ŞƏRƏFLƏ ÖTÜŞÜR ÖMRÜN HƏR ANI

ŞƏRƏFLƏ ÖTÜŞÜR ÖMRÜN HƏR ANI

Sənin tək insanlar azdı dünyada,
İnan qarlı qış da yazdı dünyada.
Böyük hörmətin var eldə, obada,
Sən yada düşürsən hər an qardaşım!

…Vaxtilə Nəriman Nərimanov xalq müəllimlərinə verdiyi tövsiyyələrdən birində yazırdı: “…Vətənin xoşbəxtliyi onun cavanlarının yaxşı tərbiyəsi ilə bağlıdır… Yaxşı tərbiyə isə insanın əqlini və əxlaqını gözəl, pak şeylər əxz etməyi öyrətməkdən, ürəyini və vicdanını pisliklərdən çəkindirməkdən ibarətdir”.
İnsanlar təbii olaraq hər yaşda öyrənməyə can ataraq böyüyürlər. İnsanların həyatında öyrəndiyi ən yaxşı yerlərdən biri də məktəbdir.Əbəs yerə deməyiblər ki, məktəb şagirdlərin ikinci ailəsidir, müəllimlər isə onların ikinci ana və atasıdır.
Həyatda hər kəsin öz dəyəri, öz yeri var. İnsanın dəyəri onun etdiyi yaxşılıqlarla ölçülür. Yaxşılığı özünə sənət seçən ziyalılardan biri də Şəmkir rayonunda anadan olub,boya- başa çatan, Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinin məzunu şair – publisist Adil Şamiloğludur.
Adil müəllim cəfakeş, fədakar, dostcanlı, vətənpərvər ziyalıdır. Onun barəsində öyrəndiklərimdən belə qənaətə gəldim ki, o, ancaq yaxşılıq üçün dünyaya gəlib.
Qısa tanışlıq:- Adil Şamil oğlu Sadıqov 1961- ci ildə Şəmkir rayonunun Sərxan kəndində anadan olub. İlk təhsilini böyüyüb boya-başa çatdığı Sarxan kənd tam orta məktəbində aldıqdan sonra hərbi xidmətə yollanıb. İki il Sovet Ordusu sıralarında xidmət edəndən sonra doğma Sərxan kəndinə qayıdıb.
Adil Şamiloğlu 1977- ci ildən başlayaraq rayon və mərkəzi mətbuatda şeirləri ilə çıxış etməyə başlayıb. Şeirləri oxucular tərəfindən rəğbətlə qarşılanıb və bir şair kimi özünü təsdiq edib. Ədəbiyyata, şerə olan maraq onu 1983- cü ildə V.İ.Lenin adına APİ – nin filologiya fakültəsinə gətirib. İmtahanları müvəffəqiyyətlə verib tələbə adını qazanıb.
Qiyabi təhsil aldığına görə o,1984- cü ildən Sərxan kənd orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb.
Adil müəllimdən nə isə xahiş edəndə və yaxud, nəsə soruşanda o səblə, təmkinlə dinləyir, təmkinlə də izah edir.
Adil müəllimin ömür- gün yoldaşı Nurlana xanım da Mirzə Fətəli Axundov adına APİ – ninrus dili və ədəbiyyatı fakültəsinin bitirib. Sərxan kənd tam orta məktəbində rus dili fənnini tədris eləyir.
Həyat yollarında inamla, vüqarla addımlayan Nurlana xanımlə ömür-gün yoldaşı Adil müəllimlə birlikdə iki övlad böyüdüb, onları boya- başa çatdırıb,nənə- baba olublar. Adil müəllimlə ləyaqətli həyat yolu keçən baba – nənə üçün bundan gözəl nə ola bilər?
Adil müəllimlə Nurlana müəllimənin vaxtılə dərs dediyi şagirdləri onları heç zaman unutmur, söz düşəndə belə deyirlər: “Əziz müəllimlərimiz, biz sizi öz doğma valideynlərimiz kimi sevirik. Nə yaxşı ki, siz varsınız! Uca Tanrı sizi qorusun, əziz və sevimli müəllimlərimiz. Sizin kimi müəllimlərin şagirdləri olmağımıza fəxr edirik”.
Adil Şamiloğlu hazırda Şəmkir rayon Sərxan kənd orta məktəbində həm müəllimkimi millətin balarına elm öyrədir, həm də, direktor müavini vəzifəsində çalışır.

Şair Adil Şamiloğlunun iki yarpaq şeiri ilə yazını tamama yetirirəm:

Hərdən ağ kağızlara boşalarlar, dolarlar,
Uzaqlaşıb dünyadan xəyallara dalarlar.
Könül rübablarını həzin-həzin çalarlar,
Əyalət şairləri.

Özünə, həm sözünə bir az diqqət istəyər,
Bu tərs-məzhəb dünyada düz, həqiqət istəyər.
Bir az sevgi, şəfəqqət, saf məhəbbət istəyər,
Əyalət şairləri.

Qapıdan qovulsalar atılmazlar bacadan,
Cavan şair olarmı əlli yaşlı qocadan?
Onsuz da eşidilməz, danışmazlar ucadan
Əyalət şairləri.

Mərkəzdən uzaqsa da, uzaq deyil özündən,
Mərkəz çap etməsə də el danışar sözündən.
Bezikib bu dünyanın yalanından, düzündən,
Əyalət şairləri.

Dünyanın gərdişini yaxşı görür uzaqdan,
Seçir qurd sürüsünü tək qalmış yalquzaqdan.
Həqiqəti riyadan, gerçəkliyi tuzaqdan
Əyalət şairləri.

Bu yerləri unutmaq, atmaq ona ar gələr,
Geniş şəhər ruhuna, ovqatına dar gələr.
Üç gün, beş gün, bir həftə…dönər, qayıdar,gələr
Əyalət şairləri.

Dünyadan, zəmanədən almaq üçün heyfini,
Bir orman qucağında alar hərdən keyfini.
Bəşər oğlunda görər bu dünyanın eybini,
Əyalət şairləri.

Şamiloğlu, sözlərin çox da dürlü-dürlüdür,
Bu dağlarsız ölüdür, bu dağlarla diridir.
Bir az qəribanədir, təbiətən sirlidir,
Əyalət şairləri.

KİŞİ KİMİ

Düşmə onun – bunun ayaqlarına,
Kişisən, yerini bil kişi kimi.
“Ağlamaq kişini qeyrətsiz edər”,
Gözünün yaşını sil kişi kimi.

Dünyanın dərdini daşı tək özün,
Elin ürəyində qala tək özün,
Sinəndə qəmini gizlə, çək özün,
Sevinci dostunla böl kişi kimi.

Şamiloğlu, qalar dünyada adın,
Çökmədin önündə namərdin, yadin.
Yaşayanda kişi kimi yaşadın,
Yaşa, öləndə də öl kişi kimi.

R.S. Adil Şamiloğlunun bu günə kimi iki kitabı nəşr olunub. “Ömrün Vurğun yaşında”(2011), “İnsan” (2018). Üçüncü kitabı “Qaçaq Gülsüm ” poeması yaxın vaxtlarda nəşr olunacaq.
Adil Şamiloğluna yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
R.S. bu gəlimli-gedimli dünya heç kimə qalmayacaq. Hamımız vədə yetişəndə köçümüzü sürüb gedəcəyik. Bu dünya şairlərə də qalmayacaq. Bu dünyada şairlərin şeirləri qalacaq. Və bu dünyada ikinci bir Adil Şamiloğlu da olmayacaq. Özü olmasa da sözü yaşayacaq. İkinci ömrünü şeirlərində yaşayacaq Adil Şamiloğlu çağdaş Azərbaycan poeziyasının ən dəyərli, ən istedadlı simalarından biridir.
Tanrı onu qorusun!
Tanrı pıçıltısını qələmə alıb oxuculara çatdıran şairlərə Tanrı qıymasın!
Hüseyn İsaoğlu, yazıçı – publisist, AYB-nin və AJB -nin üzvü.

KİTAB HAQQINDA YAZILAR

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir