
Bayram nisgili
1 Bu da prospektin bayram gecəsi,
Səssislik boylanır yuvalarından.
Bu da bu…”Məmməd Rahim küçəsi”,
Tənhalıq qoxuyur divarlarından.
2 Hava qaralmaqda, işdən gəlirəm,
Yamanca duyulur tənhalıq səsi.
Üzümüz yazadı, qışdan gəlirəm,
Burnuma toxunur bahar nəfəsi.
3 Amma dönəlgəsi dönüb ömrümün,
Yenə yalnızlığım kölgəmə qonub.
“Bəs!” demir qadası, “Bəs!” demir gülüm.
Sürünür ardımca prospekt boyu.
4 Bu “Əzəl çərşənbə” axşamındaca,
İçimdən bir arzu dillənir düzü.
Bir tonqal üstündən gərək doyunca,
Hoppanım, tökülsün könlümün tozu.
5 O tonqal aparsın ağrılarımı,
Bayramı bayramtək keçirim gərək!
Uşaqlıq dünyamın anılarını,
Dünəndən sabaha köçürüm gərək.
6 Kirimiş məhlədə kimsə görünmür,
Yaxşısı budur ki, qayıdım evə.
Qalanan ocaqlar nəsə görünmür.
Bu nə hüzndür ki, nə olub belə?
7 Keçmişin “Çərşənbə xatirələri”
Hələ neçəsinin saxlancı olub.
Bəlkə neçəsinin gözü düşməni,
Bəlkə başlarının qaxıncı olub?
8 Axı…bu bayram axşamı hamı,
Bir azca tənhadı, bir azca yalqız.
Tezliklə yurduma gələcək bahar,
Bilirəm, sənə də ümiddir, ay qız!
9 Süfrəmiz bəzəkli, qapım da açıq.
Bəs bu bayramın nisgili nədir?
Kədərim yaxamdan yaman yapışıb.
Bir ağac qurdutək içimdən didir.
10 Mən səni gözlədim, yalnızlıq gəldi,
Daha heç nə deyil eynimə mənim.
Baharın yam-yaşıl ipəklərindən,
Tənhalıq biçilib əynimə mənim.
11 Bu da prospektin bayram gecəsi,
Səssizlik boylanır yuvalarından.
Bu da bu…”bizim Rahim küçəsi”,
Tənhalıq qoxuyur divarlarından.
27 fevral, saat 22:46. Bakı.
Məmməd İsmayıl yaşar!
Dəliqanlı igidlər,
Yaradar sözdən hörük.
Ozan Allah quludur,
Sirrə çıxammaz dönük.
Tovuz Məmməddən ulu,
Məmməd Tovuzdan böyük.
Bu kəlməni duyanlar,
Bir gün, əlbəttə, şaşar,
Neçə Məmməd içində,
Məmməd İsmayıl yaşar.
Bir uluca millətin,
Bir qaraca qopuzu,
O qopuzu bilməyən,
Görəmməz Tanrı üzü.
Hər ulusa verilməz,
Sıx sinənə o sazı,
Saza ağız büzənlər,
Çin həddinimi aşar?
Neçə Məmməd içində
Məmməd İsmayıl yaşar.
Dardaneldən keçənlər,
Türkün özündən keçməz,
Bir gün özündən keçən,
Doğru sözündən keçməz.
Bu yollarda incələr,
Əyri-düzündən keçməz.
Vətənə olan sevgi,
Köksündə durmaz, daşar.
Neçə Məmməd içində,
Məmməd İsmayıl yaşar…
Bozqurd olub ölənə,
Turan diri qalacaq,
Türkü yardan bilənə,
Vətən iri qalacaq.
Vətən iri qalarsa,
Oğlu-əri qalacaq!
Bu sözləri yazarkən,
Turan Uğurmu coşar?!
Məmməd Araz gedibsə,
Məmməd İsmayıl yaşar.
Məmməd Alim gedibsə,
Məmməd Aslan gedibsə,
Məmməd İsmayıl yaşar!
10.04.2021
“Köhnə məhləmiz”
1 A köhnə məhləmiz, görəsən nədən,
Gecələr gəlməyən yuxumsan mənim.
Gedib baş çəkəndə, görürəm ki, mən,
Əvvəlki tək deyil, yoxumsan mənim.
2 İndi köhnə məhlə necə sönükdür,
Uzaqdan top səsi gəlir arabir.
İncimə, sənin də üzün dönükdür,
Qonşular da köçüb bir-bir, iki-bir.
3 Bella xalanı da görmürük daha,
Haçandı Müşfiqin işığı yanmır.
İndi o xatirələr həyatdan baha
Dönüb bir çağaya, neynim ki, qanmır.
4 Ələsgər Ələkbərov-5 ünvanıydı,
Mehdiyev Şəfaət olub deyəsən.
Yanında “Əfsanə” kafesi vardı
Hər şey əfsanəyə dönüb deyəsən
5 Bircə qarajımız sağ-salamatdı
Gedib qapısına əl vurub gəldim.
Toz basan qarajlar bir əmanatdır,
Gedib tozanağın alıb da gəldim.
6 Üzbəüz baqqalı vardı bir zaman,
Çay-çörək, bir azca şəkər alardıq
“Səbət” marketinə macal tapmasaq,
Axşamı qalardı, səhər alardıq.
7 Yağış da yağanda ayaq batardı,
Asfaltı yox idi öydən aşağı,
Xudmani evləri bizə çatardı,
İndi göydələn var göydən aşağı.
8 A köhnə məhləmiz, doluxsunmuşam,
Nə yaman azmışam xatirələrdə
A köhnə məhləmiz dilxor olmuşam,
Baş-başa qalmışam xatirələrlə.
- Səni Turan Uğur yadamı salsın?
Gəlib səndən keçər həyat səhnəmiz.
Şəninə bir şeir deyim ki, qalsın:
-Adını da qoyum “Köhnə məhləmiz”
26 noyabr 2022
Müəllif: Turan Uğur