
Bu hansı dünyadır
Bu hansı dünyadır biz yaşayırıq,
İnsanlar sevincə tamarzı qalıb.
Bəlkə gözümüz kor, bəlkə də karıq,
Bəlkə də yazımız belə yazılıb.
Bu hansı dünyadır biz yaşayırıq,
Böyüklə kiciyin yeri bilinmir.
Kəlmə ucuzlaşıb hulqumlar yırtıq,
Qəlbin süzgəcindən sözlər ələnmir.
Bu hansı dünyadır biz yaşayırıq,
Arvadla kişinin səhv düşüb yeri.
Qeyrətin,namusun libası cırıq,
Şərəf gözdən düşüb itib dəyəri.
Bu hansı dünyadır biz yaşayırıq,
Halalın gözünə haram kul töküb.
Yalanın əlində şər, böhtan bayraq,
Düz düzdə qalıbdı boynunu büküb.
Bu hansı dünyadır biz yaşayırıq
Abır həya itib sürtülüb uzlər.
Bu boyda dünyanın içinə darıq,
Yaxşını deməyə qısqancdır sözlər.
Bu hansı dünyadır biz yaşayırıq,
Şərə qulluq edir xeyir durmadan.
Qəlblərin üzünü örtüb ayrılıq,
Adam olduğunu unudub adam.
13.02.2026
Göyçay şəhəri
Müəllif: QALİB NURİ ARİF
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında