
Dünən işdəykən məni çox sarsıdan bir hadisə yaşadım
(esse)
Yağışlı hava idi. Nahar fasiləsi yeni bitmişdi. Təxminən 7-8 yaşlarında bir oğlan uşağı çalışdığım xidmət mərkəzinə yaxınlaşıb mənə dedi:
“Anamı tanıyırsız? Nömrəsini verə bilərsiz?”
İlk anda nə uşağı tanıdım, nə də anasını xatırladım. Amma uşaq “tanımıram” sözünü eşitdikcə gözləri dolurdu. Sanki məndən sadəcə nömrə yox, kömək gözləyirdi…
Bir neçə dəqiqə sonra yadıma düşdü ki, iki gün əvvəl bu uşaq anası ilə birlikdə yaxınlaşmışdı və xanıma nömrə ilə bağlı xidmət göstərmişdik. Uşaq anasının ad və soyadını dedi. Mən də sənədlərin arasından nömrəni tapıb:
“Narahat olma, mamanın nömrəsini tapdım”, dedim.
O an uşağın gözlərində bir sevinc yarandı…
Sonra uşağı istirahət otağına apardım. Əl-üzünü yudu, isti çay içdi. Yemək təklif etdim, qəbul etmədi. Soruşdum:
-Məktəbdən gəlmisən?
Dedi:
“Mən məktəbə getmirəm…” Bir uşaq üçün o qədər ağır cümlə idi ki…
Söhbət etdikcə öyrəndim ki, hər gecə saat 11-ə qədər evdə tək anasını gözləyir. Atasını soruşdum, taksi sürücüsü olduğunu dedi. Amma hiss olunurdu ki, uşaq nələrisə gizlədir və qorxu içində yaşayır.
Saatlar keçirdi, uşaq hələ də yanımda idi. Mən isə düşünürdüm: Necə ana olar ki, azyaşlı uşağının harada olduğunu bilməsin?..
Sonra məlum oldu ki, uşaq mənə anasının yox, əslində öz nömrəsini tapdırmağa çalışıb. Sadəcə qorxudan bunu deyə bilməyib…
Nəhayət, “mama” gəldi.
Amma ən ağır hissə də elə o an başladı…
Uşağı qucaqlamaq, sakitləşdirmək əvəzinə ona qorxu ilə danışdı: “Gedək evə, mən bilirəm sənə nə edəcəyəm…”
O an başa düşdüm ki, bəzi uşaqlar sakit olduqları üçün yox, qorxudan susurlar. İlk dəfə anası ilə gələndə də uşaq sakitcə oturmuşdu. Mən “Maşallah, necə sakit uşaqdır” düşünmüşdüm…
Amma, sən demə, o səssizliyin içində qorxu, stress və yalnızlıq var imiş.
Bir feminist xanım olaraq heç kimi qınamaq istəmirəm. Amma heç bir uşağın haqqı deyil valideynlərin problemləri, əsəbi, aqressiyası və yanlış həyatının içində böyümək… O sadəcə bir uşaqdır.
Sevgi görməli olan…
Qorxmamalı olan…
Gecələr anasını gözləyərək böyüməməli olan bir balaca…
Bəzən düşünürəm… Ana olmaq sadəcə bir uşağı dünyaya gətirmək deyil. Onun ruhunu incitmədən böyüdə bilməkdir.
Müəllif: Mina İLQAR
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI