bilir ki, bu sərhəd Vətənə dardır.
Gözaltı baxıram, gənc zabitimdə,
Köhnə kişilərin qüruru vardır.

Elə həmin illərdə 6000-dən çox şəhidi olmuş Ağdamın qazi şair oğlu Rəfail Tağızadə ciblərində şeir kitabları, ürəyində alov ön cəbhədə misra-misra dualara ümid edərək soyuq səngəri isti Vətən eşqi ilə qızdırıb. “Sən burda məndən sevgi gözləmə” kimi bənzərsiz mesajı ilə, kişi qətiyyətini ciddiliyi ilə məhəbbətin bütövlüyünü qoruyur: “Səngər həyatının özəlliklərini yerli-yataqlı qələmə almaq üçün şair də döyüşçü olmalıdır”.
Adətən yazarlar əsərin epiqrafını hansısa müdrikdən bir sitat gətirirlər. Döyüşçü Rəfailin epiqrafı özününküdür: “Öz torpağında səngər qazmaq, özünə qəbir qazmaq kimidir” (qazi şairə ordu günü təbrikindən).
Rəfail müəllimin Vətən və sevgi şeirləri, poemaları həm də gözəl rublisistikası haqqında Vaqif Osmanlının çoxsayı yazları var.
“Xəzan yarpağı” kitabının təhlili də araşdırmaçının xüsusi zövqü ilə qələmə alınıb: “Bütün insanlığa “Eşq olsun!” söyləyən Bəhruz Məmmədov da qazi-şairdir. Onun bütün şeirlərində ustad Musa Yaqub ruhuna güvən duyulur. Bəhruz Məmmədov anlayıb ki, Qafqazın poeziya qartalı “ilahi, mən bu daşı götürüm, götürməyim” dilemması ilə üz-üzə qalan şeir sərkərdəsi dünyanın bu boyda “oyun-moyunu”ndan bezib dünyanın haqq tərəzisinin gözləri əyilməyən tərəfdinə köçüb. “Musa Yaqubun vəfatına” şeiri onun ustadına yazdığı elegiyadır”.
Bu cümlələri yazarkən müəllif “Xəzan yarpağı”nın altından, üstündən nə qədər ipə-sapa düzülmüş söz tapıb sözsevərlərə ərmağan edir.
Ana xəstə, qayğıya ehtiyacı olan balasına daha çox məhəbbət və mərhəmət bəsləyirsə, qazi şairlər də Vətəni o cür sevirlər, sevgidən yaranan əməlləri ilə sevilir, bəyənilirlər.
Söz qalası qurmaq üçün çox oxumalı, gecələrin yuxusundan imtina etməli, bəzən yazdığını poza bilməli, yerinə ondan güclü söz tapıb qoymalısan. Söz üstə söz qoymaq, daş üstə daş qoyub möhkəmləndirməkdən daha əziyyətlidir. Bu əziyyətlərdən qorxmayan Vaqif Osmanlı “Sözün azadı” kitabını ərsəyə çatdırmaq üçün yazıçı, elmi tənqidçi Azad Qaradərəlinin bütün külliyyatının – 400-dən çox hekayə, 16 roman, 3 cild elmi-tənqidi məqalələrin təxminən üçdən ikisini oxuyub incələyib.
Sözü yaratmaq üçün zəka qədər zəhmət də lazımdır. Sözün gücünə güvənən özünün və əqidəsinin təsdiqinə inanır, bilir ki, söz diridir, dirildəndir.
Mənim 65 illik yaxın və doğma dostum, böyük qardaşım Vaqif döğru sözünün işığında yaşayır. Hava kimi kəlmələrə nəfəs verərək, su kimi şəffaf, duru nəfsi ilə onu qoruyaraq, Günəş kimi söz səltənətini isidərək yaşayır.
Yazmaq onun üçün səadətdi – həyatını gözəl fikirləri ilə rəngbərəng edir. Ürəyindən keçənlər ordan saf su kimi içir, bu şəffaflığın içində gerçək bir həyat var. Mən gerçək həyatı da, doğru sözü də, onu da sevirəm!

26 avqust 2025

Müəllif: Tamella HƏMİDQIZI

TAMELLA HƏMİDQIZININ YAZILARI

VAQİF OSMANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – Laçın günü

LAÇINA BAX, LAÇINA

Gözəlliyə baxın bir
Ay kənarda duranlar.
Bu şəhərin üstündə
Şəkil çəkən dronlar
Göydə dönüb laçına,
Laçına bax, Laçına!

Həkəri ətri gəlir
Əsən sərin küləkdən.
Ucalır muğam səsi,
Ürəyimiz fərəhdən
Az qalır ki, uçuna,
Laçına bax, Laçına.

Qismətimiz olubdur
Nurlu, aydın səhərlər.
O qədər gözəldi ki,
Başqa kəndlər, şəhərlər
Tay olarmı heç ona? –
Laçına bax, Laçına!

Elə bil göyqurşağı
Səmadan yerə enib.
Suları can dərmanı,
Təmiz havası dönüb
Dərdlərin əlacına.
Laçına bax, Laçına!

Üzə gülür çöl-çəmən
Çiçək açıb bağımız.
Zirvələrdə yellənən
Üçrəngli bayrağımız
Dönüb onun tacına –
Laçına bax, Laçına!

26.08.2025

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün – 26 avqust tarixi ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd edilir

Bu gün – 26 avqust tarixi ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd edilir

Digər şəhər və rayonlarımız kimi Laçın rayonunun da işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib, igid əsgər və zabitlərimiz bu döyüşlərdə böyük qəhrəmanlıqlar göstəriblər.

Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də ermənilər tərəfindən işğal olunmuşdu.
İşğal nəticəsində 64 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalıb.

Rayonun 65507 nəfər əhalisi öz dədə-baba torpaqlarından qovularaq respublikamızın 59 şəhər və rayonunda məskunlaşmağa məcbur olub.

Düşmənlə döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərmiş 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İşğala qədər rayonda 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib.

Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılıb, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidə erməni vandalizminə məruz qalıb, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunub.

Ümumilikdə, ilkin hesablamalara görə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.

Erməni işğalçılarının Laçın rayonunda törətdikləri dağıntılarla Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” (https://karabakh.center/az/c-16/lacin) saytında tanış ola bilərsiniz.

Məlumat üçün bildirək ki, Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.

Laçın rayonu 1924-cü ildə təsis edilib. 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb. Ərazisi 1.84 min km2 olan Laçın rayonu 1 şəhər (Laçın), 1 qəsəbə (Qayğı) və 125 kənddən ibarətdir.

Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası (Qərbi Azərbaycan) ilə həmsərhəddir.

Əhalisinin sayı hazırda 80 mindən artıqdır. İşğaldan əvvəl əhali əsasən heyvandarlıqla məşğul olsa da, əkinçilik, arıçılıq, bağ-bostançılıq da inkişaf etmişdi.

Laçınlı qadınların hazırladığı toxuculuq məhsulları böyük şöhrət qazanmışdı. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada “Qasımuşağı” adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.

Zəngin fauna və floraya malik təbiət muzeyi olan, qiymətli mineral suları ilə tanınan Laçın rayonu ərazisində dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, həddindən çox dərman bitkiləri və s. var.

Laçın dedikdə, onu bir dəfə görən insanın gözünün qabağında insanı heyran edən gözəl bir mənzərə canlanır. Mahalın aşağı hissəsində Zəngəzur dağının ətəyində bir-birindən xeyli aralı Artız, Salaq və Mərkiz dağları, onlardan uzaqlarda Xustun, Kəpəz, Keçəldağ silsiləsi uzanır, onlardan o tərəfdə Pirdavan, Qacaran, Kiqin dağları görünür. Zəngəzur dağlarının zirvəsi bəzi yerlərdə dəniz səviyyəsindən 3906 metr yüksəkdir və həmişə qarla örtülüdür.

Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən (3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları) civə, vermikulit, kobalt, uran, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.

Laçın rayonu tarixi və memarlıq quruluşu ilə seçilən abidələrlə və tikililərlə də zəngindir. Rayonda 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidəsi, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at və qoç fiqurları, süjetli daşlar var. Rayon ərazisində Ağoğlan məbədi, Cicimli kəndinin türbələri, Həmzə Soltan sarayı, Laçın Tarix və Diyarşünaslıq Muzeyi, Sarı Aşığın xatirə muzeyi və s. kimi tarixi muzeylərlər olub.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəbərliyi ilə müzəffər Ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Ağır məğlubiyyətə uğrayan düşmən təslim olaraq ağ bayraq qaldırmağa məcbur oldu.

10 noyabr 2020-ci ildə Ermənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, dekabrın 1-də erməni silahlı birləşmələri Laçın rayonunu tərk etdi. 2022-ci il avqustun 26-da isə Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməklə Laçın rayonunun işğalına tamamilə son qoydu.

Laçının azad olunması təkcə hərbi-siyasi qələbə deyil, həm də 30 illik həsrətin bitməsi, doğma yurd yerlərinə qovuşmağın simvoludur. Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri nəticəsində Laçın yeni simasına qovuşur, günü-gündən abadlaşır, inkişaf edir.

Laçın Şəhəri Günümüz mübarək olsun!

Mənbə: Laçın Simurq Kitabxanası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAJ – MY MOTHER

MY MOTHER

Calling it a carpet,
She laid the world beneath our feet…
Calling it a rug,
She hung the world before our eyes…
Our world remained a rug,
Until we could read the patterns…
My Mother conveyed my Father’s word to us in her own tongue…
Some understood, some will understand a hundred years later…
In both cases, there is wisdom in my Mother’s word,
My secret history rests
In every knot of my Mother,
In every pattern,
In every carpet,
In every rug…

She wove my Father’s word into saddlebags,
Filled them for us, her children,
So they might be provisions for the road…
Knot by knot, row by row, motif by motif
She laid before our eyes the world,
And taught us that it was made of thread and wool…
Some understood, some will understand a hundred years later…
In both cases, there is wisdom in my Mother’s word,
My secret history rests
In every knot of my Mother,
In every pattern,
In every carpet,
In every rug…

She lifted the skies into the warps,
Rolled the earth into skeins…
She tied the thread to our wrists,
So we would not lose the end of the yarn…
She wove a sign a thousand times into the loom,
So it would hang as an earring in our ears…
My Mother taught us the world in flavors upon flavors…
Symbol by symbol, mark by mark,
The world passed through my Mother’s weft…
From my Father’s buckle into my Mother’s pattern the world moved…
The world is always a rug for the new world!!!

05.07.2023. Baku

Author: Zaur USTAJ

OTHER ARTICLES BY ZAUR

Translated by: Leyla Mahirqızı,

Other articles by Leyla

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC

ZAUR USTAC

Zaur Ustac, müasir Azərbaycan şairləri içində xüsusi yer tutan bir qələm sahibidir. O, keçmişdən bu günümüzə qədər kitaba və sözə olan məhəbbəti ilə tanınmış və “Kitab Adam” adına layiq görülmüşdür. Ustacın yaradıcılığında kitaba, elmə və oxucuya özəl bir hörmət qurulmuşdur.

Ustacın əsərlərində vətənpərvərlik, milli dəyərlər və Bütöv Azərbaycan fikri açıq-aydın görünür. O, sözlər vasitəsilə yalnız şairanə deyil, həm də milli yolda bir çağırışçıdır. Zaur Ustacın şairliyində xalqın qəlbələri, ana dilinin şirinliyi və tarixi yadigarlar xüsusi bir yer tutur.

Zaur Ustacın qələmində sadiqlik, sadəlik və səmimiyyət həmişə önə çəkilir. O, artıq bir şair deyil, həm də bir məktəb, bir mənəvi qucaq kimi zühur edir. Onun əsərlərində həm qarışıq Azərbaycan, həm də dünya obrazı yanaşı yer alaraq milli ruhun gücünü dağıdır.

Bu səbəbdən, Zaur Ustac sadəcə bir yazar və şair deyil, həm də milli fikirləri qoruyan, nəsilləri gələcəyə dəvət edən bir əqidə sahibidir.

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru