
ANA DİLİM
Nəfəsində nəfəsi var anamın,
Olmamısan kürsülərdə lal, dilim.
Hər kəlməndə qoxusu var laylamın,
Beşiyimdə eşitdiyim bal dilim.
Sənsən mənim kimliyimin sənədi,
Sənsən mənim nəsihətim, öyüdüm.
Mənim sevgim ilk növbədə sənədi,
Sözlərinin istisində böyüdüm.
Yadlar hec cür uydurmasın bəhanə,
Başqa dilə calaq olmam mən gedib.
Düz beş yüz il bundan qabaq cahana,
Şah babamız bu dil ilə hökm edib.
Gah qılıncsan savaşlarda sınanmış,
Gah da həzin sızıltılı bir kaman.
Aynur sənə Tanrı kimi inanmış,
Onun ruhu sənsiz qalmaz heç zaman.
Müəllif: Aynur Qafarlı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında