
İNDİ
Ovunu quzğunlar şikar eyləyir,
Ovçusu yatıbdı bərənin indi.
Bəylik eyləyəndən çaqqal meşədə,
Tülküsü çoxalıb dərənin indi.
Aslanlar qəfəsə salandan meyil,
Qartal zirvələri dolanır veyil.
Niyə pipikləri qırmızı deyil,
Xoruza oxşayan fərənin indi?
Qələm küsüb, söz də gəlmir iştaha,
Onunçün ərizəm yetişmir şaha.
Görmək istəmirəm heç nəyi daha,
Gözünü ovurlar görənin indi.
İmanam, çox olub ağrım, əzabım,
Bağlı qalan gündən könül kitabım.
Mən gərək anama bir “qardaş” tapım,
Neçə “dayısı” var, hərənin indi.
Müəllif: Aqil İman
https://olaylar.az/news/edebiyyat/616735