Etiket arxivi: Nicat Ərtürk

NİCAT ƏRTÜRKÜN HƏYATI VƏ YARADICILIĞINA BİR BAXIŞ

NİCAT ƏRTÜRKÜN HƏYATI VƏ YARADICILIĞINA BİR BAXIŞ
Azərbaycan ədəbi mühitinin istedadlı və uğurlu gənc nümayəndələrindən biri də “Nicat Ərtürk” təxəllüsü ilə tanınan publisist-şair Nicat Ərrəhman oğlu Qasımzadədir. Bu təqdimat yazısında Nicat Ərtürkün həyat yolu və yaradıcılığı ilə tanış oluruq:

Qısa bioqrafik məlumat:
Qasımzadə Nicat Ərrəhman oğlu: 1982-ci ilin may ayının 31-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndində anadan olmuşdur.
Sədərək rayon 1 saylı orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Regionlararası Akademiyanın İstisad fakultəsinə daxil olmuş, oranın tam kursunu uğurla bitirmişdir. Ali təhsilli iqtisadçıdır.
Yeniyetmə yaşlarından etibarən ədəbiyyat sahəsinə həvəs göstərmişdir. Ədəbiyyat sahəsində “Nicat Ərtürk” kimi çıxış edən bu dəyərli şair Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvüdür.
Ədəbiyyatla bağlı uğurlu fəaliyyətinə görə, indiyədək bir çox fəxri fərman, diplom və ödüllərə layiq görülmüşdür. Bununla bağlı xüsusi olaraq “Qızıl Qələm” Media Mükafatı, “Ziyadar” Mükafatı, “Heydər Əliyev” Medalı, “Heydər Əliyev” Fəxri Media Mükafatı, “Xəlilrza Ulutürk” Diplomu, “Zəfər” Media Mükafatı və “Həsən Bəy Zərdabi” Fəxri Media Mükafatlarını, son olaraq isə “Ustad Niftalı Göyçəli”, “Həməşəra” Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi Ödüllərinə layiq görüldüyünü göstərmək olar.
Nicat Ərtürkün indiyədək aşağıda göstərilən üç kitabı işıq üzü görmüşdür:

  1. “Səsləyir Zəngəzur, Qarabağ bizi” (2015);
  2. “Zirvələrin fatehi” (2019);
  3. “Ana həsrəti” (2026)…
    Nicat Ərtürkün ədəbi dünyası təmiz, duyğulu və dərinmənalı, eyni halda sadə, səmimi və pozitivdır. Onun qələmə aldığı şeirləri nəzərdən keçirdikdə, orada vətən sevgisi, valideynə qarşı sayğı və sevgi, milli-mənəvi dəyərlər, haqq-ədalətin önəmi, xüsusilə də milli kimlik mövzusuna xüsusi yer verildiyini təsbit etmək olar. Ailəlidir, dörd övladı var.

Subyektiv baxışım:
Bir insanın qələm əhli olub, ədəbiyyat sahəsində yazıb-yaratması, müxtəlif və çoxsaylı şeir, poema, esse, hekayə, povest, ədəbi təhlil və tənqidlər ərsəyə gətirməsi heç şübhəsiz bir imtiyaz və bacarıq sayılır. Hətta, kimlərsə bu sahənin peşəkarı və ustadı da ola bilərlər. Lakin ədəbiyyat sahəsində bir şair və ya yazıçının bütün bunlarla yanaşı həm də həyatda ədəbli və etikalı bir insan olması bu bacarığı daha yüksək zirvəyə qaldırır, onun sahibini isə cəmiyyət və xalq arasında ziyalı bir şəxsiyyətə çevirir. Burada yazılanları düşünmək və əyani şəkildə dərk etmək üçün şairlər və yazıçılar arasında öz danışığı və davranışına hakim olan insanlara diqqət yetirmək kifayətdir. Çünki belələri ədəb, ərkan, etika və əxlaqdan gələn ədəbiyyat sahəsində ulduz xəstəliyi, kortəbii danışıq və davranış, mənəm-mənəmlik, təkəbbür, paxıllıq, ara vurmaq, qeybət, lovğalıq və digər bu kimi iyrənc xislətlərdən uzaqdır. Doğrudan da, etikasız ədəbiyyat və ədəbi bacarıq nəyə yarayır ki?! Əlbəttə, hər kəsin xüsusi və fərdi həyat tərzi var və kimsənin başqa bir insanın özəl həyatına müdaxilə etməsinə icazə verilmir. Burada əsas məqsəd, insanların cəmiyyət arasında sərgilədikləri ictimai davranışdan ibarətdir…
Çağdaş Azərbaycan ədəbiyyatının gənc nümayəndələrindən olan dəyərli qardaşım Nicat bəy Ərtürk sözün həqiqi mənasında ədəbiyyat sahəsində xüsusi istedadı və bacarığı ilə yanaşı, həm də gözəl əxlaq, etika sahibi olan dəyərli insan, öz şəxsiyyətinə sayğı ilə yanaşan aydın şəxsiyyətdir. Amma məsələ bununla bitmir. Çünki Nicat Ərtürk eyni halda öz milli kimliyinə sıx bağlı olan bir el şairi, vətəni və dövlətçiliyinə sadiq olan dəyərli bir vətəndaşdır. Bir insanın ədəbiyyat sahəsində xüsusi bacarığı ilə yanaşı, həm də həyatda gözəl əxlaq və etika sahibi olması, həmçinin, öz milli kimliyi, vətəni və dövlətçiliyinə sədaqətlə yanaşması isə onu çox gözəl bir simvola, əsil ədəbiyyat və insanlıq nümunəsinə çevirir. Bu günlərdə doğum gününü qeyd edəcək dəyərlimiz Nicat Ərtürk də belələrindəndir. Milli kimlik, vətən və dövlətçiliyə sədaqət isə əxlaq və etikanın tələblərindən olsa da, bunu ayrıca qeyd etmək xüsusi önəm daşıyır…

Arzu və diləklər:
Fürsətdən istifadə edib dəyərlimiz şair-publisist Nicat bəy Ərtürkü doğum günü ilə əlaqədar ürəkdən təbrik edir, Ulu Tanrıdan ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, TYB İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
28.05.2026

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

SÖZÜN SEHRİ NİCAT ƏRTÜRK YARADICILIĞINDA

SÖZÜN SEHRİ NİCAT ƏRTÜRK YARADICILIĞINDA

İnsan cəmiyyətinin formalaşmasında və inkişafında söz mühüm rol oynamışdır. Tarixin bütün mərhələlərində insanlar düşüncələrini, hisslərini və biliklərini söz vasitəsilə ifadə etmiş, ünsiyyət qurmuş və mədəniyyət yaratmışlar. Bu baxımdan söz yalnız kommunikasiya vasitəsi deyil, həm də sosial təsir, psixoloji yönləndirmə və mənəvi dəyər daşıyan güclü bir mexanizmdir. “Sözün gücü” anlayışı insan nitqinin təsiretmə qabiliyyətini ifadə etdiyi halda, “sözün sehri” ifadəsi onun emosional və estetik təsir imkanlarını xarakterizə edir.
Tarixi faktlar da sözün böyük gücə malik olduğunu sübut edir. Müxtəlif dövrlərdə siyasətçilərin çıxışları, alimlərin fikirləri və mütəfəkkirlərin əsərləri milyonlarla insanın düşüncəsinə təsir etmişdir. Məsələn, ictimai hərəkatların yaranmasında təsirli nitqlərin mühüm rolu olmuşdur. Bu, sözün sosial dəyişiklik yaradan vasitə kimi əhəmiyyətini göstərir.
Hər hansı bir şairin söz hikmətini təhlil edərkən əsas məqsəd onun söz vasitəsilə yaratdığı mənəvi, emosional və fəlsəfi təsiri izah etməkdir. Belə təhlildə yalnız şeirin məzmunu deyil, həm də dil xüsusiyyətləri, bədii təsvir vasitələri və oxucuda yaratdığı hisslər araşdırılır. Azərbaycan poeziyasinda sözün hikmətini ən yüksək səviyyədə ifadə edən söz sənətkarlarından biri də gənc şairimiz Nicat Ərtürkdür. Onun poeziyasında söz yalnız bədii ifadə vasitəsi deyil, həm də insan ruhunun aynası kimi təqdim olunur. Şair sözün insan şəxsiyyətini formalaşdıran əsas qüvvələrdən biri olduğunu ifadə edir.
Nicat Ərtürk nəsihət dolu şeirlərində sevgi, ayrılıq və mənəviyyat kimi mövzuları sözün estetik imkanları vasitəsilə oxucuya çatdırır. Şairin dili axıcı və melodik olduğu üçün onun şeirləri yalnız məna baxımından deyil, fonetik baxımdan da qəlbə təsir edir. Bu xüsusiyyət “sözün sehri” anlayışının poetik nümunəsi hesab oluna bilər.
Nicat Ərtürk sözün hikmətini daha çox fəlsəfi istiqamətdə təqdim edir. Onun əsərlərində insanın kamilliyi, ədalət və elm kimi anlayışlar yüksək bədii dillə ifadə olunur. Nicat sözə böyük məsuliyyət kimi yanaşaraq bildirir ki, düşünülmədən deyilən söz insanı ucalda da bilər, alçalda da. Bu fikir müasir kommunikasiya etikası ilə də səsləşir.
Qeyd etdiyimiz kimi Nicat Ərtürkün söz hikməti yalnız estetik gözəllik yaratmır, həm də insanın daxili aləminə təsir edir, ona düşünmək, hiss etmək və mənəvi dəyərləri anlamaq imkanı verir. Poeziyanın əsas gücü də məhz sözün bu sehrli və hikmətli təsirindədir. Nicat Ərtürkün “Ana həsrəti” adlı şeir kitabının “Nəsihətlər” bölməsi ümumi məzmun və ideya baxımından insanın mənəvi kamilliyə, mərdliyə, azadlıq ruhuna və cəmiyyət içində faydalı şəxsiyyətə çevrilməsinə çağırış xarakteri daşıyır. Şair burada insanı həm fiziki, həm də mənəvi yüksəlişə səsləyir. Şeirin əsas ideyası insanın şərəfli, mübariz, faydalı və vicdanlı yaşamasının vacibliyidir. Şeirdə oxuyuruq:
Bu dünyada mərd, mübariz,
Kişi kimi, ər ol yaşa.
Yer üzünün əşrəfisən,
Şərəfli ol, nər ol yaşa.
Şeirin ilk bəndində müəllif insanı “mərd”, “mübariz”, “ər” olmağa çağırır. Burada “ər” sözü yalnız kişi anlamında deyil, daha çox iradəli, sözünün sahibi olan şəxs mənasında işlədilmişdir. “Yer üzünün əşrəfisən” misrası insanın yaradılmışların ən dəyərlisi olduğunu vurğulayır. Bu fikir həm dini, həm də fəlsəfi baxımdan insanın yüksək mövqeyini ifadə edir. Şair insanın bu yüksək ada layiq şəkildə şərəfli yaşamasını istəyir.
Ucal fəth et zirvələri,
Zirvələrdə qar ol yaşa.
Qaranlığın səhərisən,
Sabahlara nur ol yaşa.
Şair bu bənddə zirvə obrazını uğur və ucalıq rəmzi kimi təqdim edir. “Zirvələrdə qar ol yaşa” misrasında qar təmizlik, saflıq və əlçatmazlıq simvoludur. Şair insanın yalnız yüksəlməsini deyil, yüksəklikdə öz mənəvi saflığını qorumasını da vacib sayır. “Qaranlığın səhərisən” misrası isə insanın ümid və işıq mənbəyi olduğunu göstərir. Səhər və nur obrazları cəmiyyətə fayda vermək, insanlara yol göstərmək mənasında işlədilmişdir.
Göy üzünə, səmalara,
Qartal kimi yar ol, yaşa.
Tanrının şah əsərisən
Yaradana qul ol yaşa.
Burada qartal obrazı azadlıq, güc və ucalıq rəmzi kimi istifadə olunur. “Göy üzünə, səmalara, qartal kimi yar ol yaşa” misraları insanın böyük məqsədlərə can atmasını ifadə edir. Bununla yanaşı, “Tanrının şah əsərisən” deyərək müəllif insanın ilahi yaradılış olduğunu vurğulayır və onu Yaradan qarşısında mənəvi məsuliyyət daşımağa çağırır.
Şaxələnmiş ağac kimi,
Məhsuldar ol, bar ol yaşa.
İnsanlığın bəhərisən,
Başı taclı nar ol yaşa.
Şair bu bənddə ağac və nar obrazlarını xüsusi mənada işlətmişdir. Şaxələnmiş ağac həyat, inkişaf və faydalılıq simvoludur. “Məhsuldar ol, bar ol yaşa” çağırışı insanın cəmiyyət üçün yararlı işlər görməsinin vacibliyini göstərir. Nar isə Azərbaycan mədəniyyətində bolluq, birlik və gözəllik rəmzi hesab olunur. “Başı taclı nar ol yaşa” misrası insanın həm dəyərli, həm də hörmətli şəxsiyyət kimi formalaşmasını ifadə edir.
Çalış daim ön planda,
Ön cərgədə var ol yaşa.
Sən azadlıq zəfərisən,
Məşələ dön, qor ol yaşa
Son bənddə şair daha fəal və mübariz həyat mövqeyini ön plana çəkir. “Ön cərgədə var ol yaşa” misrası insanın passiv deyil, daim cəmiyyətin inkişafında iştirak edən şəxs olmasını tövsiyə edir. “Azadlıq zəfərisən” ifadəsi insanın azad düşüncəyə sahib olduğunu bildirir. Son misrada isə məşəl və qor obrazları istifadə edilərək insanın başqalarına yol göstərən, ruhlandıran bir qüvvəyə çevrilməsi ideyası təqdim olunur.
Bədii baxımdan şeirdə metafora, simvol və təşbehlər geniş yer tutur. Zirvə, qar, qartal, ağac, nar, məşəl kimi obrazlar şeirin poetik təsir gücünü artırır. Əmr formasında işlənən “ol yaşa” ifadələrinin təkrarı isə şeirə ritm, çağırış və motivasiya ruhu verir. Ümumilikdə, bu şeir insanı yüksək mənəvi keyfiyyətlərə sahib olmağa, cəmiyyətə fayda verməyə və daim mübarizə apararaq şərəfli həyat yaşamağa səsləyən fəlsəfi-didaktik bir əsər kimi dəyərləndiririk.
Söz insan beyninə birbaşa təsir edən əsas vasitələrdən biridir. Psixoloqların fikrincə, müsbət və ya mənfi ifadələr insanın emosional vəziyyətinə ciddi şəkildə təsir göstərir. Məsələn, motivasiyaedici sözlər insanın özünəinamını artırır, onun fəaliyyət qabiliyyətini yüksəldir və psixoloji dayanıqlığını gücləndirir. Əksinə, təhqiredici və neqativ ifadələr insan psixikasında stress, qorxu və narahatlıq yarada bilər. Bu xüsusiyyət sözün yalnız səs birləşməsi deyil, həm də psixoloji təsir vasitəsi olduğunu sübut edir.
Sözün sehri xüsusilə ədəbiyyat və incəsənətdə özünü daha aydın şəkildə göstərir. Şair Nicat Ərtürk söz vasitəsilə oxucunun hisslərinə təsir edir, onun təxəyyülünü canlandırır və estetik zövq yaradırlar. Bədii təsvir vasitələri, metaforalar, epitetlər və ritmik ifadələr sözün emosional təsirini artırır. Buna görə də söz bəzən insanı ruhlandırır, ona ümid verir və daxili dünyasında dəyişiklik yaradır. Elmi baxımdan bu hadisə emosional-intellektual təsir mexanizmi kimi qiymətləndirilir.
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı sözün təsir dairəsini daha da genişləndirmişdir. Sosial media, televiziya və internet vasitəsilə yayılan fikirlər qısa müddətdə böyük auditoriyalara çatır. Buna görə də sözün məsuliyyətli şəkildə işlədilməsi mühüm əhəmiyyət daşıyır. Yanlış və ya manipulyativ məlumatlar cəmiyyətdə ciddi problemlər yarada bilər. Bu səbəbdən kommunikasiya etikası və nitq mədəniyyəti müasir elmin əsas tədqiqat istiqamətlərindən biri hesab olunur.
Şairin bir başqa “Nəsihətnamə”si məzmun və ideya baxımından insanın mənəvi kamilliyə çatması, düzgün həyat yolu seçməsi və cəmiyyət içində vicdanlı şəxsiyyət kimi formalaşması mövzusuna həsr olunmuş nəsihətamiz-didaktik bir əsərdir. Şeirdə oxuyuruq:
Həyat çox çətindir, eşit sən məni,
Çalış bir gül kimi saralıb-solma,
Möhkəm ol, məğrur ol, mərd ol həyatda,
Dünyanın əsiri, köləsi olma.

Yaxşını yamandan ayırmağı bil,
Axan sular kimi hər gölə dolma.
Səni çaşdırmasın dünya neməti,
Var-dövlət, sərmayə əsiri olma.
Şair burada həyat təcrübəsinə əsaslanan fikirlərini oxucuya poetik dillə çatdırır və insanı əxlaqi dəyərlərə sadiq qalmağa çağırır. Şeirin əsas ideyası insanın həyatın çətinlikləri qarşısında möhkəm iradəli, savadlı, ədalətli və mənəviyyatlı olması zərurətidir. Şeirin ilk bəndindən etibarən həyatın mürəkkəb və çətin olduğu vurğulanır. Müəllif insanı zəiflik göstərməməyə, “gül kimi saralıb-solmamağa” çağırır. Burada gül obrazı insanın həssas və kövrək tərəflərini simvolizə edir. Şair həyatın çətinlikləri qarşısında sınmamağı, mərd və məğrur qalmağı mühüm xüsusiyyət kimi təqdim edir. “Dünyanın əsiri, köləsi olma” fikri isə insanın maddi və mənəvi asılılıqlardan uzaq durmalı olduğunu göstərir. Şeirin sonrakı bəndlərində müəllif insanın doğru ilə yanlışı ayırmaq bacarığını ön plana çəkir. “Axan sular kimi hər gölə dolma” misrası məcazi məna daşıyır və insanın hər mühitə uyğunlaşıb öz şəxsiyyətini itirməməsi fikrini ifadə edir. Burada şair düşüncəsiz şəkildə təsirlərə qapılmağın mənfi nəticələrinə diqqət çəkir.
Elmlə məşğul ol, oxu, biliklən,
Həyat yollarında geriyə qalma.
Çalış hər mövqedə olasan ilk sən,
Alim ol, adam ol, sən cahil olma.

Dəyər ver kəsdiyin duza çörəyə ,
Kimsədən nəyisə minnətli alma.
Zəhmətlə zirvəyə ucalmaq gərək,
Namərd kölgəsinə sığınan olma.

Qoru ünvanını, qoru adını,
Yetimin, məzlumun haqqını çalma.
Tamahın səni heç üstələməsin,
Şeytanın oyununa aldanan olma.
Elm və bilik mövzusu şeirin əsas istiqamətlərindən biridir. Müəllif insanı daim oxumağa, öyrənməyə və inkişaf etməyə çağırır. “Alim ol, adam ol, sən cahil olma” misrası yalnız savad əldə etməyi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə sahib olmağı nəzərdə tutur. Şairə görə, həqiqi insan həm bilikli, həm də əxlaqlı olmalıdır.
Əsərdə zəhmətə və halal əməyə xüsusi əhəmiyyət verilir. “Zəhmətlə zirvəyə ucalmaq gərək” fikri insanın uğura yalnız dürüst əmək vasitəsilə nail ola biləcəyini göstərir. Müəllif başqalarına minnətli yaşamağı, namərd insanlara sığınmağı mənfi xüsusiyyət kimi qiymətləndirir. Bu yanaşma insan ləyaqətinin və şəxsiyyət müstəqilliyinin qorunması ideyasını ifadə edir.
Alçaq əməllərlə barışma heç vaxt,
Özünü heç zaman oyuna salma.
Ədalət adında vardır tacı-taxt
Zəifə, yazığa biganə olma.

Dünyanı yaradan bir qüvvə vardır,
Uca yaradandan, haqdan ayrılma.
Unutma haqqında dərgahı vardır,
O haqq dünyasına inamsız olma.

Arabir ziyarət, et məzarları,
Nənə-babaları, ata-ananı
Şad eylə məzarda uyuyanları,
Keçmişə laqeyd, unutqan olma.
Şeirdə ədalət və mərhəmət anlayışları da geniş yer tutur. Yetimin və məzlumun haqqını qorumaq, zəif insanlara qarşı laqeyd qalmamaq şairin əsas mənəvi çağırışlarındandır. “Ədalət adında vardır tacı-taxt” misrası ədalətin cəmiyyət üçün ən ali dəyər olduğunu göstərir. Müəllif insanı tamahdan, alçaq əməllərdən və mənfi hisslərdən uzaq olmağa səsləyir.
Dini və mənəvi motivlər də şeirin mühüm hissəsini təşkil edir. Şair insanın Yaradanla bağlılığını qorumasını, haqq yolundan uzaq düşməməsini vacib sayır. Burada dini düşüncə insanın mənəvi tərbiyəsinin əsas dayaqlarından biri kimi təqdim olunur. Eyni zamanda ata-babaya hörmət, keçmişi unutmamaq və milli-mənəvi dəyərlərə bağlılıq ideyaları da şeirin əsas məqamlarındandır.
Zamanın gərdişi yorsa da səni,
Tale yollarında sarsıda səni,
Alıb göydən yerə vursa da səni,
Şükr et, taleyə üsyankar olma.

Qarışma tufana, borana, qışa,
Çalış ki, həyatda sən dürüst yaşa,
Hörmət et qohuma, dosta, qardaşa,
Yaxşı insanlardan heç uzaq olma.

Qarğa zibilliyə, qartal səmaya,
Kaftar leşə qaçar, qurd ovlamaya,
İnsan hisslərinlə bax bu dünyaya,
İnsani hisslərdən kənarda qalma.

Çox fikir eyləmə həyat çəkilməz,
Dünyanın kədəri, dərdi tükənməz,
Tələsmə vaxtından əvvəl yaz gəlməz,
Səbirsiz, tələskən, qəlbi dar olma.
Şeirin son bəndlərində səbir, təmkin və insani münasibətlər mövzusu ön plana keçir. Müəllif insanı həyatın çətinliklərinə qarşı dözümlü olmağa, səbirsizlikdən uzaq durmağa çağırır. “Vaxtından əvvəl yaz gəlməz” misrası həyat hadisələrinin təbii axarını qəbul etməyin vacibliyini ifadə edən fəlsəfi fikirdir.
Bədii cəhətdən şeirdə təşbehlər, metaforalar və simvolik obrazlar geniş istifadə olunmuşdur. Gül, qartal, qarğa, tufan, yaz kimi obrazlar həyatın müxtəlif tərəflərini simvolizə e dir və şeirin təsir gücünü artırır. Təkrar olunan nəsihət xarakterli ifadələr isə əsərə ritm və didaktik üslub qazandırır.
Ümumilikdə, bu şeir insanı düzgün həyat mövqeyi seçməyə, mənəvi dəyərləri qorumağa, elmə və ədalətə bağlı olmağa çağıran fəlsəfi-didaktik bir əsər kimi qiymətləndirilə bilər. Şair poetik vasitələrlə insan həyatının əsas prinsiplərini ümumiləşdirərək oxucuya həm mənəvi, həm də sosial baxımdan dəyərli mesajlar çatdırır.
Əzizimiz və dəyərlimiz olan gənc şair Nicat Ərtürk!
Qəlbinizin dərinliklərindən süzülüb gələn bu hikmətli və nəsihətamiz misraları oxuduqca bir daha anlayırıq ki, söz yalnız ifadə vasitəsi deyil, həm də insan ruhuna yol göstərən mənəvi işıqdır. Siz öz poetik düşüncənizlə həyatın çətin yollarında insanı doğruluğa, mərdliyə, səbirə və vicdana səsləyirsiniz. Şeirlərinizdə səslənən hər bir fikir təkcə poetik gözəllik deyil, həm də böyük həyat təcrübəsinin və mənəvi kamilliyin təcəssümüdür.
Sizin misralarınızda insanı həyata bağlayan ümid, zəhmətə səsləyən iradə, haqqı və ədaləti qorumağa çağıran yüksək mənəviyyat duyulur. Oxucu şeirlərinizi oxuyarkən yalnız sözlərin ahəngini deyil, həm də o sözlərin arxasında duran saf niyyəti, vətənə, insana və həyata olan sevgini hiss edir. Bu isə həqiqi poeziyanın ən böyük qüdrətidir.
Xüsusilə, özünüz gənc bir şair olmaqla gənc nəslə ünvanlanan çağırışlarınız olduqca dəyərlidir. Siz insanı elmə, zəhmətə, vicdana və dürüstlüyə yönəldərək cəmiyyət üçün faydalı şəxsiyyət modelini təqdim edirsiniz. Müasir dövrdə mənəvi dəyərlərin qorunmasına böyük ehtiyac duyulduğu bir zamanda belə şeirlərin yazılması xüsusi əhəmiyyət daşıyır. Çünki sizin poeziyanız yalnız oxunmur, həm də düşündürür, tərbiyə edir və ruhu saflaşdırır.
Şeirlərinizdəki sadəlik və səmimiyyət onları daha təsirli edir. Siz mürəkkəb fikirləri belə aydın və ürəyə yatımlı dillə ifadə etməyi bacarmısınız. Hər misrada həyatın müxtəlif sınaqlarından keçmiş bir insanın hikməti və təcrübəsi duyulur. Bu səbəbdən şeirləriniz oxucuya yalnız estetik zövq vermir, eyni zamanda ona mənəvi dayaq olur.
Sizə bu gözəl və dəyərli yaradıcılığınıza görə dərin minnətdarlığımızı bildiririk. Qələminiz daim məhsuldar, sözünüz hər zaman hikmətli və təsirli olsun. Arzu edirik ki, bundan sonra da poeziya dünyasına yeni-yeni mənalı əsərlər bəxş edəsiniz, insanlara doğru yolu göstərən işıqlı misralarınızla könüllərə toxunasınız.
Uca Yaradan sizə möhkəm can sağlığı, uzun ömür, tükənməz ilham və yaradıcılıq enerjisi nəsib etsin. Qoy yazdığınız hər misra oxucuların qəlbində işıq yandırsın, insanları xeyirxahlığa, mərhəmətə və gözəlliyə səsləsin. Sizə gələcək yaradıcılıq yolunuzda yeni uğurlar, sonsuz ilham və daim sevgi dolu oxucu auditoriyası arzulayırıq.

Hikmət Əlizadə,
Pedaqogika elmləri doktoru,
Bakı Dövlət Universitetinin professoru

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Nicat Ərtürkün “Ana həsrəti” kitabı haqqında – Dost sözü

DOXSAN ALTINCI YAZI

Ana həsrətinin poetik fəlsəfəsi
(Nicat Ərtürkün “Ana həsrəti” kitabı haqqında)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu yenicə işıq üzü görmüş “Ana həsrəti” adlı kitab haqqında olacaq.
Azərbaycan poeziyasında ana obrazı hər zaman müqəddəs, toxunulmaz və dərin mənəvi məna daşıyan bir zirvə kimi qəbul olunub. Bu zirvəyə qalxmaq isə yalnız səmimi hiss, daxili ağrı və poetik məsuliyyət tələb edir. Tanınmış şair Nicat Ərtürkün “Ana həsrəti” adlı şeirlər kitabı məhz bu mənəvi zirvəyə doğru atılmış səmimi və məsuliyyətli bir addımdır.
QISA ARAYIŞ
Nicat Ərtürk – Qasımzadə Nicat Ərrəhman oğlu 1982-ci ildə Naxçıvan MR-nın Sədərək rayonunun Sədərək kəndində anadan olub. İxtisasca ali təhsili iqtisadçıdır. Azərbaycan Yazıçılar Birliynin üzvü, ədəbiyyat sahəsində müvəffəqiyyətlərə görə təqdim edilən nüfuzlu “Qızıl qələm”, “Ziyadar” kimi mükafatların laureatıdır. “Səsləyir Zəngəzur, Qarabağ bizi” və “Zirvələrin fatehi” adlı kitabların müəllifidir. Haqqında söhbət açdığımız “Ana həsrəti” kitabı müəllifin oxucularla üçüncü görüşüdür. Kitabdakı nümunələr mövzusundan asılı olmayaraq bəzən həddindən artıq pafoslu görünsə də, əslində olduqca səmimi və fərdilikdən uzaq, ümumiləşdirilmiş problemlərin çözümü yolunda atılmış cəsarətli addımlar kimi qiymətləndirilməlidir.
Kitabın adından başlayaraq oxucu dərhal anlayır ki, burada söhbət sadəcə fərdi bir kədərdən deyil, ümumbəşəri bir duyğudan – ana həsrətindən, insan varlığının ən kövrək və ən saf nöqtəsindən gedir. “Ana həsrəti” həm konkret bir itkinin ağrısı, həm də insanın mənəvi dayağını itirməsinin fəlsəfi izahıdır.
Kitabda toplanmış şeirlərdə insan varlığının mənası, həyatın faniliyi, zamanın amansız axını və mənəvi dəyərlərin önəmi poetik düşüncə müstəvisində təqdim olunur. Şair şəxsi hiss və yaşantılarını ümumbəşəri ideyalar səviyyəsinə yüksəltməyi bacarır. Bu xüsusiyyət Nicat Ərtürkün poeziyasını sırf emosional ağrıdan çıxarıb dərin fəlsəfi qatlara daşıyır. Kitaba daxil edilmiş şeirlər içərisində ondan artıq nümunə adı və məzmunu ilə birbaşa anaya, ana həsrətinə bağlıdır. Bundan əlavə topludakı digər şeirlərin də böyük əksəriyyətinin ya məzmunu, ya da mətn daxilində bəzi fraqmentlər ana adı, ana həsrəti ilə dolayısıyla əlaqəlidir.
Ana obrazı şeirlərdə yalnız bir insan deyil, mərhəmətin, qayğının, ilkin saflığın və ruhun sığınacağı kimi təqdim olunur. Ana itkisi isə sadəcə fiziki ayrılıq deyil, insanın iç dünyasında yaranan böyük boşluq, mənəvi yetimlik hissidir.
“Ana həsrəti” kitabında dil sadə, anlaşıqlı, lakin dərin məna yüklüdür. Şair bəzəkli ifadələrdən daha çox, oxucunun qəlbinə toxunan səmimi sözlərə üstünlük verir. Bu sadəlik poeziyanın təsir gücünü azaltmır, əksinə, onu daha da gücləndirir.
Nicat Ərtürkün şeirlərində daxili ahəng, ritm və emosional tarazlıq diqqəti cəlb edir. Hər misra bir hissin, bir düşüncənin daşıyıcısıdır. Oxucu bu şeirləri oxuyarkən təkcə müəllifin ağrısını deyil, öz daxilində gizlənmiş ana həsrətini də kəşf edir.
Kitabın “Anamın əziz xatirəsinə ithaf edirəm” sözləri ilə başlaması bu poeziyanın ideya-mənəvi xəttini əvvəlcədən müəyyənləşdirir. Bu ithaf kitabı sadəcə bir şeir toplusu yox, ruhi etiraf, minnətdarlıq və sədaqət manifestinə çevirir. Oxucu anlayır ki, qarşısında duran misralar yazı masasında deyil, qəlbin ən dərin qatlarında doğulub.
“Ana həsrəti” müasir oxucu üçün təkcə poetik zövq mənbəyi deyil, həm də mənəvi düşüncə kitabıdır. Bu şeirlər insanı öz kökünə, dəyərlərinə, valideyn sevgisinin əvəzsizliyinə qaytarır. Sürətli və maddiləşmiş dünyada bu cür əsərlər oxucuya dayanmağı, düşünməyi və hiss etməyi xatırladır.
Ana həsrətinin poetik fəryadı, ümumiləşdirilmiş nisgil, milli kimlik məsələləri, əcdadlara ehtiram, özünü tanıma və təqdim etmə yuxarıda qeyd etdiyim kimi demək olar ki, topluda yer alan bütün nümunələrin məğzində dayansa da, söhbətimizi Nicat Ərtürkün “Ana həsrəti” kitabında (səhifə 53) yer almış eyni adlı şeirindən gətirəcəyim misallarla daha da zənginləşdirmək istəyirəm.
Ana obrazı Azərbaycan poeziyasının ən müqəddəs, ən kövrək və ən dərin qatlarından birini təşkil edir. Bu obraz təkcə doğmalıq, qayğı və mərhəmət deyil, eyni zamanda insanın daxili dünyasının dayağı, mənəvi sığınacağıdır. Məhz bu baxımdan Nicat Ərtürkün “Ana həsrəti” şeiri ana mövzusuna həsr olunmuş əsərləri (əsərlər) içərisində xüsusi emosional dərinliyi və səmimiyyəti ilə seçilir.
Şeirin ilk misralarından etibarən oxucu faciəli bir dönüş nöqtəsi ilə üz-üzə qalır:
Dəyişdi gözümdə, dəyişdi zaman,
Fırlandı başıma fırlandı dünyam.

Bu misralarda zaman artıq adi axarında deyil. Ana itkisi ilə birlikdə zaman anlayışı da mənasını itirir, dünya oxun ətrafında fırlanan ağır bir yükə çevrilir. Şair burada şəxsi ağrını ümumbəşəri hissə çevirir: ana yoxdursa, həyatın nizamı da pozulur.
Şeirin növbəti bəndlərində sevincin göz yaşına, evin işığının sönməsinə çevrilməsi təsvir olunur:
Xoş günlər bir anda kədər döndü,
Sevinc göz yaşlarım qəhərə döndü.

Ana evin ruhudur. Onun yoxluğu təkcə bir insanın itkisi deyil, bir ocağın sönməsi, bir ailənin mənəvi sütununun dağılmasıdır. Şair bu həqiqəti bədii dillə, lakin son dərəcə real duyğularla ifadə edir.
“Ana həsrəti” şeiri eyni zamanda insanın psixoloji sarsıntısının poetik gündəliyidir:
Bir əsər qalmadı səbri-dözümümdən.
Burada artıq təskinlik yoxdur. Şair etiraf edir ki, ana həsrəti qarşısında ən möhkəm iradə belə sarsılır. Bu etiraf şeiri daha da səmimi və inandırıcı edir.
Əsərin diqqətçəkən cəhətlərindən biri də taleyə və zamana yönəlmiş açıq etirazdır:
Etiraz edirəm sənsiz zamana,
İstədim ki, artıq zaman dayana.

Bu misralar insanın acı qarşısında acizliyini, eyni zamanda üsyankar ruhunu əks etdirir. Şair üçün zaman artıq şəfa verən deyil, əksinə, ağrını uzadan bir gücdür.
Şeirin hər bəndinin sonunda təkrarlanan:
Anama həsrət qaldığım günü
misrası bir növ şeirin ürək döyüntüsünə çevrilir. Bu təkrar oxucunun yaddaşına həkk olunur və ana itkisinin unutulmaz, dəyişməz bir həqiqət olduğunu vurğulayır.
Nicat Ərtürkün “Ana həsrəti” şeiri sadəcə bir şəxsi kədərin ifadəsi deyil. Bu əsər ana sevgisinin əvəzsizliyini, ana itkisi ilə insanın daxilində yaranan boşluğu, zamanla belə sağalmayan yaraları poetik dillə ortaya qoyur. Şeir oxucunu həm düşündürür, həm də öz ana xatirələri ilə üz-üzə qoyur.
Bu əsər bir daha sübut edir ki, ana həsrəti – zamanla keçməyən, sözlərlə təsəlli tapmayan, yalnız poeziyada nəfəs alan bir dərddir. Nicat Ərtürk bu dərdi səmimi, sadə və təsirli bir dildə ifadə edərək oxucunun qəlbinə yol tapmağı bacarmışdır.
Nicat Ərtürkün “Ana həsrəti” kitabı Azərbaycan poeziyasında ana mövzusuna həsr olunmuş səmimi, dərin və fəlsəfi kitablar arasında öz layiqli yerini tutmuşdur. Bu kitab oxucuya təkcə bir şairin daxili dünyasını deyil, hər bir insanın qəlbində gizlənən ana sevgisini və həsrətini göstərir.
“Ana həsrəti” – bir kitabdan daha çox, bir qəlbin səsi, bir ruhun etirafı və bir ömrün poetik xatirəsidir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
28.02 – 01.03.2026. Bakı.

Nicat Ərtürk təltif olunub – Təbrik – Fotolar 

Müəllif: Zaur USTAC

I>>ZAUR USTACIN YAZILARI

NİCAT ƏRTÜRKÜN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Nicat Ərtürk təltif olunub – Təbrik – Fotolar – Ziyadarlar

Şair Nicat Ərtürkün “Ana həsrəti” kitabının təqdimatı keçirilib

Manset.az xəbər xəbər verir ki, “Ana həsrəti” kitabının təqdimatı Xocalı faciəsi şəhidlərinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbir Əsəd Cahangirovun aparıcılığı, şair Kəmaləddin Qədim, yazıçı Zaur Ustac, aktyor Habil Xanlarov və başqa tanınmış şəxslərin, ziyalıların iştirakı ilə baş tutub. 

İxtisasca iqtisadçı olan Nicat Ərtürk üçüncü kitabı olan “Ana həsrəti”ni vaxtsız itirdiyi anasına həsr edib. Öz şeirlərində müxtəlif mövzulara – vətən, el-oba, yurd, valideyn, övlad sevgisi mövzularına toxunan şair əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundandır. 

Tədbir zamanı şair Nicat Ərtürk Media Araşdırmaları mərkəzi və Azər KİVİHİ tərəfindən “Şərəfli ömür yolu” media mükafatı  və “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim edilən “Ziyadar” mükafatı ilə təltif olunub. Sonda xatirə fotosu çəkdirilib və şair oxucularının kitablarını imzalayıb. 

Müəllif: Fidan Vəlisoy

Yazarlar.az olaraq, biz də öz növbəmizdə Nicat Ərtürkü təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

İlkin mənbə: Manset.az 

Məlumatı hazırladı: Leyla Mahirqızı

NİCAT ƏRTÜRKÜN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NƏSİHƏTLƏRİN TƏHLÜKƏSİZ LİMANI: ŞEİR VƏ İNSANLIQ

NƏSİHƏTLƏRİN TƏHLÜKƏSİZ LİMANI: ŞEİR VƏ İNSANLIQ

Qarşımda bir kitab var. Kitabın adı “Ana həsrəti” adlanır. Kitabın müəllifi isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, “Həsən Bəy Zərdabi” fəxri media və s. kimi mükafatlara layiq görülmüş Nicat Ərtürkdür.

Şeir kitabını oxuyub vərəqlədikcə görürəm ki, Nicat Ərtürk həm müasir dövrün ruhunu, həm də xalqımızın köklü ənənələrini özündə cəmləyir. Şeirlərindəki dil sadəliyi və dərindən gələn mənalar, məndə unudulmaz təəssüratlar yaradır. Şairin şeirlərindəki məna dərinliyi və həm də humanizm prinsipləri poeziya aləminə yeni bir nəfəs gətirir.

Şeir kitabında şairin “Nəsihətnamə” poemasını oxudum. Bu poema əxlaqi təlimatlarla zəngin olması ilə diqqət çəkdi. “Nəsihətnamə” poeması həyatın və insanın dəyərlərini dərindən analiz edən bir əsərdir. Şair burada insanın həyatına, əxlaqına, və davranışlarına dair mühüm tövsiyələr verir. O, əsər vasitəsilə insanlara dürüstlük, ədalət, mərhəmət və təvazökar olmağı tövsiyə edir. Bu nəsihətlərin bəşəri dəyərlərə əsaslanması, əsəri zaman və məkan baxımından universallaşdırır.

Bu dünyanın min məkirli oyunu,

Min-bir cürə fırıldağı,fəndi var,

Vaxtsız edər, büsatını,  toyunu,

Yaşatmağa, həyat adlı kəndi var.

Gəl aldanma xoş  görünən oyuna,

Kəfən biçib çoxlarının boyuna,

Baxmaz ömrün baharına,yayına,

Ömrü yarım,qoyan yönü,səmti var

“Nəsihətnamə”nin özəlliklərindən biri də, Nicat rtürkün müraciətlərinin son dərəcə sadə və aydın olmasıdır. O, mürəkkəb şeir üslublarından çəkinərək, oxucusuna birbaşa və anlaşılan bir dil ilə müraciət edir. Bu sadəlik, onun düşüncələrinin gücünü artırır və oxucuya daha dərindən təsir göstərir.

Şair burada yalnız cəmiyyətdəki mühüm məsələləri deyil, həm də insanın daxili dünyasını araşdırır. O, insan təbiətini, xarakterini və ruh halını dərin bir şəkildə təhlil edir. Bu, ona şeirini təkcə əxlaqi deyil, həm də psixoloji və fəlsəfi bir əsər halına gətirir.

Selə bənzər axar gedər su kimi.,

Görünüşdə suda üzən qu kimi,

Öz-özünün həm cəlladı, hakimi,

Qapatmağa məhbəs adlı bəndi var.

Zaman keçər günlər günü qovalar,

Xəyalımda xatirələr canlanar,

Gülüstana dönər bağlar-bağçalar,

Təbiətin min naxışı,rəngi var.

“Nəsihətnamə”nin əsas mesajlarından biri də ədalət və doğruluğun cəmiyyətdəki vacibliyidir. Nicat Ərtürkün sözləri, hər bir insanın ədalətli və dürüst olmasının yalnız öz həyatına deyil, həm də cəmiyyətin rifahına böyük təsir göstərdiyini vurğulayır. O, insanlara hər zaman doğru yolda olmalırını, həmişə vicdanla hərəkət etmələrini tövsiyə edir.

Şairin “Nəsihətnamə”si bir növ həyatın özünə dair bir dərsdir. Şair, yaşanan hər təcrübənin, qarşılaşılan çətinliklərin və səhvlərin insanın daxili müdrikliyini artırdığına inanır. Onun əsərində hər bir səhv və hər bir uğursuzluq, gələcəkdə daha yaxşı və daha müdrik bir insan olmağa aparan bir addım kimi təqdim olunur.

Dəyərləndir zamanını,vaxtını,

Öz əlinlə gözəlləşdir baxtını,

Halal mülklə qur tacını-taxtını,

Unutma ki, hesab adlı cəngi var.

Elə yaşa peşmanlığın olmasın,

Bağ-bağçanda gül-çiçəklər solmasın,

Dilin zəhər bardağı tək dolmasın ,

Dadlı, şirin şəkəri var, qəndi var.

“Nəsihətnamə”nin şeir dili, yalnız məzmunu ilə deyil, eyni zamanda ritmi və harmoniyası ilə də diqqət çəkir. Nicatın hər bir misrası oxucunu özü ilə aparır, sanki məsləhətləri şeir halında təqdim etdiyi bir yol xəritəsidir. Bu, onun poeziyasının təkcə mənalı deyil, həm də musiqisel bir təcrübə olmasına imkan verir.

Qırmayasan heç kimsənin qəlbini,

Qərib olan,boynu bükük dərdlini.

Tuta bilsən,tut məzlumun əlini,

Yaradanın bəndəsinə şərti var.

Girməyəsən bir kimsənin haqqına,

Zərər vermə yoldaşına,dostuna.

Heç güvənmə, girən quzu postuna,

İnsanların xaini var, mərdi var.

Nicat Ərtürkün şeirləri xalqın hisslərini, təbiətini və mənəvi xüsusiyyətlərini əks etdirir. “Nəsihətnamə”dəki nəsihətlər, onun xalqın həyatına dərindən bələd olduğunu göstərir. Şairin səsləndirdiyi tövsiyələr, nəinki fərdi, həm də kollektiv səviyyədə insanlara faydalıdır, çünki Nicat insanların üzləşdiyi ümumi problemləri çox gözəl təhlil edir.

“Nəsihətnamə” poemasının bir digər önəmli mesajı da insanın öz təvazökarlığını qoruyaraq həyatda müvəffəqiyyət əldə etməsidir. Şair, hər bir insana yüksək mənəvi dəyərlərlə, başqalarına qarşı hörmətlə yanaşmağı və böyüklükdən dərs almağı tövsiyə edir. Bu, müdrikliyə və humanizmə doğru atılmış bir addımdır. Şair Nicat Ərtürkün yazdığı nəsihətlər yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa bir ərmağandır. “Nəsihətnamə”nin verdiyi tövsiyələr, insan təbiətinin ümumi qanunlarına uyğun olub, mədəniyyətlərarası sərhədləri aşan bir anlam daşır. Bu da onun ədəbiyyatımızda və dünyada əhəmiyyətli bir yer tutmasına səbəb olur.

Gənc şairimiz Nicat Ərtürk! Əminəm ki, şeirlərindəki dərin mənalar və əxlaqi zənginlik hər bir oxucunu düşündürəcək, oxucunun ruhuna işıq yayacaq. Uğurların davamlı olsun, yazdığın hər misra insanların qəlbinə toxunmağa davam etsin!

Öz müdrik sözlərinlə oxucunu yeni düşüncələrə, dəyərlərə və həyatın həqiqətlərinə doğru aparasan. Yaradıcı yolunda uğurların bol olsun, ilhamın heç bir zaman tükənməsin!

Sözlərinin gücü ilə, insan ruhunun dərinliklərinə nüfuz edən bir şair olaraq, uğurlarının davamını arzulayıram. Hər yeni şeirində Nəsihətnamə kimi müdrik və faydalı dərslər verməyin mükafatını əminəm ki, alacaqsan!

Təvazökar olmağı, doğru və dürüst yaşamağı təbliğ edən şeirlərindən aldığım ilhamla, sənə gələcəkdə daha çox uğur, yeni yaradıcılıq zirvələri arzulayıram. Hər addımında nəsihətlərinə sadiq qalaraq insanlara yeni həyat dərsləri verməyə davam et!

Uğurların daim artsın, hər misranla cəmiyyəti daha yaxşıya doğru irəlilətməsinə işıq sal!

Ulu Tanrı səni qorusun!

Müəllif: ƏBÜLFƏZ QULİYEV

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Filologiya elmləri doktoru, professor

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Nicat Ərtürkün yazlıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I