
DAYAN, SƏNİ ÜRƏYİMDƏ APARIM
Piyadasan, ayaqların ağrıyar,
Dayan, səni ürəyimdə aparım.
Səninləyəm, ay bağrımın bağrı yar,
Dayan, səni ürəyimdə aparım.
Dərdi, qəmi şələləyib çiyninə,
Qayğılardan don geyibsən əyninə.
Bu yerişin, bu gedişin eyni nə?
Dayan, səni ürəyimdə aparım.
At yükünü, incə qəlbin incələr,
İncəliyə incəlikdi incələr.
Könül dostu ürəklərdə dincələr,
Dayan, səni ürəyimdə aparım.
Qəzənfərəm, haqq səsinə gedirəm,
Olanların Təkcəsinə gedirəm.
Mən sevgimin Məkkəsinə gedirəm,
Dayan, səni ürəyimdə aparım.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI