Şəfəq Nasir yazır

ÖZÜ OLMAĞI BACARAN ŞAİR
Avqust ayının birinci ongünlüyündə iki görkəmli şairimizi – Xalq şairi Nəriman Həsənzadəni və Əməkdar incəsənət xadimi Çingiz Əlioğlunu itirdik. Xalqımız – bütün ictimaiyyət hər iki sənətkarı acı kədərlə son mənzilə yola saldı. Belə insanlar haqqında doğru deyirlər ki, onun itkisi bir ailənin, bir elin deyil, bütövlükdə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin ağır itkisidir…

Nəriman Həsənzadənin xatirəsinə yaddaşın işığında yazı üzərində işlədiyim məqamda sosial şəbəkədə Çingiz Əlioğlunun vəfat xəbərini aldım. Oxuduğum ilk yazı Xalq şairi Sabir Rüstəmxanlının qəhərli, qəmli rekviyemi oldu. Və bu saatlara kimi də Çingizlə bağlı xatirə yazıları, çəkildiyi verilişlərdən, haqqında deyilən fikirlərdən fraqmentlər nümayiş olunur. Bütün bunlar fiziki yoxluğundan sonra özünün yaratdığı obrazına qələmdaşlarının əlavə etdiyi rənglər, cizgilərdi…

Çingiz Əlioğlunu 1977-ci ildə “Gənclik” nəşriyyatına gəldiyi vaxtdan tanıyırdım. Həmin vaxt mən artıq 3 ildi ki, bu nəşriyyatda çalışırdım. O, Klassik ədəbiyyat redaksiyasının böyük redaktoru vəzifəsinə təyin olunmuşdu. 1988-1991-ci illərdə isə həmin redaksiyanın müdiri vəzifəsində işləmişdir. Biz onunla 14 il bir kollektivdə çalışdıq.
Çingiz nəşriyyata gələndə artıq respublika mətbuatında şair, tərcüməçi kimi tanınırdı.

İlk günlərdən Çingizin özünəməxsus davranış tərzi, üslubu diqqətimizi cəlb etdi. Səliqəli, zövqlü geyimi, bir qədər də özündən razı olması (ilk baxışdan belə təsir bağışlayırdı), adamayovuşmazlığı, qapalı olmağı da qəribə görünürdü. Onçun da əvvəl-əvvəl onunla rahat və sərbəst danışmağa çoxları cürət etmirdi. Həftələr, aylar keçəndən sonra anladıq ki, onun bizdə yaratdığı bu təsir nə özündən razılıqdı, nə də adamayovuşmazlıq. Bu, özünəxas davranış tərziydi. Əməkdaşlarla söhbətində tez-tez mehribancasına “qadan alım”, “ay bacı”, “qağa” kimi ifadələr işlətməsi ürəyinin təmizliyindən xəbər verirdi. Bütün bunlarla yanaşı ciddiydi, lağ-lağı, etməyi, çox danışmağı, vaxtını boşa verməyi sevməzdi. Redaksiyanın qayğıları, qovluğunda əlyazması olan müəlliflərlə görüşü, müzakirəsi, düşüncəsində daşıdığı mövzuları, poetik axtarışları ilə reallığın axarında gedən Ədəbiyyat Adamı idi Çingiz Əlioğlu…

O, yaradıcılıqda asan yolla getmir, kiminsə təsirinə düşmür, özünün orijinal tapıntıları, güclü həyat müşahidəsi ilə poetik dünyasında məhsuldar şair olaraq yazıb-yaradırdı. Onun bütün şeirləri fəlsəfi, estetik, lirik mahiyyət kəsb edirdi.


Həyatda kiminsə ya zahirən, ya da xaraktercə oxşarı olur. Belələri haqqında deyirlər ki, elə bil bir almanın tən yarısıdırlar. Çingiz Əlioğlu həyatda da, yaradıcılıqda da heç kimə bənzəmirdi, fərqli bir insan idi. O, ədəbi fəaliyyəti, xarakteri, davranışı, insanlarla ünsiyyətində bir nüsxə idi. Amma sonradan bu nüsxə iki oldu. Bu, onu özü kimi dərk edən, duyan həyat yoldaşı, “Gənclik”də qızların arasından sevib-seçdiyi Südabə idi. Bu mavi gözlü, sərv qamətli qız həyata baxışları, xarakteri ilə ona çox bənzəyirdi. Və bir ömür boyu qoşa qanad kimi güclü insanlara xas olan bir həyat yaşadılar. Bu xanım bütöv mənada onun şəxsiyyətini, yaradıcılıq eşqini duyan, ona ilham verən Pəri ola bildi. Elə olmasaydı, Çingiz Əlioğlu bu qədər poetik əsərlərə, özünün də müsahibələrində dediyi kimi, 30 tərcümə kitabına ədəbi həyat verə bilərdimi!..

Çingiz Əlioğlu yaradıcılığında tam fərqli üsluba, dəst-xəttə malik şair idi. Ədəbi fəaliyyəti boyunca qələm dostlarından, zaman-zaman yaradıcılığını tədqiq-təhlil edən ədəbi tənqiddən daha dolğun və kamil bir formada özünün poetik obrazını yarada bildi. Xarakteri, mükəmməlliyi, adamları duya, oxuya bilməsi, bütün jestləri ilə təpədən-dırnağa Özü olmağı bacardı. Bunu isə özünə yazıçı, şair deyən hər ədəbiyyat adamı bacarmır. Şair olaraq, sözün, fikrin səsini, nəfəsini duya, rəngini görə bilirdi. O, sözlə bir heykəltaraş kimi öz abidəsini, rəssam kimi portretini, mükəmməl obrazını yarada bildi…

Çingiz Əlioğlunun İctimai Televiziyanın xəbərlər proqramında vida mərasimindən çəkilmiş süjeti izlədim. Seyran Səxavət onun haqqında deyirdi: Çingizin yazıları da, ozü də heç kimə oxşamırdı, xasiyyətcə də heç kim ona oxşamırdı.

Mən də illər boyu Çingizin simasında, xarakterində məhz bu bənzərsizliyi müşahidə etmişdim…

Çingiz Əlioğlunun sevilən, yaddaqalan şeirləri çoxdur. Poeziyası o qədər səviyyəli, fəlsəfi çalarlarla zəngindir ki, ilk sətrindən oxucunu alıb-aparır. Bu sətirləri yazdığım anda “BELƏDİR BİR EŞQİN NƏTİCƏLƏRİ”ni xatırladım…

Belədir bir eşqin nəticələri
Üstəgəl ayrılıq, çıxaq məhəbbət…

Heç kimə dərs deyil, olub-olacaq…
Həzz ilə zülm edir özünə millət.
Səndən gördüklərim bunlardır ancaq
Üstəgəl məşəqqət, çıxaq mərhəmət…

Hər şeydə günahkar tək məni saydın,
Biz necə olaydıq səninlə xoşbəxt?!
Cəbrinin cavabı öncədən aydın,
Üstəgəl haqsızlıq, çıxaq ədalət!!!

Nə günə qoyurdu məni o eşqin,
Hardandı səndəki bu kin, küdurət?!
Hasilə nə qaldı, indi bax sevin…
Üstəgəl miskinlik, çıxaq əzəmət…

Dedilər sınama, sınanan haqdı,
Əzilən adamdan umma dəyanət.
Gör gəlib axırı hayana çıxdı! –
Üstəgəl xəyanət, çıxaq sədaqət…

Mən ülfət ummadım, sən həsrət dedin…
Dözümə tapmadım özümdə qüdrət!
İndi bu qalığı haqq-hesab edin
Üstəgəl fəlakət, çıxaq səadət…
Allah sənə rəhmət eləsin, Çingiz Əlioğlu…
11.08.26.

Hörmətlə: Şəfəq NASİR

Filologiya üzrə fəlsəfə doktoru

Könül Bünyadzadənin yazıları

Şəfəq Nasiirin digər yazıları

Məmməd Məmmədlinin yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir